Super User

Super User

Cümə, 08 Avqust 2025 16:40

Fəhləlikdən şairliyə bir yol

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Fəhləlikdən şeirə gələn şairlər çoxdurmu? Dəqiq deyə bilmərəm. Mən bircə Sabir Yusifoğlunu və İbrahim İlyaslını tanıyıram. Onlardan daha birisi Abbasağa Azərtürkdür. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləyən bu şəxsin daim içində ədəbiyyat sevgisi yaşayıb, nəhayətində bu sevgi üzə çıxıb, özünü göstərə bilib.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxıb. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görüb. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirləri isə ömrünün sonunadək yazıb.

 

Kitabları

1. Atlılar

2. Mənim qismətim

3. Od oğlu

4. Anama minnətdaram

5. Cəlilabad dastanı

6. Qaraçı nəğmələri

7. Cavabsız məktublar

 

Şair 8 avqust 1998-ci il tarixində Cəlilabad şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

 

10. İrəvan xanlığının varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvani tədqiqat sahəsində tanınmış bir şəxsdir və hal-hazırda Almaniyada yaşayır. Onun əcdadları 1755-1855-ci illər arasında İrəvan xanlığını idarə etmişlər.

11. M.S.Ordubadinin "Qanlı illər" adlı tarixi əsəri eyni zamanda mənbə rolunu oynayır. Bu əsərdə, əsasən, Naxçıvan, İrəvan və Zəngəzur ərazisində ermənilər tərəfindən baş verən faciələr və qırğınlar qələmə alınmışdır.

12. Yazıçı Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də öz ata-baba yurdlarından qovulan ailələrin yerləşdirilməsi zamanı gecə ikən gizli yollarla ac-susuz kəndə gəlib çatan və səhərə kimi idarənin qabağında soyuqda gözləyən 5 uşaqlı bir qadının şikayətini dinləyərkən insult keçirir və bir neçə saatdan sonra kənd həkiminin evində vəfat edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi  işgüzar səfər barədə fikirlərini diqqətinizə çatdırır. 

 

Adəm İsmayıl Bakuvi: 

“Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”

 

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin hərtərəfli inkişafında hər zaman maraqlı olub və bu inkişafı təmin etmək üçün öz tərəfindən bütün gərəkən addımları atıb. Təəssüflər olsun ki, son bir neçə il ərzində əvvəllər əldə olunmuş çox sayda nailiyyətlər itirilmiş, hətta iki ölkə arasında kifayət qədər gərginliklər də yaşanmışdı. Bunun əsas səbəbi isə Bayden administrasiyasında, ABŞ senatında olan bəzi ermənipərəst qüvvələrin bu ölkənin rəhbərliyinə geniş təsir imkanlarına malik olmalarında və bu imkanlardan ölkəmizə qarşı gen-bol yararlanmalarında idi. Lakin 2025-ci il Azərbaycan ilə ABŞ arasında münasibətlərdə bir çox əsaslı korrektələrin ediləcəyi gözləntiləri ilə başladı. Aydındır ki, bunun da əsas səbəbi 2024-cü ilin noyabrında Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də Donald Trampa ünvanladığı təbrik məktubunda bundan sonra Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminliyini ifadə etmişdi. Təbii ki, belə bir əminlik üçün dövlət başçımızın bütün əsasları var. Belə ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Əslində bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsas rolunu oynaya biləcək mühüm amillərdən biri də məhz elə o dövrdə formalaşmış qarşılıqlı etimad prinsipləridir.

İki ölkə arasında münasibətlərin konstruktiv əsaslar üzərində formalaşması və inkişaf perspektivlərinə malik olması üçün tələb olunan mühüm şərtlərdən biri də siyasi iradənin mövcud olmasıdır. Məhz bu amil Azərbaycan və ABŞ prezidentləri tərəfindən kifayət qədər aşkar şəkildə nümayiş etdirilməkdədir. 

Məsələn, əgər biz cənab Trampın 2025-ci il mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubuna nəzər salsaq, bu zaman həmin sənədin mətnində ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə aşkar çağırışların olduğunu görərik. 

ABŞ Prezidenti yazır: “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək...”

Təbii ki, analoji çağırış mesajlarını biz cənab Prezident İlham Əliyevin ABŞ-nın Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 4-də ünvanladığı təbrik məktubunda da oxuyuruq: “İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.” 

Beləliklə, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha yüksək və daha perspektivli səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də qarşılıqlı etimad prinsiplərini formalaşdırmış tarixi bağlantılar mövcuddur. Bütün bunları nəzərə alaraq cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvətilə Vaşinqtona etdiyi işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələyə keçidi şərtləndirəcək mühüm hadisə kimi dəyərləndirmək lazımdır.”

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

“Gülüş klubu”nda Sərtyel bu gün meydanı satiric şeirin gözəl nümayəndəsi Ayaz Arabaçıya verir. Şair zəmanənin antipodlarını qamçılamaqdan çəkinmir. Onlar hər bir sahədə meydan sulayırlar. Yetər ki, özlərini görüb tanısınlar və düzəlsinlər, islah olunsunlar.

 

 

"Mersedes"ə çatanacan dığırla,

"Jiquli"dən əyləşibsən"opel"ə. 

Ağabala, səndə yaxşı alınır,

Muğamatı cazdan çıxart, pop elə.

 

Paran evdi, paran dalan, paran tin,

Əl yumaqdan xarab olub krantın,

Uzandıqca hey uzanır karantin,

İmkan varsa bu şəhərdən qop elə. 

 

Boş xəyaldı,boş umuddu hələ ki..

Baş olan yox,hamı buddu hələ ki..

Fürsət düşüb udhauddu hələ ki,

Bala, sən də nə tapırsan hop elə.

 

Ağzımıza nə gəlirsə deyirik,

Qonaqlığa şir dərisi geyirik,

Bir öynəyə iki camış yeyirik,

Alnımıza yazılıbdı gop, elə.

 

Qorxa-qorxa zərdən misə keçmişik,

Hisdən oda,oddan hisə keçmişik,

Rusdan sonra ingilisə keçmişik,

Sən də get öz dükanını "şop" elə.

 

Hər günümüz ömrümüzdə çillədir.

Çillə nədir,yumruq,təpik,şillədir..

Molla Qulam hər cümədə gillədir,

Araq içmir heç ən "alkaş" pop, elə.

 

Bığ buraxıb, papaq qoyub kilkələr.

Dağıdıbdı yeri-göyü hikkələr,

Tanrım, bir gün bu dünyanı silkələ,

Ağlımızı başımıza top elə.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUNUN MƏNZİL MUZEYİNDƏ ANARIN ÇIXIŞI

 

Əziz yoldaşlar, mən birinci dəfədir bu müqəddəs ocaqda keçirilən tədbirdə iştirak edirəm. Heyif ki, bundan əvvəl belə imkan olmayıb. Amma bu Ev mənim üçün çox məhrəm, doğma bir Evdir. Böyük şairimiz Səməd Vurğunla mənim uşaqlıqdan ünsiyyətim olub. Bu evə gəlib-getməyim və sonra o olmayanda da bu Evdən onun nəfəsini duymağım, onunla bağlı əşyalar arasında, onun səsini eşitmiş divarlar arasında, bu ab-havada keçirdiyim saatlar unudulmazdır. 30 il keçir Səməd Vurğunun ölümündən. Səməd Vurğunun böyüklüyü, ədəbiyyatımızda yeri haqqında çox deyilib və az deyilib, çünki daha da çox demək olar. Mən indi bir cəhəti qeyd etmək istəyirəm, o kədərli may ayı mənim yadıma düşür, 56-cı ilin may ayı. O vaxt mənim 18 yaşım var idi və o vaxt bizim 56-cı ildə cəmiyyətimizin həyatında çox mühüm dəyişikliklər ili idi. XX qurultay yaxınlaşırdı və onunla əlaqədar bir çox məsələlər meydana çıxırdı, bir çox hadisələr aydınlaşırdı və belə bir keçid dövründə biz böyük şairimizi itirdik. Bunun acısı bir də onunla bağlıdır ki, Səməd Vurğun yaşasaydı, bu dəyişmə dövrünü, bu yeniləşmə dövrünü, bu həyatın təzə tərəflərini özünəməxsus böyük istedadla ifadə etmiş olardı və bu cəhətdən onun ədəbiyyatda, o dövrün hadisələrində yeri bir daha görünür.

Ona görə Səməd Vurğun bu gün yoxdursa, onun amallarına sadiq qalmaq, onun böyük fikirlərinə, Azərbaycan haqqında, bizim mədəniyyətimizin, ədəbiyyatımızın inkişafı haqqında fikirlərinə sadiq qalmaq bizim hamımızın borcudur. Mən bu görüşə kiçik bir hədiyyə ilə gəlmişəm. “Qobustan” incəsənət toplusunun bu nömrəsinin böyük bir hissəsi bizim unudulmaz şairimiz Səməd Vurğuna həsr olunub. Bilirsiniz ki, “Qobustan” bəzən gecikir, amma bu səfər “Qobustan” bütün başqa jurnalları qabaqlamış və birinci dəfə bu yubileylə, Səməd Vurğunun 80 illik yubileyi ilə əlaqədar materialları ilk dəfə bizim jurnalda çap etmişik. Mən bu jurnalı böyük məmnuniyyətlə və böyük məhəbbətlə Səməd Vurğunun həyat yoldaşı, bizim hamımızın əzizi, bu muzeyin direktoru Xavər xanıma təqdim etmək istəyirəm.

(1986)

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

Cümə, 08 Avqust 2025 10:29

Bu gün Rasim Balayevin doğum günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu qədər məşhur olan ikinci bir aktyor deyin mənə. Əsla deyə bilməzsiniz. Böyükdən kiçiyə onu hamı tanıyır. Ən məşhur rolu isə məncə Nəsimidir. Bəlkə də Babəkdir. Bəlkə də Bamsı Beyrəkdir.

Azərbaycan SSR Xalq artisti Rasim Balayev!

 

Kino aktyoru Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.

Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Öncə mən bu adları nahaqdan sadalamadım.

Aktyor "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb.

Ölkəyə serial dəbi düşdükdə, aktyor bu sahədə də özünü sınayıb. Yazıçı Varisin ssenarisi əsasında çəkilən “Bir ovuc torpaq” filmində rol alıb.

Rasim Balayev "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sevilən aktyor bu gün 77 yaşını iş başında qeyd edir.

 

Filmoqrafiya

- 1001-ci qastrol

- 777 №-li iş

- Ad günü

- Adı Günəşlidir...

- Afroditanın qolları

- Ağ atlı oğlan

- "Ağ-qara" gecələr

- Akademik Yusif Məmmədəliyev

- Akt və fakt

- Alman klinikasına şəxsi səfər 

- Alovlu yollar

- Arayış

- Arxadan vurulan zərbə

- Astarı üzündən baha

- Avtoqraf

- Bağlı qapılar

- Bəhanə

- Bəhrə

- Bəhri-təhvil

- Bəxtəvər

- Bəxtiyar Vahabzadə

- Bəyaz həyat

- Bir ovuc torpaq

- Böyük ömrün davamı

- Bumeranq

- Brakonyer, yoxsa balıqçı?

- Cavid ömrü

- Cəza

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. Azərbaycan SSR Dövlət mükafatı

4. "Şöhrət" ordeni

5. "Şərəf" ordeni

6. Cəfər Cabbarlı mükafatı

7. "İstiqlal" ordeni

8. "Heydər Əliyevin 100 illiyi" yubiley medalı

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kimlər gəldi, kimlər getdi bu dünyadan...

İzsiz, sakitcə gedənlər də oldu, iz qoyanlar, adlarını həkk edənlər də.

Azərbaycan SSR əməkdar artisti Əliheydər Ələkbərov barədə danışaq.

 

Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olub. Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib.

Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov. 6 dekabr 1964), "Haradasan, ay subaylıq?" (Salam Qədirzadə və Süleyman Ələsgərov. 16 fevral 1968), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun, "Özümüz bilərik" (5 yanvar 1963), "Olmadı elə, oldu belə" (15 mart 1964) və "Milyonçunun dilənçi oğlu" (20 may 1966) "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyni adlı komediyası əsasında, libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Vasif və Ramiz Mustafayev. 14 oktyabr 1962), "Keçmişin məişət səhnələri" (Mirzə Ələkbər Sabirin şeirləri əsasında, librettonun müəllifi Soltan Dadaşov və bəstəkar Vasif Adıgözəlov) musiqili komediyaları repertuarda daha uzunömürlü olublar.

O, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" operettasına 1966-cı ildə Bolqarıstanın Şumen şəhərindəki Türk teatrında quruluş verib. Əliheydər Ələkbərov "Milyonçunun dilənçi oğlu" musiqili komediyasına görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov adına Dövlət mükafatına layiq görülüb. 1967-ci ildə Filarmoniyada fəaliyyət göstərən "Gəlməli, görməli, gülməli" miniatür satirik teatrının rejissoru olub. Televiziyada bir neçə əsərə quruluş verib. 1965-ci ildən Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Qırmızı əmək bayrağı" ordeni 

- Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı

- Azərbaycan SSR Dövlət mükafatı

Əliheydər Ələkbərov 1975-ci il martın 14-ü vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsini təqdim edir

 

 

Müxtəlif ölkələrin, eləcə də ayrıca bir xalqın ədəbiyyatında yaradılan əsərlərdə süjetlərin bir-birinə oxşaması, bəzən də əhvalatların bir-birini təkrarlaması nəzəri fikrin diqqət mərkəzində olan məsələlərdəndir və süjetlərin təsnifatı ilə bağlı bir neçə yanaşma mövcuddur. Keçən əsrin ortalarında Uilyam Foster-Harris “Bədii əsərin əsas düsturları” əsərində yalnız üç əsas süjet tipinin olduğunu iddia etmiş,  Kristofer Buker isə bu sayı yeddiyə qaldırmışdı. Yazıçı Ronald Tobias 20-yə qədər əbədi süjetin mövcud olduğu qənaətində idi...

Bədii əsərlərdə təməl təşkil edən süjetlərin tipoloji ümumiliyi ilə bağlı Argentina yazıçısı,  XX əsrdə dünya ədəbiyyatında dərin  izi qalan Xorxe Luis Borxesin (tam adı Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo) də fərqli baxışı var. 

Uşaqlığından ispan, ingilis dillərini bilən, sonradan alman, fransız, latın, italyan və qədim skandinav dillərini öyrənən, ömrünün sonuna doğru ərəb dili ilə maraqlanan yazıçının fəlsəfə və psixologiya elminə də bələdliyi vardı.

Dünyanın hər yanında maraqla oxunan esselər, şeirlər və hekayələr müəllifi kimi tanınan Xorxe Borxesin həyatının maraqlı faktlarından biri də budur ki, əsərlərinin böyük hissəsini yazarkən onun gözləri görmürdü. Atasından gələn irsi xəstəliyə görə 56 yaşından sonra görmə qabiliyyətini tamamilə itirmişdi. Lakin böyük iradəyə və yaşamaq əzminə malik, gözlərində işıqlı dünya sonsuz qaranlıqlara qərq olan yazıçı fəal həyat tərzini davam etdirmişdi, ömrünün qalan 30 ilinin bir hissəsini Argentina Milli Kitabxanasının direktoru vəzifəsində çalışmış, universitetlərdə mühazirələr oxumuş, 10 şeir kitabı və üç hekayələr kitabı nəşr etdirmişdi.

Ən uzun əsərinin həcmi 14 səhifə olan Borxes qısa yazmağa üstünlük verirdi. Şifahi şəkildə beş dəqiqəyə ifadə edilməsi mümkün olan fikri uzadıb, qalın kitab yazmağa isə ağılsızlıq kimi baxırdı. 

Nobel mükafatına ilk dəfə 25 yaşında təqdim olunsa da, bu mükafatı heç vaxt almadı...

Borxesin dünya ədəbiyyatında ciddi maraq doğuran, dalğalanma yaradan yazılarından biri də oxuculara 1972-ci ildə təqdim etdiyi “Dörd dövrə” essesidir. Bu yazıda söhbət bədii əsərlərdəki süjetlərin tipoloji təsnifatından gedir. Müəllifin qənaətinə görə, dünya ədəbiyyatı tarixində yaranmış bütün süjetli əsərlər dörd təməl əhvalata əsaslanır:

Şəhərin mühasirəyə alınması;

Yurda qayıdış;

Axtarış;

Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi.

Yazıda göstərilən anlayışlara aydınlıq gətirmək üçün bu yığcam qeydləri nəzərinizə çatdırmağı zəruri hesab etdik.

 

Şəhərin mühasirəyə alınması əhvalatının mahiyyəti bundan ibarətdir ki, düşmənin hücumuna məruz qalan şəhər qalasının arxasındakı insanlar döyüşdə məğlub olacaqlarını əvvəlcədən bildikləri halda, şəhəri sona qədər qoruyurlar. Bu cür əsərlərdə baş qəhrəman qələbəni görmədən öləcəyini bilir. Borxes məğlub olacağını bilən, lakin son nəfəsinə qədər döyüşən qəhrəmanın əhvalatına antik yunan mifologiyasından Axillesin süjetini nümunə göstərir.

“Dörd dövrə”nin birincisi barədə öz mülahizəsini əsaslandırmaq üçün müəllif Gözəl Helenin əhvalatını da xatırladır. Yunan mifologiyasında Helen Troya müharibəsinin başlanmasının əsas səbəbkarı hesab edilir. Qeyri-adi gözəlliyi ilə kişilərin ruhunu yerindən oynadan bu qadın Sparta hökmdarının arvadı idi. Lakin Troya şahzadəsi Paris onu qaçırmışdı. Ehtimallardan biri bu idi ki, Paris Helenin özünü deyil, onun ruhunu qaçırdıb. Borxesin  fikrincə, Helenin ruhunun qaçırdılması, yaxud axeylərin içində gizləndikləri nəhəng içi boş taxta at kimi elementlər əsas əhvalatı – şəhərin mühasirəyə alınmasını sehrlə yükləyir.

 

Yurda qayıdış əhvalatının öz kökündən ayrı düşən baş qəhrəmanı böyük macəralar yaşayır, geriyə, öz yurduna qayıtmaq üçün çoxlu əngəllərdən aşmalı, sınaqlardan keçməli olur. Borxes bu əhvalatın qəhrəmanına nümunə göstərmək üçün də Homerin yaradıcılığına, “Odisseya” eposuna üz tutur.

Odisseyin səyahəti də Troyadan başlayır. O, başının dəstəsi ilə adadan-adaya səyahət edir, onu öz vətəninə qaytaran yolda çoxlu sınaqlardan keçməli olur. Sınaqlardan biri də onun dəniz tanrısı Poseydonun qəzəbinə gəlməsidir. Odissey bu sınaqdan keçmək üçün dalğır canavarlarla vuruşur, o biri dünyaya gedib çıxır, hiyləgər qüvvələrin tilsimini sındırmalı olur. Ətrafındakı insanları itirən, gəmisindən uzaq düşən, təklənən Odisseyin öz yurdu İtaka adasına qayıtması ilə əhvalat sona çatmır. 10 il sürən macəralarla dolu səyahətdən sonra evinə qayıdan Odisseyi burada yeni sınaq gözləyir. Doğma yurdun kişiləri Odisseyin öldüyünə əmin idilər və arvdı Penelopanı almaq üçün  onun evinə basqın etmişdilər. Odissey sədaqətli arvadına göz dikənləri öldürür və uzun ayrılıqdan sonra həm öz yurduna, həm də xoşbəxtliyinə qovuşur.

Borxesin yurda qayıdış əhvalatına əsaslanan süjetlərə nümunə kimi göstərdiyi “şimal tanrıları” isə  Skandinviya mifologiyasının qəhrəmanlarıdır – onlar göylərdə yaşayan varlıqlardır.  

 

Axtarış süjetinin qəhrəmanları daimi axtarışdadırlar, kimi özünü axtarır, öz başlanğıcına çatmağa can atır, kimi də xəzinə, sərvət tapmağın həvəsindədir.

Bu süjetə aid nümunə də yunan  mifologiyasından gətirilib.

Yason öz qanuni taxt-tacına sahib olmaq üçün qızıl qoç dərisini axtarmağa məcbur olur. Bu axtarışın müsbət nəticə verəcəyi qeyri-mümkün görünsə də, Yason cadugər Medeyanın köməyi ilə öz axtardığını tapır.

Borxes bu süjet tipindən danışarkən Azərbaycan nağıllarında, eləcə də klassik ədəbiyyatımızda adı sıx çəkilən mifik Simurq quşu obrazına da istinad edir və diqqəti insanın özünə səyahətinə yönəldir. Simurqla bağlı süjetin mərkəzindəki başlıca fikir insanın özünü fiziki və mənəvi cəhətdən tanıması, içindəki Allahı kəşf etməsidir.

Qeyd edək ki, Şərq ədəbiyyatında da bu quş özünü axtarmağın rəmzi kimi mənalandırılır.

Axtarış əhavalatı üzərində qurulmuş süjetlər barədə danışan müəllif müqəddəs kasanı (qraal) da xatırladır. Xristianların İsa peyğəmbərlə əlaqələndirdikləri bu obraz ədəbiyyatda  əlçatmaz məqsədi ifadə edən bir metafora kimi qəbul olunub.

 

Tanrı səviyyəsinə yüksələn insanın özünü fəda etməsi əhvalatının mahiyyəti isə bundan ibarətdir ki, baş qəhrəman ümumi maraq naminə qurban getməyə  hazırdır. Bu hekayə, əslində, qəhrəmanın intiharından bəhs edir. Burada bədii əsərin baş qəhrəmanının ali məqsədə nail olmaq üçün özünü fəda etməsi, qurban verməsi nəzərdə tutulur.

Borxes “Dörd dövrə” essesində dördüncü dövrəyə aid bu nümunələri xatırladır:

•İsa Məsih müqəddəs kitabda – “İncil”də xalqının günahlarını yumaq üçün çarmıxa çəkilib.

•Yunan mifologiyasının qəhrəmanlarından olan Attis tanrılar anası Kibelanın həm oğlu, həm də sevgilisi idi. Ananın bu sevgisindən ağlını itirən Attis özünü axtalayıb, kişilikdən məhrum və sonda məhv edir.

•Skandinaviya mifologiyasının qəhrəmanı Odin "qadın" xasiyyətlərinə malik müharibə və poeziya tanrısıdır. Rəvayətə görə, o, hikmət qazanmaq üçün gözünü qurban verib, nizə ilə ağaca sancılmış vəziyyətdə qalıb.

Onu da deyək ki, 2016-cı ildə tədqiqatçılar süni intellektdən istifadə edərək maraqlı bir esperiment aparıblar. Qutenburq universal elektron kitabxanası layihəsi çərçivəsində 1737 bədii əsərdəki əhvalatlar təhlil olunub və bu nəticəyə gəlinib ki, həmin əsərlər altı təməl süjet xətti üzərində qurulub. 

 

Xorxe Borxesin “Dörd dövrə”si sizlərə növbəti günlərdə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Növbəti maraqlı söhbətimizdə bu dəfə Hindistana güzar edəcəyik. Bu hadisə Hindistanın ingilislər tərəfindən işğal edildiyi illərdə baş verib. Həmin dövrlərdə ingilis zabitləri ölkədə "at oynadırdı". Onlara qarşı çıxmaq, söz qaytarmaq belə müdhiş cinayət sayılırdı.

 

Bu mühit zabitlərin əksəriyyətini azğınlaşdırmışdı. Amma ingilislərin özbaşınalığı ilə bağlı narazılıq getdikcə artırdı.

Belə bir dövrdə bir ingilis zabiti heç bir səbəb olmadan bir hindliyə sərt bir sillə vurmuşdu. Hindli kişi dərhal bir yumruqla zabiti yerə sərmişdi. Bu cavabı gözləməyən zabit həm qorxmuş, həm də çox əsəbləşmişdi.

Təkbaşına bir şey edə bilməyəcəyini bildiyindən kömək almaq üçün qərargaha getmişdi.

Necə ola bilərdi ki, adi bir hindli İngiltərə Krallığının zabitinə əl qaldırsın?! Zabit generalın yanına gedib hadisəni danışmış və ondan kömək üçün əsgər istəmişdi. General onu dinlədikdən sonra bir otağa aparmış və aralarında belə bir dialoq olmuşdu:

Bir seyfdən 50.000 rupi çıxarıb zabitə verən general:

— Bu pulu bu gün sənə sillə vuran hindliyə ver və ondan üzr istə!

Bunu eşidən zabit hiddətlənmişdi:

— Zavallı bir hindli Böyük Britaniya Krallığının zabitinə əl qaldıracaq və mən ondan üzr istəyəcəyəm?

General sərt şəkildə cavab vermişdi:

— Bu əmrdir! Sual vermədən yerinə yetirəcəksən!

Zabit çarəsiz şəkildə pulu götürmüş, hindli kişiyə verərək ondan üzr istəmişdi. Hindli kişi o dövrün pulları ilə demək olar ki, bir sərvət sayılan bu pula çox sevinmişdi. Bu pulla ev, maşın və s. almış, bir müddət sonra tanınmış tacirlərdən biri olmuşdu.

 

Sonrası daha da maraqlıdır. Ərz edim, qulaq asın.

 

Bu hadisənin üstündən aylar keçir. Bir gün general sillə yeyən zabiti yanına çağırır:

— Vaxtilə sənə sillə vuran hindlini xatırlayırsan?

Zabit:

— Onu unutmağım mümkün deyil, cənab.

General:

— İndi intiqam vaxtıdır. Get, çoxlu adamın içində onun üzünə sillə vur! Hər kəs görsün!

Zabit etiraz edir:

— O vaxt kimsəsiz idi, ona vurmağa icazə vermədiniz. İndi şəhərin tanınan adamlarından biridir. Ona vursam, ətrafındakılar mənə hücum edə bilər, cənab!

General özünə arxayın şəkildə deyir:

— Narahat olma! Dediyimi et! Get ona vur və qayıt!

İngilis zabit hindli kişinin mağazasına gedir. Orada onun işçiləri və çoxlu müştəri olur. Zabit heç nə demədən içəri daxil olur və ona elə bir sillə vurur ki, hindli kişi yerə yıxılır. Amma nə qarşılıq verir, nə də yerindən qalxır. Hətta zabitin üzünə baxmağa belə cürət etmir. Qarşılıq görməyən zabit təəccüblənir. İntiqam hissi ilə sevinərək generalın yanına qayıdır.

General:

— Səni həm sevincli, həm də heyrət içində görürəm.

Zabit:

— Bəli, cənab. O hindli, ilk dəfə kimsəsiz olanda ona vurduğumda susmadı, mənə yumruqla qarşılıq verdi. Amma bu gün mal-dövlət sahibi olduğu halda ona vurduğumda nə cavab verdi, nə də bir söz dedi.

General:

— Çünki ilk dəfə izzəti-nəfsi vardı. Onu özünün ən böyük sərvəti bilirdi və qorumaq üçün sənə qarşılıq verdi. Amma indi o, izzəti-nəfsini pula satıb. Çünki bilir ki, sənə cavab versə, maraqları təhlükəyə düşə bilər. Ona görə də özünü müdafiə etməyə belə cəsarət etmədi.

 

Gördüyünüz kimi izzəti-nəfsini satanlarda şərəf olmur və belələri heç vaxt xoşbəxt olmurlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları” məqaləsi təqdim ediləcək.

 

 

TƏNQİD

 

Ülvi BABASOY

 

ƏDƏBİ TƏNQİDİN SUSMAQ FORMALARI

 

Bəzən sükut bəsit bir danışıq və ya dialoqdan çox şey ifadə edir. Özünü "dünyada" və Azərbaycanda "tanıtmağı" bacaran "sənət adamları"nın rədd etməkdən boyun əyməyə qədər bir çox məna ifadə edən "qarışıq" bir sükutu qanuniləşdirdiyini, təbii bir hala saldığını görmək qədər  normal  və real  heç nə yoxdur sanki.

          Və həmin sükut qanunlarının ağıldan, cəmiyyətdən, təbiətdən, eyni zamanda tarixdən, dilin inkarından eləcə də sıxışdırılmasından, uyğunluq və sənət növlərinin tədqiqatından, trans halı və başqa şiddətli duyğu və hisslərdən, bütövlükdən, sağlam düşüncədən, yaddaşın mifik qatda təkrarlanmasından və yaxında baş verə biləcək fəlakətin qəti bir şəkildə hiss edilməsi və normal bəşəri instinktlərin yadlaşmasına qədər uzanıb yol getdiyini görürəm. Ancaq gedib gələcəyə çatmır. Sual yaranır: hansı gələcəyə? Yüzlərlə və hətta saysız-hesabsız gələcək var. O gələcəklərin heç birində səs, yazı və küy belə eşidilməyəcək. Və yenə sükut. Təbii ki, ədəbi tənqid belə bir mühitdə ciddi dəyər ifadə etmir. Tənqid iki fərqli formatda susur. Əvvəla, sükut etirazdır, yazmaqdan və danışmaqdan daha münasib bir seçimdir. İkincisi, bayağı təbliğatla heç kimə və heç kəsə yol tapa bilməyən yaltaq ədəbi tənqidin acizliyidir.

           İhab Hassan "Orfeyin parçalanmağı: postmodern ədəbiyyata doğru" kitabında ədəbiyyatda baş verən dağılma və yenidən qurulma prosesini Orfeyin faciəvi hekayəsinə bənzədir. Orfeyin gənc kişilərə olan qayğı və rəğbəti maenadları qəzəbləndirir. Onlar Orfeyin başını kəsib ifa etdiyi aləti lira ilə birlikdə Herbus çayına atırlar. Ancaq Orfeyin kəsilmiş başı nəğmə oxumağa davam edir. Hassan 1914-cü ildən 1970-ci illərə qədər olan ədəbiyyatın səssizliyini ifadə edir. Başı kəsilmiş bir ozanın nəğmə oxumasındakı ironik səssizlik səs-küy qoparır. Telləri qopardılan liradan gələn musiqi səsləri rəmzi, simvolik ironiyadır. Modernist ədəbiyyatın radikal və konservativ meyarları ədəbiyyatın əsrlərdir yaşayan qaydalarını heçə saydı. Ədəbiyyatda bir sükut baş verdi. Başı qopardılmış Orfey kimi ədəbi düşüncə tarixi öz axarında davam etdi. Ancaq format dəyişikliyinə məruz qaldı. Modernizmdən əvvəl də dəyişilmə və yenilənmə prosesləri baş vermişdi. Amma və lakin bu qədər radikal və təməldən rekonstruksiyaya rast gəlinməmişdi. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki, estetika və sənət dəyərləri belə unudulurdu. Orfeyvari bir şikəstlik, yarımcanlıq yaranmışdı. Postmodern ədəbiyyatda mühafizəkar və total ədəbi-estetik görüşlər ironiya yolu ilə yumşaldılır və sıradan çıxarılırdı. Homogen, doqmatik dəyərlər çoxsəsli, hetrogen struktura çevrilirdi. Çağdaş Azərbaycan ədəbi tənqidində nə modernizmdəki seçicilik var, nə də ki postmodernizmdəki özünəironiya.

        Bəs niyə İhab Hassanın görüşlərini müasir ədəbi proses və tənqidin vəziyyəti üçün misal gətirirəm? Çünki Hassan hər hansı bir ideya, estetika və bədii mətndən heyranlıqla danışmır. Soyuq, analitik və bir o qədər təmkinli, dəqiq fikirlər irəli sürür. Hətta hər hansı yazıçının yersiz şişirdilməsinə, onun mühafizəkar baxışlarına tənqidin obyektiv pəncərəsindən baxır.

          Orfeyin parçalanması Dostoyevski, Tolstoy, Balzak, Hüqo və başqalarının möhtəşəm ədəbiyyatının ucuz, mexaniki, sənət əsəri kimi təqdim edilən sayıqlamalarla eyni səviyyədə tutulmasına təəssüf edir.

Müasir ədəbi proses də, tənqid də başı kəsilən Orfey kimidir. Ancaq arada böyük fərq var. Qışqırmaq, özünü zorla gözə soxmaq bəxtəvərliyindəki həyasızlıq susmaq təmkinindən yaranan inadkarlığı üstələyir. Bayağılaşdıqca bayağılaşır. Haqqında yazı yazdıran da və yaxud könül xoşluğu ilə yarınmaq istəyən də nəticədən asılı olmayaraq, bu prosesdən zövq alır. Nəhayətdə haqlı iradlar və tənqidlər yaranır. Susmaq çağdaş Azərbaycan tənqidinin ən uyğun seçimi kimi üzə çıxır. Azərbaycan ədəbi mətbuatında dəyərlər sistemi yerlə birdir. Eyni ədəbi orqanda ciddi bir şair haqqında yazı gedir. Onun yanında ortanın da qat-qat aşağısında olan bir “şair” haqqında təriflərin bozluğu adamın gözünü deşir az qala. “Ən ciddi təndiqçilər” həmin “şair” haqqında yazılarında elə misallar çəkirlər ki, bu da susmağın başqa bir formasını yaradır. Bu sükutda sənətə dair ən kiçik detal belə yoxdur. Öz susmaq haqqının qəbiristanlığına basdırılır ədəbi tənqid. Belə bayağı bir mühitdə ciddi və elitar bir tənqid də susur. Çünki ucsuz-bucaqsız zövqsüzlüyün içində itib-batır.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

 

19 -dən səhifə 2374

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.