“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları” məqaləsi təqdim ediləcək.
TƏNQİD
Ülvi BABASOY
ƏDƏBİ TƏNQİDİN SUSMAQ FORMALARI
Bəzən sükut bəsit bir danışıq və ya dialoqdan çox şey ifadə edir. Özünü "dünyada" və Azərbaycanda "tanıtmağı" bacaran "sənət adamları"nın rədd etməkdən boyun əyməyə qədər bir çox məna ifadə edən "qarışıq" bir sükutu qanuniləşdirdiyini, təbii bir hala saldığını görmək qədər normal və real heç nə yoxdur sanki.
Və həmin sükut qanunlarının ağıldan, cəmiyyətdən, təbiətdən, eyni zamanda tarixdən, dilin inkarından eləcə də sıxışdırılmasından, uyğunluq və sənət növlərinin tədqiqatından, trans halı və başqa şiddətli duyğu və hisslərdən, bütövlükdən, sağlam düşüncədən, yaddaşın mifik qatda təkrarlanmasından və yaxında baş verə biləcək fəlakətin qəti bir şəkildə hiss edilməsi və normal bəşəri instinktlərin yadlaşmasına qədər uzanıb yol getdiyini görürəm. Ancaq gedib gələcəyə çatmır. Sual yaranır: hansı gələcəyə? Yüzlərlə və hətta saysız-hesabsız gələcək var. O gələcəklərin heç birində səs, yazı və küy belə eşidilməyəcək. Və yenə sükut. Təbii ki, ədəbi tənqid belə bir mühitdə ciddi dəyər ifadə etmir. Tənqid iki fərqli formatda susur. Əvvəla, sükut etirazdır, yazmaqdan və danışmaqdan daha münasib bir seçimdir. İkincisi, bayağı təbliğatla heç kimə və heç kəsə yol tapa bilməyən yaltaq ədəbi tənqidin acizliyidir.
İhab Hassan "Orfeyin parçalanmağı: postmodern ədəbiyyata doğru" kitabında ədəbiyyatda baş verən dağılma və yenidən qurulma prosesini Orfeyin faciəvi hekayəsinə bənzədir. Orfeyin gənc kişilərə olan qayğı və rəğbəti maenadları qəzəbləndirir. Onlar Orfeyin başını kəsib ifa etdiyi aləti lira ilə birlikdə Herbus çayına atırlar. Ancaq Orfeyin kəsilmiş başı nəğmə oxumağa davam edir. Hassan 1914-cü ildən 1970-ci illərə qədər olan ədəbiyyatın səssizliyini ifadə edir. Başı kəsilmiş bir ozanın nəğmə oxumasındakı ironik səssizlik səs-küy qoparır. Telləri qopardılan liradan gələn musiqi səsləri rəmzi, simvolik ironiyadır. Modernist ədəbiyyatın radikal və konservativ meyarları ədəbiyyatın əsrlərdir yaşayan qaydalarını heçə saydı. Ədəbiyyatda bir sükut baş verdi. Başı qopardılmış Orfey kimi ədəbi düşüncə tarixi öz axarında davam etdi. Ancaq format dəyişikliyinə məruz qaldı. Modernizmdən əvvəl də dəyişilmə və yenilənmə prosesləri baş vermişdi. Amma və lakin bu qədər radikal və təməldən rekonstruksiyaya rast gəlinməmişdi. Modernizmdə seçicilik, elitarlıq o qədər radikal idi ki, estetika və sənət dəyərləri belə unudulurdu. Orfeyvari bir şikəstlik, yarımcanlıq yaranmışdı. Postmodern ədəbiyyatda mühafizəkar və total ədəbi-estetik görüşlər ironiya yolu ilə yumşaldılır və sıradan çıxarılırdı. Homogen, doqmatik dəyərlər çoxsəsli, hetrogen struktura çevrilirdi. Çağdaş Azərbaycan ədəbi tənqidində nə modernizmdəki seçicilik var, nə də ki postmodernizmdəki özünəironiya.
Bəs niyə İhab Hassanın görüşlərini müasir ədəbi proses və tənqidin vəziyyəti üçün misal gətirirəm? Çünki Hassan hər hansı bir ideya, estetika və bədii mətndən heyranlıqla danışmır. Soyuq, analitik və bir o qədər təmkinli, dəqiq fikirlər irəli sürür. Hətta hər hansı yazıçının yersiz şişirdilməsinə, onun mühafizəkar baxışlarına tənqidin obyektiv pəncərəsindən baxır.
Orfeyin parçalanması Dostoyevski, Tolstoy, Balzak, Hüqo və başqalarının möhtəşəm ədəbiyyatının ucuz, mexaniki, sənət əsəri kimi təqdim edilən sayıqlamalarla eyni səviyyədə tutulmasına təəssüf edir.
Müasir ədəbi proses də, tənqid də başı kəsilən Orfey kimidir. Ancaq arada böyük fərq var. Qışqırmaq, özünü zorla gözə soxmaq bəxtəvərliyindəki həyasızlıq susmaq təmkinindən yaranan inadkarlığı üstələyir. Bayağılaşdıqca bayağılaşır. Haqqında yazı yazdıran da və yaxud könül xoşluğu ilə yarınmaq istəyən də nəticədən asılı olmayaraq, bu prosesdən zövq alır. Nəhayətdə haqlı iradlar və tənqidlər yaranır. Susmaq çağdaş Azərbaycan tənqidinin ən uyğun seçimi kimi üzə çıxır. Azərbaycan ədəbi mətbuatında dəyərlər sistemi yerlə birdir. Eyni ədəbi orqanda ciddi bir şair haqqında yazı gedir. Onun yanında ortanın da qat-qat aşağısında olan bir “şair” haqqında təriflərin bozluğu adamın gözünü deşir az qala. “Ən ciddi təndiqçilər” həmin “şair” haqqında yazılarında elə misallar çəkirlər ki, bu da susmağın başqa bir formasını yaradır. Bu sükutda sənətə dair ən kiçik detal belə yoxdur. Öz susmaq haqqının qəbiristanlığına basdırılır ədəbi tənqid. Belə bayağı bir mühitdə ciddi və elitar bir tənqid də susur. Çünki ucsuz-bucaqsız zövqsüzlüyün içində itib-batır.
“Ədəbiyyat və incəsənət”
(08.08.2025)