Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUNUN MƏNZİL MUZEYİNDƏ ANARIN ÇIXIŞI
Əziz yoldaşlar, mən birinci dəfədir bu müqəddəs ocaqda keçirilən tədbirdə iştirak edirəm. Heyif ki, bundan əvvəl belə imkan olmayıb. Amma bu Ev mənim üçün çox məhrəm, doğma bir Evdir. Böyük şairimiz Səməd Vurğunla mənim uşaqlıqdan ünsiyyətim olub. Bu evə gəlib-getməyim və sonra o olmayanda da bu Evdən onun nəfəsini duymağım, onunla bağlı əşyalar arasında, onun səsini eşitmiş divarlar arasında, bu ab-havada keçirdiyim saatlar unudulmazdır. 30 il keçir Səməd Vurğunun ölümündən. Səməd Vurğunun böyüklüyü, ədəbiyyatımızda yeri haqqında çox deyilib və az deyilib, çünki daha da çox demək olar. Mən indi bir cəhəti qeyd etmək istəyirəm, o kədərli may ayı mənim yadıma düşür, 56-cı ilin may ayı. O vaxt mənim 18 yaşım var idi və o vaxt bizim 56-cı ildə cəmiyyətimizin həyatında çox mühüm dəyişikliklər ili idi. XX qurultay yaxınlaşırdı və onunla əlaqədar bir çox məsələlər meydana çıxırdı, bir çox hadisələr aydınlaşırdı və belə bir keçid dövründə biz böyük şairimizi itirdik. Bunun acısı bir də onunla bağlıdır ki, Səməd Vurğun yaşasaydı, bu dəyişmə dövrünü, bu yeniləşmə dövrünü, bu həyatın təzə tərəflərini özünəməxsus böyük istedadla ifadə etmiş olardı və bu cəhətdən onun ədəbiyyatda, o dövrün hadisələrində yeri bir daha görünür.
Ona görə Səməd Vurğun bu gün yoxdursa, onun amallarına sadiq qalmaq, onun böyük fikirlərinə, Azərbaycan haqqında, bizim mədəniyyətimizin, ədəbiyyatımızın inkişafı haqqında fikirlərinə sadiq qalmaq bizim hamımızın borcudur. Mən bu görüşə kiçik bir hədiyyə ilə gəlmişəm. “Qobustan” incəsənət toplusunun bu nömrəsinin böyük bir hissəsi bizim unudulmaz şairimiz Səməd Vurğuna həsr olunub. Bilirsiniz ki, “Qobustan” bəzən gecikir, amma bu səfər “Qobustan” bütün başqa jurnalları qabaqlamış və birinci dəfə bu yubileylə, Səməd Vurğunun 80 illik yubileyi ilə əlaqədar materialları ilk dəfə bizim jurnalda çap etmişik. Mən bu jurnalı böyük məmnuniyyətlə və böyük məhəbbətlə Səməd Vurğunun həyat yoldaşı, bizim hamımızın əzizi, bu muzeyin direktoru Xavər xanıma təqdim etmək istəyirəm.
(1986)
“Ədəbiyyat və incəsənət”
(08.08.2025)