
Super User
GAP Antologiyasında Məsum Cabbarpurun “Qurumaz kəsilən dillərin qanı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.
Məsum Cabbarpur
Təbriz
QURUMAZ KƏSİLƏN DİLLƏRİN QANI
Çarmıxa çəkilən ağrılarım tək
Qabarlı sözlərim kitablarımda.
İllərdir ki, yanır bir ovuc ürək,
Göz yaşı boylanır şərablarımda.
Qələmlər asılı bir şəhid kimi
Oxşayır, sızlayır ağ varaqları.
Körpə uşaqların ürkək xəyalı
Oyadır içimdə ötən çağları.
Köhnə yaralarım Azər ayında
Sıxır ürəyimi yeni dərd olur.
1324 olaylarında
Biri namərd olur, biri mərd olur.
Hələ də gözümdə yanan kitabda
İp atdı oynayan uşaqlar yanır.
Bir ceyran balası əlində kitab
Silahlı əsgəri bir qardaş sanır.
Qurumaz kəsilən dillərin qanı,
Axı vətən boyda qəfəs olarmış?
Yaraşmır əynimə yadların donu
Vətən gül açarmış, vətən solarmış!
Təkcə əlifba yox, təkcə lövhə yox
Gecədən gündüzə yetən yanırdı.
Təkcə müəllim yox, təkcə sözlük yox,
Təbriz alovlanıb, vətən yanırdı.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
Mətbəximizin qənnadı məmulatları barədə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan mətbəxində qənnadı məmulatı, şirniyyat və halvalar xüsusi yer tutur. Hələ 10 əsrdə yurdumuzda saf (rafinadlaşdırılmış) şəkər istehsal edilirdi. Vətənimizdə qədimdən çuğundurdan, şəkər qamışından saf şəkər alınması barədə 12 əsrdə Nizami Gəncəvi, 17 əsrdə isə Adam Oleari məlumat verirlər. 20 əsrin 60-cı illərinə qədər kəndlərdə şəkər hazırlayırdılar. Meyvələrdən şəkərin xüsusi növü olan "nabat" hazırlanırdı. Qeyd olunmalıdır ki, çuğundur, yaxud qamış bəkməzinin qatılaşdırılıb qurudulması yolu ilə alınan şəkər insan üçün daha faydalıdır.
Üzümdən alınan şirə qaynadılır, qatılaşdırılır və üzüm doşabı alınır. Bu doşab digər bitkilərin bəkməzi kimi xörək əlavəsi, içki hazırlamaq üçün istifadə edilir, həm də ayrıca yeyilir. Doşabdan riçal bişirilir, sucuq hazırlanır. Paxlava, riştə paxlava, şəkərbura, bamiyyə, badambura, rahətülhülqum, sucuq, qurabiyyə, peşmək, mütəkkə, peşvəng, tel halva, küncüt halvası, umac halvası, qatlama və s.
Azərbaycanda geniş yayılmış qənnadı məmulatlarıdır. Zoğal, böyürtkən, heyva, gilas, ərik, əncir, qoz, alça, albalı və başqa meyvələrdən, balqabaq, qarpız və s. tərəvəzlərdən, həmçinin qızılgül ləçəklərindən hazırlanan mürəbbələr, gülqənd və s. çay süfrəsinə verilir.
Kulinariyamızda üçüncü xörək kimi şirin yeməklər istisna hallarda tətbiq edilir və ona görə də həmin xörəklərin çeşidi məhduddur. Milli şirniyyat məmulatı üç qrupa bölünür: unlu, karameləoxşar və konfetəoxşar məmulatlar. Unlu şirniyyat məmulatına şəkərbura, paxlava, şəkərçörəyi, Bakı qurabiyyəsi, Azərbaycan nanı, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şamaxı mütəkkəsi, Naxçıvan paxlavası və s. aiddir. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur.
Bununla belə, hər zonanın özünə məxsus xüsusi şirniyyat məmulatı vardır. Bakıda qədimdən şəkərbura, Bakı paxlavası, şəkərçörəyi və s. şirniyyatlar hazırlanır. Şəki şirniyyatı xüsusi yer tutur. Şəki paxlavası, peşvəng, tel, qırmabadam və s. məmulatların hazırlanmasında düyü unu, şəkər, fındıq ləpəsi, kərə yağı, yumurta ağı və ədviyyat işlədilir.
Karamelə oxşar şirniyyatdan Azərbaycanda şəkər — pendir, pərvərdə, qoz, fındıq və badam qozinakları, keşnişli noğul, qozhalvası və s. istehsal edilir. Konfetə oxşar şirniyyatlardan rahatulhulqumu, noğulu, şirəli ənciri, feşməyi və s. göstərmək olar.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
Təbiətin heytərləndirici hadisələri – MARAQ DÜNYASI
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təbiətdə elə hadisələr var ki, həm elm adamlarını heyrətləndirir, həm də insanı düşündürür. Bu barədə ən müxtəlif mənbələrdən sizlər üçün aşağıdakıları topladım.
1. Qan Yağan Yağış – Hindistan (Kerala)
2001-ci ildə Hindistanın Kerala bölgəsində bir neçə gün ərzində qırmızı rəngli yağış yağıb. İlk baxışda "qan yağışı" kimi görünsə də, sonradan bunun atmosferə düşən mikroalg (qırmızımtıl yosun sporları) səbəbilə olduğu müəyyənləşib.
2. Əksinə Axan Çay – Amazon
Amazon çayının bəzi qollarında su axınının istiqaməti zaman-zaman dəyişə bilir. Bu, ayın cazibəsi və mövsümi su daşqınları ilə bağlı olan "Pororoka" adlı hadisə ilə əlaqədardır. Bəzən dənizin suyu çaya doğru axaraq böyük səs-küylə dalğalar yaradır.
3. Yanğın Fırtınası – “Alev Tornadosu”
Güclü meşə yanğınları zamanı yüksələn hava axınları və küləklərin təsiriylə yaranan alov burulğanları (fire tornadoes) həm qorxunc, həm də inanılmaz dərəcədə güclüdür. Bunlar nadir hallarda baş verir və çox təhlükəlidir.
4. Everestdə “Ölməyən Səs”
Alpinistlər tez-tez Everest dağında, xüsusən də gecə saatlarında qəribə səslər eşitdiklərini deyirlər. Bu səslər bəzən vıyıltı, bəzən isə insan səslərinə bənzəyir. Bunların səbəbi küləyin dağ konturlarına dəyərək yaratdığı akustik effektlərdir.
5. Buz Çiçəkləri
Çox soyuq iqlimlərdə, xüsusilə də Arktikada torpaq və ya bitki səthində yaranan bu çiçək formasındakı buz strukturları yalnız -20°C və daha aşağı temperaturda meydana gəlir. Həqiqi çiçəyə bənzədikləri üçün “buz çiçəkləri” adlanır.
6. “Kruasan” Formalı Buludlar – Lentikulyar Buludlar
Bu buludlar dağlıq ərazilərdə görünür və adətən yadplanetli gəmilərə bənzəyirlər. Onlar çox qatlı hava təbəqələri və külək axınlarının nəticəsində əmələ gəlir.
7. Axmayan Şəlalələr – İslandiya
Güclü külək axınları bəzən İslandiyadakı bəzi şəlalələrin suyunu yuxarıya doğru “uçurur”. Bu zaman sanki şəlalə əksinə axırmış kimi görünür.
8. Parlayan Dalğalar – Biolüminesensiya
Okeanlarda bəzi mikroorqanizmlər (biolüminesent planktonlar) su hərəkətə keçdikdə işıq saçır. Gecə saatlarında bu, dalğaların parlaması və sanki dənizin işıqlanması ilə nəticələnir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
PORTAL AKADEMİYASINDA - Robin Şarmanın uğura yönəldən 30 kəlamından növbəti 10-u
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Robin Şarmanın uğura yönəldən 30 kəlamı
İndi isə digər vədimə əməl edərək Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.
Robin Şarma yazır:
1. Xoşbəxtlik gedib çıxacağın hansısa bir məkan deyil, bu, sənin özünün yaratdığın daxili haldır.
2. Nə qədər ki, düz hərəkət etdiyini bilirsən, qoy səni başqalarının fikri narahat etməsin.
3. Biz hamımız bu dünyaya hansısa bir vacib səbəbə görə gəlmişik. Öz keçmişinin əsiri olma. Öz gələcəyinin memarı ol.
4. Olmağı arzuladığın insan olmaq heç vaxt gec deyil.
5. Ağrı – müəllimdir, uğursuzluqsa uğura gedən düzgün yol. Gitarada çalmağı öyrənmək əvvəlcə bir neçə falş akkordlar götürmədən mümkün deyil. Eləcə də yelkənli qayıq sürməyi öyrənməkçün mütləq qayığı bir neçə dəfə əyməlisən.
6. Bizim Yer kürəmizdə xaos yoxdur. Sizinlə baş verən hər bir şeyin özülü var, eləcə də hər bir baş verəcək şeyin. Başınıza nə gəlirsə, hər biri bir dərsdir. Odur ki, hər xürdalığı əhəmiyyətlilik ranqına qaldırmayın. Həyatdan həzz alın!
7. Heç kəs sizin icazəniz olmadan sizi incidə və təhqir edə bilməz. Harmoniyanın qızıl açarlarından biri qarşınızda baş verən hadisələrə sizin interpretasiyanızdır.
8. Hər şeyin öz səbəbi var. Hər şey hansısa məqsədçün baş verir və hər bir uğursuzluq özlüyündə bir dərsdir. Mən dərk etmişəm ki, həm şəxsi, həm peşəkar, və hətta, həm də mənəvi cəhətdən itkilərlə üzləşən insanlar öz şəxsiyyətlərinin üfüqlərini genişləndirmək bacarığına malikdirlər. İtkilər daxili inkişafa aparır və bol mənəvi zənginliklər gətirir. Heç vaxt keçmişiniz barədə təəssüflənməyin. Yaxşısı budur ki, ona yaxşı bir müəllim kimi yanaşın.
9. Ağır zamanlar güclü liderləri yaradırlar.
10. Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Gülüş bizim orqanizmimizdə bir çox faydalı elementləri aktivləşdirir. Gülüş həm də orqanizmi balanslaşdırılmış qaydaya qaytarır. Gülüş terapiyasından ən müxtəlif xəstəliklərin müalicəsi üçün müntəzəm istifadə olunur. Həm də o, həyat problemlərindən qoruyan möcüzəli dərmandır. 4 yaşlı uşaq orta hesabla gündə 500 dəfə gülür, böyük insan isə çətinliklə bunu 15 dəfə edir. Gülmək vərdişinizi geri qaytarın, sizin həyatınız daha canlı olacaq.
Davamı ilə sabah tanış olacaqsınız.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
İnsanlığın PƏRVANƏSİ...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya arada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu həm yaxşıları həvəsləndirir və həm də yaxşılıqların artmasına təkan verir...
Bu gün sizə 1982-ci il aprelin 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. O da, hətta şəxsən tanımadığı insanların yaradıcılığı barədə xoş söz deməyi bacaran qələm adamlarındandır...
Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır...
Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər...”
Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub...
“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların "dinləyici auditoriyaları" üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.
Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Bu ilin mart ayında ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. "Asan çətinliklər" kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində "Tərz" nəşriyyatında çap olunub...
Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür "qatillərlə".”
Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar...
“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam... bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən "İnsanı öldürmək" hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.
Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları "laqeyd vətəndaşın millətə zərəri" maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.
Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər...
Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur...”
Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir...
“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey "zər palan"(zəfəran) məsəlidir.”- söyləyir.
Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır...
Xülasə, düşünürəm ki, onun haqqında bildiklərimi sizə çatdıra bildim.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
Batil inanclar necə yaranıb? –QARA PİŞİK, NƏHS RƏQƏM VƏ S.
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Bu gün fərqli bir mövzu barədə söhbət etmək istəyirəm. Bugünkü mövzumuz batil inanclar barədədir və bu gün sizlərə 10 batil inancları sadalayacağam.
1. Ayın 13-nə təsadüf edən cümə günləri heç nə etməzlər.
Bu inam “Əhdi-Ətiq”in şərhi zamanı yaranıb. Guya həmin gün Qabil Habili öldürüb. Sonralar bu əfsanə daha da genişlənib və 13 rəqəmi bədbəxtlik rəmzinə çevrilib.
2. Astanada adam adama hər hansı bir əşyanı verməz
Məsələ burasındadır ki, qədimdə əcdadların külü astanada basdırılırdı və astanadan nəsə verərək onları narahat etmək təhlükəli sayılırdı. Buna görə də astanada oturmaq da olmaz. Astana həm də iki dünyanın - dirilər və ölülər dünyasının - sərhədi hesab olunur.
3. Adamın qabağına qara pişiyin çıxmağı bədbəxtlik əlamətidir
Qara pişiklər qaranlıqdan seçilmədikləri üçün gecə vaxtı atların qabağına çıxanda onları hürküdür, nəticədə atlı yıxılırdı. Məhz bu yaramazlıqlarına görə qara pişikləri şər qüvvə hesab edirlər.
4. Saat hədiyyə etmək olmaz
Bizim dövrümüzdə belə saat hədiyyə etmək yaxşı hal hesab edilmir. Bu inam bizə Çindən keçib, orada saat hədiyyəsi dəfn mərasiminə dəvət etmək anlamına gəlir.
5. Qırx yaşı qeyd eləmək olmaz
Bu batil inanc ona görə yaranıb ki, 40 sayı bir çox mədəniyyətdə sakral hesab edilir. Misal üçün, "Bibliya"da qırx rəqəmi dəfələrlə xatırlanır: Musa yəhudiləri qırx il səhrada gəzdirmişdi, İsa 40 gün səhrada vaxt keçirmişdi və sair. Qırx rəqəmi ilə bağlı bir çox doğum və ölüm ayinləri var. Misal üçün, uşağı qırx gün yad adamlara göstərmək olmaz, mərhumun vəfatının qırxıncı gün xüsusi qeyd edilir.
6. Evdən çıxarkən yol qırağında oturmaq
Bu xurafat qədim inanca əsaslanır. Belə hesab olunurdu ki, evin ruhları adamdan yapışaraq onu getməyə qoymur, mane törədir. Uzun yola çıxmamışdan əvvəl qapı ağzında oturmaqla insanlar ev ruhlarını aldadırlar.
7. Bıçaqla heç nə yemək olmaz
Bıçaq təkcə əmək aləti hesab edilmir, həm də soyuq silah kimi şər qüvvələrə qarşı istifadə olunur. Və belə magik əşya özünə qarşı xüsusi həssaslıq tələb edir, yalnız vacib ayindən sonra istifadə oluna bilər. Bıçaqla nəsə yemək ruhları hirsləndirmək sayılır. Bundan başqa, bıçaqla yeyən zaman adam özünə xəsarət yetirə bilər.
8. Yolayrıcında heç nəyi götürmək olmaz
Belə hesab olunur ki, ora şər qüvvələr yığışır. Ona görə də yolayrıcından heç nəyi götürmək olmaz. Özü də tapılan şey nə qədər bahalıdırsa, onun gətirdiyi bədbəxtlik də bir o qədər çoxdur.
9. Ayaqqabını tək tay geyinmək olmaz.
Belə düşünürlər ki, bir ayağına ayaqqabı geyinib, o biri ayağına geyinməyən adam tezliklə yetim qala bilər.
10. Hava qaralandan sonra zibil atmaq olmaz
Bu xurafat hamıya məlum olsa da, səbəbini çox az adam bilir. Belə düşünülür ki, günəş batandan sonra zibil atanda adamın arxasınca danışırlar. Bu da təəccüblü deyil, adama deyərlər, zibilinin içində nə gizlədirsən ki, onu gecə vaxtı atmağa məcbursan? Bir də deyirlər ki, axşam vaxtı zibil atanda onunla birlikdə evin bərəkəti də gedir.
Sonda sizə qabağınıza qara pişiyin çıxmamasını, heç kəsə saat hədiyyə etməməyinizi, nəhs rəqəmin tilsiminə düşməməyi və sair bu sayaq nəsnələri arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
İlk tammetrajlı bədii Azərbaycan filmi-“Neft və milyonlar səltənətində”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün oxucularımıza Çarizm dönəmi zamanı film tariximizin ilk tammetrajlı bədii filmi olan “Neft və milyonlar səltənətində” filmi barədə danışmaq istəyirəm.
Filmi 1916-ci ildə rejissor Boris Svetlov ekranlaşdırmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, dolanışıq üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.
Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin – proletariatın dahi rəhbəri ilə qarışdırmamalı -red.) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər.
Məzmun
Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır.
Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin (Hüseyn Ərəblinski) geniş malikanəsinin yanında yerləşirdi.
Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır… Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.
Qonşusu qocanın (Y. V. İvanovski) ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə (K. M. Piontkovskaya) başsağlığı verməyə gedir… Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur… Cəlil və Şəfiqə evlənirlər.
Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir.
Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlili məhv etməyi qət edir.
Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl bir qadınla (Regina Lazareva) tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.
Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın (Yevgeni Muromski) evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir; bıçağı Lütfəli bəyin sinəsinə sancır…
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Çimnaz” sözü naz içində olan mənasını verir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün mən sizə Bakı Dövlət Universitetinin(BDU) Şərqşünaslıq fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çimnaz Mirzəzadə haqqında söhbət açmaq istəyirəm...
Atası- dilçi alim, türkoloq, filologiya elmləri doktoru, professor Hadı Mirzəzadə sağlığında indiki BDU-nun ümumi dilçilik kafedrasında çalışırdı. Azərbaycan dilçiliyi tarixində öz yeri, öz üslubu, xüsusi mövqeyi olan elm adamlarından biri idi. Elm aləmində ciddiliyi, işgüzarlığı, məhsuldar yaradıcılığı ilə tanınırdı. Cəmi 57 il ömür sürüb. O, həm də Azərbaycan dilçiliyində bir elm sahəsi kimi tarixi qrammatikanın əsasını qoyub. Onun tələbələrindən akademik Tofiq Hacıyev yazırdı:- “Təməlini qoyduğu tarixi qrammatika elmimizi Hadi müəllimin bir bina kimi mərtə-ə-mərtəbə ucaltması mənim gözlərimin qarşısında olub. Hadi müəllim yığdığı dil tarixi nümunələrini təhlil edir, üzərində tədqiqat aparır və bunun üstündə tədrisini qururdu. Eyni zamanda da tədqiqatlarını dərs vəsaiti kimi çap etdirib tələbələrinə çatdırırdı...”
Allah rəhmət eləsin!
Çimnaz xanım 1945-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra AMEA akademik Ziya Büyadov adına Şərqşünaslıq İnsitutunun "Ərəb filologiyası" şöbəsində baş laborant kimi əmək fəaliyyətinə başlayıb. Orada baş laborant vəzifəsindən böyük elmi işçi vəzifəsinə qədər yüksələ bilib. 1970-ci ildə həmin İnstitutun əyani aspiranturasına daxil olub və 1981-ci ildə "Azərbaycan toponimləri orta əsr ərəb coğrafi mənbələrində" adlı dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1992-ci ildən 2007-ci ilə kimi BDU-nun İlahiyyat fakültəsində müəllim, baş müəllim kimi ərəb dilindən dərs deyib. 2007-ci ildə İlahiyyat fakültəsinin "Dillər" kafedrasında dosent vəzifəsinə seçilib. 2009-2018-ci illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb. Çalışdığı müddətdə ərəb dilindən mühazirə və məşğələ dərslərini apararaq kurs və buraxılış işlərinə rəhbərlik edib. Eyni zamanda BDU-nun İlahiyyat fakültəsinin Elmi Şurasının katibi, Fakültə Tədris-Metodik Şurasının sədri, İlahiyyat fakültəsinin "Elmi Məcmuəsi"nin redaksiya heyətinin üzvü olub. Hal-hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru və BDU-nun Böyük Elmi Şurasının üzvüdür...
O qədər mehriban, mədəni xanımdır ki, hər bir hərəkəti ətrafına görk olur. Kübar davranışı, təmkinli rəftarı ilə seçilir. Nadir hallarda əsəbləşir və tez də sakitləşə bilir. Gözəl nitq qabiliyyəti var, fikirlərini aydın və səlist ifadə etməyi bacarır...
“Hər bir dilin lüğət tərkibi həmin dildə danışan xalqın tarixi, məişəti, mədəni səviyyəsi ilə əlaqədar sözləri özündə əks etdirən zəngin bir xəzinədir. Bu xəzinənin öyrənilməsi, orada olan incilərın aşkara çıxarılması, nəhayət həmin zənginliyin elm aləminə çatdırılması ədəbi dil baxımından dilçiliyin qarşısında duran mühüm vəzifələrdən biridir...”- söyləyir.
Onun indiyədək 60-dan artıq məqalə və tezisi, 3 monoqrafiyası, 8 kitabı çapdan çıxıb. Moskva, Sankt-Peterburq, Bişkek, Mahaçqala, Bakı və Şəki şəhərlərində keçirilən beynəlxalq və yerli seminar və konfranslarda elmi məruzələrlə çıxış edib...
Deyir ki:- “Bir dəfə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bir əlyazma nüsxəsi qarşıma çıxdı. Əlyazma otuz vərəqdən ibarət olan bir topludur; hər vərəq iki səhifəyə ayrılır. Topluda türk dilində iki məktub, ərəb dilində həftənin günlərinin xüsusiyyətlərinə dair nüsxə, fars dilində tibbə aid məqalələr, türk dilində şerilər, ərəb dilində fəlsəfəyə aid izahat, ərəb və fars dillərində “Duratu-n-nasixinə” əsərində olan çətin sözlərin siyahısı, bəzi qeydlər və nəhayət bir mənzum lüğət öz əksini tapıb. Qeyd olunan bu topluya daxil olan ikidilli (ərəbcə-türkcə) mənzum lüğət tərkibi prinsipinə görə diqqətimi daha çox cəlb etdi. Nüsxənin xətti, orfoqrafiyası və kağızının növü onun XIX əsrin birinci yarısına aid olduğuna ehtimal etməyə əsas verir. Qeyd etməliyəm ki, lüğət başlıqsız olsa da, tamdır. O, ənənəvi sözlərlə: “bi-smi-l-lahi ər-rəhmani-r-rəhim”lə başlanır və aşağıdakı sözlərlə: “Təmməm oldı bu kitabın yazısı” ilə bitir...”
Çimnaz xanım daha sonra fikirlərini davam etdirib söyləyir: “Bu lüğıtdə mənası türk dillərində geniş oxucuya məlum olan sözlərlə yanaşı, mənası az məlum olan sözlər də toplanıb. Misal üçün, ərəbcə “sittun” sözünün qarşısında “dülbənd” ekvivalenti verilib. Həmin sözlərin nə qədər bir-birinə uyğun gəlməsini izləmək üçün onların mənalarına fikir verək. “Sittun” sözünün mənalarından biri “parça”dır. Türk dilində dülbənd/dülbənt sözü iki komponentə ayrılır: dül və bənd/bənt. Bəzi alimlərin fikrinə görə, həmin söz hind dilində “əmmamənin bağları”na deyilir. Fars dilində isə “bənd”, “bağ” mənasında işlənir...”
Ümumiyyətlə, Çimnaz xanımın bu dediklərini anlamaqdan ötrü, gərək adamın ərəb-fars dillərindən anlayışı olsun. Axı hər hansı bir elm, onu bilənlər üçün daha maraqlı, daha sadə görünür. Məqsədim, bu gözəl xanımı oxuculara təqdim etmək, aprelin 24-də qeyd edəcəyi 80 illik yubileyi barədə məlumat vermək olduğu üçün, söhbətimi burada bitirirəm. Bəli, “Çimnaz” sözü naz içində olan mənasını verir. Görəsən, bu yubiley günündə az da olsa, onun nazını çəkə bildimmi?
80 yaşı mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
BİR ŞAİR, BİR ŞEİR - Şeiriyyatının sonuncu şeiri
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Mənə düşman kimi baxmağını istəyirəm
peşman kimi yox.
Sən düşmanım olanda,
sən sən kimi olursan.
Sən peşman baxanda mənə dönüşürsən.
İndi hər xoşbəxt ailəni
bizə oxşadıram.
Sənsə düşünürəm ki,
getdiyin hər yerdə
ofisiantlara bəxşiş verəcəksən.
Sənə mənim xidmət etdiyimi düşünəcəksən.
Xəyallarımız naminə
etdiyim xidmətlərə bəxşiş düşməyəcək.
Artıq sənə yazmalı olduğum
ən pis şeiri yazacağam.
Yəqin ki, bu gündən sonra
çətin qələm alam əlimə.
Bir də ki, hər cücəni əzizləyəndə
ona “Göyərçin” deyəcəyəm.
160 nömrəli avtobusa
həmişə səninlə minəcəyəm.
Sən mənim ən düzgün səhvimsən.
Daha sən mənim güvənməmək vərdişimsən.
Sənə xəyallarla yox,
uşaqlarınla oynamağı arzu edirəm.
Sən yaxşı ana olacaqsan.
Yaxşı ana, yaxşı insan olmaqdan
daha asandır çünki.
Səni bağışlayıram
Atalıq haqqımın xatirinə.
Sənə xoşbəxt ol - deyirəm
insanlıq haqqımın xatirinə.
Mən hər şeyin
yaxşısını bildiyimi düşünürdüm.
Ta ki, xırda bir xatirə
mənimlə lağ edənə qədər.
Bizi gözəl unut.
Bizi gözəl gizlə
ər qınağından.
Bizi gözəl anlat
övladından, uşağından.
Çünki biz sənin tək uğrunuq.
İkimiz də
başqa həyatlara vurğunuq.
İndi isə sənə əlvida deyirəm…
Torpaqdan bir sümük çıxardıb
qucaqlamaq istəsəm də.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)
“Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil” - MÜSAHİBƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
...Bütün romançıların uzağında bir həsrətli oxucusu var. Bunu ikimiz də bilirik-o da, mən də... Ona görə də, onun romanlarının içində sevda bitirmək, ümid yaşıllandırmaq cəhdlərinin hamısının doğması sayıram özümü.
“XAN” nəşriyyatının “Məşhurlar” seriyasından “Məktublar”ı tərtib edərkən Edqar Ponun öz redaktoruna yazdığı məktubu oxumuşdum. İlahi, bir yazıçı öz redaktoruna bu qədərmi güvənirdi? Düşünəndə ki, Ponun o qeyri-adi hekayələri, “Quzğun” kimi möhtəşəm şeiri yazanın şairlərə ironiya etdiyi o nəsr nümunələri Kennedinin ruhuna necə toxunub, Kennedi öz yazıçı qələmini bir kənara qoyaraq redaktorluq borcunu necə gözəl yerinə yetirib, barmaqlarımın ucu gizildəyir.
17 illik redaktorluq təcrübəmdə özümü “onun Kennedisi” saydığım müəlliflərin sayı barmaq sayını keçmədi. Bu, bir ağrıdır ki, müəlliflərin çoxu redaktəni texniki proses sayırlar. Bu, bir bəladır ki, müəlliflər elə bilir, yazdıqları cümlə şedevrdir, toxunulmazdır... Amma o- “Kennedisi” olduğum müəlliflərdən biri iş prosesində məni olduğum yerdə gördü.
İş prosesində onun haqqında yazmaq, ondan müsahibə almaq məslək etikasına zidd olardı deyə, susdum. Bir də ona görə susdum ki, işim “danışsın” onun haqqında. Şükür, sədası hələ də eşidilməkdədir.
O, 25 roman müəllifidir... Daha çox psixoloji və ezoterik mövzulardan yazır. Obrazlarının əksəriyyəti həyatın içindən “gəlib” onun romanlarına. “Oğurluq bədən”də Ponun “Quzğun”undan da bəhs edir. “Həzz”də erməni xislətini bir obraz ilə elə açır ki, elə bilirsən, Xocalıda axan qan irmağı sinənin üstündən keçir. “Hiyləgər Sofa”da yalanın xəritəsini çəkib. “Sarı xəfiyyə” yeniyetmələrin heyvanlara qarşı düşüncəsini kökündən dəyişə biləcək əsərdir... “Cadugər” və “Şeytan özü şahiddir” romanları isə, sadəcə, möhtəşəmdir!
O, yazıçı Nazlı Çələbidir. Dilbər Abas qızı Çələbi 4 fevral 1970-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Bioenergetika, parapsixologiya, psixoterapiya sahələri üzrə təhsilini Moskva şəhərində davam etdirib. Zaqafqaziya və Orta Asiya üzrə Beynəlxalq dərəcəli ən yaxşı həkim-məruzəçi adına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
Atüstü bir söhbət etdik Nazlı xanımla... Və istədim ki, bu söhbətimizdən oxucular da xəbərdar olsun. Özü də, o oxucular ki, oturub-durub deyirlər: “Azərbaycanda yazan var?” Oxusunlar, öz ədəbiyyatımıza sahib çıxsınlar!
-Nazlı xanım, yazıçı maarifləndirməyə məsuldurmu? Bəlkə onun missiyası eləcə nəql etməkdir, oxucu həmin əsərdən nə öyrənəcəyini özü seçməlidir?
-“Məsul” sözü, fikrimcə, doğru deyil. Seçim isə həm yazıçınındır, həm də oxucunun. Məsələn, elə oxucu var əylənmək istəyir, elə oxucu var öyrənmək istəyir. Oxuyacağı kitabı oxucu özü seçir. Onun əsərdən nəyi anlaması isə öz intellektual səviyyəsindən, düyagörüşündən asılıdır. Yazıçı hər bir oxucunun düşüncə qapısını döysə də, mətləbi izah etmək şansı ona bircə dəfə verilir-əsəri yazanda. Ondan sonra düşüncə qapılarından içəri ötürülənlər o qapının içərisindəkindən asılı olur. Oxucu əsərdən nəyi necə və nə qədər götürəcək? Bəlkə çətin vəziyyətdədir, istəyir ki, oxuduğu kitabda çıxış yolu tapsın? Ya bəlkə iztirab içindədir, istəyir oxuduğu əsərdə hansısa qəhrəman ondan betər əzab çəksin ki, o da təsəlli tapsın? Bu mənada, yazıçını “məsul şəxs” yox, bir növ, “bələdçi” saymaq olar.
-Müəllif yazdıqlarına qısqanclıqla yanaşır bir az... Bu qısqanclığı necə yaşayırsınız? Məsələn, yazdıqlarınızın başqa cür yozulması sizi də incidirmi?
-Heç bu haqda düşünməmişəm... (gülümsəyir) Yozum da insanın dünyagörüşündən asılıdır. Mən yazdıqlarıma cavabdehəm, oxucunun öz dünyagörüşünə görə anladıqlarına deyil. Bir məsələ də var ki, mən yazdıqlarımın oyanmış insanlar üçün olduğu qənaətindəyəm. Metafizikadan, paralel dünyadan xəbərdar olanlar kitablarımı daha rahat oxuyur, daha gözəl aydınlanır. Yaxud, elə insan olar ki, elmdən bixəbərdir, amma müdrik ruha sahibdir. O insanlar da əsərlərimdən çox şey öyrənə bilər. Lap istər, əsərlərim proyektor olsun, düşüncə qapılarını inadla bağlı saxlayanların daxilinə işıq haradan süzüləcək ki?!
-Yazıçı əsəriylə bağlı gözəl rəy alanda sevinir ha, o sevinc ölçüyə gəlmir!
-Hə! İndiyədək o qədər gözəl rəylər almışam ki! Səmimiyyətlə deyilən bütün sözlər, dilə gətirilən rəylər məni sevindirir. Şükür, bu cür gözəl rəylər çox almışam. Rəy bildirənlər içərisində sadə insanlar da olub, alimlər də, orta təhsillilər də. Hamısı da kitablarımı ruhlarına doğma bilib. Müsbət rəylər məni həm də, ona görə sevindirir ki, demək, oxucu əsərimdən nəsə öyrənib, müsbətə doğru bir addım atıb. Bunu bilmək ilahi hədiyyədir mənə.
-Real insanları ədəbiyyata gətirmək həmin insanların həyatında nəyi dəyişir?
-İnsanın taleyində elə hadisələr olur ki, zamanda geridə qalsa da, daxildə bitməmiş olur. O yaşantılar insanın ruhunu dağlayır. İnsan istəyir ki, o hadisə haradasa həll olsun, bitsin, nöqtəsi qoyulsun. Yazıçı o hadisəni də, o insanı da ədəbiyyata gətirir. Bədii əsərin içərisində hadisənin səbəbi də açılır, cəzaya layiq olanlar cəzalandırılır, qisaslar alınır. Və həmin əsəri oxuyan insan daxilində o hadisəni bitirə bilir. Bu mənada, deyə bilərəm ki, bədii ədəbiyyatda insanların həyatı mənfiyə doğru da dəyişə bilər, müsbətə doğru da... Qaldı, ədəbiyyatın real həyata təsirinə, bu haqda konkret söz demək çətindir. Ədəbiyyat insanı xoşbəxt edirmi? Ədəbiyyat insanı cilalayırmı? Bu cür sualların cavabları hər an dəyişir...
-Mən bir redaktor kimi sizinlə işləməkdən həmişə zövq almışam. Mətndə nəyi necə dəyişmək lazımdır-bunu mənim öhdəmə buraxmısınız. Və sizə heç vaxt bu sualı verməmişəm, indi vermək istəyirəm: etimadınızı doğrulda bilmişəmmi?
-Təbii, (gülür) əgər sən mənim etimadımı doğrultmasaydın birinci işimizdən sonra artıq sənə müraciət etməzdim. Bir də ki, bu etimadı da, etibarı da sən özün qazanmısan. Sənin ezoterikadan xəbərdar olmağın mənə ürək rahatlığı verdi ki, əsəri ilkin variantdanca sənin öhdənə verə bildim. Mən də bunu sənə deməmişdim, indi deyim, sənin köməyin olmasaydı, mən 1 ildə 16 kitab yazıb rekord vurmaq istəyimə nail ola bilməzdim. Əsərlərimə doğmalığın mənə yenidən yazmaq üçün motivasiya verdi. Peşəkarlığına olan inamım isə sürətlə işləməyim üçün stimul oldu. Bu kitabı bitirib sənə göndərdim, o biri kitaba başladım. Daha o nigaranlığım olmadı ki: “Əsərimin taleyi necə olacaq?”
...Gülümsəyirəm və söhbətimiz bitir. Bir müəllifdən “sənə etibar edirəm” cümləsini eşitməkdənsə, bu mesajı almaq daha böyük xoşbəxtlikdir redaktor üçün: “Yeni roman elektron poçtundadır. İş səndə!” Nazlı xanım məni xoşbəxt edən müəlliflərdəndir...
Əgər hələ Nazlı Çələbi imzasıyla tanış olmayan oxucu varsa, oxumağa “Cəza otağı”ndan başlamasını tövsiyə edirəm. Nə də olsa, üzü yayadır və “Cəza otağı”nda hadisələr gözəl Şəkidə cərəyan edir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)