
Super User
"Qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbər"
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dürr çıxardım."
(Nizami Gəncəvi)
23 aprel bütün dünyada "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir.
Kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi olan bu gün 1995-ci ildə UNESCO tərəfindən təsis edilib.
Bu gün üçün 23 aprel tarixinin seçilməsi də təsadüfi deyil. Dünya ədəbiyyatı üçün 23 aprelin xüsusi bir anlamı var.
Belə ki, 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının ən tanınmış simalarından olan ingilis şairi və dramaturqu Uilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Və bu əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.
Ölkəmizdə isə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-ci ildən etibarən qeyd edilir.
Keçmiş və gələcək nəsillər arasındakı əlaqə və mədəniyyət körpüsü rolunu icra edən kitablar dünyanın heç vaxt tükənməyəcək olan ən dəyərli xəzinələrindən biridir.
İndi isə gəlin bir qədər dahilərin kitablar haqqında söylədikləri dəyərli fikirlərə nəzər salaq.
"Kitablar qocalıqda ən yaxşı dost, cavanlıqda ən yaxşı rəhbərdirlər."
(Smayls )
"Ən yaxşı kitab sənin qəlbini vərəqləyən kitabdır."
(Əbu Turxan)
"Kitab bir limandı mənim üçün. Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim.."
(Cemil Meriç)
"Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı dünya və insanlıq sevgisiylə dolduracaq"
(M. Qorki)
"Tanrım, mənə kitabla dolu bir ev, çiçəklə dolu bir bağça ver."
(Konfutsi)
"Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır."
(Qasım bəy Zakir)
"Oxumaq yaxşıdır! Məncə həm oxuyun, həm də oxumağı sevdirməyə çalışın. Hirslənmədən, qırmadan. Bəlkə də sadəcə əlinizə bir kitab alıb oxuyaraq.."
(Fazilet Seyitoğlu)
"Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir."
( V.L.Dal)
"İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir."
(E. Hant)
"Mütaliə insanları bilikli, söhbətcil və hazırcavab edir."
( Frensis Bekon )
"Kitab heç aldatmayan bir yoldaşdır."
(Guilbert De Pixrecourt )
"Hər kitab özü bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə başqa xəzinələrə açardır.."
(Əbu Turxan)
"Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır."
( A.M.Upit)
"Yaxşı kitab çox qiymətli xəzinədir. "
(Həsən bəy Zərdabi)
"Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, – kitab al!"
(Tur Xander)
"Ordu torpaqları, kitab könülləri fəth edir."
(Əbu Turxan)
"Kitablardan başını qaldırma, balaca. Dünya pis bir yerdi."
(Hikmet Anıl Öztekin)
"Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır."
(Seneka)
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
“Hakobi Şen yox, Yaqublu!” - MƏNİM ERMƏNİ YALANLARINA CAVABIM
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu günlərdə təsadüfən bədnam ermənilərə məxsus olan sosial şəbəkələrin birində (Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu)), mənim doğma kəndimin – Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndinin adının vaxtı ilə “Hakobi Şen” olduğu, kəndin tarixi, əhalisi və s. barədə gülməli, həm də əsassız iddia və çərənnəmələrlə rastlaşdım.
Yekə danışmaq kimi olmasın, bu yazını onlara cavab kimi qələmə almışam. Çox istərdim ki, cavabı tarixçi yazsın. Amma müraciət etdiklərimdən səs çıxmadı. Ona görə, bir türk filmində deyildiyi kimi, “iş başa düşdü”, yəni özüm yazası oldum. Varını verən utanmaz deyiblər. Qoy hansı səviyyədə yazdığıma oxucular qiymət versin.
Cavab üçün şərait və imkan yaratdığına görə “Ədəbiyyat və incəsənət” portalına bəri başdan təşəkkür edirəm.
Hayların hədyanları ilə tanış olandan sonra yadıma universitetdə oxuduğum illərdə hörmətli müəllimim M.Həkimovun doğru danışmayan tələbələrə dediyi “gözünün içinə kimi yalan danışırsan” ifadəsi düşdü. Mən də həmin ifadəni eyni ilə haylara ünvanlayaraq deyirəm ki, gözünüzün içinə kimi yalan deyirsiniz.
Ey yanlar, adına yazılı mənbələrdə, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” adlı əlyazmasında rast gəldiyimiz bu kənd sizin gopa basdığınız kimi heç də “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri”, “hələ XV əsrdə Hakobi Şen (Yaqublu) kəndi çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi”, “Şərqi Zaqafqaziyanın erməni məşhur yaşayış məntəqələrindən biri” və “1918-ci ilə qədər erməni kəndi “ olmayıb.
Əvvələn, “hələ XV əsrdə” dediyiniz həmin əsrdə yazılmış və yuxarıda da adını qeyd etdiyimiz əlyazmada kəndin adı rusca “Йакублу” (azərbaycanca “Yaqublu”) formasında verilmişdir, “Hakobi Şen” kimi yox. “Hakobi Şen”ninizlə bağlı konkret tarixi mənbə də yoxdur, göstərə də bilmirsiniz. Deməli, sizin “Hakobi Şen” özünüzün uydurmasından savayı bir şey deyil. Heç oradakı “şen”lik də sizlik deyil. Qədim türk sözü olub əcdadla bağlı məkan, yer, yurd, ad anlamındadır (Soyqrim1694067637.pdf, səh:282). Bilin ki, “Yaqublu” toponimi qədim türk dillərindəki “şahzadə” və “başçı” mənalarında işlənən arxaik “yabğu”(“yağbu”) və ya “Kitabi-Dədə Qorqud”dan da bizə tanış olan “yavuq” və “yavuqlu” (yaxın, yaxınlıq) sözləri əsasında formalaşıb. Bu, alimlər tərəfindən çoxdan sübut edilmişdir. Antrotoponim (məsələn, Qərbi Azərbaycandakı Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan “yaqublular” və s.) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. “Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar” anlamındadır. Bu adda toponimlər indiki Azərbaycan Respublikasında, Qərbi və Cənubi Azərbaycanda, eləcə də Gürcüstanda onlarla olub, bəziləri indi də var. Və hamısında uzaq keçmişdə də, indi də azərbaycanlılar yaşayıb və yaşayır. Qərbi Azərbaycandakı Yaqublu kəndlərini isə siz ya tarixdən silmiş, ya da oraları erməni ilə doldurub adını dəyişdirmisiniz.
(https://westaz.org/storage/postFile/Qerbi_Azerbaycanin_turk_mensheli_toponimleri_12-09-2023_15-11-25.pdf , səh: 168)
M.Xınaluqinin əlyazmasında, rayondakı Calut monastrının tarixindən bəhs edən mənbədə, 1701-ci ilə aid erməni kilsə arxivində saxlanılan və Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış müraciətdə, 1819-cu ilə aid olan “Şəki vilayətinin təsviri” adlı mənbədə, M.Barxudaryantsın 1893-cü ildə yazdığı kitabda,Vartaşen məktəbinin keçmiş müdiri udi M.Bejanovun 1896-cı ildə və Qafqaz Statistika Komitəsinin əməkdaşı D.D.Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdikləri əsərlərində, ruslar tərəfindən aparılmış bütün kameral təsvirlərə aid sənədlərdə də kəndin adının Yaqublu (“Hakobi Şen” yox) olduğunu görürük.
Toponiminin tərkibindəki türk mənşəli “Yaqub”un, yəhudi və ya udi adı olan Yakovun (İakovun) ərəb forması “Yaqub”la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. Ermənicə (“Hakobi Şen”) olmasının iddia edilməsi isə sadəcə gülüncdür.
Həm də o, necə “çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi” olub ki, çar hökuməti tərəfindən üç əsrdən sonra aparılmış kameral təsvirlərdən belə məlum olur ki, 1824-cü ildə burada 13 həyətdə 42 nəfər kişi, 29 nəfər qadın olmaqla cəmi 71 nəfər yaşayıb. (Z.Ə.Cavadova: “Şimal-şərqi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası”, “Altay”, Bakı-2002, səh:52). Bəs hanı sizin “çoxlu ermənilər”? Artmaq əvəzinə azalıblar?! Bəlkə, uçub gediblər?! Yox, getməyiblər, çünki onlar heç gəlib bura qonmamışdılar. O vaxta kimi kənddə azərbaycanlı (türk), ləzgi və udilər yaşayıblar. XIX əsrdə burda məscid binasının olması, 1825-ci ildə bu kənddə Əsgər Salami adlı şairin anadan olduğu və Azərbaycan dilində yazıb-yaratdığı da məlumdur
(Bax:https://www.edebiyyatveincesenet.az/ru/life/item/18708-khikh-aesrdae-yasham-sh-bir-shair-aeszhaer-salami-hagginda-ipudzu).
Kameral təsvir göstərir ki, Yaqublunun yaxınlığında həmin kəndin icmasına daxil olan və cəmi 16 nəfər azərbaycanlının yaşadığı “Duruca” adlı kiçik bir yaşayış məntəqəsi də olub. Mənbələr sübut edir ki, XVIII əsrdə kənd həm də qışlaq yeri olub. Aydın məsələdir ki, qışlaq yeri kimi buradan istifadə edənlər elatlar və ləzgilər idi. Erməni hara, yaylaq-qışlaq hara?! (Bax: İ.Verdiyev: “Yaqublu kəndi və onun məktəbi”, Mingəçevir-2022, səh: 45).
Alban-udi Xristian İsmasının sədri R.Mobili “Dədə Qorqud Milli Fondu –Azərbaycan Dünyası” jurnalının 18 iyul 2018-ci il tarixli sayında dərc etdirdiyi “Qafqaz Albaniyasının müstəqil apostol kilsəsinin birbaşa dini varisi –alban-udi xristian icması” adlı məqaləsində göstərir ki, XX əsrin əvvəllərinədək Oğuzun (Vartaşenin) digər kəndləri ilə yanaşı, Yaqublu kəndində də udilər kompakt şəkildə yaşamışlar. Tarix də göstərir ki, həmin dövrlərdə kənddə mənşəcə udu olan Nerses Bəynəzər adlı keşiş də yaşamışdır, o hətta erməni kilsəsindən ayrılmaq barədə ərizəyə imza da atmışdır.
(https://www.facebook.com/oghuzhistoricial/).
Tiflisdə dərc olunmuş “Nor-Dar” qəzetinin 07 sentyabr 1887-ci il tarixli 151-ci sayında kəndin adı “Yaqublu” kimi qeyd edilməklə, udi S.Silikovun mülki olduğu göstərilmişdir. (Bax: Q.Cavadov və R.Hüseynov: “Udilər”, Elm, Bakı-1999, səh:96). Siz daşnakların 1918-ci ildə öz doğma kəndlərindən –Yaqubludan didərgin saldığınız udilərin nəvə-nəticələrinin bir qismi (dallarilər) indi də Qəbələ rayonundakı Nic qəsəbəsinin Dəlləkli məhəlləsində yaşayırlar və yeri düşdükcə hələ də sizlərə ləhnət oxuyurlar (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf . səh:36).
Sizin Yaqublunun “1918-ci ilə qədər bu erməni kəndi olub” sərsəmləmənizi rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab kəndindən də (həmçinin Zərrabın şərqində, ondan 4-5 km. aralı olan, Şirvan istiqamətindəki Yaqubludan) keçən ispan general Xuan Van Haleni Sartinin xatirələri də təkzib edir. Belə ki, o, 1820-ci ildə burdan keçərkən qeyd edir ki, ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar. (Dos años en Rusia: obra redactada a la vista de las memorias y manuscritos ... - Agustín Mendía - Google Kitaplar) və ya (https://cavid.info/ispan-general-xuan-van-halenin-az%c9%99rbaycana-s%c9%99f%c9%99ri/)
Bu təkzibi mümkün olmayan tarixi faktdır.
Özünüz də yaxşı bilirsiniz ki, siz ermənilərin bura köçürülməsi XIX əsrin əvvəllərindən başlanmışdır. Rus tədqiqatçısı N.İ.Şavrov yazırdı ki, “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”. (N.İ.Şavrov: "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yadellilərə satışının gözlənilməsi". SPB. 1911, səh: 59). XIX əsrin sonlarında kənddə əhali sayının 1000 nəfəri ötməsi də təbii artım nəticəsində deyil, məhz həmin köçürmənin hesabına olmuşdur. Öz mənbələrinizdə də qeyd etdiyiniz kimi, gəlmə ermənilərin içərisində Dağlıq Qarabağdan köçürülənlər də çox olmuşdur. Yazdığınız “Həmin əsrin (XIX əsrin) sonunda əhali (kənd – İ.V.) Artsax köçkünləri hesabına dolduruldu” cümləsi də bunu sübut edir. (Bax: Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu). Beləliklə, “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri” ifadəsində “orta əsrlərdən” sözlərini kənara ataq. (Çünki yuxarıda da qeyd etdiyimiz kimi, yalandır, “orta əsrlərdə” burada hay olmayıb.)
“...Çiçəklənən erməni yaşayış məntəqələrindən biri” məsələsinə gələndə isə, deyə bilərik ki, siz ermənilər gələndən sonra bura “çiçəklənən erməni yaşayış məntəqəsi” yox, fitnə-fəsad yuvasına çevrilmişdi. Tarixi faktlar göstərir ki, sizlərin əraziyə köçürülməsi başlayandan az sonra ermənilər yerli xalqların nümayəndələrinə - azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar
(https://fgurgia.ru/object/3759837) və ya (https://www.facebook. com/profile/100063458799948/search/?q=Cana%C5%9Fvili).
Tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar. Ermənilər yerli əhalini evlərindən çıxarır, onlara məxsus olan əmlakı mənimsəyir, talançılıq edir, camaatı soyur və incidirdilər. Nəticədə azərbaycanlılar, ləzgi və udilər tədricən, həm də məcburən kəndi tərk etməyə başlamışdılar. Məhz bunun nəticəsində XIX əsrin sonlarına doğru aparılmış kamerial təsvirlərdə ermənilərin kənddə sayca çoxluq təşkil etdikləri qeydə alınmışdır. Məsələn, 1886-cı ildə aparılmış kameral təsvirdən də göründüyü kimi, XIX əsrin sonlarında Yaqublu kəndində Azərbaycan, ləzgi və udi xalqlarının nümayəndələrindən cəmi 10-15 nəfər qalmışdı.
Siz ermənilərin qeyri millətlərin nümayəndələrinə qarşı təcavüzləriniz isə bitib tükənmək bilmirdi. Həmin dövrlərdə Vartaşen qarnizonunun (baş qərargahı Nuxanın Qayabaşı kəndində yerləşirdi) zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants erməni kəndlərini, o cümlədən Yaqublunu gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Kənddəki ermənilər Qayabaşıdakı qərargahla, Oğuzdakı qarnizonla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirirdilər
(https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:98).
1918-ci ilin yazında çox yerdə olduğu kimi, Yaqubludakı erməni silahlı dəstələri də müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. Onlar adətən səhərə yaxın, hava tam açılmamış müsəlman kəndlərinə silahlı hücumlar edir, qətl və qarətlər törədir, hava işıqlanan kimi çəkilib gedirdilər. Amma yalandan Bakıya və Tiflisə müsəlmanların təzyiq və təqiblərinə məruz qalmaları barədə məktublar göndərir, riyakarlıqla “imdad” diləyirdilər. Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd edildiyi kimi, 3 may 1918-ci il tarixdə Padar və Yaqublu kəndləri arasında neytral zonada Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər
(https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:110).
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni silahlılarından təmizləmişdi. Dinc sakinlərə kənddə qalıb yaşamaq təklif edilsə də, onlar bu təklifini qəbul etməmiş və öz istəkləri ilə buranı tərk etmişlər (https://www.lib.az/users/1/upload/files/60.pdf, səh:110,112). Ona görə sizin mənbələrinizdəki “1918-ci il yayda bu kəndin və ətrafdakı digər kəndlərin erməni əhalisi türk-tatar qüvvələri tərəfindən qırğınlara məruz qalıb” ifadəsi tamamilə iftira, böhtan, yalançı vay-şüvən, N.N.Şavrovun da dediyi kimi erməni “hay-küyü”dür. Bu da sizin erməni xislətinə xas olan bir şeydir və təəccüblü deyil.
Qaldı erməni mənbələrində qeyd edilən kilsələrə, bəli, Yaqubluda iki kilsə olub. Hətta birinin etnik mənşəcə udi olan H.Silikov tərəfindən tikildiyi də məlumdur (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf. səh:28). Onu da xüsusi olaraq qeyd edək ki, faktlar kənddə məscid binasının da olduğunu göstərir. Daşnakların erməni kilsəsi hesab etdikləri kilsələr isə zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş udi kilsələri idi. Təsadüfi deyildir ki, etnoqraf və tarixçi İ.(M).Canaşvili 1903-cü ildə “Heretinin təsviri” adlı məqaləsində Vartaşendəki (Oğuzdakı) udi kilsələrinin erməniləşdirilməsindən bəhs edərkən yazırdı: “Ruslar Nuxa Xanlığını fəth etdikdə Paskeviç bu bölgədəki erməniləri gücləndirdi və keşişsiz qalan pravoslav xristianlar tədricən erməni dinini qəbul etməyə məcbur oldular. Amma əslində bu torpaqlarda heç vaxt erməni kilsələri olmamışdı”.
Şəxsən mən və həmyaşıdlarım 1970-1980-ci illərdə Vartaşendə (Oğuz şəhərində) və Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin xarabalığı qalmış, kəndin şimal hissəsində yerləşən (udi H.Silikovun tikdirdiyi) kilsə yerini ziyarətə gəlmələrinin və burda dini ayinlər keçirmələrinin canlı şahidləriyik. O vaxt yaşlı kənd sakinləri (M.Mehdiyev, Q.Abbasov, Ə.Abdullayev, Q.Rzayev və b.) onların çoxunu şəxsən tanıdıqlarını və hamısının da udi olduqlarını söyləyirdilər (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf , səh:30 ).
Rayondakı Calut monastırında (həmin vaxt bu bura Eçmədzinin tabeliyini qəbul etməmişdi, avtokefal idi) katolikos taxtını tutmuş, Albaniya katolikosu olmuş Aristakesə gələndə isə bildiririk ki, o Yaqubluda anadan olub, lakin mənşə etibarı ilə erməni yox, udi idi. Yaqubluda dəfn olunub və qəbirüstü kitabəsini də Yaqublu qəbiristanlığında olub. Bu barədə M.Barxudaryantsın “Alban ölkəsi və qonşuları” kitabında da məlumat verilir. Ərazidən yeni tapılan mənbələr də onun udi olduğunu təsdiq edir. Aristakesi erməni hesab etmək isə erməni arsızlığından və saxtakarlığından başqa heç nə deyil.
Din ayrı qardaşlarımız qıpçaq türklərinin hesabına ölkə olan, qədim alban tayfalarından sayılan udilərin maddi-mənəvi dəyərlərinə sahiblənib özünüzə “qədim tarix” düzəldən, “udini erməni edən” (erməniləşdirən), hərədən bir şey çırpışdıran siz haylardan bundan artıq nə gözləmək olar ki?! Vaxtı ilə rus yazıçı, tarixçisi və diplomatıA.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı ki, “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”
(https://azerbaijan.az/related-information/106 ).
A.S.Qriboyedov nə qədər haqlı imiş !
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir
Xaricdə hərbi təhsil almaq istəyənlər üçün Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir! Azərbaycan Respublikasının kişi cinsli gənc vətəndaşlarının bundan yararlana bilər.
Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları üçün yeni fürsətlər təqdim olunur.
Yalnız, Milli Müdafiə Universiteti beynəlxalq hərbi təhsil əməkdaşlığı çərçivəsində, kursantların qəbul balı və şəxsi istəkləri nəzərə alınmaqla xarici ölkələrdə – Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiyanın tanınmış hərbi ali təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı yaradır.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisasqrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldəetmiş Azərbaycan Respublikasının kişi cinslivətəndaşlarına müsabiqədə iştirak etmək imkanıyaradılır.
Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən vəburaxılış imtahanlarında yüksək nəticə göstərmişabituriyentlər və onların valideynləri üçün 26 aprel saat11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyevadına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıqqapı” günü keçiriləcəkdir.
Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsilimkanları və qəbul prosesi barədə ətraflı məlumatveriləcəkdir. Tədbirdə iştirak etmək üçün qeyd olunanlinkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı fəaliyyət göstərir.
“Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!” – kampaniyanın çağırışıdır!
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
BİZİM KİNO - “Alma almaya bənzər”
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Rejissor və aktyor Arif Babayevin 1975-ci ildə ekranlaşdırdığı "Alma almaya bənzər" filmi barədə danışacağam. Sovet dönəmində incəsənət nümunələrimizdə milli, dini elementlərin axtarışı çox adama yersiz görünür.
Çünki, təxminən 70 illik müddət ərzində bir neçə müstəvidə belə məqamlara qarşı hakimiyyət səviyyəsində ciddi mübarizə aparılıb; görk olaraq, 1930-cu illərdə müxtəlif ölkələrdə ziyalılar sürgün edilib, güllələnib və toplumlar vahid ideologiya altında birləşdirilib.
Daha sonra ədəbiyyatda, filmdə cücərmək istəyən milli, dini, əks-ideoloji istəklər də senzura vasitəsilə beşikdəcə boğulub.
Sovet “qılıncının iki tərəfi də kəsdiyi” bir dönəmdə – 1975-ci ildə çəkilmiş bir filmdə açıq-aşkar dini motivlər, Allaha, cənnətə, göndərmələr ilk baxışdan inandırıcı görünmür. Ən təəccüblüsü isə üstündən 40 il ötməsinə baxmayaraq bu gün də həmin filmin batini simasını üzə çıxaran bir fikir söylənməyib.
Söhbət 1975-ci ildə kinorejissor Arif Babayevin quruluş verdiyi, ssenarisi Alla Axudovaya məxsus “Alma almaya bənzər” filmindən gedir.
Əslində, bu film heç sovet Azərbaycanı filmləri silsiləsində öndə gedən filmlərdən də sayılmır. Çünki sovet adamı o qədər reallıqla çulğalanmışdı ki, onun qarşısına alternativ cərəyanlara aid ciddi sənət nümunəsi çıxsa belə, ona ağız büzüb keçirdi. Ortadoksal sovet tamaşaçısının ağız büzdüyü filmlərdən olub “Alma Almaya bənzər”.
Hər şey kəndin adı – Cənnətməkan və buradan çıxan alma ilə başlayır. Cənnət və alma əslində çox şeyi deyir.
“Ne kurit, ne sorit” lövhəsinin düz yanında oturub siqaret tüstülədən iki nəfər əslində cənnətin qadağasını pozan insan övladına işarədir. Özü də bu hadisə kənddə “duz-çörək Həsən” kimi tanınan şəxsin idarəsində.
Cənnətməkan kəndi və “duz çörək Həsən”…
Cənnətməkandan ayrılan sürücü Qurban və onunla yol yoldaşı olan Mədinə…
Titrlərdə qeyd olunur: “Duz çörək qurbanı”.
Filmin fabulası hər kəsə bəllidir; bu yazı SSRİ senzuraçılarının gözündən pərdə asmaq üçün düşünülən süjet xətti, yəni, filmin səthi mənası deyil, onun batini ifadəsi haqqındadır.
Cənnətməkandan ayrılan sürücüyə “duz çörək” Həsən deyir ki, “İki dənə almaya görə duz çörəyi tapdamayacaqsan ki”. Beləcə “bu dünyaya”, yəni rayona yola düşən sürücü özüylə bərabər almanı da gətirir. Alma da nə alma, tumsuz alma. (“İxlas” surəsində Allahın təsviri: “O, nə doğmuş, nə də doğulmuşdur”.)
Alma rayona çatan kimi bazarda hər şey ədalətlə həll olunmağa başlayır. Bazarın sahibi satıcılardan birindən soruşur: “Manat yarımlıq almanı niyə 50 qəpiyə satırsan?” Satıcı cavab verir: “Özüm də bilmirəm bu nə möcüzədir, manat yarım demək istəyirəm, ağzımdan 50 qəpik çıxır”.
Hansı ki, almanın real qiyməti bazarda 50 qəpik olmalıdır. Tumsuz alma bazara gələn kimi şişirdilmiş qiymət möcüzəli şəkildə əriyir.
Elə həmin satıcının 7 qızı var, arvadı 8-ci uşağın ağrısı ilə xəstəxanaya aparılır. Bəs görəsən, bu kişinin qızlarının sayı niyə 7-dir?
İlahi təsvvürlərdə Allah dünyanı 6 günə yaradıb, 7-ci gün boşluqdur. 8-ci gün isə əksər mədəniyyətlərdə yeni gün, yeni mərhələ kimi qəbul olunur. Hamilə qadın möcüzəvi almanı yedikdən sonra 8-ci uşağı oğlan doğulur.
Yoldaşının doğmasını gözləyən kişiləri göstərən kadrda, arxa fonda saat 8-dir, 9-a işləyib. Doğuşu gözləyən atalardan biri dillənir:
“- Bu haqq hesab uzun çəkir?”
8-ci uşağı doğulacaq kişi cavab verir:
“ - O daha bizdən asıllı deyil”.
Rejissor filmin birinci qatında onu deyir ki, yəni doğan qadındır, kişilərdən heç nə asılı deyil. Amma səhnənin alt qatında ciddi mesaj var:
“8-ci günün, yeniliyin doğuluşu insan iradəsindənkənardır”.
Filmdəki orta məktəb müəllimi (Aişə rolunda İnarə Quliyeva) ortodoksal sovet vətəndaşıdır – materialist təfəkkürlü, görmədiyinə inanmayan bir adam... Müəllim qaydalarla hər şeyin izahını verir. Ancaq toxumsuz alma bu izahı məhv edir. Yəni, hər şeyin qaydalarla tənzimlənmədiyini göstərir. Kərimovun yediyi almadan toxum çıxmadıqda, əvvəlcə müəllim əsəbiləşir, sonra heyrətlə əlavə edir:
“Toxumsuz almalar olduğunu eşitmişdim, amma gözümlə görməmişdim”.
Filmdə əsl həngamə möcüzəvi alma alimə təqdim ediləndə baş verir. Vasvası sovet aliminin timsalında materializmin bəsit nümayəndələri, elmdən kənarda heç bir şübhə saxlamayan insanlar ifşa olunur. Filmdə alim almanın toxumsuz olduğunun fərqinə belə varmır. Materializmin bariz nümayəndəsi kimi möcüzədən yan keçib almanın qurdu ilə maraqlanır:
“Qurdun başı nə rəngdə idi?”
Alim tumsuz almanı şirəçəkən aparata atıb suyunu çıxarır: “99 faiz şirə, bir faiz tullantı”. (“Əraf” surəsi, 180-cı ayə. «Allahın 100-dən bir əskik, yəni 99 adı var)
Bezdirici alimdən boğaza yığılan ixtiraçı Nadir baba (Hüseynağa Sadıqov) və Mehdi (Fazil Salayev) yenidən kəndə qayıdır. Yolda dincələn zaman Mehdi gileylənir: “Biri toxum istəyir, biri alma qurdu istəyir...
Biri sıxıb suyunu çıxarır. Bəs alma, alma heç kəsə lazım deyil?!” – deyib əllərini göyə açır. Növbəti planda buludlu səma, buludların arasında günəş görünür.
Filmin növbəti səhnələrində cənnətə qayıdış çox maraqlı simvol, kodlarla təqdim olunur.
Filmdə orijinallıqla təsvir olunan məqamlardan biri də cənnətdən ayrı düşən insan övladının ilk vətəninin xiffətini çəkməsi, xatirələrin həmişə reallıqdan daha gözəl olması, maraqlı dialoq üzərindəgöstərilməsidir. Məsələn, Cənnətməkanda Qurbanla Mədinə arasında belə dialoq olur:
“- Yaman çərənləyirsən ha!
- Niyə, ərə getməmişəm deyə səsimi də əlimdən alan deyilsiz ki?”
Amma sonradan Qurban bu dialoqu xatırlayarkən vulqar sözlər dialoqdan çıxır, ifadələr daha gözəl sözlərlə xatırlanır:
“- Çox danışırsan ha!
- Niyə danışmayım, elçi qabağına çıxmamışam ki, lal-dinməz oturum”.
Əslində, filmdəki adlara da diqqət etsək, çox şey aydın olur: Qurban, Aişə, Mehdi, Mədinə, Kərimov, Məmmədəli və s.
İlk kadrdan sona qədər partlamamış minaya bənzəyən bu filmin adı da Allah bilir nədən xəbər verir: Alma almaya bənzər...
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Sənsizlikdə yazılan dua - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzən qucaqlamaq istəyirəm insanları – sadəcə sarılmaq, ruhlarını isidəcək qədər… Elə bil ki, hər bir yaranın yerinə gözyaşı olmaq istəyirəm. Amma içimdə bir hiss var – nifrət dolu… Saxta yalanlara, üzündə gülümsəyib içində boşluq daşıyanlara, yaşamağa belə cürət etməyənlərə qarşı... Bu ziddiyyətin içində gah sükut oluram, gah da qışqırıq kimi parlayıram.
Qarışmaq istəyirəm sükuta, qışqırmaq istəyirəm içimdəki səssizliyə...
Qaçmaq istəyirəm gündəlik oyunlardan, unudulmaqdan qorxmayan adamlardan...
Sevmək istəyirəm içdən, doğrudan, susaraq da anlaşaraq...
Amma yorğunam... hər kəsin içində gizlənmiş o kiçik uşaqla danışmaqdan yorğun...
Qorxuram, çünki həssasam... hiss edəndə çox şeyin sonunda tək qaldığını anlayırsan...
Varlıqda yoxluq, yoxluqda varlıq gəzir gözlərim. Bir ümid, bir işıq, bir qığılcım gərək qəlbimi isidəcək... Əlimdə bir qədəh qəhər, gözlərim – qırıq şüşə. Addımlarım yalın keçir xatirələrin üstündən – hər addımda bir xatirə batır dərimə, qanadıqca unuduram...
Dilimin ucunda səssiz dualar var – göyə deyil, içimdəki boşluğa səslənir.
Sənəmsə, gəl... Yoxsan, heç ol...
Amma bu dəfə tam ol...
Yarım qalan hər şey qaranlıq kimi yapışır ruhuma...
Gah yaxın, gah uzaq bir Xəzər kimi, xatirələrimiz olmuş payızda xəzəl. Gah ağlar, gah gülər gözlərim, dilimdən süzülər dualarım... Allahım, sən qismət elə mənə xeyirlisini...
Səssizliyə addım-addım yaxınlaşıram…
Bitən yolların sonunda yenidən başlayıram – gözlərim gəzir qucaqlaya-qucaqlaya keçdiyimiz küçələri.
Ruhum həsrət qalıb qəlbimizin bir vaxtlar birgə çarpan gülüş səsinə...
Səni yazıram, sənə yazıram…
və yenə səssizcə sənsiz qalıram...
İçimdə səssiz bir uşaq var – incinmiş, amma hələ də inanan.
Bir səs, bir nəfəs yetər bəlkə — tənha qalmış gecələrimə, yarım qalmış xoşbəxtliyimə...
Və mən — sadəcə xatırlayan, hər axşam bir dua kimi səni səsləyən,
bir mahnı kimi səni pıçıldayan,
susaraq da sevən bir qəlbəm...
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Bağırzadə Elza və Məmmədli Elcan
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 49 nömrəli "İntellekt" məktəb- liseyidir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Bağırzadə Elza Əliqulu qızı 1994-cü ildə Azərbaycan Texnologiya Universitetinin “Yeyinti məhsulları texnologiyası” fakültəsinə daxil olmuş, 1998-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş, Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi“ fakültəsində təhsilini davam etdirmişdir. 2001-2020-ci illərdə Bakı şəhəri Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi, 2020-2021- ci ildə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanıb, 2021-ci ilin sentyabr ayından Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin oktyabr ayından isə Rəfail Hüseynov adına 49 № li "İntellekt" məktəb-liseyə direktor vəzifəsinə təyin olunmuşdur.
Amazonda dərc olunan “Vaxtın idarə edilməsi: məhsuldarlıq və uğur strategiyaları” adlı kitabın həmmüəllifidir. Bir çox yerlı və beynəlxalq təlimlərdə, eləcə də beynəlxalq təcrübə probramlarında uğurla iştirak edibdir.
ŞAGİRD:
Mən, Məmmədli Elcan Zöhrab oğlu R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin 8-ci sinfində təhsil alıram.
Amo, Sasmo, Steam, Neo Math olimpiadalarından bürünc, İnternational Math
Challange, Octopus, Seamo, Wmtc, Hi lingua olimpiadalarından
gümüş, Fiso, Xpert, Mathxcel və Türkiyənin İzmir şəhərində Azərbaycanı təmsil elədiyim Genius All Star olimpiadasından isə qızıl medal qazanmışam. Elta Beynəlxalq İngilis dili imtahanından isə B1+ səviyyəsinə dair sertifikat əldə etmişəm. Academix Gənc liderlər akademiyasından Ən Yaxşı Gənc Lider sertifikatı, BMIS İMUN 2025, YOUTH İMUN 2025-də delegate olaraq award qazanmışam. Qərbi Azərbaycan Konfransı, Vaxtın İdarə OlunmasıTəlimi, A.Rzayevlə görüş, Karyera Proqramçısı Təlimi, Xaricdə Təhsil üçün konsultasiyalarında iştirak etmişəm.
ESSE:
Süni İntellektin həyatımızda rolu
Müasir texnologiyanın ən diqqətçəkən nailiyyətlərindən biri süni intellektdir. Süni intellekt — insan beyni kimi düşünə və qərar verə bilən kompüter sistemlərinin
yaradılması ilə məşğul olan elm sahəsidir. Bu texnologiya gündəlik həyatımızın bir çox sahəsində tətbiq olunur: telefonlarda, avtomobillərdə, səhiyyədə, təhsildə və hətta sənətdə belə.
Süni intellektin əsas məqsədi insan kimi düşünə bilən, öyrənən və təcrübə qazanaraq inkişaf edən sistemlər yaratmaqdır. Məsələn, Google Assistant, Siri, ChatGPT kimi platformalar süni intellektin inkişafının göstəricisidir. Onlar insan nitqini anlayır, cavab verir və zaman keçdikcə daha da təkmilləşirlər.
Süni intellektin üstünlükləri çoxdur. O, insanın vaxtına və enerjisinə qənaət edir, daha dəqiq və sürətli analiz aparır, ağır və təhlükəli işləri yerinə yetirə bilir. Səhiyyədə diaqnostika proseslərini asanlaşdırır, sənayedə avtomatlaşdırmanı gücləndirir, təhsildə fərdi öyrənməni dəstəkləyir.
Lakin süni intellektin bəzi təhlükəli tərəfləri də var. Əgər düzgün istiqamətləndirilməzsə və etik çərçivədə istifadə olunmazsa, iş yerlərinin azalmasına, şəxsi məlumatların təhlükəsizliyinin pozulmasına və hətta cəmiyyətə nəzarətin artmasına səbəb ola bilər. Bu səbəbdən də süni intellektin inkişafı ilə yanaşı, onun nəzarəti və etik prinsipləri də diqqətdə saxlanmalıdır.
Nəticə olaraq, süni intellekt həyatımızı dəyişdirən, inkişaf etdirən və gələcəkdə daha da böyüyəcək bir texnologiyadır. Onu düzgün istifadə etdikdə insanlıq üçün böyük faydalar təmin edə bilər. Əsas məsələ, bu güclü aləti ağıllı və məsuliyyətli şəkildə idarə etməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
BU DƏFƏ XAÇMAZDA - Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirildi
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
21 aprel 2025-ci il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən,uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.
İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər - Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Bədxahlar gətirdi gözə ömrümü… - Fəxrəddin Teyyubun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Verdim əyriyə yox, düzə ömrümü,
Bədxahlar gətirdi gözə ömrümü.
Nə yaxşı, vermişəm sözə ömrümü,
Qəbrimin üstündə söz göyərəcək.
Tanınmış şair Fəxrəddin Teyyubun doğum günüdür.
O, 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir.
1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olub. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabi olaraq bitirib. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb və Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir.
Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub. Fəxrəddin Teyyub dövrü mətbuatda; “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunur.
Kitabları
- Həsrətin ünvanı
- Kölgəm mənim yol yoldaşım
- Mən səninlə barışmaram
- Ruhların sevindiyi gün
Allah xeyirli ömür nəsib etsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
“Kitabdır, ruhumu hər dəm aparan zirvələrə…” - Bu gün Dünya Kitab Günüdür
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
23 Aprel – Dünya Kitab və Müəllif Hüquqları Gününüz mübarək olsun!
Bu xüsusi gündə sözün, qələmin və yaradıcılığın dəyərini bir daha xatırlayırıq. Kitablar ruhun qidasıdır, müəlliflər isə bu qidanın ustaları...
Mən də bu mənalı gündə sizə öz qələmimdən süzülən bir şeiri təqdim edirəm. Ümid edirəm ki, hisslərim sizə də toxunar.
Kitabdır, ruhumu hər dəm aparan zirvələrə,
Nə qədər məna düzülmüş yazılan kəlmələrə.
Fikrimin səmti dəyişmiş, yolunu azmış isə,
Sığınar qüssəli könlüm o zərif səhifələrə.
Sönür, işıq saçılmayır nəfəs dəyəndə şamlara,
Bilik özü işıq saçır qarə olan kölgələrə.
Körpə arzular kimi söz deyilməsə gizli qalır,
Kitab – şeir pıçıldayır doğulmamış körpələrə.
Oxunmasa, bilinməsə başımıza uçar bu dam,
Haraylasam, səsim gedər dağılmamış körpülərə.
Həsrət deyil, kədər deyil bağışlamaq istədiyim,
Bir az sevinc bağışlayım toxunmamış ilmələrə.
Nailəm, şad olaram çıxıb gedim bu dünyadan,
Bir nəğmə söylənəcək ruhumdakı pərdələrə.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)
Seymur Baycan - əhval-ruhiyyə adamı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ölkədə elə bir qələm adamı tapılmaz ki, onun haqqında məlumatı olmasın. Eləcə də, diqqətli oxucuların arasında ərsəyə gətirdiyi əsərlərdən xəbərdar olanlar da az deyil. İddia edir ki, dünya ədəbiyyatına skelet-roman anlayışını o gətirib…
Bəli, bu dəfə sizə yazıçı, publisist Seymur Baycandan söhbət açmaq istəyirəm. Dünən onun 49 yaşı tamam oldu..
Deyir ki:- “Qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirini göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus dilində oxuyan müxtəlif xalqlara mənsub adamlardan dəfələrlə eşitmişəm.”
Sanki alayı planetdən gəlib. Əhvalı tez-tez dəyişir. Onu bir dəfə mülayim, mehriban görən, növbəti dəfə qaş-qabaqlı, sərt, əsəbi, daha sonra həddindən artıq kədərli, üzgün görə bilər. Hamıya yadplanetlilər, qəribə məxluqlar kimi baxır, elə bil bu dünyanın adamı deyil. Gözəl qələmi var, amma Azərbycan dilinin qrammatikasını yaxşı bilmədiyini etiraf edir:
“Bircə onu bilirəm ki, cümlə qurtaranda nöqtə qoymaq lazımdır. Lap əvvəllər, buna görə tez-tez narahat olurdum. Amma sonralar bəzi məşhur yazıçıların əlyazmalarını görəndən sonra təskinlik tapdım. Sən demə, mənim yazanda buraxdığım qrammatik səhvlər, onların səhvlərinin yanında toya-bayrama getməlidir.”- söyləyir.
Daha sonra qınayır ki: - “Azərbaycanda yüzlərə yazıçı, şair, publisist, redaktor, tərcüməçi, bir sözlə, yazı-pozu adamı var. Yüzlərlə adam azərbaycan dilinin hesabına ev, təqaüd, müxtəlif mükafatlar, maaş, honorar alıb. Yüzlərlə adam azərbaycan dilinin hesabına ad-san qazanıb, cəmiyyətdə özünə azdan-çoxdan yer tutub, söz, vəzifə, mənsəb sahibi olub, məclislərdə tamada seçilib, ailə saxlayıb, uşaq böyüdüb. Azərbaycan dilinin hesabına adam olmuş yüzlərlə adamdan heç biri dil ətrafında gedən məlum müzakirələrdə qəti və açıq şəkildə azərbaycan dilinin tərəfini saxlamadı. Əksinə, Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına verdilər. Bunu ciddi-cəhdlə əsaslandırmağa çalışdılar. Ən yaxşı halda nala-mıxa vurdular. Mus-mus dedilər, lakin Mustafa deməyə heç kimin cəsarəti çatmadı. Mirzə Cəlilin dilini Akop Martayanın yaratdığı saxta, süni dilin ayağına vermək məsuliyyətsizliyin, tənbəlliyin, qorxaqlığın, yaltaqlığın təzahürü olmaqla yanaşı, həm də nankorluğun, çörəyi dizinin üstə olmağın, yediyi qaba tüpürməyin göstəricisidir. Hər şeyi qoyaq bir qırağa, insan heç olmasa yemək yediyi, su içdiyi qaba hörmət edər…”
1976-cı ilin aprel ayının 22-də Füzuli rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub. Lakin universiteti yarımçıq qoyub, təhsilini davam etdirməyib. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərdə çap olunub. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq edib. Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. İyirmi beşə yaxın kitabın müəllifidr...
Deyir ki:- “Məni bu ölkədə publisist kimi tanıyanlar daha çoxdur. Bu da təbiidir. Məqalələrim daha çox yayılır, daha çox oxunur. Hətta publisist kimi tanıyanların çoxu hekayələr kitabımın, romanlarımın heç üzünü də görməyiblər. Eşidiblər ki, nəsə arada vaxtım olanda bekarçılıqdan hekayə, roman da yazıram. Mənimlə maraqlanan oxucular kitablarımı axtarıb tapıb oxuyurlar. Onların da çoxu Bakıda yaşayan oxuculardı. Gənclərdir. Burda oxumaq marağından əlavə dəstək vermək məqsədi də var. Yəni kitabı almaqla bir növ mənə dəstəklərini göstərirlər. Bu adamları, bu oxucuları yazılarımla qazanmışam, uzun illər, bir-bir. Kitablarımı almaqla bir növ öz minnətdarlıqlarını bildirirlər. Əgər publisistikayla məşğul olmasaydım, məni tanıyan adamların sayı bəlkə də heç yüzü keçməzdi. Odur ki, az-çox tanınmağıma görə publisistikaya minnətdaram.”
Azərbaycan Ədəbiyyatının müstəqillik dövrü yazıçılarındandır. Üsyankar təbiətə malikdir. Bir də görürsən ki, hansısa yazıçını inkar edir, onun yaradıcılığını şübhə altına alıb tənqid edir. Ümumiyyətlə, qarışıq fikirləri çoxdur. Nə qədər haqlı olub-olmamadığını isə deyə bilmərəm. Bircə onu bilirəm ki, fikirlərini dəstəkləyənlər də var...
Qəribə xüsusiyyətləri çoxdur. Atası vəfat edəndə on dörd yaşı olub. Atasını dəfn edib qəbiristanlıqdan çıxanda, qəbiristanlığın çölündəki bulağın suyunda əl-üzünü yuyub. Soyuq su ona necə təsir edibsə mahnı oxumağa başlayıb. Adamlar da elə biliblər ki, dərddən havalanıb...
Deyir ki:- “Bəzən özümü tanımaqda çətinlik çəkirəm. Hansı hadisəyə necə reaksiya verəcəyim həmin an ovqatımın necəliyindən asılıdır. Bir də görürsən ki, çox böyük cəsarət nümayiş etdirirəm. Özüm də məəttəl qalıram ki, mən bunu necə bacardım? Bəzən isə kölgəmdən də qorxuram.”
Onunla dostluq, yoldaşlıq etmək çox çətindir. Qeyri-adi hərəkətləri ilə adamı məyus və ya da ki heyrətləndirə bilir. Yadıma dünyaşöhrətli bəstəkarlardan biri düşdü. Konsertlərinin sonunda şalvarını aşağı çəkib, arxasını onu alqışlayan tamaşaçılara göstərməklə “minnətdarlıq” edirdi. Hər dəfə də, onu dahi olduğuna görə bağışlayırdılar...
Bəli, aprelin 22-si ölkədə tanınan yazıçı, publisist Seymur Baycanın ad günüydü.
“Ədəbiyyat və incəsənət”
(23.04.2025)