
Super User
Qorxu fimləri - "Güzgülər"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Film metro stansiyadan keçən təhlükəsizlik xidməti əməkdaşından başlayır. Mühafizəçi qaçır və otağa girəndə görür ki, bütün güzgülər onu əks etdirir. O güzgüdən onu öldürməməyini xahiş edir. Qəfildən güzgü çatlayır və ondan bir parça yerə düşür. Mühafizəçi yerdəki, güzgü parçasını əlinə alır və onun güzgüdəki əksi öz boğazını kəsir. Və mühafizəçi ölür…
Magik qorxu filmi...
Polis detektivi vəzifəsindən müvəqqəti kənarlaşdırılan Ben Karson on il əvvəl yanğından xaraba qalmış Mayflauerdə təhlükəsizlik əməkdaşı kimi işə başlayır. Yanğında sonra da bina bir çox güzgüləri özündə saxlayırdı. Ben həqiqətdə qapının bağlı, güzgüdə isə açıq olduğunu görür. Uzun müddət Benin başına bir çox belə hadisələr gəlir və Ben elə bilir ki, bu hallyusinasiyalardır. O tezliklə Qerri Luisin sənədlərini tapır və onun ondan əvvəl burada işləyən gecə mühafizəçisi olduğunu bilir (filmin başlanğıcında ölən şəxs). Ben Qerrinin cinayət fotoşəkilllərinə baxdıqdan sonra başa düşdü ki, bunu onlar yox, onların güzgüdəki əksləri edir. Ben bacısının işlədiyi yer gedəndə ona deyir ki, "mən hərdən güzgüyə baxanda mənə elə gəlir ki, mən güzgüyə yox, güzgü mənə baxır."
Eyni zamanda, Benin bacısı güzgünün qabağından çəkiləndə əksi güzgüdə qalır. Onun əksi çənəsini hər iki tərəfdən tutur və yavaş-yavaş dartmağa başlayır. Bacısının çənəsi kənarlardan tamamilə çırılır və hər yer qan olur, o ölür. Ben onu tapanda çox hirslənir və Mayflowerə gedir. O əsas güzgünü qırmağa cəhd edir və bu zaman güzgüdə çatlarla bir soyad yazılır: "ESSEKER". O Mayflauerin yarısı su altında qalan zirzəmisinə daxil olur və oradakı "Psixiatrik Tədqiqatlar"-ın aparıldığı yeri tapır. O divardan suyun sızdığı yeri görür və divarı dağıtmağa başlayır. O hər tərəfdən güzgülərlə əhatə olunmuş və ortada stul olan otağı tapır. O buradakı xəstəni təyin etmək üçün polis dostu Lerridən bunu xahiş edir və Lerri Onun adının Anna Esseker olduğunu və onun dəli olduğunu deyir. Anna 12 yaşında kütləvi intiharda öldüyünü sənədlərdə yazılırdı. Lakin Ben Annanın fayılına baxır və onun Ölüm Haqqında Şəhadətnamasini danmış İcazəni və Razılıq formalarını tapır. Bu vaxt Benin həyat yoldaşı Emi (rol Paula Patton) Mayklın güzgünün qarşısından duranda əksinin güzgüdə qaldığını gördü. Emi dərhal Benə deyir və onlar bütün əks etdirən əşyaları boyayırlar.
Ben Annanın əvvəl qaldığı evi tapır və məlum olur ki, onu uşaq vaxtı zirzəmidə ciddi nəzarət altında saxlayırmışlar. Onu güzgülü otaqda saxlayıb müalicə etdikdən sonra onu Monastıra göndərirlər. Çünki, Monastırda güzgüyə baxmaq qadağandır və ümumiyyətlə orada güzgü olmur. Ben Monastıra gedib Annanı tapır. Elə bu vaxt Maykl boyanmış əşyaların üzərini bıçaqla təmizləyir və evdəki bütün suları açıq qoyur və bütün yer su olur. Emi Deyzini təhlükəsiz yerə qoyur və Mayklın yanına gedir amma Maykl qaçır. Ben Annanı Monastırdan çıxarıb Mayflauerə gətirib güzgülü otaqdakı stula bağlayır. Maykl yerdəki sudan qəfildən dartılmağa başlayır və batır. Mayflauerdəki işıqlar partlayır və güzgüdəki ilbislər yenidən Annaya qayıdır və bütün güzgülər partlayır. Eyni zamanda, Maykl yerdən çıxır. Anna Benə hücüm edir və onlar dalaşmağa başlayır. Ben qaz xətdini yandırır, Annanı öldürür və bina partlayır. Ben çıxışa tərəf qaçır və binadan çıxmağı bacarır. Küçə polis və yanğın söndürənlərlə dolu idi. Ben onların yanına gedir ancaq heç biri Benə fikir vermir. Ben görür ki, bütün yazılar güzgüdəki kimi əksinə yazılıb. O başa düşür ki, güzgü dünyasına düşüb. O küçədəki güzgünün yanına gedir və öz əksini görmür və o əlini güzgüyə qoyur və həqiqi dünyadakı həmin güzgüdə onun əli meydana çıxır.
Bu filmə daha çox yeniyetmələr baxır, statistika belədir.
Görünür, böyüklər acı həyatda ciddilikdən kənara çıxmağı lüzumsuz hesab edirlər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bütün ömrünü teatra bağlayan aktrisa
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Bütün həyatını teatra bağlayan adamlar tək-tük olur. Azərbaycan sənətçisi, aktrisa Ofeliya Məmmədzadə belələrindəndir.
O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Arada teatrını dəyişib, sonra yenidən bura qayıdıb. 1999-cı ildə yenidən teatrdan çıxıb, amma 6 il sonra bir daha teatra qayıdası olub.
Teatr onu ömrü boyu öz cazibəsində saxlayıb.
Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edib.
Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradıb. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabili olub.
Ofelya Məmmədzadə Əməkdar Artist fəxri adına layiq görülüb.
1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradıb.
Filmoqrafiya
1. 777 №-li iş
2. Arşınmalçı
3. Arvadım mənim, uşaqlarım mənim
4. Bir cənub şəhərində
5. Burulğan
6. Əlavə iz
7. 7. Gethagetdə
8. Köç
9. Poçt qutusu
10. Yenilməz batalyon
11. Zəncirbənd
O, 11 iyul 2007-ci ildə dünyasını dəyişib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bəlkə qapının bağlanması daha yaxşısının açılması üçündür?-ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Hər şey gözlədiyin kimi olmadı, eləmi?
“Bu gün, sabah olacaq” — deyə səbrsizliklə gözlədiyin arzular gerçəkləşmədi hə ?
“Artıq bacardım, öz yolumu tapdım” dediyin anda bütün yolların bağlı olduğunu görmək sənə əzab verdi, düzdür?
Hisslərini anlayıram. Nə düşündüyünü də təxmin etmək çətin deyil.
Amma çətin olan nədir, bilirsənmi?
Bu hissin təkcə sənə aid olmadığını bilməmək.
Yola çıxan hər yolçu bu duyğulardan keçir. Bu çətinlikləri yaşayır.
Əgər bunu anlamasan, özünü və ətrafını günahlandırmağa başlayacaqsan. Əzab çəkəcəksən.
Yaşamaq sənin üçün məna kəsb etməyəcək.
Ən təhlükəlisi isə — bu düşüncələrin sənə heç bir fayda verməyəcək.
Çünki faydasız şeylər insanın içində daha böyük boşluq yaradır.
Və sən bu boşluqla yaşamağa məcbur qalacaqsan.
Amma bir anlıq dayan…
Yaşadıqların boşuna deyil.
Bəzən yolların bağlanması — daha yaxşı, daha doğru qapıların açılması üçündür.
Arzularının gecikməsi — onların daha mükəmməl formada qarşına çıxması üçündür.
Başqaları da bu çətinlikləri yaşayıb.
Amma mübarizə aparanlar qalib gəldi.
Geri çəkilənlər isə indi sənin yaşadığın hisslərin içində itib gediblər.
Onlar da inanırdı, çalışırdı.
Sadəcə, ilk sarsıntıda dayanıb geri döndülər.
İndi isə onların çoxu “kaş ki…” deyə yaşayır.
Sən də onlardan biri olmaq istəyirsən?
Unutma: mübarizə edənlər qalib gəlməyə məhkumdur.
Qələbə yalnız son deyil, yolda qalma bacarığıdır.
Və sən…
Sən o gücə, o cəsarətə sahibsən.
Hər nə olursa-olsun, bir gün bacaracaqsan.
Çünki sən artıq içindəki işığın fərqindəsən.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Kinorejissor, Əməkdar incəsənət xadimi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət
Onun üçün azad yaşamaqdan qiymətli heç nə yoxdur. Elə buna görə də müstəqil olmaqdan ötrü, bütün ömrü boyu əlindən gələni edir. Təzyiqə və şiddətə dözümsüzdür. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Təhsilə böyük əhəmiyyət verir, öxuyub öyrənməkdən yorulmur. Emosional tərəfi çox güclüdür, amma heç zaman öz üzərində nəzarəti itirmir. Adət-ənənələrə bağlı adam kimi görünsə də, onun öz qaydaları var...
Müsahibələrindən birində deyir ki: “Bir tanışım var göyərçin saxlayır. Çox maraqlı və bu işin peşəkarı olan adamdır. Mən də peşəkar insanları sevirəm. Su satsın, amma işinin peşəkarı olsun. Bir dəfə onunla söhbət edirdim. Mənə dedi ki, göyərçinlər hava qatının müəyyən bir hissəsinə çatıb oradakı çəkisizliyi bir dəfə hiss edəndən sonra həmişə oranın kefi, həvəsiylə yaşayırlar ki, bir də nə zamansa həmin sahəyə qalxsınlar. O elə deyəndə, mən sufiləri daha yaxşı başa düşdüm. Sufilər də o uçuşu, eşqi görəndən sonra geri qayıtmaq istəmirdilər...”
Bildinizmi söhbət kimdən gedir? Kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğludan. O 1966-cı ilin iyul ayının 11-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətlə birlikdə 1983-cü ildən 1990-cı ilədək indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rejissorluq fakültəsində ali təhsilə yiyələnib. 1989-1990-cı illərdə Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb. 1990-cı ildən iki il Azərbaycan kinostudiyasında, 1992-1994-cü ilərdə isə Akademstudiyada çalışıb. 1994-2004-cü illərdə "Azərbaycantelefilm" YB-də işləyib. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur. Ərsəyə gətirdiyi filmlər bir sıra beynəlxalq fesyivalların mükafatına layiq görülüb...
“Tarkovskinin bir sözü var, deyir, insan içindəki uşağı diri saxlamağı bacarmalıdır. Vay o gündən ki, o uşaq ölsün. Onda insan da qocalır, ölür. Bəzən yaradıcı ölüm fiziki ölümdən tez baş verir. Yaradıcı insan öz qəlbini, düşüncəsini təmiz saxlamağı bacarmalıdır. Bizdə kino sahəsində elə adamlar var ki, mən onların hərəkətlərindən dəhşətə gəlirəm. Amma kinoya başlayan gənclərə deyirəm ki, siz pis olan fikri yaxına buraxmayın. Çünki enerjinin itməməsi qanunu var. İnsan həmişə yaxşı tərəfi düşünməlidir. Yaxşıya yaxşı demək çox rahatdır. Əsas məsələ pisə qarşı münasibətdir. Mənim də bəzən hövsələsizliklərim olub. Ancaq mən gəncləri çox istəyirəm. Bu xasiyyət mənə atamdan keçib. Onun tələbələri ilə davranışını görmüşəm, ondan öyrənmişəm. Düzdür, anam da xeyirxah insan idi. Ondan da çox şeylər mənimsəmişəm. Anamın adı çəkiləndə, həmişə kədərlənirəm. Allah ona rəhmət eləsin. İnsan həyatında genetikanın rolu çox vacibdir.”- söyləyir.
Təvazökardır, lovğalıqdan, eləcə də təkəbbürdən uzaqdır. Əzmkar, iradəli və çalışqandır. Əgər qarşı tərəfə çox güvənmirsə, işini həmin adama heç zman tapşırmır. Onda rəqabət ruhu çox inkişaf edib, insanlarla yarışmağı xoşlayır, amma kin saxlamır və heç kimdən intiqam almır. Yalanı sevmir, alnının təri ilə pul qazanır. Kifayət qədər dürüstdür. Müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir...
Deyir ki:- “Mən çox ölkələrdə olmuşam. İnanın mənə, bir çox yerlərdə adamlar çox təmizdirlər. Oskarlı aktyorlardan, lap elə Leonardo Di Kapriodan gedib kömək istəsən, qarşına düşüb sənə köməklik edər. Düşünməz ki, mən Oskarlı aktyoram. Yəni təkəbbür hissi yoxdur. Bizdə isə sanki adamların başına yeridiblər ki, özündən sonra gələn cavanı vur ki, gəlib sənin yerini tutmasın. İnsanlar çox laqeyidləşib. Adını çəkmək istəmirəm. Dünyasını dəyişib. Yəni paxıllıq edənlər də çox olub. Mən özüm də təəccüblənirəm ki, adamlar bir-birlərindən nə istəyirlər? Adamlar var ki, səndən, məndən və digərindən çox istedadıdır. Amma dünya dağılsa da, o, mənim çəkdiyimi çəkə bilməyəcək. Nə də mən onun çəkdiyini çəkə bilmərəm. Çünki biz ağlımız, ruhumuz, rəngimiz, keçmiş həyatımızla bir-birimizdən fərqləndiyimiz kimi, gördüyümüz işlərələ, çəkdiyimiz filmlərlə də fərqlənirik. Ola bilər ki, mən kimdənsə maraqlı düşünüm. Amma bu o demək deyil ki, qarşıdakı adam mənim başımı kəsməlidir. Sən başqası kimi yaza, film çəkə bilmirsənsə, onu öldürməlisən?..”
Cəmiyyət tərəfindən xoş qarşılanan həyat tərzinə üstünlük verir. Əgər onun duyğularına xitab etsəniz onunla asanlıqla dost ola bilərsiniz. İctimai həyata böyük əhəmiyyət verir. Gözəl geyim zövqü var, özünə yaraşanı necə geyinəcəyini çox yaxşı bilir. Pula həris deyil, amma pulsuz həyatın mümkün olmadığını da gözəl bilir. Buna görə də əzmlə çalışır. Əylənmək, məzələnmək onun işi deyil. Ciddi olmaq, əhəmiyyətli işlər görmək onun üçün daha cəlbedicidir...
“Mən Kurosavanı, Odzunu çox sevirəm. Tokiyoda olanda, onların hər ikisinin qəbrini tapmışdım. Orda Kurosovanın nəvəsi ilə görüşdüm. O, eynilə babasının cavanlığına oxşayırdı. Ona bunu deyəndə, dedi, hə, mən babamın paltarlarını geyinirəm. Kurosovanın qəbrinə getmək üçün bir saat yol qət etməliydik. Onun məzarı evlərin arasında balaca bir ərazidə idi. Ancaq mən dedim ki, məsafə nə qədər olur olsun, gedəcəm. Hər iki rejissorun məzarında titrətmə hiss etdim. Azad Mirzəcanzadənin qəbrinə gedəndə də mənim içimdən həmin titrəmə keçir.”- söyləyir.
Yaxşı insandır, Allahın varlığına, alın yazısına şübhə etmir. Bacardıqca özünü saf saxlamağa, səmimiyyətini itirməməyə çalışır...
Deyir ki:- “Ruhu qorumaq sənət adamı üçün çox vacibdir. Komfort içərisində, villalarda yaşayıb, sonra əzab-əziyyət haqqında film çəkmək mümkün deyil. Səmimi olmur həmin filmlər. Tarkovski cəmi yeddi film çəkib, amma görün necə filmlər çəkib. Onun gündəliklərini oxuyuram, o, nə qədər mənəvi, maddi sıxıntılar çəkib. Ən böyük namərdlikdir insanı maddi sıxıntı içərisində qoymaq. İnsanın çörək yeməyə pulu olmalıdır. Tarkovski bu sınaqlardan keçib. Ona görə onun filmləri o qədər güclüdür. Bir də insan özü ilə tək qalmağı bacarmalıdır. Mən özümlə qalmaqdan heç vaxt darıxmıram. Günlərlə, saatlarla özümlə qala bilərəm...”
Bəli, bu gün Elçin Musaoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər arzulayıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Dünyadan vaxtsız köçdü
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət
Çağdaş dövrdə yaşayıb yaratmış aktrisalarımızdan da söz açaq. Məsələn, Xanım Qafarovadan. Niyə məhz ondan? Bu gün dünyadan vaxtsız gedən sevilən aktrisanın anım günüdür.
Azərbaycanın teatr və kino aktrisası Xanım Qafarova 9 may 1967-ci ildə anadan olub. Teatr və musiqi sənətləri ilə erkən yaşlarından maraqlanıb, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olub. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olub, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynayıb.
1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayıb. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb edib, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirib. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa edib.
1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanıb.
Filmoqrafiya
1. Şirbalanın məhəbbəti
2. Kənddən gələn var
3. Kənddən gələn var. II hissə
4. Yuxu
5. Adam ol!
6. Bacanaqlar
7. Qayınana
Mükafatları
- Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı
- Prezident Mükafatı
Süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda vəfat edib. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
BİRİ İKİSNDƏ El Romanın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün El Romanın şeirləri ilə tanış olacaqsınız.
EL ROMAN
El Roman Əlizadə 02.09.2000 tarixində Bakı şəhərində anadan olub.
Son beş il ərzində El Roman təxəllüsü ilə yazdığı şeirlər "525.az", "Kulis.az", "Manera.az", "Muellif.az" və digər saytlarda, eyni zamanda "Ulduz" və "Azərbaycan" jurnallarında, iki müxtəlif şeir antologiyasında dərc edilib.
2020-ci ildə "Sənsizliyin baş hərfi" adlı ilk şeirlər kitabı, 2024-cü ildə "Ağ kvadrat" adlı ikinci şeirlər kitabı çap edilib.
ALLAH VƏ SƏN
Bilmirsən, ürəyi gedir
Yerin göydən, göyün yerdən?
İndicə yer-göy qopacaq
Saçını hördüyün yerdən.
Quzum, mən gecə bilmirəm,
Sayıram, neçə, bilmirəm,
Hələ də keçə bilmirəm
İtlərin hürdüyü yerdən.
Yağışlıdı, qal, gedərsən,
Yanaqları al gedərsən...
Haqqını halal edərsən mənə
Öskürdüyüm yerdə.
Başım üstə – Allah
Və sən,
Nə Allah qocadı,
Nə sən.
Sən onu görə bilməzsən
O səni gördüyü yerdən.
Ay üzüm-üzüm üzdüyüm,
Qara gözünü süzdüyüm...
İndi nə üzlə gözdüyüm
Səni öldürdüyüm yerdə?
YARASALAR
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey –
Adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin,
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
Və
Saçların tərəfə çevrilərəm,
Gəl.
Sən kimin olmusan min illər əvvəl?
Adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrısan, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
Məni də bir dəfə yada sal orda...
Mağara?!
Görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
Adamlar torpağa, kağız torpağa...
PAYIZ FƏSLİ GÖZƏLDİ
Payız gələr, işıldaquş işıldar,
Külək əsər, ağacları boşaldar.
Ayağının altına bax,
Xəzəldi!
Mən demişdim, payız fəsli gözəldi.
Yol gedərik.
Bu yol hara, biz hara?
Bu aylarda ağaclarda qızaran
Mandarinlər bircə-bircə bozarar,
Yerə düşər, əyilsəmmi,
Bilmərəm.
Fikrim uçar bayağıdan bayağı,
Səmalarda qağayılarsayağı,
Sonra dəyməz ayağına ayağım,
Mənimsənmi, deyilsənmi,
Bilmərəm.
Götürəndə yerə düşən çörəyi
Sünbül kimi ovxalanar ürəyin.
Görərsən ki, sonra hər şey düzəldi;
Mən demişdim, payız fəsli gözəldi.
Sonra bütün sevgilərin gücündən
Öpmək üçün güc yığaram içimdə –
Dəmiryolu vağzalının səsinə
Titrəyərək ürəyimiz diksinər.
Qatarları tələsdirən həmin səs
Öpüşləri gecikdirər, əksinə.
Görərsən ki, yer ilə göy birləşər
İkisinin arasında yerləşən
İşım-işım işıldarkən işıqlar,
Üşüm-üşüm üşüyərkən uşaqlar,
Danə-danə dənə dönər başaqlar
Bir qırıq da külək əsdi,
Gözəldi!
Mən demişdim, payız fəsli gözəldi.
MƏNƏ İNAN
Mənə inanmırsan?
Gözümlə gördüm,
Ayna qarşısında balaca uşaq
Pomada sürtürdü
Dodaqlarına.
Nikah masasında oturan o qız
Stuldan sallanan ayaqlarıyla
Tapdaya bilmirdi
Yanındakının
Qırx altı ölçülü ayaqlarını.
Mənə inanmırsan?
Gözümlə gördüm,
Ayağı çatmırdı
Ayaqlarına...
Aeroport yolunda yavaş sürənlər
Nə qədər söyüldü!
Gözümlə gördüm.
Mənə inanmırsan?
Özüm də gördüm,
Ya ayaq ləngiyir, ya baş fırlanır.
Kimi ayrılıqdan, kimi təklikdən,
Kimi yüksəklikdən qorxduğu üçün
O yolda təkərlər yavaş fırlanır...
Mənə inanmırsan?
İnanıram de...
ALLAHI QUCAQLAMAQ
Sonra göydən süd tökülər-
Gəlin paltarında su.
Bilirsənmi, buludlar da yeriməyib yetmiş il.
Bəlkə, biz də buludlara
İnad edib getmişik.
Sonra kimsə ağ-qaralı filmlərin birində
Şəkillərdə yeriməyən buludları yeridər.
Buxar səni aldatmasın, gözlərini itilə!
Köynəklərin üzərində
Qəhvə süzər ütülər...
Sən qəfəsdə saxladıqca
Qarğış edər qumrular.
O qumrular
Saçlarında bircə-bircə yumrular...
Başlamazdan öncə düşün, sıfır nədir?
Yumurta.
Sonra həmin yumurtadan bütün rəqəmlər çıxar.
Göy üzündə növbə-növbə hərlənəcək dövrələr
Kirpiyinin kölgəsini qısqanacaq zöhrələr.
Tutulmaq nə?
Vurulacaq, bəlkə də. ay çöhrənə!
Sonra ayı incidəcək
Görünməmək qorxusu.
Sonra göydən süd tökülər –
Gəlin paltarında su...
KÜRD NƏNNİSİ
Ağac olacaqsan önümdə, ağac,
Bir qız qoparacaq yarpaqlarını.
O gün mən yıxacam barmaqlarımı
Küləyin saçını yıxdığı yerə.
Hanı o əvvəlki yuxular, hanı?
O nəm kirpiyində yuxularammı?
Nə vaxtsa təzədən yıxılar hamı
Bir vaxtlar ayağa qalxdığı yerə.
Heç həmin yuxular belə darıxmaz...
Ay mənim hər dərdə, zülmə dözənim,
Səbir elə, düzəlir, hər şey düzəlir...
Bir kürd nənnisiylə yatmış gözəli
Öpsəm dodağından...
Hələ darıxmaz.
Sən də qayıdasan keçmişə - dərdə,
Sənin də könlünə qəm düşə hərdən.
Bircə gün uzaqda qal bu şəhərdən,
Gör nələr darıxar, nələr darıxmaz...
Adam heç darıxmaz?
De ki, darıxar...
Adamın başında tükü darıxar.
Adam bir darıxar, iki darıxar,
Adam üçüncüdə ölər, darıxmaz...
NÖVBƏTİ SEVGİLİYƏ XƏYANƏT
Bir yuxunu uzadardım günortayadək,
Bir günorta oyanardım, bəlkə, acınnan.
Bir bərbərin həyəcanlı şagirdi qədər
Ehtiyatlı davranardım sənin saçınnan...
Bir dodağın qırağında çuxur görünər,
O çuxura neçə nəfər baxır, görünməz.
O çuxurdan neçə nəfər çıxır, görünər,
O çuxura kimlər düşür, axı görünməz...
Bir yuxunun ləzzətini yadıma salar
Bir varlığın, bir yoxluğun, bir də borclarım.
Səssiz-səssiz yeriyərəm, səni yuxudan
Oyatmaqçün səs çıxarar barmaq uclarım.
Bir küləyin yapışaraq düz ayağından
Xoş olardı ayağının yanına getmək.
Eşq – bəlkə də, bu şəhərin ən uzağında
Bir növbəti sevgiliyə xəyanət etmək...
ƏLİM
Gecədir,
əlim üşüyür,
əlimi tapa bilmirəm.
Üşüyən yerə baxıram,
Dəlini tapa bilmirəm!
Ay qız, hələ harasıdır?
Hələ
Yağış yağmağı var.
Hələ
Kişi qürurunun
Avtobusa sığmağı var.
İnsanlar məni axtarır-
Tanınan
Və tanınmayan.
Məni görməsinlər deyə,
Bilbordların yanındayam...
İnsanlar məni axtarır,
Mən də əllərimi,
Ay qız!
Hansı şərəfsiz kəsdirib
Qarə tellərini,
Ay qız!
Hər adam
Deyər özünə –
Dəlini
Yadından çıxar!
Adam da hara qoymuşdu
əlini,
yadından çıxar?
Bilirəm ki,
Ay qız,
Təksən.
Bilirəm, sən gedəcəksən...
İndicə zəng edəcəksən,
əlimi
tapa bilmirəm!
Üşüyən yerə baxıram,
Dəlini tapa bilmirəm...
QONAQ
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif.
Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ocuvladığım
O quşa atdığım dənə də heyif.
Bir dənə möhtacdı çiynində o quş,
O quşa laləzar vətən yaxşıdı.
Mənim qulağıma pıçılda, soruş,
Sahidən, bu vətən nədən yaxşıdı?!
Hətta küçənizə raket də düşsə,
Ağappaq çiynindən jaket də düşsə,
Birinci vətənçün, sonra səninçün
Narahat olacaq adamlar ki var,
Onların gözünə qonaq gedə...
Mənim də bəxtimə o səngər düşə,
Allahın əlindən bir çəngəl düşə,
Bu dəfə göylərə mən qonaq gedəm...
Daha ikimizdən oldu, olmadı,
Yenə də heyifdir, yenə də heyif.
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir, mənə də heyif...
SƏNİ TANIMAMIŞ
Səni tanımamış ulduzlar – nöqtə,
Aypara – göydəki tək vergül idi.
Bütün səhvlərimin adı uşaqlıq,
Bütün çiçəklərin adı gül idi.
Səni tanımamış yalan – yalandı,
Bir gündə zəhərin dadına döndü.
Səni tanımamış salam – salamdı,
Bir gündə Allahın adına döndü.
Səni tanımamış ölmək – qorxulu,
Yaşamaq – ölməyin ikiqatıydı.
Səni tanımamış saçlar – ətirsiz,
Ətir – oksigenin plagiatıydı.
Səni tanımamış heykəl – adamdı,
Adam – heykəllərin ağır yuxusu.
Dünyada nə qədər adamda var ki
Səni tanımamış ölmək qorxusu?!
Səni tanımamış səmalar – şəhər,
Buludlar – səmaya cızılmış ölkə.
Elə doğmasan ki, səni görməmiş,
Səni tanımamış tanıdım, bəlkə.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Paytaxtdan əyalətə təbrik...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Həyatda heç zaman görüşməmişik, amma sosial mediada virtual dostuq.
Axı, dostluqadamdandiqqəttələbedir. Elə budiqqətlə də onunhaqqındaməlumattoplamağa çalışdım. Axı, onun 50 yaşı tamam olur...
Müsahibələrinin birində deyir ki: “Şeir yazmağa Kəlbəcərdə yaşadığım vaxtlardan başlamışam. İlk şeirlərimi hələ ibtidai təhsilimi alarkən çəkdiyim şəkillərin altında yazırdım. O vaxt da indiki kimi təbiət peyzajları çəkirdim, yazdığım şeirlər də təbiətlə bağlı olurdu. Artıq altıncı sinifdə oxuyanda qafiyəsi, hecası yerli-yerində olan qoşmalar, gəraylılar yaza bilirdim. Yəqin ki, Kəlbəcərdə olsaydım, indi də şeirimin ovqatı, ruhu bambaşqa olardı. Çünki Kəlbəcərdə yazılan şeirlərin bir ayrı nəfəsi, ruhu, fərqli intonasiyası, ritorikası olurdu. Əlbəttə, mənim də şeirlərim daha çox kəlbəcərli idi. Ancaq onu dəqiq bilirəm ki, bu illəri doğma yurdumda yaşasaydım belə Kəlbəcər aşıq şeiri ənənəsi ilə məhdudlaşmazdım...”
Atası ədəbiyyat müəllimi olub. Oğlunu hər zaman ciddi ədəbiyyata yönəldib. Mütaliəsinə ciddi fikir verib, bəzi toyxana şeirlərinin təsirinə düşməkdən çəkindirib. Hər iki valideyni ədəbiyyatçı olduğundan daim “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarına, “Ədəbiyyat və incəsənət” qəzetinə abunə olublar. Evlərində zəngin kitabxana vardı. Bütün bunlar onun ədəbi zövqünün formalaşmasında böyük rol oynayıb...
“Hərbi xidmətdə olduğum illərdə də şeir yazırdım, hətta bakılı, şamaxılı uşaqlara qoşulub meyxana da deyirdim. Yaradıcılığımın ən romantik, ən kövrək dövrü Gəncədə keçirdiyim tələbəlik illəri ilə bağlıdır. Mingəçevirdəki yaradıcılıq fəaliyyətimdə də bir çox uğurlarım olub. 1999-cu ildə Mingəçevirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı açıldı. O vaxtdan sonra şəhərdə ədəbi mühit canlanmağa başladı. 1997-ci ildən paytaxt mətbuatında çap olunmağa başlasam da, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının açılışından sonra bu prosses daha da sürətləndi. Bu illər ərzində 3 şeir kitabım nəşr olundu, ölkədə və ölkə xaricində bir sıra tədbirlərə qatıldım. Bir sözlə, ədəbi aləmdə və xalq arasında şair kimi tanınmağım Mingəçevirdə yaşadığım illərlə bağlıdır. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmağım isə mənim üçün Türk dünyasının ədəbi həyatına bir açılım rolu oynadı.”- söyləyir.
Təvazökar, təmkinli, incə qəlbli və xeyirxah insandır. Yaxşı danışmağı var, özünə qiymət verməyi bacarır. Cəmiyyəti sevir, cəmiyyət də onu sevir. Kübar məclislərini xoşlayır. Bəlkə də, bu onun öz kübarlığından irəli gəlir. Adətən özündən çıxmır, sakit və soyuqqanlıdır. Kövrək ürəyi var. Adi bir səbəbdən ağlaya, lakin tez də ovuna bilər. Mühafizəkardır, həyatını sarsıda bilən, gərginlik yaradan hər şeyə nifrət edir. Odur ki, rahatlığa və təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy etmədən bir addım da atmır. Ehtiyatlı olduğuna görə, ona heyran qalanlar da az deyil. Diribaş və çevikdir, ona etibar edən adam heç vaxt büdrəməz. Baxışlarında isə bir müəmma var, insanları sehirləməyi bacarır...
Rəsmi məlumatlara görə, o, 28 avqust 1975-ci ildə, amma “Facebook”dakı səhifəsində göstərilir ki, iyulun 11-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dünyaya gəlib. İlk dəfə 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində ikinci ali təhsilə yuyələnib. 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru olub, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis edərək ona rəhbərlik edib. Hazırda Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur...
Deyir ki:- “Azərbaycanda hər zaman sənətin bütün növlərində bölgə-paytaxt fərqi hiss olunub. İndi sosial şəbəkələrin olduğu, çap olunmağın çətin olmadığı dövrdə bu fərq elə də nəzərə çarpmasa da, dəqiq fikir verdikdə çox qayğıların olması göz önünə gəlir. Bölgədə yaşayan sənət adamlarına bir növ həvəskar kimi baxılır. Doğrudur, mən bu fikirlə razı deyiləm, öz yaradıcılığımla belə düşüncələri alt-üst etməyə çalışıram, bəzən müvəffəq oluram da. Ancaq yenə də müəyyən çətinliklərin olduğu danılmazdır. Bölgədə yaşayan ədəbiyyat adamlarının iş yerləri ədəbiyyatla, sənətlə bağlı olmadığından bəzən prossedən kənarda qalırlar. Ancaq bir məsələ də var ki, paytaxtda yaşayan şair və yazıçılar da ədəbiyyatla dolana bilmirlər, kitablarının satışı ilə maddi vəziyyətlərini sabit saxlamağı bacarmırlar, müxtəlif sahələrdə çalışırlar, ən yaxşı halda jurnalist kimi, redaktor kimi, tərcüməçi kimi fəaliyyət göstərirlər. Və ya bölgədə yaşayanlar da təqaüd alır, kitab nəşr etdirir, ciddi ədəbi mediada çap olunur və s. Deməli o qədər də böyük fərqimiz yoxdur.”
Doğru deyir, məkan fərqi ola bilər, amma əsl poeziya nümunəsi kənddə yaransa belə, böyük şəhərləri fəth etməyi bacarır. O qədər kənddə yaşayıb şöhrəti dünyanı dolaşan qələm adamları olub ki…
Nə isə, haqqında söhbət açdığım şair Elşən Əzimin bu gün 50 yaşı tamam olur. Onu yubileyi münasibətilə təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Üzeyir bəyin son bəstəsi – Şıxlinskilərin məhəbbət əfsanəsi
Şərəf Cəlilli,
filologiya üzrə fəlsəfə doktru, “Ədəbiyyat və incəsənət” üçün
Tiflisin məşhur əsilzadələrindən olan, Qayı boyuna bağlı Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbov vaxtın, zamanın fövqünə qalxıb vaxtı, zamanı millətinin nəfinə işlədən din xadimlərindən, islam üləmalarından idi. Nəcəf-ül Əşrəfdə təhsil almışdı. Dini və dünyəvi elmləri mükəmməl bilirdi. Hüseyn Əfəndi övladlarına dövrünün ən yüksək təhsilini vermişdi. 1878-ci il martın 21-də – Novruz bayramında dünyaya gələn Nigar xanım Qayıbova – sonradan Şıxlinskaya Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən ilk türk, müsəlman, azərbaycanlı qadın kimi tarixə düşmüşdü...
Ərəb, fars, fransız və rus dillərini mükəmməl bilən Nigar xanım Hüseyn Əfəndi qızı Qayıbova ilk azərbaycanlı şəfqət bacısı, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin ilk və son, türk, müsəlman, azərbaycanlı sədri olmuşdu. O, həm də Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik etmişdi. Müharibənin ağır aylarında Nigar xanımın başçılıq etdiyi xəstəxana “Şıxlinski xəstəxanası” kimi şöhrət tapıb məşhurlaşmışdı. 1914-cü ildə təsis olunan Qadın Xeyriyyə Cəmiyyətinin ilk sədri idi. Cümhuriyyət qurucularının sırasında yer alan Nigar xanım Hüseyn Əfəndi qızı – Qayıbova – Şıxlinskaya Milli Ordu quruculuğuna bilavasitə töhfələr verən tək və yeganə azərbaycanlı qadın kimi də tarixdə qalıb. 1917-ci il noyabrın 15-də Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradan, bununla Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü zamanı Əlahiddə Azərbaycan Korpusunun təməlini qoyan, Xalq Cümhuriyyəti Hökumətinin əmri ilə 1918-ci ilin dekabrında Hərbi Nazirlik qurularkən hərbi nazir general Səməd bəy Mehmandarovun müavini, əslində isə Baş ideoloqu kimi tarix yaradan tam artilleriya generalı Əliağa Şıxlinskinin bütün tapşırıqlarını yerinə yetirən Nigar xanım Şıxlinskaya general Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə təsis edilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə rəhbərlik etmişdir. Cəmiyyətin “Şəfqət xidməti”nin banisi kimi məsul vəzifəni üzərinə alan Nigar xanım cəmiyyətin xətti ilə çoxsaylı iclaslar, yığıncaqlar təşkil edir, dul qadınların, ailə himayəsindən məhrum olunan uşaqların müdafiəçisi kimi çıxış edir, bununla da, yüz il bundan öncə ölkənin ilk Ombudsman təsisatının- İnsan Hüquqları üzrə Müvəkkilliyin əsasını qoyur.
Nigar xanım Osmanlı əsgərlərinin müalicəsi üçün boyunbağını və gümüş kəmərini “Pasaj”da satdırdı
Soyu, soykökü, şəcərə dəftəri ilə Qayı boyuna, Oğuz Xaqan müqəddəsliyinə bağlı olan Nigar xanım hələ Birinci Dünya müharibəsi, Osmanlı-Rusiya müharibələri zamanı türklərin müdafiəçisi qismində çıxış etmiş, Çar Rusiyasının Osmanlıdan əsir gətirib Bakıda, Nargin adasında işgəncələr verib incitdiyi türk əsgərlərinin müdafiəsinə qalxmış, əsirlərlə müharibənin qanunları çərçivəsində davranılmasını tələb edən Həbib bəy Mahmudbəyovun yanında yer almışdır. Əsirlərin müayinə və müalicə məsələlərinə xüsusi həssaslıqla yanaşan Nigar xanım Tağıyevin, Murtuza Muxtarovun, Nəriman Nərimanovun, İsa bəy Aşurbəyovun, general Şıxlinskinin silahdaşına çevrilmişdir. Bir həkim kimi gərək olan bir çox cərrahi ləvazimatları almaq üçün Şıxlinskinin ona bağışladığı boyunbağını, atasından miras qalan gümüş kəməri belə “Pasaj”da satdırmaqdan çəkinməmişdir.
Publisistikanın ən gözəl örnəkləri onun adı ilə bağlıdır
Nigar xanım eynən general Şıxlinski kimi incə ruhlu şeirlər, kəsərli məqalələr yazırdı. Onun “Azərbaycan”, “Açıq söz”, “Dirilik”, “Yeni fikir”, “İqbal”, “İrşad”, “İşıq” qəzetlərində, “Şərq qadını” jurnalında dərc olunan məqalələri əsasən insan haqlarına, dul qadınların, himayədən məhrum olunan uşaqların problemlərinə, dil, ədəbiyyat və tarix məsələrinə həsr olunmuşdu. Dövrünün ilk müəllim və publisist -qadınları Şəfiqə xanım Əfəndizadə, Hənifə xanım Abayeva – Məlikova, Badisəba xanım Köçərli kimi millətin cəhalətdən qurtuluşu, Azərbaycan qadınının düşdüyü bataqlıqdan xilasını milli maarifçiliyin inkişafında görürdü. “Yeni fikir” qəzetində dərc olunan, ədəbiyyat, ədəbiyyatşünaslıq və dil məsələrini əhatə edən düşüncələri ilə tanış olduqca onun millət, məmləkət, yaddaş sevgisi ilə baş-başa qalırsan. Nigar xanım yazırdı: “Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözləri işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq Azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”.
Nigar xanım ruhu, duyğuları, sevgiləri ilə Azərbaycan, TURAN, türk dünyası olan dahilərin diyarındandı. Tiflisin elmi, mədəni mühitində yetişmişdi. General Şıxlinskiyə könül vermişdi. Qori Müəllimlər Seminariyasını Qazaxa köçürən Firudin bəy Köçərli bu torpaqların İbrahim ağa, Əliağa Şıxlinski kimi məğrur, müdrik şəxsiyyətlərinə söykənmişdi. “Bir millətin varını, dövlətini, sərvətini alarsan məhv olmaz, dilini əlindən alarsan tərk olub gedər” nidası ilə qələm çalmışdı.
Şıxlinski izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı
General Şıxlinski qüdrətli sərkərdə, peşəkar hərbçi idi. Bütün həyatını artilleriya generalı kimi səhralarda keçmişdi. İlk və son məhəbbəti də səhra ilə bağlı olmuşdu. Nigar xanım Şıxlinskaya Çar Rusiyası zamanı hərb tarixinə qədəm qoyan ilk türk, müsəlman, Azərbaycanlı qadın idi. General Şıxlinski ilə Nigar xanımın ilk tanışlığı sənəd üzərində olmuşdu. X Ordunun Komandanı general Əliağa Şıxlinski masasının üzərində yer alan tibbi arayışlarda Azərbaycanlı qadın imzasını görən zaman heyrətini ancaq, ona eşq elan etməklə dilə gətirmişdi. Qafqazın müftisi Hüseyn Əfəndi Qayıbov “Hərbçiyə qız verə bilmərəm” deyib. Şıxlinskinin elçilərinə “yox” cavabı verir. Bu arzuolunmaz, qərarında israrlı, qızının da könlündə taxt quran “Elçi”dən xilas üçün Nigar xanımı özündən 20 yaş böyük Ali Gildiyalı tacir, milliyətcə acar, dini mənsubiyyət baxımından müsəlman olan Dərviş bəy Məmmədbəy oğlu Palavandova ərə verir. İlk övladları dünyaya gələndən qısa müddət sonra Palavandov dünyasını dəyişir. Xəbər Şıxlinskiyə çatanda, o, Peterburqdan durub, ta Tiflisə qədər gəlir, bu dəfə elçiliyi özü edir. İstəyinə çatan Şıxlinski Nigar xanımın oğlunu himayəsinə almaqdan belə çəkinmir. Bu nigahdan onların övladları olmur. Şıxlinski 1909-cu il oktyabrın 27-də izdivaca gedəndə onun 44, Nigar xanımın 31 yaşı vardı. General Şıxlinskinin həyatını dəyişən, həyatına bahar çiçəyi, həm də bahar nəsimi kimi gələn Nigar xanım onu bivaxt tək edir. Oğlunun Türkiyədəki mühacirəti, üstəlik itkin xəbərinin gəlməsi, anası Səadət xanımın dünyasını dəyişməsi ona dərd olur.
Yarımçıq bəstənin son akkordları – Şıxlinskilərin əbədiyyət dastanı
1948-ci il noyabrın 28-də dünyaya vida nəğməsi oxuyan Üzeyir bəyin pianosunun üstündə bitməmiş bir əsərin partiturası qalıb. Üzeyir bəy general Şıxlinskinin ilk və son məhəbbətinə - Nigarına həsr etdiyi “Mənim” şeirinin iki bəndinə romans yazıbmış. Üzeyir bəy Şıxlinskilərlə birlikdə Əbədi İstiqlalın memarlarından olub, manifestini yaradanların sırasında yer almışdı. Cümhuriyyətin himnini yaratmışdı. “Leyli və Məcnun”a, “Sənsiz”ə, “Sevgili canan”a ruhundan qida vermişdi. “Artilleriyanın Allahı” “Koroğlu”nun diyarında doğulmuşdu. Nigarı ilə sənəgərlərə sipər olmuşdu. Ona “Səbri qərarımsan, türfə yarımsan, əcəb dildarımsan, namusum, arımsan, Nigarımsan” demişdi.
Onların övladları olmadı...
Hasan Paşanın qızı atasının etirazına baxmayaraq Qoç Koroğluya qoşulub Çənlibelə gəlmişdi. Nigar xanım müfti atasının “yox” cavabına rəğmən sərkərdə Şıxlinskiyə qoşulub səhralarda sultan olmuşdu. Onun Leylisinə, “Sevgili canan”ına dönmüşdü. Həm də, onu “Sənsiz”liyin oduna, atəşinə salmışdı. Əsl məhəbbətin hüdudları məlum olmayan sevginin də, bir şərəf, ləyaqət məsələsi olduğunu sübut etmişdi. Şıxlinski Çənlibelli Qoç Koroğlu kimi Qılıncı, Üzeyir bəy Qələmi, Nigar xanım Neştəri ilə tarix yaratdı. Dövlət qalan, qalan hər şey yalan deyən bu dahilər Əbədi Sevgini yaşadılar. Hasan Paşanın qızı qoç Koroğlunu, Məleykə xanım Terequlova Üzeyir bəyi, Nigar xanım Qayıbova general Şıxlinskini seçdi. Onların övladları olmadı. İlahi eşqlə bağlandıqları, övlad məhəbbəti ilə sevdikləri Vətənləri oldu – Odlar Yurdu Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
Bizim içimizdəki Qabil, hər gün bir az daha güclənir - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsan ilk dəfə daşını yerə atanda, o daş yalnız torpağa dəymirdi. O, həm də öz gələcəyinə, öz qəlbinə, öz qaranlıq təbiətinə toxunurdu. Neandertalın ovçuluq instinkti ilə başlayan vəhşilik, zamanla bir əfsanəyə çevrildi. Habil və Qabilin əfsanəsinə. Qardaşlıq, qırğın, qisas.. İnsanın ruhunda sanki başlanğıcından yazılmış bir cəhənnəm idi.
Təbiət, ədalətsiz, bəzən amansız, amma heç vaxt mühakimə etməyən bir varlıqdır. O, hər kəsə eyni günəşi, eyni yağışı, eyni nəfəsi verir. Amma insan... İnsan bu veriləni heç vaxt bərabər bölməyib. O, aldıqları ilə kifayətlənmədi, əlini uzadıb, daha çoxunu tələb etdi, daha çoxunu əzmək üçün. Təbiət sadəcə izləyirdi. Səbrlə, soyuqqanlılıqla, sanki insanın özünü məhv etməsini seyr edirdi. Bizim sivilizasiyamız, təkcə texnologiyadan, elm və kəşfdən ibarət deyil. O, həm də qətlin, xəyanətin, qardaş qırğının, müharibələrin, məhvin və illüziyanın tarixidir. Bizim içimizdəki Qabil, hər gün bir az daha güclənir. O, artıq fərdi bir insan deyil. O, ideologiyalarda, dövlətlərdə, qanunlarda və ya ən qorxunc halda, insanın öz vicdansızlığında təcəssüm tapır. İnsan ağlını alov kimi yandırdı, amma o alovun yanında öz vicdanını qoyub getdi. Kəşf etdikcə, güc qazandıqca daha çox zülm yaratdı. Elmi nailiyyətlər, texnoloji irəliləyişlər, bəşəriyyətin tarixində qara ləkələrə çevrildi. Tankların təkərləri, bombaların səsi, yoxsulluğun dərinləşməsi və təbiətin səssiz fəlakəti..
Biz özümüzü tanrı hesab etdik, amma tanrının səsindən çox uzaq düşdük. Biz özgə qardaşını öldürüb, öz ruhumuzu öldürməyi də öyrəndik. Qabilin qəzəbi ilə yaşadıq, Habilin səssizliyini unutduq. Azadlığı, yalnız bədənimizin sərbəstliyi ilə ölçdük, ruhun azadlığını isə həmişə gözardı etdik. Bu yazı dostum, insanın təkamülünün və tənəzzülünün, təbiətin ədalətsizliyinin və insan vicdanının yorğunluğunun hekayəsidir. Bu, insanın özü ilə, qardaşı ilə, təbiətlə və öz içindəki qaranlıqla üzləşməsi üçün yazılmış bir sükut çağırışıdır.
Dünya heç vaxt bərabər olmadı. Amma insan, ən böyük xəyanəti özündən başlayaraq etdi.
Təbiət səssizdir. Bu səssizlikdə mərhəmət də yox idi, qərəz də. Günəş hər səhər doğurdu. Ağac üçün də, qatillər üçün də. Külək meşədəki budağı sığallayırdı, elə həmin gün bir balaca uşağın qəbri üzərindən də keçirdi. Təbiət yalnız var idi, lakin heç vaxt bizimlə deyildi. Onu "ana" adlandırdıq, amma o heç vaxt övladlarına qayğıkeş olmadı. O, sadəcə öz qanunlarına sadiq qaldı. Kim güclüdürsə, o qalacaq, zəiflər isə səssizcə torpağa qarışacaq. Bu, onun üçün zülm deyildi. Bu, onun neytrallığı idi. İnsanlar isə bu neytrallığı ədalət sandı. Öz boşluqlarına uydurmalarla divar hördülər. Dedilər ki, təbiət hər şeyi bərabər paylayır. Amma eyni torpağın içində biri aclıqdan ölür, digəri artıq yeməkdən xəstələnirdi. Bu necə bərabərlikdir? Əgər doğrudan da hər şey bərabər verilibsə, o zaman niyə biri anadan silah səsi altında doğulur, digəri isə pianonun səsi ilə? Niyə biri qumda böyüyür, susuzluqla, zəhərli havayla, digəri isə yaşıl vadilərin qoynunda? Sual budur dostum. Təbiət bərabər veribsə, nəyi verib? Su? Biri dağın başında yaşadığı üçün içməyə su tapa bilmir. O biri hər gün maşın yuyur. Hava? Birisi maska ilə nəfəs alır, digəri səhər oyananda dağ havasını ciyərinə çəkir. Günəş? Onun altında yanan var, onunla çöldə çörəyini qızdıran da. Əgər bu bərabərlikdirsə, deməli sözlərin mənası itib. Bəlkə də təbiət heç vaxt "bərabərəm" demədi. Biz ondan bunu istədik, ona bunu yaraşdırdıq. Çünki insan düşüncəsi "tərəfsizliyi" anlaya bilmir. Biz ya düşmən istəyirik, ya da dost. Ya bizə verdiyinə minnətdarlıq edirik, ya da vermədiyinə nifrət. Amma təbiət bizə heç vaxt cavab vermədi. O bizi eşitmədi. Bu səssizliyə dözə bilməyən insan isə öz Tanrısını yaratdı, öz “ədalət”ini uydurdu və başqalarını həmin ədalətin altına basdırdı. İnsanın ən böyük fəlakəti budur. O, bərabər doğulduğuna inandırılıb, sonra həyatın onu yavaş-yavaş boğduğunu izləməyə məcbur edilib. O, əvvəlcə oynayır, sonra ona deyirlər ki, oyunun qaydaları var, amma bu qaydaları əvvəldən bilənlər uduzmurlar. Qalanlar isə oyuna sonradan gəlirlər və uçurumun kənarından başlamalı olurlar.
Məgər bu bərabərlikdir?
Əgər sən ac doğulmusansa, bu sənin günahın deyil. Amma sən tox doğulmusan və susursansa, bu sənin günahındır. Təbiət səssiz ola bilərdi. İnsan isə susmamalıydı. Amma insan əvvəl özünə yalan danışdı, "bu mənim haqqımdır", dedi. Halbuki o haqq doğulmayanların da idi. O torpaq, o su, o hava.. ilk nəfəsindən əvvəl bütün insanlığın ortaq mirası idi. Amma sən o nəfəsi alan kimi qapını bağladın. Qalanları çöldə qaldı.
İndi isə bax. Sən çöldəkiləri görmürsən. Sənin pəncərənin arxasında başqa bir dünya var. Şüşə təbiətin qərəzsizliyini əks etdirir amma sən ona baxanda yalnız öz işığını görürsən. Bəli, təbiət səni günahlandırmır. Amma o səni bağışlamır da. Çünki bağışlamaq üçün əvvəlcə eşitmək lazımdır. Təbiət isə səni eşitmir, çünki sən heç vaxt danışmadın. Bəlkə də elə bu səbəbdən insan özündə Tanrı oyunu oynamağa başladı. Çünki Tanrı olmaq, təbiətin səssizliyinə cavab vermək idi. Amma o cavab yaradıcı yox, məhv edici oldu. İnsan təbiətin yaratmadığı ədaləti qurmağa çalışdı və bu ədalət, bərabərlikdən doğulmadı, qorxudan doğuldu. Qorxan insan ya dua edir, ya öldürür. Və bu gün biz dua ilə başlayan, bombayla bitən bir sükutun içindəyik.
İnsanın təbiətlə olan münasibəti, tarix boyu bir paradokslar girdabıdır. O, təbiətdən aldığı hər şeyi haqqı hesab edib, amma heç vaxt ədalətli davranmayıb. İlk addımlarından etibarən, ovçuluq instinkti ilə vəhşilik bir-birinə qarışdı, vicdanın zəif işığı isə tez-tez qaranlıqda itdi. Neandertalın ov zərurətində gizlənən o ilk vəhşilik, insanın içində doğan qardaşlıq və qardaş qırğının başlanğıcı idi. Bu ilkin dövr, insanın öz təbiətini, öz qəlbini anlamağa çalışdığı, amma hələ çox uzaq olduğu zaman idi. İlk insan ovladı təbiətlə dost deyildi. O, qorxurdu. Dağdan gurultu düşəndə gizlənirdi. Səmanın qaranlığı onu udmaqla hədələyirdi. Şimşək çaxanda diz çökürdü. Çünki hələ dua nədir bilmirdi, sadəcə lənəti gözləyirdi. Onun üçün dünya ya təhlükə idi, ya da yem. O, sevməyi öyrənməmişdi, yalnız sağ qalmağı instinkt halında daşıyırdı. Neandertal ovladı. İlk daşını götürəndə bu, müdafiə üçün idi. Amma sonra bu daş hücum oldu. Çünki insan aclıqdan çox həmləni öyrəndi. Əvvəlcə heyvan ovladı. Zərurət idi. Amma bu zərurət zamanla hakimiyyət zövqünə çevrildi. Güclü olan yaşadı, zəif olduğu üçün ölən isə təkcə heyvan deyildi. Artıq digər insanlar da "qida zəncirinə" daxil idi. Neandertal dövrü bitmədi, sadəcə kostyum geyindi. Əvvəlcə heyvanların gözləri qorxu ilə böyüyürdü, sonra insanın. Çünki insan gördü ki, təbiət onu sevmir. O, yağışa paltar tikmək məcburiyyətində qaldı. Soyuğa atəş tapmalı oldu. Təbiətlə dostlaşmaq mümkün deyildi. Onu aşmaq lazım idi. İnsan qisas aldı, ağlı ilə. O düşündü və düşündükcə daha qəddar oldu. Vəhşilik artıq instinkt deyildi, şüurlu seçim oldu.Əgər biz neandertal atamızın gözlərinə baxa bilsəydik, orada qorxu görərdik. O hələ öldürməkdən zövq almırdı. O, sadəcə yaşamaq istəyirdi. Amma müasir insan.. o öldürür, çünki yaşamaqla kifayətlənmir. İdarə etmək, mülkləşdirmək, boyun əydirmək istəyir. Təbiət isə bütün bu şıltaqlıqların içində sakit durdu. Günəş eyni doğdu, çay eyni axdı. Amma artıq o çaylar torpaqla yox, qanla qarışmağa başlamışdı. Hər şey ilk daşla başlamışdı. Bir ov aləti, bir qorunma vasitəsi.. Sonra o daş beyin qırdı. İnsanın isə beyni böyüdükcə, vicdanı kiçildi...
Və nəhayət, müasir sivilizasiyanın yəni, neandertaldan sonraki o səhnəyə qayıdaq. İki qardaş. Habil və Qabil. Heç bir imperiyanın olmadığı bir dövrdə, dinlərin, bayraqların, sərhədlərin, dövlətlərin hələ doğulmadığı, torpaq anlayışının belə mənasız olduğu o ilk insan dövründə bir insan başqa birini öldürdü. Yalnız paxıllıqdan, yanan bir qürurdan, tanınmaq istəyindən. O cinayət insanlığın ilk günahı deyildi. O, insanlığın ilk qərarı idi. Və o gündən bu günə qədər dəyişən təkcə alətlər oldu. Daşdan qılınca, qılıncdan tüfəngə, tüfəngdən raketə. Amma insanın əli həmişə titrəyirdi. Əvvəl qardaşını, sonra xalqları, sonra planetin özünü qurban kəsmək üçün. Qabildən bu yana nə qan azaldı, nə də cəza yaxşılaşdırdı. Qabil bir dəfə öldürdü, biz isə hər gün bir-birimizi təkrar öldürürük.
"Qabildən bu tərəfə heç bir cəza dünyanı yaxşılaşdırmadı". Heç bir qanun Habili diriltmədi. Heç bir məhkəmə o günahın təkrarını dayandıra bilmədi. Sadəcə ölüm modernləşdi, qəddarlıq hüquqla örtüldü, ədalət anlayışı ilə izah edildi. Amma içindəki Qabil heç vaxt susmadı. Əslində, insan öz içində Qabili gömdüyünü düşünür, amma əlləri hələ də torpaq içindədir. Və o torpaq, təbiətin deyil, özümüzün qazdığımız bir qəbirdir. Sonra bir gün, torpağın üstündə iki qardaş dayandı. Biri qurban verdi, biri qatil oldu. Habil və Qabil. O gündən sonra neandertal öldürməyi unutdu, amma Qabil yadda qaldı. Heç bir qanun, ilk qardaş qatilliyinin travmasını sağalda bilmədi. Heç bir ədalət sistemi, o ilk cinayətin mirasını yerdən qaldıra bilmədi. İnsan bir dəfə ölümə əl atdı və əlini oradan çəkmədi. Bu sözlər, təkamülün deyil, tənəzzülün tarixidir. Təbiət heç vaxt adil olmadı. Amma insan, ədaləti imitasiyaya çevirərək ondan daha da pis oldu. Amma bu yalnız bir başlanğıcdır. Ovçuluq instinktiylə bərabər insan ağlının oyanışı da öz yerini tutdu. İndi gəl düşünək dostum, bu zəka necə kəşfə çevrildi, amma kəşf edildikcə insanın öz vicdanını necə itirdiyini anlayaq. Çünki insanın ağlı, bəzən ən böyük düşməni olur, öz özünü məhv etməyə başlayanda. İnsan ağlını öydü. Onu özünün ən böyük silahı, Tanrının içimizə üfürdüyü nəfəs kimi ucaltdı. Amma həmin o ağıl, daha çox yaratmaq üçün deyil, qurban vermək üçün işlədi. İlk dəfə alovu tapanda, barmaqları yanmışdı. Amma sonra başqalarının barmağını yandırmağa başladı. Kəşfin tərifi dəyişdi. Artıq "tapmaq"yox, "üstün olmaq"idi missiya.. Sual vermək yox, cavabı ələ keçirmək idi. İnsan su içmək üçün quyu qazmadı. O quyu digərini itələmək üçün dərinləşdirildi. Ağıl, ilk dövrdə həyatda qalmaq üçün idi. Amma sonra qurtulmaq üçün deyil, əzmək üçün işə düşdü. Kəşf etdikcə, məsafələri qısaltdı, amma insanlar arasındakı məsafə daha da uzandı. Gəmi düzəltdi, dənizləri keçmək üçün. Sonra o gəmini qul daşımaq üçün istifadə etdi. Yazı icad etdi, bilik yaymaq üçün. Amma sonra yazdıqları ilə başqalarının dillərini susdurdu. İnsan torpağın altına girdikcə, göylərə çıxmaq istədi. Yerin cazibəsi onu sıxanda, öz cazibəsi ilə pul, şöhrət, güc yaratdı. Elə bir cazibə ki, insanların bir-birini orbitinə alaraq boğduğu bir sistemin başlanğıcı oldu. Elm inkişaf etdi, amma insan əxlaqi cəhətdən daş dövründə qaldı. O atomun bölünməsini kəşf etdi həyatın sirrini anlamaq üçün deyildi bu. O atomu parçalayaraq şəhərlər yandırdı. Həmin şəhərlərdə körpə gözləri partladı, dərilər əridi, divarlar ağladı. Amma insan həmin o atom bombasının maketini muzeyə qoyub "irəliləyiş" adlandırdı.
Bəs, səncə, zəka nə vaxt zəhərə çevrildi?
O an ki, insan ağlıyla tək qalanda vicdanı otaqdan çıxdı. O an ki, kəşf etdiyi hər yeni alət insan üzərində nəzarətə, insanın nəzarətdə saxlanmasına, daha böyük müharibələrə, daha incə zülmlərə xidmət etməyə başladı. Zəka yalnız bir vasitədir dostum, bıçaq kimi. Amma insan bıçağı yaraları dağlamaq üçün deyil, yaralar açmaq üçün itilədi. İndi telefonlarımız var, amma bir-birimizin səsini eşitmirik. Əlaqələr sürətlidir, amma qəlblər ləngdir. Tibb inkişaf edib, amma xəstənin dərdi yox, ödəmə üsulu soruşulur. Uçuruq, amma nə üçün getdiyimizi bilmirik. Bu ağıl, insanı Tanrı etmədi. O, insanı iblisə daha yaxın etdi. Çünki iblis də bir zamanlar mələk idi. Amma özünü üstün sandı. İnsanın da faciəsi buradadır. O öz ağlını bir dəfə Tanrının əli sananda, artıq heç bir ilahi xəbərdarlıq çatmır ona. Əslində insan kosmosa raket göndərməklə Tanrıya "bax, mən də sənin yaratdıqlarının arasındayam"demək istədi. Amma unutdu ki, Tanrı göyə baxanları yox, yerdə ədalət axtaranları dinləyir. İnsan ağlının kəşfi həm yaradıcı, həm də dağıdıcı oldu. O, yeni yollar açdı, amma həmin yollar çox vaxt qanla sulandı. Kəşfin ardından gəldi ən dəhşətli mərhələ. Müharibə…
Müharibə, sadəcə siyasi alət deyil, insan vicdanının çöküşü, qardaşlığın əzilməsidir. İndi müharibənin arxasında duran Qabil qəzəbini araşdıraq və nə üçün insanın özündən başqa düşməni olmadığını görək. Tarix kitabları müharibəni izah edir. Səbəblərlə, nəticələrlə, ittifaqlarla, müqavilələrlə. Amma müharibənin içində doğulan bir uşaq üçün səbəb yoxdur. O, bir səhər raket səsi ilə oyanar və bu onun ilk melodiyası olar. O, ölü analar görər və bu onun ilk şəkilləridir. O, təkcə öyrənmək istər, amma məktəb yeri bomba çuxurudur. Müharibə sadəcə güllə səsi deyil. Müharibə, insanın öz içindəki Qabili dövlətə çevirməsidir. Yəni, bir nəfərin qardaşını öldürməsi artıq fərdi cinayət deyil. Bu, ideologiya, millətçilik, müqəddəslik pərdəsi altında bütün insanlara şamil edilən sistemli bir ölümə çevrilir. Heç bir müharibə "sülh" üçün başlamadı. Bu bir mifdir. Əslində, hər müharibə, əvvəlcədən bağışlanmağa hazır olan bir günahdır. Və ən qorxunc tərəfi odur ki, bu günahı edənlər özlərini haqlı hesab edirlər. Çünki artıq Qabil yalnız bir qardaş deyil. O, prezidentdir, komandanlıqdır, doktrinadır, müqəddəs kitabdan seçilmiş bir ayədir. İnsan öz zülmünü haqlı çıxarmaq üçün həmişə "böyük ideallar" icad edib. Vətən, ərazi bütövlüyü, millət, din, ləyaqət.. Bəs bu ideallar üçün ölənlər kimdir? Cəbhəyə göndərilənlər? Əsgər formasına salınmış yoxsullar. Qərarları verənlər isə arxada, otaqlarında, qəhvə fincanı ilə danışanlardır. Qabil ölmür dostum. Qabil danışıqlar aparır.
Müharibə insanın ruhuna işləyən bir virusdur. O, sadəcə evləri yıxmır dəyərləri də yandırır. Qardaş qardaşa silah tutduğu andan etibarən vicdanla tarix arasında bir uçurum açılır. Sonra tarix qalibin qələmi ilə yazılır amma vicdan itirilənlərin səssiz ağrısında qalır. İnsanlar ölür, amma tarix yazılmağa davam edir. Bu necə ola bilər? Çünki insan hələ də öyrənməyib ki, öldürmək, heç bir ideyanı ucaltmır, yalnız insanı alçaldır. Biz Qabili həbs etmədik. Biz ona bayraq verdik. Biz onu general etdik. Biz onu "qəhrəman" adlandırdıq. Bir neçə cəsədin üstündən keçmək kifayət etdi ki, birinə heykəl qoyulsun. Bəs o cəsədlərin kim olduğu soruşulanda, cavab gəlmədi. Tarix onları "itki" adlandırdı. Amma onlar canlıydılar axı. Sevdikləri, gözləyənləri, qorxuları, arzuları olan, qısaca insan idilər. Bax, müharibə bunu yox edir. İnsanı insan olmaqdan çıxarır. Onu ya "əsgər", ya "düşmən", ya "itki", ya "qəhrəman" adlandırır. Adlar dəyişir, amma ölüm dəyişmir.
Bəs biz bu qədər ölümün içində yaşamağı necə qəbul etdik? Çünki biz ölümü romantikləşdirdik. Onu "şərəfli ölüm" adlandırdıq. Amma heç bir ana oğlunun qəbrinin üstündə "şərəf"axtarmır. O sadəcə səs axtarır. Oğlunun son dəfə dediyi "ana" sözünü. Və bu səs, müharibələrin gurultusunda həmişə itib. Əgər Qabil bir nəfər idisə, biz indi Qabilin ordusuyuq. Və ən dəhşətlisi odur ki, bu orduda iştirak etmək üçün razılıq verməyə belə ehtiyac yoxdur, doğulmağın yetər.
Müharibənin qanlı səhnələrində insan özünü tanrı kimi gördü, öz hökmünü icra etdi. Amma bu hökm bərabərlik yox, yalançı ədalət yaratdı. İndi sivilizasiyanın növbəti böyük oyunu baş verir, insanların özünü Tanrı kimi təyin etməsi. Bu illüziya, əslində, insan ruhunun ən dərin yarasını yaradır. İnsan özünü Tanrı etdi, ən böyük kəşfi də elə bu oldu. Təbiətin bərabərsizliklərini tanıdı, amma bunun üstündən gəlib öz ədalətini yaratdı. Bu ədalət bərabərliklə yox, seçməklə, üstünlük verməklə, haqları əzməklə formalaşdı. "Bərabərlik" dedikdə, artıq biz yalnız sözə baxırıq. Onun içi boşalıb, əvəzinə "haqsızlıq" gəlib yerləşib. İnsanlar bərabər hüquqlar istəyir, amma eyni anda "öz mənfəətimə görə başqalarının haqqını məhdudlaşdırmaq" hüququnu da müdafiə edir. Tanrı yer üzündə yoxdur, amma insanlar Tanrıların, sistemlərin, qanunların, dövlətlərin içində dolaşırlar. Və hər biri özünü o Tanrının yerinə qoyur. O Tanrı ki, hökm edir, bölür, mühakimə edir. Amma bu hökm ədalət deyil, sadəcə insanın özünü haqlı çıxarma üsuludur. Hər bir ideologiya, hər bir din, hər bir qanun öz daxilində gizli olaraq bərabərsizliyi təsdiqləyir. Çünki insan hər dəfə özünü ucaltdıqca, başqa birini aşağı salır. İnsan bərabər doğulmadı bərabərlik, bir mifi yaşatmaq üçün yaradılan yalançı bir qalxandır. Bu yalançı bərabərlik, zəncirli qapı kimidir. Hər kəs onun içindən keçməyə çalışır, amma heç kim qapının ölçüsünü dəyişdirə bilmir. Çünki qapını açan əllər artıq seçilib, onlara "güc" və "əlavə haqlar" verilib.
Hər dəfə bərabərlik tələb edənlərə "sistem belədir" deyilir. Amma bu sistem, insan ağlının zirvəsi deyil, insanın qəlbindəki qorxunun ən dərin əks-sədasıdır. Sən haqlı olsan belə, bərabər olmaq üçün başqasının haqqından keçmək məcburiyyətindəsən. Bu ziddiyyətə necə dözmək olar? Bunun cavabı yoxdu. Çünki insan özü özünü məhkum etdi. İnsan Tanrı deyil, yalnız öz yaratdığı Tanrısının qulu oldu. İnsan özünü haqlı çıxarmaq üçün bərabərsizliyə dözür, amma daha da dərinə gedir. Texnologiya və elm vasitəsilə dünyanı kəşf edir, amma ruhunu itirir. İrəliləyiş və inkişafın paradoksunu görmədən, biz yalnız xarici dünyamızı dəyişdirməyə çalışırıq, amma daxilimizi korlayırıq.
İnsan kəşf etdikcə sevindi. Sürəti artırdı, məsafələri qısaldırdı, hər şeyi daha tez əldə edirdi. O elə bilirdi ki, bu inkişafdır. Amma bu inkişafın ünvanı yox idi, məqsədi yox idi. İnsan daha tez getməyə başladı amma hara? Heç kim bilmirdi. İnsanın ilk kəşfi oddur. Yaşamı qorumaq üçün alov tapdı. Sonra həmin alovu daha çox şeyi yandırmaq üçün böyütdü. Texnologiya belə başladı, bir ehtiyacın qana çevrilməsi ilə. Daha sonra dəmir tapdı. Onu baltaya, sonra qılınca, sonra toplara, sonra tanklara çevirdi. İnsan nə qədər ağıllandısa, öldürmək üsulları da bir o qədər incə və effektiv oldu. Bu, irəliləyiş deyil. Bu, tənəzzülün zərgərlik işçiliyidir. İndi insan Marsa raket göndərə bilir, amma ehtiyac içində yaşayan milyardlarla insanın qarnını doyura bilmir. O, atomu parçalayıb enerjiyə çevirə bilir, amma öz içindəki nifrəti idarə edə bilmir. Bu necə irəliləyişdir? Elm inkişaf etdi, amma insan ruhu geri getdi. Həkim texnologiya ilə orqan dəyişə bilir, amma mərhəmət hissini transplantasiya edə bilmir. Müəllim robotik metodlarla dərs deyir, amma şagirdin ürəyindəki boşluğu doldura bilmir. Texnika çoxalıb, amma mənəviyyat yoxa çıxıb. Bizi bu qədər "inkişaf" içində narahat edən bir sual var. Niyə hələ də insanlar xoşbəxt deyil? Cavab sadədir. Çünki kəşflər xaricə yönəldi, daxilə yox. Biz kosmosu öyrəndik, amma öz ruhumuzu oxuya bilmədik. Biz dənizlərin dibini ölçdük, amma insan qəlbinin dərinliyinə enmədik. İnsan həmişə "inkişaf" deyir, amma bu inkişaf çox zaman tükənmənin başqa adıdır. Meşələri texnoparklara çevirdik. Axar çayları beton kanallara saldıq. Gözəlliyi ölçdük, səssizliyi sındırdıq, sadəliyi dəyərsiz sandıq. Biz "mədəniyyət" qurduq, amma bu mədəniyyət təbiətin məzarı üzərində inşa olundu. Kəşf elə bir yerdə dayandı ki, indi insan istədiyi hər şeyi ala bilir, amma heç nəyə heyran qala bilmir. Çünki artıq hər şey alınır, satılır, tükənir.
Və bəlkə də ən kədərli paradoks budur. İnsan nə qədər irəlilədi, bir o qədər özündən uzaq düşdü. Bu söhbətin sonu dostum, artıq bizi bir nöqtəyə gətirir. Məntiq tükəndi, ruh susdu, amma səs-küy daha da artdı.
İnkşafın bu məntiqsiz sürəti, təbiətin səbrini sınayır. Amma təbiət səbr edər, unutmaz. Artıq insanın məhv etdiyi yalnız torpaq, su və hava deyil, eyni zamanda öz varlığıdır. Təbiətin qəzəbi susqun olsa da, cavabsız qalmayacaq. Təbiət heç vaxt qışqırmadı. O, yalvarmadı, şikayət etmədi, qəzəblənmədi. İnsan onun damarlarını kəsdi, ağaclarını biçdi, çaylarını çirkləndirdi, dağlarını oydu, havasını zəhərlə doldurdu, amma o sadəcə baxdı. Baxmaq, bəzən ən ağır qisas formasıdır. Çünki təbiət tələsmir. O, səbr edir. Səbrin arxasında isə unutmayan bir yaddaş yatır. İnsan zənn etdi ki, o qalibdir. Qızıl yataqlarını tapdı, nefti çıxardı, torpağı mülklərə böldü. Hər şeyi adlandırdı, ölçdü, dəyərə çevirdi. Amma unuttuğu bir şey varki, təbiət öz adını heç vaxt dəyişməz. O, hələ də ağacdır, su, torpaq, daş və küləkdir. İnsan isə artıq "sahib"dir, "fəaliyyət göstərən tərəf"dir, "geosiyasi maraqlar faktoru"dur. Bu fərq, ölümün yavaş addımlarla gəldiyi yerdir. Təbiət cavab vermir, o göndərir. Zəlzələ gəlir və insanın tikdiyi göydələnlər qum qala kimi dağılır. Sel gəlir və müasir texnologiyalar tualetə dönür. Bir virus yayılır və bütün sivilizasiya evində əsir olur. İnsan bu acizlik anlarında dua etməyə başlayır. Amma bu dualar artıq səmaya yox, qorxunun içinə ünvanlanır. Təbiət isə yenə cavab vermir. Çünki artıq eşitmir. O, çoxdan eşitməkdən vaz keçib. O, indi öz axarına qayıtmaq istəyir. O axar ki, bizim yollarımızla üst-üstə düşmür. O axar ki, necə boğulacağımızı özü seçir. İnsan unudur, təbiət isə qeydə alır. Hər kəsdirdiyimiz ağac bir nəfəs az, hər qurudulmuş göl bir ruhun susuz qalması, hər ölü heyvan, qatilin izidir. Və bir gün, biz səssizliyə düşəcəyik. İnsanlıq bütün texnologiyası ilə birlikdə susacaq. Çünki sonda, qışqıranlar yox, səbr edənlər qalır. Təbiətin qisası yavaş-yavaş özünü göstərir və insanlıq yeni reallıqla üz-üzə qalır. Amma bəlkə də hələ gec deyil. Əsl azadlıq, bəlkə də qapıları bağlayan sistemlərdən yox, insanın öz içində tapdığı sükutdan başlayır. İndi azadlığın nə olduğunu, və insan ruhunu necə xilas edə biləcəyini düşünək. İnsan özünü tanrının yerinə qoydu. Qanunlar yazdı, sərhədlər çəkdi, ideologiyalar qurdu. Amma azadlıq, bu sistemlərin heç birində yox idi. Azadlıq, bu zəncirlərin kəsildiyi andır. Azadlıq, ürəyin susduğu, ağlın sakitləşdiyi, ruhun danışdığı andır. Biz əsirlərik, tarixin, ağlın, bədənin. Amma bəlkə də azadlıq, əslində, heç vaxt bədənlə, dövlətlə, qanunla ölçülməyib. Azadlıq, öz içimizdə gizlənən o sükutdur, bir anda eşidilən həqiqət və ya susqunluqla gələn qurtuluş. Əgər insan bunu tapa bilsə, öz içindəki Qabili susdursa, öz təbiətini qucaqlayıb və özünü təbiətin sadəcə kiçik bir parçası kimi qəbul etsə, o zaman bəlkə də, bu qarışıq dünyada bir az işıq, bir az ədalət və ən əsası, bir az da ümid olar.
İnsan təbiətdən heç nə almayıb. O, onu zorla, qanla, aldatmaqla, əlindəki daşla, kəşfləriylə oğurlayıb. Təbiət heç vaxt ədalət verməyib. O, sadəcə var olub, sənin və mənim kimi səbrlə, soyuqqanlılıqla, heç bir bağışlama gözləmir. Amma biz… biz öz içimizdəki Qabili dirçəltmişik, hər gün o qardaşı öldürməkdən yorulmamışıq. Bu qatil nəinki qardaşını, bəlkə də öz ruhunu da öldürüb. Bəli, insan inkişaf edib. Amma bu inkişaf, daha çox zəhər kimi, damarlarımızda dolaşır. Texnologiya, elm, müharibə, fəlakət hamısı bir-birinin davamı, özünü təkrarlayan, daha dərin uçurumlara aparan səhnələrdir. Biz bəlkə də sonsuzluğa tərəf addımlayırıq, amma yalnız öz məhvinə. Bu dünyada bərabərlik yalanıdır, azadlıq isə bir illuziya. Biz hər zaman özümüzdən kiçik olanları əzərək, üstünlük uğrunda qan tökərək yaşamağa məhkumuq. Bu, bizim təbiətimizdir. Habilin qurbanlığından yox, Qabilin qəzəbindən doğan təbiət. Ancaq təbiət səbr edir, səbr edir, səbr edir... və bir gün, bu səbrin qırılması anı gələcək. O zaman hər şey çürüyəcək, dağılacaq, insan isə ən son səssizliyə məhkum olacaq, sanki heç olmamış kimi. İndi isə hər kəs özü ilə sual verməlidir. Bu zəhərlənmiş mirasın davamçısı olmaq istəyirəmmi? Yoxsa o qatil əli öz içimdə qırmaq gücünü tapmalıyam? Çünki həqiqət budur. İnsan nə qədər inkişaf edirsə, o qədər də öz içindəki qaranlığı ucaldır. Bu ucalma, insanın özü ilə barışması deyil, əksinə, içindəki Qabili qəzəbləndirməkdir. Sonda isə qalan yalnız bir səssizlik olacaq. Həmin səssizlik ki, onu ya insan qulaqardına vuracaq, ya da qulaq asıb özü ilə üzləşəcək.
İnsanlıq uzun yol keçdi. Daşdan alova, qandan qanada, qanaddan qandaladək. Bu yol, bəzən qardaşın qardaşı öldürdüyü, sülhün yalan olduğu, ədalətin isə yalnız şübhə ilə deyilə bildiyi bir cəhənnəmə çevrildi. Biz öz içimizdəki Qabilin səssiz qəzəbiyik, təbiətin amansız qisasını gözləyən titrək səssizlik. Biz, həm də bu qaranlıq içində yanıb sönən, amma heç vaxt tam sönməyən bir şamıq, bəlkə də sonuncu şam. Bu şam nə yandırmaq üçün, nə də soyumaq üçün var. O, sadəcə var olmaq üçün yanır. O şamın işığı, insanın öz ruhunda hələ də qalan azadlıq istəyidir, həqiqəti axtarmaq, barışmaq, bağışlamaq, bəlkə də özünü bir daha kəşf etmək. İnsanlıq ya bu şamı söndürəcək, ya da onun işığında yeni bir səhifə açacaq. Amma unutmaq olmaz, qaranlıq çox güclüdür, səssizlik isə ən ağır cəza. Bu məqalənin sonunda sənə buraxdığım sual budur dostum:
Biz o şamı qorumağı bacaracağıq, yoxsa qaranlıq bizi tamamilə udacaq?
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)
İbrahim İlyaslının ”Necəsən” şeiri və İlhamə Məhəmmədqızı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam dəyərli izləyicilərimiz, bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı əməkdaşımız AJB və AYB- nin üzvü İlhamə Məhəmmədqızıdır.
-- Xoş gördük, əziz İlhamə xanım, buyurun söz Sizindir.
-- Salam Ülviyyə xanım, bu gözəl rubrikanızda Sizi xoş gördük.Mən rubrikanıza sevimli şairimiz İbrahim İlyaslının " Necəsən?" şeirini təqdim edirəm.
İBRAHİM İLYASLI
NECƏSƏN?
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
Sədaqətli sevginin səsi- İbrahim İlyaslının “Necəsən?” şeiri ayrılığın iztirablarını, bitməyən məhəbbətin təsirini və sevən bir insanın qəlbindəki əbədi sualı poetik dillə təqdim edir. Bu əsəri seçməyimin əsas səbəbi, onun həm bədii dəyərinin yüksək olması, həm də dərin emosional təsir gücüdür.
Şeirin mərkəzində ayrılıq var – lakin bu ayrılıq qəzəbdən, küskünlükdən yox, sədaqətdən doğan həsrətlə müşayiət olunur. Sevilən insan artıq başqasına qismət olub, lakin bu, şairin onu unutmasına səbəb olmur. Əksinə, o, hələ də “necəsən?” deyə soruşur, halını bilmək istəyir. Bu təkrarlanan sual əsərin ritmini müəyyənləşdirir və onun lirikasına səmimi bir ahəng qatır. Hər bəndin sonunda təkrarlanan “necəsən?” kəlməsi təkcə sual deyil – bu, həm sevginin izharı, həm də ümidsizliyin astanasında dayanan ümidin səsi kimi səslənir.
İbrahim İlyaslı xalq poeziyasına yaxın bir üslubdan istifadə edərək sevdiyi qadını təbiətin gözəlliklərinə, qiymətli daş-qaşlara, nadir nemətlərə bənzədir: “Çəmənim, çölüm, çiçəyim, pətəyim, balım”, “Zər-zibam, ləlim, gövhərim”. Bu təşbehlər sevginin dərinliyini, sevilənin dəyərini vurğulayır. Eyni zamanda, şairin ürəyində sevgi ilə inciklik bir araya gəlir: “İbrahimin sitəmkarı, necəsən, zalım, necəsən?” – deyə sevgi ilə qınayır, amma yenə də onu unuda bilmir.
Şeirdəki hisslər çox təbii, çox insani təqdim olunur. Məhz bu təbii səmimiyyətə görə mən bu şeiri seçdim. Oxucu olaraq özümü bu sualların qarşısında tapıram. Bəlkə də hər kəsin ürəyində belə bir “necəsən?” deyə soruşduğu kimsə var. Bu ümumiləşdirmə onu həm şəxsi, həm də ümuminsani bir səviyyəyə yüksəldir.
İbrahim İlyaslının “Necəsən?” şeiri sevgini təmtəraqlı sözlərlə deyil, sadə, lakin güclü ifadələrlə təqdim edir. Elə bu sadəlik də onun gücüdür. Bu şeir bizə xatırladır ki, bəzən bir sual belə bir ömürlük məhəbbəti içində daşıya bilər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)