Kinorejissor, Əməkdar incəsənət xadimi… Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət

  

Onun üçün azad yaşamaqdan qiymətli heç nə yoxdur. Elə buna görə də müstəqil olmaqdan ötrü, bütün ömrü boyu əlindən gələni edir. Təzyiqə və şiddətə dözümsüzdür. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Təhsilə böyük əhəmiyyət verir, öxuyub öyrənməkdən yorulmur. Emosional tərəfi çox güclüdür, amma heç zaman öz üzərində nəzarəti itirmir. Adət-ənənələrə bağlı adam kimi görünsə də, onun öz qaydaları var...

 

Müsahibələrindən birində deyir ki: “Bir tanışım var göyərçin saxlayır. Çox maraqlı və bu işin peşəkarı olan adamdır. Mən də peşəkar insanları sevirəm. Su satsın, amma işinin peşəkarı olsun. Bir dəfə onunla söhbət edirdim. Mənə dedi ki, göyərçinlər hava qatının müəyyən bir hissəsinə çatıb oradakı çəkisizliyi bir dəfə hiss edəndən sonra həmişə oranın kefi, həvəsiylə yaşayırlar ki, bir də nə zamansa həmin sahəyə qalxsınlar. O elə deyəndə, mən sufiləri daha yaxşı başa düşdüm. Sufilər də o uçuşu, eşqi görəndən sonra geri qayıtmaq istəmirdilər...”

 

Bildinizmi söhbət kimdən gedir? Kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğludan. O 1966-cı ilin iyul ayının 11-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətlə birlikdə 1983-cü ildən 1990-cı ilədək indiki Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rejissorluq fakültəsində ali təhsilə yiyələnib. 1989-1990-cı illərdə Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb. 1990-cı ildən iki il Azərbaycan kinostudiyasında, 1992-1994-cü ilərdə isə Akademstudiyada çalışıb. 1994-2004-cü illərdə "Azərbaycantelefilm" YB-də işləyib. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur. Ərsəyə gətirdiyi filmlər bir sıra beynəlxalq fesyivalların mükafatına layiq görülüb...

 

“Tarkovskinin bir sözü var, deyir, insan içindəki uşağı diri saxlamağı bacarmalıdır. Vay o gündən ki, o uşaq ölsün. Onda insan da qocalır, ölür. Bəzən yaradıcı ölüm fiziki ölümdən tez baş verir. Yaradıcı insan öz qəlbini, düşüncəsini təmiz saxlamağı bacarmalıdır. Bizdə kino sahəsində elə adamlar var ki, mən onların hərəkətlərindən dəhşətə gəlirəm. Amma kinoya başlayan gənclərə deyirəm ki, siz pis olan fikri yaxına buraxmayın. Çünki enerjinin itməməsi qanunu var. İnsan həmişə yaxşı tərəfi düşünməlidir. Yaxşıya yaxşı demək çox rahatdır. Əsas məsələ pisə qarşı münasibətdir. Mənim də bəzən hövsələsizliklərim olub. Ancaq mən gəncləri çox istəyirəm. Bu xasiyyət mənə atamdan keçib. Onun tələbələri ilə davranışını görmüşəm, ondan öyrənmişəm. Düzdür, anam da xeyirxah insan idi. Ondan da çox şeylər mənimsəmişəm. Anamın adı çəkiləndə, həmişə kədərlənirəm. Allah ona rəhmət eləsin. İnsan həyatında genetikanın rolu çox vacibdir.”- söyləyir.

 

Təvazökardır, lovğalıqdan, eləcə də təkəbbürdən uzaqdır. Əzmkar, iradəli və çalışqandır. Əgər qarşı tərəfə çox güvənmirsə, işini həmin adama heç zman tapşırmır. Onda rəqabət ruhu çox inkişaf edib, insanlarla yarışmağı xoşlayır, amma kin saxlamır və heç kimdən intiqam almır. Yalanı sevmir, alnının təri ilə pul qazanır. Kifayət qədər dürüstdür. Müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir...

 

Deyir ki:- “Mən çox ölkələrdə olmuşam. İnanın mənə, bir çox yerlərdə adamlar çox təmizdirlər. Oskarlı aktyorlardan, lap elə Leonardo Di Kapriodan gedib kömək istəsən, qarşına düşüb sənə köməklik edər. Düşünməz ki, mən Oskarlı aktyoram. Yəni təkəbbür hissi yoxdur. Bizdə isə sanki adamların başına yeridiblər ki, özündən sonra gələn cavanı vur ki, gəlib sənin yerini tutmasın. İnsanlar çox laqeyidləşib.  Adını çəkmək istəmirəm. Dünyasını dəyişib. Yəni paxıllıq edənlər də çox olub. Mən özüm də təəccüblənirəm ki, adamlar bir-birlərindən nə istəyirlər? Adamlar var ki, səndən, məndən və digərindən çox istedadıdır. Amma dünya dağılsa da, o, mənim çəkdiyimi çəkə bilməyəcək. Nə də mən onun çəkdiyini çəkə bilmərəm. Çünki biz ağlımız, ruhumuz, rəngimiz, keçmiş həyatımızla bir-birimizdən fərqləndiyimiz kimi, gördüyümüz işlərələ, çəkdiyimiz filmlərlə də fərqlənirik. Ola bilər ki, mən kimdənsə maraqlı düşünüm. Amma bu o demək deyil ki, qarşıdakı adam mənim başımı kəsməlidir. Sən başqası kimi yaza, film çəkə bilmirsənsə, onu öldürməlisən?..”

 

Cəmiyyət tərəfindən xoş qarşılanan həyat tərzinə üstünlük verir. Əgər onun duyğularına xitab etsəniz onunla asanlıqla dost ola bilərsiniz. İctimai həyata böyük əhəmiyyət verir. Gözəl geyim zövqü var, özünə yaraşanı necə geyinəcəyini çox yaxşı bilir. Pula həris deyil, amma pulsuz həyatın mümkün olmadığını da gözəl bilir. Buna görə də əzmlə çalışır. Əylənmək, məzələnmək onun işi deyil. Ciddi olmaq, əhəmiyyətli işlər görmək onun üçün daha cəlbedicidir...

 

“Mən Kurosavanı, Odzunu çox sevirəm. Tokiyoda olanda, onların hər ikisinin qəbrini tapmışdım. Orda Kurosovanın nəvəsi ilə görüşdüm. O, eynilə babasının cavanlığına oxşayırdı. Ona bunu deyəndə, dedi, hə, mən babamın paltarlarını geyinirəm. Kurosovanın qəbrinə getmək üçün bir saat yol qət etməliydik. Onun məzarı evlərin arasında balaca bir ərazidə idi. Ancaq mən dedim ki, məsafə nə qədər olur olsun, gedəcəm. Hər iki rejissorun məzarında titrətmə hiss etdim. Azad Mirzəcanzadənin qəbrinə gedəndə də mənim içimdən həmin titrəmə keçir.”- söyləyir.

 

Yaxşı insandır, Allahın varlığına, alın yazısına şübhə etmir. Bacardıqca özünü saf saxlamağa, səmimiyyətini itirməməyə çalışır...

 

Deyir ki:- “Ruhu qorumaq sənət adamı üçün çox vacibdir. Komfort içərisində, villalarda yaşayıb, sonra əzab-əziyyət haqqında film çəkmək mümkün deyil. Səmimi olmur həmin filmlər. Tarkovski cəmi yeddi film çəkib, amma görün necə filmlər çəkib. Onun gündəliklərini oxuyuram, o, nə qədər mənəvi, maddi sıxıntılar çəkib. Ən böyük namərdlikdir insanı maddi sıxıntı içərisində qoymaq. İnsanın çörək yeməyə pulu olmalıdır. Tarkovski bu sınaqlardan keçib. Ona görə onun filmləri o qədər güclüdür. Bir də insan özü ilə tək qalmağı bacarmalıdır. Mən özümlə qalmaqdan heç vaxt darıxmıram. Günlərlə, saatlarla özümlə qala bilərəm...”

 

Bəli, bu gün Elçin Musaoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, müvəffəqiyyətlər arzulayıram. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.