BİRİ İKİSNDƏ El Romanın şeirləri ilə Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün El Romanın şeirləri ilə tanış olacaqsınız.

 

EL ROMAN

 

El Roman Əlizadə  02.09.2000 tarixində Bakı şəhərində anadan olub.

Son beş il ərzində El Roman təxəllüsü ilə yazdığı şeirlər "525.az", "Kulis.az", "Manera.az", "Muellif.az" və digər saytlarda, eyni zamanda "Ulduz" və "Azərbaycan" jurnallarında, iki müxtəlif şeir antologiyasında dərc edilib.

2020-ci ildə "Sənsizliyin baş hərfi" adlı ilk şeirlər kitabı, 2024-cü ildə "Ağ kvadrat" adlı ikinci şeirlər kitabı çap edilib.

 

 

ALLAH VƏ SƏN

 

Bilmirsən, ürəyi gedir

Yerin göydən, göyün yerdən?

İndicə yer-göy qopacaq

Saçını hördüyün yerdən.

 

Quzum, mən gecə bilmirəm,

Sayıram, neçə, bilmirəm,

Hələ də keçə bilmirəm

İtlərin hürdüyü yerdən.

 

Yağışlıdı, qal, gedərsən,

Yanaqları al gedərsən...

Haqqını halal edərsən mənə

Öskürdüyüm yerdə.

 

Başım üstə – Allah

Və sən,

Nə Allah qocadı,

Nə sən.

Sən onu görə bilməzsən

O səni gördüyü yerdən.

 

Ay üzüm-üzüm üzdüyüm,

Qara gözünü süzdüyüm...

İndi nə üzlə gözdüyüm

Səni öldürdüyüm yerdə?

 

 

YARASALAR

 

Bir qoca dedi ki, hələ diriydi

Dünən gömüləndə o qız torpağa.

Gəldiyi yerlərə qayıtdı hər şey –

Adamlar torpağa, kağız torpağa...

 

Göyərsə göylərdə bir ağ göyərçin,

Bu işə göylər də gülərdi, gərçi...

Sonra da darıxıb bu boz şəhərçün

Gəlib bulaşardı o toz-torpağa.

 

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,

Gəl.

Sən kimin olmusan min illər əvvəl?

Adını oxudum cam kasalardan...

 

Deyən olmadımı vaxtı dayandır?

Tanrısan, bilmirəm yerin hayandır...

Mağara ağzında cığara yandır,

Məni də bir dəfə yada sal orda...

 

Mağara?!

Görəsən, nəyin nəsidir?

Mağara – dağların əsnəməsidir.

Tərsinə asılmış quş qəfəsidir

Belə eşitmişəm yarasalardan...

 

Bir qoca dedi ki, hələ diriydi

Dünən gömüləndə o qız torpağa.

Sonra...

Gəldiyi yerlərə qayıtdı hər şey-

Adamlar torpağa, kağız torpağa...

 

 

PAYIZ FƏSLİ GÖZƏLDİ

 

Payız gələr, işıldaquş işıldar,

Külək əsər, ağacları boşaldar.

Ayağının altına bax,

Xəzəldi!

Mən demişdim, payız fəsli gözəldi.

 

Yol gedərik.

Bu yol hara, biz hara?

Bu aylarda ağaclarda qızaran

Mandarinlər bircə-bircə bozarar,

Yerə düşər, əyilsəmmi,

Bilmərəm.

 

Fikrim uçar bayağıdan bayağı,

Səmalarda qağayılarsayağı,

Sonra dəyməz ayağına ayağım,

Mənimsənmi, deyilsənmi,

Bilmərəm.

 

Götürəndə yerə düşən çörəyi

Sünbül kimi ovxalanar ürəyin.

Görərsən ki, sonra hər şey düzəldi;

Mən demişdim, payız fəsli gözəldi.

 

Sonra bütün sevgilərin gücündən

Öpmək üçün güc yığaram içimdə –

 

Dəmiryolu vağzalının səsinə

Titrəyərək ürəyimiz diksinər.

Qatarları tələsdirən həmin səs

Öpüşləri gecikdirər, əksinə.

 

Görərsən ki, yer ilə göy birləşər

İkisinin arasında yerləşən

İşım-işım işıldarkən işıqlar,

Üşüm-üşüm üşüyərkən uşaqlar,

Danə-danə dənə dönər başaqlar

Bir qırıq da külək əsdi,

Gözəldi!

Mən demişdim, payız fəsli gözəldi.

 

 

MƏNƏ İNAN

 

Mənə inanmırsan?

Gözümlə gördüm,

Ayna qarşısında balaca uşaq

Pomada sürtürdü

Dodaqlarına.

 

Nikah masasında oturan o qız

Stuldan sallanan ayaqlarıyla

Tapdaya bilmirdi

Yanındakının

Qırx altı ölçülü ayaqlarını.

 

Mənə inanmırsan?

Gözümlə gördüm,

Ayağı çatmırdı

Ayaqlarına...

 

Aeroport yolunda yavaş sürənlər

Nə qədər söyüldü!

Gözümlə gördüm.

 

Mənə inanmırsan?

Özüm də gördüm,

Ya ayaq ləngiyir, ya baş fırlanır.

Kimi ayrılıqdan, kimi təklikdən,

Kimi yüksəklikdən qorxduğu üçün

O yolda təkərlər yavaş fırlanır...

 

Mənə inanmırsan?

İnanıram de...

 

 

ALLAHI QUCAQLAMAQ

 

Sonra göydən süd tökülər-

Gəlin paltarında su.

 

Bilirsənmi, buludlar da yeriməyib yetmiş il.

Bəlkə, biz də buludlara

İnad edib getmişik.

Sonra kimsə ağ-qaralı filmlərin birində

Şəkillərdə yeriməyən buludları yeridər.

 

Buxar səni aldatmasın, gözlərini itilə!

Köynəklərin üzərində

Qəhvə süzər ütülər...

 

Sən qəfəsdə saxladıqca

Qarğış edər qumrular.

O qumrular

Saçlarında bircə-bircə yumrular...

 

Başlamazdan öncə düşün, sıfır nədir?

Yumurta.

Sonra həmin yumurtadan bütün rəqəmlər çıxar.

 

Göy üzündə növbə-növbə hərlənəcək dövrələr

Kirpiyinin kölgəsini qısqanacaq zöhrələr.

Tutulmaq nə?

Vurulacaq, bəlkə də. ay çöhrənə!

Sonra ayı incidəcək

Görünməmək qorxusu.

 

Sonra göydən süd tökülər –

Gəlin paltarında su...

 

 

KÜRD NƏNNİSİ

 

Ağac olacaqsan önümdə, ağac,

Bir qız qoparacaq yarpaqlarını.

 

O gün mən yıxacam barmaqlarımı

Küləyin saçını yıxdığı yerə.

 

Hanı o əvvəlki yuxular, hanı?

O nəm kirpiyində yuxularammı?

Nə vaxtsa təzədən yıxılar hamı

Bir vaxtlar ayağa qalxdığı yerə.

 

Heç həmin yuxular belə darıxmaz...

 

Ay mənim hər dərdə, zülmə dözənim,

Səbir elə, düzəlir, hər şey düzəlir...

Bir kürd nənnisiylə yatmış gözəli

Öpsəm dodağından...

Hələ darıxmaz.

 

Sən də qayıdasan keçmişə - dərdə,

Sənin də könlünə qəm düşə hərdən.

Bircə gün uzaqda qal bu şəhərdən,

Gör nələr darıxar, nələr darıxmaz...

 

Adam heç darıxmaz?

De ki, darıxar...

Adamın başında tükü darıxar.

Adam bir darıxar, iki darıxar,

Adam üçüncüdə ölər, darıxmaz...

 

 

NÖVBƏTİ SEVGİLİYƏ XƏYANƏT

 

Bir yuxunu uzadardım günortayadək,

Bir günorta oyanardım, bəlkə, acınnan.

Bir bərbərin həyəcanlı şagirdi qədər

Ehtiyatlı davranardım sənin saçınnan...

 

Bir dodağın qırağında çuxur görünər,

O çuxura neçə nəfər baxır, görünməz.

O çuxurdan neçə nəfər çıxır, görünər,

O çuxura kimlər düşür, axı görünməz...

 

Bir yuxunun ləzzətini yadıma salar

Bir varlığın, bir yoxluğun, bir də borclarım.

Səssiz-səssiz yeriyərəm, səni yuxudan

Oyatmaqçün səs çıxarar barmaq uclarım.

 

Bir küləyin yapışaraq düz ayağından

Xoş olardı ayağının yanına getmək.

Eşq – bəlkə də, bu şəhərin ən uzağında

Bir növbəti sevgiliyə xəyanət etmək...

 

 

ƏLİM

 

Gecədir,

əlim üşüyür,

əlimi tapa bilmirəm.

Üşüyən yerə baxıram,

Dəlini tapa bilmirəm!

 

Ay qız, hələ harasıdır?

Hələ

Yağış yağmağı var.

Hələ

Kişi qürurunun

Avtobusa sığmağı var.

 

İnsanlar məni axtarır-

Tanınan

Və tanınmayan.

Məni görməsinlər deyə,

Bilbordların yanındayam...

 

İnsanlar məni axtarır,

Mən də əllərimi,

Ay qız!

Hansı şərəfsiz kəsdirib

Qarə tellərini,

Ay qız!

 

Hər adam

Deyər özünə –

Dəlini

Yadından çıxar!

Adam da hara qoymuşdu

əlini,

yadından çıxar?

 

Bilirəm ki,

Ay qız,

Təksən.

Bilirəm, sən gedəcəksən...

İndicə zəng edəcəksən,

əlimi

tapa bilmirəm!

 

Üşüyən yerə baxıram,

Dəlini tapa bilmirəm...

 

 

QONAQ

 

Mən səni sevməsəm, başqası sevsə,

Sənə də heyifdir, mənə də heyif.

 

Sarı dimdiyini mənə uzadıb

Çiyninin üstündə öpüş gözləyən

Buğda saçlarından ocuvladığım

O quşa atdığım dənə də heyif.

 

Bir dənə möhtacdı çiynində o quş,

O quşa laləzar vətən yaxşıdı.

Mənim qulağıma pıçılda, soruş,

Sahidən, bu vətən nədən yaxşıdı?!

 

Hətta küçənizə raket də düşsə,

Ağappaq çiynindən jaket də düşsə,

Birinci vətənçün, sonra səninçün

Narahat olacaq adamlar ki var,

Onların gözünə qonaq gedə...

 

Mənim də bəxtimə o səngər düşə,

Allahın əlindən bir çəngəl düşə,

Bu dəfə göylərə mən qonaq gedəm...

 

Daha ikimizdən oldu, olmadı,

Yenə də heyifdir, yenə də heyif.

Mən səni sevməsəm, başqası sevsə,

Sənə də heyifdir, mənə də heyif...

 

 

SƏNİ TANIMAMIŞ

 

Səni tanımamış ulduzlar – nöqtə,

Aypara – göydəki tək vergül idi.

Bütün səhvlərimin adı uşaqlıq,

Bütün çiçəklərin adı gül idi.

 

Səni tanımamış yalan – yalandı,

Bir gündə zəhərin dadına döndü.

Səni tanımamış salam – salamdı,

Bir gündə Allahın adına döndü.

 

Səni tanımamış ölmək – qorxulu,

Yaşamaq – ölməyin ikiqatıydı.

Səni tanımamış saçlar – ətirsiz,

Ətir – oksigenin plagiatıydı.

 

Səni tanımamış heykəl – adamdı,

Adam – heykəllərin ağır yuxusu.

Dünyada nə qədər adamda var ki

Səni tanımamış ölmək qorxusu?!

 

Səni tanımamış səmalar – şəhər,

Buludlar – səmaya cızılmış ölkə.

Elə doğmasan ki, səni görməmiş,

Səni tanımamış tanıdım, bəlkə.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.