İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Haqqında söhbət açmaq istədiyimiz femida təbiətli bu xanımın adı və soyadı belədir: Mahitac Əsədova.
Mahitac Elməddin qızı Əsədova 1939-cu ildə keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Baş Daçağıl kəndində müəllim ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Baş Daşağıl, orta təhsilini Muxas kənd məktəbində almışdır. Orta məktəbi “əla” qiymətlərlə başa vurmuşdur.
1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirmişdir. 1960-1978-ci illərdə rayondakı Bucaq kənd orta məktəbində müəllim işləmişdir.
1978-ci ildə Bakı şəhərinə köçmüşdür. Keçmiş Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda ixtisası üzrə müəllim işləməyə başlamışdır. 23 il fasiləsiz həmin kollektivdə çalışmışdır.
Şeirləri o dövrün mətbuat səhifələrində ardıcıl olaraq dərc olunmuş, “Ayrılıq günümüz olmasın, Vətən!” adlı kitabı çap olunmuşdur.
M.Əsədova ilə 23 il bir kollektivdə işləmiş, onu yaxından tanıyan pedaqoji elmlər doktoru, professor Yusif Talıbov “Ayrılıq günümüz olmasın, Vətən!” kitabına yazdığı “Femida təbiətli xanım” adlı ön sözdə qeyd edirdi: “Qarşımda kiçik bir şeirlər kitabı var. Kitabın müəllifi haqqında bir neçə söz demək istərdim, çünki 23 il onunla birlikdə işləmişik”. Daha sonra Y.Talıbov M.Əsədovanın şeirlərində ifadə etdiyi vətənpərvərlik duyğuları ilə vətənini dərin məhəbbətlə sevdiyini, çox səbrli, təmkinli, intizamlı, Femida kimi ədalətli bir insan olduğunu göstərir. Qeyd edir ki, “Onun şeirləri vətənpərvərlik duyğuları ilə, düşmənə nifrətlə yoğrulmuşdur. Vətən, Vətən Şəhidləri onun şeirlərinin fəqərə sütünudur. Bu mövzudakı şeirlərdə onun göz yaşları, düşmənə dərin kini və nifrəti ifadə olunur. Milli Qəhrəman G.Əsgərovaya həsr etdiyi poema da belələrindəndir. “Şərəfli ölüm” poeması, onun Vətənə, Vətən şəhidlərinə həsr etdiyi şeirləri bir haray, çağırış kimi səslənir”.
M.Əsədova 15 may 2003-cü ildə vəfat etmişdir. Sonsuzluq tale qisməti olmuş Mahitac xanımdan təkcə şeirləri, bir də onu tanıyanların ürəyində yaşayan xatirələr qalmışdır. Allah rəhmət eləsin!
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış yazar N.Hüseynli özünün “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz” kitabında M.Əsədova barədə yazır: “Hər bir şəxs, hər bir insan ölümündən sonra öz işi, əməli ilə xatırlanır. Xoşbəxt o kəsdir ki, ona rəhmət oxuyurlar. Mahitac xanım belə şəxslərdən biridir”.
Sonda Mahitac Əsədovanın “Gülə biləydim” adlı şeirini oxucularımıza təqdim edirik
Ömür karvanımdan qırılan teli,
Ürəyim başında boş qalan yeri,
Hökmü, taleyimi yazan o əli,
Allah dərgahından silə biləydim,
Həyatda ürəkdən gülə biləydim.
Bəxtimin bağında solan gülləri,
İlan zəhərindən acı dilləri,
Qadalı, qayğılı keçən illəri,
Arxada qoyuban gələ biləydim,
Həyatda bir anlıq gülə biləydim.
Daşdan-daşa dəyən san gümanımı,
Qismətdə olmayan ömür payımı,
Xoşbəxtlik diləyən ömür payımı,
Həqiqət mülkündə görə biləydim,
Nə ola ürəkdən gülə biləydim.
“Ədəbiyyat və incəsənət”
(11.07.2025)