ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

ABŞ-nin Virciniya ştatının  Corc Meyson Universitetində "Növbətini Gücləndir: Gəncləri Sabahın Liderliyi üçün Birləşdirmək" (EmpowerNext: Uniting Youth for Tomorrow’s Leadership) adlı 2-ci Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib.  

 

“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iki gün davam edən forum Komitənin dəstəyi, Virciniya ştatının Aleksandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı və Nyu Yorkdakı Amerika-Azərbaycanlı Gənclər Federasiyasının (AAYF) təşkilati dəstəyi ilə baş tutub.  Foruma 23 müxtəlif ştatdan 37 universitetdə təhsil alan gənclər, akademiklər, Azərbaycan icmasının tanınmış üzvləri, Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın ABŞ-dəki səfirliyinin əməkdaşları qatılıb. 

Tədbirin məqsədi ABŞ-da yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycana və milli-mənəvi dəyərlərə bağlılıqların artırılması, eləcə də təklif və təşəbbüslərinin dinlənilməsi, dəyərləndirilməsidir. Gənclərin liderlik keyfiyyətlərinin inkişafına dəstək göstərmək, onların ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müvafiq imkanlar yaratmaq forumun əsas hədəflərindəndir.

Virciniya Azərbaycan Evinin vitse-prezidenti Nigar İbrahimova və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün moderatorluğu ilə keçirilən forumun əvvəlində Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə qonaqları salamlayan Virciniya Azərbaycan Evinin rəhbəri Sevda Tahirli belə mötəbər bir tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib. Ötən ildən başlayan bu təşəbbüsün gənclərin inkişafı, inteqrasiyası və əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev forum iştirakçılarını salamlayaraq komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən diaspor siyasəti haqqında danışıb, Azərbaycan diasporunun inkişafı və gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıldığını vurğulayıb. Bildirib ki, bu siyasətin mühüm istiqamətlərindən biri də xaricdə yaşayan azərbaycanlı gənclərə göstərilən xüsusi diqqət və qayğıdır. Sədr müavini, həmçinin gənclərimizin Amerikada sosial, mədəni,  intellektual sahədə özlərini ifadə edə bilmələri üçün bu cür tədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, soydaşlarımız Amerika cəmiyyətinə inteqrasiya olunmaqla yanaşı, öz milli kimliyini də qoruyur. O, forumun diaspor gənclərinin bir çox imkanlar yaratdığını söyləyib. Forumun keçirilməsində hər kəsə, xüsusilə Virciniya Azərbaycan Evinə təşəkkür edib. 

Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin birinci katibi Toğrul Əliyev forumun əhəmiyyətindən danışıb. ABŞ-dəki azərbaycanlı gənclərin həm doğma vətənimizin mədəniyyətini, dilini, dəyərlərini qoruduğunu, təbliğ etdiyini, həm də yaşadıqları ölkənin imkanlarından, biliklərindən və təcrübələrindən faydalandığını söyləyib. O, bu cür görüşlərin yeni dostluqların qurulması və həmrəyliyin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını dilə gətirib.  

Amerika Azərbaycan Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova çıxışında forumun əhəmiyyətini, aparılan müzakirələrin faydalarını diqqətə çatdırıb, belə tədbirlərin Azərbaycan Respublikası ilə ABŞ arasında mövcud qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

ABŞ-ın Corc Meyson Universitetinin müəllimi Sevil Süleymani forum iştirakçılarını salamlayaraq, burada çalışan azərbaycanlı müəllim kimi belə bir tədbirin təşkilindən məmnunluq duyduğunu bildirib.

Amerika Azərbaycan Gənclərinin I Forumunun təşkilatçısı Kənan Məmmədova komitənin sertifikatı təqdim edilib. 

Çıxışlardan sonra iştirakçılar iki maraqlı panel müzakirəsini dinləyiblər. “Wisdom Meets Ambition: Empowering Youth Through Generational Collaboration” (“Müdriklik Ambisiya ilə Qovuşur: Nəsillərarası Əməkdaşlıqla Gənclərin Gücləndirilməsi”) mövzusunda keçirilən ilk paneldə müxtəlif nəsillərin təcrübəsinin gənclərin inkişafına necə töhfə verdiyi müzakirə olunub. Daha sonra “Building Global Connections: Empowering Youth Across Borders” (“Qlobal Əlaqələr Qurmaq: Gəncləri Sərhədlərdən Kənarda Gücləndirmək”) panelində qlobal əməkdaşlıq imkanları ön plana çəkilib.

Günün ikinci yarısı “Building Individual Resilience as a Youth Leader” (“Gənclərin lideri kimi şəxsi dözümlülüyün inkişafı”) mövzusunda təlim keçirilib. 

Bədii hissədə kamança ifaçısı Toğrul Orucovun canlı ifası və DJ Zaurun dinamik çıxışı gənclərə unudulmaz anlar yaşadıb. Tədbir milli həmrəyliyin simvolu olan “Yallı” rəqsi ilə davam etdirilib.

Forumun növbəti günündə baş tutan təlim “Your Career Journey: Purpose, Goals & Growth” (“Sənin Karyera Səyahətin: Məqsəd, Hədəf və İnkişaf”) adlanıb. Təlimi ABŞ-də fəaliyyət göstərən “Love Your Life. Transformative Coaching” şirkətinin rəhbəri və təsisçisi, peşəkar təlimçi Leyla Novruz keçib. Gənclərə şəxsi bacarıqların müəyyən edilməsi, məqsədlərin düzgün qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması barədə praktiki biliklər verib. İnteraktiv formada keçirilən təlimdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb. 

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürün idarəçiliyi ilə “breyn rinq” keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını göstərib. Finalda “4+1” komandası qalib gəlib. Qalib komandaya hədiyyələr təqdim edilib.

Forumun birinci və ikinci günlərində “Birlikdə”, “Tarix dərsi, “Qarabağ Azərbaycandır” və “Diaspor Gənclərinin Yay Düşərgələri” layihəsinə aid videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Amerika–Azərbaycan Gənclərinin Forumu ilk dəfə 2024-cü ildə Vaşinqton şəhərindəki Corc Vaşinqton Universitetində keçirilib. Forum gənclərin ictimai fəallığının artması, şəbəkələşmə imkanlarının genişlənməsi və təşkilati bacarıqlarının inkişafında mühüm rol oynayıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Ədəbiyyat və İncəsənət" portalı poeziyanın ruhun səsi, ruhun qidası olduğunu nəzərə alaraq  əməkdaşları ilə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir.

Bu dəfə rubrikamızın qonağı ömrünün 49- cu baharını yaşayan, Cənub təmsilçimiz İlqar bəydir.

Gəlin onu öz dilindən tanıyaq və "Sevdiyin şeiri gəl bizə söylə" deyək.

 

-Salam, İlqar bəy.

 

 - Salam Ülviyyə xanım, xoş gördük.

Mən İlqar İsmayılzadə, 49 yaşım var. Fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, həmçinin, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisiyəm.

İxtisasım fəlsəfə və dinşünaslıq olsa da, incəsənətin təsviri incəsənət sahəsində, həmçinin, jurnalistika, mədəniyyət və tarix sahələrinə ciddi marağım var. Əslində mənim yuxarıda adlarını çəkdiyim sahələrdə təxminən eyni səviyyədə əməyim olmuşdur. Əlbəttə, rəssamlıq sahəsindəki çalışmalar daha çoxdur.

İndiyədək Azərbaycan, ərəb və fars dillərində 145 kitabın, 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifiyəm. Ərəb və fars dillərindən Azərbaycan dilinə 30-dan çox kitabın tərcüməçisiyəm. Bütün bunlardan əlavə, bir sıra povest, hekayə və şeirlərin müəllifiyəm...

Mənim müxtəlif mövzularda şeirlərim olsa da doğrusu özümü şair saymıram. Amma bu qədər deyə bilərəm ki, şeir və poeziya həyatımın ayrılmaz, həm də ən gözəl hissələrindən biridir. Çünki mən həm də incəsənət və mədəniyyət sahəsinə aid bir insanam. Belə olan halda yalnız müəyyən bir şair və ya şeirin üzərində dayanmaq mümkünsüzdür. Oxuduğum bir çox şairlər və sevdiyim bir çox şeirlər var. Lakin onların arasında çağdaş Azərbaycan poeziyasında öz insani keyfiyyətləri, şəxsiyyəti, həmçinin, milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı, həm də şeir və poeziya sahəsinin peşəkar və görkəmli nümayəndəsi görkəmli Bəxtiyar Vahabzadə (1925-2009) şeirlərinin vurğunuyam.

Həyatımda mənim üçün çırağ olmuş şeirlərindən biri də "Özünü dinlə" adlı qısa şeiridir:

 

Dinlə bu dünyanı öz ürəyinlə,

Sənət aləmində özünü dinlə.

Özgəni dinləsən kökdən düşərsən,

Sən özün özünə özgələşərsən.

"Özümü kənardan seyr edim" - deyə

Nə olar, hərdənbir çəkil təkliyə.

Üzbəüz, təkbətək qal ürəyinlə,

Sən onu dinlə!

Tək onu dinlə!

 

Bu şeir insana həyatda müstəqil davranmaq və özü kimi olmağı aşılamaqla yanaşı hər növ şəxsiyyətpərəstlikdən uzaqlaşmağı çox gözəl bir üslubda aşılayır. İnsan həyatda özü kimi olmalı, kimisə yamsılamalı, kiməsə pərəstiş etməməlidir. Pərəstişkarlıq bir çox hallarda sevgi-məhəbbətin şiddətindən yaranır. Sevgi nə qədər gözəl olsa da, mənfi yönləri də var. Bunlardan biri də sevənin kor olması, reallığı görməməsi və ya görmək istəməməsindən ibarətdir.

Biz dini təlimlərə nəzər saldıqda, orada inanclı insanın şəxsiyyətpərəst deyil, Tanrıpərəst olmasına xüsusi tövsiyə edildiyinin şahidi oluruq. Hər halda, görkəmli şairin söylədiyi kimi insanın həyatda şəxsiyyətpərəst olması onun kökdən düşməsi və özgələşməsi ilə nəticələnir. Bu isə insanoğlu üçün çox qorxulu bir haldır...

Sonda sizə belə bir gözəl layihəyə görə təşəkkürümü bildirir, "Ədəbiyyat və incəsənət" ailəsində olmağımdan fəxarət hissi duyaram.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

 

Ukraynanın Xarkov şəhərində görkəmli heykəltəraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamları Viktor Kovtun və Katib Məmmədov, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, sənətçinin yaxınları, həmkarları və tələbələri iştirak ediblər.

Xatirə lövhəsi Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərovun təşəbbüsü ilə ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltəraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub.

“Şəhərimizi bəzəyən çoxsaylı əsər Seyfəddin Qurbanovun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu heykəltəraş tələbələri var. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”,- deyə Mer İqor Terexov bildirib.

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib. Əfqan Salmanov heykəltəraşın yaradıcılığının mədəniyyətləri və xalqları birləşdirən sənət və ilham mənbəyi olduğunu deyib.

Məlumat üçün qeyd edək ki, Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın yox, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltəraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun hekayələrinin, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Çərşənbə, 02 İyul 2025 10:28

“Laçınım” dedi, Laçını görmədən getdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Özündən sonra mahnıları qaldı. Nisgil, kədər dolu mahnılar. Nədirsə, həmişə qəmli mahnılar oxuyardı. Əslən Laçından idi deyə “Laçınım” mahnısı repertuarından düşməzdi. Düşmən tapdağı altında olan ana yurdunun kədərini bir mahnıya bacarıla yükləyə bilmişdi. Əfsus ki, Laçının azadlığını görmədən dünyadan köçdü.

 

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun doğum günüdür.

O, 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. İlk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

 

1976-cı ildən peşəkar səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. "Laçın" instrumental ansambılını da o yaradıb, onun rəhbəri olub.

 

14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunub

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 3-cü həftəsinə start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və uşaqların sualları cavablandırılıb.

Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar Lənkəran təbiətinin özünəməxsus və füsnkar mənzərəsi ilə tanış olublar.

 Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər.

Azərbaycan İncəsənət Məktəbi tərəfindən nümayiş etdirilən “Qoğal” uşaq tamaşasında balaca aktyorlar oyunları ilə düşərgə iştirakçılarına xoş anlar yaşadıb, üzlərə təbəssüm bəxş ediblər.

 

Tərəfdaşlar: TABİA Group və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse;

Dəstəkçilər:  Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan İncəsənət Məktəbi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, Dayaq Xeyriyyə, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi;

Media dəstəyi: ASAN Radio/TV

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

“Mən xoşbəxt adamam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu” deyən, qısa zaman kəsiyində 35 minlik Cümhuriyyət Ordusunu yaradan qüdrətli sərkərdə Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1855-ci ildə Şamaxı quberniyasının Lənkəran qəzasında dünyaya gəlmişdi. Soyu, soy-kökü şəcərə dəftəri ilə Şuşanın məşhur zadəganlarından olan Mehmandarovlara bağlı olan Səməd bəy Mehmandarov adını Cümhuriyyət qurucularının sırasına yazdı. Hüquqşünas olan atası Sadıx bəy Qafqaz canişinliyi tərəfindən öncə Şamaxıda, sonra isə Lənkərana məhkəmə icraçısı olaraq göndərilmişdi. Lənkəranda dünyaya gələn Səməd bəy Mehmandarov təhsilini Bakıda Real Məktəbdə almışdı. 16 yaşında isə Peterburq İkinci Konstantinovka Artilleriya Məktəbinə daxil olmuşdu. 1875-ci ildə podporçik rütbəsi alan Səməd bəy Mehmadarov həmin il həm də III dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdu. Daha sonra kapitan 1898-ci ildə isə podpolkovnik rütbəsi ilə xidməti fəaliyyətini davam etdirmişdi.

 

Mancuriaya diviziyasının komandanı

Podpolkovnik rütbəsini aldıqdan sonra 1900 -1901-ci illərdə Çində baş qaldıran anti-imperialist hərəkatların  yatırılmasında onun rəhbərlik etdiyi diviziya da iştirak etmişdi. Silahsız çinlilərə qarşı silah qaldırmayan, üsyançıların rəhbərlərini danışıqılar vasitəsi ilə yola gətirən Səməd bəy Mehmandarova Çar tərəfindən polkovnik türbəsi təqdim edilmiş, eyni zamanda o, III dərəcəli “Vladimir Ordeni” və üzərində “Qəhrəmancasına fərqlənməyə görə yazılan Qızıl qılınc” təqdim olunmuşdur.

 

Rus-Yapon müharibəsində tarix yaradan iki azərbaycanlıdan biri

General Əliağa Şıxlinskinin tarix yaratdığı Rus-Yapon müharibəsi dövründə göstərdiyi şücaətlərə görə Səməd bəy Mehmandarova general-mayor rütbəsi və IV dərəcəli “Müqəddəs Georgi” ordeni verilmişdi. 1907-1910-cu illərdə III Sibir korpusunda Artilleriya rəisi vəzifəsində çalışan general Səməd bəy Mehmandarov 1908-ci ilə “Hərbi xidmətlərində qüsursuzluğa görə” general-leytenant rütbəsinə layiq görülmüşdü. I Dünya müharibəsində iştirakına görə isə 1915-ci ildə “Tam Artilleriya generalı” rütbəsi almışdı. Bu rütbə hərb tarixində ordu generalı rütbəsinə bərabər rütbə idi. 1917-ci ildə xüsusi istəyi ilə Çar ordusundan istefa verən general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov bu zaman Çar Rusiyası Ordusunun bütün orden və medallarını almış iki peşəkar nüfuzlu türk, müsəlman və azərbaycanlı hərbçidən biri idi. Bununla yanaşı, general Səməd bəy Sadıx bəy oğlu Mehmandarov İngiltərənin, Fransanın, Rumıniyanın, eyni zamanda Qacarlar dövlətinin ən ali mükafatlarına, orden və medallarına layiq görülmüşdü. İstefada olduğu dövrdə Şimali Qafqazdakı huzur dolu malikanəsində doğmaları ilə yaşamışdı. Çarizmin iflası, Rusiya İmperiyasının iflası ucqarların istiqlaliyyəti ilə nəticələndi. Tiflisdə “İstiqlal bəyannaməsi”nin imzalanması ilə Azərbaycanda Milli hökumət quruldu.

 

Milli Ordunun Bayraqdarı

Şərqin ilk Demokratik Cümhuriyyətinin qurulması ilə, ömrü boyu Əbədi İstiqlalın təşnəsi olan peşəkar hərbçilər, Çar Rusiyası ordusunun nüfuzlu sərkərdələri vətənə dönür. Dönüşü, qayıdışı ilə tarix yaradan dörd generalın isə yeri, rolu, məqamı fərqli idi: Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Rzaqulu Mirzə Qovanlı – Qacarın, Sultan bəy Sultanzadənin. Tanrı onları məhz bu gün üçün göndərmiş, Əbədi istiqlalın qorunması, Milli Ordunun yaranması üçün müntəzir etmişdi. Əlahiddə Azərbaycan Korpusunun – Milli Ordunun yaradıcısı kimi tarixdə qalan bu qüdrətli simalar, əvəzsiz sərkərdələr min illər bundan sonra da, Milli Ordunun bayraqdarları kimi tarixdə qalmışlar.

Səməd bəy Mehmadarov Bakıya dəvət edilməzdən öncə onun bütün fəaliyyəti nəzərdən keçirilmişdi. 1918-ci il noyabrın 7-də Nazirlər Şurasının neft milyonçusu Seyid Mirbabayevin Cümhuriyyətə bağışladığı malikanədə təşkil olunan iclasda Azərbaycanda Hərbiyyə Nazirliyinin yaradılması qərara alındı. Müvəqqəti olaraq nazir vəzifəsini hökumətin başçısı Fətəli xan Xoyskiyə həvalə olundu. Onun müavini isə general Səməd bəy Mehmandarov təyin olundu. Ölkədəki durum nəzərə alınaraq vaxt itirmədən Ordu quruculuğu ilə bağlı məsələlər Səməd bəyə tapşırıldı. Həmin gün çap olunan “Azərbaycan” qəzetində Səməd bəy Mehmandarovun vəzifəyə təyin edilməsi haqqında fikirləri dərc edildi. Mehmandarov deyirdi: “Nazirlər Şurasının qərarı ilə mən Hərbiyyə nazirinin müavini təyin edildim. Mən öz vəzifə borcumu yerinə yetirməyə başlayaraq görməli olduğum nəhəng işlərin bütün ciddiliyini, mürəkkəbliyini, çətinliyini gizlətmədən Hərbiyyə Nazirliyinin bütün rütbəli şəxslərini işə dostca yanaşacağını və vicdanlı münasibət bəsləyəcəyini bildirirəm. Hamını birlikdə, dostcasına işləməyə çağırıram. Bütün rütbələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə ciddi diqqət yetirmələrini istəyirəm”

 

Mehmandarov: Orduda ana dilini tətbiq edən ilk hərbi nazir

1918-ci il 25 dekabr tarixində Tam Artilleriya generalı Səməd bəy Mehmandarov Hökumətin qərarı ilə Hərbiyyə naziri, general Əliağa Şıxlinski onun müavini təyin edildi. General Mehmandarovun nazir kimi ilk əmri “sırada və sıradan kənar olarkən əsgərlərin Azərbaycan türkcəsində salamlaşması ilə bağlı idi. Komandirlər əsgər salamı, əsgərlər “əleyküm salam!” cavabı verməli idilər.

 

 “Denikin məni rus millətindən və Çardan da yaxşı tanıyır”

1912-ci il Azərbaycan Xalq Cümhuriyyəti üçün ağır dönəmlərdən idi. Ağqvardiyaçı Denikin Azərbaycan sərhədinə yaxınlaşırdı. Təşkil olunan müşavirələrin birində öz hərbiçilərinə müraciətlə general Səməd bəy Mehmandarov demişdi: “Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. O, bilir ki, rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur. Denikin heç zaman mənim komandanlıq etdiyim ordu ilə döyüşə girməyə cəsarət edə bilməz. Mən bütün ömrümü, gəncliyimi Rus Ordusunda xidmətə həsr etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda Millətimin Ordusunu yaratmaq mənə nəsib oldu”.

 

Biz həmişə boyunduruq altında olmamışıq!

Səməd bəy Cümhuriyyət naziri kimi tez-tez xalqa müraciət edir, hesabat verir, öz işini peşəkarcasına həyata keçirirdi. Müraciətlərinin birində “Biz həmişə boyunduruq altında olmamışıq” – deyərək, türk tarixinin, Cümhuriyyət hərb tarixinin yazılmasını arzu etmişdi. General Səməd bəy Mehmandarov bütün çıxışlarında əsgərlərə “Övladlarım!” deyə müraciət edərək, onları ruhlandıran böyük sərkərdə idi. Cümhuriyyət Qızıl Ordunun qırmızı terroruna məruz qalarkən Lənkəranın bolşevik terrorundan təmizlənməsi əmrinin verməsi, ərazi bütövlüyümüzün bərpası üçün ordunu səfərbər etməsi, Əsgəran keçidinə Novruz bayramında hücum edən erməni daşnaklarının üzərinə general Həbib bəy Səlimov kimi peşəkar sərkərdəni göndərməsi erməni-daşnak dəstələrinin məhv edilməsi ilə nəticələndi. Xankəndinin, Şuşanın düşməndən azad edilməsi onun hərb tariximizdə, eyni zamanda Cümhuriyyət tariximizdən əzəmətinin təsdiqi olan məqamlardandır.

Hərbi nazir kimi general Səməd bəy Sadıx bəy oğlu Mehmandarovun Azərbaycan xalqına bir tarixi müraciəti də var: “İndi ölkəmizin bütün vətəndaşları, istər kasıb, istərsə də dövlətli eyni şəkildə hərb qulluq çəkəcəklər. Əgər nə zamansa kimlərsə dövlətliləri hərbi qulluqdan azad edərsə günahkarlar ağır cəzalanacaqlar.”

 

Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni”ni çıxarıb onun ayaqları altına atmışdı

Səməd bəy Mehmandarov general Tomsonun ermənilər arasında təbliğat aparmasından, Azərbaycan kəndlərində ingilislərin talançılıq etməsindən narahat idi.

Onların bütün fəaliyyətini kəşfiyyat xəbərləri ilə hər gün alırdı. O, hökumət başçısı Nəsib bəy Yusifbəyliyə məktub ünvanlayaraq yazırdı ki, ingilislərin fəaliyyətindən narahatdır. Etiraz əlaməti olaraq onların I Dünya müharibəsi zamanı verdikləri orden və medalları İngilis hökumətinə qaytarılması işini təşkil etsin. Bundan əlavə, o, Tomsonla görüşündə ingilislərin verdiyi “Legion Ordeni” çıxarıb onun ayaqları altına ataraq demişdi: “Mənim torpağımı işğal edib millətimi əzən bir ölkənin ordeni mənə lazım deyil” deyərək ona yerini göstərməkdən çəkinməmişdir.

 

21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı

Bu qüdrətli əyilməz sərkərdənin, Cümhuriyyətin ilk Hərbiyyə Nazirinin fəaliyyəti cəmi bircə il çəkdi. Qısa zaman çərçivəsində o, Milli Ordunu təşkil etdi, ayrı-ayrı diviziyaların yaradılmasına nail oldu, 21 general yetişdirməklə generallar yetişdirən General kimi tarixdə qaldı. 28 aprel qiyamından, Qızıl Ordunun qırmızı terrorundan sonra Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. 1920-ci il iyunun 4-də Hərbiyyə Naziri kimi general Səməd bəy Mehmadarovu və müavin, Tam Artilleriya generalı Əliağa Şıxlinskini həbs edərək zindana saldılar. İki ay sonra isə Mərkəzə - Moskvaya göndərdilər.

 

Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi

Moskvada Azərbaycan generallarını, daha doğrusu Hərbiyyə Nazirini və müavinini qarşılamalı olan Behbud ağa Cavanşir görür ki, onlar qatarda yoxdur. Behbud ağa vaxt itirmədən Bakıya komissar Nəriman Nərimanova məlumat verir və Səməd bəyin və Əliağa Şıxlinskinin tapılmasına nail olur. Həmin vaxt İosif Stalin Fövqəladə Komissiyaya teleqram vuraraq göstəriş vermişdi: “Yoldaş Yaqoda, hər iki general yoxlamadan diqqətlə keçirilsin. Onları həbsxanadan buraxılması işini təşkil etməyi sizə əmr edirəm”. Stalinin göstərişindən və ikitərəfli yoxlamadan sonra məlum oldu ki, generallar Mehmandarov və Şıxlinskinin günahları yoxdur. Daha sonra Nəriman Nərimanovun zəmanəti ilə hər iki general Bakıya gətirildi. 1923-cü ildə general Səməd bəy Sadıx bəy oğlu Mehmandorov Hərbi Dəniz Komissarlığında pul, kağız bölgüsü idarəsində sədr vəzifəsinə təyin olundu. Sonrakı illərdə isə pedaqoq kimi hərb tarixi ilə bağlı mühazirələr oxudu. 1928-ci ildə öz ərizəsi ilə vəzifədən ayrılan general Səməd bəy Mehmandarova 100 manat təqaüd kəsildi. 1931-ci il fevralın 12-də dünyaya vida nəğməsi oxuyan Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri Bakıda, sonralar “Dostluq parkı”na çevrilən Çəmbərəkənd qəbristanlığında dəfn olundu. 30- cu illərin burulğanında məzarı darmadağın olundu. İllər sonra üzə çıxan məzarının indiki Şəhidlər Xiyabanında mövcud olduğu məlumatı kütləvi informasiya vasitələri yaydı.

 

Ata tərəfdən Qacarlara, ana tərəfdən Talışxanovlara bağlı General

Hüquqşünas - vəkil kimi iş yeri Qafqaz Canişinliyi tərəfindən Şamaxıdan Lənkərana dəyişdirilən Sadıx bəy Mehmandarov burada general-leytenant Mir Mustafa xan Talışinskinin qızı Bikə xanımla evlənmişdi. General Səməd bəy Sadıx bəy oğlu Mehmandarov isə 1907-ci ildə Jitomirin məşhur əsilzadə soylarına bağlı Yelizaveta Teslova ilə ailə qurmuşdu. 1908-ci ildə oğlu Piri dünyaya gəlmişdi. Atası həbs edilib zindana salınanda onun 12 yaşı vardı. Peterburqa köçərkən Yelizaveta Teslova oğlunun adını dəyişərək ona İqor adını vermişdi. 37-ci ilin dəhşətli repressiyaları zamanı İqor anası ilə birlikdə öncə Peterburqdan Saratova, ordan isə Sibirə sürgün edilmişdi. II Dünya müharibəsi zamanı faşistlərin Sibirə gedən qatarı partlatması nəticəsində Yelizaveta Teslova – Mehmandarova həlak olmuş, İqor isə sağ qalmışdı.

 

Ulu Öndər Mehmandarovun oğluna ev bağışladı

Siyasi hakimiyyətinin birinci mərhələsində, 1970-ci ildə İqor Səməd bəy oğlu Mehmandarovu tapdıran, hələ onun axtarışlarına təhlükəsizlik orqanlarında çalışarkən başlayan Ulu Öndər Heydər Əliyev onu Bakıya dəvət edərək ona ev bağışlamışdı. Bundan sonra həyat yoldaşı ilə birlikdə İqor Səməd bəy oğlu Mehmandarov Bakıya köçmüş, ömrünü doğmalarının arasında başa vurmuşdu.

Qüdrətli sərkərdə, Cümhuriyyətin ilk və son Hərbiyyə Naziri general Səməd bəy Mehmandarovun sürgün əzabı yaşayan oğlu İqor Səməd bəy oğlu Mehmandarov 1989-cu ildə Azərbaycanda Milli Azadlıq hərəkatının boy verdiyi, atasının uğrunda can verdiyi hilallı-ulduzlu, üç rəngli bayraq göy üzünə səriləndə -  1989-cu ildə “Atamın yarımçıq arzuları reallaşır!” nidası ilə dünyasını dəyişərək Yasamal qəbristanlığında torpaq müqəddəsliyinə qovuşdu.

General Səməd bəy Mehmandarov irsi, şəxsiyyəti, Cümhuriyyətin özü, milli dövlətçilik tariximiz qədər əziz və müqəddəs bir dünya kimi bu gün də səcdəgaha çevrilib. Adı xatirəsi əbədiləşdirilən general Səməd bəy Mehmandarovun 160 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 26 sentyabr 2015-ci il tarixli Sərəncamla dövlət səviyyəsində qeyd edildi.

 

Silahlı Qüvvələr günü yenidən təsbit olundu

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci 26 iyun tarixli Sərəncamı ilə Azərbaycan Əlahiddə Korpusunu qurdu. Onun əsasında 1918-ci il noyabrın 17-də Hərbiyyə Nazirliyi yaradıldı. 1918-ci il dekabrın 25-də Tam Artilleriya generalı Səməd bəy Sadıx bəy oğlu Mehmandarov Hərbiyyə Naziri təyin edildi.

20-ci illərin bolşevik istilası ən ali idellara son qoysa da, Azərbaycan xalqı Milli Müstəqilliyə nail oldu. 26 iyun Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi yenidən təsbit edildi.

Milli Ordunun dirçəlişi, 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atması üçün Ulu Öndərin əzəmətini, Müzəffət Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qüdrətini, Şuşa qalasına, Pənahəli xanın diyarına, həm də Mehmandarovların tarixi şəhərinə, mülkünə, malikanəsinə bir göz qırpımında qədəm qoyan, “ruh bədənə girən kimi girən” Azərbaycan Ordusunun əzəmətini etiraf etmək məcburiyyətində qalan dünyanın eşitdiyi ilk kəlamlardan biri bu oldu: “Biz boyunduruq altında olmamışıq! Denikin məni rus millətindən və çardan da yaxşı tanıyır. Mənim rəhbərlik etdiyim korpuslar digərlərindən güclü olmuşdur”.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Çərşənbə, 02 İyul 2025 09:03

TƏLƏBƏ YARADICILIĞNDA Ebru Bayramova

“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında bu gün Ebru Bayramovadır, o, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvüdür. “Bir ev olmaqdan əvvəl, yuva olmağa çalışın” deyir tələbəmiz.

 

“Bir ev olmaqdan əvvəl, yuva olmağa çalışın...

 

Hər ev bir ailə, hər ailə bir yuvamıdır?

Bu məsələ günümüz, keçmişimiz, gələcəyimiz üçün də aktual olan bir məsələdir. Günümüzdə elə ailələr var ki, öz qanından canından olan övladına belə baxa bilmir.

 

Bu mövzuya uyğun gələn əsərlərdən biri də, müasir İrlandiya ədəbiyyatının ən parlaq adlarından biri olan Kler Kiqanın “Əmanət uşaq” əsəridir. Əsərin adı necə qəribədir, elə deyil? Kim öz uşağını başqa birinə əmanət edər ki? Elə əsas məsələ də burdan başlayır. Əsərdə kiçik qız uşağının, öz ailəsi tərəfindən başqa bir ailəyə müvəqqəti olaraq verilməsindən bəhs edilir. Sanki uşaq bir oyuncaq imiş kimi, öz fikri soruşulmadan başqa bir ailəyə verilir.

Lakin o, yeni evində “ailə”, “qayğı” “sevgi” hisslərini yaşayır. Öz evində görmədiyi qayğını yeni evindəkilər ona öyrədir. Əmanət edildiyi evi, öz evindən daha çox sevir. Öz evinə geri döndükdən sonra, əslində, bir ailə olmadıqlarını hiss edir.  Bir uşağın ailə hissini öz ailəsində öyrənməməsi nə qədər ağır bir hissdir elə deyil? 

Bir övlad üçün, xüsusilə də qız uşağı üçün atanın verdiyi sevgi, qayğı o qədər mühüm birşeydir ki... Bir qız o hissələrdən uzaq olduqda, böyüdükdə belə daima bir yanı boş olur. Daima o hissi doldurmağa çalışır. Və bu kiçik qız yeni evində olandan sonra o hissi – ata qayğısını yaşayır. Amma təəssüf ki,özdoğma atasından deyil, başqa biri tərəfindən...

Atası onun heç orda qorxacağını, özünü tək hiss edəcəyini düşünmədən onu orda qoyur və sağollaşmadan gedir. Hətta bir hissədə qız öz-özünə deyir:

 “Qorxuram demək istəyirəm, ama deməyə qorxuram”

Ailə düşünürdü ki, evə yeni bir uşaq da qatılacaq. Bu zaman ərzində, ən azından digər övladlarından birinin bir müddətliyinə getməsi yaxşı olar. Bəli, onların yeni bir övladları da olacaqdı deyə, ailənin vəziyyətinin yaxşılaşması üçün bir uşaqlarını bir müddətlik başqa bir evə əmanət olaraq göndərmişdilər. Bəs o uşağın keçirdiyi hisslər? Yeni gələcək olan uşağı düşünürdülər, amma hazırda dünyada olan uşaqlarını yox...

Buna görə də “ev” və “yuva” sözlərini eyni götürmək olmaz. O ailə bəlkə, ev ola bilərdi, amma, yuva əsla...

Siz siz olun, bir ev olmaqdan əvvəl, yuva olmağa çalışın...

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

 

Çərşənbə, 02 İyul 2025 08:26

Xalq şairi Osman Sarıvəllinin anım günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əgər bir şairin azı bir şeiri dillər əzbəri oldusa, demək o şair tarixdə qalacaq.  Xalq şairi Osman Sarıvəllinin ən məşhur şeirlərindən olan “Günah onun özündədir” şeiri də dillər əzbəri statusunda olan şeirdir.

 

Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.

Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.

Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında,
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir.

Baxan kimi sərraf gözün,
Təmtəraqlı yalan sözün
Canı yoxdur, dedin özün,
Məna sözün düzündədir.

 

Zaya getməz alın tərin,
Bir gün bitər şah əsərin,
Arzuların, diləklərin
Hələ sənin gözündədir.

Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.

Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa
Günah onun özündədir.

Azərbaycan SSR xalq şairi Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

 

1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji texnikumunda müəllim, Bakı Teatr texnikumunda müdir, Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

 

Ədəbi yaradıcılığına 1933-ci ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunub.

 

Kitabları

 

- Dəmir sətirlərim

- Bənövşə

- Şairin hədiyyəsi

- Gətir, oğlum, gətir

- Gənclik eşqi

- Bahar çiçəkləri

- Yeni dünyanın qapısı

- İqlimdən-iqlimə

- Sabahı yaradanlar

- Seçilmiş əsərləri (üç cilddə)

- Hər kim yüz il yaşamasa

- Mən sabaha gedirəm

 

Təltifləri

 

1. "Azərbaycan SSR xalq şairi" fəxri adı

2. "Oktyabr İnqilabı" ordeni

3. "Qırmızı Əmək Bayrağı" ordeni

4. "Xalqlar Dostluğu" ordeni

5. "Şərəf nişanı" ordeni

6. "Əməkdə fərqlənməyə görə" medalı

 

Sman Sarıvəlli 1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

(Dünən Bakı növbəti dəfə Bakılılar Gününü qeyd etdi)

 

Bəzən düşünürəm, doğulduğum yerin adı sadəcə "Bakı" deyil. O həm də mənim uşaqlığımın səsi, gəncliyimə şahid olan küçələr, içimdə külək kimi əsən duyğular, çayla yoğrulan səmimi söhbətlər, filarmoniyanın kölgəsində qurulan arzular...

 

Bakılı olmaq – bu şəhərin küçələrində itməkdən qorxmamaq deməkdir. Bilirsən ki, hansısa binanın dalından dönəndə ya tanış bir simaya rast gələcəksən, ya da tanımadığın biri sənə elə doğma baxacaq ki, sanki illərin qonşususunuz. Bu şəhər belədir – yadları doğmalaşdırır, doğmaları da ömürlük yadda saxlayır.

Mən Bakını çox sevirəm. Amma düzünü deyim, bu sevgini dənizdən və ya bulvardan başlamıram. Mənim üçün Bakı – nənəmin yaşadığı binanın daş divarlarıdır. Qapının ağzında dayanan qonşuların "qızım, hardasan, itmişdin?" sualıdır. Bir də uşaqlıqda səhər saat 7-də açılan pəncərədən içəri girən təndir çörəyi qoxusudur.

Bakılı olmaq – təkcə şəhərdə yaşamaq deyil. Bu, bir dil, bir davranış, bir ruh halıdır.

Bakılı söhbətə girəndə sözə yumor qatmadan keçməz. "Nətəri" deməyi var e, onun içində həm "necəsən", həm də "özünü necə hiss edirsən" var.

Bakılı olmaq – bu şəhərin küləyinə inad gülümsəmək, çətinliyə yumorla cavab vermək, hər vəziyyətdə bir zarafat tapa bilmək deməkdir. Biz bəzən özümüzə gülsək də, heç vaxt bu şəhəri tənqidə qurban vermərik. Çünki Bakı bizim evimizdir.

Amma Bakı təkcə şəhər deyil...

Bakı və onun kəndləri – unudulmaz bir nağıldır.

Bu şəhərin ürəyi onun kəndlərində döyünür: Bilgəh, Mərdəkan, Nardaran, Buzovna, Pirşağı, Şüvəlan, Hövsan… və əlbəttə, inzibati baxımdan Bakıdan ayırıb Abşeron rayonuna aid edilsə də ruhən Bakı kəndi olaraq qalan Novxanı. Hər biri bir tarix, bir adət, bir nəfəsdir.

Bilgəh – dənizlə çinar ağaclarının söhbət etdiyi, bağlarında yaz axşamı qoxusu gələn kənd...

Mərdəkan – şairlərin ilhamı, şəbnəmli səhərlərin beşiyi...

Nardaran – mənəviyyatla yoğrulmuş, öz adət-ənənələrini nəsildən-nəslə ötürən müqəddəs bir torpaq...

Şüvəlanın çörəyi, Buzovnanın dənizi, Hövsanın təzə balığı – bunlar sadəcə yemək deyil, xatirədir, həyat tərzidir.

Və Novxanı...

Mənim yaddaşımda o kəndin xüsusi yeri var. Orda bir ev var – iki mərtəbəli, həyətində meyvə ağacları, o ağacların kölgəsində nənəmin səsi. Orda bir ailə sığışırdı bir həyətə – babam, nənəm, əmim, onun övladları... Orda uşaqlığın səsi hələ də divarlarda qalır.

Novxanı həm sakitliyin, həm əsilli-bəsli insanların, həm də əsl kənd təəssübkeşliyinin simvoludur.

Təndir çörəyi burda başqa cür qoxar. Həyətdə samovar qaynayanda, qonşununr uşaqları da çaya çağrılar. Hər şey bölünərdi, amma sevgi heç vaxt azalmazdı.

Bu kəndlərin insanları başqa cür baxar. Onlar həmişə qapılarını açıq saxlayar, çünki qonaq həm Allahın, həm insanın əzizidir. Hər qonaqlıqda mütləq samovarın yanında söhbət, bir zarafat, bir də duzlu pendir olur. Onlar sakit danışar, amma dərin hiss edər.

Ən əsası – bu kəndlər Bakıdan ayrılmaz. Bakı onların qüruru, onlar Bakının ruhudur. Kəndlərsiz Bakı – səsi olmayan mahnı, çayı olmayan səhər kimidir.

Və ötən gün – Bakılılar Günü – sadəcə bir təqvim tarixindən ibarət deyildi. O       gün xatirələrin, məhəllələrin, balkonlardan sallaşan paltarların, zəngli qapıların, binaların çürümüş damlarında oynayan uşaqların, qəlyanaltıdan gələn çay səsinin günüydü.

Ən doğma dildə deyirəm –

Əgər bu şəhərdə doğulmusan, ya da bir gün bu şəhərdə ürəyin qalıbsa, sən də Bakılısan.

Ona görə, gəlin Bakılılar günündə bir az yavaş gedək küçələrdə. Bəlkə içimizdə unudulmuş bir xatirəylə rastlaşarıq.

Bəlkə də bu şəhərin qürurlu çiynindəki damcı bizim də gözümüzdən axar…

 

Bakılı olmaq – şəhəri yaşamaq deyil, onu içində daşımaqdır.

Günümüz mübarək, Bakı!

Səni yaşadanların, səndə yaşadanların adına…

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

 

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirilir. Saxta ittihamla 5 azərbaycanlıya evlərində yatdıqları yerdə basqın edib döyərək öldürən FSB qatilləri dünən Uralda Azərbaycan Diasporunun sədri Şahin Şıxlınskini vəhşicəsinə avtomobilindən yerə yıxaraq döyərək naməlum istiqamətə aparmış, buna “şahid qismində dindirilmə” adı qoymuşlar. Söz tapmaq çətindir. Bu vəhşiliyi edənlər gözgörəsi azərbaycanlılara qarşı nifrət sərgiləyirlər.

Hər bir taleyüklü məsələdə fikir bildirən, səs ucaldan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verən olaylara dərhal münasibət bildiribdir.

“Ədəbiyyat və incəsənət” portalı Cəlil Xəlilovun bəyanatını diqqətinizə çatdırır.

 

 

Təyyarə olayından sonra Yekaterinburqda baş verənlər Rusiyanın hüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışının sübutudur.

Mülki insanların elə öz evlərindəcə güc orqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanın hüquq anlayışından imtina etdiyini göstərir.

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların ailəsinə edilən hücum və bu hücum zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyən şəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adına böyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinki müasir dünyamızda, hətta Stalin dönəmində belə insanların məhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi baş verməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cür biabırçı və antihumanist hallara rast gəlirik ki, bu da təəssüf və ikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv, şovinist siyasətinin göstəricisidir və bütün hallarda qəbuledilməzdir.

İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz qalan, ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycan dövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradan Rusiyaya yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlət qurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdilər. Lakin bu hadisənin üstündən qısa zaman sonra Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmi Kremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığı nankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarını ölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar güc orqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi.

Ötən ilin təyyarə olayından sonra Rusiyanın azərbaycanlılar əleyhinə yeni, ölümcül bir addıma imza atması Kremlin məqsədli siyasətindən xəbər verir. 25 dekabr 2024-cü il tarixində AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı hadisənin üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ də müqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində konkret addımlar atmayıb. Təyyarə olayının ardınca 27 iyun 2025-ci il tarixində Yekaterinburqda polis basqını zamanı heç bir müqavimət göstərməyən 5 azərbaycanlının qətlə yetirilməsi, xeyli sayda soydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburq olayı ilə bağlı obyektiv araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuz zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olay Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və gələcəyinə mənfi mənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olan inamı ortadan qaldıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

74 -dən səhifə 2354

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.