
Super User
Hədəf Liseyi Stars Campus açıldı
Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Liseyi 2025 – 2026-cı tədris ili üçün yeni və fərqli formatda “Stars Campus”unu təqdim edir.
“Ədəbiyyat və incəsənət” portalına Liseydən verilən məlumata görə, Bakıxanov qəsəbəsində açılacaq yeni kampusda beynəlxalq təhsil proqramı əsasında tədris aparılır.
Burada təhsil “bilingual” yanaşma ilə (Azərbaycan-ingilis, rus-ingilis) ingilis dilli tədris isə IB (International Baccalaureate – beynəlxalq bakalavriat) əsaslıdır. Təhsildə “bilingual” yanaşma (ikidilli yanaşma) tədrisin iki dildə: əsas tədris dili və xarici dildə aparılması metodudur. Bu yanaşmanın məqsədi həm mövzu üzrə biliklərin, həm də dil bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsidir. “Bilingual” yanaşmanın məqsədi şagirdlərə çoxdilli dünyada uğurlu olmaq üçün zəmin yaratmaq, ikinci dildə sərbəst danışmaq, yazmaq, oxumaq və anlamaq bacarıqlarını inkişaf etdirmək, mədəniyyətlərarası anlayış, tolerantlıq formalaşdırmaqdır. Burada məqsəd həm də bölmə anlayışına “yox” deməkdir. Şagird hansısa bölmədə yox, ikidilli təhsilin köməyi ilə həm Azərbaycan və rus dilinə, həm də beynəlxalq ingilis dilinə hakim olacaq.
Hədəf Liseyi “Stars Campus”unda məktəbəqədər və “bilingual” yanaşma ilə (Azərbaycan, rus, ingilis) 1 – 8-ci sinif şagirdləri təhsil ala bilərlər.
İngilisdilli təhsil IB əsaslı olacaq və ilkin mərhələdə 3 – 12 yaşlı şagirdləri əhatə edəcək. Bu proqram şagirdlərin akademik, sosial və emosional baxımdan balanslı inkişafını hədəfləyir. Dünyanın bir çox ölkəsində universitetlər tərəfindən yüksək səviyyədə tanınır və qəbul olunur.
Hədəf Liseyi Stars Campusunun əsas üstünlükləri rəhbər və komanda heyətinin 20 ildən artıq tədris təcrübəsinə malik olması, innovativ yanaşma, təhsilanlara fərdi münasibət, onlayn idarəetmə sistemi, təhsilalanların davamlı analitik və akademik müşahidəsidir. Buradakı siniflərdə maksimum 16 şagird qruplaşdırılır, valideynlərə günlük, həftəlik, aylıq məlumatlar LMS və SMLS sistemləri vasitəsi ilə göndərilir. Hədəf Liseyi “Stars Campus”u “Hədəf konsepti” əsasında idarə olunur.
Hədəf Liseyi “Stars Campus”u bir çox xidmətlər təklif edir. Burada təhsil milli və beynəlxalq kurikulumlara əsaslanır, üstəlik, şagirdlər iki dildə təhsil alırlar.
Xatırladaq ki, Hədəf Liseyi Azərbaycanın ilk və hələ ki yeganə STEAM əsaslı məktəbidir. Hədəf Liseyi STEAM akreditasiyasına sahibdir. STEAM əsaslı yanaşma “Stars Campus”unda da davam etdirilir. Yüksək texnologiyalarla təchiz olunmuş STEAM, Texnologiya, İnformatika kabinetləri bu yanaşmanı həyata keçirmək üçün şərait yaradır.
Əlavə olaraq aşağıdakı xidmətlər də təmin edilir:
- Məktəbli geyimləri – tam dəst olaraq bütün məktəblilər yay-qış geyimləri ilə təmin olunurlar.
- Qidalanma – məktəbəqədər siniflərdə oxuyanlar gündə 5 dəfə, 1-8-ci siniflərdə oxuyanlar isə gündə 3 dəfə qidalanırlar.
- Dərsliklər – bütün dərsliklər, əlavə çalışma kitabları və tapşırıq topluları məktəb tərəfindən verilir.
Bundan əlavə, ödənişsiz dərnəklər, klublar fəaliyyət göstərir.
Həmçinin sınaq imtahanları, monitorinqlər, psixoloji dəstək, konsultasiyalar, görüşlər, olimpiadalarda, yarışlarda iştirak və s. lisey tərəfindən təşkil olunur.
Hədəf Stars Campusunda tam təmirli və təchizatlı sinif otaqları ilə yanaşı STEAM otağı, aerokosmik dərs otağı, robot müəllim sinfi, informatika, kimya, biologiya, fizika kabinetləri, Dədə Qorqud çadırı, geniş futbol stadionu, üzgüçülük hovuzu, uşaqlar üçün əyləncə parkı və s. var.
Hədəf Liseyi “Stars Campus”u, STEAM akreditasiya, Cambridge Assessment International Education (CIE), International Baccalaureate, College Board, Nesibe Aydın Okulları, Harper Collins Publishers, European Schoolnet, Fisherteknik, Serçe akademi, Eschool, ELTA, Naturagiyim, Skool21 kimi qabaqcıl və qlobal şirkətlərlə əməkdaşlıq edir.
Qeyd edək ki, Hədəf Liseyi “Stars Campus”unun açılışına özəl olaraq 1 iyun tarixinə qədər qeydiyyatdan keçənlərə 20 % güzəşt tətbiq ediləcək.
Əlaqə: +994 12 311 15 20
Ünvan: Bakıxanov qəs., Bəşir Bünyadov küç., 3 ( “Koroğlu” m/s yaxınlığı)
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
BU GÜN Mövsümün əsas moda hadisəsi — Baku Fashion Week başlayır.
Bakıda inanılmaz bir moda hadisəsi yaşanacaq - Baku Fashion Week!
Bakı Konqres Mərkəzində bu gündən - 16 maydan etibarən 3 gün - 18 may tarixinədək seyrçilər dünya modasının çağdaş durumu atmosferində olacaqlar.
Onlar 2025–2026 payız/qış kolleksiyalarını, tanınmış və yeni dizaynerlərin nümayişlərini, xüsusi quraşdırılmış showroom-ları, fəaliyyət zonalarını və moda sənayesinin unudulmaz atmosferini yaşayacaqlar.
Tədbir bölgənin ən müasir və simvolik məkanlarından biri olan Bakı Konqres Mərkəzində keçirilməsi də rəmzidir. Bakıda moda tarixinin yeni dövrünün bir hissəsi olmaq fürsətini seyrçilərə məhz bu məkan yaratmağa qadirdir.
“Ədəbiyyat və incəsənət” portalı tədbirin öroqramını fəqdim edir:
16 MAY EMRE ERDEMOGLU (Türkiyə) CONFIDANCE (Azərbaycan) UVENTA (Azərbaycan)
17 MAY SAINT ASLAN (Azərbaycan) DADA’S (Azərbaycan) CIHAN NACAR (Türkiyə) TUVA (Azərbaycan)
18 MAY ZHIWJ (Tacikistan) FİDAN SADİQ (Azərbaycan) CHOVGHUN (Azərbaycan)
Başlanğıc: saat:18:00–22:00
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
TƏLƏBƏ YARADICILIĞI – Rahil Tahirlinin yaradıcılığına baxış
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərlə görüşən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, Gənc yazarlar və ədəbiyyatşünaslar klubunun üzvü Firuzə Quliyevadır.
Bu dəfə mövzu ədəbi tənqiddir.
Rahil Tahirlinin şeirləri insanı öz aynasından baxmağa sövq edir. Qəlb dünyasına səyahətə çıxarır. “ Aynadakı adam” şeirlər kitabı sadəcə kitab deyil. Könlümüzdən keçən arzular, xəyallar və həyatımızdır.
Rahil Tahirlinin “Xoşbəxtlik əlimdə sabun kimiymiş” şeirinin təhlilinə nəzər saldıqda lirik qəhrəman ümidsiz olduğunu görürük. ”Yüz bir” ifadəsi onu göstərir ki, sanki artıq heç nə dəyişməyəcək, heç bir gözlənti qalmayıb. “Sən saydığını say, gör fələk nə sayır” ifadəsini işlətsək düzgün olar. Bəxtin ilan kimi çalması obrazı həyatdakı ağrılı təcrübələri, gözlənilməz və zərərverici hadisələr yaşadığını göstərir.
Lirik qəhrəman bəxtin həm “ağ”, həm də “qara” tərəfinə lənət oxuyur, çünki hər iki halda son nəticə dəyişmir — acı, ağrıdan başqa heçnə qalmır. Dünyanın ədalətsizliyindən şikayət var. Dünya heç bir dəfə güzəştə getməyib, yəni heç bir mərhəmət göstərməyib. Öz günahlarını gizlədib, lakin buna baxmayaraq, daim cəzalanıb. “Şillə” yediyini deyir. Hər zaman etdiyi yaxşılıqlara görə günahkar seçilib. ”Öyrəşdim” və “gözlədim” sözləri isə bu ağrının artıq norma halına gəldiyini göstərir. Bu da həyat qarşısında çarəsiz olmağın göstəricisidir. “Qismət” – yəni bir fürsət gəlsə də, bu da qalıcı olmur. “Ayaqüstü görüş” ifadəsi bu fürsətin ötəri, dəyərsiz və tələsik olduğunu bildirir. O da sevdiklərimiz kimi uçub gedir əlimizdən. Heçnə daim bizimlə qalmır. Sonda insanın nə qədər çalışsa da, sevdiyi heç nəyi saxlaya bilmədiyi, onun əlindən çıxıb getdiyi göstərilib. Sadəcə lirik qəhrəman yox, bəzən bizlər də həyatla, yaşadıqlarımızla barışmalı oluruq. Bu ifadələr həyata təslimiyyətdir. Sabun kimi sürüşkən, nəzarətsizdir. Bərk sıxmaq belə çarə etmir. Ovcunda kəpənək tutduğunu düşün. Çox sıxsan ölər, boş tutsan uçub gedər. Hər şey yerində və qədərində olmalıdır. Rahil Tahirli sadə, lakin təsirli obrazlarla insanın həyatla mübarizəsini ifadə edib. Şeirdəki hər bir bənd lirik qəhrəmanın həyatın ağırlığı altında necə əzildiyini göstərir və ən böyük mesaj budur: Bəzən ən çox istədiyin qorumağa çalışdığın anda da əlindən çıxıb gedə bilər. İnsan həyatının mənası çox zaman hər şeyin axtarışında gizlənir. Hər kəs bu duyğunu fərqli şəkildə hiss edir və müxtəlif yollarla ona çatmağa çalışır. Bəziləri üçün hər şey bir anlıq gülümsəmə, digərləri üçün isə uzun illərin rahatlığıdır. Bəzi duyğular vardır ki, nə qədər istəsək də, onları zorla saxlamaq mümkün olmur. İnsan bəxtə, taleyə nə qədər inanırsa inansın, həyat həmişə gözlənildiyi kimi getmir. Ümidlər, arzular, planlar bəzən bir anda çökə bilir. Həyatın bu qarışıqlığında özünü təslim edirsən bəzən. Lirik qəhrəmanın şeirləri özünə, özü isə şeirlərə təslim oldugu kimi...
“ Yaşayıram...
Ruhum bir edam havasına yaşayan kimi.” Pisi və yaxşısı ilə bu həyat davam edir. Amma ” Biz şairlərə isə sadəcə şeirdə hissləri yaşamaq qalır.” Belə deyir Firuzə Quliyeva.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Şair Etibar Vəliyevin doğum günüdür
Gün gələcək görəcəksən, qiyamətdə, qiyamətdir.
Namaz qılmaq, səcdə etmək, Allaha bir itaətdir.
Tanrı bizi xəlq eyləyib, təbib nədir, loğman nədir.
Dərdimizə çarə varsa, İlahidən şəhadətdir.
Etibar Vəliyev (Sev Allah'ı)
Bir illik Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Etibar Vəliyevin doğum günüdür.
O, 1963-cü il mayın 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1978-ci ildə Lənkəran rayonunun Ləj kənd məktəbini bitirmişdir. 1978–1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda "kənd təsərrufatı istehsalatında mühasibat uçotu" ixtisası üzrə təhsil alıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1986–1992-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında "Kənd təsərrufatının iqtisadiyyatı və təşkili" ixtisası üzrə təhsil alıb, iqtisadçı ixtisasına yiyələnmişdir.
Lənkəran rayonunun "Puşkin", "Oktyabrın 60 illiyi" sovxozlarında iqtisadçı və Lənkəran "5 №-li çay fabriki"ndə baş mühasib, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi — baş əmək müfəttişi vəzifəsində çalışıb.
Məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş. Yüzlərlə müxtəlif şeirlərin müəllifidir. İlk şeiri indiki "Lənkəran" qəzetində çap olunub. 2006-cı ildən "Məşəl" ədəbi-bədii, elmi-publisistik jurnalında məsul katib, 2018-ci ildən isə baş redaktor müavini kimi fəaliyyət göstərir.
Kitabları
1. "Görüşə Gəl" (şeirlər)
2. "Baxmağa Dəyər" (şeirlər)
3. "Mənim Duyğum" (şeirlər)
4. "Ürəyimdə döyünən vətən" (şeirlər)
5. "Analı dünyam" (şeirlər)
6. "Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları" (həmmüəlliflə)
Mükafatları
- Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" mükafatı
- Azərbaycan Prezidentini illik təqaüdü
- Azərbaycan Yazıçılar Birliyinin Fəxri fərmanı
- Azərbaycan Beynəlxalq Rəsul Rza mükafatı
- Azərbaycan "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Gənclər Kitabxanasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanır
2025-ci ildə Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq materiallar hazırlanır.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən biblioqrafik icmalda bəstəkarın həyat və fəaliyyəti haqqında geniş məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, “Milli musiqimizi yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyov” adlı məqalənin tam mətni təqdim edilir. Biblioqrafik icmalda dahi bəstəkarın not, səs yazmalarının, müəllifi olduğu və haqqında yazılan məqalələrin siyahısı ilə yanaşı “Azərbaycan xalq musiqisinin əsasları”, “Üzeyir Hacıbəyli xatirələrdə”,“Fitnələr qarşısında”, “Akademik Üzeyir Hacıbəyli: yanan ürəyin aydınlığa çıxaran sənət, ”“Komediyalar və yumoristik miniatürlər”, “Üzeyir Hacıbəyli arxivinin təsviri”, “Arşın mal alan-100” “Üzeyir Hacıbəylinin yaradıcılığında xor musiqisi” kimi 40-a yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası da yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”“, Fotoqalereya” bölmələri, Üzeyir Hacıbəylinin kitablarının virtual sərgisi də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
“İrsi və dəyərləri ilə Heydər Əliyev” adlı esse müsabiqəsinin yekun mərhələsi keçirilib
14 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 12-16 yaşlı məktəblilər arasında “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsinin yekun mərhələsi baş tutub. Müsabiqəyə Bakı şəhəri və digər bölgələrdən bir sıra ümumtəhsil məktəblərinin şagirdləri esselərini təqdim ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, aprelin 15-də elan olunmuş müsabiqəyə ümumilikdə 60 məktəb müraciət edib, yalnız 20 məktəb müsabiqə şərtlərini müvəffəqiyyətlə yerinə yetirərək yekun mərhələyə keçid edib. 32 şagird təqdim etdiyi esse ilə bu mərhələdə iştirak etmək hüququ qazanıb.
Yazı müsabiqəsinə təqdim olunan esselərdə iştirakçılar Heydər Əliyevin Azərbaycanın inkişafında həyata keçirtdiyi misilsiz rol, onun dövlətçilik fəlsəfəsi və milli irsin qorunması istiqamətində gördüyü əvəzsiz işlər barədə dərin fikirlərini qələmə alıblar. Şagirdlərin yazılarında Ulu Öndərin parlaq şəxsiyyəti, uzaqgörən siyasəti və Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətləri böyük ustalıqla təsvir olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kitabxananın əməkdaşı tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız üçün əvəzsiz xidmətlərindən bəhs edən geniş məruzə təqdim edilib.
Müsabiqənin nəticələrinə əsasən, I yerə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Mikayıllı Ləman, II yerə 247 saylı tam orta məktəbin şagirdi Fəttahova Fidan, III yerə isə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdi Bəhruzlu Əzizə layiq görülüblər. Qaliblər “Böyük Azərbaycanlı” və “Lider” adlı kitablarla, diplomlarla və müxtəlif hədiyyələrlə təltif olunublar. Eyni zamanda, müsabiqədə iştirak edən digər şagirdlər də fəallıqlarına görə təşəkkürnamələr, kitablar və “Göy Qurşağı” uşaq jurnalı ilə mükafatlandırılıblar.
Həmçinin tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, iştirakçıların esseləri əsasında virtual istifadəçilər üçün hazırlanan elektron - məlumat baza təqdim edilib.
Müsabiqənin məqsədi yeniyetmələr arasında Heydər Əliyevin zəngin irsini və milli dəyərlərə verdiyi töhfəni daha da dərindən tanıtmaq, onların fikirlərini ifadə etməyə imkan yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Qədim türk yazılı abidələrində təbiət hadisələrinin təsviri
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində sizlərə qədim türklərin təbiət hadisələrinə münasibətləri barədə danışacağıq.
Qədim türk yazılı abidələri, türk mədəniyyətinin dərin təfəkkürünü, dünyagörüşünü və təbiətlə əlaqəsini əks etdirən zəngin mətnlərdir. Bu abidələr, təbiət hadisələrinin insanların gündəlik həyatında necə dərk edildiyini, təbiət güclərinin insan həyatına təsirini və bu hadisələrin mədəni və dini məna daşımasını ortaya qoyur. Təbiət hadisələri qədim türk yazılı abidələrində çox vaxt semantik baxımdan çoxşaxəli şəkildə təsvir olunur. Bu yazıda, qədim türk yazılı abidələrində təbiət hadisələrinin semantik strukturu və onların mədəniyyətşünaslıq baxımından əhəmiyyəti araşdırılacaqdır.
1. Təbiət hadisələrinin semantik təsviri
Qədim türk yazılı abidələrində təbiət hadisələri, çox vaxt insanın daxili dünyası, sosial münasibətləri və tanrılarla əlaqələri ilə əlaqələndirilir. Təbiət hadisələri və onların semantik strukturu bir neçə əsas məfhumda toplanır:
1.1. Təbii güclər və Tanrıların rolu. Türk xalqlarının qədim inanc sistemində təbiət hadisələri yalnız fiziki fenomenlər deyil, həm də ilahi güclərin təzahürləri kimi qəbul edilirdi. Tengri inancında, göy Tanrısı (Tengri) və yerin digər gücləri təbiət hadisələrinə nəzarət edirdi. Bu hadisələr, təbiətin gücünü, nizamını və insanlarla əlaqəsini simvolizə edirdi.
- Yağış: Yağış, bəzən Tanrının insanların xeyrinə bir əlamət olaraq görülürdü. Yağışın yağması, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan türk toplumlarında bolluq və həyatın davam etməsinin təzahürü idi.
- Qasırğa və tufanlar: Təbiət hadisələrindəki tufanlar və qasırğalar, Tanrıların qəzəbinin təzahürləri olaraq şərh edilirdi. Bu cür hadisələr, cəmiyyətin pis əməlləri nəticəsində baş verən qəzalar kimi görülür və insanlara xəbərdarlıq edirdi.
1.2. Təbiət və insan münasibətləri. Qədim türk yazılı abidələrində təbiət hadisələri, insanın daxili dünyası ilə də əlaqələndirilir. Təbiət hadisələri, insanların daxili təcrübələrinin əks olunması, ruh halının və emosiyaların təzahürü kimi təqdim edilir.
- Günəşin doğuşu və batışı: Günəşin doğuşu və batışı çox vaxt həyatın dövriliyini və insanın həyat yolunun təmsilini simvolizə edirdi. Günəşin yüksəlməsi və batması, həyatın başlanğıcı və sonu kimi qəbul edilirdi.
- Ay: Ay, qadınlıq və təbiətin sirrini təmsil edirdi. Qədim türk yazılı abidələrində, ayın dövrü, qadınların dövrü ilə əlaqələndirilir və təbiətin dövriyyəsi ilə birgə həm təbiət, həm də sosial həyatın yenilənməsi simvolu olaraq qəbul edilir.
1.3. Təbiət hadisələrinin sosial və mədəni yönləri.Təbiət hadisələri, yalnız təbiətlə əlaqəli bir hadisə deyil, həm də insanların sosial və mədəni həyatı ilə bağlı əhəmiyyətli mənalar daşır. Qədim türk xalqının təbiət hadisələrinə verdiyi semantik mənalar, onların mədəni dəyərlərini və həyat fəlsəfələrini əks etdirir.
- Göl və çaylar: Göl və çaylar, həm təbiətin gözəlliyini simvolizə edir, həm də səyahət, ticarət və əlaqə vasitəsi kimi sosial funksiyalar daşıyır. Bu su hövzələrinin mədəniyyətin bir hissəsi olaraq qəbul edilməsi, qədim türk xalqlarının suya olan xüsusi münasibətini göstərir.
- Dağlar: Qədim türk mifologiyasında dağlar müqəddəs və ilahi güclərin məkanı olaraq qəbul edilir. Dağlar, həm də insanların mübarizəsini və qələbəsini simvollaşdırır, həmçinin Tanrı ilə əlaqənin qurulmasında mühüm rol oynayır.
2. Təbiət hadisələrinin semantik strukturunun təsvirində əfsanə və mifologiyanın rolu
Qədim türk yazılı abidələrində təbiət hadisələrinin semantik strukturu çox vaxt əfsanələr və mifologiyalarla əlaqələndirilir. Bu hadisələr, həm də bir çox zaman təsvir edilən obrazlar və simvollar vasitəsilə xalqın inancları və təbiətə baxışını göstərir.
2.1. Dağlar və təbiət rəngləri. Türk mifologiyasında dağlar, Tanrının və müqəddəs varlıqların yeri olaraq təqdim edilir. Bu dağlar həm də əfsanələrin əsas məkanıdır. Dağlarda baş verən hadisələr, təbiətin gücünün və insanın qələbə qazandığı mübarizənin təzahürü kimi qəbul edilir.
- Dağlar və Tanrıların əlaqəsi: Dağlar, Tanrıların və müqəddəs varlıqların məskəni kimi qəbul edilir. Həmçinin, bu dağlar, insanın Tanrı ilə əlaqə qurduğu yerlər olaraq görülür və bu simvolik mənalarla əlaqələndirilir.
2.2. Tufan və yağışın semantik anlamı. Türk mifologiyasına görə, tufanlar və ya böyük fəlakətlər, Tanrıların qəzəbi və insanların etdiyi pis əməllər nəticəsində baş verən hadisələrdir. Bu cür təbiət hadisələri, həm də insanların həyatını yeniləyən, təmizləyən bir simvol kimi qəbul edilir.
- Tufan: Tufan, həm qorxu və tələblərin simvolu, həm də yeniləşmə və təmizlənmə mərhələsi olaraq təfsir edilirdi. Bu hadisə, bir tərəfdən Tanrıların cəzalandırıcı rolunu simvollaşdırır, digər tərəfdən isə insanlara qarşılıqlı əlaqələrdəki ədalətsizlikləri aşkar etməyə xidmət edirdi.
Nəticə.Qədim türk yazılı abidələrində təbiət hadisələrinin semantik strukturu, yalnız fiziki fenomenləri təsvir etməklə kifayətlənmir. Bu hadisələr, həm də insanların həyat tərzini, inanclarını və kosmosla əlaqələrini əks etdirir. Təbiət hadisələri, türk mədəniyyətində ilahi güclərlə əlaqəli, insanın daxili dünyasının təzahürü olan və sosial həyatı formalaşdıran əhəmiyyətli bir simvolik yük daşıyır. Bu hadisələrin semantik təhlili, həm türk mifologiyasını, həm də qədim türk toplumunun təbiətə və Tanrıya olan münasibətini daha yaxşı anlamağa imkan verir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
“Elmi dost tutun, oxuyun, öyrənin” – Özbəkistanın Xalq yazıçısı Məhəmməd Əli ilə MÜSAHİBƏ
Cahangir Nomozov, Özbəkistan. “Ədəbiyyat və incəsənət” üçün
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Türk mədəniyyəti xadimlərini Azərbaycanda tanıdaq layihəsindəyik.
Özbəkistanın Xalq yazıçısı, şair, tərcüməçi və alim, özbək xalqının məşhur yazıçısı, çoxsaylı tarixi romanları ilə tanınan Məhəmməd Əli qonağımızdır.
Söhbətimiz onun uşaqlıq illərindən, ədəbiyyat dünyasından, böyük Teymurilərin tarixindən, tarixi romanların yazılması prosesindəki məsuliyyətlərindən, çətinliklərindən getdi.
—İnsanın həyatında uşaqlıq illərinin, xatirələrinin xüsusi yeri var.
O illəri necə xatırlayırsınız?
—Uşaqlığım Mərkəzi Fərqanənin göbəyində, Avlokun “Beşkal” kəndində keçib.
Mən bu kənddə doğulmuşam. Dörd tərəf də səhra idi. İndi o torpaqlar Böston rayonu adlanır. Mən burada məktəbdə oxumuşam. İki il birinci sinifdə oxumuşam.
Mən altı yaşımdan məktəbə getmişəm. Ona görə də təməl möhkəmdir.
1959-cu ildə Daşkənd vilayətinin Bekabad rayonundakı Əlişir Nəvai adına məktəbi bitirmişəm.
— Tələbə olduğumuz zamanlardan müəyyən bir peşəni sevir və arzulayırıq. Heç şair və ya yazıçı olmaq arzusunda olmusunuzmu?
— Şeir yazmağa 3-cü sinifdə oxuyandan başlamışam. O zaman məndə güclü inam var idi ki, mən mütləq şair, yazıçı olacağam. Bu mənim ən böyük arzum idi.
— Mütaliəyə, ədəbiyyata sevginizi oyandıran ilk əsər hansı olub?
— Məncə, ulu nənəm Hosiyyət-otinin uşaq vaxtı mənə oxuduğu kitablar olmalıdır: Yasəvi Hikmətəli, “Nurinoma”, “Məlikayi Dilorom” kimi əsərlər. Üçüncü sinifdə oxuyanda ailəmizdə Erqaş Cumanbülbülün oğlunun söylədiyi “Küntuğmuş” dastanını oxuduğumu xatırlayıram... Mən 4-cü sinifdə oxuyanda atam Muxtar Auezovun “Abay” romanını səfərdən gətirmişdi, oxudum.
—Məktəb illərinizin ən yadda qalan günündən danışsanız...
— 8-ci sinifdə oxuyurdum, “Var dostum” adlı ilk şeirim “Qızıl Özbəkistan” qəzetində (17 fevral 1957-ci il sayında) dərc olunub. O gün mənim üçün
unudulmaz bir gün idi.
— Ustadlarınızdan öyrəndiyiniz ən yaxşı keyfiyyətlər...
— Çalışın, oxumaqdan, yaxşılıq etməkdən, insanlara kömək etməkdən, irəliləməkdən və səy göstərməkdən heç vaxt əl çəkməyin...
— Eyni zamanda şair, yazıçı, tərcüməçi, alim kimi işləmək çətin deyilmi?
—Mənim üçün çətin deyil. Çünki hər janrın öz məqsədi, vəzifəsi, tələbi var.
Bu, təbii ki, yazıçının yaradıcılıq arzularından, kifayət qədər elmi biliklərindən asılıdır. Alim kimi də, yaradıcı kimi də insan həmişə axtarışda olur…
---"Nəsr ağır, poeziya sürətlidir ”, deyən məsəllər var. Bu barədə nə düşünürsünüz?
— Belə deyirlər. Düzdür. Nəzm - bir anlıq qığılcım, şimşək, parlayanda tutulan - xoşbəxt. Nəsr gurultulu tonqaldır, poeziya ilə müqayisədə o, geniş obraz və təsvir imkanlarına malikdir, yaradıcının əl-ayağını bağlamır, onu azad edir.
— Teymurilər tarixinə həsr olunmuş romanlarınız oxucular tərəfindən sevilir və öyrənilir. “Böyük səltənət” roman-epopeyanızın yazılması neçə il çəkdi?
Bu epik romanın yazılma prosesini bölüşərsinizmi?
— Epik romanın yazılma prosesi, araşdırmalarım haqqında xüsusi məqalə yazmışdım. Ümumiləşdirsək, “Uluq Sultanat” roman-epopeyası 4 kitabdan ibarətdir, iyirmi il (1993-2013) qələmə alınıb. Bir sözlə, roman yorulmaz və gərgin araşdırmalar nəticəsində yaranıb.
— İndiyə qədər neçə əsər və şeir tərcümə etmisiniz?
— Tərcüməyə yanaşanda ədəbiyyatımızda olmayan janrlarda və ya mövzularda yazılmış əsərləri (əsasən şeiri) seçirəm ki, ədəbiyyatımızı zənginləşdirsin.
Qədim hind eposu “Ramayana”, qaraqalpaqların “Şəhriyor”, “Maspoşho” dastanları, Höte, Robert Börns, Şiller, Bayron, Heyne, Puşkinin, Miskeviç, Lermontov, Abay, Berdaq, Taqor, Rəsul Həmzətov və s.-nin şeir və dastanlarını, dünyanın tanınmış şairlərinin əsərlərini dilimizə tərcümə etmişəm.
— Gənclərə daha çox hansı kitabları oxumağı tövsiyə edirsiniz?
—Gənclərə onları maraqlandıran yaxşı kitabları oxumağı məsləhət görürəm.
— Ədəbiyyat sahəsinə qədəm qoyan yaradıcı gənclərə məsləhətiniz…
— Gənclərə məsləhətim: ilk növbədə qarşınıza böyük məqsəd qoyun, işi sevin, oxuyun, öyrənin, nəticədən asılı olmayaraq başladığınız işi bitirin, tənbəllik sözünü lüğətinizdən çıxarın, heç vaxt ümidinizi itirməyin, deyirəm.
— Sizcə, uğurlu nəticələrin əldə olunmasında ən vacib amillər hansılardır?
— Bilirəm ki, məqsədə doğru getməkdən yorulmadım, yorulmadan oxudum, niyyətimdən əl çəkmədim, böyüklərdən dərs aldım, onların ardınca getdim. Düz yolda olduğuna əmin olduqdan sonra nəticələr də uğurlu olur.
— Mənalı və maraqlı söhbətiniz üçün minnətdaram!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Sumqayıtda Almaniya nümayəndə heyətinin iştirakı ilə konsert proqramı təşkil olunub
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Almaniyanın Lüdviqshafen şəhərindən gəlmiş nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində şəhərdə bir sıra mədəni və ictimai tədbirlər həyata keçirilib. Səfərin ən yaddaqalan anlarından biri Sumqayıt Muğam Mərkəzində təşkil olunmuş konsert proqramı olub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin Tikinti və Ətraf Mühit üzrə mer müavini Aleksandr Tevald, Almaniya nümayəndə heyətinin üzvləri, Sumqayıt şəhərinin ziyalıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Sumqayıtla Lüdviqshafen arasında qurulan əməkdaşlıq yalnız şəhərlərarası münasibətlərlə məhdudlaşmır, eyni zamanda Azərbaycanla Almaniya arasında mədəni, sosial və iqtisadi əməkdaşlığın inkişafına da töhfə verir. Bu səfərin iki xalq arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.
Daha sonra konsert proqramı təqdim olunub. Musiqi axşamında Azərbaycanın klassik və xalq musiqiləri ilə yanaşı, alman bəstəkarlarının əsərləri də səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Sənə bir məktub yazdım... - Poetik qiraətdə Elxan Yurdoğludur
“Ədəbiyyat və incəsənət” portalının Poertik Qiraət rubrikasında Elxan Yurdoğlunun şeir növbəsi davam edir.
Xoş mütaliələr
SƏNƏ BİR MƏKTUB YAZDIM
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
Sənə bir məktub yazdım,
Hər sirrim içindədi –
Oxumaqçün darıxma.
Bir sevda gizlətmişəm,
Hər gün zərfi sığalla,
Mən ölməyincə baxma.
Sənə bir məktub yazdım,
Min məktuba əvəzdi...
Min romana, min şeirə.
Soruşma bu dövrdə
Məktub da hardan çıxdı,
Nə oldu birdən-birə!?
Sənə bir məktub yazdım,
Nədən korluq çəkdimsə,
Səndən umub yazmışam.
Hər cümlədə dolmuşam,
Sıxmışam gözlərimi –
Bərk-bərk yumub yazmışam.
Sənə bir məktub yazdım,
Bir ildi hər gün bir az
Hərf-hərf yazmışam.
Xəttim pisdi, amma ki,
Sənə yazıram deyə,
Elə zərif yazmışam.
Sənə bir məktub yazdım,
Ünvanın yox... Boş qalsın
Zərfin üstündə: Hara...
Bəlkə, uzaqlardasan?
Bəlkə, elə üstünə
Yazım ki: "Uzaqlara".
Sənə bir məktub yazdım,
Bir qərar da vermişəm –
Göndərəcəm hər yana.
Yəqin ki, biri mütləq,
Bir şəkildə çatacaq
Sən yaşayan ünvana.
Sənə bir məktub yazdım,
Çatmasa da, sevənlər
Bir-birinə oxuyar.
Amma səhər yuxudan
Duran kimi bu şeiri
Birinci sən oxu, yar...
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində,
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)