
Super User
Bütün diqqətlər Kəhraba sahilə - KANN KİNOFESTİVALI, 2025
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Mayın 12-də açılan 78-ci Kann Film Festivalı haqlı olaraq tək kinosevərlərin deyil, bütün mədəniyyət xadimlərinin di9qqətini Fransanın Kəhraba sahillərinə yönəldib. Orda nələr baş verir? Suallara cavab almaq üçün Euronews telekanalının köməyi ilə qanadlanıb biz də Kanna virtual səfər edirik.
Məşhur aktyorlar, rejissorlar, ssenaristlər və kino dünyasının nümayəndələri sənayenin ən nüfuzlu illik tədbirlərindən birinə qatılmaq üçün Fransanın cənub-şərqindəki Kann kurort şəhərinə axışırlar
Məşhur aktyor, hamımızın “Bir dəfə Amerikada” filmi ilə sevimlimizə çevrilmiş Robert De Niroya fəxri “Qızıl Palma budağı” mükafatı təqdim olundu.
Növbəti günlər ərzində festivalda Tom Kruzun, Spayk Linin və Ari Asterin Eddinqtonun son filmlərinin böyük premyeraları olacaq.
Tədbirdə Hollivudun bir çox məşhurları iştirak edir. Açılış mərasimində qırmızı xalçadan keçən ulduzlar arasında Robert De Niro ilə yanaşı, Quentin Tarantino və Jülyett Binoş da yer almışdı. Həmçinin Leonardo Di Kaprio Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim edərkən ayaqda alqışlarla qarşılandı.
Bu il festivalın münsiflər heyətinə dünyaşöhrətli aktrisa Jülyett Binoş başçılıq edir.
Mayın 24-də təqdim ediləcək Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı" uğrunda 22 film mübarizə aparır. Bu filmlərə Ues Andersonun “Finikiyalı planı”, Riçard Linkleyterin “Yeni dalğa”, Lin Ramzeyin “Sevgimlə öl”, Yoahim Trierin “Sentimental Remint” və digər filmlər daxildir.
Münsiflər heyəti 22 filmin hamısına diqqətlə, necə deyərlər, “lupa ilə” baxacaq və mayın 24-də təqdim olunacaq nüfuzlu mükafatın əsas qalibini və digər mükafatçıları seçəcək.
Maraqlı hadisələr baş verdikcə size də məlumatlandıracağıq.
Məlumat üçün bildirim ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı "Qızıl Palma Budağı"dır.
Sonralar şən avropalı təşkilatçılar darıxdırıcı və solğun payızdan rəngbərəng bahara adlamaq qərarına gəlib festivalı may ayında keçirməyə başladılar. Bundan başqa, "Qran-pri", "Qızıl Kamera" mükafatları da həmin festivalın mükafatları sırasındadır.
Onu da qeyd edim ki, Kann kino festivalında Azərbaycan ötən il təmsil olunmuşdur. Rejissorluğunu Azər Quliyevin etdiyi "Sanki yoxsan" filmi festivalda yer alan, amma əsas müsabiqədənkənar filmlər arasında olub. Kim bilir, bəlkədə gələcəkdə "Qızıl Palma" mükafatını hər hansı bir Azərbaycan filmi də əldə edər?
Niyə də arzulamayaq?
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)
Güllücədən başlayan ömür yolu… - ELÇİN MEHRƏLİYEVİN DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
O, 1952-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olub. Orta təhsilini başa vurandan sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsilə yiyələnib. On beş il "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spikerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib.
2005-ci ildən isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir...
Deyir ki:- “Təhlil edərkən belə bir qənaətə gəlmək olar ki, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq cəhdləri barədə yazılan məqalələr janr, forma, üslub cəhətdən müxtəlif və rəngarəng olsalar da, ideya-məzmun xüsusiyyətlərinə görə yaxın və oxşardırlar. Belə ki, törədilən qırğınlar birmənalı olaraq Çar Rusiyası müstəmləkəçilik siyasətinin və bədnam "erməni məsələsi"nin tərkib hissəsi kimi qiymətləndirilərək şərh edilib. Publisistika siyasi kələklərin Azərbaycan multikultural mühitinə heç bir aidiyyəti olmadığını və millətlərarası münasibətlərdəki mövcud tarazlığı poza bilmədiyini göstərib. Heç bir insaniyyətə zidd fikirlərə yol verilmədən milli-ayrı seçkiliyə qarşı ikrah hissi yaradılıb, zülm və istibdaddan, milli qırğınlardan nicat yolu mütləqiyyətin devrilməsində görülüb, azadlıq uğrunda mübarizənin formalaşmasına mane olan hallar, amillər tənqid atəşinə tutularaq, xüsusən də xalqımızın başını qatan erməni-daşnaklarının təxribatçı əməlləri ifşa edilib. Nəhayət, publisistikanın belə bir dəyişməz, qərarlı səciyyəsinin formalaşmasında Azərbaycan xalqının tolerant həyat tərzi əsaslı dərəcədə rol oynayıb.”
2001-ci ildə "Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Onun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən "Soraq kitabçası" adlı kitab nəşr edilib...
AMEA-nın Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva onun haqqında yazır: “Dəyərli elmi əsərlər müəllifi olduğu kimi, maraqlı bədii yaradıcılığı ilə də oxucuların diqqətini cəlb edir. Çünki həqiqi sənət əsərləri o zaman əbədiyaşarlıq qazanır ki, o, elmə söykənmiş olsun. Onun yaradıcılığında bu iki önəmli cəhət vəhdət təşkil edir. Yaradıcılığının mövzu dairəsi, problematikası, ideya zənginliyi, dili və üslubu həmişə ədəbi tənqidin diqqət mərkəzində olub. Bəkir Nəbiyev, Nizami Cəfərov, Camal Mustafayev, Şamil Salmanlı, Vaqif Yusifli və başqa görkəmli elm adamları onun yaradıcılığını müxtəlif prizmadan tədqiqata cəlb edərək, çağdaş ədəbiyyatımızdakı yerini, mövqeyini müəyyənləşdiriblər və sənət aləmində orijinal qələm sahibi, alimliyi ilə yazıçılığı bir arada birləşdirən istedadlı yazıçı kimi dəyərləndiriblər...”
Ciddi və sakit təbiəti var. Son dərəcə səbirli adamdır, praktik və analitikdir. Özünə güvənir və işlərində qətiyyətlidir. İdarəetmə bacarığı yüksəkdir. Sadiq dost, mehriban yoldaş, qayğıkeş ata və əla ailə başçısısıdır. Güclü zehni var, yaradıcılıq qabiliyyəti çoxşaxəlidir. O, həm elmi əsər, həm bədii əsər, o cümlədən də maraqlı publisist yazılar ərsəyə gətirə bilir.
“Publisist yaradıcılığı ədəbi prosesin çox mühüm və məhsuldar bir qolunu təşkil edir. Biz həyat axarının ahəngini, dövrün nəbzinin döyüntüsünü ədəbi yaradıcılığın digər növlərindən daha çox publisistikada hiss edirik. Publisistika- zamanın, mühitin tələblərinə müvafiq olaraq yaradıcılıq potensialını aktiv ictimai fəaliyyət üsuluna çevirmək vasitəsi, sənətkarın həyata nüfuzunun başlıca barometri, mövcud problemin həlli istiqamətində düşünməyə və hərəkətə sövq edən yeni fikir, ideya, enerji ötürücüsüdür...”- söyləyir.
Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə hələ də səsləndirilir, nümayiş etdirilir...
Xülasə, filologiya elmlər doktoru, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, yazıçı, jurnalist Elçin Mehrəliyev haqqında söhbətimi burada yekunlaşdırıram. Və onu hamılıqla növbəti ad günü münasibətilə təbrik edirik. Axı, mayın 18-i onun doğum günüdür... Özü də 73-cü.
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)
TÜRKSOY-un baş katibi Şamaxıda Türk Şəhidliyini ziyarət edib
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın tarixi və mədəni baxımdan önəmli bölgələrindən biri olan Şamaxıda yerləşən Türk Şəhidliyini ziyarət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan məlumat verilib.
Məlum olduğu kimi, 1918-ci ildə, Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizə zamanı şəhid olmuş Osmanlı əsgərlərinin xatirəsinə inşa edilmiş bu şəhidlik, Türk dünyasının ortaq yaddaşında xüsusi yer tutur.
Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub və qərənfillər qoyulub.
Sultan Raev verdiyi açıqlamada bildirib: "Şamaxıdakı Türk Şəhidliyixalqlarımızın ortaq tarixinin və qardaşlığının bir simvoludur. Burada uyuyan qəhrəmanlarımız azadlıq uğrunda canlarını fəda ediblər. Onların əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur."
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)
ABŞ-da Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən IX “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi keçirilir
ABŞ-də ənənəvi təşkil olunan IX “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi bu dəfə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalı müsabiqənin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, müsabiqədə müxtəlif yaş qruplarından olan peşəkar və həvəskar musiqiçilər iştirak edə bilərlər. İlk olaraq namizədlər müsabiqənin veb səhifəsində qeydiyyatdan keçməli, ifa etdikləri əsərləri təşkilatçılara video formatda onlayn göndərməlidirlər. Qalibləri müxtəlif nominasiyalar üzrə məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Seçilən iştirakçılar cari ilin noyabr ayında Nyu Yorkun Karneqi zalında keçiriləcək Qala konsertdə çıxış edəcəklər. Bundan əlavə, qaliblərin bəziləri Avropanın geniş auditoriyalarına çıxış imkanı qazanacaqlar.
Qala konsert Florida Azərbaycan - Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunmuş müsabiqə hər il keçirilir. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru Pərvin Muradov (tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı), Kay Lang, Vivian Fang Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovadır. Müsabiqənin məqsədi gənc istedadları üzə çıxarmaq, təkmilləşdirməsinə dəstək göstərmək, eləcə də zəngin musiqi mədəniyyətimizi təbliğ etməkdir.
Müsabiqə barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:
https://www.floridakeyscompetition.com/
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)
Bu gün Əbdülrəhim bəy Haqverdiyevin 155 illiyidir – GƏNCLƏR KİTABXANASININ TÖHFƏSİ
Bu gün - mayın 17-də yazıçı, dramaturq, ictimai-siyasi xadim, pedaqoq, ədəbiyyatşünas, publisist, maarifpərvər ziyalı Əbdülrəhim bəy Haqverdiyevin anadan olmasının 155 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə həsr olunan virtual kitab sərgisi hazırlanıb.
Virtual sərgidə bir sıra görkəmli şəxslərin- elm, təhsil, ədəbiyyat, mətbuat nümayəndələrinin ədib haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərdən nümunələr sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə dramaturqun, çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən “Şəxslərin və hadisələrin tipləşməsi - Əbdürrəhim bəy Haqverdiyev”, “Görkəmli yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev”, “Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib - Haqverdiyev”, “Folklorun Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin poetikasina təsiri” kimi məqalələrin tam mətni təqdim olunur. Bununla yanaşı istiifadəçilər virtual sərgidə yer alan görkəmli dramaturqun müəllifi olduğu əsərləri və onun haqqında qələmə “Əbədiyyət yolçusu”, “Klassiklərimizin ideal və poetik sənət dünyası” kimi kitabları onlayn olaraq oxumaq imkanına da malikdirlər.
“Əbdürrəhim bəy Haqverdiyev - 155” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.:
https://www.ryl.az/multimedia/ebdurrehim-bey-haqverdiyev-155
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin olundu
Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilməsi barədə sevindirici bir xəbər var. “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru təyin edilib.
İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi.
İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
Bu gün Beynəlxalq Muzeylər Günüdür
Bu gün - mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 48 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” adlanır.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır. Eyni zamanda nazirliyin tabeliyindəki muzeylərdə “açıq qapı” elan olunur. Ənənə bu il də davam edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinə istinadən AzərTAC bu il də əlamətdar günlə əlaqədar çoxsaylı tədbirlər keçiriləcəyi barədə məlumat yayıb.
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin mənzil-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq.
“Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin mənzil-muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ərəfəsində də silsilə tədbirlər təşkil olunub. Mayın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirilib. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat olub. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış olub, ustad dərslərində rəssamın əsərlərini imitasiya ediblər.
AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində mayın 17-də M.Q.İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənilib. Musiqi nömrələri təqdim olunub, qiraətçilərin ifasında şeirlər səsləndirilib.
Həmin gün Bülbülün memorial muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olunub.
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni “Musiqi və təsviri sənət” adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” mövzusunda tədbir keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyində “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olunub. Mayın 16-da reallaşan tədbirdə Hacı Zeynalabdin Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, maarifçilik ideyaları və mədəni irsi haqqında geniş məlumat verilib. “Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti”, “Tağıyev irsinin bu günə təsiri” mövzularında mühazirələr təqdim olunub. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirilib. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif ediliblər.
Həmin gün Hüseyn Cavidin ev-muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirilib. Tədbir çərçivəsində “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin ev-muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olunub.
Mayın 16-da, həmçinin Səttar Bəhlulzadənin ev-muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi” mövzusunda mühazirəsi dinlənilib.
Mayın 15-də isə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa ediblər. Həmçinin mövzu ilə bağlı sərgi nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)
8-ci Merzifon Kitab Sərgisi - Amasiya bölgəsinin ən böyük mədəniyyət tədbiri
Amasiya bölgəsinin ən böyük mədəniyyət tədbiri - 8-ci Merzifon Kitab Sərgisinin açılışı olub. Sərgidə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini qurub.
İlk öncə Merzifon şəhər meydanında Kitab Sərgisinin rəsmi açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, çıxışçılar bölgənin ən böyük mədəni hadisəsi olan Merzifon Kitab Sərgisi vasitəsi ilə on minlərlə oxucunun kitab və yazarlarla görüşdüyünü bildiriblər. Mədəniyyətin, ədəbiyyatın təbliği, yeniyetmə və gənclərin mütaliə vərdişlərinə yiyələnməsinin önəmini qeyd ediblər.
Yüzlərlə nəşriyyatın və yazarın iştirak etdiyi Merzifon Kitab Sərgisi, sadəcə kitabların təqdim olunduğu bir məkan olmaqdan əlavə, mədəniyyət və fikir dünyasına töhfə verən mədəni görüş platforması olduğu söylənilib.
Sərgi çərçivəsində ölkəmiz üçün ayrılmış stendi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib. Azərbaycan stendində dövlətçiliyimiz, Ulu Öndər Heydər Əliyevin irsi, müasir Azərbaycanın nailiyyətləri, tariximiz, mədəniyyətimizə aid kitablar sərgilənir.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin klassik irsimizə dair Türkiyə türkcəsində nəşr etdiyi kitablar, İstanbuldakı “Zəngin yayınçılıq” nəşriyyatının Azərbaycanla bağlı nəşrləri təqdim olunur.
Qeyd edək ki, Merzifon kitab sərgisi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi “Xəmsə”sinə aid “İskəndərnamə” və “Sirlər xəzinəsi”, Bəxtiyar Vahabzadənin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə “Özümüzü kəsən qılınc”, habelə Azərbaycan uşaq yazarı Solmaz Amanovanın “İlmənin macəraları” adlı əsərlərin Türkiyə türkcəsinə tərcümə olunmuş nəşrlərin təqdimatı planlaşdırılır.
Türkiyənin bir sıra aparıcı nəşriyyatlarının iştirak etdiyi sərgidə kitabsevərləri kitabların imzalanma mərasimi, söhbətlər, panellər və seminarlar da nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
VARdanın YOXdanları
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Ermənistanın keçmiş Xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın Baş nazir Paşinyanla Prezident Əliyevin Tirana görüşünə dair reaksiyası – həm açıq ritorik təzyiq cəhdidir həm də illərlə formalaşmış erməni siyasi diskursunun qapalı mətbəxindən sızan “içəridəki danışıqlar”ın etirafıdır.
Bu cür çıxışlar ilk baxışda Paşinyanı tənqid edir kimi görünür, lakin əslində, bu mövqenin Azərbaycanla bağlı hansı köklü münasibətləri əks etdirdiyini, hansı illüziyaların dağılmaqda olduğunu və bu ritorikanın hansı “deyilməyənləri” deməyə başladığını görürük.
Ermənistanın keçmiş Xarici işlər naziri nə deyib? - Diqqət edək:
"Mən indicə Nikol Paşinyanın Azərbaycan prezidenti ilə Albaniyanın Tirana şəhərindəki görüşünü izlədim... Paşinyanın etdikləri çarəsizlik hərəkəti idi. Onun hərəkətlərində balans, ləyaqətli mövqe və ya dürüstlük yox idi... Nə Bakıda əsirlikdə saxlanılan erməni hərbi əsirləri, nə də Artsaxın zorla deportasiya edilmiş əhalisinin geri qaytarılması hüququ ilə bağlı zərrə qədər də olsa, heç bir söz açılmadı. Belə çıxılmaz mövqe, təbii ki, Azərbaycanı ancaq ruhlandırır. Bu, Əliyevi mütləq dominantlıq vəziyyətinə salır, ona istənilən şərtləri - istədiyi vaxt və istədiyi kimi diktə etmək imkanı verir. O, yaxşı bilir ki, Paşinyan öz siyasi gələcəyini xilas etmək üçün təcili olaraq sazişi imzalamalıdır. Əliyev heç bir təzyiq altında deyil. Üstəlik, o, yəqin ki, heç nəyi imzalamağa belə ehtiyac görmür. O, yaxşı bilir ki, indi imzalanacaq istənilən müqavilə Ermənistan xalqı ilə deyil, Paşinyan hakimiyyəti ilə bağlanacaq. O, başa düşür ki, Paşinyanın siyasi sağ qalması onun bu sənədi nailiyyət kimi təqdim edib-etməməsindən asılıdır. Əslində, saziş imzalansa da, bu, Paşinyanın siyasi taleyini xilas etməyəcək, əksinə, nəhayət, onun təslim olmasının miqyasını üzə çıxaracaq. Bu, onun uğursuzluqlarının rəsmi rekordu olacaq - sülh planı adı altında təqdim edilən siyasi ölüm haqqında şəhadətnamə... İndiki şəraitdə sülhdən danışmaq məğlubiyyət dili ilə danışmaqdır. Erməni xalqının yaralarına, deportasiyasına, onlara qarşı törədilmiş cinayətlərə məhəl qoymayan hər hansı sağlam düşüncəli rəhbər belə bir sənədi necə barışıq yolu kimi təqdim edə bilər? Qanuni hakimiyyət ədalətdən məhrum olan sənədə necə imza ata bilər? Demokratik legitimliyə malik olan və milli maraqları rəhbər tutan Ermənistanın gələcək hökumətinin şübhəsiz ki, bu sənədə yenidən baxmağa hər cür hüquqi və mənəvi haqqı olacaq. Müharibə təhlükəsi, işğal altında və xalqın hüquqlarına tam məhəl qoymadan imzalanmış müqavilələr sülh müqaviləsi deyil. Bunlar məcburiyyət alətləridir. Onlar sülh gətirmir, ancaq ədalətsizliyi qanuniləşdirir. Paşinyanın ümidsizliyi sülh istəyi deyil. Bu, xəyanətdir: tarixə, fədakarlığa və erməni dövlətçiliyi ideyasına xəyanətdir. Həqiqətən öz adına layiq olan sülh sazişi tabeçilik deyil, bərabərliyə əsaslanmalıdır”. (Sitatın sonu).
Fevralda 70 yaşı tamam olmuş bu Hələb ermənisinin (Vardan Minasi Oskanyan; Վարդան Մինասի Օսկանյան; 07.02.1955) Azərbaycanla bağlı mövqeyinin yaxud mövqesizliyinin mahiyyəti nədir? - Oskanyan, uzun illər Ermənistanın xarici siyasətinin formalaşmasında iştirak etmiş bir fiqur kimi, bu açıqlamasında Azərbaycanın dominant aktor kimi təsvir olunmasından rahatsızdır. O, bunu bir təslimiyyət, fiasko kimi təqdim edir. Lakin: -Əgər 30 il boyunca Ermənistan rəsmiləri, o cümlədən Oskanyan özü, Azərbaycanla sülh danışıqlarını “vasitələr”, “çərçivələr”, “status” və b. ritorika altında aparırdısa, bu açıqlama bir daha və təkzibolunmaz şəkildə göstərir ki, o danışıqlar heç vaxt səmimi olmayıb. Onlar, birmənalı olaraq görünür, yalnız “status-kvo”nun uzadılmasına, işğalın qanuniləşdirilməsinə və Azərbaycanın zəiflədilməsinə yönəlmişdi. -İndi, Azərbaycanın hərbi, siyasi və diplomatik üstünlük qazandığı bir ortamda, əsl niyyətlər üzə çıxır: yəni, bu sülh çağırışları, əslində, Ermənistanda “sülh” deyil, “təslimiyyət” kimi qəbul olunur. Bu, onu göstərir ki, erməni siyasi elitası Azərbaycanla heç vaxt bərabərhüquqlu barışa hazır olmayıb və indi bu fikirlər daxili siyasi ixtilaflar vasitəsilə dilə gətirilir. Vardan “Sülh bərabərlik üzərində qurulmalıdır” ritorikasındadır. Deyir, “həqiqətən öz adına layiq sülh sazişi bərabərliyə əsaslanmalıdır”. Pəki. Amma görəlim bu fikrin arxasında nə var? -Bərabərlikdən danışan Oskanyan, 30 il Qarabağda işğalçı vəziyyətdə olan tərəfin heç bir ədalət hissi olmadan davranmasını vurğulamır. Yəni onun “bərabərlik” anlayışı yalnız Ermənistanın istədiklərini danışıqlar masasına daşıya bildiyi dönəmlərlə məhdudlaşıb. -Bu “bərabərlik” çağırışı əslində keçmiş “status-kvo”nu diriltmək cəhdidir. Halbuki bölgədə gerçəkliklər dəyişib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və dəngələr yenidən qurulub. -Oskanyan möhtəməl “Sülh müqavilə”sini hüquqi cəhətdən legitim hesab etmir, deməzsənmi məgər “xalqın razılığı yoxdur”. - Bax, bu dəqiq “klassik erməni siyasi ritorikası”dır: xalqı təhrik edərək qanuni öhdəlikləri qeyri-legitim göstərmək cəhdi.
Açıqlamanın daxili-psixoloji səviyyəsi və erməni toplumuna hansı ismarıcı ötürməsi haqqında daha nə demək olar? Oskanyan bu açıqlama ilə əslində yalnız Paşinyana deyil, Ermənistan toplumuna də müəyyən açıq-örtülü siqnallar verir. Yaramazın ağlınca: -Xarici siyasətdə güzəştlər - xəyanət ritorikası gücləndirilir deməkdir; -Paşinyan rejimi zəiflədilir, amma eyni zamanda gələcək hər hansı konstruktiv sülh addımının da qarşısı alınır; -Ermənilər arasında “ədalət” anlayışı təhrif edilir – ədalət yalnız onların istədikləri baş verdikdə mövcuddur. Əks halda – bu, “ədalətsiz sülh”dür. Bu, sülh deyil, revanşizmi ideoloji təməl üzərində dirçəltmək cəhdidir.
Əgər gələcəkdə Ermənistan hakimiyyətində dəyişiklik olsa, Oskanyanın xəttinə yaxın yeni hökumət bu Sülh müqaviləsi və yardımçı bəlgələri ya tanımayacaq, ya da yeni tələblərlə gündəmə gətirməyə çalışacaq. 105 il öncə, 34 il öncə, bir sözlə, həmişə də belə olmayıbmı?.. Oskanyanın dedikləri “deyilməyənlər”i də üzə çıxarır – bu, bir baxıma, ikiüzlü erməni diplomatiyasının ifşasıdır. Yəni bu açıqlama bir neçə vacib “deyilməyən”i də açır: -Erməni diplomatiyası heç vaxt gerçək və ədalətli sülh istəyində olmayıb. Onların məqsədi hər zaman zamana oynamaq, bölgədə faktiki dəyişiklikləri “normallaşdırmaq” olub; -İndi isə, işğal rejimi çökdüyü üçün sülh “ədalətsiz” adlandırılır – bu, erməni siyasi təfəkküründə hüququn deyil, gücün hakim olduğunu göstərir; -Oskanyanın sözlərindəki əsl məğlubiyyət hissi, Azərbaycanın “istədiyi vaxt, istədiyi şərtlərlə diktə etmə imkanını əldə etməsi” ilə bağlıdır. Bu, həm də Ermənistan siyasi elitasının bölgədəki strateji dəyişiklikləri qəbul edə bilməməsidir.
Uzun sözün qısası, Bakıda istintaq olunan Vardanyanın xiffətini çəkən İrəvandakı Vardanın açıqlamasından və onun sətiraralarından dəxi oxuyuruq: -Danışıqların illər boyu saxta və manipulyativ xarakter daşıdığı etiraf olunur; -Paşinyanın daxili legitimliyi sarsıdılır, amma məqsəd Azərbaycanın qələbəsinin nəticələrini qeyri-legitim göstərməkdir; -Ermənistanda revizionizm çağırışları artır, bu isə bölgə üçün yeni qeyri-sabitlik dalğası yarada bilər; -Ən əsası – Azərbaycanla bərabərhüquqlu barış deyil, yalnız təzyiqlə qazanılmış “kompensasiya”lar Ermənistan tərəfi üçün “ədalət” hesab olunur.
Beləliklə, Oskanyanın açıqlaması, erməni toplumunun Azərbaycanın uğurunun təkcə hərbi deyil, həm də siyasi və digər kateqoriyalar, parametrlər baxımdan da sinirə bilmədiyini, eyni zamanda, köhnə ritorikaların da iflasa uğradığını göstərir.
Bu gün Azərbaycan yalnız sahədə deyil, həm də siyasi-diplomatik meydanda qalibdir. Bu qalibiyyət Dəmir Yumruğun - milli həmrəyliyimizin, prinsipial mövqeyimizin və əlbəttə, haqq-ədalətin təntənəsidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun nəşri 8-ci Merzifon Kitab Sərgisində təqdim edilib
Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Türkiyədə 8-ci Merzifon Kitab Sərgisində Fəxri Qonaq statusunda iştirak edir. Həmçinin Türk Mədəniyyəti və İrsi Fondu qurucu üzv dövlətlərindən olan Azərbaycanın stendində öz nəşrlərini sərgiləyir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən xəbərə görə, tədbirin rəsmi açılışına bələdiyyə başçıları Turgay Sevindi, Alp Kargı, Zehra Özyol, Ömer Özalp, millət vəkilləri Yaşar Tüzün, Reşat Karagöz, Mehmet Tahtasız, Ramiz Topal və sair tanınmış dövlət rəsmiləri qatılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkələrin siyasi-ictimai, mədəni-ədəbi əlaqələri haqqında əhatəli çıxış edib.
Daha sonra dövlət rəsmiləri Fəxri Qonaq olan Azərbaycanın stendini ziyarət ediblər. Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn ziyarətçilərə Fondun fəaliyyəti və nəşrləri barədə əhatəli məlumat verib. Sonra qonaqlara Fondun üç il öncə Türkiyədə baş vermiş dəhşətli zəlzələ qurbanlarına həsr olunmuş, Türk dünyası şairlərinin şeirlərindən ibarət “Səninləyik Türkiyə” kitabı və görkəmli türk yazıçısı Hüseyn Nihal Atsızın xatirəsinə həsr olunmuş, qədim Göytürklərin tarixindən bəhs edən, Azərbaycan və türk dillərində olan Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hədiyyə edilib.
Fondun icra etdiyi beynəlxalq layihələr və fundamental nəşrlər barədə gün boyunca Azərbaycan stendini ziyarət edən qonaqlara geniş məlumat verilib, Türk dünyası, tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparan elm və mədəniyyət adamlarına təşkilatın çap etdiyi kitablar hədiyyə olunub
Sərgi şərçivəsində “Özümüzü kəsən qılınc” kitabı oxuculara təqdim olunub. Kitab Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə bu il 100 illik yubileyi qeyd olunan şair Bəxtiyar Vahabzadənin yuvarlaq doğum günü münasibəti ilə Azərbaycan və Türk dillərində işıq üzü görüb. Kitab Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulovanın əsər haqqındakı “Tarixdən alınan ibrət dərslərimiz” adlı əhatəli Ön sözü ilə açılır.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycanın istiqlal şairi olduğunu, hər zaman Türk dilinin qorunması, ortaq tarixinin təbliği ilə bağlı çalışdığını, ən əsası isə Türk Birliyinə həsr olunmuş çoxsaylı dəyərli əsərlər qələmə aldığını xatırladıb.
Daha sonra təşkilatın əməkdaşı Fərid Hüseyn çıxış edərək Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikası prezidentinin təşəbbüsü, Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçılarının dəstəyi ilə yaradıldığını və Türk mədəniyyətini, dilini, tarixi irsini beynəlxalq müstəvidə tanıdan bir təşkilat olması barədə, qurumun çoxsaylı beynəlxalq layihələri xüsusunda tədbir iştirakçılarına geniş məlumat verib. Fondun hər zaman yubileyi qeyd olunan Türk Dünyasının söz və fikir adamlarının irsinə qarşı yüksək həssaslıqla yanaşdığını və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin nəşrinin də bunun ən bariz təzahürü olduğunu qeyd edən F.Hüseyn bu əsərin möhtəşəm tarixi irsimizə, milli kimliyimizə sahib çıxmaq, onları qorumaq üçün ən dəqiq yolgöstərən, mənəvi bir mayak olduğunu bildirib. Əsərin süjeti və təhlili haqqında da danışan Fərid Hüseyn bu pyesin gələcək əsrlərdə də öz aktuallığını itirməyəcəyinə, əksinə dəyişən zamanlarla bərabər yeni-yeni mənalar qazanacağına inamını ifadə edib.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncamın ədibin irsinin təbliği baxımdan geniş və müstəsna imkanlar yaratdığını bildirən F.Hüseyn Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu sərəncamdan irəli gələn məsələlər əsasında görkəmli şairin irsinin təbliği və adının əbədiləşdirilməsi, əsərlərinin yenidən səhnə həyatı qazanması istiqamətində çoxsaylı əhəmiyyətli layihələr icra etdiyini tədbir iştirakçılarının diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova da çıxışında “Özümüzü kəsən qılınc” əsərinin bədii-tarixi əhəmiyyətindən danışıb və bu kitabın Türk dünyasının gənclərinin mənəvi inkişafı üçün çox əhəmiyyətli olduğunu dilə gətirib. Azərbaycan ədəbiyyatında Türk Birliyi ideyasının tarixindən, istiqlal düşüncələrin əhəmiyyətindən bəhs edən T.Bədəlova Bəxtiyar Vahabadəni Türk dili, azadlığı və sair mövzular baxımından onu dahi Nizami Gəncəvinin yaradıcılıq yolunun davamçısı adlandırıb.
Sonda natiqlər tərəfində tədbir iştirakçıların sualları cavablandırılıb və oxuculara kitablar hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(17.05.2025)