“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə nəsr nümunəsi təqdim edilir. Zəka Vilahyətoğlunun “Eeey, səs salımaq olmaz” hekayəsi ilə tanış olacaqsınız.
NƏSR
Zəka VİLAYƏTOĞLU
"EEEY, SƏS SALMAQ OLMAZ"
Axşam evimizin həyətində maşını saxlayıb kondisionerin sərinlətdiyi salondan bayıra çıxınca sanki qaynar bir qazanın içinə düşdüm. Elə bil havanın özü bu dəhşətli istidən can vermiş, ölmüşdü. Uşaqları kənddən şəhərə, ən azı on gün tez gətirdiyimi düşünüb peşmanladım. Necə dözəcəkdilər bu istilərə? Gecə səhərəcən kondisioner işləyən sərin otağın havasımı yaxşı idi, ya sərin və tərtəmiz dağ havası?.. Nə isə... axır ki, iki aylıq yay istirahətindən sonra yenidən od tutub yanan şəhərimizə gəlib çıxmışdıq.
Turalın yadından heç nə çıxmayıb-kiçik oğlumu deyirəm. Şəhərdə olduğumuz müddətdə daim evdə atılıb-düşür, haray-qışqırıq salırdı. Buna görə narahat olan, alt qatda yaşayan qonşumuz Dilavər kişinin arvadı dəfələrlə öz hirsinə-hikkəsinə bürünüb yelpələk kimi (hər nə qədər ağır çəkili olsa da) dördüncü mərtəbəyə qalxırdı. Zəngin basılmasından, səbri çatmayıb da üstəgəl dəmir qapımızı taqqıldatmasından onun qəzəbli olduğu həmən duyulurdu. Adama elə gəlirdi ki, dünyanın köçhaköç vaxtıdır.
Təbii, qadın, Turalın və böyük oğlum Turxanın atılıb-düşməsindən, onların rahatlığını pozmasından qəzəblənirdi və bu qəzəbini mütləq bizim başımızdan yağdırmalı idi, yağdırırdı da. Amma bizim cavabımız yalnız susmaq və ara-sıra üzr diləmək olurdu.
Axı neyləmək olar, körpə Turalı necə oyundan, atılıb-düşməkdən saxlamaq, öz uşaqlığını uşaq kimi yaşamasından məhrum etmək olar?
Turxan böyükdür, ikinci sinfi bitirib, o anlayır bunu və bəzi istisnalar olmaqla, özünü təmkinli, ağıllı aparır, deyilənlərdən nəticə çıxarır.
Arvadından fərqli olaraq, Dilavər kişi çox mehriban, qayğıkeş adamdır. Uzun illər orta məktəbdə müəllim işləyib. Turalla da möhkəm dostdurlar. Bircə dəfə də olsun Turaldan şikayətləndiyini eşitmədim, duymadım. Amma arvadı,.. of… arvadı deyir ki, sizin bu uşaqlar yaşamağı haram edir bizə. Deyir: kişi şəkər xəstəsidir, insult keçirdib, özümün də təzyiqim tez-tez kəllə-çarxa qalxır...
Mənim də nəvələrim var. Onlar da bizə gələndə atılıb-düşürlər. Alt qatda yaşayan qonşumuz altdan yuxarı nə iləsə tavanı elə hikkə ilə döyür, taqqıldadır, adamın həyəcandan, az qala, ürəyi qopub düşür ki, bəs görəsən, qonşuda nə xoşagəlməz hadisə baş verib?! Bu döyəcləmədən sonra da bizə elə hücuma keçir, elə bil qanlı düşmənik!.. Allah göstərməsin!.. Özləri də guya ziyalıdırlar. Hələ rusdillidilər. Deyirlər, guya aristokratdılar, nəmənədilər... Belə qonşulardan danışın eeee... Allahınıza şükür edin ki, uşaqlarınız rahatlığımızı pozanda biz altdan yuxarı döşəmənizi taqqıldadıb sizi təşvişə salmırıq...
Qadın haqlı idi; biz gecə-gündüz Tanrımıza şükür etməli idik və edirik də. Ən azı ona görə ki, bütün xoşbəxtliyimizi bizə məhz bu mənzildə verib, çox ağrı-acılardan, bəzi itkilərdən sonra Turxanı, Turalı bu evdə verib bizə və bizi həyata bağlayıb, yaşamımızı mənalandırıb, gözəlləşdirib. Və şükür etməliyik ki, başımız üstündə Tanrıdan başqa kimsə yoxdur. Kimsə yoxdur ki, yuxarıda taqqıltı salsın, rahatlığımızı pozsun. Kimsə olsa belə, kiminsə uşağı rahatlığımızı pozsa belə, biz altdan yuxarı hikkə ilə tavanı döyəcləyəcək kimi bir əxlaqın, düşüncənin sahibi deyilik.
Tural xeyli ağıllanıb, göz dəyməsin. Kənddə yaxşı mənada çıxarmadığı oyun qalmadı. Ən xoşum gələni də, şəhərdə tapşırdıqlarımdan, dediklərimdən nəticə çıxarması idi. Şəhərdəki evimizdə səs-küy salanda, atılıb-düşəndə deyirdim: səs salmaq olmaz! Dilavər baba yatır! O, səs-küydən narahat olur, xəstədir, qoca babadır, onu incitmək olmaz! Bunları yadında möhkəm saxlayıb və kənddə, böyük, kiçik, kim səs-küy salsa, atılıb-düşsə deyirdi: “Eyyy, səs salmayın, Dilavər baba yatır, xəstədir, onu incitmək olmaz!”
Bakıya qayıdarkən yolumuzu Qəbələdən saldıq. İstədim ki, Azərbaycanımızın bir neçə qədim şəhərilə uşaqları tanış edim. Bu, Turxana xüsusilə çox gərəkli idi; bu il üçüncü sinfə gedəcəkdi. Yəqin ki, müəllimi kimin yayı harda və necə keçirdiyini soruşacaqdı. Bu məqsədlə də onu Qəbələ, İsmayıllı, Şamaxı şəhərlərilə, qismən də olsa, tanış edir, qısa məlumatlar verirəm…
Bakıya doğru yol gedirik. Tural tez-tez hara və niyə getdiyimizi soruşur. Yenidən kəndə-çox sevdiyi babasının, nənəsinin yanına qayıtmaq istəyir. Arabir telefonla danışdırıram onları. Turaldan, Turxandan ayrı qalmış nənənin, babanın səsi titrəyir, kövrəldikləri, darıxdıqları hiss olunur. Və babasının hansısa sorğusunu cavablandırmaq əvəzinə Tural məndən soruşur: “Ata, biz Dilavər babanın yanına gedirik?!”
“Hə” – deyirəm. O dəqiqə deyir: “Ata, səs salmaq olmaz, aaa, Dilavər baba yatır!..”
İllərdən sonra Tanrı rəhm edib, sevindirib bizi; Turxan və Turalı göndərib ömrümüzə, həyatımıza. Ona görə də bütün fərəhimiz, yerişimiz, duruşumuz onlarla bağlıdır. Onlar kimi sevinir, onlar kimi kədərlənir, onlar kimi gülürük. Hətta elə bilirik, onlarla birgə doğulmuşuq dünyaya və biz də onlarla eyni yaşdayıq...
Şamaxıya yaxınlaşırıq. Şəhərin girişindən solda – yolun qırağında bir kişi dayanıb. Eşitdiyimə görə, düz iyirmi beş il yol müfəttişi vəzifəsində çalışıb. Bu müddət ərzində kimsənin ürəyini qırmayıb və kimsədən bircə manat da olsun, rüşvət almayıb. İndi təqaüddədir. Yola, peşəsinə sadiq olaraq, yenə də yollardadır. Sanki bura onun iş yeridir. Hər gün öz köhnə avtomobili ilə buraya gəlir, axşam saatlarınacan burdakı nəhəng ağacın altında kölgələnir, yanından ötən avtomobillər dayanır, sürücülər onu ehtiramla salamlayır, hal-əhval tutur, sonunda ona zamanında etdiyi xeyirxahlığına görə üç-beş manat pul verir, gedirdilər.
Maşını sabiq yol müfəttişinin yanında saxlayıram. O, bunu görüncə yaxınlaşıb pəncərədən bizi salamlayır, Tural və Turxana xeyir-dua dolu sözlər söyləyir. Turalın gələcəkdə həkim, Turxanın isə hüquqşünas olmasını Tanrıdan diləyir. Bu, məni çox fərəhləndirir və həm də təəccübləndirir; elə bil bu kişi mənim ürəyimdən keçənlərdən xəbərdar idi. Sanki bilirdi ki, həmişə arzu edirəm ki, Tural gözəl bir həkim, Turxan da insanların hüquq müdafiəçisi olsun. Bununla da bu keçmiş yol qoruyucusuna rəğbətim ikiqat artır... Sonda yenə də o, ağız dolusu dua edir, bizi Bakıya aparan yola doğru uğurlayır...
Axşamçağı Bakıya daxil oluruq. Turxan və Tural fərəhlə, həyəcanla Bakını salamlayır, əllərini yellədirlər. Tural, babasının öyrətdiyi şeiri söyləyir:
“El bilir ki, sən mənimsən,
yurdum, yuvam, məskənimsən…”
...Pilləkənləri qalxırıq. Evimizi salamlayırıq. Qapıları açırıq, otaqların sanki bağrı yarılıb dəhşətli istidən. Bir anlıq bayıra çıxırıq. Tural da yanımdadır. Soruşur: “Ata, niyə qaranlıx oldu?.. Ata, biz kəndə niyə qayıtmadıq?.. Ata, Dilavər baba hanı?..”
Qapıbir qonşumuz olan professor xanım kənddən qayıtdığımızı duyub bayıra çıxır...
O, bizə ilk gündən özünü professor kimi təqdim edib və öz aramızda ondan söz açanda həmişə “professor elə dedi”, “professor belə dedi” deyirik.
Professor xanım çox ədalı və özündən də çox razıdır. Kimsəni də bəyənməz. Həmişə də eyvanda məni görən kimi yaxınlaşır və deyir: “Siz də ziyalısız, biz də. Bura bizim yerimiz deyil. Bu cahillərin, nadanların, pintilərin qonşuluğunda yaşamaq bizə yaraşmır. Bircə bu binalar da plana düşsəydi, canımızı götürüb qaçardıq burdan. Deyirlər, hər kvadrat metrinə yaxşı pul verəcəklər... Gərək evi təmir etdirməyəydiniz, havayı pul tökdünüz. Tezliklə alıb uçurdacaqlar bu binanı... Bu qonşularımız var eee... Tfu!.. Allahın lənətinə gəlsinlər!.. Siz ziyalısız eee, ona görə dərdimi açıram sizə. Bu biri qonşular nə zibildirlər ki, özümü endirib də özüm haqqında onlara nəsə deyim?!”
Professor bizə “xoşgəldin” etdikdən sonra yenə dedi-qoduya başladı: “Bu ətyeməz qonşumuz var aaa, offf, bilirsiz nələr var onda?!”
Ətyeməz qonşumuz mehriban bir qadın idi. Əslən Şəki şəhərindən olan bu qadın və əri, demək olar, bizim ən yaxşı qonşularımız idilər. Övladları da çox tərbiyəli, ağıllı təsir bağışlayırdılar. Amma onlar öz dinlərini dəyişmiş; müsəlmanlıqdan çıxmışdılar. Xristian da deyildilər. Bilmirəm, deyəsən, buddizmi qəbul etmişdilər, ya nə idisə, qurban kəsilərkən onlara verdiyimiz qurban payını həmin qadın geri qaytarmışdı ki, biz belə şeyləri qəbul etmirik, bu, bizim dinimizə ziddir-filan. Elə bu üzdən də professor onun adını “Ətyeməz” qoymuşdu.
Tural əlimdən tutaraq maraq dolu baxışlarını professorun üzünə tuşlamışdı. Professorun dedi-qodusu bitənə oxşamırdı. Bakının dözülməz istisi də o biri yandan üzmüşdü məni.
Professorun danışığından, deyəsən, Tural da xoşlanmadı və qəfil dedi: “Eeeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!..”
Elə həmin il şəhərin mərkəzində yerləşən evimizi satıb çoxdan arzusunda olduğum, şəhərətrafı, sakit, havası təmiz, təbiəti gözəl olan bir məkanda torpaq sahəsi alaraq könlümüzcə olan bir ev tikdirdik. Artıq kimlərisə rahatsız edəcək kimi bir qorxumuz yox idi. Evimizin alt-üst qatında da kimlərsə yaşamırdı və hər şey bütünlüklə yalnız bizim özümüzə məxsus idi – bütün rahatlığı və bütün çatışmazlıqları ilə. Ancaq Tural hələ də ehtiyatla davranırdı; evimizə gələn qonaqlara, onların azyaşlı uşaqlarına öncədən xəbərdarlıq edirdi: “Eeey, səs salmaq olmaz! Aşağıda Dilavər baba yatır!”
“Ədəbiyyat və incəsənət”
(07.07.2025)