
Super User
Xalq artisti Vaqif Əsədovun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün həqiqətən də teatr tariximizdə silinməz iz qoymuş bir şəxsin - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Vaqif Əsədovun anım günüdür.
Vaqif Əsədov 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.
1982–1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olmuşdur. Teatr səhnəsində oynanılan üç tamaşadan sonra o vaxt üçün çox böyük hesab olunan Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür. V. Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazlar yaratmışdır. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Elektra" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilmişdir.
Filmoqrafiya
1. Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa)
2. Qayalarda qalan səs (film, 1995)
3. Yük (film, 1995)
4. Fatehlərin divanı
5. Ömürdən uzun gecə (film, 1996)
6. Yaz yuxusunun işığı (film, 1996)
7. Şeirin xəzrisi (film, 2000)
8. Dahilərin divanı (veriliş, 2007)
9. El içində (veriliş, 2007)
10. Sirr (serial, 2012)
11. Son Hədd (serial,2013)
12. Arzuların ardınca... (film, 2015)
13. Laləli saray (serial, 2017)
14. Sən demə (film, 2020)
Mükafatlar
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 yanvar 1978
2. "Şərəf nişanı" ordeni — 1986
3. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006
4. Prezident mükafatı — 2002–2004
5. Azərbaycan Respublikası Prezidentinin təqaüdü — 15 may 2006-cı ildən.
6. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.
O, 19 may 2022-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Babamın səhvi”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“BABAMIN SƏHVİ”
Babam saqqalı ağ,
qaşları qalın,
qarayanız, enli alın
bir kişiydi.
Namaz qılıb gündə beş rükət;
Deyərdi: Nağalayın atasına rəhmət!
Bizdən saldat aparmadı.
Gavur olsa da,
behiştlik çəkilsin adı.
Mən o zaman uşaq idim.
Üç şeydən qorxardım:
cin, hindtoyuğu, soldat.
Eşidəndə babamın duasını
düşünürdüm: nə yaxşı ki,
adamı saldat aparmırlar.
Nə yaxşı ki,
atamı soldat aparmırlar.
Ancaq...
Ağır oturdu bizə bu "mərhəmət".
Böyük Vətən davasında
Daha yaxşı anladıq bunu;
Nikolayın bizə olan “qayğısını”.
Çıxdıq amansız düşmənə qarşı;
əlimiz müasir silaha – öyrənməmiş
şüurumuz böyük davada naşı.
Qanımızla yumalı olduq
Yazıq, sadəlövh babanın
tarixi səhvini.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Beynəlxalq Muzeylər Günü ölkəmizdə necə qeyd edildi?
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün - mayın 18-i Beynəlxalq Muzeylər Günü idi. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 48 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” adlanırdı.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır. Eyni zamanda nazirliyin tabeliyindəki muzeylərdə “açıq qapı” elan olunur. Ənənə bu il də davam etdi.
Silsilə tədbirlərə mayın 13-də start verildi.
Mayın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirildi. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat oldu. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış oldular, ustad dərslərində rəssamın əsərlərini imitasiya etdilər.
Mayın 15-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa etdilər. Həmçinin mövzu ilə bağlı sərgi nümayiş olundu.
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni “Musiqi və təsviri sənət” adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” mövzusunda tədbir keçirildi.
Həmin gün Milli Azərbaycan Tarixi Muzeyində “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olundu. Tədbirdə Hacı Zeynalabdin Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, maarifçilik ideyaları və mədəni irsi haqqında geniş məlumat verildi. “Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti”, “Tağıyev irsinin bu günə təsiri” mövzularında mühazirələr təqdim olundu. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirildi. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif edildilər.
Yenə də həmin gün Hüseyn Cavidin ev-muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirildi. Tədbir çərçivəsində “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin ev-muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olundu.
Mayın 16-da, həmçinin Səttar Bəhlulzadənin ev-muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi” mövzusunda mühazirəsi dinlənildi.
Mayin 17-də AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində M.Q.İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirildi.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirildi. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənildi. Musiqi nömrələri təqdim olundu, qiraətçilərin ifasında şeirlər səsləndirildi.
Həmin gün Bülbülün memorial muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olundu.
Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olundu.
Mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı oldu.
Həmin gün Əzim Əzimzadənin mənzil-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olundu.
“Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin mənzil-muzeyində açıq havada ustad dərsləri təşkil olundu, sərgi nümayiş etdirildi.
Bir sözlə, mədəniyyətə dəyər verən ölkəmizdə Beynəlxalq Muzeylər Günü yüksək səviyyədə qeyd olundu.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Poeziya Evində yaddaqalan mədəniyyət hadisəsi
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portlının Sumqayıt təmsilçisi
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya klubu, Türkiyə Ədəbiyyat Vəqfinin birgə təşkilatçılığı ilə Poeziya Evində AYB Sumqayıt bölməsinin ideya müəllifi, yaradıcısı, uzun müddət ona rəhbərlik etmiş Sabir Sarvanın Türkiyə türkcəsində yenicə çapdan çıxmış "Çaldıran ağıtı"adlı şeirlər kitabı və türkiyəli yazıçı İsa Kocakaplanın "Türkü söyləyən şəhərlər" kitablarının təqdimatı mərasimi keçirilib.
Eyni zamanda, Türkiyə qəzetçisi, yazıçısı, aydını Əhməd Kabaklının 100 illiyi ilə bağlı Türkiyə- Azərbaycan arasında ədəbi əlaqələrin yaranmasında xidməti olan bir qrup yazarın - Ofelya Babayeva, Gülnarə Cəmaləddin, İbrahim İlyaslı, Elvin Əlizadə, Lilpar Cəmşidqızı, Elnurə Kazımova, Xəyalə Zərrabqızı, Sərvər Kamranlı, Ulduz Qasımın "Ahmet Kabaklı- 100" medalı, Hafiz Ataxanlı, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Avtandil Ağbaba, Rəfiqə Şəms, Hümbət Quliyev, Mənsurə Xələfbəyli, Nadir Azayoğlu, Almaz Ərgünəş Bəyazid, Asif Asiman, İlhamə Məhəmmədqızı və Gülarə Sadıqovanın Təşəkkür bəlgələri ilə təltif ediliməsi mərasimə əlavərəng qatıb.
Ə.Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı tədbiri giriş sözü ilə açıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin mərasimin məram və mahiyyətindən danışıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxışında Azərbaycan və Türkiyə əlaqələrinə toxunub, qardaş ölkə yazarlarının sıx tellərlə bağlılığına nümunə olan bu kimi görüşlərin şəhərin yaddaqalan mədəniyyət hadisəsi olduğunu vurğulayıb.
Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin hədiyyəsini – Sumqayıtın 75 illiyinə həsr olunmuş nəfis kitabı və şəhərin rəmzi sayılan sülh göyərçininin maketini qonaqlara təqdim edib.
Digər çıxış edənlər - Türkiyə Ədəbiyyat Vəqfinin başkanı Serhat Kabaklı, yazıçı, tərcüməçi İmdat Avşar, yazıçı, araşdırmaçı İsa Kocakaplan, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva təşkilatçılara minnətdarlıqlarını bildirib, belə mərasimlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar.
İmdat Avşar Sabir Sarvanı, onun yaradıcılığını Türkiyədə də çox dəyərləndirdiklərini, onu unutmadıqlarını söyləyib və "Ahmet Kabaklı-100" medalını vəfatından sonra ona da layiq bildiklərini xüsusi olaraq vurğulayıb.
Tədbirdə şəhər ziyalıları, SDU- nun müəllim və tələbə heyəti, Polad Həşimov adına məktəbin şagirdləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Şəhidlər barədə şeirlər – İBRAHIM CƏFƏROV
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İbrahim Cəfərova həsr edilmiş şeirlə tanış olacaqsınız.
İBRAHIM ŞAMİL OĞLU CƏFƏROV
(13.01.1998.-07.11.2020.)
Ağstafa rayonunun Yenigün kəndində doğulmuş, İ.Həsənov adına Qaçaq Kərəm kənd orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsi şəhidi
Şəhid olduğu yer: Qubadlının azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanıb, komaya düşüb, 18 gün sonra şəhid olub.
Dəfn yeri: Ağstafa rayonu Yenigün kəndi
Allah rəhmət eləsin!
İBRAHİM:
-Düşmən əlindədir torpaqlarımız,
Hələ qan ağlayır, bulaqlarımız,
Döyüşlə qayıdar xoş çağlarımız,
Ana, görüşərik, biz, görüşərik.
Dünyaya Yenigün kəndində gəldim,
Mənə çox əzizdi, o gözəl kəndim,
Qalib gələcəyik, aldatmaz zəndim,
Ana, görüşərik, biz, görüşərik.
Böyümüşəm vətən çörəyi ilə,
Atamın, anamın əməyi ilə,
O böyük Allahın köməyi ilə,
Ana, görüşərik, biz, görüşərik.
Zəngilan!, Füzuli!, azad eylədik,
Düşmənin qoşunun bərbad eylədik,
Nə qədər ürəyi biz şad eylədik,
Ana, görüşərik, biz, görüşərik.
ADNSU-da oxudum, qazandım bilik,
Həyatın mənası- işlə, yarat, tik,
Əgər şəhid olsam, başını tut dik,
Ana, görüşərik, biz, görüşərik.
Göydən qucaq-qucaq alov yağırdı,
Ana, yaralarım yaman ağırdı,
Bax budur, Allahım məni çağırdı,
Ana, görüşərik, biz, görüşərik.
Doğma Qarabağa yiyələnmişəm,
Günəşin nurutək şölələnmişəm,
Şəfəqtək yurduma səpələnmişəm,
Ana, görüşərik, biz, görüşərik.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Bu gün Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
Bu gün - mayın 19-da saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi açılacaq. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” qoruq muzeyinin birgə təşkilatçılığı, Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi ilə keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə XVI–XVIII əsrlərə aid hazırda muzeyin yerləşdiyi Nesvij qalasının interyer və eksteryerlərini əks etdirən 23 planşet təqdim olunacaq. Həmçinin sərgi çərçivəsində qalanın sərgi zallarının fotoları nümayiş etdiriləcək və videoçarx təqdim olunacaq.
Ziyarətçilər üçün “Saray ziyafətlərinin ənənələri” adlı interaktiv ünsiyyətə əsaslanan ekskursiya təşkil olunacaq. Proqrama saray tədbirlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovlarının təşkili xüsusiyyətləri, eləcə də intellektual əyləncə və oyunlar haqqında bölmələr daxildir.
Litva Böyük Hersoqluğunun zəngin Radzivillər ailəsinin iqamətgahı olmuş Nesvij qalası renessans gözəlliyini, barokko dinamikasını və klassik nizam-intizamı harmonik şəkildə birləşdirən nadir nümunələrdən biridir. Bu görkəmli memarlıq abidəsi YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və həm Belarusun, həm də ümumilikdə Avropanın canlı mədəniyyət ensiklopediyası hesab olunur. Kompleksin tərkibinə təkcə qala deyil, həm də müdafiə istehkamları və böyük park ansamblı daxildir.
Bu gün Nesvij qalası və onun ətrafında yerləşən təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən unikal məkan hesab olunur.
Sərgi iyunun 15-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Bülbülün Memorial Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə "Caz saatı" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq bütün muzey işçilərini bayram münasibətilə təbrik edib.
Tədbirdə Qara Qarayevin "Eskiz", Rauf Hacıyevin "Çiçək kimi", Vaqif Mustafazadənin "Düşüncə", Əzizə Mustafazadənin "Last day of Chopen", E.Vilkinsin "Blüz", Milan Dvorjakın "Caz etüd" və digər əsərlər səsləndirilib. Həmçinin Aysel Rəqs Qrupunun çıxışı böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarına fəxri fərmanlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
Rəsm qalereyası: Zoltan Preyner, “Üzümlə natürmort”
Rəsm qalereyası: Zoltan Preyner, “Üzümlə natürmort”
Macar rəssanı Zoltan Preynerin (1955) “Üzümlə natürmort” rəsmini təqdim edirik. Çox canlıdır, deyilmi?
Sankt-Peterburqda “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində tədbir keçirilib
17 may 2025-ci il tarixində Sankt- Peterburqda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Biirliyi və Rusiyada yaşayan dəyərli həmyerlimiz Zivər Zeynalovanın təşəbbüsü və təşkilatçılığı ilə Rusiya Milli Kitabxanasında “Babalarımızın yadigarı – papaq” layihəsi çərçivəsində maraqlı bir tədbir baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, tədbirdən öncə Zivər Zeynalovanın toxuduğu tikmə əl işləri, Güllü Eldar Tomarlının 100 qədimi və müasir kəlağayı və milli papaq sərgisi ilə tanışlıq oldu.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Zivər Zeynalova qonaqları salamladı, layihənin mahiyyətindən danışdı, belə tədbirlərin mədəniyyətimizin inkişafı yolunda çox vacib olduğunu qeyd etdi. “Azərbaycandan uzaqlarda belə mənəvi dəyərlərimizə həsr olunmuş tədbirlər, təbliğatlar o qədər gözəldir ki, bir azərbaycanlı xanımı kimi fəxr edirəm” - deyə söylədi.
Rusiya Federaiyasının və Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Vətən yolunda canından keçən şəhidlırimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz Güllü Eldar Tomarlıya verildi. O, məmnunluqla qeyd etdi ki, Zivər Zeynalovanın həyata keçirdiyi layihə Mirvarid Dilbazi Poeziya Məclisinin çoxşaxəli fəaliyyətinin, milli dəyərlərimizdən bəhs edən tədbirlərin davamıdır. Bu günün davamı isə Moskva Milli Muxtariyyatın dəvəti və təşkistçılığı ilə 23 mayda Moskvada keçiriləcək.
Tədbirdə milli rəqslərimiz, musiqilərimiz, papaq və kəlağayı haqqında ədəbiyyat nümunələri səsləndirildi, milli papaq simvolikasının tarixi və mənəvi əhəmiyyəti barədə çıxışlar oldu, həmçinin iştirakçılar arasında fikir mübadiləsi aparıldı.
Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin, xüsusilə də qədim papaq ənənəsinin gənc nəslə tanıdılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi idi.
Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyan bu tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.
Tədbir ''Qarabağ'' mahnısı ilə sona çatdı.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)
“Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinə SÖZARDI
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Avstriya təmsilçisi JJ İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi oldu. Favoritlər arasında dərhal yer alan 24 yaşlı JJ (əsl adı Yohannes Pieç) "Wasted Love" adlı balladası ilə həm münsiflər heyətinin, həm də tamaşaçıların rəğbətini qazanaraq, ümumilikdə 436 xalla birinci yeri tutdu.
Final mərhələsində ümumi nəticələrə görə, ikinci yerdə İsrail (357 xal), üçüncü yerdə isə Estoniya (356) qərarlaşdı.
Əlbəttə ki, Azərbaycan bu il uğursuz çıxış elədi, təmsilçimiz "Mamagama" qrupu final mərhələsinə adlaya bilmədi. Belədə, final mərhələsində Azərbaycan münsiflərinin verdiyi səslərdən bəlli oldu ki, favoritimiz İsrail təmsilçisidir. Bizimkilər İsraili təmsil edən Yuval Rafaelə maksimum olan 12 bal verdilər. Lakin digər ölkələrdən heç biri bzizm münsiflərlə həmrəy olmadı və yəhudi ifaçıya aşağı bal verdi, beləcə də Avstriya təmsilçisinin önə keçməsinə səbəb oldular.
Azərbaycan digər finalçılara nə qədər xal verdi?
Cədvələ baxaq:
1.İsrail -12 bal
2.Avstriya -10 bal
3.Estoniya -8 bal
4.Albaniya -7 bal
5.Norveç – 6 bal
6.Finlandiya -5 bal
7.Ukrayna-4 bal
8.İsveç- 3bal
9.Fransa -2 bal
10.Malta-1 bal.
Beləcə, nə öz təmsilçimiz ümidlərimizi doğrultdu, nə də favoritimiz qalib ola bildi. Builki müsabiqə bizimçün əlbəttə ki, qara kabus oldu.
Təmsilçimizin finala adlaya bilməməsi, razılaşın ki, biabırçılıq hesab edilə bilər, çünki, bəlkə də dünyanın heç bir guşəsində bu müsabiqəyə bizdəki qədər diqqət ayrılmır.
Adam az qalır, bizim təşkilatçılardan soruşsun, axı "Mamagama"nın Bazeldə nə iti azmışdı?
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)