ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 20 May 2025 11:29

TƏLƏBƏ YARADICILIĞI – Selcan Rzayevanın hekayəsi

Tələbə yaradıcılığı rubrikasında bu gün bir ilkdir, ilk dəfədir ki, tələbə yox, şagird yaradıcılığı təqdim edilir. Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin şagirdi Selcan Mahir qızı Rzayevanın “Mən bunu bacaracağam” hekayəsi.

 

 

Ahunun ilk dərs günü idi…

O səhər tez durub hazırlaşdı və ipincə saçlarını həmişəki kimi anasına hördürdü. Ahu çox həyəcanlı idi. Yay tətilindən sonra məktəbə yenidən qayıdacaqdı.

Bir tərəfdən sevincli olsa da, digər tərəfdən onu qəmgin edən bir şey vardı.  Onlar anasının işi ilə əlaqədar Bakıya köçmüşdülər. Buna görə Ahu yeni məktəbdə təhsilini davam etdirəcəkdi. Yeni insanlar, yeni bir həyat…

Ahu digər insanlardan fərqli idi. Onun cılız bədəni get-gedə tökülən saçları, çox az olan kirpikləri vardı. İnsanlar onun görünüşünə lağ etsələr də, Ahu heç vaxt özündən narazı deyildi. 

Bunun səbəbi isə Ahunun on yaşında xərçəng xəstəliyinə tutulması idi. Anası hər gün qızının ipincə saçlarını hörərkən doluxsunur, göz yaşlarını saxlaya bilmirdi.

 

Ahu yeni məktəbə də həmişəki kimi insanların diqqətini çəkdi. Onun cılız bədəni və nazik tökülmüş saçları nəzərə çarpırdı. Ahu heç bir reaksiya vermədən dəhlizdə gəzişməyə davam etdi. Bu onun üçün artıq adi bir hal idi.

Sinfə daxil olub müəllimlə salamlaşdı. Müəllim onu sinif yoldaşları ilə tanış etdi. Uşaqlar Ahunun qız olduğunu biləndə aralarında pıçıldaşmağa başladılar. Ahu bunu görməzlikdən gəldi.

Müəllim onu Leyla adlı qızın yanına oturtdu. Leyla narahatlığını bildirərək müəllimdən yerini dəyişməsini xahiş etdi. Bu vaxt isə arxa partada əyləşən Nuray adlı qız: "Müəllim Ahu mənim yanımda əyləşsin"- dedi.

Beləliklə, ilk dərs günü bitdi.  Tənəffüslərdə Ahu tək otururdu. Sadəcə, Nuray ona yaxınlaşıb söhbət edirdi.

Dərsdən sonra Ahu məktəbin qarşısında ağacın altında gözləyən anasını görüb qaçaraq onu qucaqladı, anası qızından soruşdu:

-Qızım dərs günün necə keçdi?

Ahu isə anasının pis olmaması üçün gülümsəyərək cavab verdi:

-Çox yaxşı keçdi, anacan, hətta Nuray adlı bir dostum da oldu.

Anası qızının səsindəki titrəyişdən başa düşdü ki, ilk dərs günü çox da yaxşı keçməyib. Amma o, qızının necə güclü, özünə inamlı olduğunu da bilirdi. Çünki Ahu ilk dəfə xəstə olduğunu öyrənəndə də “bunu bacaracam, ana, öhdəsindən gələcəyəm”- deyirdi.

 

Ertəsi gün Ahu sinfə daxil olanda uşaqlar yenə ona kobudluqla qarşıladılar.

 Ahunu görmürsüz oğlana oxşayır, nə kirpiyi var, nə də saçı- deyə gülüşürdülər.

Amma bu deyilən sözlər heç vaxt Ahunun özünə olan inamından üstün ola bilmədi.

Bir gün məktəbdə rəqs tədbiri olacagını dedilər. Ahu uşaq vaxtlarından rəqs kurslarına gedirdi və onun rəqs qabiliyyəti çox yüksək idi. O, müəlliməyə tədbirə qatılmaq istədiyini bildirdikdə müəllim ona yer qalmadığını dedi. Ahu buna pis olsa da heç nə deməyərək başını aşağı saldı.

Bu vaxt Nuray gəlib müəllimə bildirdi ki, onsuz da rəqs haqqında çox şey bilmir və yerinə Ahu rəqsə qatılsın.

Müəllim bu təklifi qəbul etdi.

Ahu rəqs paltarlarını geyinərkən sinifdəki qızların onun haqqında danışdıqlarını eşitdi. “Görmürsünüz, Ahu necə arıqdır?!  Saçları da uzun deyil ki rəqs edərkən xoş görünsün”.

Ahu bu sözlərə fikir vermirdi.

Tədbir başladı. Bütün müəllimlər, hətta direktor da Ahunun rəqsini heyranlıqla izləyirdi.

Tədbirin sonunda Ahu tərifnamə alaraq birinci yerə çıxdı.

Nurayın müəllimi və anası onu qucaqlayıb təbrik etdilər. Ahunun gözlərindən sevinc göz yaşları axırdı. Bəli, Ahu yenə özünə olan inamı sayəsində bunu da bacarmışdı.

 

Səhər oyanan kimi sevinc içində qaçaraq anasının yanına gəldi. Anası ondan soruşdu:

-Qızım, niyə bu qədər sevinclisən?

Ahu sevinclə cavab verdi:

-Ana, bu gün mənim dünyaya yenidən gəlişimdir

Bu gün Ahunun analiz günü idi. Həkim onun həyata davam edib edə bilməyəcəyini deyəcəkdi.

Anası qızının əllərini tutaraq dedi:

 -Əlbəttə ki, qızım, bu gündən sonra hər şey daha yaxşı olacaq.

Onlar xəstəxanaya gəldilər. Analiz verdikdən sonra Ahu həyəcanla cavabı gözləməyə başladı.

Bir müddət sonra həkim Ahunun anasını otağa çağırdı. Bunu eşidən Ahu qapının ağzına yaxınlaşıb qulaq asmağa başladı.

Həkim Ahunun vəziyyətinin get-gedə ağırlaşacağını söylədi.

Amma belə bir ehtimal da var idi ki, xəstəliyin yaxşı getməsi üçün pozitiv və inamlı olmalıdır.

Ahu anasının yerə çöküb ağladığını görəndə qaçaraq onun əllərini tutdu və dedi:

 -Mən bacaracam ana, mən bunun öhdəsindən gələcəyəm.

Həkim doluxsunmuş gözlərlə, ümiddolu qıza baxdı və onun bacaracağına inandı.

 

Bəli üç il keçdi, Ahu bunu bacarmışdı.

Ahu artıq rəqs edərkən uzun saçları dalğalanırdı. Lap dalğalanan dəniz ləpəsinə bənzəyirdi. 

Heç vaxt ətrafındakı insanların dedikləri Ahunun özünə olan inamından və özgüvənindən üstün olmadı.

Bəli, siz də heç vaxt ətrafınızdakı insanların pis düşüncələrini özünüzə olan inamınızdan və güvəninizdən üstün tutmayın.

Həyatımızda qarşımıza çoxlu sınaqlar çıxacaq. Amma bu sınaqların heç biri bizim məqsədimizdən böyük deyil.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Ötən gün Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illiyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında şairin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, akademiklər İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası”, Nizami Cəfərovun “Həyat, ölüm... və həyat”, Rəfael Hüseynovun “Dərinlərin birgəliyi”, ədəbiyyatşünas Cavanşir Yusiflinin “Üçüncü göz, yaxud ulduzlar dənizə tökülür...” kimi məqalələrinin tam mətni təqdim edilir.

 Elektron bazada görkəmli şairin yaradıcılıq nümunələrinin, tərcümələrinin, dövri mətbuatda, məcmuələrdə dərc olunmuş şeirlərinin, publisistik məqalələrinin, sözlərinə yazılmış musiqi nümunələrinin,   Rəsul Rza haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, kitablarının virtual sərgisi də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 20 May 2025 10:44

Cəfər və İlham Namiq Kamallar

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan kinosunda və teatrında adı çəkilərkən dodaqlarda təbəssüm yaradan bir isim var - İlham Namiq Kamal. Amma biz ondan yox, onun qardaşından danışacağıq. Komik yox, dramatik rollar ifaçısı Cəfər Namiq Kamaldan.

 

19 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Cəfər Namiq Kamala həsr olunmuş "Maşallah, 75 də gəldi" adlı yubiley tədbiri keçirilib. 

Tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər - Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə, İlham Rəhimli, teatrşünas Çingiz Ələsgərli, telejurnalist-dramaturq Ülviyyə Heydərova və başqaları Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, teatr səhnəsində yaratdığı obrazlardan, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən danışıblar. Çıxışlararsı sənətkarın həyat və yaradıcılığını əks etdirən görüntülər nümayiş olunub. 

Cəfər Namiq Kamal bu unudulmaz günü təşkil edənlərə dərin minnətdarlığını bildirib və söylədiyi Monoloqla tədbirə xüsusi rəng qatıb. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə axşamı, 20 May 2025 10:34

Oxuyan adam, sənə bir sual - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Oxuyan adam, sənə bir sual vermək istəyirəm. Düşünərək cavab ver. Özündən, ətrafından, həyatdan yola çıxaraq. Vacib deyil, çox uzağa gedəsən. Bəlkə də cavab elə sənin özündədir. Vacibdir ki, bir cavab verəsən.

 

Cavabsız suallar çoxdur, bilirəm. Kiminin içində, kiminin çölündə, kiminin də gülüşündə gizlənir. Bəzən elə üzümüzdəki təbəssümün arxasında dayanır o cavabsız suallar. Heç nə olmamış kimi görünən susqunluqların içində. İndi isə görünənlərə yox, var olana baxaraq cavab ver.

Oxuyan adam, “İnsan dəyişə bilərmi?”

Bu sual bir aynadır, özünə baxmaq cəsarəti olanlar üçün tutulmuş bir ayna. Sən indi ondan soruşursan: “İnsan dəyişə bilərmi?”

Bəlkə cavab yazmaq istəmirsən. Çünki bilirsən ki, bu cavab bir cümlə ilə məhdudlaşmaz. O cavab sənə toxunar, içində gizlədiklərini oyadar, səni keçmişə aparar. Bu suala cavab vermək cəsarət tələb edir. Çünki özünlə üzləşirsən. Bu sual, əslində, “Mən dəyişmişəmmi?”, “Mən kiməm?” sualını öz-özünə verə bilməkdir. Hər kəs keçmişə dönmək, özü ilə üzləşmək istəməz. Dəyişmək isə, ilk olaraq, özü ilə üzləşməkdən keçir.

İnsan nə vaxtsa, heç olmasa bir dəfə, özü ilə üzləşmə cəsarəti tapırmı? Yoxsa özündən xəbərsiz yaşayaraq içindəki səsi susdurur? Səssizcə ötüb keçir fəsillər kimi — yaz gəlir, amma o fərqində deyil; payız saralır içində, solur, tökülür, amma hiss etmir; qışda donur, amma niyə donduğunu anlamır.

Üzləşmək ağırdır. İnsan bunun fərqindədir, oxuyan adam. Sadəcə kimisi daim özündən qaçır, kimisi də bir gün dayanaraq o cəsarəti özündə taparaq “Mən kiməm?” deyir. Keçmişə baxaraq “Bu, mənim bir parçamdır” deməyi öyrənir. Keçmişə baxmaq asan deyil. Orada çox şey var — unudulmaq istəyən izlər, deyilməmiş sözlər, yaşanmamış xatirələr, susmuş həqiqətlər var. Keçmişin izləri heç vaxt yox olmur. İnsan bunu bilir, oxuyan adam. Amma biləndə ki, dəyişmək üçün ilk addım üzləşməkdir — bax, o zaman, o cəsarəti tapanda yaz gəlir və qönçələr açmağa başlayır. Artıq keçmişin səsi duyulmur, o səssizləşir.

Bəs sən, oxuyan adam, “İnsan dəyişərmi?” sualını özünə vermisənmi? Əgər vermisənsə, demək ki, sən də dəyişmisən!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

Mayın 19-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından verilən məlumata görə, Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransda öncə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, ordu sahəsindəki islahatların təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr Zəfərinin tarixi önəmindən danışıb.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxış edib. O deyib:

 

-8 Noyabr Zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr Zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz dövlətinin, Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz Vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu Zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə axşamı, 20 May 2025 10:01

Fərruxdan gələn səs -HEKAYƏ

 

Nemət Tahir

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azad əlində adını daşıdığı əmisinin şəkli tabutun qabağında gedirdi. 32 ildən sonra itkin düşən əmisinin qalıqları Fərrux dağının ətəklərindən tapılmışdı. İndi isə şəhidi dəfn etməyə aparırdılar.

”Şəhidlər ölməz,Vətən bölünməz!” –şüarı onu xəyallardan ayırırdı.

Çox qəribə hislər keçirirdi. Hiss edirdi ki, boğazında nəsə düyünlənib. Qəhər onu boğurdu, gözləri yaşardı. Sevinc, qürür, kədər - sanki duyğu selinə qərq olmuşdu. Öz-özünə pıçıldadı: “Çox şükür, üzünü görmədiyim, qəhrəman əmim, 32 ildən sonra da olsa, səni  dəfn edəcəyik. Ruhuna, qəbirsiz canına qurban olum, əmi. Kaş dədəm və nənəm də bu günü görəydi, sənin yolunu gözləyə-gözləyə gözləri kor oldu, odsuz-alovsuz, diri-diri bu dünyada cəhənnəm əzabı çəkdilər”.

Gözləri doldu, iki damla yaş sürətlə yanağından çənəsinə düşdü.

Azad bir daha şükür etdi. Doğmalarının intizarı, həsrəti bir az da olsa, azalacaq, gözləri yollardan yığılacaq.

Gedən ayaqları idi, xəyalları onu keçmişə aparırdı. Babası Murad kişi (dədə deyirdi) oğul həsrətinin əyib bükdüyü bir dağ adamıydı. Bir vaxtlar Murad kişinin səsi Qarabağın dağlarında əks-səda verərdi: mal-heybanı otarar, ürəyindən gələn nəğmələri gur səsi ilə oxuyardı. İndi isə o səs meh kimi pıçıltıya dönmüşdü. Evində bir tərəfdən öskürək, bir tərəfdən qəhər səssizliyi qulaq batırırdı. Oğlu itkin düşəndən siqareti sönmürdü, sanki siqareti mayaq eləmişdi. Ciyərinin yanğısını odla söndürmək istəyirdi. Gözləri sönməkdə olan çırağa dönmüşdü, közərirdi. Onun içində yanan son ümid, bir ovuc köz kimi illərlə qəlbini qovururdu. Oğlu Azad I Qarabağ müharibəsində, Fərrux dağı istiqamətində itkin düşəndə Murad kişinin qəlbi iki yerə bölündü. Biri özündə qaldı, biri dağın ətəyində – tapılmayan cəsədlərin, susan torpağın altında. Yoldaşı Nabat isə sanki torpağa çökdü. Oğul həsrəti onun beli ilə bərabər, ruhunu da bükdü. Danışa-danışa susdu, gülə-gülə ağladı. Və bir gün yatağa düşdü. Oğul deyə-deyə can verirdi, amma ölə bilmirdi. Nəvəsi Azad divardan əmisinin şəklini nənəsinin qucağına qoydu. Gözün açıb şəkli görən Nabat arvad: “Boyy, ay boyuna qurban olum, gəldin, bala?”-deyib dünyadan köçdü. O gündən Murad kişinin evi qara çadıra döndü, qapısı açıq, içi qaranlıq. Lakin həyat qəribə bir inadla çiçək açır bəzən. Murad kişi doğulan ilk nəvəyə itkin oğlunun adını vermişdi. Balaca Azad əmisinin adını daşıyırdı, Ağlı kəsəndən babasına və nənəsinə valideyn qayğısı ilə yanaşırdı. Bəlkə də, bu ad onun alnına bir tale kimi yazılmışdı. Uşaqlığı qucağında dərd böyüyən bu evdə keçdi. O, oyuncaq əvəzinə babasının duaları ilə, nağıl yerinə nənəsini əmisi Azad haqqında söhbətləri, xatirləri ilə böyüdü. Balaca əlləri ilə nənəsinin saçlarını darayır, nəmli gözlərini silirdi. Yaşıdları oyun oynayanda o, çay gətirir, yemək bişirirdi.

Nabat nənəsi hərdən titrək səslə deyirdi: "Sənin xasiyyətin də əminin xasiyyəti kimi mülayimdir, evcanlısan. O da mənə ev işlərində kömək edərdi. Evimin son beşiyi idi." Azad gülümsəyirdi, amma bu söz onun daxilində bir dağa toxunurdu – Fərrux dağına.

...İllər ötüb keçdi. Azad artıq gənc bir oğlan idi. Tanrı ona güc, qüvvət, ağıl həm də mərhəmət bəxş etmişdi. Bir əlində babasının əsası, bir əlində nənəsinin dərmanı ilə həyatın yükünü çiyinlərində daşıyırdı. Həm də yaxşı oxuyurdu. Məqsədi hərbçi olmaq, torpaqları azad etmək, əmisinin qisasını almaq idi Azadın.

Nənəsi dünyasını dəyişəndən  bir neçə ilə sonra  Murad kişinin səhhəti də get-gedə pisləşirdi. Saatlarla  gözləri bir nöqtəyə zillənirdi. Bəzən Azad elə bilirdi ki, kişi elə oturaqlı, gözüaçıq dünyasını dəyişib. Tez onu danışdırardı: Dədə, nəsə lazımdır?
Yataqdan qalxa bilməyən Murad kişi ölümün hənirtisini duymuşdu sanki, Azadı yanına çağırdı:

– Bala, – dedi, səsi torpaq altından gələn kimi zəif idi. – Yastığımın altında bir az pul var. O pulla yasımı verərsən. Amma yasdan qoyma pul yığılsın, ha! Əmin və atan pulun üstündə dava salar, -deyib gülümsəməyə çalışdı, amma illərin kədəri simasında iz salmışdı. Sözünə davam etdi:- Ruhum narahat olar, Dünya malı şirindir. Qara torpağın üzü soyuqdur.

Azad başı ilə təsdiqlədi. Murad kişi bir anlıq susdu. Dodaqları titrədi.

– Vəsiyyətimi də kağızda yazmışam. Nəyim varsa, bərabər bölmüşəm.. Amma... oğlum Azaddan bir xəbər olaydı kaş. Vətən müharibəsindən sonra ümidlərim çoxalıb. Bircə bu Fərrux dağı da alınsa idi, məni aparardın ora. Azad döyüşdüyü, qanını töküldüyü o torpaqda dizin-dizin sürünərdim. Daşları qoxulayıb, üzümü sürtərdim. Oğlumun, nakam oğlumun qoxusunu alardım. Bəlkdə də, nəşini də tapardıq, gözüm açıq getməzdi. O dünyaya- Nabat nənənə də muştuluq aparardım, gözaydınlığı verərdim. Murad kişinin əli əsdi, gözlərinin kökü qurumuşdu, gözləri yaşarmadı. Azad onun əlindən tutdu. Əli buz kimi idi, amma içində alışıb-yanan bir yanğı vardı. Elə o anda televizorda xəbərlər proqramının  səsi gəldi. Sanki tale də o anı gözləyirmiş:

– Azərbaycan Ordusu Fərrux dağı istiqamətində uğurlu əks-hücum əməliyyatı aparıb. Əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi qeyri-qanuni erməni qüvvələrindən azad edilmişdir. Yüzlərlə vətən oğlunun şəhid olduğu, itkin düşdüyü Fərrux azaddır, gözümüz aydın olsun!

Murad kişi yataqdan dikəldi. İllərin taqətsizliyi bu səsin qarşısında geri çəkildi. Gözləri işıldadı, sanki o an Fərruxdan səs gəldi: “Ata, mən buradayam.” – Azad! – deyə səsləndi. – Bala... Fərrux alındı. Əminin şəhid olduğu torpaq indi bizim torpağımızdır.

O qədər sevincək idi, sanki oğlunu tapmışdı. Bir xeyli qəhərdən söz deyə bilmədi. Nəhayət özünü toparlayıb söylədi:

-Bunu yadında saxla, tarixən də ermənilər həmin yüksəkliyə nəzarət edərək, bizim başımıza bəralar açıbdır. Dədəm danışırdı ki, 1920-ci ildə erməni-daşnaq qüvvələri Azərbaycan hökumətinə tabe olmayıb, Şuşaya gedən Əsgaran yolunu bağlayıblar. Yerli əhaliyə divan tutublar. Milli hökumət general-mayor Həbib bəyin başçılığı ilə bölgəyə qoşun göndərib. Əks-hücumla erməni quldur dəstələri məhv edilib. Şuşa yolu açılıb. Bala, heyif ki, Milli hökumətimiz həmin il məğlub oldu, Azərbaycanda sovet hökuməti quruldu. Bizə düşmənçiliyi zorla unurdururdular. Unutmayanı Hümbət, Əli, Cavanşir baban kimi sürgün edirlər, öldürürlər. Amma ermənilər alt-altdan öz işlərini 70 ildə gördülər. 1992-ci ildə  rəhmətlik polkovnik Şirin Mirzəyev də deyirdi ki, Fərrux dağı kimdə olsa, bu bölgəyə də o nəzarət edəcəkdir.

Murad kişi dəfələr bu söhbəti Azada danışmışdı. Azad əzbər bilirdi. İntəhası, həmişə qüssə içində, indisə sevinclə danışırdı.

Fikrini tamamladı:

-...Çox şükür, deməli, qələbə bizimlədir. Bircə, ora gedə bilsəydim.

Qəhər Murad kişinin boğdu.

-Azad, bala, mən ölsəm, gedə bilməsəm, o torpaqdan gətirib mənim, nənənin qəbrinin üstünə səpərsən, eşidirsən? Əgər əmini tapsanız, bizim araımızda….( dəfn  edərsiniz, demək istəyir, amma ürəyi gəlmir)… Bizə haqqını halal et... Sənə çox əziyyət verdik.

Azad babasının əllərindən öpdü, Susdu. Çünki o an söz deyil, sükut danışırdı. Sükutun içində min kəlmə vardı: nisgil, qürur, torpaq, şəhidlik, Vətən...

Murad kişi son nəfəsini aldı. Gözləri açıq idi, amma sakit idi. Övladından xəbər almış insanın rahatlığı vardı o baxışlarda. Boynu qəfildən yana düşdü. Azad “dədə” deyib çığıraraq onu qucaqladı...

...Şəhidin şərəfinə  atılan yayılım atəşi Azadı xəyalından ayırdı. Çiynində ay və ulduz olan general-mayor dövlət bayrağını Azada təqdim etdi, bayrağı öpüb üzünə sıxdı. Bayraqdan vətən qoxusu gəldi burnuna. O gün Fərrux dağından bir bayraq qalxdı.

O bayrağın altında Azad  dədəsinin və nənəsinin qəbrinə bir ovuc torpaq tökdü. Sonra başını qaldırıb, babasının və nənəsinin başdaşındakı  şəkillərinə baxdı. Dodağının altında pıçıldadı:

– Dədə, nənə, gözünüz aydın, ruhunuz şad olsun, əmanətinizi gətirdim, alın qoynunuza, rahat yatın. Söz verirəm ki,  mən bu adı şərəflə daşımağa çalışacam.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Oğuz Məhəmmədikiyadır.

 

 

Oğuz Məhəmmədikiya

İstanbul

 

 

KÖRPƏ DİNOZAVR

 

Ölülərimi Qucaqladım

Üç kərə Döydüm Daşın

Çatlağından süzülərək

Dirilərimi tanımazdan öncə

Dirildirildim ortadoğudan avropalı gözümlə

Baxdım həyatın ənənəvi boyutuna

Damızdırdım bıçaqdan süzən ovcumun qanını.

 

Barışı sağladım inəklər qəbiləsi ilə

donuzlar tayfasının arasında

Sonra

Çaxırladım gözümdən ağzıma axan şor dənizi

Və birdən atıldım miladdan sonrakı ilk günə

Miladdan öncəni də vərəqlədim

Qutladıq bərabər miladın şərəfinə

Kılavarı dağında yanan şamı püfləyərək

Tanrının ağzından əsən hava ilə...

 

Yerlərdə sürüklənən qutsallığı da gördüm

Qardaşlığın ovucdan axan qana hörmətsizliyini də

İndi isə sevişmə törəsində

Qırmızı bezin ağappaq qaldırılma anındayam.

 

Xirosimaya qan ləkəsi düşməmiş hələ

Addımladım qadınların başından açılan

Yelin sərinliyində

Və tam mədəniyyətin ortasında

Qaldırdım atamın paslı qılıncını...

 

Cənnətdən yenərkən

Qırılan ayağımı miras buraxmışam

Məndən sonrakı əziklərə.

 

İlk dəfə gördüyümdə səni

Körpə ilan idin ağacın gövdəsinə uzanan

Balıq babanın son dəyişməsi idin təzə

Saçının ucunu da hörmüşdün oysa.

 

Sevirəm (üstünə basaraq) səni.

 

Sevmək sözcüyünü quşlardan Öyrənmişdim

İlk cınqıltılı samitliyimdə

Və sənə uzanan əlimə toxunduğunda anlamışdım dərimdən

ötə biləcəyimi.

 

Bax hələ haradasa

Qızıl almadan yeyəcək idim ilan qadın!

 

Məni tanrıyla baş-başa

Buraxma lütfən

Məni sevməz bilirəm.

 

Dandırılmışam,

Unutdurulmuşam ona.

Altımı doldurduğum günlər idi.

Ondan qorxduğum an

Ürəyimə oturmamışdı zatən.

 

On bir yaşımda bildim dəniz

Mavi olmaz

Çiynimdəki ağ geyimli mələyin

İftirasını bildim.

 

On iki yaşımda tanıdım coğrafiyamı

Və tam on beş yaşımda

Qonşunun qızı əmizdirdi

İçimdəki körpə dinozavrı.

 

On altı yaşımda qarğaların

Sevişməsini görməklə

Açıldı gözüm.

 

İndi islamdan sonra

Min dörd yüzüncü ildəyəm

Donuzlar inəkləri sağır

Və içimdəki körpə dinozavr

Doğulmağa meyilli deyil...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Həyatda ən böyük sərvətin nə olduğunu bilirsinizmi?! Bu, sağlamlıqdır. Düzdür, “sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa, hər şey heç bir şeydir” (A.Şopenhaur).

Güc və xoşbəxtliyin təməlidir sağlamlıq. Ona görə də xəstələnən kimi tez-tələsik həkim yanına qaçır, keyfiyyətli iynə-dərman axtarışına çıxırıq. Bəs pulsuz-parasız, iynəsiz-dərmansız müalicə usulunun olduğunu da blirsinizmi?!  

 

Bəli, bəli, təəccüblənməyin, belə bir üsul da var. Adı da biblioterapiyadır, yəni kitabla müalicədir. “Əşi, kitabla da müalicə olar”, - deməyin. Diqqətlə oxusanız, özünüz də görəcəksiniz ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur.

Dünya ailmlərinin apardığı araşdırmalar müəyyən edib ki, kitab mütaliəsi insanın, fiziki, zehni və hissi inkişafında, xəstəliklərin müalicəsində vacib vasitələrdəndir. İnsanların həyatında müvəffəqiyyəti gücləndirən başlıca amillərdən olan mütaliə onların ruhi və fiziki sağlamlığının profilaktikasında da əhəmiyyətli rola  malikdir. Edvard Hant yazırdı ki, “idmanın bədənə göstərdiyi təsiri kitab beyinə, ruha göstərir”. 

Ona görə də bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni   müalicə metodu – biblioterapiya ("kitabla müalicə") tətbiq edilir. 

Əslində psixoterapiyanın bir forması olan biblioterapiyanın tarixi çox qədim dövrlərə gedib çıxır. Romalılar inanırdılar ki, kitab oxumaq insanın psixi sağlamlığının normadaqalması üçün çox faydalıdır. Qədim yunanlar kitabxanaları “ruhun dərmanı” hesabedirdilər. Tarixçi Diodorus yazırdı ki, antik tibb kitabxanasının girişində “ruhunsağalma məkanı”sözü yazılırmış.  Mənbələrə görə, Misir fironu II Ramzesin kitabxanasının girişində də üzərində "Qəlb üçün dərman" sözləri yazılmış lövhə asılıbmış.  Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor da bir sıra xəstəliklərin müalicəsində musiqi ilə yanaşı, kitablardan da (şeirlərdən) istifadə edirmiş. Kitabla müalicə Yunanıstanın ilk kitabxanalarında tətbiq edilib. 

Məşhur alim və təbib İbn Sina “Şəfa kitabı”nda loğmanın, təbibin əlində “üç vasitə olmalıdır" yazırdı və onlardan birincisinin söz olduğunu bildirirdi. Orta əsr mənbələrində qeyd olunduğuna görə, 1272-ci ildə Qahirədə Əl-Mənsur  xəstəxanasında Qurani-Kərimdən  müalicə üsulu kimi də istifadə olunmuşdur.

Avropada isə biblioterapiyanın əsası ilk dəfə kilsə kitabxanalarında qoyulmuşdur. XVIII əsrdə praktika ilə məşğul olan ingilis həkimi T.Seidengen bu məqsədlə öz xəstələrinə Servantesin o dövrdə məşhur olan "Don Kixot" kitabını tövsiyə edirmiş. 1802-1810-cu illərdə amerikalı Benjamin Ruş tərəfindən “biblioterapiya” üsulu irəli sürülüb. Ruş deyirdi ki, biblioterapiya üçün romanlar dini mətnlərdən daha effektivdir. Daha sonra 1853-cü ildə amerikalı həkim Con Minson Qalt, “A Lecture On İdıocy” (“İdiotizm üzrə mühazirə”) kitabını yazaraq biblioterapiya elmində yeni üfüqlərə yol açıb. O, kitabda ruhi xəstələr üçün oxumanın beş faydasını qeyd edib.

Kitabla müalicə metodu elmi cəhətdən ilk dəfə 1916-cı ildən əsaslandırılmağa başlanıb. "Biblioterapiya" termini birinci dəfə 1916-cı ildə Amerika tədqiqatçısı Samuel Crothers tərəfindən istifadə edilmişdir.

1939-cü ildə Amerika Kitabxana Birliyi qurulub və biblioterapiya kitabxanaçılıqda rəsmi status qazanıb. (https://sherg.az/aktual/197083)

Hazırda dünyanın aparıcı klinikalarında və kitabxanalarında həkim, kitabxanaçı, filoloq, psixoloq və sosialoqların  yekdil rəyi əsasında müxtəlif xəstəliklərlə əlaqədar oxunması məsləhət görülən bədii ədəbiyyatların tövsiyə siyahıları hazırlanmışdır. Həkimlər və kitabxanaçı mütəxəssislər qəhrəmanların hansı kitablarda oxucu ilə eyni problemləri olduğunu bilir və ona uyğun kitablar təklif edirlər. Və yaxud həmin əsərlər birlikdə ucadan oxunur. Sonra terapevt və yaxud kitabxanaçı ilə birlikdə interaktiv formada müzakirə edilir.

Kitab oxumaq insana stresli vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir. Müəyyən edilib ki, müntəzəm olaraq mütaliə ilə məşğul olan insanlar stress və depressiyaya daha az məruz qalırlar,  daxili ləyaqət hissinin çatışmazlığından əziyyət çəkmirlər, çətin situasiyalardan daha yaxşı çıxa bilirlər, daha sağlam yuxu yatırlar. Mütaliənin stresi azaltdığı elmi araşdırmalar nəticəsində də sübut olunmuş bir həqiqətdir. Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.   

 

Bəzi məlumatlara görə, hər ikinci insult və infarktların 40%-ə qədərinə səbəb artan stress səviyyəsidir. Sasseks Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, kitab oxumaq, bəlkə də, dünyada ən sakitləşdirici prosesdir – bu, stressi 68 faiz azaldır. Əsəb sisteminə faydalı təsirləri baxımından kitab oxumağın havada gəzməkdən daha yaxşı olduğu ortaya çıxıb.

Kitablar beyni tonlayır. Araşdırmalar göstərir ki, müntəzəm kitab oxuma, beynin məlumat saxlama qabiliyyətini artırır və çətin problemləri həll etməyi asanlaşdırır. Mütaliə həmçinin beyində stres hormonunu azaldaraq zehnin rahatlaşmasına kömək edir. Alimlərhesab edirlər ki, mütaliə beynin səkkiz bölgəsini vəonların arasında sinir əlaqəsini aktivləşdirir. Görkəmli fransız yazıçısı D.Didro deyirdi: “Hər kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”. Doğrudan da, ən dərin, əhatəli bilik, elmi dünyagörüşü məhz mütaliə yolu ilə yaranır. 

Mütaliə sayəsində yaşlı insanlar demans (Alzheimer xəstəliyi) kimi xəstəliklərə daha az məruz qalırlar. Kitab oxuyan qocaların beyinləri məşq edir və onların idrak qabiliyyətləri kitabları unudan yaşıdlarına nisbətən xeyli dərəcədə yüksək olur.

Yatmazdan əvvəl kitab oxumaq dincəlməyə, daha yaxşı yuxuya getməyə və daha sağlam yatmağa kömək edir. Yeri gəlmişkən, dünyanın əksər tədqiqatçıları hələ də hesab edirlər ki, kağız kitabları oxumaq (və ya ekstremal hallarda elektron mürəkkəb daşıyıcılarından istifadə etməklə) telefon və ya kompüterin ekranından məlumat almaqdan qat-qat yaxşıdır.

Tədqiqatlara əsasən, gün ərzində 5-10 dəqiqə kitab oxumaq infarktdan yaxa qurtarmaqüçün kifayətdir. Kitab oxumaq insultdan sonra daha sürətlə bərpa olunmağa kömək edir. Mütəxəssislər bildirirlər ki, insult keçirmiş kitab həvəskarları kitab oxumayanlarla müqayisədədaha tez sağalırlar. Tədqiqatçılar kitab həvəskarlarının yaddaşın zəifləməsi ilə əlaqədarxəstələnmək riskini 40 faiz azaltdıqlarını söyləyirlər, çünki oxumaq beyin hüceyrələrini məhv olmağa qoymur.

Mütaliənin effektivliyi depressiya, yüngül alkoqol asılılığı, narahatlıq, qidalanma pozğunluğu və ünsiyyət problemləri kimi xəstəliklərinmüalicəsində də sübut edilib. Maraqlı bir fakt da aydın olub ki, mütaliə qızlara nisbətən oğlanlara, onların gizli hissləri duymaq qabiliyyətinin inkişafına daha yaxşı təsir edir.  

 Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. 

Nevroloqlar tədqiqatlar zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində beyin hüceyrələrini dəyişdiyi sübut ediblər. 21 gənc üzərində eksperiment aparan tədqiqat qrupu əvvəlcə kitab oxumamışdan əvvəlki beyin hüceyrələrinin vəziyyətini müəyyənləşdirib, sonra gənclərə oxumaq üçün nisbətən mürəkkəb bir roman veriblər. Gənclər romanı 5 gün oxuduqdan sonra beyinlərindəki hüceyrələr yenidən yoxlanılıb, nəticədə sağ və sol yarımkürədə olan dəyişikliklər ortaya çıxıb: hüceyrələr daha da canlanıb və gənclərin mühakimə yürütmək qabiliyyəti sürətlənib. 

Kanadadakı York Universitetinin psixoloqu Raymond Mar və Toronto Universitetinin idrak psixologiyası üzrə fəxri professoru Keith Oatley çap etdirdikləri elmi məqalələrdə yazırlar ki, tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. R.Mar uşaqlar üzərində apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar.

Böyük Britaniyadakı Oksford Universiteti alimlərinin mütaliənin faydası haqqında apardıqları tədqiqatlara görə, mütaliə edən adamların beyninin maqnit-rezonans analizi göstərir ki, onlar kitabdakı hadisə və təsvirləri oxuyan zaman beyinlərindəki mənimsəməyə görə cavab verən sahələr reallıqda bunları hiss edirmiş kimi fəallaşır. Bu effekti televizor və kompyuter vermir, əksinə televizor onları itirir...  

London və Uels universitetlərinin alimləri isə San - Fransiskoda  53-75 kişi və qadın arasında telomerin (hüceyrələrin hisslərə bölünmə prosesinin düzgünlüyünü tənzimləyir) uzunluğunu ölçərək müəyyən etmişlər ki, cinsindən asılı olmayaraq çox oxuyan insanların telomerinin uzunluğu daha çoxdur, yəni belə insanların hüceyrə və toxumaları qocalma prosesinə az meyillidir. Amerikalı ekspertlər belə qənaətə gəliblər ki, ən azı hərdən əllərində kitab tutan insanlarda oxumayan həmyaşıdları ilə müqayisədə erkən ölüm riski dörddə bir dəfə azdır.

Yel Universitetinin alimləri sübut ediblər ki, həftədə ən azı 210 dəqiqə (gündə cəmi yarım saat) kitab oxuyan insanların erkən ölmə ehtimalı 23% azdır. Bu müşahidə ekspertlərin 12 il ərzində müşahidə etdiyi bir test qrupu üçün doğru çıxmışdır.

Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.

Mütaliə  insanların nitqinin,  lüğət  ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında da əvəzsiz vasitədir. Kitab oxumaq həm də diqqət və konsentrasiyanı gücləndirir, bu isə təhsil və iş həyatında daha yaxşı nəticələr əldə etməyə kömək edir. Kitab oxuma yaradıcılığı da artırır. Beynin həm sol, həm də sağ yarımkürəsini hərəkətə gətirərək, həm məntiq və dil, həm də vizual düşüncəni stimullaşdırır.

 

Nə isə. Söhbəti çox da uzatmayaq, yəqin ki, mütaliə etməyin sağlamlığımıza nə qədər faydalı olduğu aydın oldu. Gəlin, yolumuzu tez-tez kitabxanalardan, kitab mağazalarından salaq. Kitab oxumaqdan usanmayaq. Antik yunan filosofu Sokrat demişkən,  mütaliəni vərdişə çevirək! Kitab oxuyaq ki, sağlam olaq!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

                                                                          

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Bilirsən dostum? Məncə Tarix bir diktatordur. Gözləmir. Bağışlamır. Və hər dəfə təkrarlanmaq üçün dəyişir. Ona ən çox itaət edən varlıq isə insan deyil. Kütlədir. Cəmiyyət isə kütləyə verdiyimiz ən mədəni addır.

Ən qədim mövzunu soruşursan? O, nəzarətdir.

 

Ədalət, azadlıq, insan hüquqları bunlar nədir, bilirsənmi? Nəzarətin daha az ağrılı versiyaları. Təbəssümlə gələn qandallar. Əlini sıxan, sonra dirsəyinə qədər səni udan sistem. Cəmiyyət insanı heç vaxt bir fərd kimi görməyib. Onu ya günahkar, ya da faydalı resurs kimi dəyərləndirib. Qədim Misirdə fironlar Tanrı oldu. Xalq onlara qulluq etməklə özünü xilas olunmuş saydı. Orta əsr Avropasında kilsə "müqəddəs qorxu" satdı. İnsanların boynuna xaç asıb, qəlbinə zəncir taxdı. İndi isə. İndiysə Wi-Fi şifrəsinə "123456" qoyan insan, öz datasının da, ruhunun da oğurlandığını başa düşmür. Çünki bu gün Tanrı kodla gəlir. Adətən "play market"dən.

Sənə nəzarət etməyin üsulu dəyişdi, amma məqsəd yox.

Əvvəllər divarın arxasından səni dinləyirdilər, indi isə sən öz səsini özün yükləyirsən. İfa etmədiyin mahnıya "duet" açırsan. Qadınlar vaxtilə burnuna sırğa taxılıb satılırdı. İndi isə silikon estetikası ilə özlərini brend edirlər. Yoxsa trend deməliydim? Təbii ki, "öz seçimidir".

Nəzarət artıq zorla deyil. Manipulasiya ilə gəlir. Səni məcbur etmirlər, trend yaradırlar. Sən öz istədiyini etdiyini düşünürsən. Halbuki istədiyin şeyin nə olduğunu sənə əvvəlcədən göstəriblər. Bu, artıq diktatorların dövrü deyil. Bu, "like"ların və "səni düşünə biləcək məhsullarımız"ın dövrüdür.

Platon mağarasından insanların kölgəyə baxıb onun həqiqət olduğunu zənn edirdi. İndi isə... heç kölgəyə baxmırıq. Selfi modundayıq. İşıq yaxşı düşürsə, həqiqət kimə lazımdır?

Ən qorxulusu nədir, bilirsənmi? İnsan artıq öz zəncirini sevir. Çünki o zəncir indi "Bluetooth"la işləyir və adətən qəşəng parıldayır. Bir zamanlar insanlar göyə baxıb dua edərdi. İndi isə aşağı baxıb ekranı sürüşdürərək edirlər.

 Tanrı bir vaxtlar hər yerdə idi. Evdə, yuxuda, ürəkdə. İndi isə hər yerdə alqoritm var. İnstaqram paylaşımlarında, YouTube tövsiyələrində, Temu səbətində. Və bu yeni Tanrılar daha səssiz, daha qəti və daha tələblidirlər;

 Məni izlə.

 Məni paylaş.

 Məni sev.

Və sən sevirsən. Bilərəkdən və ya bil­mədən.

 Əvvəl Allaha dua edirdin: “Məni anlayan birini qarşıma çıxar” deyə.

İndi isə Google’da axtarırsan: “Məni anlayan birini necə tapa bilərəm?”

İkisini də cavabsız qoyurlar, amma biri ən azından reklam göstərir.

 

İnsanlar artıq düşüncələrini Allaha demir, hekayəyə qoyur. Çünki Tanrı mühakimə edərdi. Amma izləyicilərin "like" edir. Və sənə nə lazımdır? Doğru olmaq, ya viral olmaq?

Lap qədim dövrlərdə ayinlər vardı. Müqəddəs hərəkətlər, səssizliyin içində icra edilən sükut ritualları.

İndi isə səhər ayinimiz, bildiriş yoxlamaqdır.Gecə duamız isə son dəfə paylaşımlarımıza baxmaq.

Əvvəl qəlblər tökülərdi, indi isə kommentlər.  Biz Tanrını yuxarılarda axtarırdıq. İndi isə onu cihaza sığışdırdıq. Və o da bizə cavab verir, statistikalarla. Sənin nə qədər görünür olduğun, nə qədər seviləcəyini müəyyən edir. Əvvəllər günah işləmək qorxulu idi, indi isə izləmədən çıxarmaq.  Cəhənnəm nədir? – Keçici olaraq profili dondurmaq.

 

Həqiqət artıq müqəddəs deyil. Ən çox izlənən videodur. Dünyanı dəyişən ideyalar indi "reklamı keç" düyməsi arasında ilişib qalır.

Yəni bir 5 saniyədən sonra keçilir.

 Bu dövr bir peyğəmbər göndərsəydi, mesajı belə olardı:

– "Ey insanlar, telefonlarınızı yükləyin, çünki "influencə" səltənəti yaxındır."

 Bir vaxtlar insanlar Allaha dua edirdi. İndi isə öz postuna baxır:

– “12 like gəlib... Amma niyə o baxıb, like etməyib?”

 Daha insan öz Tanrısına deyil, öz təsdiqinə ibadət edir. Və bu təsdiqin ən müqəddəs yeri sosial şəbəkələrdir.

 

TikTok  qısa və kəskin kəlamlar üçün..

Instagram  müqəddəs şəkillərin sərgisi..

Twitter  qəzəbli peyğəmbərlərin müharibəsi..

YouTube  müdriklərin boşanmış, ağlayan, motivasiya edən versiyası...

Facebook isə pensiyaya çıxmış bir nəslin "xoşbəxtik" yalanıdır..

 

Burada insan "mən kiməm?" sualına cavab axtarmır. Burada insan "məni necə görürlər?" sualının əsiridir.

Fikrin yoxdursa, trend var. Səsini bilmirsənsə, səhnə sənin üçün hazırlanıb. Üzünü sevmirsənsə, filtr düzəldilər. Sən özünü itirsən belə, platformalar səni tapacaq. Çünki onların məqsədi sənin azadlığın yox, diqqətindir.

Bu şəbəkələr sənin real dostlarını əvəz etdi. Artıq kimsə zəng etmir ki, “Necəsən?” Hamı sadəcə yazır: “Statusunda bir az qaralırsan, hər şey qaydasındadır?” Çünki kədər belə vizual olmalıdır ki, inanılsın. Dərdin varsa, paylaş. Yoxdursa, qoy elə bilsinlər var, çünki diqqət həmişə ağrıya yönəlir.  Bax, dostum, bu virtual məbədlərdə dua belə dəyişib.

– “Allahım, mənə səbir ver. Amma izləyicilərim azaltma.”

Çünki mənəvi təskinlik yox, alqoritmik görünürlük axtarılır.

Əvvəl insanlar içini dinləyirdi, indi isə bildirişlərini.

Bir mesaj gəldi. Bəlkə sevilirəm?

Bir like gəldi. Bəlkə dəyərliyəm?

Bir izləyici getdi. Bəlkə səhvəm?

Əxlaq artıq vicdanla yox, görünüşlə ölçülür. Kimsə çılpaq şəkildə tullanıb rəqs edir. Min bəyənmə..

Başqası kitab oxuyur.  Bir görüntülənmə.

 Çünki bilik zaman istəyir. Vizual şok isə bir saniyədə qalib gəlir.

 

Cəmiyyətin yaddaşı 15 saniyəlikdir, təfəkkürü isə 3 saniyəlik. Və ən maraqlısı isə sosial şəbəkələrdə hamı dürüst görünmək istəyir. Hər kəs "özüm kimi olmaqdan qorxmuram" deyir, amma hamı ən yaxşı bucağını, ən yaxşı sözünü, ən yaxşı hissəsini göstərir. Sən düşünürsən ki, bu platformada azadsan. Amma əslində azad deyilsən, çünki paylaşmağa ehtiyac hiss edirsən. Əgər öz hissini təsdiqlətməyə ehtiyac duyursansa, sən öz hissinin sahibi deyilsən. Və bu gün virtual mədəniyyətin əsas sualı budur ki, əgər bir duyğunu paylaşmamısansa, onu həqiqətən yaşamısanmı? Dostlar artıq real problemlərini danışmır, onlar sadəcə “postu görmədin?” deyə soruşurlar. Söhbət yox, status var. Hiss yox, "story"var. Və hər "story"  bir növ vidalaşmadır, “Məni gör, məni anla, məni təsdiqlə... yoxsa yoxam.”

 

Əxlaq bir vaxtlar iç səsi idi. İndi isə vizual harmoniyadır. Yəni bir insan düz danışır, doğru davranır, amma estetik deyil? Təəssüf ki o, dinlənməyəcək. Çünki bu dövrdə əxlaqın da "estetik paketi" olmalıdır. Sən gərək gözəl görünə-görünə doğru danışasan. Yoxsa nə olur bilirsən? Təhrif olunursan. Ya da daha betəri, görməzdən gəlinirsən.

Kimsə sinəsini açıb danışırsa, “özünə güvənlidir”. Amma kimsə həqiqəti deyirsə, “aqressivdir”. Yəni bədənə tolerantlıq, amma beyinə senzura var. Maraqlıdır, deyilmi? TikTok-da biri əxlaqdan danışır.

Fon musiqisi: “unuttum səni, unuttum…”

Altında subtitr: “Qadın dəyərlidir!”

Arxa planda: Yavaş çəkilmiş göz qırpma və yavaş tempdə gülümsəmə.

Bu, müasir dövrün “əxlaqi bəyanatıdır.” Qabığı parıltılı, içi isə... hə, içi çox vaxt boş.

 Əvvəllər əxlaq davranış idi. İndi isə kontentdir. Əxlaq bir cəmiyyətlə əlaqə alətidir. Kim daha "yaxşı" görünə-görünə "doğru" danışırsa onun əxlaqı trend olur. Kimsə əxlaqı ilə insanları tərpədirsə, amma “vizual dəyəri” zəifdirsə, onun səsi batır.

 Həqiqət artıq üzə deyil, obyektivə yaxşı çıxanlara məxsusdur. Səmimiyyət bir neçə hazır ayardan ibarətdir. Hətta kimsə ağlayırsa belə, "kameranı düzgün işığa qoyum, sonra ağlayım" deyir. Və bu günün əsas paradoksu budur ki, əxlaqlı görünmək əxlaqlı olmaqdan daha vacibdir.

Kimsə kimsəyə yardım edir, amma mütləq paylaşır. Yardımın məqsədi, artıq mərhəmət deyil, reputasiyadır. Paylaşmadınsa, etməmisən kimi.

Ona görə də “gizli edilən yaxşılıq” indi artıq cəmiyyət baxımından uğursuzdur. Özünə dürüst biri "yox" deyəndə – “nə qədər kobud insandır!” Amma saxta bir “bəli” daha yumşaq, daha filtrli, daha paylaşım üçündür. Beləcə əxlaq üzə deyil, ekrana fokuslanır.

 Bir zamanlar utanmaq vicdan idi. İndi utanmaq görünməməkdir. Əgər görüntüdə yoxsansa, bu günahın ən böyüyüdür. Əxlaq artıq təqdimat formatındadır. Canlı yayımda başqasının şəxsi dramı gülə-gülə müzakirə olunur. Studiyada mikrofon, fonda musiqi, ekranda "şok!" başlıqları... Və bu təmiz üzlü aparıcıların “dərindən təsirləndik” sözləri.

 

 Bir vaxtlar ailə deyəndə insanın ağlına bir süfrə gələrdi. Ortasında isti çörək, ətrafında isti baxışlar. İndi isə ailə dedikdə ilk ağıla gələn şey, canlı yayım, efirdə ağlayan qadın, mikrofon tutmuş reportyor və arxa fonda “sakitləşin, zəhmət olmasa” deyən bir prodüserdir.

 Əvvəllər evlərdə problem çıxanda, böyük adamlar yığışar, söz deyər, məsələ evdə həll olunardı. İndi isə problem çıxanda, hamı bir-birinə eyni cümləni yazır: “Bu məsələni Elgizdə danışın, bəlkə kömək elədilər...”

 Televiziya artıq mediator deyil. O, mərhəmətli görünən vampirdir. Səni ekran qarşısında ağladır, sonra reklam fasiləsində dişlərini silir. Ailə dağılırsa, bu artıq faciə deyil, kontentdir. Hər tərəfdən baxılır:

– Psixoloq nə dedi?

– Ər ağlayır?

– Uşaq efirdə “məni atam döyürdü” dedi?

 Hər cavab reytinqdir, dostum..

 Biri 20 illik ailə həyatını 2 saatlıq efirə daşıyır. Qarşısında isə aparıcı, ekspert, toy müğənnisi, “Uşaq psixologiyası üzrə mütəxəssis” (əslində instaqramda 15K followeri var), və nəhayət, səhnə arxasında sponsora “ağlasın da biraz, darıxdırdı” deyən prodüser. Efirə çıxan qadının dərdi nə qədər dərindədirsə, musiqi bir o qədər dramatik olur.

Bir də montaj var. Əvvəl uşaq gülür, sonra anası ağlayır, sonra təkrar uşaq, sonra musiqi, sonra sponsor. Çünki dərd satılmalıdır. Əgər satılmırsa, bir az şişirt, bir az ağla, bir az da qarşı tərəfi studiyaya çağır. Dram böyüsün. Millət zaps etməsin. Bu artıq efir deyil. Bu, milli ayinlərimizdən biridir. Ailə dəyərləri deyirlər... hansı ailə dəyəridir axı bu!?

– Ana oğlunu efirə çıxarıb deyir: “Bu arvad elə bil falçıdı, oğlumun beynini yuyub!”

– Ata zəng edir: “Mən o uşaqdan şübhələnirəm.”

– Gəlin girir studiyaya: “Qaynanam məni gecə saat 3-də izləyirdi!”

Qarşısında xalq baxır və çay içir: 

– “Bax gör nə oyun çıxardırlar...”

 Əxlaq, mehribanlıq, sevgi, bunlar artıq süni nəfəs aparatına qoşulub. Televiziya isə bu aparatı reklam fasiləsində söndürür. Qadınlar efirdə ağlayır, kişilər studiyadan çıxıb dava salır. Və aparıcı efiri belə bağlayır:

– “Əziz tamaşaçılar, sabah bu ailənin həqiqi sirrini açacağıq. Heç bir yerdə eşitmədiyiniz detallar!”

Sirrin də reklamı olurmuş, dostum. Və bu cəmiyyətdə, ailənin məxfiliyi artıq müqəddəs deyil – sponsorludur. Bəlkə də gələcəkdə toylara da efirdə qərar veriləcək:

– “Bu gün "Elgizlə İzlə"də elçi gələcək. Gəlini bəyənməsəniz, SMS göndərin, dəyişək.”

 Sonda bir sual qalır ki, Bu ailələr niyə efirə çıxır? Cavab isə çox sadə və kədərlidir:

– Çünki cəmiyyətin dinləməyi, başa düşməyi, sakitcə kömək etməyi öyrənmək əvəzinə, baxmağı, mühakimə etməyi və paylaşmağı öyrənib.

 Ailə dağılır, əxlaq çökür, amma reytinq qalxır. Mədəniyyət isə sonda yazılır: "Bizi izləməyə davam edin." 

 Əxlaq şouya çevriləndə, insanlıq reytinqə xidmət edir, dostum. Əgər bir gün əxlaq da “filtrlə seçilən effektlər” sırasına düşübsə, deməli, vicdan artıq instinkt yox, marketinq strategiyasıdır. Bütün bu dediklərimiz bir tənə deyil, bir xatırlatmadır. Bir oyadıcı zəngdir, amma təhqir edən yox, sarsıdan tonda. Çünki biz nə sosial şəbəkəyə qarşıyıq, nə texnologiyaya. Əksinə, onlar möhtəşəm imkanlardır. Əgər insan özünü unutmursa.

Problem telefonlarda deyil, əlini oradan çəkməyən insanlardadır.

Problem platformalarda deyil, öz fikri olmayan, amma paylaşmaqdan doymayan ruhlardadır.

Bizim problemimiz ekran deyil,ekrana baxarkən baxmağı unudan gözlərdədir.

İnsan olmaq paylaşmaqdır, bəli. Amma hər paylaşım insan olmaq deyil. Sən ağrını da, sevgini də, şübhəni də paylaşa bilərsən. Amma unutma ki, bəzən ən real hiss, heç bir reaksiya almayan bir susqunluğun içindədir. Biz ekrana baxırıq, amma güzgüyə çevrilmədiyi müddətcə o ekran bizi əks etdirmir. Sadəcə bizə nə olmalı olduğumuzu təlqin edir.

 

Bu yazı bir etiraz deyil, bir dəvətdir. Özünə qayıtmaq üçün. Düşünmək üçün. Hiss etmək üçün. Çünki sonda, sosial şəbəkədən çıxıb, telefonu kənara qoyanda, bir nəfər qalır. Sən.

Əgər onu unutmamısansa, hər şey hələ mümkündür. Əvvəllər insanlar səmaya baxar, Allahla danışardılar. İndi isə başı aşağı, ekrana baxır, səssizcə algoritmlə razılaşırlar. Əvvəllər ulduzlar bizə yön verərdi, indi isə trend səs, viral video, 24 saatlıq story. Dəyişdi dünya. Bunu danmaq olmaz. Sosial şəbəkələr bir dövrün lüğətini dəyişdi:

"Əlaqə" sözü artıq toxunuş deyil, izləmədir.

"Dostluq" artıq söhbət deyil, qarşılıqlı izlənmədir.

"Sevgi" bir mesajdan ibarət ola bilər, və "hisslər" emoji qədər rəngli, amma bir o qədər səthidir. Amma biz bu dəyişimi lənətləmək üçün yox, anlamaq üçün yazırıq. Çünki biz texnologiyaya qarşı deyilik. Biz o texnologiyanın içində insanın itib getməsinə qarşıyıq. Biz robot deyilik. Biz "kontent" deyilik. Biz trend deyilik. Biz canlı, düşünən, hiss edən, səhv edən, bağışlayan insanlarıq. Bax, bu unuduldu.

Ən təhlükəli tənha, kütlənin içində itib gedəndir.

Ən sakit qışqırıq, "like" üstündə ölü kimi görünəndir.

Ən çox paylaşan, bəlkə də ən çox itirəndir.

Gözümüz ekrana ilişəndə, ruhumuz harada olur? Əgər hər toxunuş bir iz buraxırsa, bizim kimliyimiz "touchscreen" izlərində itib getmirmi?  Zaman dəyişdi, bəli. Biz də dəyişirik. Amma dəyişmək özünü itirmək deyil. Texnologiyanı istifadə et, amma özünü reklam etməklə əvəzləmə. Paylaş, amma qopma. Dinlə, amma unutma öz iç səsini. Çünki günün sonunda hər şey bitir, ekran bağlanır və bir nəfər qalır: sən. Əgər onu susan, düşünən, ağlayan, şübhə edən, sevinən, səhv edən, cəhd edən o "səni" unutmamısansa, deməli hələ gec deyil. Cəmiyyət sənə baxır. Səni izləyir. Səndən "kontent"gözləyir. Amma ruhunu "kontent" etmə. Əgər hər şey bir gün silinəcəksə, ən son silinən vicdanın olsun.

 

 Bu yazı bir etiraz deyil. Bu, güzgüyə çevrilmiş bir ekran kimi, sadəcə özünü göstərmək istəyir sənə. İçindəki insanı tanı. Ən azı, ekran sürüşdürməyi buraxıb, bir dəfə də öz ruhunu “refresh” elə. Hər dövr bir güzgüdür. İnsan ya özünü görür, ya da özünü itirir. Biz isə indi güzgünü əllə deyil, barmaq izi ilə silirik. Sosial şəbəkələr pis deyil. Necə ki, güzgü günahkar deyil. Sadəcə nə göstərdiyinə bax.

 Əvvəllər insan səhv edəndə dua edərdi, indi isə silir.

Əvvəllər insan sevdiyini itirəndə susardı, indi isə paylaşır.

Əvvəllər tək qalmaq, düşünmək idi. İndi isə tək qalmaq, "sildin məni?"deməkdir.

 Texnologiya insanı azad edə bilər, əgər ruhun hələ offline deyilsə. Amma hər "like" bir dərman, hər "story" bir maska, hər post bir möhtaclıq olduqda, sən texnologiyanı yox, o səni idarə edir. Sosial şəbəkə qınanacaq yer deyil. Amma orda müdriklik, sevgi və həqiqət axtarmaq, kitabxanada dönər satmaq kimidir. Hər şey var, amma əslində heç nə yoxdur.

 

Unutma: ən böyük “platforma” vicdanındır.

Ən real “dəstək” bir dostun susaraq dinləməsidir.

Ən vacib “bildiriş” içindəki səssiz çağırışdır.

 Hər kəs izləyir. Hər kəs danışır. Hər kəs paylaşır. Sən bir az sus. Sükutun səsini dinlə. Çünki qışqıran çoxdur, amma düşünən az. Və cəmiyyətin səsi, əslində ən çox səni susdurmaq istəyəndə yüksəlir.

 Əgər bu çağırışa bir “reaksiya" vermək istəsən özünə dön.

Bəlkə də orda, filterdən keçməmiş, "story" yox, həqiqətlə yaşayan bir "sən" var...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

 

 

 

Çərşənbə axşamı, 20 May 2025 15:06

Ceyms Stüart bir məktəb idi...

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün bir vaxtların məşhur ABŞ və Böyük Britaniya aktyoru Ceyms Stüartın doğum günüdür. Klassik kinonun ustad sənətkarı, böyük bir məktəbin yaradıcısı. Ona çox epitetlər yaraşdırmaq olar.

 

Ceyms Stüart 20 may 1908-ci ildə İndiana, Pennsilvaniyada anadan olmuşdur. “Filadelfiya əhvalatı” filminə görə 1940-cı ildə Oskar mükafatı qazanmışdır.

 

Filmləri

 

1. The Murder Man

2. Rose Marie

3. Next Time We Love

4. Wife vs. Secretary

5. Small Town Girl

6. Speed 

7. The Gorgeous Hussy8

8. Born to Dance

9. After the Thin Man

10.  Seventh Heaven

11. The Last Gangster

 

Görkəmli aktyor 2 iyul 1997-ci ildə vəfat etmişdir. Forest-Laun xatirə parkında dəfn edilmişdir.

Onlara da rəhmət düşmürmü, düşür. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

 

58 -dən səhifə 2255

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.