
Super User
“Yalandan xoşbəxtəm deyib, necə aldadım özümü...” – Ədalət Salmanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Lirika saatında bu gün şeir vaxtıdır, sizlərə Ədalət Salmanın şeirləri təqdim ediləcək.
ANA TƏBİƏTİN SARIŞIN QIZI
Xətrinə kim dəyib bu qız payızın,
Bənizi saralıb solur, görürəm.
Bulud yaşmağına bürünən qızın
Şimşək saçlarını yolur, görürəm.
O yağış, gözünün kökü saralmış
Bu qızın ayrılıq göz yaşıdımı?
O kötük – həsrətdən yanıb qaralmış,
Nakam sevgisinin başdaşıdımı?
Bu soyuq baxışlı sarışın gözəl
Dönük taleyindən haçan yarıdı?
Ayağı altına tökülən xəzəl
Hansı vəfasızın məktublarıdı?
Şirin xəyallara inanar yenə,
Tanrı da heç üzməz ümid işığın.
Baş qoyub sazının sarı siminə,
Ovudar ruhunu Sarı Aşığın...
...Payızı düşündüm min kərə azı,
Sarıya boyandı duyğularım da.
Ana təbiətin sarışın qızı
Sığınar köksümə yuxularımda...
QƏDİMİ KİŞİLƏR...
Hər əsən küləkdən dönməzdi halı,
Öyüdlə kəsərdi hər qeylü-qalı.
Buxara papaqlı, əli əsalı
Qədimi kişilər, köhnə kişilər.
Hamı üz tutduğu evi pir idi,
Hakimtək qərarı, sözü bir idi,
Elin söykəndiyi dağın biriydi
Qədimi kişilər, köhnə kişilər.
Məclisdə sözünün yerin bilərdi,
Gələn bəlanı da ellə bölərdi.
Kişitək yaşardı, mərdtək ölərdi
Qədimi kişilər, köhnə kişilər.
Kim giley edərdi, kim ağlayardı,
Başının üstünü tez haxlayardı.
Bircə kəlməsilə qan bağlayardı
Qədimi kişilər, köhnə kişilər.
El-oba hamısı doğma kəsiydi,
Haqqın keşikçisi, haqqın səsiydi.
Halallıq, kişilik nişanəsiydi
Qədimi kişilər, köhnə kişilər.
Aldada bilmədi dünyanın malı,
Yerişi ləngərli, özü həyalı,
Əli dəstəmazlı, dili dualı
Qədimi kişilər, köhnə kişilər...
...Ellə ağlamadıq, ellə gülmədik,
Son tikəmizi də ellə bölmədik.
Heyif, sizin kimi ola bilmədik,
Qədimi kişilər, köhnə kişilər.
NECƏ ALDADIM ÖZÜMÜ?
Üzü üzlər görənlərdən
Qaçıb gizlədim üzümü.
Dedim, uzaq olaq şərdən,
Əyri yozdular düzümü.
Qapı açılır oğruya,
Baxan tapılmır doğruya.
Ürəyim düşüb ağrıya,
Daha qalmayıb dözümü.
Çoxu zatını bildirir,
Xalqı özünə güldürür.
Baxıb qurdunu öldürür, –
Mən tox saxladım gözümü.
Min əzab gördüm, ölmədim
Dərdi tək çəkdim, bölmədim.
Əyilmək nədir, bilmədim,
Dedim hər vaxt haqq sözümü.
Başım daşdan-daşa dəyib,
Məni yağış, tufan döyüb.
Yalandan xoşbəxtəm deyib,
Necə aldadım özümü?!
QİYAMƏTƏ ÇATMIŞIQ, BƏLKƏ...
Barat Vüsala
Yuxuma gələnlər başıma gəlir,
Gördüyüm yuxular çin olur, qağa.
Xoş gündə yanımda mələk olanlar
Dar gündə bəs niyə cin olur, qağa?
Çoxalıb yuxuma haram qatanlar,
Şeytanlar yuxuma girməzdi mənim.
Vəzifə taxtında lövbər atanlar,
Yanında dursam da, görməzdi məni.
Tanrı qismətini beləmi yazıb, –
Ac toyuq yuxuda darı görəcək?
Səhərdən axşama əlləşən kasıb
Ancaq yuxusunda varı görəcək?
Divlər Cırtdanları yuxuya verib,
Əlindən alırlar qismətini də.
Həyatda yuxunu tərsinə görüb
Gizlədə bilmirsən nifrətini də!
Gəlib qiyamətə çatmışıq, bəlkə,
Bu köçün önünü dayandıran yox.
Qəflət yuxusunda yatmışıq, bəlkə,
Tutub yaxamızdan oyandıran yox.
Dünyanın əşrəfi, ey bəni-Adəm,
Qəlblərdə yaxşılıq toxumu bitir.
Elə bu həyat da yuxu kimidi,
Göz açıb yumunca ömür də bitir.
BOŞ VER, A ŞAİR…
Başınısalaşağı,
Çalışarısayağı.
Görsəndayaz, bayağı,
Boşver, a şair, boş ver.
Uzaqolquruşərdən,
Enmədurduğunyerdən.
Zümzüməetşeirdən,
Boşver, a şair, boş ver.
Şaxdur, nə sın, nəəyil,
Düzəyrinikəsir, bil!
Qozbeldüzələndeyil,
Boşver, a şair, boş ver.
Pisliketsədənadan,
Qalmayaxşılığından.
Yorulacaqdaşatan,
Boşver, a şair, boş ver.
Fərqetməzonuöysən,
Ya da üzünəsöysən.
Dağtəksəbrinəsöykən,
Boşver, a şair, boş ver.
HAQQIN KÖTƏYİ
Səsinə hay verən olmaz, ha çığır,
Haqlının payını haqsız yeyəndə.
Yanıram, tüstüm də təpəmdən çıxır
Haqqı tapdalayan haqdan deyəndə.
Qorxma, haqq yolunda çəkilsən dara,
Yenə meydan oxu haqsızlıqlara.
Bilmirsən bu qatıq ağdı, ya qara,
Yalanlar həqiqət donu geyəndə.
Şimşəktək yalandan boş-boş çaxırıq,
Layiq olmayana medal taxırıq.
Hamımız lal kimi susub baxırıq
Haqqın tərəzisin şeytan əyəndə.
Mənsəb sahibində görmədim qürur,
Hansı halal pulla imarət qurur?
Abırlı abrına söykənib durur,
Arsıza aş gəlir gümüş ləyəndə.
Çıxmaz, qovlamasaq bağdan köpəyi,
Milçəkdən qoruyar arı pətəyi.
Dünya düzələcək, haqqın kötəyi
Haqsızın başına bir gün dəyəndə!
ZÜLÜMƏ BAX...
Sən yoxsan, bir boşluq var
İçimdə neçə gündü.
Bir ruh kimi gəzirəm,
Bu həyat yox, sürgündü.
Halsız halımı görən,
Ölümü güldürürəm.
Ötməyib, acıq verən
Vaxtı da öldürürəm.
Sən yoxsan, dünya bomboş,
Hər şey düşüb gözümdən.
Səni küsdürdüyümçün
Küsmüşəm öz-özümdən.
Yaşamaq – həyat eşqim,
Mənim ürək dərmanım.
Dönməsən, oxunacaq,
Bil ki, ölüm fərmanım.
Elə pəjmürdəyəm ki,
Düz yolu da azıram.
Zülümə bax... bu yaşda
Həsrət şeri yazıram...
AH... O SƏNLİ GÜNLƏRİM...
Ah... o sənli günlərim
Geri qayıda bir də.
Qəfil yağış başlaya,
Olmaya bir çətir də.
Yağışdan gizlənməyə
Yer də tapa bilməyək.
Yağış islatsın bizi,
Qaçıb evə gəlməyək.
Dabanını qaldırıb,
Yenə sarıl boynuma.
İslanmış cücə kimi
Alım səni qoynuma.
Yanımızdan ötənlər
Baxıb "dəli"dir, desin.
O tum satanqarı da
Yenəbizisöyməsin.
Baxmayıbbaxışlara
Ürəkdeyəniedək.
Yenəyağışınaltda
Tutubəl-ələgedək...
...Heyif, gənclik illərim
Geri qayıtmaz bir də.
Yaşar sənli günlərim
Şirin xatirələrdə.
MƏNƏ MƏNDƏN YAXINSAN...
Dayanmısan önümdə,
Kirpiyimin altında.
Yenə səni gəzirəm
Göyün yeddi qatında.
Bu qədər yaxın ikən,
Nədən uzaqsan belə?
Aşa bilməyəcəyim
Yoxsa bir dağsan belə?
Sənə nəfəsim dəyir,
Əllərim çatmır, niyə?
Nə qədər dözmək olar
Səninlə sənsizliyə.
Tanrı sınağısanmı,
Yoxlayırsan səbrimi.
Düşəm qarşında öləm,
Oxşayasan qəbrimi...
...Mənə məndən yaxınsan,
Mənim deyilsən ancaq.
Yatmadığım yuxumsan,
Yatsam, çinmi olacaq?
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
“Düşünün, çünki hələ qadağan olunmayıbdı” – Corc Oruell
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Corc Oruellin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Corc ORUELL:
Düşünmək, düşünmək, bircə saniyə qalmış olsa belə, düşünmək yeganə ümiddir.
***
Əgər düşüncələr dili pozarsa, dil də dönüb düşüncələri pozar.
***
Sadə bir dilin ən böyük düşməni qeyri-səmimilikdir.
***
“Qorxu! Biz onun içində üzürük. Vücudumuzun ayrılmaz parçasıdır o...”
***
“Bizim hamımızı satın alıblar, ən dəhşətlisi də odur ki, bizi öz pulumuzla satın alıblar”
***
Vətənpərvərlər vergidən söhbət gedən yerlərdə olmur.
***
Azadlıq – iki dəfə ikinin dörd etdiyini söyləyə bilməkdir.
***
Düşünün, çünki hələ qadağan olunmayıbdı.
***
“Yaxşı bildiyi bir işi yerinə yetirən insanı seyr etməyin xüsusi gözəlliyi var”.
***
Bir cəmiyyət həqiqətdən nə qədər çox uzaqlaşarsa, həqiqəti deyənlərə də bir o qədər çox nifrət bəsləyər.
***
Bəşər övladı özündən başqa heç bir varlığın çıxarını güdməz.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Adı Gülşən, təxəllüsü Behbuddur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ahəngdar, sakit təbiətli xanım olsa da, həm də emosionaldır. Baş verənlərə biganə qala bilmir. Bir sərt davranışdan kövrələ, bir adi hadisədən qəmlənə bilir. Onu cəmiyyətdə fəallığı ilə tanıyırlar.
Onunla ünsiyyətdə olarkən həssas təbiətə sahib olduğunu unutmaq olmaz. Yersiz zarafatlardan xoşu gəlmir. Qeybət etmək, kiminsə arxasıyca danışmaq ona yaddır. Mədəni rəftara əhəmiyyət verdiyi üçün, özü də bu dəyərə sadiq olan insandır. Mülayim ruhlu və anlayışlıdır. Nə isə, adı Gülşən, təxəllüsü isə Behbuddur. “EdnewsTv” internet televiziyasında tanınmış ziyalılardan müsahibələr götürür…
Deyir ki: - “Sevdiyi işlə məşğul olan insanlar yorulmur. 1990-1994 cü illər bizim tələbəlk illərimizə təsadüf edirdi. 20 Yanvar hadisələri, Qarabağ torpaqlarının işğalı… Biz hər gün mitinqlərdə olurduq. Mənim atam müəllim olub. O, şəxsiyyətlərə hər zaman önəm verərdi. 1941-1945 ci illər müharibəsinin qanından-qadasından keçmişdi. Stalinin şəxsi təltiflərini, medallarını almışdı. Evimizdə hər zaman tanınmış yazıçıların, şairlərin və siyasət adamlarının adı hallanırdı. Atamın yaxın dostları arasında yüksək vəzifədə olan ziyalılar, həkimlər vardı. Yay vaxtı onlar atamı görməyə və dincəlməyə bizim kəndə gəlirdilər. Uşaqlıqdan Stalinin, Brejnevin adını eşitmişəm. Qardaşım Qarabağ uğrunda gedən döyüşdə şəhid oldu. Atam bu acıya dözmədi, dünyasını dəyişdi...”
Güclü intuisiyaya, güclü mənəviyyata və daxili aləmə, harmonik və mehriban xarakterə malikdir. Özünəməxsus həyat nizamından, o cümlədən gördüklərindən dərin mənalar axtaran və tapan adamdır. Əsas xüsusiyyətləri arasında onun mistik vəziyyəti var. Mistik mövzulara olan marağı da bu onun intuitiv tərəfini qidalandırır. Olduqca sədaqətli və şəfqətli insandır. Mehriban və maraqlıdır. Ətrafında baş verən hadisələri müşahidə edərək, başqalarının tapa bilmədiyi detalları görə bilir. Həssas və qayğıkeşdir. Heç vaxt çıxılmaz vəziyyətdə qalmır. Güclü intuisiyası ilə doğru yolu tapır...
“İnsanın yaşantıları onun simasında əks olunur, rahat və ürəkaçan həyat heç yaşamadım. Uşaq vaxtı anam dünyasını dəyişdi və gözlərimə uşaqkən kədər kölgəsi düşdü, gəncliyimə qədəm qoyanda qardaşım şəhid oldu, o acıya dözməyən atam dünyasını dəyişdi, sonra digər əzizlərim dünyasını dəyişdi. El-obamızı, yurdumuzu itirdim. Bütün bu acılardan sonra hansı sevinc gorünsün gözümdə. Əslində, işlərin çoxluğu mənim başımı qatır, bekar qalmağı, boşuna danışmağı, gəzməyi sevmirəm. "Atilla" jurnalını 2011-ci ildə təsis etmişəm və 2012-ci ildən fəaliyyətə başlayıb. Məqsəd Azərbaycanın və Türkiyənin dəyərli qələm sahiblərini, tanınmış simalarını, vətənpərvər insanlarını təbliğ etməkdir. Rəhbərlik etdiyim "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi isə müxtlif tədbirlər keçirməyimə imkan verir. Həm yaradıcı insan və həm də QHT sədri kimi hər iki işə sevgi il yanaşıram. Biz də bir məsəl var, deyərlər, "evimin həm xanımı, həm də qulluaçuyam.”- söyləyir.
Onun dost dairəsi kifayət qədər genişdir. Bir xanım olaraq özünə kənardan baxmağı bacarır. Humanist və mərhəmətlidir. Bunları onu tanıyan insanlar da təsdiq edə bilərlər. Bəzən onun bu ali xüsusiyyətlərindən sui-istifadə edənlər də tapılır. Göstərdiyi insanlığın, fədakarlığın, məthəmətin, xeyirxahlığın qarşılığını həmişə görmür...
Deyir ki:- “İnsan həyatı o zaman yaşayır ki, onun mənasını dərk edir, problemləri düşünür. Həyatın mahiyyəti onun dolğunluğunda, məzmunundadır. İnsan ona verilən həyatı do]ru yaşamalıdır, insan kimi qalmağı bacarmalıdır. Həyat tale ilə bağlıdır. Həyat özünün sevinci, iztirabları, enişi, yoxuşu, taleyin zərbə və uğurları ilə vəhdətdə yaşanılır. Bəli, həyat insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər formalaşır ki, onun zirvəsində bu və ya digər ictimai ideyalarda əks olunan mütləq dəyərlər durur...”
Həmişə milliliyə önəm verib. Necə deyərlər, böyüyün, kiçiyin yerini bilən xanımdır. “Bəzən gənclərimiz özlərindən böyüyə, tanımadıqları və yaxud bir dəfə salam verdikləri insana "sən" deyə müraciət edirlər. Bunun qarşısı alınmalıdır.”- dilə gətirir. Bunun da qarşısının alınmasında ziyalı mövqeyindən istifadə olunmasını vacib bilir...
“Gənclərimizdə elmə, təhsilə maraq artırılmalı, ziyalılarımız, ədəbiyyat və elm xadimlərimiz gənclərlə mütamadi görüşlər keçirməlidirlər. Ancaq bir məsələni də unutmayaq ki, bu gün həm də savadlı, peşəkar, mərifətli, qanacaqlı, xeyirxah və vətənpərvər gənclərimiz də var. Məhz Qarabağımız həmin gənclərin canları və qanları bahasına azad olundu. Bəli, bu gün biz orta və yaşlı nəsil gənclərə milli və mənəvi dəyərlərimizi yüksək şəkildə aşılamalıyıq.”- söyləyir.
Dünyaya baxışı gözəldir. Xeyiri Şərdən, Şəri Xeyirdən ayıra bilir. Müsahibələrinin birində belə bir ifadə işlədib: "İnsan ömrü azanla-namaz arasındadır. Doğulanda qulağına azan, dünyasını dəyişəndə namaz oxunur." Ümumiyyətlə, Allaha bağlı adamdır. Elə ona görə də, səmimi olmağa, həqiqəti dilə gətirməyə çalışır...
Deyir ki:- “Bizim mediamız göz qabağındadır. İndi-indi mediada ciddilik artır. Dəfələrlə ziyalı insanlarla görüşəndə söhbət əsnasında demişəm ki, efirlərimizə nəzarət olunmalıdır. Əvvəl qeyd etdiyim kimi, mənəvi dəyərlərin əks olunması ziyalıların cəmiyyətə təsir gücündən, eləcə də dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Təəssüfləndirici də olsa qeyd etməliyəm ki, bəzi efirlərdə yüngül mahiyyət daşıyan verilişlər, eləcə də bunların əsasında duran şou proqramların yayımlanması milli-mənəvi dəyərlərimizin təbliği prosesində müəyyən mənfiliklərə səbəb olur. Musiqimiz, tariximiz, adət-ənənələrimiz gənclərə lazımi şəkildə təqdim olunmalıdır. Bu məsələlərdə ziyalılarımızın mövqeyi və təsir gücü olmalıdır. Bu gün istər televiziyada, istərsə də radioda mənəvi dəyərlərə zidd olan fikirlərin işlədilməsinə təsadüf olunur. Ancaq onun üçün heç kəs məsuliyyət daşımır. Xatırladıram ki, efir vasitəsi ilə gənclərə mənəvi dəyərlərimiz aşılanmalıdır. Cəmiyyətin sağlam ruhda böyüməsi, sağlam fikir və əqidəyə sahib olması üçün efirdə yayımlanan qeyri-professional verilişlərin qarşısı alınmalı, əsl sənətə və sənətkar düşüncəsinə yer ayrılmalıdır. Onlar cəmiyyətdə sağlam mühitin yaranmasına təsir göstərməlidir.”
Gülşən xanım bir sıra kitabların müəllifidir. Onu ölkədə həm jurnalist, aparıcı, həm publisist və həm də şair kimi tanıyırlar. Jurnalist, publisist kimi məzmunlu kitablar nəşr etdirməyə nail olsa da, gözəl poeziya nümunələri də yarada bilib. veriliş aparıcısı kimi isə göz qabağındadır. Sonda, onun “Payız depressiyası” şeirini söyləməklə söhbətimi yekunlaşdırmaq istəyirəm:
“Zamansız bahar kimi
qışa-borana düşdüm.
Ömrüm nağıla döndü
dilə-ağıza düşdüm.
Həyat mənə dərs verdi...
Sınaqlarla yaşadım.
Xəyallarda uyudum
gerçəklikdə alışdım.
Ömrün baharı gedib
payızında qalmışam...
yaşamaq olmayıb ki,
elə çabalamışam!
Dürüstlük amalımla,
əqidə saflığımla,
neçə-neçə adama,
gizli düşman olmuşam.
Təəssüf dolu dünəndən
özümə dərs almadım
imanımdan, dinimdəm
çox unutqan olmuşam..."
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Türk hekayəçiliyində və dramaturgiyasında ünlü imza – Cövdət Qüdrət
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Cövdət Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirib. Anasının səyləri ilə oxuyub. 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib.
O, Kayseri lisesində, Ankara Dövlət Konservatoriyasında diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində və Atatürk lisesində ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb. Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib. Qısa müddət İstanbul və Ankarada vəkil, Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi, Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib.
C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb. Eyni jurnalda çalışan yeddi gənc yazıçı bir araya gəlib o günədək yazdıqlarını 1928-ci ildə “Yeddi Meşale” adında bir kitabda toplayıblar. Bundan sonra o qrup “Yeddi Meşaleçiler” olaraq tanınıb.Daha sonra onların nəşr etdikləri “Meşale” jurnalının cəmi səkkiz sayı çıxıb. Jurnalın yeni əlifbaya keçid dövründəki çətinliklər səbəbilə nəşri dayanıb. 1929-cu ildə isə C.Qüdrət bu jurnalda yayımlanan şeirlərini “Birinci pərdə” adlı kitabında toplayıb. Ondan sonrakı şeilərini isə ardıcıl olaraq 1936-1937-ci ildə “İkinci pərdə”, 1937-ci ildə “Üçüncü pərdə” adları altında toplasa da, heç vaxt kitab şəklində çap etdirməyib.
O, bu zaman pyeslər yazmağa da başlayıb. Onun yazdığı “Tərsinə axan çay”, “Yuxu içində yuxu”, “Qurdlar” pyesləri “Darülbedayi”də tamaşaya qoyulub. “Danyal” və “Sara” adlı pyesi 1938-ci ildə “Varlıq” jurnalında, “Yaşayan ölülər” adlı pyesi isə “Ağac” jurnalında seriya şəklində verilib. Komediya formasında olan “Cumartesi çocuğu" adlı pyesini isə tamamlamayıb.
“Süleymanın dünyası” adı altında toplanan “Sinif yoldaşları”, “Havada bulud yoxdur”, “Qarışqanı tanıyırsınız” adlı üç romanında türk cəmiyyətinin İkinci Dünya müharibəsi arasındakı otuz illik sosial kəsimini göstərib. C.Qüdrət 1940-cı illərdə yazdığı hekayələrini isə “Sokak” adlı kitabda toplayıb.
O, 1950-ci ildən sonra ədəbiyyat tarixinin tanınmışları və əsərləri haqqında tanıtım kitabları və orta məktəb ədəbiyyat kitabları yazıb. Lakin kitabların əksəriyyətini müxtəlif təxəllüslərlə nəşr etməli olub. Zaman keçdikcə təhlil, araşdırma, ədəbiyyat tarixi janrlarında araşdırmalara üz tutan C.Qüdrət iki cildlik “Türk və Qərb ədəbiyyatından seçilmiş parçalar”, iki cildlik “Nümunələrlə ədəbiyyat bilgiləri”, üç cildlik “Türk ədəbiyyatında hekayə və roman” incələməsi, üç cildlik Qaragöz, iki cildlik “Orta oyun” tərtib və incələmələri önəmli tədqiqatlar hesab edilib.
XV əsrin ortalarına qədər gətirdiyi “Nümunə ilə Türk Ədəbiyyatı Tarixi” kitabı müəllif vəfat etdiyinə görə yarımçıq qalıb. İncələmə-araşdırma kitablarının proloqlarını və ədəbiyyatla bağlı bəzi yazılarını yenidən gözdən keçirərək bir araya gətirdiyi “Ədəbiyyat qapısı” yazıçının ölümündən sonra işıq üzü görüb.
“Dilləri var bizim dilə bənzəməz”, “Bir baxıma” , “Mənim oğlum bina oxuyur”, “Qələmin ucu” adlı kitablarında ədəbiyyat və türk dili ilə bağlı müxtəlif mövzularda düşüncələrini dilə gətirdiyi yazılarını toplayıb.
Yazıçıya “Orta oyun” kitabına görə Türk Dil Qurumu Elm mükafatı, “Türk ədəbiyyatında hekayə və roman” kitabına görə Sedat Simavi Vəqfi Ədəbiyyat Mükafatı verilib. Bundan əlavə, o, Dil Dərnəyi Türk Dili Fəxri Mükafatı ilə Ədəbiyyatçılar Dərnəyi Fəxri Mükafatına layiq görülüb.
1974-1986-cı illər arasında Bodrumda yaşayan yazıçı, daha sonra həyatını İstanbulda davam etdirib.
O, 10 iyul 1992-ci ildə bu şəhərdə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
AZƏRBAYCANIN KİNO İNCİSİ - "Gün keçdi"
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Bu gün haqqında danışacağım növbəti Azərbaycan filmi "Gün keçdi" filmidir.
“Dava vaxtı almanlar Fransanı zəbt edəndə bir rəssamın əsərləri itir. Bütün ümidini itirən rəssam 20 il sonra onları tapır. Ona elə gəlir ki, gəncliyi qayıdıb. Deyirmiş ki, bütün bu illər boyu əsərləri onun yuxusuna girirmiş. Sən də mənim yuxuma girirdin...”
Bunları filmin qəhrəmanı Əsmər Oqtaya danışır. Elə bilirəm, filmin bütün mahiyyəti də bu danışdığı hekayətdədir.
Gəncliyinin, yuxularının, xəyallarının, keçmişinin, hisslərinin arxasınca Bakıya qayıdan Əsmərin kədərli hekayətini danışan bu filmin ssenarisi yazıçı Anarındır. Daha doğrusu, film onun "Gürcü familiyası" hekayəsi əsasında ekranlaşdırılıb.
Əsmərlə Oqtay bir sinifdə oxuyublar Bakıda. İçərişəhərdə yaşayıb Əsmər. Orta məktəbi bitirən kimi ingilis dilindən onlara dərs deyən Camala ərə gedib. Qəlbində də Oqtayın sevgisi.
Filmdə dilinə gətirdiyi kimi, “ayı”nın - Oqtayın sevgisindən, yaxud sevgisizliyindən, bir sözlə, münasibətindən baş açmayıb.
İllər üstündən keçsə də o illərə, o hisslərə yenidən baş vurmaq istəyi onu narahat edib və Oqtayın ad günündə yaşadığı Moskvadan Bakıya onu, Bakını, uşaqlığını görməyə gəlib. Qəribə hissdir. Keçmişə baş çəkib qayıtmaq gələcəyə gedən yolda adama rahatlıq gətirir.
Əsmər də gəlir o rahatlığı tapmağa.
Filmi rejissor Arif Babayev ekranlaşdırıb - Bakını bilən adam. Film boyu onun
ayrılmaz hissəsi olan, lentə cazibə qatan musiqilər Emin Sabitoğlunundur. Rasim
İsmayılov filmin operatorudur.
Əsas rollarda Leyla Şıxlinskaya ilə Həsən Məmmədov çəkiliblər.
Anarın hekayəsinə görə, kulminasiya Oqtayın Əsməri evinə gətirdiyi yerdir.
Ssenariyə görə də elə olmalı idi. Həm də evdə Oqtayla Əsmər keçmiş hisslərini
təzələyib, birlikdə olurlar. Ssenarinin bu yerinə çatanda Həsən Məmmədov
rejissorun qarşısında şərt qoyub ki, ya filmdə bu yer dəyişilməlidir, ya da mən
çəkilmirəm.
Leyla Şıxlinskaya məsələyə qarışmayıb; necə həll olunacaqsa, razılaşacaqdı.
Arif Babayev Anarla məsləhətləşir. Deyir ki, Həsən Məmmədov haqlı olaraq
azərbaycanlı kişiyə evli qadını evinə aparıb onunla sevişməyi rəva görmür.
Sonunda ümumi razılığa gəlirlər ki, həmin yerdə Azərbaycan qadını “lazım deyil, Oqtay” - deməklə kişini fikrindən daşındırsın. O, da üzr istəyib, söhbəti dəyişir.
Həsən Məmmədov Oqtayla Əsmərin mübhəm sevgisini anladan filmin mentalitetə zidd səhnələrlə bitməsinin əleyhinə olmasını belə əsaslandırıb ki, tamaşaçı o cür
filmi qəbul etməzdi: “Filmin gözəlliyi onda idi ki, gənclik illərinin sevgisi, onların xatirələri ilə başa
çatır”.
Dövrün, insanların saflığına baxın. Hə... film 1971-ci ildə çəkilib-dünyanın düz vaxtında. Həsən Məmmədov öz tərbiyəsindən irəli gələn “kaprizləri” ilə çox çəkildiyi filmlərdə belə “düzəlişlər” edib. Məsələn “7 oğul istərəm”də
Bəxtiyarın Humayı qamçılaması söyüşlə müşahidə olunmalı idi, amma o, ““dişi qancıq”dan başqa söyüş işlətməyəcəm”- deyib. O cümlədən “Təhminə”
filmində professor oğlu Zauru danlayanda nalayiq sözlər işlədir, Həsən
Məmmədov buna da etiraz edib.
Filmin rejissoru Arif Babayev kinoya natura çəkilişlərini gətirən adamdır. Bu
filmdə də Azərbaycan kinolarında illər uzunu davam edən stereotip görüntüləri
natura ilə əvəz edib. Film İçərişəhərdə, bayır şəhərin küçələrində çəkilib.
Arif Babayev özü İçərişəhərdə Şirvanşahlar sarayının yaxınlığında yaşayırdı. Bu
səbəbdən də yer ona doğma idi. Həm də o vaxt Anar ssenarini yazanda İçərişəhər
problemi vardı, sökmək istəyirdilər, müqavimətlə rastlaşırdılar. Buna görə də
filmdə həmin problemə toxunulur.
Oqtaygilin iş yerinin təsvir olunduğu Tikinti İdarəsinin binası hazırda qarşısında
"Azad qadın" heykəlinin olduğu binadır. İndiki Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin yerləşdiyi bina. Filmin çəkilişləri 16 mərtəbəli şüşə binanın 10, 13, 14 və 15-ci mərtəbələrində reallaşıb.
Oqtayla Əsmərin kafedəki söhbətləri isə "Azdrama"nın yanındakı kafedə çəkilib.
İndi o kafe yoxdur, sökülüb.
Lap Əsmərin İçərişəhərdə evlərini axtarıb, söküldüyünü gördüyü kadr kimi.
Film bol metrajla çəkilmişdi. O kadrları yığmaq üçün Moskvadan montajçı Alla
Abramovanı çağırmalı olublar.
Çəkiliş prosesində maraqlı məqamlar çox olub. O vaxt kinoya, kino işçilərinə
hörmət bir başqa idi. Ona görə də kino aktyoru olmaq istəyən də çox imiş. Arif
Babayev naturadan çəkməyi xoşladığı üçün Bakıda səhər küçələri yuyan su
maşınlarına qədər kadra salmışdı. Səhər dənizdən günəşin çıxması. Hətta o vaxt
populyar olan “Qaya” qrupunun ifası.
O vaxt ellikcə hamı kino çəkilişlərinə kömək edərmiş. Məsələn, Əsmərlə Oqtayın
hava limanındakı çəkilişi də belə olub. Hava limanı işçiləri hamısı ayaqda
kinoçəkənlərə yardım ediblər. Hətta təyyarənin kadra düşməsi də pulsuz başa
gəlib. İndi bunlar hamısı pul tələb edir, ona görə xatırlatdım o zamanların yaxşı
adətlərini.
Film çəkilən zaman Bakıya yağan qar təsadüfən maraqlı bir səhnənin yaranmasına səbəb olub.
Əsmərlə Oqtayın qartopu oynaması səhnəsi ssenaridə olmayıb. Həmin kadrlar
Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdə (Zooparka yaxın) bir parkda
lentə alınıb. Bakıya qar yağdığını görən rejissor dərhal aktyorlara zəng vurub ki,
çəkilişə gəlin. Təsəvvür edin ki, gecə qar yağıb, səhər də hər tərəf ağappaqdır.
Aktyorlar gəlib kinostudiyaya, yollanıblar çəkilişə.
Camalla Əsmərin toy mərasimi isə ssenaridə olan bir səhnə idi. Arif müəllimin
evinə yaxın İçərişəhərdə, Şirvanşahlar sarayının aşağısında çəkilib.
Filmdə daha bir ekspromt səhnə Əsmərin qayıdışıyla bağlı olub.
Köhnə dostların aeroportdan evə getdiyi səhnədə motosikletdəki adamlar təsadüfi
yoldan keçənlər olub. O vaxt motosiklet təzə çıxmışdı. Şəhərdə məşhur idi.
Rejissorun bu motosikletdən xoşu gəlirmiş deyə, təsadüfi kadrı filmə salıblar.
Əsmərlə Oqtayın kinoteatrda film izlədikləri səhnə real kinoteatrda çəkilib.
Ümumi planda çəkiliş edilib. Sonradan izlənən filmin kadrlarını çəkilən filmə
salınması üçün həmin səhnəni plyonkaya köçürüblər. Çünki kadrlar üst-üstə düşmürdü, sinxron alınmırdı. İndi bu iş daha rahatdır.
Yaradıcı qrup beləcə, bir nakam məhəbbət hekayətini təcəssüm edib. Film estetik
baxımdan zövqlü, mənəvi baxımdan çox təqdiredicidir.
İllər sonra Həsən Məmmədovla vida mərasimində Leyla Şıxlinskayanın necə
ağladığını gördük... Elə bil, Əsmər Oqtay üçün ağlayırdı...
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Şəhidlər barədə şeirlər - Ağababa Abasov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ağababa Abasov
Ağababa Abasov 14 mart 2002-ci ildə Şabran rayonunun Uzunboyad kəndində dünyaya göz açmışdır. Uzunboyad kənd məktəbində orta təhsil almışdır. Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində təhsilini davam etdirmişdir.
Ağababa Abasov kolleci bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətinin ilk beş ayını Ağcabədidə “N” saylı hərbi hissədə davam etdirdikdən sonra sentyabr ayında təlimlərə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Ağababa Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyat qrupunun manqa komandiri olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağababa Abasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yanında mərmi partlaması nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağababa Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yenə havasoyuqdu,
Küləkadamı kəsir.
Haqqındaoxuyuram,
Dilim, dodağım əsir.
Səngöylərdə mələksən,
Sənyerlərdə insansan?!
Sənbeş ayın əsgəri,
Əbədiqəhrəmansan.
Anan da razı səndən,
Elin zəfər anası...
Tələbə anasıydı,
Oldu əsgər anası.
Sən sözünü tutmusan,
O ürəyi yanana,
Şəhid anası deyir,
Hamı sənin anana.
Yadındadır? Komandir
Olanda sevinmişdin...
"Təşəkkürnamə"ni də
Alanda sevinmişdin.
Sevinəndə gördün ki,
Anan da şükür edir.
İndi bütün məmləkət
Qalxıb ayaq üstünə,
Sənə təşəkkür edir.
Sən də ki yaşayırsan,
Özün dediyin kimi.
Məzarın da düzəlib
Sən istədiyin kimi.
Beləcə, arzuların,
Qoy, həmişə çin olsun.
Get, hava da soyuqdu,
Ananın yuxusunda
Yat, yuxun şirin olsun.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
BİRİ İKİSNDƏ Cavid Qasımovun şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Cavid Qasımovun şeirləri ilə tanış olacaqsınız.
Qasımov Cavid Əli oğlu 28 fevral 1996-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2022-ci ildən AYB-nin üzvüdür. Şeirləri bir neçə antologiya və ədəbi portallarda dərc olunub.
***
Sən gedəndə arxanca
Əlimi qaldırdım səmaya.
Barmaqlarım xəyalən pianinonun dillərinə toxundu.
Yalnız özümün eşidə biləcəyim tonda
Ayrılıq musiqisi oxundu uzaqlaşmaqda olan addım səslərinin müşayiətilə.
Büküldü barmaqlarım ovcuma,
Hər şey beləcə bitdi.
Məşqi olunmasa da, gözəl alındı.
***
Kirpikləri islanmış çətir,
İçindəki adamın əlindən
Gözünü qırpmağa dam axtarırsan.
Göyün dərinliyinə baxa-baxa
Günəşli günlərdə
Atıldığın yeri xatırla
İçindəki adamın əli ilə.
Xatırla,
Hansı fəsildə yuxundan buludlar ötmüşdü,
Özünün ağlamaq səsinə diksinmişdin,
İçində heç kim yox idi.
Anası polislərin əlində,
Bir-iki söz dedi qaraçı dilində
Qaçdı Benyamin...
Hara gedəcəyini bilmədiyindən
Öz dilində qaçdı.
Yolu soruşmadı ilişdiyi ayaqlardan,
Qara qəpikdən də tez itdi gözdən.
Arxasıyca düşən qorxunun
Üzünə çırpdı ayaqqabısının bir tayını.
Qaçdı Benyamin, qaçdı...
***
Əlləri günəş suyuna çəkilmiş adam,
Fəhlə əlcəkləri dünyanın hər yerində eyni rəngdədir.
Harda olsan,
Səni tanıya bilərəm
Günəş əllərindən,
Şəfəq-şəfəq uzanan barmaqlarından,
Gözlərinin altında içi suyla dolan qara qayıqlardan.
Əsl əlcək havanın soyuqluğundan deyil,
ailənin dağılmamasından ötrü taxılır ilin hər fəslində.
İlin hər fəslində ehtiyac üşüdür...
Sərhədləri aşa bilmirsənsə,
Ürəyini sıxma,
Dünyanın hər yerində eyni rəngdədir
Çörək,
Günəş,
Əlcək...
***
Yeriyən dua maşınıdır,
Dörd-beş nəfərlik Sinaqoqdur,
Səsini durdurmaq olmayan kilsədir,
Azanı ahından olan məsciddir
Ambulans...
Bir gedişlik vaxtı olduğundan
Bilir ki,
Şahmat saatlı ömürdə heç kimi topa tutmağa dəyməz.
Bilir
Kimə hönkürə-hönkürə,
Kimə qəhqəhə çəkə-çəkə tələsmək lazım olduğunu.
Hansı ölkədə olursa-olsun,
Ürəyi kövrək olduğundan
Yolu açıq olur,
Zamanı az...
Ambulans dayanacaqları
Allaha verilən ən səmimi salamdır-
Cavabını eşidə biləcəyin.
***
Yayın əvvəlində
Sünbül zəmisindən qovulan qarğaların ahı tutdu müqəvvanı.
Dərin yuxuya getdi
İnsan köynəyi altında,
Dadını bilmədiyi sünbüllərin ortasında.
Şikayətlənmədi əynindəki
Bir dəst paltarından,
Yayın istisindən,
Qışın qarından,
Yerə mismarlanan ayaqlarından,
Qollarını açıb
Kimsə tərəfindən qucaqlanmadığından.
Canındakı ağac olmaq qorxusundan
Kölgəsini də ürküdər
Sonuncu qarğanın arxasıyca.
Ətrafına dən-dən səpilmiş insanların içində təksənsə,
Ürkütdüyün qarğaların arxasıyca baxıb
Dərindən ah çək,
Hardasa sənin geyimində biri
Yatdığı sünbül zəmisində oyanıb
Səsinə səs verəcək...
***
Günlərin birində bir dilim
Boyat çörəyin üstündə
Dişin minaya düşəndə biləcəksən ki,
Müharibə müharibədən sonra başlayır.
Günlərin birində boz-boz binaların yerində
Ağaclar görünəcək qolu yelləncəkli,
Üzü qırışlı.
Səndən cavan, yarpaqlarından yaşlı.
Günlərin birində biləcəksən ki,
Kişinin yanağından öpən silah
Qadına naməhrəm sayılır.
Müharibə müharibədən sonra başlayır.
***
Yağışın daşdırdığı gölməçələrin
Pıçıltıları uzun çəkir.
Dünən gecə eşitdim,
Gileylənirdilər,
Orta yaşlı kişinin ayağının altını islatmasından sonra
Üzlərinə söyülmələrindən.
Gileylənirdilər
Ölkənin yoxsulluğunu nümayiş etdirən
Kənd yollarından.
Gölməçə – göyün güzgüsü,
Kasıblığın ölçüsü,
Təbəqə bölgüsüdür.
Dərinliyi olmadığından
Dayaz adamlardan seçilmir bulanıqlığı.
Dəniz olmaq arzusundan başqa içində heç nə yoxdur.
Qorxuludur
Bir arzudan ötrü quruyub yoxa çıxmaq.
Gəldiyin yerə yoxa çıxa-çıxa
Lal-dinməz baxmaq.
Yağışın saldığı gölməçələrin
Yanından ötəndə əksinə baxma,
Yumub qulaqlarını
Sürətini artır addımlarının.
İnsanın ilk öncə eşitmək qüsuru olur,
Sonra danışmaq...
QLADİATORUN DUASI
İçimizdəki çərpələng azadlığına
Fikir vermə, İlahi.
İpimizi möhkəm tut.
Dünən çərpələnglər gördüm
Göylərə yüksəldikcə
Lənət oxuyurdular
Azadlıqlarını qoruyan ipə!
Onlar hardan bilsinlər ki,
Edama sürükləyir azad olmaq istəyi
Bütün çərpələngləri?
Bizi çərpələng azadlığımızdan qoru, İlahi,
Çərpələng azadlığımızdan.
***
Nəsə çatmırsa,
Əvvəldən olmayıb.
Məsələn, kirpinin bir qarış sapı,
Dəvəquşunun uçmaq eşqi,
Ölümün ikinci planı
Əvvəldən olmayıb.
Sevmək ayrılıqdan ötrü məşqdir.
Sevirsənsə, kirpi üçün sapa,
Dəvəquşuna ucu-bucağı bilinməyən səmaya çevrilirsən.
Ölümə gəlincə,
Ondan sonrakı həyata...
İndi iynəsinin hara sancıldığı
Bilinməyən sap üzərində addımlayır,
Kürəyində dişlənmiş alma olan kirpi,
Arxasıyca Adəm.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Uşaq Kitabxanasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində görüş keçirilib
9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində təşkil olunan görüşə ev sahibliyi edib. Görüşdə I və II Qarabağ müharibəsi iştirakçıları, layihə rəhbəri və kitabxana əməkdaşları iştirak ediblər.
Layihənin rəhbəri, I Qarabağ müharibəsinin fəal iştirakçısı və həmin dövrdə “qaynar nöqtələrdə” jurnalist kimi fəaliyyət göstərmiş Bədirxan Əhmədov layihənin məqsəd və əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə çatdırılması və qəhrəman döyüşçülərin tanıdılmasıdır.
Tədbir zamanı layihənin əhatə dairəsi, keçirilən görüşlər və gələcək planlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, layihə çərçivəsində “Vətən və Zəfər nəğmələri” adlı yeni nəşr işıq üzü görəcək. Bu nəşrdə həm I, həm də II Qarabağ müharibəsi dövründə ifa olunan hərbi marşlar toplanılacaq.
Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Sonda məktəblilərlə bu mövzu üzrə yeni tədris ilində maarifləndiricitədbirlərin keçirilməsi planlaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur” şeiri və Kübra Quliyeva
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının bugünkü qonağı əməkdaşımız Kübra Quliyevadır.
--Salam, Kubra xanım, rubrikamızda xoş gördük sizi. Sevdiyiniz şeiri söyləməlisiniz, şərtlərimizə uyğun olaraq. Buyurun, söz Sizindir.
-- Salam, Ülviyyə xanım, xoş gördük. 22 yaşım var, hazırda magistr təhsili alır və bank sektorunda çalışıram. İxtisasım, xarakterim və ədəbiyyat tamamən zidd qütblər olsa da, bədii ruhlara aşinalığımdan dolayı kitabları, pişikləri və yaşamağı hiss etməyi çox sevirəm. Bu gün zəngin bədii şeiriyyatımızdan mənim üçün inci qədər dəyərli bir şeiri sizlər üçün təhlil edəcəyəm. Ümid edirəm, təhlilim qəlbinizdən səs verər və sizə də, bu şeir vasitəsilə duyğularımı ötürmüş olaram.
Mənim ən sevdiyim şeir Ramiz Rövşən yaradıcılığından “Yağış yuyur, gün qurudur” şeiridir.
Ramiz Rövşən, “Yağış yuyur, gün qurudur”
Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da,
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədir, gedən nədir?
Bələk nədir, kəfən nədir?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
…Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur.
Hər kəsin həyatında bir dəfə də olsa dönüb-dönüb oxuduğu, içini səssizcə danışdıran bir şeir olur. Mənim üçün bu şeir məhz Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur” adlı əsəridir. Sözləri az, amma mənası sonsuz olan bu poetik parça yaddaşımda şeir kimi yox, sanki həyatın özü kimi qalır. Oxuduqca sual verirəm özümə: “Görəsən, mən yaşayıram, yoxsa yağışda yuyulub, günəşdə quruyan izlərdənəm?”
Bu şeir bir insanın yaşadıqlarını, keçmişini, izlərini təbiətin gözünə baxaraq izah edir. Yağış burada təkcə göydən yağan su deyil – o, insanın göz yaşlarıdır, içinin təmizlənməsidir, qəlbindəki hər şeyin silinməsidir. Gün isə bu yaşların quruyub unudulmasıdır. Sanki bu dünyada hər şey bir qədər var olur, sonra yoxluğa qarışır.
Ən çox təsir edən misralardan biri budur: “Bələk nədir, kəfən nədir?” – insanın gəlişi də, gedişi də zaman qarşısında bir iz qoymur. Bu dünyanın ritmini nə göz yaşımız dəyişir, nə də sevincimiz. Hər şey öz axarındadır. Və bu axar – yağış yuyur, gün qurudur – təkrarlandıqca oxucuya poetik bir təskinlik, eyni zamanda dərin bir boşluq verir.
Şeirdə ulduzların tozu, Günəşin özü, hətta yağışın özünün belə yuyulması və qurudulması – bu, həyatın faniliyinin deyil, faniliyin də faniliyinin göstərilməsidir. Heç nə qalıcı deyil. Bu fikri demək üçün Ramiz Rövşən səs-küy salmır. Sadəcə bir misra təkrarlanır – və bu misra zamanın özüdür.
Mən bu şeiri oxuyanda susuram. Çünki sözlər artıq mənim yerimə danışır. O sözlərdə özümə aid çox şey tapıram. Bəlkə də ona görə bu şeir mənim ən sevdiyim şeirdir – çünki mən danışmadan məni anlayır.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gələn Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri Xankəndi və Şuşada olublar.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, səfər çərçivəsində əcnəbi jurnalistlər ilk olaraq Xankəndinin Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından, eləcə də bölgədə gedən proseslərdən bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.
Daha sonra nümayəndə heyəti Qarabağ Universitetində olub. Görüş zamanı qonaqlara universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Qonaqlar Xankəndidən Şuşaya yola düşüblər. Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb. Onlar işğal dövründə ermənilərin Şuşada mədəniyyət abidələrinə və məscidlərə qarşı törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyiblər. Qonaqlar şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)