BİRİ İKİSNDƏ Cavid Qasımovun şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Cavid Qasımovun şeirləri ilə tanış olacaqsınız.

 

Qasımov Cavid Əli oğlu 28 fevral 1996-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2022-ci ildən AYB-nin üzvüdür. Şeirləri bir neçə antologiya və ədəbi portallarda dərc olunub.

 

 

***

 

Sən gedəndə arxanca

Əlimi qaldırdım səmaya.

Barmaqlarım xəyalən pianinonun dillərinə toxundu.

Yalnız özümün eşidə biləcəyim tonda

Ayrılıq musiqisi oxundu uzaqlaşmaqda olan addım səslərinin müşayiətilə.

 

Büküldü barmaqlarım ovcuma,

Hər şey beləcə bitdi.

Məşqi olunmasa da, gözəl alındı.

 

 

***

 

Kirpikləri islanmış çətir,

İçindəki adamın əlindən

Gözünü qırpmağa dam axtarırsan.

 

Göyün dərinliyinə baxa-baxa

Günəşli günlərdə

Atıldığın yeri xatırla

İçindəki adamın əli ilə.

 

Xatırla,

Hansı fəsildə yuxundan buludlar ötmüşdü,

Özünün ağlamaq səsinə diksinmişdin,

İçində heç kim yox idi.

 

Anası polislərin əlində,

Bir-iki söz dedi qaraçı dilində

Qaçdı Benyamin...

 

Hara gedəcəyini bilmədiyindən

Öz dilində qaçdı.

Yolu soruşmadı ilişdiyi ayaqlardan,

Qara qəpikdən də tez itdi gözdən.

 

Arxasıyca düşən qorxunun

Üzünə çırpdı ayaqqabısının bir tayını.

 

Qaçdı Benyamin, qaçdı...

 

 

***

 

Əlləri günəş suyuna çəkilmiş adam,

Fəhlə əlcəkləri dünyanın hər yerində eyni rəngdədir.

 

Harda olsan,

Səni tanıya bilərəm

Günəş əllərindən,

Şəfəq-şəfəq uzanan barmaqlarından,

Gözlərinin altında içi suyla dolan qara qayıqlardan.

 

Əsl əlcək havanın soyuqluğundan deyil,

ailənin dağılmamasından ötrü taxılır ilin hər fəslində.

 

İlin hər fəslində ehtiyac üşüdür...

 

Sərhədləri aşa bilmirsənsə,

Ürəyini sıxma,

Dünyanın hər yerində eyni rəngdədir

Çörək,

Günəş,

Əlcək...

 

 

***

 

Yeriyən dua maşınıdır,

Dörd-beş nəfərlik Sinaqoqdur,

Səsini durdurmaq olmayan kilsədir,

Azanı ahından olan məsciddir

Ambulans...

 

Bir gedişlik vaxtı olduğundan

Bilir ki,

Şahmat saatlı ömürdə heç kimi topa tutmağa dəyməz.

 

Bilir

Kimə hönkürə-hönkürə,

Kimə qəhqəhə çəkə-çəkə tələsmək lazım olduğunu.

 

Hansı ölkədə olursa-olsun,

Ürəyi kövrək olduğundan

Yolu açıq olur,

Zamanı az...

 

Ambulans dayanacaqları

Allaha verilən ən səmimi salamdır-

Cavabını eşidə biləcəyin.

 

 

***

 

Yayın əvvəlində

Sünbül zəmisindən qovulan qarğaların ahı tutdu müqəvvanı.

 

Dərin yuxuya getdi

İnsan köynəyi altında,

Dadını bilmədiyi sünbüllərin ortasında.

 

Şikayətlənmədi əynindəki

Bir dəst paltarından,

Yayın istisindən,

Qışın qarından,

Yerə mismarlanan ayaqlarından,

Qollarını açıb

Kimsə tərəfindən qucaqlanmadığından.

 

Canındakı ağac olmaq qorxusundan

Kölgəsini də ürküdər

Sonuncu qarğanın arxasıyca.

 

Ətrafına dən-dən səpilmiş insanların içində təksənsə,

Ürkütdüyün qarğaların arxasıyca baxıb

Dərindən ah çək,

Hardasa sənin geyimində biri

Yatdığı sünbül zəmisində oyanıb

Səsinə səs verəcək...

 

 

***

 

Günlərin birində bir dilim

Boyat çörəyin üstündə

Dişin minaya düşəndə biləcəksən ki,

Müharibə müharibədən sonra başlayır.

 

Günlərin birində boz-boz binaların yerində

Ağaclar görünəcək qolu yelləncəkli,

Üzü qırışlı.

Səndən cavan, yarpaqlarından yaşlı.

 

Günlərin birində biləcəksən ki,

Kişinin yanağından öpən silah

Qadına naməhrəm sayılır.

Müharibə müharibədən sonra başlayır.

 

 

***

 

Yağışın daşdırdığı gölməçələrin

Pıçıltıları uzun çəkir.

Dünən gecə eşitdim,

Gileylənirdilər,

Orta yaşlı kişinin ayağının altını islatmasından sonra

Üzlərinə söyülmələrindən.

 

Gileylənirdilər

Ölkənin yoxsulluğunu nümayiş etdirən

Kənd yollarından.

 

Gölməçə – göyün güzgüsü,

Kasıblığın ölçüsü,

Təbəqə bölgüsüdür.

 

Dərinliyi olmadığından

Dayaz adamlardan seçilmir bulanıqlığı.

Dəniz olmaq arzusundan başqa içində heç nə yoxdur.

Qorxuludur

Bir arzudan ötrü quruyub yoxa çıxmaq.

Gəldiyin yerə yoxa çıxa-çıxa

Lal-dinməz baxmaq.

 

Yağışın saldığı gölməçələrin

Yanından ötəndə əksinə baxma,

Yumub qulaqlarını

Sürətini artır addımlarının.

 

İnsanın ilk öncə eşitmək qüsuru olur,

Sonra danışmaq...

 

 

QLADİATORUN DUASI

 

İçimizdəki çərpələng azadlığına

Fikir vermə, İlahi.

İpimizi möhkəm tut.

 

Dünən çərpələnglər gördüm

Göylərə yüksəldikcə

Lənət oxuyurdular

Azadlıqlarını qoruyan ipə!

 

Onlar hardan bilsinlər ki,

Edama sürükləyir azad olmaq istəyi

Bütün çərpələngləri?

 

Bizi çərpələng azadlığımızdan qoru, İlahi,

Çərpələng azadlığımızdan.

 

 

***

 

Nəsə çatmırsa,

Əvvəldən olmayıb.

Məsələn,  kirpinin bir qarış sapı,

Dəvəquşunun uçmaq eşqi,

Ölümün ikinci planı

Əvvəldən olmayıb.

 

Sevmək ayrılıqdan ötrü məşqdir.

Sevirsənsə, kirpi üçün sapa,

Dəvəquşuna ucu-bucağı bilinməyən səmaya çevrilirsən.

Ölümə gəlincə,

Ondan sonrakı həyata...

 

İndi iynəsinin hara sancıldığı

Bilinməyən sap üzərində addımlayır,

Kürəyində dişlənmiş alma olan kirpi,

Arxasıyca Adəm.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.