Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının bugünkü qonağı əməkdaşımız Kübra Quliyevadır.
--Salam, Kubra xanım, rubrikamızda xoş gördük sizi. Sevdiyiniz şeiri söyləməlisiniz, şərtlərimizə uyğun olaraq. Buyurun, söz Sizindir.
-- Salam, Ülviyyə xanım, xoş gördük. 22 yaşım var, hazırda magistr təhsili alır və bank sektorunda çalışıram. İxtisasım, xarakterim və ədəbiyyat tamamən zidd qütblər olsa da, bədii ruhlara aşinalığımdan dolayı kitabları, pişikləri və yaşamağı hiss etməyi çox sevirəm. Bu gün zəngin bədii şeiriyyatımızdan mənim üçün inci qədər dəyərli bir şeiri sizlər üçün təhlil edəcəyəm. Ümid edirəm, təhlilim qəlbinizdən səs verər və sizə də, bu şeir vasitəsilə duyğularımı ötürmüş olaram.
Mənim ən sevdiyim şeir Ramiz Rövşən yaradıcılığından “Yağış yuyur, gün qurudur” şeiridir.
Ramiz Rövşən, “Yağış yuyur, gün qurudur”
Bu yerləri, bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da,
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.
Gələn nədir, gedən nədir?
Bələk nədir, kəfən nədir?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.
…Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur.
Hər kəsin həyatında bir dəfə də olsa dönüb-dönüb oxuduğu, içini səssizcə danışdıran bir şeir olur. Mənim üçün bu şeir məhz Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur” adlı əsəridir. Sözləri az, amma mənası sonsuz olan bu poetik parça yaddaşımda şeir kimi yox, sanki həyatın özü kimi qalır. Oxuduqca sual verirəm özümə: “Görəsən, mən yaşayıram, yoxsa yağışda yuyulub, günəşdə quruyan izlərdənəm?”
Bu şeir bir insanın yaşadıqlarını, keçmişini, izlərini təbiətin gözünə baxaraq izah edir. Yağış burada təkcə göydən yağan su deyil – o, insanın göz yaşlarıdır, içinin təmizlənməsidir, qəlbindəki hər şeyin silinməsidir. Gün isə bu yaşların quruyub unudulmasıdır. Sanki bu dünyada hər şey bir qədər var olur, sonra yoxluğa qarışır.
Ən çox təsir edən misralardan biri budur: “Bələk nədir, kəfən nədir?” – insanın gəlişi də, gedişi də zaman qarşısında bir iz qoymur. Bu dünyanın ritmini nə göz yaşımız dəyişir, nə də sevincimiz. Hər şey öz axarındadır. Və bu axar – yağış yuyur, gün qurudur – təkrarlandıqca oxucuya poetik bir təskinlik, eyni zamanda dərin bir boşluq verir.
Şeirdə ulduzların tozu, Günəşin özü, hətta yağışın özünün belə yuyulması və qurudulması – bu, həyatın faniliyinin deyil, faniliyin də faniliyinin göstərilməsidir. Heç nə qalıcı deyil. Bu fikri demək üçün Ramiz Rövşən səs-küy salmır. Sadəcə bir misra təkrarlanır – və bu misra zamanın özüdür.
Mən bu şeiri oxuyanda susuram. Çünki sözlər artıq mənim yerimə danışır. O sözlərdə özümə aid çox şey tapıram. Bəlkə də ona görə bu şeir mənim ən sevdiyim şeirdir – çünki mən danışmadan məni anlayır.
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)