ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirəm, görəsən bu dünyada insanları məşhurlaşdıran televiziyadan da irəlidə nəsə varmı? Məhz, bu “sehirli qutu”nun sayəsində aktyorlar, müğənnilər, siyasi icmalçılar və digər peşə sahibləri xalq arasında ən məşhur adamlar olurlar. Bu dəfə sizə belə adamlardan biri, istedadı ilə məhurlaşan Xalq artisti Yasin Qarayev haqqında söhbət açmaq istəyirəm. O Yasin Qarayevdən ki, bizim uşaqlıq illərimizin qəhrəmanı olub. Hazırda teatrımızın bahadırlarından biri sayılır. Bir vaxtlar "sehirli qutu"da tez-tez görünərdi. Rol aldığı tamaşaları xüsusi maraqla izləyərdik. Amma son vaxtlar nədənsə televiziyada görünmür, tamaşaçılarını intizarda saxlayır…

 

Yaşı elə də çox deyil, bir də ki, aktyor üçün nə yaş? O qədər filmlərimizdə onun yaşına uyğun rollar var ki, nədənsə rejissorlar belə teatr bahadırlarının yerinə həvəskar aktyorları çəkirlər. Bəlkə də elə buna görədir ki, filmlərimiz Yalamadan o tərəfə gedib çıxa bilmir. Sanki filmlərimizin də ölkədən çıxışına “qırmızı işıq” yandırılıb…

 

Yasin Qarayev 1946-cı ildə Şəmkir rayonunda dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

1991-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Bir neçə dəfə prezident mükafatçısı olub. 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır…

 

Deyir ki:- “Müslüm Maqomayev qədər sevdiyim, pərəstişkarı olduğum ikinçi bir estrada müğənnisi tanımıram. Uşaqlığ çağlarımdan həmişə onun ecazkar və bənzərsiz səsinin pərəstişkarı olmuşam. Mənim fikrimcə Tanrı bütün gözəllikləri

ona vermişdi. Güclü, məlahətli səs, boy-buxun, səhnə yaraşığı, jest, plastika və çox şey. Müslümü bircə dəfə dinləyən tamaşaçı onun sehirli səsinin tilsiminə düşməyə bilməzdi. Tanrı ona dünya estrada musiqisinin imperatoru kimi yüksək bir zirvə bəxş etmişdi. Və o da sonuncu imperator olduğu üçün həmin titulu özü ilə Tanırının yanına apardı…”

 

Yasin Qarayev layiqli adamlar haqqında xoş söz deməyə tələsən insandır. Onun siyasi proseslərdə gözə görünməməsindən gileylənən adamların görünür ki, yetərincə dünyagörüşü yoxdur. O, bir şəxsiyyət kimi, abırına sığınıb dünyanın gərdişini səbirlə seyr edənlərdəndir. Çünki elə bir dövrana gəlib çatmışıq ki, kütləni xalq hesab edən adamların sayı çoxalıb. Alisa adlı bir aktrisadan nümunə gətirib deyir ki: “Qocalığin tez gəlməsi dəhşət deyil, dəhşət cavanliğin tez getməsidir!..”

 

Mayın 22-si - yənikibugünYasinmüəllimin 79 yaşı tamamolur. Ürəklərdə yuva qurmağı bacaran hər bir şəxsin həyatda yaşamağa haqqı var. Allah ömrünü uzun eləsin!

 

 “Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

Cümə axşamı, 22 May 2025 08:00

Əliağa Vahidin tələbəsi Əliağa Bəkir

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.

 

Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır. O, 2200-dən artıq qəzəl və müxtəlif janrlarda yazılan şeir, eləcə də, 5 poema müəllifidir. Onun əsərlərində yüksək insani keyfiyyətlər və mənəvi dəyərlər ana xətt olaraq görülməkdədir. Yaşadığı həyat qələmə aldığı nəzm əsərlərində öz əksini tapmışdır. Bir çox şeir və qəzəli dövri mətbuatda dərc olunmuş, bəstəkarlar tərəfindən musiqi bəstələnmiş, muğam ustaları tərəfindən ifa edilmişdir. Yaradıcılığı haqqında radio və televiziya verilişləri hazırlanmışdır.

 

“Yazıçı” nəşriyyatı tərəfindən 1978 və 1986-cı illərdə buraxılmış “Qəzəllər” toplusunda Əliağa Bakirin bir sıra qəzəli çap edilmişdir. Bundan əlavə, şairin “Eşq ilə gülmüş təbiət” (1990), “Tarixlərdən gələn səslər” (1991), “Qabusnamə lövhələri” (1992) və “Min bir gözəl, min bir qəzəl” (1994) adlı kitabları kütləvi tirajla çapdan çıxmışdır.

22 may 1998-ci ildə Bakıda vəfat etmişdir. Qəbri ata yurdu Maştağa kəndindədir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

2025-ci il mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə Görüşündə iştirak edib.

Görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkə kimi Macarıstanın rəhbərləri də iştirak ediblər. Zirvə görüşündə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qlobal enerji təhlükəsizliyi, strateji nəqliyyat dəhlizləri və regional sabitliyin qorunması əsas müzakirə mövzuları olub.

 Prezident İlham Əliyev çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edərək Macarıstanın müstəqil və prinsipial xarici siyasət yürütməsinin Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Budapeşt platforması türk dövlətləri arasında həmrəyliyin və ortaq siyasi iradənin göstəricisidir.

 Dövlət başçısı çıxışı zamanı nəqliyyat və enerji təhlükəsizliyinə də xüsusi diqqət ayırıb. Prezident bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi layihəsi təkcə regionun deyil, həm də türk dünyasının geoiqtisadi xəritəsini dəyişəcək. 

 Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında COP29 çərçivəsində imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişinə toxunaraq bu layihənin Xəzər-Qara dəniz marşrutu ilə enerji ixracında yeni səhifə açacağını bildirib.

 Zirvə görüşü çərçivəsində türk dövlətləri arasında əməkdaşlıq sənədləri və birgə mövqelərin formalaşdırılması üçün intensiv müzakirələr aparılıb. Prezident İlham Əliyevin çıxışı, xüsusilə enerji və nəqliyyat sahələrindəki çağırışları və təşəbbüsləri, təşkilatın gələcək fəaliyyət istiqamətləri üçün strateji əsas kimi qiymətləndirilib.

 Azərbaycan Prezidentinin Budapeştdəki çıxışı Türk Dövlətləri Təşkilatının qlobal miqyasda güc mərkəzinə çevrilməsi yolunda siyasi iradə və regional liderlik nümunəsi olaraq tarixə düşəcək.

 

AzərTAC-ın materiallarından istifadə edərək hazırladı Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

  

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Xanım Aktotı Raimkulova Azərbaycan Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak və çıxış edib.

 “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, 18 may 2025-ci il tarixində Fondun prezidenti Aktotı Raimkulova  Şəki şəhərinə səfəri çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən konfransda iştirak edib. 

Xüsusilə vurğulamaq lazımdır ki, konfrans Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfransdan öncə iştirakçılar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ardınca konfransın keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına müvafiq olaraq Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərini böyük ədəbi və mənəvi hadisə kimi qiymətləndirib, şairin yaradıcılığını türk ruhunun canlı səsi adlandırıb.

Tədbirdə Azərbaycan Respublikası Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, TÜRKPA-nın Baş katibi Mehmet Sürəyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Rayev,  Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar.

Sonda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Heydər Əliyev Mərkəzinin muzeyinə Bəxtiyar Vahabzadənin Fond tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” əsərinin nüsxələri hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyirlər ki, insanın adının mənası onun taleyində əhəmiyyətli rol oynayır. Amma elə nadir adlar var ki, onların mənasını dərindən başa düşmək çox çətindir. Məsələn, “Ərtegin” adı. Bu ad azərbaycanlıların adlar siyahısında yoxdur. Lüğət isə, onu belə izah edir; igid varis və ya igidin varisi...

 

Bəli, bu dəfə sizə ölkəmizdə nadir adlardan birini daşıyan professor Ərtegin Salamzadədən danışmaq istəyirəm. O, 1965-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaya gəlib. Atası- əslən Şamaxı rayonundan olan memar, əməkdar inşaatçı, əməkdar elm xadimi, akademik Əbdül Vahab Salamzadə olub...

 

Ərtegin müəllim 1987-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” bölməsini bitirib. 1987-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hazırda İnstitutun rəhbəridir. Eyni zamanda, Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının professorudur. 1992-ci ildə namizədlik dissertasiyasını Bakıda, 2002-ci ildə isə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. Sənətşünaslıq elmləri doktoru, professordur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür...

 

AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov onun haqqında yazır: “Ərtegin Salamzadənin elmi fəaliyyətini bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən nə vaxtsa araşdırılacaq. Eləcə də, onun idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və yüksək keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Daha mühümü, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir. Bir sözlə, Ərtegin müəllimin özəlliyi böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir. Əslində, bu fundamental dəyərlərin təbliğidir...”   

 

...Bakı, İstanbul, Daşkənd, Almata, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunan, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr etdiyi 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan “Azərbaycan sənətşünaslığı. XX əsr”, “Elçin Əlibəyli: rəssam və bədii ənənə”, “Dizayn və informasiya”, “İncəsənət və sənətşünaslıq” monoqrafiyaları, “Dizayn tarixi”, “Vizual informasiya” ali məktəblər üçün tədris vəsaitləri, “Məlik Ağamalov. Boyakarlıq”, “Tofiq Rəsulov. Şəbəkə” və “Akmal Nur. Boyakarlıq” kataloqlarını göstərmək olar...

 

...Çox səmimi adamdır. Təkəbbür və lovğalıqdan uzaqdır. Nizam-intizamı xoşlayır. İnanılmaz dərəcədə ağıllıdır və həmişə onun beyni qəbul etdiyi məlumatları təhlil etməklə məşğuldur. O, dünyanı öz xüsusiyyətlərinə uyğunlaşdırmaqdan və ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan zövq alır. Bəzən, həyatda buraxdığı kiçik səhvlərə görə, özünü çox sərt və amansızcasına tənqid edir. Bu onun olduqca ağıllı olmasının təzahürüdür. O, hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. İşlərini planlaşdırmağı sevir. Mütəşəkkil və nizamlıdır. Bundan əlavə, çox ehtiyatlıdır. Səhv etməkdən, könül qırmaqdan qorxur. Səliqə-səhmana ciddi riayət edir. Gözlənilməz sürprizləri sevmir. Söz verdisə sözünə hökmən əməl edir. Adamları ruhdan salmaq onun təbiətinə yaddır. Əksinə, adamlara bacardığı qədər kömək etməyə hazırdır. Təfərrüat yönümlü insandır. Məzmunlu və məntiqlidir...

 

...Bəli, ölkəmizdə nadir adlardan birini daşıyan Ərtegin müəllim də, adına uyğun taleyini yaşayır. Bu il onun üçün yubiley ilidir, 60 yaşı tamam olur. Dedim ki, dostları, sevənləri də bilsin. Axı, 28 avqusta nə qalıb ki...

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyinin təşəbbüsü ilə ölkəmiz Təl-Əvivdə keçirilən “Tel Aviv EAT 2025” qida festivalında iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə istnadla AzərTAC xəbər yayıb. 

Xəbərdə bildirilir ki, iştirakın məqsədi İsrail bazarında Azərbaycanın tanıdılması və ölkəmizin mədəni-turizm imkanlarının daha geniş auditoriyaya çatdırılmasıdır.

Azərbaycanın İsraildəki səfirliyinin tərəfdaşlığı ilə təşkil olunan və dünyanın ən böyük ictimai qida festivallarından biri sayılan tədbirdə Azərbaycan guşəsi fəaliyyət göstərir, milli mətbəx nümunələri ziyarətçilərə təqdim edilir.

Mayın 22-dək davam edəcək festival çərçivəsində Azərbaycan haqqında məlumatlandırıcı materiallar və tanıtım çarxları nümayiş olunub. 

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 13 min 636 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

 

Çərşənbə, 21 May 2025 17:14

ABİDƏLƏRİMİZ - Qarğabazar kənd türbəsi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Füzuli rayonunun Qarğabazar kəndində XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə yerləşir. Qarğabazar türbəsi adlanır. Əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Təməldə səkkizguşəli plana malikdir.

Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, türbənin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır. Belə ki, kompleks ərazisinə daxil olan bütün tikililər kərpicdən inşa edilsə də, Şeyx Babı türbəsi daşdan tikilmişdir. Əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Bu cür böyük giriş XVI-XIX əsrdə nəinki abidənin yerləşdiyi Qarabağ və Arazboyu ərazi, o cümlədən, ümumilikdə Şimali Azərbaycan ərazisi üçün xarakterik deyildir. Şirvan və Arran memarları XIX əsrə kimi türbə inşası zamanı əvvəlki ustadların kompozisiya yanaşmalarını saxlamış, türbələr üçün kiçik giriş qapısı inşa etməklə ümumilikdə tikiliyə monumental xarakter verə bilmişlər.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Və əlbəttə ki, 2020-ci ildə azad edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

                     

İndi isə sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış etmək istəyirəm. Buyurun, faydalanın:

A. göyərti və tərəvəzlər.

1.     Qulançar (az kalorilidir, asan həzm olunur, vitaminlərlə (K, B1, B2, B9, C, E, A, PP), mikro və makroelementlərlə (sink, kalsium, maqniy, dəmir) zəngindir).

2.     Şirin bibər (Antioksidantların və C vitamininin mənbəyidir).

3.     Brokkolli kələmi (K və C vitaminlərinin və sellülozun çoxluğuna görə təkrarsızdır, xərçəngin bütün növlərinə tutulma riskini azaldır, bədəni toksiki maddələrdən təmizləyir).

4.     Kök (karotinin əsas mənbəyidir, insanın hüceyrələrinin inkişafı, dərinin, selikli qişanın və gözün sağlamlığı üçün çox vacibdir).

5.     Rəngli kələm (tərkibindəki A, B, PP vitamini, kalium, fosfor, dəmir və sellüloz, eləcə də protein adi kələmdəkindən dəfələrlə çoxdur, bu tərkib bağırsağın mikroflorasına müsbət təsir göstərir).

6.     Xiyar (95% sudan ibarət olan və ən az kalorili bu tərəvəzdə yağ, zülal çox azdır, amma kalium və digər vitaminlər çoxdur).

7.     Sarımsaq (ən güclü antioksidantlardan hesab olunur, güclü bakterisid təsiri var, soyuqdəymə ilə mubarizədə güclü silahdır, ürək xəstəlikləri riskini, yemək borusu xərçəngi riskini azaldır).

8.     Zəncəfil (immungücləndirici, həzmə kömək edən bu bitkinin kökündə efir yağları, vitamin və minerallar boldur).

9.     Soğan (bakterisid xassəsinə, dəmir və kalsium bolluğuna, B və C vitamini bolluğuna görə seçilir).

10.Pomidor (xərçəng əleyhinə likolin kimi güclü antioksidanta, ən müxtəlif mikroelement və vitaminlərə malikdir).

11.Cəfəri (tərkibində limondan 4 dəfə çox vitamin olduğundan soyuqdəymədə, habelə avitaminozda çox faydalıdır, bitki proteininə malik olduğundan isə pəhriz saxlayanlar, xüsusən ət yeməyənlər üçün əvəzsizdir).

Növbəti təqdim edəcəyim meyvə və giləmeyvələr olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

Çərşənbə, 21 May 2025 16:06

BİR FOTONUN TARİXİ - Karl Bents və Mercedes

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bakımızda bir aralar küçələrdə yalnız sovet avtomobilləri şütüyərdi. “Jiquli”lər, “Moskviç”ləe, “Volqa”lar. Sonra – müstəqilliyin ilk illərində yapon avtomobilləri rüzgarı əsdi. Sonra dominantlığı alman maşınları - əsas da “Mersedes” ələ keçirdi.

İndi isə liderlik Çin avtomobillərindədir. Amma sözümüz bu barədə deyil.

 

“Mercedes” – avtomobillərin kralı hesab edilir, bütün dünyada öz üstün mövqeyini qoruyub saxlayır. Bilirsiniz niyə? Keyfiyyət burada tək rol oynamır. Əsas rol oynayan həm də “Mersedes”in dünyada yaradılmış ilk avtomobil olmasıdır.

Sizə təqdim etdiyim fotoda “Mersedes” yoxdur, amma mən “Mersedes”dən danışıram deyə təəccüblənməyin. Gerisinə qulaq asın.

“Mercedes” 1885-ci ildə yəhudi ixtiraçı Karl Bents tərəfindən hazırlanmışdır. Cənab Bents avtomobilə bu adı isə qızının şərəfinə vermişdir; o, qızını sevgi ilə Mercedes deyə çağırırdı. Bu sevgidən icad etdiyi avtomobilə də pay düşdü, əlbəttə.

“Mercedes” bu günə qədər dünyanın ən bahalı avtomobillərindən biri olaraq qalır! Bu, əlbəttə ki, birincilik, pöionerlik, flaqmanlıq üstünlüklərindən doğan bir impulsdur.
Şəkildə: Karl Bents və qızı Mercedes, 1885-ci il.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

      RƏSUL RZA

“BƏLKƏ DƏ”

M.Rəfiliyə

 

Onunla həmmərəz idik biz, o deyirdi:

Eh! Cəhənnəm olsun

bütün dərman, pəhriz!

Mənə dağ havası verin!

Sac yuxası verin!

İstəyirəm sərxoş olum meyindən

əyriboyun bənövşədən

qalxan ətrin.

Mənə

qızıl söyüd çubuğundan hörülmüş səbətdə

moruq gətirin!

Açın sinəmi!

Dəniz yeli dəysin ona!

Haram olsun mənə

bu torpağın çörəyi,

dincimi almadan,

yorulmadan, qocalmadan

səksəndən getməsəm doxsana.

Azarı, ölümü

büküb qoymasam ayağımın altına!

Belə deyərdi,

Əllini yeni keçmişdi,

qara örtük saldılar tabutuna

Bəs niyə belə?

Həkimlər gəldi,

yazdılar, pozdular.

Gah elə, gah belə yozdular.

Yan-yana düzüldü,

neçə-neçə qəşəng latın sözü.

Qərara gəldilər:

... Xəstəliyin şiddəti...

Bir də... özü...

Ancaq bir deyən olmadı

bəlkə... səbəb başqadır,

Bəlkə... arzusu doğrulmadı

Bəlkə...

ona dağ havası

sac yuxası,

bir də

qızıl söyüd çubuğundan hörülmüş səbətdə

moruq verən olmadı?...

1958

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2025)

 

54 -dən səhifə 2255

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.