İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şəki mədəniyyətimizə çox istedadlı insanlar bəxş edib. Onlardan biri də sənədli filmlər rejissoru Niyazi Bədəlovdur.
Niyazi Bədəlov 10 iyul 1909-cu ildə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb və ilk azərbaycanlı məzunlarından biri olub. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub.
Başqaları o yana, tanıdığım şəkililərdən Niyazi Bədəlovu tanıyıb-tanımadıqlarını soruşdum, tanımırlar. Bu cür şəxsləri tanımaq, unutmamaq borcumuzdur. Çox təəssüf ki, təbliğat maşınımız zəif işləyir.
Bizsə portal olaraq ən azından doğum və anım günlərində mədəniyyətimizə töhfələr vermiş şəxsləri xatırlayırıq, adlarının unudulmasına imkan vermirik.
Qayıdaq rejissorun tərcümeyi-halına.
1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlib və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" sənədli filmlərini ərsəyə gətirib. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılıb. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayıb. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradıb.
Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olub. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edib. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırıb. Belə nümunələrdən biri "Məhəmməd Füzuli" sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradıb.
N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində "Böyük həyat", "Tüfəngli adam", "Oyanmış torpaq" və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.
N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılıb və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunub. Burada Salyan Dövlət Dram Teatrını təşkil edib və teatrın bədii rəhbəri işləyib. Bir müddət sonra yenidən kinoya qayıdıb.
Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.
Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.
Filmoqrafiya
"Rejissor kimi"
- Azərbaycan aşıqları
- Komsomol nəsli
- Sovet gimnastları
- Biz Bakını müdafiə edirik
- Sovqat
- General Həzi Aslanov
"Azərbaycan dilinə dublyajın rejissoru kimi"
Bakılılar
"Ssenari müəllifi kimi"
1. Komsomol nəsli
2. Sovet gimnastları
3. General Həzi Aslanov
4. Dağlıq Qarabağ Hanı mənim övladlarım?
5. Azərbaycan Pedaqoji İnstitutu-50
6. Burada başlanmışdır
"İkinci rejissor kimi"
- Ordenli Azərbaycan
"Rejissor assistenti kimi"
- Xəzər dənizçiləri
"Bədii rəhbər kimi"
- Uzunömürlülər
"Aktyor kimi"
- Əlaqə (rol: qoca)
Niyazi Bədəlov2 noyabr 1997-ci ildə ömrünün 88-ci baharında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.07.2025)