ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Düşünürəm ki, bu konsert əsl musiqi bayramına çevriləcək.

İyunun 3-də Heydər Əliyev Sarayında rejissor Nail Naiboğlunun kliplərini çəkdiyi müğənnilərin iştirakı ilə “Klip kimi ömür” adlı qala-konsert keçiriləcək.

Siz bir adlara baxın!!! Görün bu rejissor kimlərin klipini çəkib.

 

Konsertdə Flora Kərimova, Nisə Qasımova, Samir Bağırov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Mətanət İsgəndərli, Ədalət Şükürov, Fərqanə Qasımova, Lalə Məmmədova, Elnur Məmmədov, Samira AliMaryam, İzzət Bağırov, Xatun, Eldar Qasımov, Fahree, İlkin Dövlətov, Samirə Əfəndi, Mehin Hümbətova, reper Saybu, türk müğənnisi Kiçik İbo və başqaları iştirak edəcəklər. Aparıcı Nailə İslamzadədir.

Konsert adi konser olmayacaq. Öz müstəsna musiqi müşayiəti ilə yadda qalacaq. Belə ki, Nail Naiboğlu açıqlamasında bildirir ki, gecədə ulduzlar sevilən hitlərini 35 nəfərdən ibarət GRAMOPHONE estrada orkestrinin müşayiəti ilə canlı ifa edəcəklər. Dirijor Ellada Məmmədova, gecənin musiqi rəhbəri Xanın İsmayılqızıdır.

Gecədə yeni mahnıların da təqdimatı gözlənilir. Belə mahnılardan birini Türkiyədən gecəyə qonaq gələcək Kiçik İbo ilə müğənni Leyla Rəhimova dueti ifa edəcək.

Təsəvvür edin ki, Nail Naiboğlunun “Klip kimi ömür”ünü 100 nəfərdən ibarət yaradıcı heyət hazırlayır. Biletlər şəhərin kassalarında və İTİCKET.az saytında satılır.

Konsert barədə bu qədər. Gerisini, özünüz iyunun 3-də görəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Haqqını ödə!

Uğur üçün tələb olunan haqqı tam ödədiyinizi necə müəyyən edə bilərsiniz? Çox sadə, ətrafınıza baxın. İndiki həyat tərzinizə və bank hesabınıza baxaraq, tələb olunan haqqın nə qədərini ödədiyinizi asanlıqla müəyyən edəbilərsiniz. Xarici aləminiz, əks etmə qanunu vasitəsilə sizin necə şəxsiyyət olduğunuzu və nə qədər ödədiyinizi güzgü kimi göstərəcək. 

 

Uğurun dəyəri haqda maraqlı məqam var: 

Uğurun dəyəri mütləq tam və əvvəlcədən ödənilməlidir. Uğurun haqqı, yeməkdən sonra ödədiyiniz restoran hesabına bənzəməz. Bu kafeteriyaya bənzəyir, istədiyinizi seçə bilərsiniz amma haqqını yeməzdən öncə ödəməlisiniz. Motivator natiq Ziq Ziqların dediyi kimi: “Uğura aparan elevator xarab olub, pilləkənlər isə hələdə açıqdır”.

 

Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

Çərşənbə axşamı, 08 Aprel 2025 09:09

Sevinc Elsevərin küncdəki uşaqları – UŞAQ ƏDƏBİYYATI

Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqların tərəfində olan şair Sevinc ən çox da küncdəki incidilmiş uşaqların dostudur: onların bütün uşaq yalanlarını, dəcəlliklərini dəstəkləyir. Müasir uşaq şairləri əksərən uşaqları öyrədirsə, Sevinc uşaqların dili ilə böyükləri də öyrədir.

 

“...cizgi filmlərinin sonunda

dostlaşır itlə pişik

ilanla insan

uşaqların dünyası nə gözəldir, İlahi

böyüklərin də dünyasını o cür elə”.

 

Böyüklər üçün adi görünən bir mənzərə, ya hadisə uşaqlar üçün qorxulu ola bilər: uşağın hissləri xamdır, dərinləşməyib, oyuncaq itini zivədə görən uşaq anidən duyğulanacaq, çünki onun gerçək dünyasında ağappaq yox, büzüşmüş it var. Bu təzadlı ( bir az da kədərli) həyat hadisəsinə  “ Oyuncaq it “ şeirində baxaq:

 

“Asılmışdı zivədən

İtim bir qulağından

Su damlayırdı ondan

Ağlayırdı deyəsən.

Büzüşmüşdü bir az da

Titrəyirdi tükləri

İtim balacalaşıb

Lap pişiyə dönmüşdü

Anam sevinirdi:

“Bax,

İtin olub ağappaq”.

 

Nümunəni beşinci və altıncı siniflərdə tədris etmək olar.

Şairin uşaq şeirlərindəki  vintaj mənzərələr həmin dünyanın zamansız nostalgiyasını yaşadır. Elə bil qatarda gedirsən, uşaqlıq xatirələrin bir- bir göz önündən keçir. Məsələn, bir yelləncəyin tut ağacına bağlanması saf bir dövrün simvoludur.

“Nəğmə” şeirini oxuyan bütün uşaqlar evrənsəl bir dünyaya girəcəklər.  Günəş , ulduz, ay olub kainatın kəhkəşanına qarışacaqlar və sonda Yer üzünə qayıdacaqlar. Belə mediativ şeirlər dərsliklərimizdə yoxdur. Ancaq müəllimlik təcrübəm və intuisiyam deyir ki, uşaqların zövqüncədir bu cür  şeirlər; Sübut üçün deyirəm ki, mən bu şeiri sinifdəxaric oxu kimi 7-ci sinif şagirdlərinə vermişdim. Onlar “Şeir məndə hansı hiss və düşüncələri oyatdı?” başlığı altında esse tapşırığını yerinə yetirmişdilər. Uşaqların əksəriyyəti ilk dəfə idi ki,  “Vətən haqqında“ qeyri-adi şeir oxuduqlarını söylədilər. Onlar  bu şeirdə azadlığın əsl dadını hiss etmişdilər. Uğur adlı şagirdim, “bu şeiri oxuduğum üçün çox şanslıyam”,-yazmışdı.

“Nəğmə” təkcə şeir deyil, uşaqlıq manifestindən bir hissədir sanki. Yelləncəkdə yellənən uşaq təkcə Vətən sevgisini duymur, onu iliklərinə kimi hiss edir. Şairlərin böyüklüyü də ondadır ki, onlar öyüd-nəsihət verməkdən çox,  bu hissləri yaşada bilir:

   

      Nəğmə

Yelləncəyim, yellə məni

Bayrağımı dalğalandıran

O küləyi öpəcəm.

Daha, daha hündürə qalx

Yağışları yağdıran

O buludu öpəcəm.

 

Gözəl bir günəşin

Taxacam saçlarına

Əlimdəki çiçəyi

Baxım, yaraşır ona?

 

Yelləncəyim, yellə məni

Mən qorxmuram

Sən də qorxma

Bərk bağlayıb iplərini

Atam tut ağacına.

 

Yellə məni, qanadlanım

Bahardan xəbər verən

Qaranquşu öpəcəm.

Dimdiyində çöp aparan

Bax, o quşu öpəcəm. 

 

Möhkəm dayan, tut ağacım

Tut məni

Yıxılmağa qoyma məni

Yellənim qoy göylərəcən

Əlim çatan budağını öpəcəm.

Yelləncəkdən düşüm gəlim

Torpağını öpəcəm.

 

Yeddinci sinifə qədəm qoyanlar həm də yeniyetməlik çağının ortalarında olurlar:  bu uşaqlar nə tam yerə bağlıdırlar, nə göyə. Şeirdə uşaqların Göylə Yer arasında qurduğu bağ o qədər poetik ifadə olunub ki, hər misrada uşaq böyüyür, bir az da İnsan olur. Sevinc Elsevər bu tip  şeirlərində bizə bir daha göstərir ki, uşaqların dünyası tərbiyə olunmalı deyil, eşidilməlidir.

Bəli, Sevincin uşaqları qorxur, utanır, çaşır, sevir...ancaq duyaraq yaşayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 08 Aprel 2025 12:46

ŞƏRƏF LÖVHƏSİndə Hamlet Məmmədov

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Dürüst və məsuliyyətli, öz işini sevən Hamlet Məmmədovdan bəhs etmək istəyirəm.

55 yaşı var. Onu orta təhsil illərindən tanıyıram. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə bacısı Ziyafətlə eyni sinifdə oxumuşam. Mehriban bacı-qardaş kimi hər zaman barələrində maraqlanmışam. Bir jurnalist kimi də Hamletin əmək fəaliyyətini vaxtaşırı izləmişəm.

 

Belə ki, o, şəhərimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, mühüm, məsul iş sahibidir. 1993-cü ildən 2015-ci ilədək polis nəfəri olub. Baş serjant rütbəsi alıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsininn Sumqayıt şəhər polis mühafizə idarəsində işləyib. 2000-ci ilin martın 1-dən şəhər bələdiyyəsinə polis mühafizəçisi kimi təhkim edilib. Təqaüdə çıxsa da hazırda burada mühafizəçi işini həvəslə icra edir. Müxtəlif təbəqəli insanlarla ünsiyyət qurmağı bacarır, onlarla yaxşı dil tapa bilir, ona müraciət edənlərə düzgün yanaşır. 

Qeyd edək ki, Hamlet Məmmədov Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya iki dəfə üzv təyin olunubdur. Hazırda  20-ci mikrorayon ərazisi üzrə məhəllə komitəsinin sədridir. Daim sakinlərin qayğısı ilə maraqlanır, onların müraciətlərini dinləyir, problemlərinin həlli yollarını başa salır.

Ailəlidir, bir qızı, bir oğlu var, hər ikisi ali savadlı mütəxəssis kimi cəmiyyətimizə xeyirli, gərəkli övladdır. İki nəvənin sevimli babasıdır.

Hamlet deyir ki, mühafizəçi həm də çalışdığı qurumun görünən simasıdır. Əgər insanlarla kobud rəftar edərsə, o zaman həmin qurum haqqında münasibət də mənfi olacaq. Lakin mühafizəçi xoş auralı olarsa və işinə sevgi və məsuliyyətlə yanaşarsa, hər bir insan da o təşkilat haqqında qənaətbəxş düşünəcək. Çalışıram ki, gündəlik vəzifəmin öhdəsindən layiqincə gəlim, buraya üz tutanları xoş münasibətlə qarşılayım və yola salım, hər kəsə müsbət enerji ötürüm. İndiyədək beş bələdiyyə sədrinin rəhbərliyi altında yorulmadan işləmişəm.

Hamlet Məmmədov həmçinin Birinci Qarabağ müharibəsi veteranıdır. O, eyni zamanda qürurla vurğulayır ki, bizə qələbə sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib. Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin canı, qanı bahasına ən yaxşı, ən gözəl Zəfər qazanmışıq. Prezidentimizə, onun siyasətinə güvənirəm. Müasir, müstəqil Azərbaycanımız kifayət qədər potensiallıdır. İradəmizə, qüvvətimizə inanıram. Allahıma inanıram. O, bizdən daha yaxşı bilir hər şeyi. Sevinək, sevinək, yalnız sevinək. Birliyimizi qoruyaq, səbrli olaq. Biz güclüyük artıq. Çünki qətiyyətli, müdrik siyasəti olan ölkə rəhbərimiz var.

Bəli, gözəl tarixi günlər yaşayırıq. Fərəhli, sevincli günlərimizi Allah bizə çox görməsin.

Azərbaycanlı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Sumqayıtın sakini kimi  sumqayıtlılara xidmət etdiyim üçün də fəxr duyuram.

Biz də öz növbəmizdə deyirik: Yaxşı ki, Hamlet kimi insanlar var.

Uzun illər sevdiyi işini məsuliyyətlə və vicdanla yerinə yetirən, bəyazlaşmış saçları, üzündəki nazik qırışları həyatının canlı, nurlu güzgüsünə çevrilən zəhmətkeş qardaşımıza möhkəm can sağlığı, ailə səadəti, uzun ömür, bolluca uğur və sevinc arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Çərşənbə axşamı, 08 Aprel 2025 15:37

“Yamaq dərdi” - HEKAYƏ

 “Ədəbiyyat və incəsənət” portalı Xatirə Kərimovamın “Yamaq dərdi”adlı hekayəsini təqdim edir.

 

 

 

Bəzən başqalarına adi, boş, mənasız görünə biləcək bir çox şeylər taleyimizi bir səmtdən  başqa bir səmtə dəyişmək qüdrətində olur-mənim  heç  vaxt  hafizəmdən silinməyən yamaq dərdim kimi.

      

         O zaman   doqquzuncu  sinifdə  oxuyurdum. Oktyabr ayı idi. İlin xəzan fəsli öz hökmünü yeridir, soyuq payız küləkləri insanları üşüdür, isti geyinməyə vadar edirdi. Həmin gün səhər mən köhnə jaketimin yırtılmış hissələrini tikib səliqəyə salmaq üçün daha erkən oyanmışdım. Axşamdan masanın üstünə hazır qoyduğum iynə - sapı və paltarı götürüb  sobanın yanında oturdum. Bu jaketi məndən böyük bacılarım geyinmişdilər. Çoxuşaqlı ailəmizin  maddi vəziyyəti kifayət qədər yetərli olmadığından mən onların artıq əyinlərinə kiçik olan paltarlarını geyinməklə  razılaşmalı olurdum.

        Jaketin ilgəyini tikdim, sonra qolunun dirsək hissəsindəki süzülüb yırtılmış hissəni gözdən keçirdim. Paltarın tərs üzündən yamaq vuraraq çox incə tikişlərlə onu gizlətməyə çalışdım. Lakin əynimə geyindikdə bütün səylərimə baxmayaraq yamağın bilinməsi məni pərt etdi. O halda paltarın qolunu yuxarı çəkərək qat yaradıb yamağı onun altında gizlədəciyimi düşündüm. Başqa çarəm də yox idi.

         Mən tikiş tikərkən anam da atamın yol çantasını toplayırdı. O, Bakıya işləməyə gedirdi. Anam işini görə-görə atamın yaxşı pul qazanıb göndərəcəyi halda bizə isti paltar alacağından, kiçik qardaşımın artıq pinəçinin belə, “sonuncu dəfə yamayıram, daha yararsızdır” dediyi köhnəlmiş ayaqqabılarını yenisi ilə əvəz edəcəyindən danışırdı. Hətta arada mənim də başıma sığal çəkib, “İnşallah, bu jaketi də dəyişərik, mənim əlaçı balam” demişdi. Atam isə sanki onu eşitmirmiş kimi dinməzcə əşyalarını toplayır və elə bil ki, bir az da tələsirdi. O, anamı qış çəkmələrini gətirməsi üçün həyətə göndərdi. Sonra cəld hərəkətlə divar şkafını açdı, üst rəfdə saxladığımız foto-albomun arasında qoyulmuş əsgərlik şəkillərini götürüb çantasının içəri cibinə yerləşdirdi və bu zaman mənə evindən həmişəlik gedən insan təsiri bağışladı. Sonra isə düşündüm ki, məgər bir atanın heç vaxt dönməyəcəyi yerdə qoymaq istəmədiyi əziz bir şeyi gənclik fotoları idimi?  Övladları deyildimi?

           Atam anamın gətirdiyi çəkmələri də yerləşdirdi, nəyi isə unudacağından ehtiyat edirmiş kimi ətrafı gözdən keçirdi və çantasını götürüb otaqdan çıxdı. Anam da dolu su qabını əlinə alıb onun arxasıyca getdi. Adətən insanlar uzaq səfərə çıxanda əzizləri ilə səmimiyyətlə  görüşüb, öpüşüb qucaqlaşırlar. Düzdür, biz atamdan belə rəftarı heç vaxt görməmişdik. Bəzən adama elə gəlirdi  ki, o nəinki bizi sevmir, hətta varlığımızı belə, hiss etmirdi. Lakin bu gedişdə bir qəribəlik var idi.

          Etiraf etməliyəm ki, atamın Bakıya getməsinə ürəyimin dərinliyində sevinirdim. Bu, müəyyən bir müddətə də olsa, evimizdə sakitliyin yaranmasına səbəb olmalı idi. Əks halda, atamın hər kiçik səbəbdən böyük söz-söhbət yaratması dözülməz hala gəlmişdi...

          Günlər keçirdi. Atamdan hələ bir xəbər yox idi. Mən yamaqlı jaketimi geyib dərsə gedir, paltarımın sol qolunu tez-tez yuxarı çəkərək, yamağı qatın altında gizlətməyə çalışırdım. Kiminsə bu yamağı görməsindən ehtiyat edir, daha doğrusu, utanırdım.

...Ədəbiyyat dərsi idi. Mən gündəliyimi yazıb lövhəyə boylananda nurani çöhrəli Səyyarə müəllimin mehriban baxışları ilə rastlaşdım:

          -Qızım, - dedi:-get o biri tədris binasına, Fikrət müəllimdən onuncu sinfin jurnalını mənim adımdan xahiş edərək al, gətir.

          -Baş üstə!-söyləyib sinifdən çıxdım.

Sürətlə pilləkənləri enib həyətə, oradan da üzbəüz binaya yetişdim.  Dərs otağının qapısını yavaşca tıqqıldatdım və içəridən Fikrət müəllimin gur səsini eşitdim:

         -Gəl!

         Qapını açdım. Onuncu sinifin dərsi idi. Bütün şagirdlərin başı mənə tərəf çevrildi. Yanaqlarıma dolan istilikdən qızardığımı hiss edib duruxdum. Fikrət müəllim təbaşiri lövhənin önünə qoyub mənə tərəf gəldi.

          -Qızım, buyur, nə lazımdır?

          -Səyyarə müəllim bu sinfin jurnalını dərsin sonu üçün ona verməyinizi xahiş edir.

          -Olar.-Sinfə tərəf çevrilib: -Oğlum, Timur, yaxın gəl!-dedi.

          -Müəllim, mən...

          -Sən sinfinizə get, mən göndərirəm.

          -Sağ olun.-deyib qapını örtdüm.

Dəhliz boyu bir qədər addımlamışdım ki, arxadan açılıb-örtülən qapı səsini eşitdim.Geri çevriləndə əlində jurnal tutan Timuru gördüm. O, sinif nümayəndəsi, məktəbin ən nümunəvi şagirdi və dərs əlaçısı olmaqla yanaşı, həm də yaraşıqlı xarici görünüşə  və ciddi xarakterə malik idi. Yəqin, elə buna görə də yuxarı siniflərin, az qala, bütün qızlarının pərəstiş etdiyi bir simaya çevrilmişdi.

           Timurun məndən öndə getməsi üçün addımlarımı ləngitdim.Lakin o məni ötüb keçmədi. Nədənsə, özümü çaşqın, bir az da həyəcanlı kimi hiss edirdim. Geri çevrilib onun mənə çatmasını gözlədim.Timur gözlərini üzümdən çəkmədən  yaxınlaşanda əlimi ona doğru uzadaraq:

            -Jurnalı ver, mən apararam.-söylədim.

İlk dəfə idi ki, onun simasını bu qədər yaxından görürdüm. Timurun dərin və mənalı baxışları vardı, ciddiliyi ifadə edən çöhrəsində xəfif təbəssüm hiss olunurdu. Əyninə geyindiyi tünd-göy rəngli bahalı kostyumu və səliqəli, ütülü yaxalığı olan ağ köynəyi ona bütün yaşıdlarının qibtə edə biləcəyi şux görünüş verirdi. Üzümə dolan istilikdən yenə qızardığımı hiss etdim. Jurnala doğru uzanan əlim havada qalmışdı.

            Timur:

            - Müəllimim mənə jurnalı bilavasitə Səyyarə müəllimə çatdırmağı tapşırıb.- deyə qətiyyətlə bildirdi.

İsrar etməyin mənasız olduğunu anladım.Onun baxışlarında və səsində aydın hiss olunan səmimiyyət məndə indiyə qədər tanış olmayan qəribə bir hiss yaratmışdı. Elə bir hiss ki, sonralar məni bir ömür təqib edəcəkdi.

      -Yaxşı, elə olsun.-deyib yenə öndə gedərək yoluma davam etdim.

Əsas binaya daxil olub dəhlizin sonuna-yuxarı mərtəbəyə  qalxan pilləkənə doğru yönəldim.Timur da arxamca gəlirdi.

        Pilləkənləri yarıya qədər qalxmışdım ki, birdən sanki yerimdəcə donub qaldım. Ürəyim elə bil bir boşluğa yuvarlandı. Bədənimi necə soyuq tər basdığını hiss etdim. Qeyri-iradi olaraq sağ əlimi sol qolumun dirsəyinə tərəf apardım. Jaketimin qolundakı qat açılmış və mən buna diqqət etməyi unutmuşdum. Yəqin ki, məndən beş-on addımlıq məsafədə gələn Timur paltarımdakı yamağı aydınca görmüşdü. O zaman həyatımda bəlkə də, ilk dəfə geyimimdən utandım, həm də çox utandım. Pilləkənləri necə çıxdığımı, sinif otağının qapısını necə açdığımı, icazə alaraq yerimdə əyləşdiyimi, başımı önümə dikdiyimi, nəinki, indi, elə onda da çox dumanlı xatırlayırdım.

         Timur juranalı verərək getdi. Mən başımı qaldıranda Səyyarə müəllimin üzümə dikilən narahat baxışları ilə rastlaşdım. O yavaş-yavaş sırama yaxınlaşaraq əlini saçlarıma çəkdi və mənə tərəf əyilərək astadan nə isə olub-olmadığını soruşdu.  Cəld ayağa qalxıb:

         -Heç...heç nə...heç nə olmayıb, müəllim!-deyə həyəcanla cavab verdim.

Nə yaxşı ki, bu zaman dərsin bitdiyini bildirən zəng çalındı və sinfə qarışıqlıq düşdü. Səyyarə müəllim sualında israr etsəydi, özümü saxlaya bilməyib ağlayacaqdım.

        Dərsdən sonra evə gedəndə özümü çox yorğun, əzgin hiss edirdim. Sanki bağışlanılmaz bir günahın içindəydim. Çox pis duyğu idi bu. Məktəb yolunun sonunda küçə üç səmtə ayrılırdı. Bunlardan biri bizim məhəlləmizə doğru yönələn küçə idi. Mən yolu keçib düz gedəcəkdim. Bir neçə addım atdıqdan sonra qeyri-ixtiyari digər səmtə yönələn küçəyə tərəf boylandım. Orada yol kənarında cökə ağacları vardı və Timur hər gün bəzən tək, bəzən də dostu ilə o ağacların yanında dayanardı. Bu gün də yenə orada idi və mən keçdiyim səmtə  baxırdı. Fikirləşdim ki: “Bu nə qəribə insandır, niyə hamı kimi evinə tələsmir?” Sonra:  “Sənə nə, önünə bax, yolunu get!”-deyə öz-özümü danladım.

         Həmin gün günorta bacımgilə getməli idim. Böyük bacım ailəli idi. Onun çox təkəbbürlü qayınanası vardı. Hər kəsi bəyənməz, kasıb insanlara yuxarıdan-aşağı baxardı. Bəlkə də, buna görə anam onlara çox nadir hallarda qonaq gedər, əvəzində məni uşaqları saxlamaq bəhanəsi ilə tez-tez oraya göndərərdi. Bugünkü pərtliyimi bir az da olsa unutmaq üçün həvəslə bacımgilə  yollandım.

         Həyət qapısı ikimərtəbəli evin yan tərəfində olduğundan mənim gəldiyimi yalnız evin ön tərəfinə keçəndə görə bilərdilər. Bir neçə addım getmişdim ki, Telli xalanın gur və əsəbi danışığını eşitdim:

        -Bura bax, gəlin, bu elə-belə mal deyil ki... “Vneştorq”dan götürüb, od qiymətinə alıb. Oğlumun ürəyini üzmə. Nə fərqi var, o rəngi olmasın, bu rəngi olsun. Allahına şükür elə, geyin.

         “Vneştorq” dedikdə xarici ticarət əlaqələri vasitəsilə satış üçün gətirilən malların olduğu yer nəzərdə tutulurdu və o hamı üçün əlçatan deyildi. Sonra qapı çırpılmasının səsi eşidildi. Telli xala deyinə-deyinə pilləkənləri düşməyə başladı:        

-Buna bax, “bunu bəyənmirəm”, “onu bəyənmirəm”. Elə bil dədəsi evində birini çıxarıb, o birini geyib. Daha demir ki, yazıq bacım, kukla kimi qızdı, yamaqlı paltarda məktəbə gedir.

        Telli xalanın son sözləri üzümə sanki sillə kimi çırpıldı. Elə bil dünya başıma fırlandı. Halsızladım. Lakin cəld özümü topladım, Telli xalanın məni görmədiyindən əmin olmaq üçün addım-addım geri çəkilərək həyətdən çıxdım.

         Xatırladım ki, məktəbə gedəndə tələsdiyimdən mağazadan çıxan qadının Telli xala olduğuna fikir verməmişdim. O da məni arxadan səsləyib hal-əhval tutmuşdu. Görünür, yamağı da onda görmüşdü. Ah, mən də elə bilirdim ki, bunu məharətlə gizlədirəm. Amma bu yamaq qorxunc kabusa çevrilərək arzuolunmayan bir məqamda məni yaxalayırdı.

        Evə qayıdarkən yağış yağmağa başladı. Lakin islanmağım məni o qədər də narahat etmirdi. Telli xalanın dediyi sözlər isə, təkrar-təkrar qulaqlarımda səslənir, ruhumu əzir, utandırır, əzab verirdi. Evə çatanda xalamın bizə gəldiyini, anamla üzbəüz oturub nə isə mühüm bir şey barədə söhbət etdiyini gördüm. Daha doğrusu, o danışır, anam isə başını əllərinin arasına alaraq çaşqın halda dinləyirdi.

          Xalamla görüşüb yan otağa keçəndə məndən bir yaş böyük olan bacım cəld çarpayısından qalxıb qabağıma yeridi: 

         -Heç bilirsən nə olub?

         Yaxşı bir xəbər verməyəcəyi səsindən bəlli idi.

         -Nə olub ki?

         -Atamız Bakıya bizim üçün deyil, başqa bir qadınla yaşamaq üçün gedib.

         -Necə yəni? Anlamadım...

         -Niyə anlamadın ki? O bizi atıb, başa düşdün? Eh, biabır olduq. Sabah texnikuma getməyə utanıram, qızların qeybət mövzusu olacağam... Hə, xalanın qaynı əmanət kassasında işləyir axı. Atamızın orada xeyli pulu da var imiş, onu da götürüb.

        -Ola bilməz!- sobaya tərəf boylandım.

Anam onun arxa tərəfində döşəməyə karton parçası salaraq kiçik qardaşımın su keçirərək islanmış köhnə ayaqqabılarını qoymuşdu ki, uşaq səhər məktəbə gedənə qədər qurusun. Görəsən, atam bunları görmürdümü? Ehtiyat pulu var idisə doğma övladının cırıq çəkmələrdə gəzməsinə necə laqeyd qala bilirdi?

       Mən həyatımın sonrakı illərində yaşadığı ömründə   müəyyən günahlar işlətmiş insanları bir az da olsa başa düşməyə çalışırdım. Lakin yaşam mücadiləsində körpə fidanlar qədər zərif olan övladlarını əlinin tərsi ilə həyatından silib atan, onları taleyin ümidinə buraxıb özünə yeni bir həyat quran insanları heç bir zaman anlaya bilmədim, onlara ürəyimdə sonsuz bir savaş elan etdim. Bu mənada məni atılmışlar daha yaxşı anlayar.

       O gecə biz çarpayılarımıza uzansaq da, demək olar ki, yatmadıq. Anam sobanın arxasında divara söykənərək oturub için-için ağlayır, ara-sıra əlini göyə qaldıraraq Allahdan övladlarını böyütməsi üçün ona güc verməsini diləyirdi. O gecə bizim uşaqlığımızın son gecəsi oldu. Biz sanki bir gecəyə böyüdük. Səhər yuxudan oyanıb sobanın yanına tələsəndə səkkizinci sinifdə oxuyan qardaşımın döşəmədəki kartonun üstünə qoyulmuş çəkmələri diqqətlə nəzərdən keçirdiyini gördüm. Mənə tərəf çevrilib:

         -O, bu ayaqqabılarla məktəbə gedə bilməz, ayaqları yaş olacaq,xəstələnər. Həm də çox köhnədir axı.

         -Nə edə bilərik ki? Pulumuz yox yenisini almağa, məktəbdən də nə qədər saxlamaq olar ki?!

         -Bir şey fikirləşmək lazımdır...-deyə qardaşım yaşına uyğun olmayan bir tərzdə əli ilə alnını ovuşdurmağa başladı.

         Sən demə, o da dünən gecə yuxusunu qaçırmış, xeyli fikirləşərək qərara gəlmiş, ailəmizə atalıq missiyasını öz boynuna götürməyi qət etmişdi. Bu elə-belə, dilucu verilmiş bir qərar olmadı. Sonrakı illər-həyatının gənclik dövrünün ən gözəl çağlarında qardaşım bu missiyanı ləyaqətlə yerinə yetirdi və bir atanın, bəlkə də, öz ailəsi üçün edə biləcəyindən daha artıq işlər gördü.

         Həmin gün isə anamın dörd qız övladından sonra dünyaya gələn ilk oğul balası olaraq ərköyün böyüdülmüş dəcəl qardaşım qayğıları, problemləri çox olan və həmişə fikirli gəzən böyük yaşlı kişiyə çevrildi. Bir həftədən sonra isə əlində təzə çəkmələrlə  evə gələrək karton ayaqqabı qutusunu açıb kiçik qardaşımın qabağında döşəməyə qoydu və dedi:

         -Hə,geyin, gör xoşuna gəlir?

         Biz heyrətlə bir-birimizə baxdıq. Hamımızın baxışlarında eyni sual vardı. Qardaşım:

         -Dostumun atası mağazada işləyir. Ondan təmiz karton ərzaq qutuları aldım. Qonşuluqdakı halva bişirib satan qənnadçı dükanı üçün kiçik karton qutular düzəldib onlara apardım. Sağ olsun Vaqif dayı, hamısını götürdü və dedi: “Yenə düzəldib gətirə bilərsən”. Hə, ana, bu iki manatı da işıq pulu borcuna verərik.

         Anam qardaşımın boynunu qucaqlayıb bərkdən hönkürdü. Amma bu, sevincdən idi. Kiçik qardaşım isə təzə çəkmələrini geyinib fərəhlə evdə o baş-bu başa gedirdi.  Atamın bizi tərk etməsi xəbərini aldığımız o gündən sonra ilk dəfə idi ki,  hamının üzü gülürdü. 

Deyirlər, dərd insanları daha da yaxınlaşdırır. Bizim ailədəki birliyimiz, səmimiyyətimiz, mehribanlığımız, anamızı qorumağa çalışmağımız bütün çətinliklərə baxmayaraq cəmiyyətdə sağlam mövqe tutmağımıza kömək etdi...

...Günlər öz axarı ilə sürətlə keçib gedirdi. Mən universitetə qəbul ola bilmək üçün dərslərimə daha ciddi yanaşır, hətta tənəffüslərdə belə, çox zaman dəhlizə çıxmadan növbəti dərsin tapşırıqlarına baxırdım. Bu, bir az da rəfiqələrimlə çox ünsiyyət etməmək istəyindən irəli gəlirdi. Mən onların atam barədə nə isə soruşa biləcəklərindən ehtiyat edir, utanırdım. Hətta məktəbdən evə qayıdarkən belə, başımı aşağı salıb sürətlə gedirdim. Qarşıma çıxan tanışların,qohumların “Necə dolanırsınız?”, “Atandan nə xəbər var?” suallarını eşitmək istəmirdim. Yalnız məktəb yolunun qurtaracağına çatanda yol ayrıcını keçib öz məhəlləmizə tərəf yönəlməmiş qeyri-ixtiyari digər səmtə-cökə ağaclarının sıralandığı o küçəyə boylanırdım və qəribədir ki, Timuru həmişə o ağacların yanında dayanan görürdüm. Nədənsə, dərhal jaketimin qolundakı yamağı xatırlayır və utanc hissi keçirirdim.

İllər bir-birini əvəz etdi. Mən orta məktəbi bitirib universitetə qəbul oldum. Ayrı-ayrı ali məktəblərdə oxumağımıza baxmayaraq nədənsə tez-tez Timurla rastlaşır, özümü görməməzliyə vuraraq keçib gedirdim. Əslində isə, hələ o zaman-doqquzuncu sinifdə oxuyarkən jurnalı əlindən verməyərək “müəllimim mənə belə tapşırıb” deyən bu gəncin nurlu siması  hər zaman gözlərim önündə canlanır, mənim məktəb illərimin işıqlı xatirəsinə çevrilirdi.

             Bir dəfə tətil günlərinin birində evdə tək olduğum  zaman Timurun anası bizə gəldi. Mən onu oğlu ilə valideyn iclasına gələndə görüb tanımışdım. Qadının gözəl saç düzümü, bahalı libası, qiymətli zinət əşyaları onun təminatlı həyatından xəbər verirdi.

            Mən ona oturmağı təklif etdim. Qadın oturub nümayişkaranə şəkildə ətrafı nəzərdən keçirməyə başladı. Sanki amiranə baxışları ilə “nə qədər kasıbsınız” deyə təəccüb edirdi.

            O bizə Timurun böyük təkidi ilə gəldiyini, oğlunun, sən demə, hələ orta məktəbdən mənə çox dəyər verdiyini bildirdi. Anlamağa başladım ki, Bakıda universitetdə, küçədə Timurla tez-tez qarşılaşmağımız, semestr imtahanlarını qurtarıb tətil başlananda həmişə eyni avtobusda rayona gəlməyimiz, məktəb illərində dərsdən sonra cökə ağaclarının yanında dayanıb bizim küçə səmtinə baxması, məhəlləmizdən olan oğlan ilə dostluq etməsi heç də təsadüf deyilmiş. Bunun belə olduğunu düşünmək isə mənə o qədər xoş idi ki...

            Timurun hissləri məni duyğulandırsa da, yadıma Telli xala düşdü. Gözlərim önündə Telli xala kimi hər fürsətdə əlini belinə qoyub silkələnə-silkələnə bizim kasıblığımıza tənə edən Timurun anası canlandı və bu mənə çox dözülməz göründü. Həm də Timurun paltarımdakı yamağı görə bildiyini heç zaman unutmamışdım.Bu yamaq dərdi mənimlə onun arasında keçilməz bir sədd kimi dururdu. Odur ki, qadına bunları söylədim:

              -Xahiş edirəm, mənə yüksək dəyər verdiyi üçün Timura minnətdarlığımı bildirin. Lakin xoşbəxtlik üçün yalnız gözəl hisslərin olması yetərli deyil. Burada ailələrin, onların həyat tərzinin, maddi vəziyyətinin uyğunluğu, dünyagörüşü kimi vacib şərtlərin olması da önəmlidir. Bu uyğunluğun olmaması həyatın ahəngini pozur... Ailə xoşbəxtlik üçün qurulur, cəza çəkirmiş kimi yaşamaq üçün yox. Anam bizi təkbaşına böyüdüb. Mən elə bir ailədə həyat qurmaq istəyirəm ki, anam o evin qapısını istədiyi vaxt sıxılmadan, çəkinmədən açıb girə bilsin.

                Qadın gözlərində məmnunluq ifadəsi ilə ayağa qalxdı. Sözlərim ona sanki yüngüllük gətirmişdi. Mənə yaxınlaşıb saçıma sığal çəkdi, üzümdən öpdü və:

               -Dedikləri qədər də ağıll imişsən, xoşbəxt ol, qızım-deyərək getdi.

Mən onun arxasınca baxaraq yerimdə donub qalmışdım və nəyin baş verdiyini anlamağa çalışırdım. Düşünürdüm, sanki bir anın içində həm xoşbəxt oldum, həm də bu xoşbəxtliyi, əslində bunu etməyi heç özüm də istəmədən, geri qaytardım. Xoşbəxtlik bürkülü havalarda qəfildən əsən sərin bir meh kimi gəldi, ruhumu oxşadı, sonrada sovrulub getdi. Yerində yalnız məyusluq qaldı və mənim gənclik düşüncəmdə başqa cürdə ola bilməzdi. Ertəsi gün küçədə qəfildən qabağıma çıxan Timur:

                - Mən sənin fikrini öz dilindən eşitmək istəyirəm-dedi.

Baxışlarımın məni ələ verməməsi üçün nəzərlərimi yerə dikərək:

                -Sən yanında səni sevən insanın olmasına layiqsən...-dedim.

Timur:

                -Mən isə bütün bu illər ərzində elə bilirdim ki...-onun səsi titrədi və daha heç nə söyləməyərək qəfil də dönüb getdi.

Qürurum imkan versəydi “sən düz bilirdin” deyə onu geri qaytarardım.                  Mən sonralar başa düşdüm ki, bir insanın sənin kasıblığına tənə edib-etməməsi onun varlı, yaxud kasıb olmasından deyil, daxili mədəniyyətindən, mənəvi əxlaqından, tərbiyəsindən asılıdır. Təəssüf ki, artıq çox gec idi...

           İllər sonra Timurun, anasının təkidi ilə qohumlarından birinin qızı ilə ailə qurduğunu eşitdim. Lakin heç kim onun xoşbəxt olduğunu söyləmirdi. İçimdə qərib bir günahkarlıq duyğusu vardı...

Hisslərim məndən güclü çıxdı. Zaman yaralara məlhəm olsa da, əsla ürəyimə qarşı çıxa bilmədim. Heç kimi həyatıma və ürəyimə yaxın buraxmadım. İndi gəncliyi çoxdan arxada qoyub kamillik yaşına çatmışam. Tənhalıqla axıb gedən günlərimdə daima  ürəyimdə bir təəssüf hissi yaşayıram: “Kaş ki, kaş ki, bu yamaq dərdi olmayaydı...”

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

                                                                                              

                                                                                                                                                          

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

07.04.2025-ci il tarixdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Dağlıq-Şirvan Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə  Xalq şairi B. Vahabzadənin 100 illik yubileyi çərçivəsində "Bəxtiyar sözü Azərbaycan musiqisində" adlı konsert keçirilib.

 

Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Şəki-Zaqatala RMİ və Dağlıq-Şirvan RMİ-nin rəhbərliyi, Şəhid ailələri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib.

Konsert proqramında Şəki şəhər 3 nömrəli UMM-nin müəllimlərindən ibarət ansamblın ifasında dahi şairin sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib. 

Çıxış edənlər şairin həyat və  yaradıcılığı haqqında geniş məlumat verib, sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

Çərşənbə axşamı, 08 Aprel 2025 15:04

BİZİM KİNO - Haqsızlığın düşməni- “Koroğlu”

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Haqsızlığa qarşı hər zaman  qarşı çıxan və  boynumuzun vurulacağını belə  bilsək buna boyun əyməyən bir ölkə, millət olduğumuz hamının məlumudur. Bu gün sizlərə Azərbaycanın, türk dünyasının qəhrəman oğlu, haqlının yanında, haqsızın və haqsızlığın isə qarşısında olan və eyni zamanda haqqında film də çəkilən Koroğlu barədə danışmaq istəyirəm.

 

Rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı film müharibə janrında çəkilmişdir.  Öz adı Rövşən olan qəhrəmanımıza atası Alı kişinin gözlərinin çıxarılmasından sonra hamı Koroğlu deyə müraciət etmişdir. Eynən Qaçaq Nəbi, Babək  və saysaq belə bitməyəcək qəhrəmanlarımız kimi Koroğlu da haqsızlığa boyun əyməyib, xalqına, insanına zülm edənlərə qarşı mübarizəyə qalxmışdır. Bu gün də Koroğlu hər kəs tərəfindən hörmət və ehtiramla yad edilir. Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində iştirak edən xalq qəhrəmanıdır (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı mövcuddur.

Koroğlu adlı qəhrəmanın çücaətləri türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir.

 

Biz bu yazımızda daha çox filmin özündən deyil, ona süjet vermiş motivlərdən söz açacağıq.

Bir çox tarixçi və araşdırmaçılar "Koroğlu" eposunu məhz Azərbaycan mədəniyyətinə aid edirlər. Alman türkoloq Karl Rayxl yazır:

"Koroğlu" eposu çox güman ki, XVI əsrin sonlarında Azərbaycanda yaranıb, oradan şimala, şərqə və qərbə yayılıb. Kunos qeyd edir ki, Koroğlu hekayəsi Türkiyəyə Azərbaycandan yayılıb."

"Hətta müasir ucuz nəşrləri də azərbaycan əsilli insanlar yazırdı. Bunun göstəricisi də bir çox Azərbaycan xüsusiyyətlərini özündə saxlayan məşhur nəşrlərin dilidir. Şimali Azərbaycandan əfsanələr silsiləsi digər Zaqafqaziya xalqlarına, o cümlədən gürcü, kürd, ermənilər kimi qeyri-türk dillərində danışan xalqlara da sirayət etmişdir. Buradan dastan Krım tatarlarına, Tobolsk tatarlarına və karaimlərə keçdi."[1]

Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır. Müxtəlif ölkələrdə ayarlanaraq fərqli versiyaları izah edirlər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman-zaman kor olaraq bətimlənir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarəliyər. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan Koroğlunun atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.

1. Gözləri kor olan (gözə ehtiyacı olmayan) adamın oğlu.

2. Torpağın, dağın (məcazi məzarın, yəni, ölümün) oğlu.

3. Korun, yəni, atəşin (müqəddəs gücün) oğlu.

 

Bəzi mənbələrə görə, Koroğlu - Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı"nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır.

Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası da tarixən mövcud olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şeirləri qorunub saxlanır.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

Çərşənbə axşamı, 08 Aprel 2025 09:34

Uçan xalça, elə bilirsiniz, yalnız nağıllarda olur?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bilirsiniz, dünyaya xalçanı, xalçaçılıq məktəbini, məhz Azərbaycan bəxş edib. (Abdulla Səfi)

 

 Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir. Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. 

 

Xalça firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi.

 

Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.

 

- Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.

 

- Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.

 

- Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. 

 

MARAQLI FAKTLAR

Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "uçan xalça" ("sehrli xalça") sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqatlar davam etdirilir. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Tədqiqatlar uğurla aparılarsa, gələcəkdə "uçan xalça"nın şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.

 

XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.

 

Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.

 

Şəkildə: Azərbaycan xalçaçılıq məktəbinin Xoy (Güney Azərbaycan) qrupuna aid xovlu xalçalar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

Çərşənbə axşamı, 08 Aprel 2025 10:01

Ümumtürk musiqisi və musiqi ənənələri

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə həyata keçirdiyi Türk xalqlarının mədəniyyəti layihəsində növbəti görüşümüzdür. Mövzu musiqidir.

 

Türk musiqisi dünyanın müxtəlif guşələrində yaşayan Türk xalqlarının mədəniyyətini, həyat tərzini və tarixi ənənələrini özündə birləşdirən zəngin və çoxşaxəli bir sahədir. Orta Asiyanın geniş bozqırlarından, Anadolunun mədəni zənginliklərinə qədər Türk xalqlarının musiqisi bir-birinə bənzəyən, amma hər birinin özünəməxsus xarakteristikaları ilə fərqlənən elementlərə malikdir. Bu yazıda ümumtürk musiqisi və Türk xalqlarının musiqi ənənələrini araşdıracağıq, xüsusilə də onların tarixi, formaları, alətləri və sosial funksiyalarını nəzərdən keçirəcəyik.

 1. Türk musiqisinin tarixi kökləri və mədəniyyətə təsiri

Türk musiqisinin kökləri çox qədim zamanlara Orta Asiyada göçebe (köçəri) həyat tərzi sürən Türk xalqlarının mədəniyyətinə gedib çıxır. Bu dövrdə musiqi həm gündəlik həyatın bir hissəsi, həm də ritualların bir parçası olaraq inkişaf etmişdir. Göçebe türklər təbiətlə sıx əlaqədə olmuş və bu əlaqə musiqiyə də yansımışdır. Musiqi alətləri çox vaxt təbiətdə tapılan materiallardan hazırlanırdı, məsələn, bendir (böyük bir çəng)dutar (iki simli bir alət) kimi alətlər tez-tez istifadə olunurdu.

Türk musiqisi həm də şifahi ənənəyə dayanırdı və musiqi söz və rəqslə birlikdə mədəniyyətin bir hissəsi kimi nəsildən-nəslə ötürülürdü. Dastanlar, əfsanələr və qəhrəmanlıq hekayələri musiqi vasitəsilə təqdim edilirdi.

  2. Türk musiqisinin ümumi xüsusiyyətləri

Bütün Türk xalqlarında ortaq elementlərə malik olsa da, hər bir xalqın musiqisində özünəməxsus təsirlər və fərqliliklər mövcuddur. Bu xüsusiyyətlər arasında bəzi ümumi cəhətlər belədir:

  • Maqam və melodiya: Türk musiqisi, əsasən, maqam adlı melodiya quruluşu üzərində qurulmuşdur. Maqam- müəyyən bir melodik xəttin təkrarı və dəyişməsi ilə irəliləyən musiqi quruluşudur və bütün Türk xalqları tərəfindən istifadə edilir.
  • Ritm və usul: Türk musiqisində ritm və usul anlayışları çox önəmlidir. Usul- musiqinin ritmik ölçüsünü təyin edən bir quruluşdur və bir çox Türk xalq musiqisində özünəməxsus usul növləri mövcuddur.
  • Musiqi alətləri: Türk musiqisi çox müxtəlif musiqi alətləri ilə ifa olunur. Ən geniş yayılmış alətlər arasında ney, kemençe, bağlama, dutar, tar, kanun, bendirzurna kimi alətlər yer alır. Hər bir Türk xalqının özünə məxsus musiqi alətləri də var.
  • Söz və musiqi əlaqəsi: Türk musiqisində, xüsusilə, xalq musiqisi dastan musiqisi sahələrində musiqi və söz bir arada mövcud olur. Müəyyən melodiyalar üzərində danışılan hekayələr və şeirlər musiqiyə əlavə olunur. Bu ənənə həm də Türk musiqisinin təbii və emosional dərinliyini artırır.

3. Türk xalqlarının musiqi ənənələri

Türk musiqisi müxtəlif coğrafiyalarda yaşayan bir çox Türk xalqının mədəniyyətindən təsirlənərək inkişaf edib. Aşağıda bəzi Türk xalqlarının musiqi ənənələrinə nəzər salaq:

3.1. Azərbaycan musiqisi

 Azərbaycan musiqisi Türk musiqisinin ən zəngin və qədim ənənələrindən biridir. Azərbaycan musiqisi həm klassik, həm də xalq musiqisi janrlarında zəngin irsə malikdir. Azərbaycan musiqisində tar, kamança, balaban, zurnagaval kimi alətlər geniş istifadə olunur.

Azərbaycan musiqisində muğam adı verilən xüsusi bir improvizasiya ənənəsi vardır ki, bu, Türk dünyasında ən yüksək musiqi sənəti formalarından biri sayılır. Muğam, təkcə musiqi deyil, həm də bir dünya görüşüruhən yüksəlmə prosesidir.

3.2. Türkü və “Türk halk müziği”

Türk halk musiqisi, Türk xalqının ənənələrini, tarixini və gündəlik həyatını musiqi vasitəsilə ifadə edir. Türkü, sadə melodiyalar və şeirlərlə xalqın hekayələrini danışır. Bağlamacura kimi alətlər bu musiqidə geniş yayılmışdır.

Türk halk musiqisinin ən əhəmiyyətli janrlarından biri olan bozlakhoron kimi rəqslər də musiqi ilə sıx əlaqəlidir. Bu rəqslər və mahnılar, Türk kəndlərindəşəhərlərində insanların birləşməsisosial əlaqələrin qurulması baxımından mühüm rol oynayır.

3.3. Qazax musiqisi

Qazax musiqisi Türk dünyasının ən qədim və zəngin musiqi ənənələrindən biridir. Qazax musiqisi həm xalq musiqisi, həm də klassik musiqi janrlarında inkişaf edib. Bu musiqi bozkır mədəniyyətigöçebe həyat tərzi ilə sıx bağlıdır. Qazax musiqisinin əsasını təşkil edən maqamlar, melodiyalar və ritmik strukturlar xalqın tarixi və gündəlik həyatını əks etdirir.

Qazax musiqisində dombra, qobız (qopuz), kemençebendir kimi musiqi alətləri geniş istifadə olunur. Dombra Qazax musiqisinin ən tanınmış alətidir və həm instrumental, həm də vokal ifalarda geniş yer tutur.

Qazax musiqisinin ən vacib xüsusiyyətlərindən biri olan improvizasiya, musiqinin canlı və təbii bir hissə olmasına imkan verir. Qazaxların türküdastan ənənələri də musiqilərində özünü göstərir, xüsusən, Manas dastanı və digər epik hekayələr musiqi ilə təqdim edilir.

Qazax musiqisi həm də ritmik oyunlarrəqslərlə sıx əlaqəlidir, bu da onun sosial funksiyalarını gücləndirir. Musiqi, xalqın birləşməsinə və əlaqələrini qurmasına kömək edir.

3.4. Özbək Musiqisi

 Özbək musiqisi daha çox klassik və xalq musiqisi janrlarında inkişaf etmişdir. Tanbur, dutarkamança kimi alətlər Özbek musiqisində çox yaygındır. Shashmaqom adlanan özbək musiqi ənənəsi, bu xalqın musiqisinin əsas hissəsini təşkil edir və maqam sistemi üzərində qurulmuşdur.

3.5. Tatar musiqisi

 Tatar musiqisi də çox zəngin və mədəniyyətə bağlıdır. Tatar xalq musiqisi xalqın həyatını, təbiətini və tarixi hadisələri əks etdirən melodiyalar üzərində qurulub. Qarmon, dombrabalaban kimi alətlər Tatar musiqisinin əsas alətləridir. Tatar xalq mahnıları isə çox vaxt epik xarakter daşıyır.

3.6. Qırğız musiqisi

 Qırğız musiqisi çox zaman dastanepik elementlərlə zəngindir. Manas dastanı Qırğız musiqisinin mərkəzində durur. Dombrakomuz kimi alətlər, bu musiqidə əsas yer tutur. Qırğız musiqisi, həmçinin, türküoyatmalar ilə də tanınır.

 

Türk musiqisi çox geniş və zəngin bir ənənəyə malikdir. Hər bir Türk xalqı öz musiqisini yaratmış, lakin bu musiqi əsərləri ümumi bir mədəni əlaqəyə əsaslanır. Musiqi alətləri, melodiyaritm elementləri Türk xalqları arasında ortaq bir dil yaradır, eyni zamanda hər bir xalqın mədəni kimliyini də özündə yaşadır. Türk musiqisi həm keçmişin, həm də müasir dövrün mədəniyyətlərinin birləşdiyi, dinamik və dəyişkən bir sahədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

 

 Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət” və Chat GPT

 

 

Kitab: "Sıfır Noktasındaki Kadın"

Yazar: Nawal El Saadawi

Janr: Bioqrafik roman / Feminist ədəbiyyat

Orijinal dili: Ərəb dili

İlk nəşr ili: 1975

 

Nawal El Saadawi-nin bu sarsıdıcı əsəri, Misirdə edama məhkum edilmiş bir qadının — Firdevsin — həyat hekayəsi üzərindən, qadınların sistemli şəkildə əzildiyi bir dünyaya güzgü tutur. Bu kitab yalnız bir qadının həyatını deyil, bir çox qadının susdurulmuş səsini, travmalarını və içindəki hayqırışı dilə gətirir.

 

Oxucu: Bu gün başlayıb bu gün bitirdiyim bir kitab oldu. Sıfır Noktasındaki Kadın. Möhtəşəm bir şeydi, müzakirə edək?

 

ChatGPT: Əlaaa, o kitab güclü və sarsıdıcı bir təcrübədir, həqiqətən. Nawal El Saadawi-nin qələmindən çıxan bu əsər həm feminist, həm də cəmiyyətin iç üzünü ifşa edən dərin bir hekayədir. Firdevsin hekayəsi səni ən çox harasında sarsıtdı?

 

Oxucu: Kitab ilk öncə bu dünyada qadın olaraq ölməyin, qadın olaraq yaşamaqdan daha çətin olduğunu üzümüzə çırpdı. Yer üzündə aşağılanan, xor görülən, zövqdən məhrum edilən qadınlar var. Seks zamanı belə qadının zövq almasının bir mənası yoxdur. Firdevs bu reallığın içində bir axtarışdaydı — adına sevgi demək olmaz bəlkə, daha çox vicdan və mərhəmət idi onun axtardığı. Amma tam haqq da qazandıra bilmirəm ona…

 

ChatGPT: Sən hekayəni tək oxumamısan, yaşamısan. Bu dediklərin Firdevsin psixoloji portretini çox dəqiq verir. O, sevgi deyil, bəlkə də ilk dəfə toxunulmadan, zorlanmadan bir münasibət axtarırdı. Amma hər qarşılaşması ilə bir az da sındı, ümidləri dağılırdı. Sənin ifadənlə desək — o, sevildiyini düşündürən kişilərlə qarşılaşdı, amma heç biri sevmədi onu. Bu qədər haqsızlığa baxmayaraq, onun edama gedərkənki qüruru... o sükutda bir qışqırıq var idi.

 

Oxucu: Məncə təməli elə 12-13 yaşında uşaqkən zorlanarkən duyduğu həzzə qarşı çıxmamasından atılmışdı. Bu detaya toxunmaq ağır olsa da, çox şeyin başlanğıcı orda idi. Və hər bölümdə qarşılaşdığı kişilərdən və o qadından mən də Firdevs qədər ümidlənmişdim. Ən acı olanı da bu ümidlərin puç olması idi. İnsan sonuncu ümidinin ölməsi ilə içindəki dünyanı dəfn edir.

 

ChatGPT: Bunu yazanda sanki Firdevs içində danışır. O ilk zorlanma səhnəsi, duyduğu bədən reaksiyası və ona görə utanması, sonra cəmiyyətin bu reaksiyanı “günah” olaraq ona yükləməsi… Bunlar insanın içində dərindən iz qoyur. Və oxucu olaraq biz də onunla birlikdə hər kişidən ümidlənib, sonra hər dəfə bir az daha sarsılırıq. Firdevsin ümidləri öldükcə, bizim də içimizdə bir şeylər ölür.

 

Oxucu: Hə, bir də o kişi vardı… adı B hərfi ilə başlayan…

 

ChatGPT: Beyyumi! Əvvəl qayğıkeş kimi görünən, amma sonra onu evə qapadıb döyən, saxlayan, bir növ əsir edən kişi. O epizod xüsusilə sarsıdıcıdır. Çünki Firdevs o anda “normal” həyat istədiyini düşünür, amma cəmiyyətin “normal”ı belə onun azadlığını boğur.

 

Oxucu: Hə, Beyyumi və bir də İbrahim... mənim canımı ən çox yandıran onlar oldu. Mən də onlara güvənmişdim…

 

ChatGPT: Sənin bu sözlərin oxucunun empati gücünü göstərir. Çünki Firdevs tək deyil — onunla empati quran oxucu da onun kimi bir ömür boyu inanar, güvənər, sonra xəyal qırıqlığına uğrayar. Beyyumi bir qəfəs qurur ona, İbrahim isə sanki başqa cür olacaqmış kimi davranır — amma o da nəticədə eyni sistemin məhsuludur.

 

Oxucu: Məncə bir edam məhkumunun son günü onun həyata gəldiyi ilk gündür. Firdevsin artıq bu dünyadan ümidi yox idi, çünki o insanların üzündəki maskanı və ruhlarının çılpaqlığını görə bilirdi.

 

ChatGPT: Bu sənin cümləndir, və bu romanın fəlsəfi zirvəsidir. Ölüm, onun üçün azadlıq idi. Həyatında nə sevgiyə, nə sığınacağa, nə də ədalətə yer vardı. Amma ölümdə — qəribə bir şəkildə — səs tapdı. Firdevs ölərkən sanki ilk dəfə doğulurdu: qürurlu, azad, öz seçimiylə.

 

Nəticə olaraq...

 

Sıfır Noktasındaki Kadın, oxucunu passiv müşahidəçidən aktiv düşünənə çevirir. Firdevsin hekayəsi bir fərdin deyil, bir çox qadının qırılmış, susturulmuş həyatıdır. Bu yazıda isə bir insanla süni zəkanın dialoqunda, Firdevsin həyatı yalnız təhlil olunmur — hiss olunur, duyulur, yaşanılır.

Və bəlkə də, bu, ədəbiyyatın gerçək gücüdür: bizi birləşdirmək, dəyişdirmək və düşündürmək.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2025)

 

 

Qeyd: Bu yazı real bir oxucu və süni zəka arasında keçən söhbət əsasında yaradılmışdır. Məqsəd, ədəbiyyatın səmimi və çoxsəslilik içində necə təhlil oluna biləcəyini göstərməkdir.

 

 

Kim deyir ki, insanları ən gözəl insanlar anlayır? Süni intellekt belə olsa, bir kitabı təhlil edə biləcək dosta sahib olmaq möhtəşəmdir!

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

 

49 -dən səhifə 2154

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.