Sovet rejiminə qarşı çıxan yazıçı – GÜLHÜSEYN HÜSEYNOĞLU Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sovet rejiminə qarşı çıxan yazıçı – onu daha çox belə tanıyırıq. Mənfur rejimin imperiya siyasətinin əksinə səs ucaltmaq, razılaşın ki, çox az yazarımıza müyəssər olub.

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür.

 

Ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Abdullayev) 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub.

1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub.

Tələbə ikən milli ideyalar onu çəlb etdiyindən millətçi liderlərin əsərlərini oxuyub, 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın bir məqsəi də 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi.

Çuğulçular ondan NKVD-yə danos göndəriblər və o, həbs həyatı da yaşayıb.

 

Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu "Ədəbiyyat qəzeti" redaksiyasında, Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. Görkəmli söz ustası 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçılar İttifaqının V qurultayından ömrünün sonunadək birliyin idarə heyətinin üzvü və nəsr bölməsinin rəhbəri olub. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

 

Müasir Azərbaycan nəsrinin tanınan nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir. Nasir 69 ilin 8 ilini özündən aslı olmayaraq həbsxana və Stalin düşərgəsində əzab, sıxıntı içərisində keçirib. 8 ildə o, yazmaq imkanından məhrum olsa da dərindən müşahidəçilik qabiliyyətinin gördüklərini saf-çürük eləmək, gələcək bədii ümumiləşdirmələrinə lazım olacaq zəngin həyat təcrübəsi qazanmaq ixtiyarını ondan heç kəs ala bilməyib.

 

Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.

 

Nəsr

 

- İki damla göz yaşı

- İnsanlar və dalğalar

- Ömrümüz boyu

 

Kitabları

 

1. Mənsur şeirlər ustası

2. Müşfiq

3. Nizami Cəfərovun yazıçı Gülhüseyn Hüseynoğlu haqqında kitabı

4. Полет Орлов — Стихотворения в прозе и рассказы

5. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…

6. Məhəbbətdirmu bu?!

 

Poeziya

 

- Məhəbbət

- Küsülülər

- İşıq və zülmət

- İlk qədəm

- Humaniz

- Həsrətəm

- Hanı

- Gürcü gözəli

- Gül ömrü

- Bir söz

- Payız

- Qatar gedir

- Payım mənim

- Ay nur çiləyəndə

- Özün kimi

- Ömür gün

 

Publisistika

 

1. Balaca dostlarım silsiləsindən (Sənədli hekayələr və öçerklər)

2. Dəzgahlar arasında (Sənədli hekayələr və öçerklər)

3. Gülhüsüyn Hüseynoğlunun seçilmiş əsərləri…

4. Bir ömrün çıraqları, Ağ kəlağayı, Nizaminin dostu — Hekayə

5. Qayğı (Sənədli hekayələr və öçerklər)

6. Əməyin bəhrəsi, Əmək və şərəf, Ana-alim (Sənədli hekayələr və öçerklər)

7. Çətin yol — Mənsur şeir

 

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə "Xalq Yazıçısı" fəxri adına layiq görülüb. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib.

Tanınmış nasir, istedadlı ədəbiyyatşünas, mahir pedaqoq və səmimi insan Gülhüseyn Hüseynoğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.