Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bu dəfə oxucularıma 4 lövhə təqdim edəcəyəm. Lövhələrin hər birindən bir çağdaş insan görünür. Öz qayğıları ilə, ağrı və əzabları ilə.
Dünyanı anlamaq, insani münasibətləri, həyatın rəzil qayda-qanunlarını dərk etmək baxımından o digərlərindən seçilir. Son nəticəni də o öz qayğılarına, ağrı və əzablarına rəğmən çıxarır.
Bəsit bir taftalogiya.
Amma öldürücü reallıq.
BİRİNCİ LÖVHƏ
Dərdim elə böyüdü
Mən özümü itirdim.
Cilovlaya bilmədim,
Bütün duyğularımı
Bir həyat nağılını
Yaşamamış, bitirdim.
İKİNCİ LÖVHƏ
Ovucumda saxladım,
Sıxdım ümidlərimi.
Xısın-xısın ağladım,
Yıxdım ümidlərimi.
ÜÇÜNCÜ LÖVHƏ
Anlamaq, ah, onu duymaq,
Yaşamaq, ah, ona uymaq…
Diri-diri özünü,
Qəbirstanlığa qoymaq.
DÖRDÜNCÜ LÖVHƏ
Dünya insanla dolu,
İnsanlıq olmayan yer.
İlahi, mənə güc ver.
Çətindir çox çətindir,
Bu nahamar kürənin,
İçində durub qalmaq…
İçində insan olmaq...
“Ədəbiyyat və incəsənət”
(08.07.2025)