İrəvanda doğulub jurmalistika və ədəbiyyata pərvazlanana SVETLANA NƏCƏFOVA Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Nəcəfovanın da doğum günüdür. Portalımız Qərbi Azərbaycan doğumlu tanınmış mədəniyyət xadimləri barədə müntəzəm məlumatlar verməkdədir. Svetlana Nəcəfova da bu qəbildən olan insanlardandır.

 

O, 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlayan Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində, "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru,  daha sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb.

 

 "Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Sonradan təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak edib. Ramiz Əliyarov ilə ailə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.  Svetlana xanım Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı, həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilib. 

 

İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olub. 

Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerk və hekayələri dövri mətbuatda dərc olunub.

 

Kitabları  

 

- Qırmızı qalstuklar klubu

- Ömrə sevinc gətirənlər

- Hər ömür nəğmədir

- Biz beynəlmiləlçilərik

- Onun taleyi

- Azərbaycanın qeyri-hökumət qadın təşkilatları

 

Mükafatları 

 

Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilən  Svetlana xanım 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali media və s. mükafatlarına layiq görülüb.

 O, 16.05.2021-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.