
Super User
Rəssam Soltan Soltanlının əsəri Belçikada finalçılar sırasında
Belçikada 64-cü dəfə keçirilən, tanınmış Azərbaycanrəssamı SoltanSoltanlınında qatıldığı dünyanınməşhurkarikaturafestivalı olan “GrandPrizeGoldenHatKnokke-Heist 2025” başa çatıb.
Builfestivala 65 ölkədən 601 iştirakçı 2535 əsərlə qatılıb. Beynəlxalq jüri finala qalan 100 ən yaxşı əsəri müəyyənləşdirib.
“Ədəbiyyat və incəsənət” portal Soltan Soltanlıya istinadən xəbər verir ki, rəssamın “Adəm və Həvva” əsəri də finala çıxanlar arasındadır.
Qeyd olunan 100 əsərdən ibarət sərgi iyulun 28-də Knokke-Heist şəhərində açılacaq və avqustun 24-dək davam edəcək.
Festivalın təşkilat komitəsi həmyerlimizi sərginin açılışına dəvət edəcəyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Səssiz haray – AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
İnsan necə ölür?
Bədən torpağa qarışanda, yoxsa adı unutlanda?
Yoxsa bir də... susqunluqda?
Səsin çatmadığı, harayın eşidilmədiyi yerdə insanlar təkcə ölmür, itib gedirlər. Sanki heç yaşamamış kimi.
Cəmi iki gün öncə – 17 yaşlı bir uşaq itkin düşdü. Dünən isə oxuduğu məktəbin həyətində – döyülmüş, işgəncələrə məruz qalmış, gözü çıxarılmış şəkildə ölü tapıldı.
Bəzən bir uşağın səssizliyi hər şeyi deyir.
O baxışlar qorxunun, qırılmış inamın, iztirabın aynasıdır.
Uşaqlar ölür bu şəhərdə, ana qucağından əvvəl qəbrə sarılır.
Biriləri gülür, biriləri susur. Amma hamı davam edir.
Bəs bir gün bu susqunluq sənin evinə çökəndə nə edəcəksən?
Gözünün işığında gizlənən kədəri görə bilmədiklərindəmi peşman olacaqsan?
Elgünlərin, Zəhraların, adını bilmədiyimiz neçə-neçə qurbanın adını yalnız xəbərlərdə oxuyub "ah" çəkməklə kifayətlənən səsinləmi haqqı dirildəcəyik?
Bu cəmiyyət göz görə-görə çürüyür.
Yalanlar, susqunluq, qorxaqlıq... və bir az da "məni maraqlandırmaz" deyə-deyə...
Qətllər yalnız bıçaqla törədilmir, burada susqunluqla, laqeydliklə, biganəliklə də öldürürük.
Gecələr rahat yatırıq, halbuki kiminsə qəbri soyuyur, kiminsə içində haraylar yatır.
Hər şey bir nəfərin susmaması ilə dəyişə bilərdi.
Bir müəllimin, bir qonşunun, bir dostun...
Amma biz nə etdik?
Qorxduq.
Danışmadıq.
Unutduq.
Bir uşaq ağlayanda dünya susmamalıdır.
Bir ana öləndə, bir bacı qışqıranda, bir oğlanın gözü çıxarılanda...
Bu qədər sükut, bu qədər rahatlıq haradandır?
Görmədiklərimizi görməyə, eşitmədiklərimizi dinləməyə nə zaman başlayacağıq?
Ədalət hekayəsi nə məhkəmədən, nə də sosial şəbəkədən başlayır.
Ədalət insanın içində doğulmalıdır – ürəyində, vicdanında.
Və hər boğaz düyünlənməsi – səsini çıxarmağa bir səbəb olmalıdır.
Susma.
Çünki bu yazını oxuyursansa, demək ki, hələ gec deyil.
Çünki hələ də bir uşaq gülsə, bir insan dirilsə, bir ana övladını qorusa, dünya bir az gözəl ola bilər.
Elgünlər üçün, səssizlərin səsləri üçün...
Susma.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Görkəmli ədiblərlə bağlı metodik vəsaitlər hazırlanıb
Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli simaları – maarifçi, pedaqoq Firidun bəy Köçərli, Azərbaycan əsilli Fransa yazıçısı Ümm-əl-Baninin 120 illik və elmi-fantastik ədəbiyyatın görkəmli nümayəndəsi Emin Mahmudovun 100 illik yubileyləri münasibətilə virtual oxucular üçün metodik vəsaitlər hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, “Azərbaycan xalqının maarifpərvər oğlu Firidun bəy Köçərli” adlı metodik vəsait, Azərbaycanın tanınmış maarifçisi və ədəbiyyatşünası Firidun bəy Köçərlinin həyat və fəaliyyətini dərindən öyrənmək istəyənlər üçün əvəzsiz bir qaynaqdır. Bu vəsait, F.Köçərlinin zəngin irsini, xüsusən də onun pedaqoji və ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərini sistemli şəkildə təqdim edir. O, Azərbaycan ədəbiyyatının ilk elmi tarixini yazmış, ədəbiyyatşünaslıq elminin banisi sayılır. Onun hazırladığı dərsliklər, xüsusən də “Vətən dili”nin təkmilləşdirilməsi sahəsindəki töhfələri, təhsil sisteminin inkişafında mühüm rol oynamışdır. Eyni zamanda, F.Köçərli Azərbaycan folklorunun toplanması və nəşrində də böyük xidmətlər göstərmişdir.
“İnsan ağlının və fantaziyasının hüdudsuzluğuna inanan yazıçı” adlı metodik vəsait, Azərbaycan elmi fantastikasının banilərindən biri sayılan yazıçı Emin Mahmudovun 100 illik yubileyi münasibətilə hazırlanmışdır. Bu vəsait, onun bədii irsini dərindən öyrənmək, təhlil etmək və tədris prosesində istifadə etmək məqsədini güdür.
“İki məşhur nəslin Avropada şöhrət qazanan xanım nümayəndəsi – Ümm-əl-Bani” adlı metodik vəsait, Azərbaycan əsilli fransız yazıçısı Ümm-əl-Baninin 120 illik yubileyi münasibətilə hazırlanmışdır. Bu vəsait, onun həyat və yaradıcılığını dərindən öyrənmək, təhlil etmək və tədris prosesində istifadə etmək məqsədini güdür.
Metodik vəsaitlər təhsil sahəsində çalışan mütəxəssislər, tələbələr ümumilikdə bütün oxucular üçün dəyərli bir resursdur.
Linklər vasitəsilə tanış ola bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Sabir Rüstəmxanlının Vətən haqqında məhəbbət məktubları
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisit Ramiz Göyüşün Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığı barədə məqaləsini sizlərə təqdim edir.
Bu yazını 39 il bundan öncə yazmaq istəmişdim. 1986-cı ildə -“Qan Yaddaşı” şeirlər kitabı nəşr ediləndə. Ancaq görünür qismət indi imiş. Niyə bu kitab məni özünə cəlb etmişdi?
Qazax rayonunda, mənim dünyaya göz açdığım Abbasbəyli kəndində dünyaca məşhur olan bir dağ var. Göyəzən dağı. Şəninə dastanlar nağıllar, əfsanələr, şeirlər, musiqilər yazılan bu dağ qeyri- adi gözəlliyi ilə yanaşı, həm də qədim yaşayış məskənıdir. Dağın şimal yamacı ilə sıldırım qaya başlayan hissəsində 7 bürclü qala var və yaşı təxminən min ilə yaxın olan bu qala-bürc təbii və antropoloji təsirlərdən xeyli dağılsa da öz quruluşunu və görkəmini bu günə qədər saxlamışdır. 1965-66-cı illərdə o vaxtlar kəndin bəzi “başbilənər”inin qərarı ilə qalanın daşlarını sökərək gətirib tütün qurudulan talvarın divarlarını tikməyə başlamışdılar. Lakin kənd əhalisinin narazılığından sonra bu söküntü dayandırılmışdı. Şair Sabir Rüstəmxanlı həmin kitaba daxil etdiyi “Niyə gərək belə qardaş“ şeirini sanki həmin hadisyə həsr etmişdi. Şeirə belə bir epiqraf da vermişdi:” Bəzi rayonlarda qədim abidələri uçurub daşını, kərpicini daşıyırlar”:
Külüngünü sən vuranda o divara,
Öz əlinlə öz sinəndə açdın yara!
Tarixin bir vərəqitək ovulanda əlindı daş,
Özünü kor qoyduğunu düşünmədin niyə, qardaş?
... Uluların bu qalanı ucaltmışdı elin üçün,
yurdun üçün, sənin üçün
Sənsə yıxıb daşıyırsan toyuğunun hini üçün.
Səmimi desəm bu şeir mənə o qədər güclü təsir etmişdi ki, bütünlüklə əzbərləmışdim və məqam düşən kimi onu əzbərdən söyləyirdim. İstəyirdim ki, hamı bilsin bu şeiri. Bəlkə qalalarımızı uçuran, tariximizin izlərini öz xəbis və kiçik niyyətləri üçün itirən və bu barədə heç düşünməyən, “bu yad ananaın, yad bətnində doğulanlar” dayandıra öz çirkin və bəd əməllərini. Və belələrini Sabir Rüstəmxanlı təkcə tənqid etmirdi, həm də ifşa edirdi. Qorxmadan, çəkinmədən:
Sən tək olsan- qəzəbimə yer olmazdı
Kişilərin ucaltdığı nakişilər əllərində uçulmazdı.
Bu şeir gənc bir şairin bütün Azərbaycan xalqına həyacan təbili, çağırışı idi və mən əminəm ki, Sabir müəllimin bu şeirindən sonra neçə- neçə qalalarımız salamat qala bildi.
Keçən əsrin 80-ci illərin ikinci yarısında SSRİ deyilən bir imperiyanın tərkibində yeni bir dövr başlayırdı. İmperiyanın sonu yaxınlaşır, cəmiyyət çalxalanırdı. Təbii ki, bu proseslər ədəbiyyata da öz təsirini göstərmiyə bilməzdi. Belə bir ərəfədə gənc şair Sabir Rüstəmxanlının “Qan yaddaşı” kitabının nəşri də siradan bir hadisə deyildi. Kitab haqında qısa məlumatda deyilirdi:
Sabir Rüstəmxanlının ”Qan Yaddaşı”ndan yeni poetik düşüncələr göyərib qalxıb, yurdun ulu daşları dil açıb, aqil babaların, dilidualı ağbircək nənələrin ruhundan nəğmələrinə ilkinlik təmizliyi hopub”.
Kitab ön söz yerinə yazılmış “Ruhumuz sərhədsiz olduğu üçün” şeiri ilə başlayır və elə bu şeir də əslində kitaba toplanmış şeirlərin “sərhədsiz ruhunu” müəyyənləşdirir:
Bu Vətən deyilən dünyam sirlidir,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədir,
Hələ sərhəddini tapammıram mən.
... Arzu da beləcə sərhədsiz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdi göydən beləcə!..
Yeri gəlmişkən, kitaba “Qan yaddaşı” adının verilməsi müəllifin çox uğurlu tapıntısıdır, bu ad həm də oxuculara bir çağırışdır, “al məni oxu”-deyir və burada toplanmış şeirləri oxuduqca təkrar-təkrar qan yaddaşından doğan hikmətlər, poeitik ifadələr səni ovsunlayır. “Qan yaddaşı” şeiri ilə də başlayan şeirlər toplusu elə başlanğıcdan oxucunu düşünməyə vadar edir.
Nüşabə qalasının yarıuçuq bürcündə,
Boy atıb qalınlaşan zoğallığın içində
Bir uşaq oxuyurdu bu dünyadan ayrılıb...
...Soruşdum:”Oxuduğun mahnının adı nədir?”
Güldü, gözü qıyıldı, gülüşü də nəğməydi
- Yayıldıqca yayıldı...
Şeir sənə tarix danışır, əfsanə, əsatir danışır. Bu tarixi sənə danışan körpə uşaqdır. Hələ tarix dərsi keçməyən, heç tarixi də bilməyən, yazı-pozudan xəbərsiz bir körpə danışır bu tarixi sənə. Həm də oxuduğu mahnı ilə, əlində düzəltdiyi oxla, yay ilə danışır və danışdıqları da o qədər gerçəkdir ki, sanki tarixi kemişin haqda sənə kerçək dastan danışır. Bu uşaq qəlbinin səsi, üzünün ifadəsi, mimikası ilə inandıra bilir oxuduğ bu dastana səni:
Dedi bilmirəm, əmi təkəm də oxuyuram,
Heç sözünü bilmirəm, özümdən toxuyuram.
Özündən “toxuyurdu”, mahnısını o uşaq.
İçəridən gələn səs ona “oxu” deyirdi.
Qəhrəman bir torpaqdan gələn qəhrəman həvəs
Al əlinə bu yayı, at bu oxu deyirdi.
Şeir çox səmimidir. Dili sadədir. Şair bir körpə uşaqla kiçik bir dialoq qurmaqla əslində çox mühüm bir məsələ qaldırır. Düşünürəm, şeirin qəhrəmanı müəllifin özüdür, elə ona bu şeir yazdıran da onun qan yaddaşıdır.
Kitab başdan-başa vətənə, qəhrəmanlıq tariximizə, milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dilimizə, dinimizə, yurd yerlərimizə, əcdadlarımıza, məişətimizə həsr olunmuş poetik nümunələrlə zəngin bir topludur və oxumaqdan doymursan, şeirlər səndə sanki yaşı 70-i haqlamış müdrik bir kişinin nəsihətləri , öyüdləri, nağıl və dastanlarıdır bu şeirlər. Həm də çağırışdır, müraciətdir indiki və gələcək nəsillərə. Kitabda müəllifin yurd, el, oba, ocaq yeri adlı və ünvanlı çoxsaylı şeirlər yer alıb. Onların hər biri həm məna yükünə, həm də poetik ifadəsinə görə gözəl şeirlərdir.
İfadələrdəki tapıntılar, müəllifin poetik ustalığı oxucunu qəhər qarışıq təəcübləndirir, qürurlandırır. Sadaladığm mövzuların hərəsinə bir misal çəksəm bir kitab yaranar. Ancaq şairin “Vətən” şeirindən misal çəkməmək güçündə deyiləm;
Bir əlçim buluddu,
Bir ömür umuddu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “fəxriyyə” şeiridi,
Dağları dumanda itən-
Vətən... Vətən...
Vətən haqqında müxtəlif müəlliflər tərəfindən müxtəlif xalqların dilində, minlərələm şeir yazılıb. Hər biri də çox gözəl, lətif, zərif. Niyəsə mənim də gəncliyimin filmi olan “Baharın 17 anı” filmində “Hardan başlayır Vətən” mahnısı və mahnının sözləri bəlkə də indiyədək Vətən haqqında eşitdiklərim şeirlərin ən yaxşılarından biridir. Ancaq Sabir Rüstəmxanlının “Vətən...” şeiri bu mövzuda indiyədək eşitdiklərim və ya oxuduqlarım şeirlər içində mənə ən doğma və ən şirin gəldi:
Babalar atını sürüb gedibdi,
Qalalar boylnıb qalıbdır ancaq.
Oğlu –Şah İsmayıl Xətayi adlı
Ağatlı oğlan var, atı qanadlı,
Bir də Suraxanı atəşgahı var,
Bir də Misri qılınc.
Bir də Çənlibel:
Bir də “Heydərbaba “ yazılmış bir dil...
Torpağı ot deyil, kişi göyərdən-
Vətən... Vətən!...
1993-2002-ci illərdə tez-tez Mingəçevrə gəlirdi Sabir müəllim. Mingəçevirə bağlılığı öncə Vətən toprpağına məhəbbətdən irəli gəlirdisə, digər bağlılığı ümimi dostlarımız- Məhəbbət Qrabağlı, Tofiq Qulyev və digər dostlar yaradırdı. Sonradan elə Tofiq müəllimin və Sabir Rüstəmxanlının vasitəsilə Əli Quliyevlə, Yaşar Abdulovla, Rüstəmxanlı ocağının nümayəndəlri ilə, qədim türk yurdu Yardımlının sözübütöv, mərd, dostluğa möhkəm kişiləri ilə tanış olmaq, ünsiyyət qurmaq mənə də nəsib oldu. Mingəşevir dənizinə maraqlı, düşündürücü bir şeir də həsr etmişdi. “ Mİngəçevir dənizi ilə söhbət”. Bu şeirlə samuxluların və mingəçevirlilərin xatirəsində özünə həmişəlik bir taxt qurub, Sabir müəllim. Vətəni Samux rayonu “Mingəçevir dənizi”nin altında qalmış, Samuxun və Mingəçevirin dəyərli ziyalılarından biri olan Bayram Ağamirzə oğlunun lap ürəyindən olmuşdu bu şeir:
Bağışla, bizi, bağışla Dəniz altında qalan dünya!
Qayığı belə arxayın sürürük üstündən,
Belə arxayın üzürük gözünə ağ pərdə çəkən sularda....
...Neçə sahil qumuna yazmışam öz adımı,
Neçə dəniz qoynunda yazmışam inadımı!
Bəs bu necə dənizdir? ...
Bir ac balina olub Samuxu udan dəniz
Onun nəğmələrini başından ata bilmir,
Atıb unuda bilmir...
Ömür yolunu uzaq bir kənd cığırından başlayıb Vətənin hər güşəsinə qədər gəlib çıxan, hər kərpicini, hər saxsı parçasını öyrənərək onu nəzmə çəkən, hər daşına, hər torpağına hər qalasına, hər mənzərəsinə şeir yazıb Sabir Rüstəmxanlı, bu kitabda, yana-yana, sevə-sevə tərənnüm edib Vətən torpağını. Və bununla qürur duyur. Nə yaxşı ki, ömür yolum qayğıların ağırından başlanıbdı. Nə yaxşı ki, ömür yolum uzaq bir kənd cığırından başlanıbdı! Bu şeirlərin hər birini bu kiçik yazıda təhlil etmək, onlardan sitat gətirmək mümkün olmazdı. Sadəcə oxumaq lazımdır şair Sabir Rüstəmxanlını. Onda biləcəksiniz bu şeirləri ilə nəyi demək istəyir müəllif. Lakin “Qan yaddaşı” ilə kifayətlənmədi, şeirlərində olduğu kimi dövrü mətbuatda ciddi tənqidi məqalələri, publisistik yazıları maraqlı təklifləri ilə çıxış edirdi. Və budur 32 yaşlı gənc şair-publisist Sabir Rüstəmxanlının yeni bir kitabı- “Ömür kitabı” işıq üzü gördü. Bu kitab əslinəd şairin çox böyük yaradıcılıq uğuru idi. “Ömür kitabı” nəsrimizdə və publisistikamızda hadisə idi və hadisə kimi də ədəbiyyat tariximizə daxil oldu. Ancaq “kitab maraqlı, publisistik bədii” kitab deyildi. Başdan ayağa tariximizlə doludur. Nə qədər acı faktlar da olsa gerçək hadisələrlə zəngin, xalqımızın milli kimliyini faktlarla sübut edən, haqqımızda yazılan təhrifləri, tarixi yalanları birbaşa müəlliflərini göstərməklə, həqiqəti həmin müəlliflərin sifətinə çırpan, bir tarixi-bədii-publisistik toplu olmaqla həm də gənclərə ünnvanlannmış çağırış idi.
Eyni zamanda müəllif bu çağırışı, bu tapşırmanı, bu kitabı ilk növbədə doğmaları “Nərgizə, Gündüzə, Səadətə, Tahirə, Ormana, Rəşada, Araza, Namiqə, Anara, Eminə, Raminə, Təbrizə, İftixara, Orxana sonra isə...sabah bu torpağın üstündə yaşayacaq və arzularımızı yaşadacaq bütün balalarımıza bağışlayıram” -deməklə çox gənc yaşında müdrik bir missiya yerinə yetirmişdi. Əslində bu tapşırma nurani bir qocanın, ömrü keşməkeşlər görmüş müdrik bir insanın gənclərə vəsiyyəti idi... Yadımdadı! Kitab nəşr olunduqdan sonra tezliklə bütün şəhərlərə və kəndlərə (Nə yaxşı ki, o vaxtlar hələ şəhər, rayon və kəndlərimizdə kitab mağazaları dururdu) yayıldı. Kitabın nəşrindən keçən çox qısa müddət ərzində artıq “Ömür kitabı” əksəriyyətin stolüstü kitabına çevrilmişdi və hamı bu kitabdan danışırdı. “Ömür kitabı”nı bütün yaşıdlarım kimi mən də elə kitab nəşr olunduğu dövrdə -keçən əsrin 80-ci illərində oxumuşdum. Səmimi desəm Sabir müəllimə simpatiyamda elə o illərdən yaranmışdı. Lakin indi bu yazın hazırlayarkən kitabı bir daha yenidən oxudum. O zamankı yaş və dövr də kitabda yazılanlara yeni yanaşma tələb edirdi. Və mən kitabı oxuduqcaq müəllifə bir daha öz aləmimdə dönə-dönə minnətdarlığımı bildirdim. Düşündüm ki, nə yaxşı ki, ədbiyyat və ictimai fikir tariximizdə Sabir Rüstəmxanlı kimi yazıçılarımız, ziyalılarımız var. Onun bu kitabda səpdiyi toxumlar əminəm ki, hələ innən belə yeni-yeni pöhrələr verəcək, böyüyəcək, Yardımlı meşələri kimi Vətənimizin hər yerini bürüyəcəkdir.
Hesab edirəm ki, “Ömür kitabı” şairin “Qan yaddaşı” şeirlər kitabının nəsrdə və publisistikada bir növ davamı idi. Şair Şabir Rüstəmxanlıya “Qan yaddaşı” kitabında demədiklərinin bir hissəsini nəsrdə, publisistikada demək zərurəti yaranmışdı və çox cəsarətlə deyə bilmişdi. Onun nətəcəsi idi ki, “Ömür kitabı” mübaliğəsiz desək müəllifinə böyük şöhrət gətirdi.
Doğrusu, mən Sabir Rüstəmxanlının “Ömür kitabı”nı “Vətən haqqında” simfoniya adlandırıardım. Diqqət yetirsək görərik ki, kitabda bölünmüş başlıqların hər biri bir nəğmədi, mahnıdı, əslində müəllif də həmin başlıqlarda verdiyi yazıları yekunda məhəbbət məktubları, nəğmə və ya mahnı adlandırır. Diqqət yetirək müəllifin kitabdakı “Vətən haqqında nəğmə” yazısına:
“Hər kəsin ürəyində Vətən haqqında bir nəğmə var. Geç tez oxumalıdır. Bu nəğmə böyük konsert salonlarında da oxuna bilər, bir bulaq başında da. Vulkan nə vaxt püskürəcəyini kimə deyir? Sübhün ala-toranında səsindən asılmış torağayların yanğısını dinləyə-dinləyə, zəmi yerinə səpələnmiş quzuların dalınca qaçan, dizə kimi şehdə islanmış qardaşlarımı düşünürəm.... Kim bilir, bəlkə onlar Vətən haqqında nəğmələrini elə həmin anlarda oxuyurlar”.
Nə qədər səmimi, kövrək və dəqiq ifadə. Həm də bu ifadələrlə sanki bir poetik mənzərə yardıb, müəllif. Bu mənzərəyə tamşa edən kim olsa belə, onu dindirsən kövrələcək, əminəm. Təkcə bu ifadələr yox, ümumiyyətlə “Ömür kitabı” başdan başa Vətən haqqında nəğmələr toplusudur. Qəhrəman Babəkin nəğməsi səslənir bu kitabda. Bu nəğmə “Dağlarımızın üstündə 22 il dalğalanan al bayraq, Babəkin azadlıq, qələbə, qəhrəmanlıq mahısı idi... Babək öz nəğməsini Azərbaycan dilində oxumuşdu! Biz də nəğməmizi bu dildə oxuyuruq, uşaqlarımız, nəvə-nəticələrimiz də bu dildə oxuyacaq. Hər kəsin ürəyində Vətən haqqında nəğmə var... Kimi ürəyə yazır bu nəğməni, kimi daşa, torpağa”.
Bu kitabda əməyin, zəhmətin tərənnüm nəğməsi var. Hər gün çörəyini min zəhmət, əziyyət hesabına daşdan-torpaqdan çıxardan, o daşdan-torpaqdan çıxartdığı çörəyə min dəfə şükür edib onu bal kimi dadan, həmin zəhmət hesabına övladlarını böyüdüb, onlara öyüd-nəsihət, təlim- tərbiyə verən bir atanın Zəhmət nəğməsi var: ”Adam öz işindən zövq alanda, iş toy-bayrama çevrilir. Atamın mahnısı-bitib tükənməyən zəhmət idi. O öz ömür nəğməsini gecə-gündüz, ara vermədən torpağın qulağına oxuyurdu. Ona görə də torpaq onun mahnısı ilə yatır, onun mahnısıyla oyanırdı”.
Müəlifin ifadələrini oxuduqca xəyal səni lap uzaq illərə aparır. Gözləriyin qarşısında sifətinin rəngi günəş şüalarında mis rənginə çalan, əllrinin qabarı gözə çarpan arıq bədənli, lakin pəhləvan cüssəli, əlləində, qollarında əzələləri, damarları qabaran zəhmətkeş insanların obrazı canlanır. Düşünürəm Sabir Rüstəmxanlı bu obrazla təkcə atası Xudu kişinin deyil bütünlüklə zəhmətdən yoğrulmuş bir Azərbaycanlı kişisinin ümumiləşdirilmiş obrazını böyük ustalıqla yarada bilib. Ancaq təkcə bu nəğmələrlə bitmir, Vətən nəğmələri. Bu kitabda həm də dünyanın müxtəlif məşhur muzeylərində sərgilənən azərbaycanlı ustaların düzəltdikləri, yaratdıqları, toxuduqları sənət əsərlərinin zəriflik, gözəllik nəğmələrinin bir sözlə Vətən övladlarının ömür nəğmələrinin səsi –“zili, zənguləsi, “Mənsuriyyəsi” eşidilir.
Heç şübhəsiz Müəllif bu kitabını 44 günlük Vətən müharibəsindən sonra yazmış olsaydı biz bu kitabdan həm də Vətən uğrunda canını fəda etmiş şəhidimiz Xudayarın təsnifini də eşidərdik. Mən bu yazıda Xalq şairi Sabir Rüstəmxanlının iki kitabı- “Qan yaddaşı” və “Ömür kitabı”na toplanmış şeir və tarixi-bədii-publisistik yazıların yalnız bir qisminin məndə yatatdığı təəssüratlar barədə oxucularla fikrimi bölüşmək istədim. Əslində demək istədiklərim Sabir müəllimin yaradıcılığının məziyyətlərindən heç bir misqal da deyildir. Onun "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları son vaxtlar nəşr olunmuş “Əbədi sevda”şeirlər toplusunda əksini tapan mövzular ədəbiyyatımızda toxunulmamış mövzular olmaqla son dərəcə maraqlıdır. Bu əsərlər dərin tədqiqatların və təhlillərin obyektidir və əminəm ki, zaman-zaman araşdırılacaq, tədqiq ediləcəkdir. Ümumiyyətlə götürdükdə isə Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığını onun sözləri ilə desək “Oxuyanların hamısına ünvanlanmış Vətən haqqında məhəbbət məktubları”na bənzədirəm. Bu məktublarda məhəbbətdən yaranmış çağırış da var, nəsihət də, öyüd də.
Sabir Rüstəmxanlı Azərbaycanın çağdaş ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndələrindən biridir. O, həm də müstəqillik tariximizə 1988-ci ldən başlayan xalq hərəkatının liderlərindən biri kimi, daxil olmuş, Azərbaycanın mətbuat və dövlətçilik tarixinə öz adını şərəflə yazmış, Dünya Azərbaycanlılarının həmrəyliyi və hüquqlarının qorunması yolunda mübarizəsi və yorulmaz fəaliyyətinin nəticəsində istər beynəlxalq aləmdə, istərsə də ölkəmizdə yaxşı tanınır, sevilir və böyük nüfuza malikdir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Əsl yazıçı həyatı yaşayan xanım – NARINGÜL NADİR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
XX əsrədək Azərbaycanın qadın şairləri olsa da, nədənsə yazıçıları olmayıb. Məsələn, o dövrün qadın şairlərdən- XII əsrdə yaşayan farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi Məshəti Gəncəvini, XII-XIII əsrlərdə yaşadığı güman edilən Rəziyyə Gəncəvini, XIV əsrdə yaşayan Sahib Sultan Dünbülini, XVII əsrin şairi Gülgəzi, XIX əsrdə yazıb yaradan Güllər Pərisini, eləcə də Xurşudbanu Natəvanı nümunə göstərmək olar.
Fəqət qadın yazıçılarımızın nəsr meydanda görünməsi XX əsrdən başlayır. Güman edirəm ki, həmin yazıçı qadınların yaradıcılığından çoxunuzun məlumatı var. Bu dəfə sizə qadın nasirlərimizdən biri- Narıngül Nadir, Narıngül Babayeva imzası ilə tanınan bir yazıçı xanım barəsində söhbət açmaq istəyirəm. Gəlin əvvəlcə onun ömür tarixçəsinə, bədii yaradıcılıq yoluna işıq tutaq. Narıngül xanım Oğuz rayonunda anadan olub. Təfəkkür Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə ali təhsilə yiyələnib. İlk olaraq “İşıqda adiləşmək qorxusu” şeirlər kitabı 2007-ci ildə işıq üzü görüb. Sonradan onun “Qadın da ağac kimidir” şeirlər və “Güzgüdəki qadın”, “Qar çiçəyi”, “Günəş üzlü qadın” adlı nəsr kitabları nəşr olunub. Yaradıcılığı haqqında Fikrət Qoca, Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, Seyran Səxavət, Vaqif Yusifli, Oqtay Rza, Günel Natiq, Mina Rəşid, Vəfa Mürsəlqızı, Vahid Məhərrəmli və s. yazarlar müxtəlif mətbu orqanlarında məqalələrlə öz fikirlərini bildiriblər. O, Türk ədəbiyyatından bəzi ədəbi nümunələri, o cümlədən professor doktor Mustafa İsenin “Tezkireden Biyoqrafiye” kitabını Azərbaycan türkcəsinə çevirib.
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən “2005-ci ilin tərcüməçi-şairi”, “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”, “Rəsul Rza Mükafatı”, “Cəsarətli qələm” və s. mükafatlara layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin(AYB) üzvüdür. 2010-cu ildə Prezident təqaüdü alıb. Hazırda AYB-nin “Qobustan” jurnalında çalışır...
Deyir ki- “Qadın olduğum üçün hər halda qadın psixologiyasını yaxşı bilirəm. Yazdığım hekayələr də mənim daxili dünyamın məhsuludur. Mənə elə gəlir ki, elə mövzular var, onları ancaq qadınlar yaza bilər. Çünki bu hislər qadınlara tanışdır. Aldatmalar, xəyanətlər, əzablar, məğlubiyyətlər, peşmançılıq və s.. Bu hisləri kişilər olduğu kimi təsvir edə bilməz. Qadın daha çox hiss edir. Bəzən sevgi də, xoşbəxtlik də insana əzab verə bilir. Xoşbəxtlikdə itirilmək, tənhalıq qorxusu var. Və bu qorxuları qadınlar öz içində keçirir. Bu hiss də mənə çox tanışdır. Ümumiyyətlə, mən bir az melanxolik insanam. Daha çox əzaba yıxılıram, pozitiv şeylərə meyllənmirəm. Melanxoliklərin öz dünyası olur. Mən yazaraq o melanxolik, qaranlıq dünyada özümü çözürəm və ordan çıxmağa çalışıram. Özümü o dünyada çox saxlamıram. Mən çox həssas biriyəm. Küçədə dilənən kimsəyə dəhşətli yazığım gəlir. Cəmiyyətdə kiminsə təhqir olunmağına dözə bilmirəm. İndi də alçaldılmış və təhqir olunmuş insanlar çoxdur. Bunlar mənə ağır gəlir...”
Mətbuata 90-cı illərdə gəlib. Bədii yaradıcılığa isə şeirlə başlayıb. Bir müddət şeir yazıb, şair kimi tanınıb...
“Mən ədəbiyyata çox gec gəldim. Necə deyərlər, özüm üçün yazırdım, çapa vermirdim. Bəyənmirdim yazdıqlarımı. 90-cı illərə qədər bir kitab da hazırlamışdım. Hər şeyi yerindəydi. Aparıb verdim nəşriyyata. Sonra isə anladım ki, o kitab mənlik deyil. Və nə yaxşı ki o kitabı üzə çıxartmadım, yandırdım. Qəribədir ki, sonra peşman oldum. Dedim, gərək yandırmazdım, xatirə idi, qalardı mənimlə...”- söyləyir.
Dostoyevskini, daha doğrusu, onun həyatını yaradıcılığından çox sevir. Xəyanəti faciə kimi qəbul etmir. Düşünür ki, insanın ruhu, zövqü, fikirləri dəyişə bilər. Heç kim özünü kodlaşdıra bilməz. Zaman dəyişdikcə, hansısa kişinin başqa bir qadından xoşu gələr və fikri dəyişər, eləcə də qadının. Sadəcə, kişiləri xəyanətdə qadınlara nisbətən daha cəsarətli hesab edir.
Deyir ki:- “Qadınlar istəklərini cəsarətlə deyə bilmədiyi üçün anlaşılmazdırlar. Öz içlərində özlərini çözməyə çalışırlar. Qadınlar özlərini ifadə edə bilmirlər, içlərindəkiləri izah etmək onlar üçün çətindir. İzah etsələr, bəlkə də dünyanın sonu olar. Qadın maraqlı və çətin varlıqdır...”
Bütün əsərləri müşahidələri üzərində qurulub. O, sanki mətndə özünü öldürür, ölməyə çalışır. Xəyanəti təsvir edəndə neytral mövqedə durmağı bacarır. Heç zaman təbliğat aparmır ki, xəyanət edən alçaq adamdır. Necə deyərlər, tənqidə açıq xanımdır. Heç vaxt bundan incimir. İstəyir ki, əsərləri müzakirə obyektinə çevrilsin. Kimsə əsərlərini tərifləyəndə elə bilir ki, borclu qalır, azadlığı əlindən alınır. Özünə çox müxalifdir...
“Açığını deyim ki, yazıçı kimi öz yazdıqlarımı bəyənirəm. Ən azından nə yazdığımı bilirəm. Şair kimi isə özümü bəyənmirəm. Şeirlərim bütöv deyil, fraqmentaldır. Düzdür, modern şeiri bilirəm, istəsəm bir şeir yazıb dərhal oxucunu tuta bilərəm. O üsulu yaxşı bilirəm. Amma nəsrdəki qədər özümü rahat hiss etmirəm.”-söyləyir.
Xülasə, bu xanım təkcə yazıçı kimi əsərlər yaratmır, həm də əsl yazıçı həyatı yaşayır. Söhbətimin sonunda rusiyalı sovet yazıçısı, dramaturq, teatr rejissoru və aktyoru Mixail Bulqakovla bağlı bir hadisəni sizə xatırlatmaq istəyirəm: Bulqakov öz həyatını nizama salmaq üçün bir neçə dəfə cəhd edib, amma heç biri də baş tutmayıb. O, hər cür təzyiqlərə məruz qalan biri idi. Gah kitabları nəşr edilir, tamaşaları səhnələşdirilir, yaxşı para qazanırdı. Gah da teatrlardan, nəşriyyatlardan qovulur, gününü ehtiyac içində keçirirdi. O dövrün hər bir sənət adamı kimi onu da hər an sürgün, ölüm gözləyirdi. Nə isə, Moskvada yaşayan Bulqakovun da evinə telefon xətti çəkilmişdi. Bu telefon o dövrün çox qiymətli əşyası olaraq yazıçının iş otağında quraşdılmışdı. Həyat yoldaşı istədiyi vaxt bu otağa girib telefonda qohum-əqrabası, tanış-tunuşu ilə danışıb gülürdü. Bulqakov isə, masa arxasında oturub yorulmadan yazırdı. Bir gün başını qaldırıb arvadına yazıq-yazıq deyir: “Lena, mən belə işləyə bilmirəm, axı fikrim dağılır.” Lena isə əlini dəstəyin mikrafonuna qoyub kinayə ilə cavab verir: “Bir şey olmaz əzizim, sən ki Dostoyevski deyilsən...”
...Narıngül xanıma sevdiyi Dostoyevskinin həyatını yox, Dostoyevskinin şöhrətini arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
PORTAL AKADEMİYASINDA - Xəstəliklərə yenilməyək!
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Bizim uğursuzluq təsnifatımızda «Xüsusi uğursuzluq» (XU) bölümündə yer alan «xəstəlik» mövzusunda danışmaq zamanı yetişdi. Sağlamlığın fəsadı, orqanizmin fəaliyyətinin pozulması anlamını daşıyan xəstəlik patogen faktorların həmləsi nəticəsində insanın həyat fəaliyyətini pozur, onun əmək qabiliyyətini, sosial faydalılığını əlindən alır.
Hippokrat xəstəliyin səbəbi kimi orqanizmin dörd əsas mayesinin (qan, selik, öd, venoz qan) qeyri-düzgün qarışığında görürdü. Demokrit atomun formasının dəyişməsini və düzgün yerləşməməsini xəstəlik törədən səbəb elan etmişdi. İbn Sina xəstəliyin arıq və kök, gödək və hündür adamların fərqli bədən quruluşunda daha fərqli inkişaf keçməsini mikroorqanizmlər barədə dolayısı ilə danışmaqla izah etmişdi. Sonra zaman-zaman alimlər və mütəxəssislər xəstəliyə fərqli-fərqli səbəblər göstərmiş, təriflər vermişlər.
Görünən dağa nə bələdçi. Gün kimi aydındır ki, hansı tərif verməyindən, yaranmasına nələri səbəb gətirməyindən asılı olmayaraq xəstəlik həyatı büsbütün rənglərindən məhrum edən bir nəsnədir, istər mexaniki, istər fiziki, istər kimyəvi, istər bioloji, istər də psixogen – yaranışı hansı səbəbdən olursa-olsun xəstəlik sonda insanı yataq xəstəliyinədək, ölümədək aparıb çıxara bilir.
Xüsusən ətraf mühitin kəskin hücumunu şərtləndirən (ekoloji tarazlığın pozulması, informasiya-kommunikasiya texnologiyalarının məişətdə hədsiz dərəcədə nüfuzu, kimyəvi qida əlavələri ilə tədrici zəhərlənmələr və s.) hazırkı durumda bu və ya digər xəstəliklərin sürətlə artması, immun sistemi və müqaviməti get-gedə zəifləyən stasistik insanın bu hücuma qalxan qaldıra bilməməsi 3-cü minilliyin insanını fakt qarşısında qoyur. Bu gün insana həm molekulyar, həm xromosom, həm hüceyrəvi, həm orqan xəstəlikləri hərtərəfli basqı edir. Son onillikdə dünyada insan ömrünə son qoyan ən əsas xəstəliklər formalaşıb ki, onların sırasında ürəyin işemik xəstəliyi, insult, aşağı nəfəs yollarının respirator infeksiyaları, ağciyərin xroniki obstruktiv xəstəliyi əsas yer tutur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il dünya üzrə təkcə ağciyər xərçəngindən və diabetdən 4 milyona yaxın insan həyatını itirir.
Bu gün insanların uğursuzluq sindromunda, həyatdan küskünlüyündə xroniki xəstəliklərin böyük çəkisi var. İnsanlar əllərində qorxulu diaqnoz barədə həkim epikrizi, rentgen şəkli tutaraq bəzən, sadəcə, ölümlərinin gəlişini gözləyirlər. Amma bir şeyin fərqində deyillər: hətta müalicəsi tibb elminə bəlli olmayan xəstəliyə belə təslim olmadan yaşamaq və ömür sürmək mümkündür. Əvvəlki hissələrdən birində, xatırlayırsınızsa, sizə 82 yaşında prostat vəzi xərçəngindən qurtulmağı bacaran Uorren Battet barədə yazmışdım. Güc, iradə, dözüm və inam! Bax bunların sayəsində istənilən nəticəni hasil etmək olar.
Xəstəliyə yenilməməyin ən vacib şərti sağlam həyat tərzi keçirməklə yanaşı vaxtaşırı profilaktika üçün həkim qəbuluna getmək də hesab olunur. Sağlamlığına münasibətdə 3 insan tipi müşahidə olunmaqdadır: vaxtaşırı profilaktika üçün həkim qəbuluna gedənlər; xəstəliyin ilk əlamətləri hiss ediləndə həkim qəbuluna gedənlər; xəstəlik tüğyan edəndə həkimə aparılanlar.
Razılaşın ki, 2-ci və xüsusən də 3-cü tipin nümayəndəsi olmaq yolverilməzdir.
* * *
Bu yerdə, əziz oxucularım, mən sizə ən son illərin fenomen bir şəxsiyyətinə çevrilmiş azərbaycanlı İlham Zəkiyev barədə də söz açmaq, onu bir əyilməzlik, sınmazlıq etalonu kimi örnək gətirmək istəyirəm.
1999-cu ildə hərbi xidmət keçərkən İlham Qarabağda, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində erməni snayperinin gülləsinə tuş gəldi. Atəşkəs rejiminə baxmayaraq silahı susdurmayan erməni silahlıları tərəfindən 18 yaşlı serjant ağır yaralandı, güllə onun sağ gicgahından girib sol gicgahından çıxmışdı. 5 gün koma vəziyyətində qalan gəncin sağalacağına heç kəs inanmırdı. Amma o, görmə qabiliyyətini büstütün itirsə də həyat sevgisi hesabına sağaldı, ayağa durdu.
Əlbəttə, 18 yaşında dünya işığından məhrum olmaq bir gənc üçün taleyin ən böyük zərbəsi hesab olunar. Adi bir uğursuzluqdan, kiçicik bir problemdən sınan, həyatdan küsən gənclərimiz məgər azdırmı?
İlhamsa dövlətin hesabına xarici ölkədə müayinə edilib müalicə alarkən görmə qabiliyyətinin bərpasının mümkünsüz olması barədə eşitdiyi xəbərdən belə sınmadı, həyatdan küsmədi, vətəninə yenə də faydalı olmaq, ailəsinə yük olmaqdansa dəstək olmaq düşüncəsi ilə paralimpiya hərəkatına qoşuldu. Cüdo idman növündə axtardığını mütləq tapacağına bir əminlik yarandı onda. Gərgin məşqlər özünəinam hissləriylə, özünəgüvənlə birləşdi, hətta ilk dövrdəki uğursuzluqlar belə onu sındırmadı. 2004-cü ildə İlham Afinada paralimpiya oyunlarında bütün rəqiblərinə üstün gələrək Paralimpiya çempionu oldu, ardınca Avropa və Dünya çempionluqları gəldi.
2008-ci ildə Pekində qəhrəmanımız dalbadal ikinci dəfə Paralimpiya çempionluğu zəfərini yaşadı.
Hazırda İlhamın medal qarderobu çox zəngindir, ikiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, 2015-ci il Bakı Avropa Oyunları çempionu olan, ölkənin «Tərəqqi» medalına, «Şöhrət» ordeninə layiq görülən İlhamın daha bir qələbəsi ailə həyatı qurmasıdır. İndi İlhamın iki oğlu, bir qızı var.
Müasir dövrdə dünya film industriyası uydurma qəhrəmanlar ixrac edirlər. Bir ucdan detpullar, X-mənlər, hörümçək-adamlar, tonistarklar, klarkkentlər yaranmaqdadır. Zənnimcə, İlham Zəkiyev obrazı canlı, real qəhrəman tapmayan dünya sinematoqrafiyası üçün olduqca cəlbedici ola bilər.
Ey qarşılıqsız sevgi, işsizlik, xəstəlik, maddi çətinlik problemi ilə küskünləşmiş motivasiya axtaran insan! Sənin üçün ən böyük motivasiya İlham Zəkiyev ola bilər!
Dünyada «dünya işığı» adlandırdığımız görmə qabiliyyətindən gözəl nə ola bilər? Amma bu gözəlliyi itirən, üstəlik, dəhşətli, dözülməsi mümkünsüz ağrılar keçirən bir gənc əgər sınmırsa, əlilliyə və ağrılara meydan oxumaqla həyatın özündən qisas ala bilirsə, qazandığı hər bir parlaq idman qələbəsi ilə ona ölüm hökmü çıxaranları mənəvi cəhətdən min yol öldürürsə, belə bir şəxsdən örnək götürüb öz xırda problemlərinə yenilmə, əziz ümidsiz oxucum!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “İnsan şəkli”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“İNSAN ŞƏKLİ”
Mənə bir sərgi salonu verin!
Nə geniş olsun dünya qədər,
nə elə hündür olsun ki,
ətəyində qala uzun kölgələr.
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam –
adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən
Bir insan şəkli asacam;
bir yanında Nəsimi –
dabanından soyulandan sonra,
Bir yanında
məşəl təki yanmış azəri qızı –
tunc heykəli qoyulandan sonra.
Bir yanda Cordano Brunonun külü.
Bir yanında Məmmədhəsən kişi –
ömrü, günü yollara tökülü.
Yuxarıda kosmopolit göy
Aşağıda sərhədlə kilidlənmiş ölkələr
Bir yanda Osvensim –
Minlərlə insan, beli bükülü
Bir yanda yolları insanla döşənmiş –
Kolıma.
Bir yanda Xirosima – ölü.
Bir tərəfdə
Fərhad, Şirin,
Kərəm, Əsli,
Bir tərəfdə
İsrafil, Qafur
Qastello, Lorka –
Prometeylər nəsli.
Bir insan şəkli asacam;
qapalı dodaqlarında söz yanığı.
Ətrafında bayram təntənələri.
Baxışında sınaq günləri,
dözüm sənələri.
Şəklin müəllifi – Zaman.
Adı – insanlığın ömür yolu.
1964
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
XARİCİ FİLMLƏR - "Kral şir"
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
1994-cü ildə çəkilən və rejissorluğunu Roccers Allers və Rob Minkoffun etdiyi "Kral şir" və ya "Simba" filmi barədə danışmaq istəyirəm.
Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır. Vicdan əzabı çəkən Simba uzaq yollara düşür. Meşədə yoldaş olduğu Timon və Pumba sayəsində "Hakuna Matata" (suahili dilində: Qayğısız yaşamaq) fəlsəfəsini öyrənir və dərdsiz, qayğısız bir həyat tərzi olan bu fəlsəfəni qəbul edir.
Artıq bir neçə müddət keçmiş, Simba böyümüşdür. Əvvəllər kral Mufasanın məsləhətçisi olan Rafiki onun böyüməsini hiss etməyə başlayır. Cunqlidə Pumbanı ovlamaq istəyən köhnə yoldaşı Nala ilə qarşılaşması sayəsində məsuliyyətlərini xatırlayır və həyat zəncirindəki yerini almaq üçün dərhal bir qərar verməsi lazım olduğunu başa düşür. Nala Simbaya Şərəf səhrasında (ing. Pride Lands) çoxlu bədbəxt hadisələrin baş verdiyini və taxtın Skar tərəfindən ələ keçirməyindən danışır.
Simba özünü atasının ölümündə günahkarlıq olduğunu zənn edir. Lakin Rafiki onu atasının ruhu ilə bağlatdırır. Bu zaman Simba başa düşür ki, atasını əmisi Skar öldürmüşdür. Bu səbəbdən dostları ilə birlikdə Skarın padşahlığı üzərinə hücum edir. Onlar arasında gedən uzunmüddətli mübarizədən sonra Simba Skara qalib gəlir. Skar qayadan aşağı düşən zaman ona Kaftarlar hücum edir. Bütün pis hadisələr sona yetmişdir. Artıq taxtda Simba krallıq edir. Simba ilə Nalanın bir qız övladları dünyaya gəlir.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
BİRİ İKİSİNDƏ – Maya İmranın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində növbə nəsrindir. Sizə Maya İmranın “Qara xal” hekayəsi təqdim edilir.
Maya İMRAN
“QARA XAL”
– Ay qızım, mən də bu pulla dolanıram. Elə sən belə desən, biri beş gün gecikdirsə, o birisi desə ki, maaşı gözlə, onda mən acından ölərəm ki. İndi gör qohumdan-əqrəbadan kimdən borc tapıb verirsən. Mənə ver, sonra borcunu qohumuna-əqrəbana qaytararsan.
Ev sahibi dilxor halda sözünü bitirib qapını bərk çırpdı. Arıq, çəlimsiz qız yerində donub qalmışdı. Üç-beş saniyə yerindən tərpənmədi. Sonra ağır addımlarla aşağı-otağına endi. Səhərin ala-toranında gün işığı otağı yaxşı işıqlandırmırdı. Otağın lampası da həftədən artıq idi ki, yanmırdı. Nə zaman düzələcəyi isə ev sahibinin insafına qalmışdı.
Otağın narahat atmosferini Bənövşənin rahat xorultusu pozurdu. Gecə gözünü yumandan başlayan xorultu eyni templə davam edirdi.
– Axı necə ola bilər? Bu pul buxarlanmadı ki? Hə, saydım, bəlkə də, beş dəfə saydım, ayırdım, qoydum pul qabının ən kiçik cibinə. Yox e, ağlım qaçmayıb ki, səhv sayım. Bəlkə, otağa kimsə girib? Giribsə də, nə bilib ki, pul qabım hardadı? Lap pul qabımı tapdı, ən kiçik cibdə olan pulu niyə götürdü ki?
Suallar beynində sürətlə axışır, birinə cavab tapmamış o biri əks-səda verirdi.
– Sabahın xeyir, – Bənövşə gərnəşərək aramla dedi.
– Sabahın xeyir, – Şəbnəm başını qaldırmadan cavab verdi.
– Nə olub? Yaxşısan?
– Yaxşı deyiləm. Kirayəyə verəcək pulumu itirmişəm. Bayaqdan ha fikirləşirəm, tapa bilmirəm. Axı bu pulu gecə sayıb qoydum pul qabıma.
– Aa, dünən burda sayırdın, o pul? Gecədən səhərə evə oğru girmədi ki!
– Hə də. Elə mən də ona məəttəl qalmışam. Mən heç vaxt pul itirən deyiləm.
– Vallah, sən belə dedikcə adam özündən şübhələnir. Biz səninlə bir otaqda yaşayırıq, gərək bir-birimizə inanaq. Mənə inanırsan da, yəqin. O pulu çantana yox, lap stolun üstünə də qoysan, mən ona əl uzadacaq adam deyiləm.
– Ay qız, dəli olma. Mən sənə demədim ki, sən götürmüsən.
– A dayan görüm e. Bəlkə, axşam yenə ev sahibəsi otağın istiliyini yoxlamağa gəlib? Ola bilərmi elə? Özü də dünən bərk-bərk tapşırdı ki, qapını içəridən bağlamayın. Guya istilik aparatından otağa su axa bilərmiş.
– Onda sıxma ürəyini. Canına gələcək bəla malına gəlsin. Puldu da, işləyib yenə qazanacaqsan. Təki itən pul olsun.
– Hə, elədir, əlbəttə. Amma adam pis olur da. Ay boyu o maaşı beynində bölür insan, nəyi hara verəcəm, nə qədər pulu nə almaq üçün ayıracam...
– Onda gərək bir ehtimal olaraq pulun oğurlana biləcəyini də düşünəydin.
Cümləsini bitirən kimi qəhqəhə çəkib gülməyə başladı. Yerindən atılıb ayağa qalxdı, gülə-gülə Şəbnəmə yaxınlaşıb arxadan onu bərk qucaqladı.
– Əziz bacım, necə belə əminsən ki, gözlənilməz xərc çıxmayacaq sənin üçün? Həm də pula görə üzülməzlər. Əksinə sevin ki, hələ pul qazancaq şansın və gücün var. Hə, bir də ağlın, əlbəttə ki. Təsəvvür et, dünyada nə qədər insan var ki, heç zaman pul qazana bilməyəcək qədər bacarıqsız və şanssızdır!
Gülüşə bükülmüş bu hikmət dolu sözlər Şəbnəmi məsələnin qaranlıq aurasından çıxarıb məcburən gülümsəməyə və ümidlənməyə vadar edirdi.
– Doğrudur. Nəysə, mən yavaş-yavaş işə hazırlaşım. Yeməyə vaxtım çatmayacaq, amma sən yeyərsən. Dünən ilk maaşımdan səhər yemək üçün pendir, bir az da qaymaq almışam. Xoşlayırsan?
– Əlbəttə, xoşlayıram. Tələbəyə belə sual verərlər, bacı? Özü də ilk maaşla alınmış pendir, qaymaq bilirsən nə dadır? Bal!
Yenə gülüşə qərq oldu.
– Onda nuş olsun sənə.
– Qazancın bərəkətli olsun, əzizim. Həmişə işdə-gücdə, pullu-paralı, vəzifəli olasan. Dünən sənə deməyi unutmuşam. Anamla danışanda otaq yoldaşımın kim olduğunu soruşdu. Dedim, anacan, siz o qızı televizorda görürsünüz, amma mən hər gün canlı-canlı görürəm. Belə də dedim aa! Səninlə bir otağı bölüşdüyüm üçün niyə də lovğalanmayım ki?!
– Əşi, lap böyütdün sən də.
– Yox, elə olanı deyirəm!
Beləcə, Bənövşə Şəbnəmin “həyat eşqi”ni bərpa edib təbəssümlə sağollaşdı. Şəbnəm səhərdən bəri beynini qurd kimi yeyən pul məsələsini unutmuş, özünü daxilən xeyli sakitləşdirmişdi. İçinə qara bulud kimi dolan fikirlər yavaş-yavaş aydınlanırdı: “Ölüm olmayıb ki. Ən pisi odur ki, özümə gödəkcə ala bilmədim. Amma bu da dünyanın sonu demək deyil. İndi olmaz, gələn qış olar. Əsas odur ki, Bənövşə demiş, o pulu qazanacaq şansım və gücüm var. Lap ağlım da var. Pul itirmək niyə ağılsızlıq olsun ki? Ehtiyatsızlıqdır, sadəcə. Zamanla daha da ehtiyatlı olmağı öyrənərəm.”
Yol boyu arabir Bənövşənin göstərdiyi dəstək reaksiyasını da xatırlayır və yaşca ondan daha kiçik olsa da, hər vəziyyətdə müsbət düşünə bilmək bacarığına heyrət edirdi. Amma deyəsən, bunu özündən də gizlətmişdi. Bənövşə hələ tibb texnikumunun 1-ci kursunda oxuyurdu. Şəbnəm isə universiteti bitirib iş həyatına yenicə başlamışdı. Amma Şəbnəm bütün doğru qərarlarında tərəddüdlü, ürkək, Bənövşə isə səhv etdiyi əməlində də haqlı görünəcək qədər özünə inamlı formalaşmışdı. İlk baxışda xoş qız idi – hər sözə güləcək qədər müsbət auralı, qarayanız, hündür, iri bədənli, gur və qısa saçlı, dar alınlı, girdə gözlü idi. İri dodaqları ilə burnu arasındakı tünd xal kənardan baxanda dodağına yapışmış böcək kimi görünürdü. Şəbnəmin diqqətini Bənövşənin görkəmində ilk olaraq bu xal çəkmişdi. Eyni otaqda yaşamağa başladıqları ilk gün dialoqları belə başlamışdı:
– Nə qəşəng xalın var.
– Qəşəng? İşləməyə başlayan kimi ilk maaşımla bu xalı əməliyyat etdirib götürəcəm.
– Məncə, bu səni özünəməxsus göstərir.
– İnanmaq istəyirəm ki, bu, kompliment deyil.
Bu əks xarakterli iki qız iki il eyni otağı bölüşmüşdü. Bənövşə xoş sözləri, həvəsləndirmə bacarığı ilə Şəbnəmin, Şəbnəm isə hər ay maaşı ilə aldığı şirniyyatlar, meyvəli yulaf, özü üçün mövsümdə bir dəfə aldığı bir-iki yeni geyimi ilə Bənövşənin sevimlisinə çevrilmişdi.
Başı işə-gücə qarışsa da, arabir əhvalını aşağı doğru çəkən oğurluq məsələsi beynində dolaşır, yenə çəkilib kənarda dayanırdı. Və beləliklə, əhvalı tez-tez dəyişir, dağınıq görkəm alırdı.
– Günorta efirinə oğurluq xəbərini də əlavə et. Mətninə göz at, düzəlişə ehtiyac varsa, et. Əhmədin çəkib gətirdiyini deyirəm.
Redaksiyada hər kəsin hörmət və ehtiyatla davrandığı Səlim müəllim gözünü kompüterin monitorundan çəkmədən tapşırıq verdi.
– Mən? – Şəbnəm ürkək halda cavab verdi.
– Bəli, sən. Redaktəyə elə bu mövzudan başla, nə də olsa, gündə ən azı bir oğurluq xəbəri olacaq xəbər blokunda. Bunu öyrəndinsə, o birilərini redaktə eləmək iki vur iki olacaq sənə görə.
– Səlim müəllim, bir az ağır mövzudu mənim üçün. Qanunvericilik, polis, məhkəmə, oğru, cinayətkar... – bu mövzuların adı gələndə məni həyəcan bürüyür, o ki qala o mövzuda xəbər hazırlamaq.
– Soyuqqanlı ol. Xəbər adamı elə olmalıdır. Bir də gördün göndərdik səni cinayət hadisəsini çəkməyə. Onda nə edəcəksən? Deyəcəksən, qorxuram?
– Ola bilər ki, elə deyim. Çünki, həqiqətən, qorxuram.
– Qorxa bilərsən, bu, normaldır. Amma onu hiss etdirməməlisən. Belə çıxır ki, sənin gözünün qabağında cibindən pul götürsələr, qorxundan səsini çıxarmazsan. Deyərsən ki, oğrudan qorxuram?
– Yəqin ki, elə edərəm.
– Böyü, Şəbnəm, böyü. Uşaqları oğrularla qorxudurlar. Amma böyüklər başa düşürlər ki, oğrular və cinayətkarlar ən qorxaq insanlardırlar, əslində. Onlardan qorxmaq lazım deyil, qətiyyən. Bu, ağılsız hərəkətdir. Həm də ki oğrular təkcə bizim pulumuzu, qızılımızı oğurlayan insanlar deyil ki. Böyüdükcə zamanımızı, sevgimizi, gülüşümüzü, illərimizi oğurlayanlar, ya da oğurlamaq istəyənlər olacaq. Onları heç kim ittiham etməyəcək, onlar həbs olunmayacaq. Elə əllərini, qollarını sallaya-sallaya gəzəcəklər aramızda. Məsələn, sən həyat yoldaşına xəyanət etdiyinə görə həbs olunan qadın, yaxud kişi görmüsənmi? Yox! Amma xəyanət edildiyinə görə qarşı tərəfə fiziki şiddət göstərən insan ittiham olunur mütləq. Cəzalandırılır. Az, ya çox, fərqi yoxdur. Mütləq cəzasını alır. Amma xəyanət edən etdiyi cinayətinə görə heç sorğulanmır. Ona heç kim demir ki, sən illərini, sevgisini, inamını aldığın bu insana qarşı mənəvi cinayət etmisən. Sən cinayətkarsan!
– Heç bunları düşünməmişdim... – Şəbnəm astaca dedi.
– Sən birinin barmağının ucunu kəssən, bura polis gələr, səni tutub apararlar. Amma birinin qəlbini qırıq-qırıq eləsən, sənə heç kim heç nə deyə bilməz. Bu şəhər gizli cinayətkarlarla doludur. Nə də olsa, qırılan qəlbin hıçqırığını heç kim duymaz. Qəlbdən axan yaşlar səssizcə Xəzərə tökülər. Birini aldatsan, yalan danışsan, qarşındakının inamına xəyanət etmiş olarsan. Sanki onun etimadını oğurlamış olursan. Təəssüf ki, buna görə heç kim sənə oğru deməz. Amma birinin 5 manatını oğurlasan, sən oğru sayılırsan, hər kəs səndən gen gəzər. Eşidən, bilən səndən oğru kimi danışar orda-burda. Belə çıxır ki, inam 5 manatdan ucuzdur. Təəssüf ki, yaradılışımız mənəvi aləmlə vəhdətdə olsa da, insanlıq üçün vacib olan yalnız maddi dünyadır – gördüklərimiz və toxuna bildiklərimiz. Ağıllı və tədbirli olmaq lazımdır. Gərək ətrafında olan o gizli cinayətkarları tez tanıya biləsən, onlardan uzaq olmağı bacarasan.
– Bəs 100 manatı oğurlayan necə, oğru sayılır?
– Əlbəttə. 100 manatı da, 5 manatı da, sənin zamanını da, inamını da, sevincini də oğurlayan oğrudur. Problem ondadır ki, biz insanlar pulumuzu, malımızı oğurlayanı ittiham edirik, o birilərini, ümumiyyətlə, oğru hesab etmirik. Sənin 100 manatını oğurlayan hər kimsə, sənin pulunla yanaşı, sənin inamına, etibarına xəyanət edib, sənin bir neçə günlük sevincini oğurlayıb, gülüşünə qənim kəsilib, sənin saflığından öz pis niyyəti üçün istifadə edib. Bunlar 100 manatdan daha dəyərli deyilmi? 100 manat yerinə qayıda bilər, amma itirilən hisslər, zaman? Onlar qayıdacaqmı?
– Bəs dediklərinizi oğurlayan adam itirdiklərindən narahat deyilsə, biz onlara bunu izah edə bilərikmi? O özünü yalnız oğurladığı pulu qazanmış zənn edir. İtirdiyi hisslər onu qətiyyən narahat etmir, doğrudurmu? Halbuki, bir oğurluq prosesində ən çox itirən oğrunun özüdür. Düz anladım?
– Elədir. Oğurladığı hər qəpik pulda, qızılda, hər nədirsə, onda bir az da özündən itirir. Sonda görkəmindən başqa heç nəyi insana bənzəmir. Sonunu gözləməyə ehtiyac yoxdur. Gördün, tanıdın, dəqiqləşdirdinsə, mütləq uzaq durmalısan. Sonunu özü gətirib sənə göstərəcək. Hələ gəl sənə məsələnin fəlsəfi tərəfindən başqa bir az gülməli tərəfindən danışım e. Edvard Munku tanıyırsan, yəqin. Norveçli simvolist rəssam. Ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri var ha, əlləri ilə başını tutub qışqıran adam. Əsərin adı "Qışqırıq"dır və Qərbdə “Mona Liza”dan sonra ikinci ən məşhur sənət əsəri hesab edilir. O əsəri ötən əsrin sonunda bir axmaq oğurlamışdı. Bu xəbəri oxuyanda dəli gülmək tutmuşdu məni. Adama deyərlər ki, ay axmaq, acsan, get çörək oğurla, ye. Axı bu sənətin mənasını, dəyərini anlayan insan niyə onu oğurlamaq istəsin? Yaxud niyə, ümumiyyətlə, oğru olsun?
Dərk edə bilməmişdim. İndi də dərk etmirəm. Düşünürəm ki, o, sadəcə, barəsində danışılsın, xəbər yayılsın, istəyirmiş. “Mono Liza”nın oğurluq tarixi daha qədimə söykənir. O daha tragikomikdir. Pah dədə. Oğurluğu da estetik, mədəni formada etmək olurmuş e. Pulun yoxdu, get Luvrdan “Mono Liza”nı oğurla, sat. Ağıla bax sən. Oğrunun da bəsiti, zəkalısı olurmuş, görəsən? Məncə, bunu araşdırmaq lazımdı. “Bir oğrunun düşüncələri” adı altında, məsələn. Bir insan necə oğruya çevrilir? Səmimi, ağıllı bir oğru tapıb danışdırasan. Bu da sənin jurnalistika fəaliyyətində ən heyrətamiz araşdırman ola.
Şəbnəm diqqətlə qulaq asır, söhbətin zarafat, yaxud ciddi olduğunu anlamağa çalışırdı. Səlim müəllim arabir danışdığı fikirlərə qəhqəhə çəkir, anidən də ciddiləşirdi. Danışdıqca söhbətin dərinliyinə varır, az zamanda mövzuya müxtəlif aspektlərdən yanaşma tətbiq edirdi.
– Məndən sənə məsləhət, bu mövzunu araşdır. Oğru azlığıdır? Adicə bir parkda gəzişən 10 cütlükdən beşi oğrudur- qarşısındakının saf hisslərini qarət edir. O biri də zərərçəkən.
Bu yarızarafat, yarıciddi dialoqumuzdan 10 il keçmişdi. Daha oğrulardan qorxmurdum. Redaksiyada bir cümləmi də oğurlayan olsa, Səlim müəllim ilk gündəki kimi ata qayğıkeşliyi ilə mənə sətiraltı xəbərdarlıq edirdi: “Oğrunu tanı, uzaqlaş”. Hər sözümə də xüsusi himayə göstərirdim. Səlim müəllimin dediyini qulaqlarıma sırğa etmişdim:”Kim deyir ki, kitab oğurluğu oğurluq sayılmır? Söz oğrusu da oğrudur!”
Nahara yaxın xəbər otağında yenə ağız deyəni qulaq eşitmirdi. Biri əlində vərəq redaktorun yanına qaçır, biri kompüterin ekranına zillənib diqqətlə mətni tamamlamağa çalışır, biri səsləndirmə otağına yüyürürdü. Həmişəki kimi ölkədə baş verən ən son xəbərləri operativ və dəqiq çatdırmaq üçün ondan çox insan var gücü ilə zehni əmək sərf edirdi. Dəqiqələr sonra gözəl bir xanım ekrandan hər kəsi salamlayacaq, bu qarışıqlıqdan, səs-küydən uzaq şəkildə, saatlardır hazırlanan xəbərləri aramla, dəqiqliklə insanlara çatdıracaqdı. Anidən Səlim müəllim məni səslədi:
– Şəbnəm, günorta xəbərini hazır etmisənsə, axşam xəbərinə çatdırılacaq çəkiliş var. Naharını tezləşdir, get çəkilişə. Mövzu budur ki, paytaxtda beş nəfərdən ibarət oğru dəstəsi saxlanılıb, bir neçə evdən oğurluq ediblər. Sonuncu oğurluqlarında polis onları iş başında yaxalayıb. De ki, sənə canlı-cüssəli operator versinlər, zirək olsun.
Şəbnəm üçün tələsik nahar etmək və vaxtında çəkiliş məkanına – hadisə yerinə çatmaq vərdişə çevrilmişdi. Həmişəki kimi qalın dəftərçəsi də yanında idi. Səlim müəllimin verdiyi qısa məlumat əsasında ünvanlayacağı sualları dəftərçəyə qeyd etmişdi. Ayın tarixini, saatı, ünvanı da vərəqin başlığına əlavə etdi. Bu, onun ilk iş günündən adəti idi – çəkilişin tarixini, saatını və ünvanını qeyd edirdi. Şəbnəmin bu adəti Səlim müəllimin də zarafatına çevrilmişdi: “Efir arxivi də silinsə, Şəbnəmin o qara üzlü dəftərçəsindən heç nə silinə bilməz”.
Çəkiliş qrupu polis idarəsinə çatanda oğrular gətirilməmişdi. Təxminən 10-12 dəqiqə dəhlizdə gözlədikdən sonra dəhlizə guppultu ilə ayaq səsləri doluşdu. Ard-arda beş oğrunun hər birini iki polis gətirirdi. İlk iki oğru qadın idi... Polislər hər birinin başını boynunun dibindən aşağı əymişdi, birinin sarı, o birinin şabalıdı saçları önə doğru sallanırdı. Şəbnəm bir əli ilə iki gözünü qapayıb o biri əli ilə qara dəftərçəsini sinəsinə sıxmışdı. Yəqin ki, təbiətinə uyğun olaraq, yenə hadisəyə çox həssaslıqla yanaşıb harda olduğunu və bura niyə gəldiyini unutmuşdu.
– Şəbnəm, indi dindirilmə olacaq. İçəri girək. Çəkilişin icazəsi alınıb.
Operatorun asta səslə dediyi sözlər Şəbnəmi səksəndirdi.
– Hə, hə. Girək içəri.
Şəbnəm dəftərçəsini vərəqləyib sualları gözdən keçirdi. Müsahibəyə nə ilə başlayacağını müəyyən etdi. Sonra bir-bir oğruların gözünün içinə baxmağa başladı. Üç kişi oğrunu aramla süzdükdən sonra qadınları nəzərdən keçirdi. Hər ikisi üzünü əlləri ilə örtmüşdü. Amma nimdaş ayaqqabıları, köhnə paltarları, səliqəsiz saçları, baxımsız dırnaqlarına baxıb onların vəziyyətinə yalnız üzülmək olardı. Kim bilir, daha necə pis vəziyyətlərə düşəcəkdilər. Kim bilir, onları hansı zillətlər gözləyir. Kaş ən başdan zəhməti sevərdilər. Zəhməti sevsəydilər, zillətə düşməzdilər.
– Əllərinizi aşağı salın, – Polis sərt şəkildə əmr etdi.
– Burda utanmaq lazım deyil, oğurluq edəndə utanmaq lazım idi.
Qadın oğrulardan biri əlini astaca aşağı endirdi. Saçları sarı olsa da, qaşları zil qara idi. Görünür, rəngi təkcə doğuluşdan qara deyildi, qara-qura həyat tərzi görkəmini daha boğunuq etmişdi. Sırada ilk dayanmış kişi oğrulardan biri danışmağa başladı:
– Məcbur qalmışıq oğurluq etməyə. Adətən, villalara oğurluğa girirdik. Əvvəldən izləyirdik, ya da qızları təmizlik adı ilə göndərirdik, onlar ev sahibəsinin inamını qazanıb evin girişini-çıxışını öyrənəndən sonra vaxt təyin edib “işləyirdik”.
– İşləyirdik? – Şəbnəm təəccüblə soruşdu.
– Bunlar öz arasında ona işləmək deyirlər, – polis dedi.
Oğru heç bir suala ehtiyac duymayan, əməllərini əvvəldən sona qədər, əzbərləyibmiş kimi birnəfəsə nağıl etdi. Deyəsən, nəyi necə və kimin danışacağını öncədən aralarında bölüb təyin etmişdilər. Çünki nitqini tamamlayan kimi yanındakı oğru davam etməyə başladı:
– Məcbur qalmışdıq. Evdə ailə, uşaq bizdən çörək gözləyirdi. Kim istəyər, oğru olsun?
“Kim istəyər oğru olsun?”– Şəbnəm cümləni astaca təkrar etdi. O, beynindəki suallara oğruların nitqində cavab axtarırdı. “Doğrudanmı heç kim oğru olmaq istəmir?”, “Oğurluq seçimdir, ya çıxış yolu?”, “Görəsən, oğurladıqları pul, yoxsa itirdikləri inam daha çox incidir onları?”.
Üçüncü kişi oğru davam etməyə başladı:
– Peşmanam əməlimdən.
– Bir insan necə oğruya çevrilir? – Şəbnəm dəftərçəsinə qeyd etdiyi ilk sualı ünvanladı.
Sırada 4-cü dayanan, iki qadın oğrudan birincisi başını anidən dikəltdi. Alnına iki dərin qırış düşmüşdü, gözləri girdə və enerjili idi. Əməlindən peşmanlıq duyacaq kimi görünmürdü. Burnu ilə dodağı arasındakı qara xalı hələ də yerində idi.
– Bənövşə, bir insan necə oğruya çevrilir? – Şəbnəm sualın ünvanını tapmış şəkildə cümləni təkrar etdi.
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)
“Atın üstündəki türk deyilsə, yükdür” – BİR DEYİMİN İZİ İLƏ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün türklərin məişətində, eləcə də hərb sənətində həlledici rola malik atlar barədə danışacağıq.
Bir atalar sözündə deyilir: “Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”. Deməli, türklərin namus atributlarından biri də atdır. Bizim söhbətimiz də at, daha doğrusu at və insan (türk) münasibətləri haqqında olacaq.
Tədqiqatçılar qeyd edirlər ki, dünyada ilk dəfə atı əhliləşdirənlər türklər olublar. Onlar ata minən ilk insanlar hesab olunurlar. Atlar qədim zamanlardan türklərin siyasi, dini, iqtisadi və ictimai həyatında mühüm rol oynamışdır. Türk-at ünsiyyəti ancaq maddi tələbatdan yaranan insan-heyvan münasibəti deyil, bu, həm də iki dostun, silahdaşın mənəvi bağlılığıdır. Təsadüfi deyildir ki, türklər “At igidin qardaşıdır”, - deyirlər. Qardaş isə insana ən yaxın varlıqdır. Atın qardaş hesab olunması onun insanla bərabər tutulmasını, atın türk igidi üçün son dərəcə qiymətli varlıq hesab olunmasını göstərir. Atlar öz sahiblərinə qarşı çox sədaqətli heyvanlardır. Onlar yaralanmış, yaxud ölmüş sahiblərini heç vaxt tərk etmirlər.
Folklor və yazılı ədəbiyyat nümunələrində türkün həyatında atın önəmi barədə saysız-hesabsız bədii nümunələr, atla bağlı inanclar vardır. Ata verilən önəm atalar sözləri, inanc və deyimlərdə də öz əksini tapmışdır. Məsələn, “At türkün qanadıdır”, “Türk çadırda doğar, at üstündə ölər”, “Atı quyruqlu olanın sözü buyruqlu olar”, “Sabah qalx atanı gör, atandan sonra atını gör”, “At ölümü, ər ölümü olmasın” və s. Qapıya nal vurmaq isə bəd qüvvələrin qapıdan daxil olmasının qarşısını alırmış. Onu da qeyd edək ki, at çox qədim zamanlarda kultlaşdırılan, rəmzləşdirilən heyvanlardan biri olub. At kultunun varlığı da bunu göstərir. Atı müqəddəs hesab edən türklər hətta tuğlarının (bayraqlarının) ucuna da at quyruqları taxarlarmış.
Atın türklərin həyatındakı önəmini və yerini görkəmli yazıçımız İ.Şıxlının “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağanın öz atı Qəmərə müraciətlə söylədikləri möhtəşəm səviyyədə açıqlayır. O, düşmənləri tərəfindən yalı, quruğu qırxılmış ata – Qəmərə üzünü tutub acı-acı deyir: "İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayçım idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim ürəyimdən keçənləri balaca bir işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq gecələrdə məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan, həmişə başımı uca eləmisən. Neçə dəfə sənin yalına yatıb, gözlərinə qurban, Qəmər, əlac sənə qalıb demişəm. Sən quş kimi qanad açıb məni güllənin altından çıxartmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bilirdim yeri-göyü mənə bağışlayırlar, Qəmər. İndi mən neyləyim, sənin rüsvayçılığına necə dözüm?"
Yazılı mənbələr, arxeoloji qazıntılar zamanı ortaya çıxan faktlar, daşlar və qayalar üzərindəki təsvirlər də türklərin həyatında atın özəl bir yerə sahib olduğunu göstərir. Türk alimi İ.Durmuş özünün “Türk kültür çevrəsində at” məqaləsində yazır ki, “türklər atlı mədəniyyətinin qurucusu və yayıcısı olduqları kimi, həm də bu mədəniyyətin gəlişdiricisi olaraq tarixdə öz yerlərini almışlar. Onlar atlardan faydalanmaq üçün mükəmməl texnikalara sahib olublar. Xüsusi olaraq qeyd etmək istərdik ki, türk qadınları da atdan istifadə etməkdə kişilərdən geri qalmayıblar. Bu sahədə heç bir xalq türklərin səviyyəsinə yüksələ bilməmişdir. Boşuna deməmişlər ki, “atın üstündəki türk deyilsə, yükdür”.
Yuxarıda da qeyd etdiyimiz kimi atlar ta qədim zamanlardan türklərin sosial, hərbi, iqtisadi və dini həyatında mühüm rol oynamışdır.
At sosial həyatda. Türklərdə at ən çox istifadə edilən heyvan olub. Əcnəbilərin “türklər at üstündə yeyərlər, içərlər, söhbət edərlər, yatarlar” və ya “türklər at üzərində doğulmuşlar, yerdə yürüməyi bilməzlər” ifadələri də bunu sübut edir.
Türklərin fəaliyyətinin əsasını təşkil edən ov, heyvandarlıq və düşmənlə döyüş həmişə at üstündə keçib. Ova həm tək, həm də kollektiv şəkildə at üstündə gediblər. Sürülərin otarılması, otlaqdan otlağa, qışlaqdan yaylağa, yaylaqdan qışlağa aparılması atın sayəsində olub. Ümumiyyətlə, türklərin həyatı at üstündə keçdiyindən onlarda atla bağlı yüksək mədəniyyət, bacarıq və vərdişlər formalaşmışdı. Məsələn, öz fərdi xüsusiyyətlərini ata tanıtmaq, ona cəld minmək bacarığı, at yüyürürkən onun üstündə qılınc çalmaq və ox atmaq, atın boynundan və qarnının altından keçmək, qaçan atın üstündə ayaq ustə durub ox atmaq və s.
Türklərin atı minik heyvanı olaraq istifadə etmələri atçılıq idmanının da yaranmasına və inkişafına səbəb olmuşdu. Bu idman növləri arasında at yarışları başda olmaqla cirit, covkan, kökböri və s. oyunlar daha məşhur olub. M.Kaşqarlı “Divanı”ndakı at yarışları haqqında məlumatlardan da görünür ki, türk dünyasında belə yarışlar geniş yayılıbmış.
At hərbi həyatda. Atın ilk dəfə savaş vasitəsi kimi istifadə edilməsi və oxçu süvari ordularının yaradılması da türklər tərəfindən reallaşdırılmışdır. Türklər ilk dəfə qoşqu, üzəngi, yəhər və cilovu kəşf etmiş, onların sayəsində sürətli həm nəqliyyat, həm də müharibə vasitəsi əldə ediblər. S.S.Surazakov Altay qəhrəmanlıq dastanları əsasında yazır ki, qəhrəman yalnız öz döyüş atını əldə edəndən sonra döyüşçüyə çevrilə bilir. At türklerin gözündə adətən özü ilə birliktə savaşan bir silah yoldaşı olub. Türk qəhrəmanlarının özləri kimi, onların atları da döyüşdə fəal iştirak edər, zəfərə ortaq olar, qəhrəmanlar kimi ad alar, öləndə isə xüsusi mərasimlə dəfn olunardılar. Məhəmməd Peyğəmbər demişdir ki, “Heç bir qara qüvvə damarlarında təmiz qan axan atın qaldığı komanın üstünə hücum etməyə cəsarət etməz, çünki hər gecə mələklər göydən yerə enər və atın alnından öpüb, sahibinə xeyir-dua verirlər”. Təsadüfi deyil ki, türklərin bir deyiminə görə, “At işləməsə, ər öyünməz”.
Türklərin hərbi gücünü artıran və onların çoxlu dövlət qurmalarını təmin edən ən başlıca səbəblərdən bir də, şübhəsiz ki, at olmuşdur. Bunu yazılı mənbələr də sübut edir. Məsələn, Hun hökmdarı Mo-tun Çin imperatoruna göndərdiyi bir bəyanatda “tanrının inayəti, zabitlərin, süvarilərin və atların mükəmməliyi sayəsində iyurmi altı dövləti məğlub yendiklərini” bildirmişdi. Asiya Hun ordusu Çin ordusunu Pe-teng qalasında mühasirəyə alanda da “şimalda qara atlılar, qərbdə ak atlılar, cənubda ağ atlılar, şərqdə isə dəmir-boz atlılar vardı.
Türk əsgərlərinin “qasırğalar kimi görünüb, quşlar kimi uzaqlaşmaları” məhz atın gücü və imkanları sayəsində mümkün olurdu.
At iqtisadi həyatda. Atların əti və yağı önəmli idi. Türklər at əti barədə “müşk kimi qoxar” deyərdilər. Onlar adi günlərdə, toplantılarda və özəl günlərdə də sürü halında böyütdükləri atların ətini yeyirdilər. Atın qarnından çıxan yağı çox sevirdilər. Qısır atın südü ekonomik dəyər daşıyırdı. Atların südündən yağ, qatıq və pendir hazırlanırdı. Atın südündən hazırlanan məhsullar arasında qımız ilk sırada dururdu.
Türklər hər il xarici ölkələrə minlərlə at, xüsusən də döyüş atları ixrac etməklə öz iqtisadiyyatlarını dəstəkləyirdilər. Atlar daha çox Cinə satılır, əvəzində onlardan ipək başda olmaqla, müxtəlif mallar alınırdı.
At dini həyatda. Qədim türklərdə belə bir inam varmış ki, ölən insanın o dünyada da bəzi şeylərə ehtiyacı olur. Ona görə də onun məzarına yemək, pal-paltar, digər əşyalarla yanaşı, atını da basdırırdılar. Qazıntılar zamanı qəbirlərdən insan sümükləri ilə yanaşı at sümüklərinin çıxması da bunu sübut edir.
Türklərdə at qurban etmə (kəsmək) kimi qədim bir ənənə də olub. Dini toplantılarda, and törənlərində (andiçmə mərasimlərində) atlar Tanrıya qurban edilirdi. Əsasən ayğır atlar qurban kəsilirdi.
Atları müqəddəs bilən türklərə görə, yuxuda at görmək arzuya qovuşmağa bir işarədir. Gəlin gələn qızın donuna at qılı tikərdilər ki, onun oğlu olsun. Gəlin gedən qızın gəlinlik donuna at tükü tikərdilər ki, onun ailə həyatı uğurlu olsun.
“Papaqdı, arvaddı, atdı; kişiyə urvatdı”, - deyən atalar, həm də “At muraddır”, - demişlər. Allah hər kəsi öz muradına çatdırsın!
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)