
Super User
GAP Antologiyasında Nuriyyə Lövhün “Dənizini itirmiş flaminqolar” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.
Nuriyyə Lövh
Binab
DƏNİZİNİ İTİRMİŞ FLAMİNQOLAR
Dialektik bir görüş idi
Zır kefli bir oğlan sayağı
Gözlərimin yaşını anladığında
Dil açdı cansız dalğaları.
Çaldı, çevirdi
Özünü düz yatağına çırparaq
Məni qucağına almaq
Mən onda
O məndə rahatlaşmaq istədik.
Çılpaqcasına
Toxundum şor sıxlığına.
Günəşi döşlərimin ucuna alaraq
Acı bir öpüş buraxdım şorallığına.
Yaladı duzlu dili ilə gövdəmin vətən dadını
Pıçıldadı qulağıma qıtlıqdan
Ağladı içimə talanmış varlıqdan
Yandım, yaxıldım.
Elə ki, yanıb-yaxılar bakirə dodaqlar
Dənizsiz sahillər
Və sevdasız ürəklər...
Sonra bir şey çaba vurdu bətnimdə
Boylu bir qadın sayaq
Ürəyim ağzıma gələ-gələ
Çimdirdim qara yaraları.
Qurtara bilməyəcəksən yaxamdan
Adını “Dəniz” qoy qızımın söylədi.
İllər sonra ürəyini dələn həmən bu yerlərdə
Mavi göydələnlər qovzayacaqlar
Göydələnin buynuzunda oturduqda
Dəftərində qabıq qoymuş
Duzlu yaralarımızı.
Açıqlayacaq oxuculara
Tarix yazacaq
Dənizini itirmiş flaminqolara...
Ekspress qatar çəkiləcək ürəyimin başından
Təbrizin beli bükülüb
Urmunun birçəkləri ağaracaq şoranlığımda.
Osman yumruğunu şüşləyəcək tanrıya
Duz mifinə çevriləcək Artmiya.
Yasımda saçını yolacaq Şərəfxananın günəşi.
Barı Urmunun mənsiz gecələrini bağıracaq aya.
Rəhmanlı ulduzların axıtdıracaq
Kazım daşının yalnızlığına...
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
PORTAL AKADEMİYASINDA - Bradley nəzəriyyəsindən xəbərdarsınızmı?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Abituriyentin uğur formulu
Söhbətimizin lap əvvəlində biliklər əxz etmək prosesində düzgün mütaliə, psixoloji tarazlıq ilə yanaşı prosesin digər vacib tərkib hissələrinin də adlarını sadalamışdıq ki, bunlardan birinin də düzgün rejimin, qidalanmanın, yaddaşın artırılmasına xidmət edən qida rasionundan düzgün istifadənin olmasını vurğulamışdıq.
İlk düşüncədə ağıla belə gəlməyəcək bir şey: adi su. Deməzsənmiz, müntəzəm olaraq su içmək hafizəni dedikcə gücləndirirmiş. Bu yaxınlarda Türkiyəli məşhur mütəxəssis Dr. Yasemin Bradleyin qeydləri ilə tanış oldum. Hafizəni gücləndirmək və düşüncə sürətini artırmaq üçün davamlı şəkildə ph (bir mayenn turş-qələvi balansı) səviyyəsi çox yüksək (hardasa 7,45) olan, təbii minerallarla zəngin su içmək lazımdır (Qısaca aydınlıq verim ki, 7,0 ph səviyyəsi neytral mühitdir. Səviyyə 6,9-dan 0-dək azalırsa, mayenin turşuluğu artır, səviyyə 7,1-dən 14,0-dək artırsa, onda mayenin qələviliyi artır. 7,36 – normal mühit adlanır. 7,0-dən aşağı, yəni turşuluğun yüksək göstəriciləri xəstə mühitə, 7,0-dən yuxarı, yəni qələviliyin yüksək göstəriciləri sağlam mühitə işarədir. Bir sözlə, turşulu su – ölü su, qələvili su – sağlam su adlanır).
Beynimizin 70-75%-i sudan ibarətdir, güclü yaddaşa sahib olmaq, sürətli düşünə bilmək üçün suya hədsiz ehtiyacımız var.
Bradley yazır: «Su beyinin bütün funksiyalarını sürətləndirir, su azaldığı zaman beyin əvvəlkindən yavaş işləyir. Susuz beyin bilik saxlama və hafizə yaratma imkanlarını itirir».
Bradley marketlərdən içməli su alarkən onun minerallarla, xüsusən kalsium və maqneziumla zəngin olmasına diqqət yetirməyin vacibliyini bildirir. Gündəlik kalsium ehtiyacının 70%-nin süd və süd məhsulları ilə, 16%-nin meyvə qurusu və çərəzlərlə, 6-7%-nin isə mineral sularla təmin olunması tövsiyyə olunur, amma tərkibi bol kalsiumlu (hətta bəzilərində 400 mq və daha artıq) sular içildikdə suyun müəyyən faizi ümumi balansın daha əhəmiyyətli hissəsinə cevrilə bilir.
Demək, xüsusən effektli olan səhərertə mütaliəsini bir stəkan ph səviyyəsi normaya uyğun və kalsiumu bol su içməklə başlamağın faydası böyükdür.
Gün ərzində isə mütləq yaddaşı möhkəmləndirən qidalarla qidalanmaq lazımdır. İlk növbədə qidanın antioksidantla bol olmasına diqqət yetirilməlidir. İspanaq, brokkoli kələmi, tut, omeqa-3 tərkibli balıq yağı, soya – bütün bu qidalar hafizə üçün əvəzsiz fayda verirlər.
Düzgün rejim qaydaları isə çox sadədir: Müəyyən dəqiq vaxt intervalı ilə oxumaq, arada beyin və bədən gimnastikası ilə məşğul olmaq, müəyyən saatlarda dincəlmək, açıq hava gəzintisinə vaxt ayırmaq və mütləq azı 7 saatlıq möhkəm gecə yuxusuna riayət eləmək.
Əziz dostlar. Demək,
- diqqətlə;
- sürətlə;
- artikulyasiyaya (ağızın, dilin, udlağın hərəkətliliyinə) yol vermədən;
- vertikal;
- məğzi tutmaqla;
- nəticə qorxusunu dəf etməklə oxuyur, oxuduqca düzgün rejim və qidalanma qaydalarına əməl edirsiniz, sonucda mütləq uğurlu nəticə əldə edəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
“Ölümün də öz dadı var” - TURAL CƏFƏRLİNİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı Tural Cəfərlinin şeirlərini təqdim edir.
DAD
Ölümün də öz dadı var-deyirlər,
Deyirlər ki, yaşamaqdan yorulanda-
Adamlar ölür beləcə...
Necə? Ya gecənin birində,
Ya sübhün ən gecində,
Hər necəsə, adamlar yaşamaqdan-
Yorulanda ölürmüş sən demə...
Bəs ölümün dadını-necə bilir sağ olanlar?!
Göz yaşının dadanlar, bəlkə elə bilirlər-
Ölüm də belə dadır...?!
Yoxsa hardan bilsin axı, ölümü dadmayanlar-
Necə dadı var ölümün...?!
Mən belə də yaxşıyam...
Küçə-küçə azalıram, döngə-döngə yoruluram,
Hər gün bir az da yox oluram, bir az da itirəm hamıdan...
Əvvəl məni axtaranlar, indi heç itirmirlər,
Mən də heç soruşmuram, guya heç nə bilmirəm...
Halbuki yerim bəlli, yurdum bəlli adamam,
Nə olsun axtarmırlar, mən belə də yaxşıyam,
Başımın üstündəki qara buludla dostam,
İndi çoxdan düzəlib-
Ayağımın altında qara torpaqla aram...
Mən belə də yaxşıyam, belə də darıxmıram,
Ağacların dilindən, küləklərin halından-
Daha çox anlayıram, daha çox xəbərdaram...
Gecəni gecə kimi, səhəri səhər kimi,
Yaşayıram çox şükür, hələ ağlım getməyib,
Hələ başım qaçmayıb, mən belə də yaxşıyam-
Daha heç nə demirəm, daha heç nə yazmıram-
Özümü eşidirəm, özümü oxuyuram...
Mən belə də yaxşıyam, inan mənə qadası,
Saçlarımın ağında, üzümün qırışında-
Bir az da gözlərimdə, böyümüşəm deyəsən,
Nə olsun yad olmuşam, nə olsun özgəyəm mən,
Özüm öz işığıma, izimə kölgəyəm mən...
Mən belə də yaxşıyam, təzyiqimi ölçürəm,
Nəbzim yelləncək bilir biləyimdə damarı,
Məni it də dişləmir, məni vurmur heç arı,
Bir gileyim də yoxdu, giley edərdim barı...
Soruşsan ki necəsən, bu suala qarşıyam,
Cavabımı bilirsən, mən belə də yaxşıyam...
Küçələr
İlahi, niyə bu şəhərin küçələri
Belə utancaq olur...?!
Kimi gözləyir belə, niyə danışmır axı,
Bu utancaq küçələri-
Payızda yağış yuyur, qışda küləklər yorur...
Kövrək baxışlarını sərir ayaq altına,
Unudulub elə bil, düşüb zalım əlinə,
Ancaq yadına düşür-
Kimsəsiz səfillərin, bir az da axmaqların...
Sual verirəm hərdən,
Niyə yanmır işığı-
Balaca mənzillərin, balaca daxmaların...?!
Hanı bu küçələrin xatirəsi, yaddaşı,
Hara atıblar görən, ayağa dəyən daşı?
Utancaq uşaq kimi, qısılıbdı bir yana,
Hələ ki, sözə baxır, hələ çıxmır sıradan,
Bu küçələr axırda bezəcəkdi hamıdan,
Bir gün yır-yığış edib, çıxacaqdı aradan...
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Şəhidlər barədə şeirlər – Elmir Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elmir Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELMİR ARZU OĞLU MƏMMƏDOV
(03.06.1999.-27.09.2020.)
Salyan rayonunun Xocalı kəndində doğulmuş, Salyan şəhər 1nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Daşkəsən rayonu
Dəfn yeri: Salyan rayonu, Xocalı kəndi
ELMİR ÜRƏKLƏRDƏDİR
Sizə, Elmir haqqında dinləyin, açım söhbət,
Ona da nəsib olub gənc yaşında şəhadət.
Elə igid idi o, elə qoçaq idi o ,
Qəlbi sevgiylə dolu, kindən uzaq idi o.
Salyanda doğulmuşdu, Kür çayı sahilində,
Bir şirinlik var idi, körpəlikdən dilində.
Orta məktəbi Elmir oxudu, vurdu başa,
Ali məktəbə girdi sevincdən döndü quşa.
Mühəndis-energetik olmaq üçün, durmadan
Çalışdı, “Əla”larla verdi neçə imtahan.
Nəhayət bəhrə verdi əziyyəti, zəhməti,
ADNSU-nun diplomu oldu onun qisməti.
Əsgərlik vaxtı çatdı, getdi hərbi xidmətə,
Kişilik məktəbində tab etdi şox zəhmətə.
Bilirdi vaxt gələcək hücuma keçəcəyik,
Xain soysuz yağını məhv edib biçəcəyik.
Bu yolda şəhid olmaq, qazi olmaq xoşbəxtlik,
Düşməndən şəhidlərin qanın almaq xoşbəxtlik.
Yetişdi o vaxt-vədə... Elmirgil qabaqdadır,
Əsgərlər şirə dönüb hamısı yaraqdadır.
Tapşırıq verilibdir, alınmalı Murovdağ,
Silahlar şaqqıldayır, səs gəlir, taraq-taraq.
Artilleriyaçıydı, döyüşürdü qorxmadan,
Elmirə güç-qüvvəti vermiş idi yaradan.
“Vətən sağ olsun”- deyib son anadək vuruşdu,
Uca, ali məqama şəhidliyə qovuşdu.
Heç zaman unudulmaz yaşayanlar qeyrətlə,
Elmir ürəklərdədir, xatırlanır hörmətlə.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Kəlağayımız beynəlxalq arenada
Güllü Eldar Tomarlının "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi,publisist Vaqif Osmanlıdır.
Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayııya aid şeirlər gürcü, rus dillərinə tərcümə olunub.
Xalqımızın milli mənəvi dəyərlərini ölkəmizdən xaricdə də tanıtmaq, təbliğ etmək bu günümüzün ən aktual məsələlələrindəndir. Kəlağayı həm xalqımızın sənətkarlığı, mədəniyyətini, dünyagörüşünü, fəlsəfi düşüncəsini, həm də mənəviyyatını özündə təcəssüm etdirən milli baş örtüyümüzdür.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağı göz önündədir. 2014- cü ildəkəlağayımız M.Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil olub
"'Kəlağayı milli sərvətimizdir"' kitabında yer alan şeirlər, ön söz İmir Məmmədlinin, Paşa Paşayevin, İlahə Feyziyevanın tərcüməsində gürcü və rus oxucularına çatdırılacaq. Kitabın təqdimatı Sankt-- Peterburqda, Moskvada, Gürcüstanda, "26 Noyabr Azərbaycan Kəlağayısı Günü"ndə isə Bakıda keçiriləcək.
Babalarımızın, nənələrimizin irsini yaşatmaq, tanıtmaq bizim ümdə borcumuzdur.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
Mayın 19-da saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi açılacaq. Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” qoruq muzeyinin birgə təşkilatçılığı, Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi ilə keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Azər TAC-a istinadən xəbər verir ki, sərgidə XVI–XVIII əsrlərə aid hazırda muzeyin yerləşdiyi Nesvij qalasının interyer və eksteryerlərini əks etdirən 23 planşet təqdim olunacaq. Həmçinin sərgi çərçivəsində qalanın sərgi zallarının fotoları nümayiş etdiriləcək və videoçarx təqdim olunacaq.
Ziyarətçilər üçün “Saray ziyafətlərinin ənənələri” adlı interaktiv ünsiyyətə əsaslanan ekskursiya təşkil olunacaq. Proqrama saray tədbirlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovlarının təşkili xüsusiyyətləri, eləcə də intellektual əyləncə və oyunlar haqqında bölmələr daxildir.
Litva Böyük Hersoqluğunun zəngin Radzivillər ailəsinin iqamətgahı olmuş Nesvij qalası renessans gözəlliyini, barokko dinamikasını və klassik nizam-intizamı harmonik şəkildə birləşdirən nadir nümunələrdən biridir. Bu görkəmli memarlıq abidəsi YUNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və həm Belarusun, həm də ümumilikdə Avropanın canlı mədəniyyət ensiklopediyası hesab olunur. Kompleksin tərkibinə təkcə qala deyil, həm də müdafiə istehkamları və böyük park ansamblı daxildir.
Bu gün Nesvij qalası və onun ətrafında yerləşən təxminən əlli muzey zalı həm qədim, həm də müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən unikal məkan hesab olunur.
Sərgi iyunun 15-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Sevin, sevilin, sevgi ilə qalın
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sevgi ruhun qidasıdır. Görmürük, toxuna bilmirik, onu hiss edə bilirik. Sevgi ülvi hissdir. O, yalnız iki insan arasında olan münasibətə deyilmir, ana - ataya olan bağlılıq, bacı - qardaş, dost - tanış arasında olan hisslər, eləcə Vətənə, cəmiyyətə olan məhəbbət də sevgidir.
İnsanları bir-birinə yaxınlaşdıran sevgi mehribanlıq yaradır. O, olan yerdə mərhəmət, qayğı, hörmət, anlayış olur. İnsana səbrli olmağı öyrədir, fədakarlığın əsasında durur.
Onun olmadığı yerdə nifrət, əsəb, narahatlıq, qısqanclıq var olur. Sevgi mühüm bir anlayışdır, bütün gözəl şeylərin sütununu təşkil edir. Ailədə sevgi görməyən biri kənarda sevgi axtarır, buna görə də insana qayğı ilk öncə ailədə başlamalıdır. Ata və ana övladına sevgi verdikcə bu uşaqda özünə inam yaradır, gələcəyi gözəl olur.
Uşaq olarkən yıxıldıqda analarımızın bizi sakitləşdirən baxışlarında idi sevgi. Ana sevgisi dərin və qoruyucu bir hissdir. Deyilir ki insanı danışmaq üçün yox, anlamaq üçün dinləyin. Sənin onu başa düşməyində sevgidir. Sevgi həm də biri üçün xəbəri olmadan dua etməkdir.
Dostlar arasında olan sevgi isə çətin günlərdə arxa - dayaq olur. Sonradan tanıdığım 3 dost var idi. Hər il saat 12 olanda bir - birlərinin evinə gedər, doğum günlərini birlikdə qeyd edərdilər. Biri Şəhid oldu, bu isə onlar üçün geriyə baxdıqda ən gözəl xatirələrdən birinə çevrildi. Şəhidimiz Vətənə borcunu yerinə yetirmək üçün əsgərlikdə olduğu zaman dostunun ad günü idi. Şəhidimizin ona olan sevgisinə görə əsgərlikdən 3 günlük məzuniyyət götürür və Bakıya gəlir, dostunun ad gününü 3 dost birlikdə qeyd edirlər. Onları bir-birlərinə yaxınlaşdıran mənəvi dəyər idi sevgi.
Əsl sevgi qarşılıqsız olur. Allah'a, Vətənə sevgi kimi. Necə ki igidlər uğrunda canını fəda edəndə hər daim bir cümlə səslənir - "Vətən sağ olsun".
Birinə sevgi paylaşdıqca o çoxalır. Qüvvətli bir hissdir. İnsanların həyatına rəng qatır, onları xoşbəxt edir, o, bir həyat fəlsəfəsidir.
*Bəzən sevgi şeirlərdə öz əksini tapır*
Gecələri ulduz sayaraq yarın gəlməyini gözləyən, Behcətabad xatirəsini yazan bir Şəhriyar var idi. O ki sevgiyə sübut idi.
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı
Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?
Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.
*Sevgi həm də dərin bir bağlılıq idi*
Repressiya qurbanı olan yoldaşı Əhmədə olan dərin bağlılığına görə hər cür çətinliyə dözən, Qazaxıstanın Akmola düşərgəsinə sürgün edilmiş Şükriyənin münasibətində idi sevgi. Əhmədin də eyni ilə Şükriyyəsinə olan sevgisi və bu sevgi hissləri ilə yazdığı “Şükriyyə taleyim” şeiri
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldın ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz.
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz,
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
Şükriyyə taleyim, şükür Xudaya
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürəyimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kipriyin oxdur,
Ürək qubar olar - can verəm sənsiz...
*Şəhriyar və Pəri kimi, Əhməd və Şükriyyə kimi indi isə bəhs edim Dilbər və Mikayılın möhtəşəm tanışlıq və sevgi həyatından*
Dilbərin doğmaca əmisi İdris Axundzadə, bir gün qardaşıgilə gəlir və burda qardaşı qızının ögey anası ilə rahat yaşamadığını görür. Onu özü ilə aparır. Daha sonra isə onun həyat yoldaşı Dilbəri buraxılış gecəsinə gətirir və o, burada Müşfiq ilə tanış olur. Mikayıl əmisinin yaxın dostu olur. Həmin gün Müşfiq onun arxasında oturur və nların məhəbbətinin poetik rəmzi olan hörüklərini arxaya atanda Mikayılın üzünə toxunur. Şairin sevgisi başlayır Dilbərinə. Müşfiqin sevgisi elə bir həddə olur ki sevgilisinə deyir "Ah, Dilbər, ağlımı başımdan almısan! Qorxuram desinlər ki, Müşfiq məhəbbət şairi olub".
Onların nişanları poeziya bayramı idi. Hüseyn Cavid, Abdulla Şaiq, Əhməd Cavad, Bülbül, Səməd Vurğun, Mir Cəlal, Rəsul Rza və bir çox başqaları iştirak etmişdi bu məhəbbət məclisində.
*Dilbər və Mikayılın başının üzərini alan qara buludlar*
Müşfiqdən sonra Dilbəri də aparırlar. Sonacan Dilbər onu müdafiə edir. Həbsxanada olanda onların məhəbbətinin poetik rəmzi olan hörüklərini kəsirlər. Ona deyirdilər: Müşfiqin milliyyətçi və digər təşkilatlara üzv olması barədə kağızları imzala. O, “yox” cavabını verirdi. Ona deyirdilər: Müşfiqdən imtina et, onun müqəssir olduğunu etiraf et. “Yox” deyirdi.
*Qızları Leyla Axundzadənin dilindən*
Müşfiq istedadlı idi: o, anamın tarını götürür və sadəcə mahnı oxumurdu, muğam ifa edirdi. Bax, o belə insan idi! Anam Müşfiqlə yaşayırdı, daim çıxışlar edirdi, harasa yazırdı, gah nə isə xatırlayırdı və dərhal da kağız üzərinə köçürürdü... Müşfiqin 80 illiyində o, sanki onunla vidalaşdığını hiss edirdi. Anam çıxış etməməli idi, lakin yenə də sanki gözəgörünməz qüvvələr onu çıxış etdiyi müddətdə qaldırdılar və dəstək verdilər, o isə o qədər zəifləmişdi ki! Mən ona baxırdım və hər an yıxılacağından ehtiyatlanaraq tir-tir əsirdim.
*Möcüzə*
Müşfiqi aparanda masanın üzərində “Dilbərnamə” adlı qovluq var idi: o bütün şeirlərini orada saxlayırdı, hamısı da yoxa çıxdı. Bütün ömrü boyu Müşfiq xalq mahnıları, dastanlar və sair toplamışdı, hamısını apardılar. Nə qədər əzab - əziyyətlər görmüş Dilbər Axundzadə Müşfiqin ədəbiyyatının bir qismini bərpa etdi, hətta özü də şeir yazdı. Qızı bunu möcüzə adlandırır, çünki Dilbər xanım çox əzab əziyyətlər çəkmişdi. Leyla xanımın dilindən :Bəli, Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün, onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verdilər. O, Gəncəyə, anasının yanına getdi və uzun müddət orada müalicə olundu. İlk vaxtlar o heç nə danışmırdı, heç nə anlamırdı, nə özünün, nə də Müşfiqin kim olduğunu bilirdi...
Günəşli gündüzüm, ən şirin sözüm,
Əbədi hicrinə mən necə dözüm?
Bağçanda bitibdir nərgiz, bənövşə,
Sənsiz o gülləri mən necə üzüm?
Dilbər Axundzadə
Sevginin ən yüksək mərtəbəsi isə eşqdir. Eşq isə yalnız Allah'a məxsusdu. Rəbb'ə olan eşq sevginin ən üstün mərtəbəsidir. Ondan başqa hər şey bir gün var oluşunu itirir:
"Ya Baki Entel Baki - Əbədi olan yalnızca Allah'dır (cc) və Allah'ın (cc) xaricindəki hər şey bir gün sona çatacaqdır". Allah'a həmd olsun, Rəsulu Məhəmməd Mustafa'ya salavat və salam olsun.
Sevin, sevilin, sevgi ilə qalın, Vətənimin gözəl insanları.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Dinmədik”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“DİNMƏDİK”
Yağış yağdı,
Bir gün ara vermədi,
Yağdı gecə-gündüz.
Sən dinmədin,
Mən dinmədim.
Gölləndi çöl, dərə, düz.
Dörd bir yan yağış oldu,
Yazın oğlan çağında
Qış oldu.
Sən dinmədin,
Mən dinmədim.
Bir gün gəldi
Göy qupquru qurudu,
Bir damcı da düşmədi.
Gün şaxıdı,
Çöllər yandı.
Sən dinmədin,
Mən dinmədim.
Külək əsdi,
Budaqlardan yarpaqları
Qırdı, tökdü.
Yenə susduq.
Sən dinmədin,
Mən dinmədim.
Yanğın oldu,
Tüstüsü də görünmədi.
Sən də susdun,
Mən də susdum.
Düşündük ki,
Təbiətin şıltağıdır.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
Türk xalqlarında müqəddəs dağlar kultu: semantik və mədəniyyətşünaslıq baxışı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində növbəti mövzumuz da çox maraqlıdır: Türk xalqlarında müqəddəs dağlar kultu.
Türk xalqlarının qədim inanclarında dağlar yalnız fiziki mənada deyil, həm də mədəni və dini baxımdan çox vacib bir rol oynamışdır. Bu dağlar, həmcoğrafi, həm də metafizik anlamda, ruhani bir güc, ilahi bir məkan olaraq qəbul edilirdi. Müqəddəs dağlar, türk xalqlarının mədəniyyətində, inanc sistemində və mitologiyasında mühüm yer tutmuş, bir çox dini və mifoloji obrazlarla əlaqələndirilmişdir. Bu yazıda müqəddəs dağlar kultunun semantik və mədəniyyətşünaslıq aspektlərini araşdıraraq, bu anlayışın türk dünyasında necə formalaşdığını, inkişaf etdiyini və dağların türklərin həyatında hansı rolu oynadığını nəzərdən keçirəcəyik.
Müqəddəs dağların semantik anlamı:
Türk mədəniyyətində dağlar yalnız fiziki ərazilər deyil, həm də semantik bir güc, müqəddəs bir məkan kimi qəbul edilmişdir. Dağların mifik və simvolik mənaları, Türk xalqlarının kosmos və dünya görüşü ilə sıx bağlıdır. Türk xalqlarında dağlar ən çox aşağıdakı anlayışlarla əlaqələndirilir:
1. Tanrı ilə əlaqə: Dağlar, Tanrı ilə birbaşa əlaqə qurulan yerlər kimi qəbul edilirdi. Bu anlayış, şamanist və tenqriçi inanc sistemlərində əsas yer tuturdu. Dağlar, göy ilə yer arasında bir körpü rolunu oynayır, ruhların Tanrı ilə birbaşa ünsiyyət qurmasına şərait yaradırdı.
2. Ruhani səyahət və təmizlənmə: Dağlar, bəzən ruhani təmizlənmə və yüksəlişin təcəssümü olaraq da görülürdü. Bir çox türk xalqında dağlara və yüksək yerlərə səyahət etmək, insanın özünü ruhani cəhətdən təmizləməsi və gücləndirməsi ilə bağlıdır. Bu, həm də ölümdən sonra ruhun göyə yüksəlməsini simvolizə edən bir anlayışdır.
3. İlahi güc və qoruyuculuq: Dağlar həm də müqəddəs bir qoruyucu olaraq görülür. Bu, dağların insanların yaşadığı əraziləri qorumaqla yanaşı, həm də hərbi və sosial müqəddəsliyin simvolu kimi qəbul edilməsini təmin edirdi. Dağlar, bir çox əfsanə və rəvayətlərdə insanların yaxşı taleyi üçün qurbanlar kəsilən və dualar edilən yerlər olmuşdur.
Türk mifologiyasındaki müqəddəs dağlar:
Türk mifologiyasında dağlar bir çox müsbət və mənfi məna kəsb edən simvollarla təmsil edilmişdir. Aşağıda bir neçə məşhur müqəddəs dağ haqqında mədəniyyətşünaslıq və semantik baxımdan detallı məlumat verilir:
1. Altay dağları: Altay dağları, türk xalqlarının ruhani həyatında mühüm yer tutan müqəddəs məkanlardan biridir. Altay dağları, xüsusilə Tengri inancında Tanrının mərkəzi olaraq qəbul edilirdi. Bu dağların zirvələrinə "Tanrı dağları" deyilir, burada Tanrının iradəsi yer üzünə endirilir. Altay mədəniyyətində bu dağlar, ölümsüzlük və ilahi qüvvələrin yerləşdiyi yer kimi simvollaşdırılır.
2. Süleyman dağı: Türk mifologiyasında Süleyman dağı da müqəddəs sayılır. Bu dağda Tanrı tərəfindən insanların sınaqdan keçirilməsi, mənəvi təmizlənmə və yüksəliş anlayışları ilə əlaqələndirilir. Xüsusilə Süleyman dağı müqəddəs bir yer olaraq türk şamanizmi və islam öncəsi türk inanclarında əhəmiyyətli yer tuturdu.
3. Qaf dağı: Qaf dağı da türk mədəniyyətində müqəddəs bir yer olaraq çıxış edir. Bu dağ haqqında geniş şəkildə təbliğ olunan əfsanələrdə, həm yerin göydən ayrılması, həm də Tanrı ilə birbaşa əlaqə qurulması təsvir edilir. Qaf dağı, həm də həyatın və ölümün arasında bir sərhəd kimi görülür.
Müqəddəs dağlar və Türk şamanizmi:
Şamanizm, türklərin ən qədim inanclarından biri olub, müqəddəs dağlar kultunun mərkəzində yer alır. Şamanlar, dağlara gedərək Tanrı ilə əlaqə qurur və orada ruhani təcrübələr əldə edirdilər. Bu təcrübələr, dağların insanları ruhən təmizləməsi və onları yüksək mənəvi səviyyəyə qaldırması ilə əlaqələndirilirdi.
Şamanların dağlara gedib ruhani səyahətlər etməsi, həm də göy dünyasına çıxmağın bir simvolu idi. Dağlar, şamanların Tanrı ilə əlaqə qurmaq üçün yüksəkliklərə çatması üçün ən uyğun məkanlar olaraq görülürdü.
Müqəddəs dağların simvolik əhəmiyyəti və Türk həyatında rol:
Müqəddəs dağlar, türk xalqlarının həyatında sosial və mədəni baxımdan da mühüm rol oynamışdır. Dağlar yalnız ruhani yerdəyişmənin deyil, həm də gündəlik həyatda həyatın həm sosial, həm də mədəni aspektlərini təşkil edən məkandır. Dağların müqəddəsliyi, türklərin göy və yer anlayışının təcəssümüdür, hansı ki, bu qarşılıqlı əlaqə mədəniyyətin çoxsaylı ifadələrində özünü göstərir.
Müqəddəs dağlar, həm də təbiətin qorunması və kəndlərin, şəhərlərin müdafiəsi baxımından önəmli bir əhəmiyyətə malik olmuşdur. Əfsanələrə görə, müqəddəs dağlar çətin şəraitdə həyatın davam etməsi üçün mübarizənin və müqavimətin məkanı hesab edilirdi.
Nəticə.Türk xalqlarında müqəddəs dağlar kultu, türk xalqlarının təbiətə olan baxışının, ruhani dünyagörüşünün və mədəniyyətlərinin təcəssümüdür. Dağlar, yalnız coğrafi mənada deyil, həm də ruhani, mədəni və dini baxımdan önəmli məkanlar kimi qəbul edilmişdir. Dağlar, Tanrı ilə əlaqənin qurulması, ruhani təmizlənmə, qorunma və cəsarət anlayışlarını simvolizə edərək türk xalqlarının kollektiv yaddaşında izlər buraxmışdır. Bu mədəniyyətin öyrənilməsi, türk xalqlarının təbiətə və ilahi güclərə olan mənəvi bağlarını daha yaxşı başa düşməyimizə imkan verir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)
“Səsin niyyəti” - HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yeni yazdığı “Səsin niyyəti” hekayəsini təqdim edir.
- Gərək əlimi başıma yığıb sənə bir telefon alım, Papa canı düz deyirəm...
Bir əli ilə yuxarıdan sallanan tutacaqdan tutmuş, digər əlində qaloş boyda telefonla hündürdən elə danışırdı ki, sanki təkdir, heç kim yanında yoxdur. Telefon tutmuş arıq, nisbətən qırışmış əlinin qəribə qarışıq rəngi vardı. Dırnaqlarına nəsə xallı uzun bir şey keçirmişdi, kəklik yumurtası qabığına oxşasa da, qartal caynağı formasında idi...
Boz simasına yabanı olan qabardılmış dodaqlarının arasından çıxan çox gənc, məlahətli, zərif səslə davam edirdi:
- Çox darıxmışam sənin üçün. Gələn həftə mütləq görüşək. Sənin telinə dünya dəyməz... Yox, bu həftə mümkün deyil, gələn həftəyə söz verirəm...
Avtobus basabas idi. Bir ahıl nənə mindi, kart vurub, özünü birtəhər salona saldısa da, əlindəki diyircəkli yol çantasını xeyli əziyyətlə çəkib yanına gətirdi. Əlində yekə bir telefonda “İqra” oynayan 5-6 –cı sinif çagirdinə baxmağa başladı. Uşaq iki nəfərlik yerdə yayxanıb oturmuş, yanına da çantasını qoymuşdu. Başı elə qarışmışdı ki, elə bil avtobusda deyil, yolda bahalı xarici maşın sürür. “Peşəkarlıqla” oyunun içinə girmişdi.
Nənə o uşağın qoluna barmağıyla toxunaraq, mülayim, nəsihətvari səslə:
- Bala çantanı götür, bura ikinəfərlik oturacaqdır. – dedi.
Uşaq çox diqqətlə yolda “maşınını” sürürdü, nənəni təbii ki, eşitmirdi, “qəza” edə bilərdi. Nənə ikinci dəfə ona eyni qaydada müraciət edib, uşağın yanında, ayaq üstə, kürəyində çantası olan və ondan bir-iki yaş kiçik olan digər oğlanı göstərdi:
- Qoy bu uşaq da yanında otursun.
- Yox oturmaq istəmirəm... – Bu uşaq da əlindəki telefondan başını qaldırmadan dedi.
O da “qəza” edəciyindən qorxurdu. Amma tez-tez “qəza” edirdi. Görünür diqqəti başqa yerdə, aləmdə idi.
Nənə üçüncü dəfə uşaqlara nəsə deyəndə, telefonla danışan zərifsəsli qadın ona tərs-təsr baxıb:
- Oturmaq istəmir, əl çəkin də.- dedi.
Onun səsinin tonu, rəngi, musiqisi, elə dəyişdi ki, elə bil zərif bir qız, adamyeyən quleybanıya çevrildi...
İnsan boyunu, rəngini, sifət qurluşunu, lap dirsəyinin formasını, demək olar ki, heç nəyini səsi qədər tez, geniş diapozonda, mələkdən şeytana qədər dəyişə bilməzmiş...
Nənə daha heç nə demədi. Sakitcə pərt olmuş baxışlarını avtobusun pəncərəsindən çölə atdı, xəyalən isə, salonu tərk edib bəlkə də bu aləmdən qaçıb uzaqlaşırdı, keçmişə, gəncliyinə, o dövrlərə çıxıb getdi... Ona avtobusa minməkdə mane olan andıra qalmış təkərli çantasını, qalın “Balonkasını” da adamların arasına atdı...
- Düzünü de görüm, ac deyilsən, canım?
Qadının səsi yenə qayalıqlarda uçuşan zərif səsli quşların səsinə bənzədi. Danışıq tərzi, gülüşlərini isə zornan çiçəklərə qonan kəpənəklər kimi xəfif etməyə çalışsa da, bacarmadı, bal, nektar yığan eşşək arılarının dızıltısna bənzədi.
- Sağ ol, canım, gələn həftə mütləq görüşəcəyik, mən çox darıxmışam... Sağ ol, öpdüm.
Ayaq üstə dayanan oğlan tez-tez “qəza” etdiyi “maşından” düşüb, başını telefondan yuxarı qaldıraraq şübhəli səs tonuyla soruşdu:
- Ana, atamla danışırdın? Nə deyirdi, işdən gəlib?
Qadından indi çıxan səsin rəngi, musiqisi, qoxusu qədər insanı həyatdan iyrəndirən ikinci bir şey ola bilməzdi.
- Heç... Deyirdi evdəyəm, sizi gözləyirəm...
“Ədəbiyyat və incəsənət”
(15.05.2025)