ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 Çağrı Mərkəzinə 10 000 000-cu  müraciət daxil olub.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Agentlikdən məlumat verilib.

 

1 fevral 2013-cü il tarixindən fəaliyyətə başlayan 108 Çağrı Mərkəzi “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinin, "ABAD" publik hüquqi şəxsin, MİDA-nın fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. 108 Çağrı Mərkəzi səsboğucu funksiyalı iş masaları, müasir kompüterlər, proqram təminatları, normativ hüquqi baza və operativ məlumat bazası ilə təchiz olunub. Ən son texnologiyalara əsaslanan Sipline Çağrı Mərkəzi və telefoniya sistemi vasitəsilə fasiləsiz və keyfiyyətli xidmət təmin edilir.

Gün ərzində orta hesabla 5000-dən çox olmaqla, bu günə qədər ümumilikdə 10.000 000 müraciət qəbul olunub.

Hazırda 108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək canlı rejimdə, qeyri-iş saatlarında, bayram və istirahət günlərində isə avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycanın istənilən regionundan stasionar telefon vasitəsilə “108” nömrəsini yığaraq  bu xidmətlərdən ödənişsiz istifadə oluna bilər.

Biz də fürsətdən istifadə edib ölkəmizə başucalığı gətirən ASANçıları təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

Çərşənbə axşamı, 01 İyul 2025 18:11

PORTAL AKADEMİYASINDA - Fidlerin şərait liderliyi modeli

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Fidlerin şərait liderliyi modeli

Dərhal bildirim ki, şərait liderliyi təliminin banisi Amerika psixoloqu Fred Fidler hesab olunur, bu təlim dünyada praktik baxımdan kifayət qədər uğur qazanıb və bu səbəbdən, Fidler modeli üzərində nisbətən əhatəli dayanacağam.

Ötən əsrin 60-cı illərində üzərində çalışmağa başlanılan bu model liderin tabeçiliyində olan işçi qrupunun effektivliyini müəyyənləşdirə bilmək imkanı yaradır. Modeldə hər hansı liderlik stilinin müvafiqliyi və şəraitə uyğun nəzarət edilməsinin üç dəyişik situasiya vəziyyəti əsas götürülür.

Lider stilinin ölçülməsi və təyin edilməsi üçün Fidler səkkizballıq şkalalarda işləyib hazırladığı «ən az üstünlük verilən işçi» (ƏÜİ) xarakteristikasını təklif edir. Bu şkalaya uyğun olaraq liderlər arasından seçilmiş respondentlərə hər şkala mövqeyində cavaba görə müəyyən ballar verilir. Respondent uğur gətirən və heç bir vəclə uğur gətirməyəcək xüsusiyyətlərini vurğulayır, tabeçiliyindəki işçiylə münasibətlərini aydınlaşdırır, arzuladığı qipotetik şəxsiyyətin obrazını yaradır.

Şkalanın bütün mövqeləri üzrə ballar hesablanandan sonra liderin stili müəyyənləşdirilir.

Belə ki, öz ƏÜİ əmsalı çox pozitiv xarakterizə edilən və yüksək ballar qazanan lider-respondentlərin şəxsi münasibətlərə yönəli stilə malik olmaları bəlli olur, əksinə, öz ƏÜİ əmsalı çox neqativ xarakterizə edilən lider-respondentlərin isə iş prosesinə yönəli stilə malik olmaları bəlli olur. Müvafiq olaraq bu iki lider tipinə də Fidler «ƏÜİ əmsalı yüksək olan lider» və «ƏÜİ əmsalı aşağı olan lider» adlarını verir. Fidlerin qənaətinə görə, liderlik stili nisbətən daimi qalır və situasiyadan situasiyaya demək olar ki, dəyişilmir. Fidler bunu bu stillərdə individin şəxsi münasibətə motivasiyalaşması və işə motivasiyalaşmasından ibarət olan ən əsas motivasiya növlərinin olması ilə izah edir.

Modeldə şəraitin nəzarətedilən və əlverişli olması liderə şəraitə nəzarət etməklə ardıcıllarına təsir edə bilmək dərəcəsi kimi izah olunur. Bu dərəcə yuxarı və aşağı ola bilir ki, birinci halda liderin işlərin gedişinə təsir edə bilmək üstünlüyü nəzərə alınaraq onun qərarlarının proqnozlaşdırılan nəticələr verəcəyi gözlənilir, ikinci halda isə liderin qərarının arzuolunan nəticə verməyəcəyi də göz altına alınır.

Fidlerin dəyişkən şəraitlər modelində ƏÜİ əmsalı yüksək və ƏÜİ əmsalı aşağı olan lider stillərinin fəaliyyətindəki effektivlik yüksək, orta və aşağı həddə olan görülən işlərin həcmindən asılı olur ki, bunları da

a) kollektivdə münasibət;

b) işdə strukturlaşma;

c) vəzifəlilik hakimiyyəti kimi bəndlərdən ibarət şərait dəyişiklikləri şərtləndirir.

Model birmənalı olaraq ƏÜİ əmsalı yüksək olan liderin ƏÜİ əmsalı aşağı olan liderdən daha effektiv olmasını, daha yüksək nəticələr əldə etməsini təsdiqləyir. Modelin şərait kontiniumunda «işçilərlə münasibət, işdə strukturlaşma və liderin mövqeyi» şəraitləri əsasında formalaşan əlverişli şərait «yarışmasında» işin nəticəsinə meyilli olan ƏÜİ əmsalı aşağı liderin işçilərlə münasibətə meyilli olan ƏÜİ əmsalı yüksək liderə rəğmən məğlub duruma düşməsi izah olunur, rəqibinin olduqca əlverişli şərait yüksəkliyinə öz az əlverişli şərait aşağılığından baxması əks olunur.

Bu model xüsusən böyük korporasiyalarda rəhbərlərə effektiv liderliyin sirlərini öyrətməkdə köməklik edir.

Fidlerə görə, təlim-tədris və təcrübə vasitəsi ilə liderin hakimiyyətdən istifadəetmə və şəraitin bütün rifahlarından mənimsəmə qabiliyyətlərini yaxşılaşdırmaq mümkündür. Fidlerin metodu dönə-dönə xəbərdarlıq edir ki, mənəvi faktora söykənən, yəni tabeçilikdə olan insanlarla münasibətə söykənən konsepsiya lideri uğura aparan yol olduğu halda maddi faktora söykənən, yalnız işin keyfiyyətinə, məhsuldarlığa istinad olunan konsepsiya lideri tənəzzülə aparır.

Və oxucularıma onu da bildirim ki, Fidlerin şərait liderliyi modeli təkcə iqtisadiyyata şamil edilməklə məhdudlaşmır, xüsusən 3-cü minillikdə bu modelin siyasi çalarları da ayrı-ayrı dövlət liderlərinin tətbiqi sayəsində özünü büruzə verməkdədir.


“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Çərşənbə axşamı, 01 İyul 2025 17:42

Karikatura çəkmək, elə bilirsiniz, asandır?

"Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir"

                                                                                          Şair Tofiq Mahmud

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Karikatura rəssamlığın ən dahiyanə, ağır sahəsidir. Sözsüz, səssiz, bir şəkillə gülüş yarada bilmək qabiliyyəti hər kəsdə olmur. Gəlin Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Bulud Qasımovu tanıyaq. Bu gün onun doğum günüdür.

 

Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirib. Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət edib. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edib.

Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləyib. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləyib. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.

Bulud Qasımov Azərbaycan dövrü mətbuatında, o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışıb. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib. Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.

 

Kitabları

1. Rəssam Bulud Qasımov — Məni tanıyanlar.

2. Bulud Əlişoğlu. "Şəhid yuxusu"

3. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi)

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində mövzumuz 100 illiyi yaxınlaşan Birinci Türkoloji Qurultaydır.

 

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay, türkdilli xalqlar arasında elmi və mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədi daşısa da, tədbirin keçirildiyi zamanın siyasi mənzərəsi — Sovet ideologiyasının yüksəlişi — Qurultaya xüsusi çalarlar əlavə etmişdir. Qurultay yalnız elmi dialoq platforması deyil, həm də SSRİ-nin çoxmillətli imperiya siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Bu yazıda Qurultayın Sovet kontekstində ideoloji mahiyyəti, siyasi maraqlar və onların elmi müstəviyə təsiri təhlil edilir.

 1920-ci illər Sovet İttifaqı üçün həm siyasi konsolidasiya, həm də ideoloji formalaşma dövrü idi. Yeni qurulan Sovet respublikalarında xalqların “milliyyətlər üzrə mədəni inkişafı” siyasəti yürüdülürdü. Türkoloji Qurultayın təşkili bu siyasətin bir hissəsi idi: məqsəd, türkdilli xalqlara özlərini ifadə etməyə imkan verirmiş kimi görünməklə, əslində onların elmi fəaliyyətlərini mərkəzdən yönləndirmək və nəzarətdə saxlamaq idi.

Qurultayın keçirilməsi üçün Bakı şəhərinin seçilməsi də təsadüfi deyildi — həm strateji coğrafi mövqeyi, həm də zəngin ziyalı potensialı olan bir mərkəz idi.

 Qurultayda çıxış edən alimlər, əsasən, türkologiyanın aktual problemlərinə toxunsalar da, çıxışların ümumi ruhunda ideoloji məqamlara riayət aydın sezilirdi. Məsələn:

  • Latın əlifbasına keçid təklifi, bir tərəfdən, modernləşmə kimi təqdim edilsə də, əslində ərəb əlifbası ilə islam irsindən uzaqlaşma vasitəsi idi.
  • Qurultay çərçivəsində ümumtürk birliyi anlayışı məhdudlaşdırılır, onun yerinə “sosialist millətlər ailəsi” ideyası vurğulanırdı.
  • “Milli özünüdərk” ifadəsi çox ehtiyatla istifadə olunurdu, daha çox “sosialist mədəniyyətinin inkişafı” termini işlədilirdi.

Bütün bu məqamlar göstərir ki, Qurultayda ifadə olunan elmi fikirlər müəyyən ideoloji filtrlərdən keçərək təqdim olunurdu.

 Qurultaydan sonra Sovet rejiminin sərtləşməsi ilə bir çox tanınmış türkolog alimləri repressiyalara məruz qaldılar:

  • Zəki Vəlidi Toğan Sovet ideologiyasını qəbul etmədiyinə görə ölkəni tərk etdi və sonradan Türkiyədə fəaliyyət göstərdi.
  • Hüseyn Cavid, Musa Cəlil, Əhməd Cəfəroğlu kimi ziyalılar Sovet dövlətçiliyinə təhdid hesab edildikləri üçün həbs olundu və bəziləri güllələndi.
  • Bəzi alimlər isə məcburi şəkildə Sovet ideologiyasını dəstəkləyən yazılar yazmağa, “xalq düşmənləri”nə qarşı ifadə verməyə vadar olundular.

Bu faktlar göstərir ki, Qurultay azad elmi fəaliyyət üçün platforma olmaq əvəzinə, siyasi manipulyasiyaların bir vasitəsinə çevrilmişdi.

 1926-cı il Bakı Türkoloji Qurultayı, öz zamanında elmi baxımdan əlamətdar bir hadisə olsa da, Sovet ideoloji çərçivəsi daxilində formalaşdırılmış və siyasi məqsədlərlə yönləndirilmiş bir tədbir idi. Qurultayda səslənən fikir və təşəbbüslər bir tərəfdən türkologiyanın inkişafına yol açsa da, digər tərəfdən rejimin mədəni idarəçilik siyasətinin alətinə çevrildi. Bu yazıda da göstərildiyi kimi, Qurultay həm ümumtürk mədəni düşüncəsinin təntənəsi, həm də onun sərhədlərinin cızıldığı bir məqamdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1556-cı ildə İraqın Kərbəla şəhərində vəfat edən və öz vəsiyyətinə əsasən İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarının 1984-cü ildə dağıdılması bir dövr mətbuatında geniş müzakirə olunmuşdu. Bu hadisə ilə bağlı yayımlanan bəzi yazılarda təhriflərə də yol verilmişdi. Lakin son illərdə Türkiyədə dərc olunmuş elmi araşdırmalarda bu hadisəyə dair yeni və diqqətəlayiq faktlar ortaya çıxıb.

 

1984-cü ilin yaz gecəsində Səddam Hüseynin göstərişi ilə buldozerlər İmam Hüseyn türbəsinin ətrafındakı tikililəri dağıtmağa başladı. Rəsmi bəhanə yol qovşağı tikintisi idi. Söküntü zamanı məhv edilən tikililərdən biri də Füzulinin məzarının yerləşdiyi türbə oldu. Ancaq türbə dağıdılanda artıq Füzulinin məzarı boş idi. Çünki bir gün öncə Səddam rejiminin nümayəndələri məzarın içini açaraq böyük şairin qalıqlarını çıxarmış və Sultaniyyə məscidinə köçürmüşdülər. Füzulinin sümükləri uzun illər bu məsciddə saxlanıldı. Lakin bir müddət sonra həmin məscidin də yol tikintisi səbəbilə sökülməsi gündəmə gəldi və bu dəfə də şairin nəşinin taleyi qeyri-müəyyən qaldı.

Həmin dövrdə, Azərbaycan SSR rəhbərliyi İraq hökumətinə rəsmi nota göndərərək Füzulinin oğuzların Bayat tayfasından olan bir Azərbaycan şairi olduğunu qeyd edir və onun nəşinin Azərbaycana gətirilib, burada yüksək səviyyədə dəfn olunması üçün icazə istəyirdi. Lakin İraq tərəfi bu təkliflə razılaşmadı. Türk müəlliflərinin araşdırmalarında bildirilir ki, iraqlı rəsmilər cavablarında belə demişdilər: "Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşamışdır. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə bu torpaqdan çıxarıla bilməz."

Hadisədən illər keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi. Bu dəfə Azərbaycan dövləti İraqla birbaşa əlaqə qurdu və Füzulinin nəşinin ölkəyə gətirilməsi üçün rəsmi müraciət etdi. Qarşı tərəf isə bunun əvəzində belə bir təklif irəli sürdü: "Biz də Türkiyədən xahiş edərik, İslamdan öncəki dövrün məşhur ərəb şairi İmrul-Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə icazə verilsin." Nəticədə İraq tərəfi bir daha təklifi rədd etdi.

Bununla belə, Azərbaycanın təkidi davam etdi. 1994-cü il sentyabrın 17-də Bağdadda “Füzuli” Konqresi keçirildi. Azərbaycanın tanınmış ziyalıları və füzulişünaslarından ibarət 128 nəfərlik nümayəndə heyəti Bağdada səfər etdi. Heyət üzvləri Füzulinin məzar məsələsinin həll olunmayacağı təqdirdə ölkəni tərk etməyəcəklərini bildirdilər. Üç gün və üç gecə davam edən danışıqlardan sonra İraq hökuməti Füzulinin qalıqlarının hörmətli bir məkanda dəfn ediləcəyinə və onun üçün yeni türbə tikiləcəyinə söz verdi.

Yeni məkan Azərbaycan tərəfinin seçimi ilə müəyyənləşdirildi — Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə yönünə baxan əlyazmalar hücrəsi. Füzulinin sümükləri həmin yerdə dəfn olundu və məzarın üzərinə mərmər kitabə yerləşdirildi. Lakin bütün bu proseslər zamanı, Füzulini özünün böyük şairi hesab edən Türkiyə tərəfi susqun mövqe sərgilədi. O gündən bəri, yəni 1995-ci ildən etibarən, Füzulinin məzarı həmin məkanda yerləşir.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Çərşənbə axşamı, 01 İyul 2025 16:05

GAP Antologiyasında Rəsul Qədirinin “Qadın” şeiri

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 

 

Rəsul Qədiri

Təbriz

 

 

QADIN

 

Sən gözəlsən

Səni qara çadralar altında gizlətdikləri

Din deyilən zorakılığa izlətdikləri

Və qəlbıqara eşinin düşündükləri

Dəyişdirəməz bu gerçəyi!

 

Sən gözəlsən

Allah da gözəldir deyirlər

Və gözəllikləri sevir

Hahaha....ha!

Bəs nədəndir onun adını saqqız edənlərin  

Onun arxasında gizlənənlərin

Onun zadından çörək yeyənlərin

Görər gözləri yoxdur bunca gözəlliyi görməyə?!

 

Sən gözəlsən

Kirpiklərinin hər biri

Ox olsun kor olmuş gözlərinə

Qaşların

Dar çəkilmiş iki yay olsun oxlara

Uzun saçların  

İp olsun dolaşsın boyunlarına

Yox-yox!  

Heyifdir o cənnət qoxulu saçlara!

Hörülsün əski nağıllardakı kimi  

Yol olsun könül evinə varmaq istəyənlərə

Dodaqların

Ah!  

O çiçəklənməmiş qönçəyə bənzəyən dodaqların

Çiçəklənsin

Güllənsin varlığını bağırmağa  

Gözəlliyin qoxusunu yaymağa

Düzülsün sözcüklər ard-arda

Yanğıdan çatlamış çöllərə şıdırğı yağmurlar yağdırmağa!

 

Sən gözəlsən  

Və biz gülsüz

Çiçəksiz

Gözəlliksiz qışlardan bezmişik artıq

Gəl novruzgülü ol bahar muştuluğunu gətir  

Rəngbərəng geyimlərə bürün yay bolluğunu yetir

Varlığımız səndən asılıdır inan!

 

Sən gözəlsən  

Və mən adını belə bilmirdim

Mat qamışdım anlayan gündən gözəlliyinə çünkü

Sonunda bir gün topladım bütün qorxmazlığımı  

Saldım aşağı başımı  

Və sordum:  

Ay gözəl nədir adın?

Söylədin:

«QADIN»!...

 

 “Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

Çərşənbə axşamı, 01 İyul 2025 15:36

Könül adamı Tapdıq Əlibəyli

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Daxili dünyası çox zəngindir. Həssas və duyğusaldır. Güclü olmağı xoşlayır. Hər eşitdiyinə inanmır,onun üçün həqiqət gözlə qulağın arasında baş verən hadisələrdən ibarətdir.Şair, publisist Tapdıq Əlibəylini deyirəm. Haqqında o qədər deyilib, o qədər yazılıb ki, deyiləsi bir söz qalmayıb. Heç bilmirəm nədən və haradan başlayım. Sosial şəbəkədəki səhifəsini araşdırdıqca onun nə qədər alicənab, dostcanlı, genişürəkli adam olduğunun şahidi oluram. Bütün bayramlarda, o cümlədən dostların ad günlərində insanları müntəzəm təbrik etməyə tələsir. Sanki bunu özünə bir borc bilir. Bir də səyahət etməyi xoşlayır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada olmasın. Oradan şəkil paylaşmasın...

 

Yaradıcılığı barədə danışsam uzun çəkər. Yaxşısı budur ki, az da olsa, onun şəxsi keyfiyyətlərindən sizə söhbət açım. 1 iyul 1961-ci ildə anadan olub. Orta təhsilini tərifnamə atestatı ilə bitirərək, Bakı Dövlət Universitetində filologiya ixtisasına yiyələnib...

 

 Yaxşı yadımdadır, el ağsaqqalı Mir Baxas ağa haqqında film hazırlayanda yolum onun dünyaya gəldiyi Bürzünbül kəndinə düşmüşdü. Kənd əhalisinin necə mehriban, qayğıkeş olduqlarına heyran qalmışdım. Uşaqdan böyüyə hər kəs can yandırır, filmin uğurlu alınmasında bizə kömək edirdi. Yeri gəlmişkən, uzun illər prokurorluq orqanlarında çalışan, şeirlərinə bir sıra məşhur mahnılar bəstələnən, şair Sabir Abdinov da həmin kənddəndir. Bax, haqqında danışdığım Tapdıq Əlibəyli bu kənddə, Abış kişinin ailəsində dünyaya gəlib. “Tapdıq” sözünün müxtəlif cür yozumları var, onlardan biri də- gözlənilmədən aşkar olunan, qəfildən əldə edilən- deməkdir...

 

Jurnalist, yazıçı Akif Cabbarlı onun barəsində deyir:- “Tapdıq Əlibəyli imzası mənə çoxdan tanış idi. Şeirlərindəki vətənpərvərlik hissləri, yurdsevərlik duyğuları bu adamın bütövlüyündən, milli ruhundan, mərdliyindən soraq verirdi. Və bir gün görüşməli olduq. Türk Ağsaqqalları İctimai Birliyinin təsis yığıncağında bir araya gəldik. İlk baxışdan bu adamın Vətənə, dövlətə nə qədər böyük məhəbbət bəslədiyini, Azərbaycanı, Azərbaycan əsgərini bağrına basmağı özünün şərəf işi, vicdan borcu hesab etdiyini duymaq o qədər də çətin deyildi. Tədbirin sonunda xeyli söhbətləşdik, sonra digər dostlarımızla birgə çay süfrəsi ətrafında fikir mübadiləsi də etdik, düşüncələrimizi bölüşdük. Ayrılanda mənə “Payız çöhrəsində yazdı 44 gün” adlı şeir toplusunu bağışladı. Və təvazökarlıq duyğuları ilə: “...vərəqləyin, xoşunuza gəlsə, fikrinizi bildirərsiniz”, dedi. Bu istiqanlı adam bəziləri kimi mütləq bir yazı amacında olduğunu demədi və onun bu təbiiliyi də ürəyimcə oldu.”

 

Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir. Yanılmıramsa, indiyədək iyirmi beşə yaxın kitabı işıq üzü görüb...

 

Ümumiyyətlə, Tapdıq Əlibəylinin ədəbi yaradıcılığı “Qızıl qələm” döş nişanı- media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülüb. Prezident təqaüdçüsüdür...

 

O, sözün əsl mənasında könül adamıdır, səmimidir, qeyri təbiilik ruhuna yaddır. Əzəmətli görünüşü isə vücuduna bir başqa yaraşıq verir. Necə deyərlər, köhnə kişilərə xas olan görkəmi, lopa bığları onu daha da zabitəli göstərir. Azərbaycançılıq ənənələrinə həmişə sadiqdir, bu dəyərlərə böyük qiymət verir…

 

Bəli, ağsaqqallığı, müdrikliyi ilə qəlblərdə yuva quran Tapdıq Əlibəylinin bu gün - iyulun 1-də 64 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

 

Çərşənbə axşamı, 01 İyul 2025 15:00

Azərbaycan filmləri - "Qanun naminə" və osetin Vatayev

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil. Yəqin ki, çoxlarınız “Qanun naminə” filminə baxıb. Film geniş tamaşaçı kütləsi arasında daha çox “Mehman” adı ilə tanınır.

 

Filmdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən bəhs olunur. Rayonların birinə işləməyə gəlmiş prokuror Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur.

Yazıçı Süleyman Rəhimovun “Mehman” povesti əsasında ekranlaşdırılan “Qanun naminə” filmini rejissor Muxtar Dadaşov çəkib. Bu ekran əsərində baş rolu – Mehmanı canlandıran aktyor azərbaycanlı deyil, milliyətcə osetindir. Söhbət tanınmış sovet teatr və kino aktyoru Bimbolat Vatayevdən gedir. Bu gün filmdən ziyadə Mehman rolunu oynayan Bimbolat Vatayevin həyatı barəsində də danışmaq qərarın gəldim və aktyor haqqında əldə etdiyim məlumatları oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.

 

Bimbolat Vatayev 1939-cu il martın 15-də Şimali Osetiya Muxtar Respublikasının Yeni Batako şəhərində anadan olub. Məşhur Şukin teatr məktəbinin məzunu olan Bimbolat Vatayev Yuri Lyubimovun rəhbərliyi altında təhsil alıb. Məktəbin məzunları Taqanka teatrının əsas özəyini təşkil edib.

Bimbolat Vatayev 1959-cu ildən Şimali Osetiya Musiqili - dramatik teatrında, sonralar isə 1964-1965-ci illərdə Taqanka Dram və komediya teatrında fəaliyyət göstərib. 1969-cu ildən 1975-ci ilə qədər “Tacikfilm” kinostudiyasında aktyor və televiziya filmlərində rejissor kimi fəaliyyət göstərib.

Bimbolat Vatayev 1994-1998-ci illərdə Şimali Osetiyanın mədəniyyət naziri postunu tutub.

Kino karyerası boyu 50-dən artıq obraz yaradan Vatayev “Rüstəm haqqında əhvalatlar” bədii trilogiyasındakı roluna görə Panama kinofestivalında ən yaxşı kişi rolu nominasiyasında qalib gəlib.

O, 2000-il mayın 9-da Vladiqafkaz şəhərində dünyasını dəyişib və Şərəf Xiyabanında dəfn olunub. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var.

2009-cu ildə Şimali Osetiyada Bimbolat Vatayevin 70 illik yubileyi keçirilib. Lakin Şimali Oseyita mədəniyyətinin məşhur nümayəndəsi öz yubileyini görə bilmədi.

60 ildən bir qədər artıq yaşadığı ömrü boyu Şimali Osetiya milli mədəniyyət üçün böyük işlər görən Bimbolat Vitayev 200-dən artıq teatr və kino rolları oynayıb. O, səhnədə Kral Lir, Otello, Çar Edip və Klavdi obrazlarını yaradıb.

 

Vatayevin kinomatoqrafik uğuları ilk növbədə “Tacikfilm” studiyasındakı işləri ilə bağlıdır. Məhz burda o, 70-ci illərin əvvəllərində kino bioqrafiyasının ən məşhur rolunu - “Rüstəm və Söhrab” və “Rüstəm haqqında əfsanələr” filmlərində Rüstəm obrazını yaradıb. Bu işlərinə görə Vatayev 1973-cü ildə Rudaki adına Tacikistan Dövlət Mükafatına layiq görülüb. Deyilənə görə, filmin rejissoru Bension Kimyagərov bu rola Sovet İttifaqının və İranın bir çox məşhur aktyorlarını sınayıb. Bimbolat Vatayevə müraciət edənə qədər rejissor heç kəsdə seçimini saxlaya bilmirmiş. O, osetin aktyorunda dərhal qədim fars bahadırı - hündür əzəmətli görünüş, ifadəli Şərq siması, ən əsası isə artistizm və obraz yarada bilmək qabiliyyəti duyaraq Vatayevin üzərində dayanır. Firdovsinin “Şahnamə” əsərində epik qəhrəman obrazı yaratmaq üçün Vatayev fars dilini və çətin materialı orijinal dildə öyrənməyə məcbur olur.

Yeri gəlmişkən, bu rol osetiyalı aktyorun orta asiyalı rejissorlar üçün çəkildiyi ilk rol deyildi. 1966-clı ildə 27 yaşlı aktyor Aşqabaddakı kino festivalında “Həsən-arbakeş” filmindəki baş rola görə ən yaxşı aktyor seçilmişdi. Həmin ildə Vatayev rejissor Kamil Yarmətovun “İki qəlbin poeması” filmində çəkilişlərə başlayır.

Bundan sonra onu Azərbaycana dəvət edirlər. Vatayevə rejissor Muxtar Dadşovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Qanun naminə” filmindəki Mehman rolunda oynamaq təklif edilir. Osetin aktyor Mehman obrazı ilə Azərbaycan tamaşaçısının diqqətini cəlb edə bilir.

Bibolat daha sonralar “Ürək necə hökm edirsə”, “Siyavuş haqqında əhvalatlar” (rej. Bension Kimyagərov), “Əbu Reyhan Biruni” (rej. Şöhrət Abbasov), “Qara qumlarda” (rej. İsgəndər Həmrayev) və s. filmlərdə çəkilib.

Vatayevin yaradıcılığını izləyən əksər sovet kino tənqidçilər onu məşhur orta asiyalı aktyor kimi tanıyırdılar. Lakin bu zaman ona Qafqaz kinosunda qəhrəman obraz yaratmaq fürsəti düşür. “Gürcüstanfilm” kinostudiyasında rejissor Nikolay Sanişvili osetin rejissoru Pliyevin “Çermen” pyesi əsasında çəkəcəyi filmə Vatayevi dəvət edir. Osetiyadakı dağlıq aullardan birində yaşayan xalq qəhrəmanı Çermenin obrazını yaradan aktyor həm gürcü, həm də osetin xalqının mənəvi yaxınlığını əyani şəkildə göstərə bildi.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının bu dəfə qonağı əməkdaşımız- Naxçıvan təmsilçimiz, Naxçıvan televiziyasının baş redaktoru Fariz Əhmədovdur.

 

-- Xoş gördük, Fariz bəy, qələminizin qüvvətini bilirik, elə bu an üçün Sizə

"Sevdiyin şeiri gəl mənə söylə" deyirik.

 

-- Salam Ülviyyə xanım, xoş gördük.

Biz Füzulini sevgi şairi bilirdik, aşiqanə klassikanın sultanı. Fəqət Şəhriyar… O, sevginin özüdür. Onun hər misrası nəfəsin deyil, elə məhəbbətin öz qoxusudur. Onun gözündən baxanda dünya Behcədabaddan ibarətdir. Batan Günəş, çıxan Ay kimi. Bir az qəmli, bir az ilahi, amma bütövlükdə sevgi... Özü də natamam!

“Behcədabad xatirəsi”ni oxuyanda hiss edirsən ki, bu şeir bir qadın üçün yazılmayıb. Bu şeir, sanki bütün sevənlər üçün yazılıb. İçində sevgini sükutla boğan, arzularını bir baxışa yerləşdirib qəlbinin dibinə gömən, öz tabutuna öz sevgisini sığışdıran adamlar üçün.

Şəhriyar bu şeirlə bizə bir cahan qoyub getdi, sevgi cahanı. İndi o cahanın hər gecəsi bir aşiqin göz yaşını ulduz sayır. İndi Ay belə onun həsrətinə susub. Çünki Şəhriyar bu dünyaya sevgiylə işıq saçırdı, indi isə onun məzarı öz şeirlərindən doğan işıqla işıqlanır. Sevgi ilə nəfəs alıb, sevgi ilə susaraq yaşamış bir şairin ruhu bizi hələ də yaşadır.

Onun karvanı ayrılığın deyil, nakam eşqin karvanıdır. O getdi, amma zaman onunla birlikdə dayandı. Çünki sevgi ilə yaşayan adamlar heç vaxt tam ölmür. Onlar yaddaşlara hopur, damarlarımızda axan eşqə çevrilir. Hər yeni yaranan sevgi, sanki Şəhriyarın “Araz” olub axmasıdır. Axır, axır və heç dayanmaq istəmir.

Şəhriyar bir Musa idi, amma yalnız özü üçün deyil. O, sevdiklərinin qəlbində dağ yandıran Musa idi. Tehran üçün sədaqət, Təbriz üçün qeyrət deyildi. Şəhriyar sadəcə sevgi idi. Onun sevgisi nə çığırtı idi, nə də yazılı fəryad. O sevgi, sükutun içində qaynayan, yazılmadan yaşanan, qələmə çevrilib özü-özünü yazan bir ilham idi.

Şəhriyarın yaşadığı məhlə indi səssiz danışır. Küçələr, divarlar, pəncərələr onun sevgisinin izini saxlayır. Toz basmış əşyalar belə susur, amma bu sükutda belə sevgi danışır.

Bu gün onun şəklinə baxan hər aşiq öz ürəyinin sarı simini onda görür. Onun şeirləri artıq təkcə bir qadını deyil, bütöv bir sevgi nəsli yaşadır. Onun sevgi ilə açıq qalan gözləri hələ də bizi izləyir. Siqaretin tüstüsü, bir qadının adını səssizcə göyə yazmaq idi bəlkə. Əlləri qırışanda belə, sevgisi cığır salırdı, özündən sonra gələnlər üçün bir iz, bir yol.

Şəhriyar sevgi ilə yazdı. Sevgi ilə yaşadı, sevgiylə öldü.

Bu gün onun adı keçəndə yalnız bir şairi deyil, bir sevgini xatırlayırıq. Və bu sevgi içimizdə hələ də yaşayır. Ona görə də Şəhriyar mənim üçün yalnız şair deyil, o mənim idealımdır. Çünki onun şeiri, sevginin sonu yox, başlanğıcıdır.

O “Behcədabad xatirəsi”ndə bir sevgi qoyub getdi, heç zaman bitməyən, heç zaman unudulmayan, heç zaman oxunub bitməyən.

 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

 

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı

 

Bir quş: “Ayığam”-söyləyərək gahdan inildər,

Gahdan onu day yel deyə laylay huş aparı

 

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı

 

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,

Bağrım yarılar, sübhüm, açıla tarı!

 

Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma

O çıxmasa da ulduzumun yoxdur çıxarı

 

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş beylə ağardıqca, daha baş da ağardı

 

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

 

Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

 

Rişxəndilə qırcandı səhər, söylədi: -Durma,

Can qorxusu var eşqin, ulduzun bu qumarı

 

Oldum qaragün ayrıları o sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.

 

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı.

 

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,

Baxsan üzünə, sanki qızılgüldü, qızardı.

 

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

 

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

Çərşənbə axşamı, 01 İyul 2025 14:40

“Savaş ritimləri” onu məşhur etdi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türk ədədbiyyatına dərindən bələd olduqca necə gözəl imzalar ortaya çıxır. Bir belə imza da türk şairi və yazıçısı Cahid Zərifoğlunun imzasıdır. Onu bu isti iyul günündə boşuna xatırlamırıq. Bu gün onun da doğum günüdür. Sağ olsaydı, 85 yaşını qeyd edərdi...

 

Cahid Zərifoğlu 1 iyul 1940-cı il tarixində Ankarada dünyaya göz açıb. Uşaqlığı Siverek, Maraş və Ankarada keçib. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. "Diriliş" dərgisində şeirləri çap olunub. 1973-cü ildə Sarıqamışda hərbi xidmətə başlayıb, 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılıb və 1975-ci ildə hərbi xidməti bitirib. "Mavera" dərgisində redaktorluq edib.

 

Şeirlər

- İşarət uşaqları

- Yeddi gözəl adam

- Mənzillər

- Qorxu və yalvarış

 

Hekayələr

- Məhəllə davası

 

Uşaq hekayələri

- Sərçəquş

- Qatıraslan

- Ağacdələnlər

- Ürəkbaba ilə padşah

- Balaca şahzadə

- Dərya

- Quşların dili

- Motorlu quş

 

Uşaq şeirləri

- Gülüş

 

Romanlar

- Savaş ritimləri

- Ana

 

Cahid Zərifoğlu 7 iyun 1987-ci ildə ağciyər xərçəngindən İstanbulda vəfat edib. Məzarı Üsküdar Bəylərbəyindəki Küplücə məzarlığında, qayınatası Qasım Ərvasinin məzarının yanındadır.

Hər il 7 iyunda sevənləri tərəfindən məzarı başında yad edilir. 2003-cü ildən bəri hər il, ölüm il dönümünə yaxın "Cahid Zərifoğlu" mükafatı verilir. Adına məktəb və liseylər var.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

75 -dən səhifə 2354

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.