Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Zeynalabdin çətin işdən qorxmurdu, amma pinəçilik heç ürəyincə deyildi. 0, atası işə ara verəndə dükana yaxın təpəliyə çıxar və orada durub aşağıda tikilən evlərə tamaşa edərdi. Uzaqdan görünən fəhlələrin işi, yeni tikilən evlər ona çox maraqlı gəlirdi. Bir anlıq da olsa özünü o tikintidə təsəvvür etməklə o qədər xoşbəxt olurdu ki, sanki bir başqa aləmdədir. Bu mənzərə onun acı, yoxsul həyatını aydınladan bir təsəlli, kiçik də olsa bir sevinc payı idi...
Bir gün Məhəmməd adlı bir kişi atasının yanına başmağını yamatmağa gəlmişdi. 0, Məhəmmədtağı ilə görüşür, sonra üzünü Zeynalabdinə tutub:
- Tağı, bu sənin oğlundur?
- Həm oğlumdur, həm də köməkçim. Demişəm ki, yanımda oturub pınəçiliyi öyrənsin. Ölümlü-itimli dünyadır, heç kim bilmir sabah başıma nə iş gələcək. Yenə əli çörək tutar, bir işin sahibi olar - deyə Tağı cavab verdi.
- Maşallah böyük oğlan olub. Allah saxlasın! Mən də oğlanlarımın hər ikisini bu aşağıdakı tikintiyə qoymuşam. Palçıq tutur, daş yonurlar, qazancları az da olsa yenə evə köməkdir. Oğlan uşağını elə gərək balaca vaxtdan işlədəsən ki, canı möhkəm olsun, alın təri ilə qazandığı pulun qədrini bilsin.
- Məhəmməd əmi, görəsən məni də ora işə götürərlər? - Zeynalabdin yerindən sıçrayıb Məhəmmədin sözünü kəsdi.
Məhəmmədin sözü ağzında qaldı. Dönüb Tağının üzünə baxdı:
- Ay Tağı, bunun neçə yaşı var?
Tağı:
- 10 yaşı var, Məhəmməd.
Məhəmməd Zeynalabdinin başını sığalladı. Tağı oğluna tərəf dönüb:
- Sən hələ balacasan, bu işi bacarmazsan, çətin işdi. Gücün, qüvvətin olmalıdır. Səhərdən-axşamadək daş yonmaq, palçıq daşımaq uşaq işi deyil.
Məhəmməd də Tağının sözünü təsdiqləyirmiş kimi:
- Atan düz deyir, oğlum, mənim oğlanlarım səndən 3-4 yaş böyükdürlər, həm də səndən cüssəlidirlər.
Zeynalabdin məyus halda Məhəmmədin üzünə baxdı:
- Məhəmməd əmi, nə olar bir gün məni onların işlədiyi tikintiyə aparın.
Sonra da atası Tağının üzünə baxıb:
- Ata, çox xahiş edirəm icazə ver bir günlük tikintiyə gedim. Mənə o qədər maraqlı gəlir ki... Görəsən evləri necə tikirlər?
Tağı bilirdi ki, Zeynalabdin qoçaqdır, bacarıqlıdır. Yaşı az olsa da hər işin öhdəsindən gələ bilər. Oğlunun ona yalvarışlı gözlərlə baxması yetərdi ki, o razı olsun:
- Yaxşı, oğlum, bir gün mən səni ora apararam, baxarsan. Amma, bax, yenə də sənə deyirəm ki, orda işləmək sənlik deyil!
Məhəmməd Tağıya yaxınlaşdı və yavaşca qulağına pıçıldadı:
- Tifilin ürəyini sındırma. Sabah tikintiyə gedəcəyəm, ustabaşı ilə işim var. Qoy Zeynalabdin də mənimlə getsin. Onsuz da belə zəif, çəlimsiz uşağı heç kəs işə götürməz.
- Sən zəhmət çəkmə, bir gün işdən sonra özüm apararam.
- Gedirsənsə gəl, birlikdə gedək. Tikintiyə hər adamı buraxmırlar.
Səhərisi gün Məhəmməd, Tağı, Zeynalabdin tikintiyə gəldilər. Burada elə qızğın iş gedirdi ki… Palçıq daşıyanlar, daş yonanlar, ev tikənlər. Zeynalabdin bu insanlara baxır, gördükləri işlər ona o qədər maraqlı gəlmişdi ki, ağzıaçıq qalmışdı. Ustabaşı Məhəmmədi görən kimi ona yaxınlaşdı:
- Salam, Məhəmməd xeyir ola?
- Ustabaşı, bax bu oğlan da burda işləmək istəyir. Qoçaqdır, ağıllıdır, söz eşidəndir. Tikintidə işləməyə həvəslidir.
- Bu çəlimsiz uşağı deyirsən? Onun neçə yaşı var?
-10 yaşı var.
- O, bu işləri bacarmaz, gücü yetməz. Burada işləyən fəhlələrə bir bax. Sən bu balaca uşağı mənə işçi gətirmisən. Nə danışırsan?! O əsla belə çətin, əziyyətli işlərin öhdəsindən gələ bilməz - ustabaşı heyrətlə Zeynalabdinə baxdı.
Zeynalabdin ustabaşının qarşısını kəsib yüksək səslə:
- Bacararam usta! Mən bayaqdan işçilərə baxıram. Mənim üçün çətin olmaz. Mən də onlar kimi işləyə bilərəm. Söz verirəm. Kişi sözü.
Zeynalabdinin zirəkliyi və çevikliyi, kişi kimi söz danışması ustabaşının xoşuna gəldi:
- Yaşına görə az aşın duzu deyilsən ha! Kişi qırığı! - deyib gülərək əlini onun çiyninə qoydu:
- Gördüyün bu işlər sənə asan gəlir? Nə deyirəm ki, gedək bax öyrən, işləyə bilərsənsə işlə.
Məhəmməd donub qalmışdı. Zeynalabdinin fərasəti, ustanın ona inamı Məhəmmədi heyrətləndirmişdi. Tağı isə:
- Bax, oğlum, bu iş pinəçiliyə bənzəməz. Burda işçilər qızmar günəş altında çalışırlar. Sən burada çox çətin olar.
Zeynalabdin ağlamağa başladı:
- Ata, qurban olum bacararam! İcazə ver qalıb işləyim! Xahiş edirəm, ata! Məhəmməd Tağıya yaxınlaşdı:
- Uşağı incitmə, dünyanın axırı deyil ki, işləyə bilməz, işləməz. Burda nə var ki?. Tağı başını bulayıb Zeynalabdinə baxdı:
- Yaxşı, oğlum, sən deyən olsun. Qal, işlə. Allah sənə güc, qüvvət versin! Allah mərhəmətin üstümüzdən əskik etməsin!
Elə həmin gündən Zeynalabdin tikintidə qalıb işləməyə başladı. Arıq və çəlimsiz olduğu üçün yalnız palçıq daşımağa yarayırdı. Başında palçıq çanağı səndələyə-səndələyə işə başladı. Bəzən palçıq çanağını başına qaldırıb qoymağa gücü belə çatmırdı. Daşyonan Murad ona kömək edər, palçıq çanağını onun başına qaldırardı. O biri işçilər isə ona baxıb gülürdülər. Amma o, heç nəyə məhəl qoymurdu. Var-gücü ilə çalışırdı. O, inadkarlığı, qoçaqlığı ilə sanki yoxsulluğa və çətinliyə meydan oxuyurdu. Bu bir yaşam və həyat mücadələsi idi. Əynində nimdaş paltarı, başında palçıq çanağı, qəlbində gələcəyə inam eşqi ilə böyük arzulara doğru gedirdi.
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)