ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 13 May 2025 14:40

UNUDULMAZ ALİMLƏR - Öz prinsiplərinə sadiq xanım...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə Məhəmməd peyğəmbərdən bu günə gəlib çatan iki kəlamı birləşdirib, bir insan haqqında söhbət açmaq istəyirəm. O, həm həzrət peyğəmbərin buyurduğu kimi- qələminin mürəkkəbi şəhid qanına bərabər tutulan və həm də cənnət ayaqlarının altında olan bir alim və ana idi.

 

1950-ci ilin may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə AMEA-nın Əlyazmalar İnstitutunda başlayıb. 1984-cü ildə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyasını, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2023-cü ildə vəfat edənədək AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində “Füzulişünaslıq” sektoruna rəhbərlik edib...

 

 Olduqca fəal, dinamik xanım idi. Diplomatlara xas olan səbir və təmkini ilə seçilirdi. Mentalitet hissi yüksəkdi. Nəzakətli olduğu üçün diqqəti çox sevirdi. Xaraktercə mehribandı, bu səbəbdən də xeyli rəfiqələri vardı. Öz prinsiplərinə sadiq və inadkar, sarsılmaz iradəyə sahib idi. Həssas, etibarlı və sədaqətliydi. Özünə dəyər verməyi, eləcə də yaxşıları dəyərləndirməyi gözəl bacarırdı...

 

Deyirdi ki:- “Hələ qədimlərdən əcdadlarımız sözə böyük qiymət veriblər. Onu inci və qiymətli daş-qaşla müqayisə edərək, sözün dəyərini müəyyənləşdirməyə uyğun məfhum tapa bilməyblər. Həzrət Məhəmməd ona Allah tərəfindən gələn vəhyi sözlə bəyan etmiş, Qorqud Ata da öz müdrik düşüncələrini oğuz ellərinə sözlə söyləmişdir. Şairlər, yazarlar, alimlər, filosoflar öz duyğu və düşüncələrini sözlə çatdırıb, bəşəriyyətin elmi və mədəni uğurları da sözlə nəsildən-nəsilə ötürmüşlər. Söz keçmişimizi yaşadaraq bugünə çatdıran və bugünümüzlə gələcəyimiz arasında ünsiyyət yaradan qasid, həblül-mətindir. Sözün məqam və dərəcəsi bəzən qılıncdan üstün sayılıb, qılıncın həll edə bilmədiyi müşkülü söz həll edib. Bu səbəbdən "Qılınc yarası sağalar, söz yarası sağalmaz", söyləyiblər. Elə bir klassik ədib və şair yoxdur ki, sözün yaratdığı hünərdən, sənət möcüzəsindən bəhs etməmiş olsun. Nizami, Xaqani, Şeyx Mahmud Şəbüstəri, Nəsimi, Qazı Bürhanəddin, Xətai, Füzuli, Nəbati, Aşıq Ələsgər kimi söz ustadları sözün məqam və dərəcəsini hər bir hünərdən üstün tutublar. Klassik şeirdə hər sözün özünəməxsus yeri var və Azərbaycan mədəniyyətində, daha doğrusu, ərəb-müsəlman mədəniyyətində söz sənəti özəllikləri ilə seçilir. Bədii sözün dəyəri isə hər şeydən öncə onun məcazlaşmış gizli qatlarında ifadə olunur...”

 

İndiyədək yüz iyirmidən artıq elmi məqaləsi çap edilib. Ona yaxın kitabın müəllifidir. Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olub. On iki ildən artıq elmi pedaqoji fəaliyyətlə də məşğul olub...

 

Akademik Nizami Cəfərov onu belə xarakterizə edir: “Hər bir insan Allahın ona verdiyi ömür payına düşən şərait və mühitə uyğun, həm də özünün qabiliyyətinə görə yaşayır. Ömrün mənası onun uzunluğu ilə deyil, yaşanan illərin dəyəri ilə ölçülür və kimsə başqasının ömür yolunu təkrarlamır. Bu baxımdan o, mənalı və maraqlı bir ömür yolu keçib və həyatını öz elmi-pedaqoji fəaliyyəti ilə səmərəli edib. Onun elmi fəaliyyəti, pedaqoji işləri, yüksək təşkilatçılıq qabiliyyəti ilə tam uzlaşır. İşlədiyi müddətdə ərəb ölkələrinin respublikamızdakı səfirlikləri və bəzi mədəniyyət mərkəzləri ilə əlaqələr yaradır, ərəb dilinin öyrənilməsinin təkmilləşdirilməsi üçün müxtəlif konfranslar təşkil edir, istedadlı tələbələrin yay tətili müddətində ərəb ölkələrində mövcud olan dil kurslarında biliklərini artırmaq, universiteti bitirmiş bəzi tələbələrin ərəb ölkələrində magistratura pilləsində təhsil alması üçün yardımçı olub.”

 

...O, əlyazmalar İnstitutunda işə başlayarkən zəngin bir xəzinə ilə qarşılaşıb. Burada 45 minə qədər material- qədim çap kitabları, tarixi sənədlər, klassiklərimizin arxiv materialları, Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə yazılmış 15 mindən artıq əlyazma saxlanılır...

 

“Söz, dil vahidi olaraq, bir böyük lüğət və sözlük daxilində məhdudlaşsa belə, bədii söz özünün kinayəli, mübaliğəli, müəmmalı və ümumən məcazlaşdırılmış qatlarının açıqlanması və şair üslubunun özünəməxsusluğu baxımından intihasız sayıla bilər. Sözün əsl mənasında intihasızlıq isə "Qurani-Kərim"in kəlamına məxsusdur. Ədəbiyyatın daşıyıcısı olan söz öz zəngin məna tutumu ilə seçilərək Azərbaycan ədəbiyyatının təməl sütunu və əsas ölçü meyarı kimi çıxış edir. Bu ədəbiyyatın tədqiqatçısı olmaq, ona sahib çıxmaq, sahiblənmək, əsrlərin, qərinələrin müəyyən ziddiyyətli məqamlarından keçən ədəbiyyatı dövrü, mühiti, yaşam, yazılma dönəmi və nəbzinə uyğun tərzdə qoruyub hifz etmək üçün əsl alim, kamil insan, xalqına, doğma Azərbaycanına, onun mədəniyyət və ədəbiyyatına bağlı olmaq ən vacib və ümdə şərtlərdəndir. Sözün həqiqi mənasında alim adına layiq olan insan əsərləri ilə, qoyduğu ədəbi irslə zamanın hüdudlarını aşaraq, əbədi şəkildə yaddaşlara həkk olunur. Təsadüfi deyil ki, Şərqdə alimə, biliyə həmişə yüksək qiymət verilib və insanın ən böyük fəziləti elm sayılıb. Hətta hədislərdə alimlər peyğəmbərin varisi kimi dəyərləndiriliblər. "Qurani-Kərim"də belə elmli adamların digərindən üstünlüyü vurğulanıb. "Alim öldü, aləm öldü" ifadəsi heç də boş yerdən yaranmayıb ki...”- söyləyirdi.

 

Bəli, yaşasaydı mayın 13-ü haqqında söhbət açdığım filologiya elmləri doktoru Mahirə Quliyevanın 75 yaşı tamam olacaqdı. Biz də onu bu münasibətlə təbrik edəcəkdik.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Çərşənbə axşamı, 13 May 2025 14:04

Seçmə şeirlər – RƏSUL RZA, “Rənglər”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

“RƏNGLƏR”

Uvertüra

 

Ağ, qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
bir səbəb görən var.
Kim bilir, kim sınamış,
kim bunu ilk dəfə demiş.
Qara – matəm,
qırmızı – bayram,
sarı nifrət rəmzi imiş.
Kim bilir keyfinin nə vaxtında,
kim olmuş rəngləri belə damğalayıb,
belə ayıran.
Qırmızı qan da ola bilər,
bahalı üzük qaşı da.
Qara matəm rəmzi də ola bilər,
məhəbbət rəmzi də,
nifrət rəmzi də.
Ağ gözümüzü nurdan sala bilər,
çiçək-çiçək bəzəyə bilər süfrəmizi də.
Biri yaşıl görür yarpağı,
biri qırmızı.
Ancaq yarpaq öz rəngində qalır.
Yaşıl olur, qızarır, saralır.
Rənglər könlümüzdən keçir
isti, sərin küləklər kimi.
Nəğmələr, sözlər, səslər
Qəlbimizə dolur müxtəlif rənglər kimi.
Rənglər xatirələr oyadır,
duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Çərşənbə axşamı, 13 May 2025 13:35

Adını qoya bilmədiyim hiss - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hərdən düşünürəm. Sadəcə düşünürəm. Hər şeyi, amma heç nəyi. Ağlımda o qədər düşüncə var ki, adına nə desəm, nə qoysam, bilmirəm. Bir şeyi bilməmək yox, özümü bilməmək yorur məni. Nə adını qoya bilirəm, nə də ünvanını tapa.

 

Nə çox uzaqdasan, nə də yaxında. Bu bir qaçış da deyil, çıxış da. Hər nədirsə, mən adını qoya bilmirəm. Anlamağa çalışıram. Hər şeyi sorğulamaq istəyirəm. Ancaq hər şey düşüncələrimə böyük gəlir.

Bəzən içimdə bir dağ kimi ağırlaşır, bəzən də bir külək kimi yox olur. “Bəzən” ilə başlayan hər şey məni yorur. Çünki nə sabit deyil, nə də dəyişkən. Bu, ortada qalmağa bənzəyir. Hərəsindən bir pay almış kimi. Ən çox ortada qalmaq yorur insanı.

Hər çıxış bir başqa yoldur. Bir yol, bir seçim, bir duyğu, bir düşüncə yoxdur. Hamısı iki və daha çoxdur. Sən isə tək bir nəfərsən. Bir canda min düşüncə, min əzab var. Sən təksən, ruhun isə sanki bir ordudur — hər biri ayrı istiqamətdə. Hər biri bir tərəfə çəkilir. Bir hissə bağlanır, bir hissə qopur. Kimisi dönmək istəyir, kimisi daha çox uzaqlaşmaq. Nə istədiyini nə bilən var, nə də soruşan.

 

Bəlkə də bu yorğunluq tək olmaqda deyil — çox olmaqdan gəlir…

Yunus Əmrənin də dediyi kimi:

Beni bende demem, bende değilim,

Bir ben vardır bende, benden içeri…

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

 

Çərşənbə axşamı, 13 May 2025 13:03

Solmaz Məmmədova "Qələm tutan incə əllər"də...

İlqar İsmayılzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Zəfər" Media Mükafatı laureatı

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarları təqdim edilir. Həmin layihə çərçivəsində təqdim edəcəyim növbəti nümayəndə Cəlilabad ədəbi mühitinin ağbirçəyi və mənəvi anası, eyni halda Cəlilabad rayonunun ilk xanım jurnalisti olan şair, yazıçı-publisist Solmaz xanım Məmmədovadır.

 

Qısa təqdimat:

Məmmədova Solmaz Həsənalı qızı (Solmaz Məmmədova) 11 sentyabr 1950-ci ildə Astraxanbazar (indiki Cəlilabad) rayonunun Göytəpə şəhərində dünyaya göz açmışdır. 1957-ci ildə Göytəpə şəhərində orta məktəbə daxil olmuş, 1967-ci ildə həmin məktəbi bitirərək orta təhsil haqqında Attestatını almışdır.

1968-ci ildə sabiq Kirov adına Universitetin (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuş, 1974-cü ildə ali təhsil haqqında Diplomunu almışdır.

1973-cü ildə Cəlilabad rayonunda çap olunan "Yeni gün" qəzetində jurnalist kimi müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlamışdır.

1974-cü ildə Ənvər Məmmədovla ailə həyatı qurmuş, onların bu evlilik həyatından 3 övladı (2 qız və 1 oğlan) dünyaya gəlmişdir. Birinci qızı BDU-nin Jurnalistika fakultəsini bitirmiş və Azərbaycan Televiziyasında Uşaq verlişləri redaksiyasında, ikinci qızı tibb üzrə ali təhsil alaraq, Cəlilabad və Bakı şəhərlərində tibb işçisi kimi çalışmışdır. Oğlu Elnur Məmmədli isə xaricdə jurnalistika üzrə ali təhsil alaraq vətənə dönmüş və mediada "Elnur Ənvəroğlu" imzası ilə fəaliyyət göstərir. Hal-hazırda ingilis dilində nəşr edilən "AzerNews" qəzetində baş redaktorun müavini vəzifəsində çalışır. O, mediada araşdırmaçı-jurnalist və siyasi şərhçi kimi tanınır.

Onun həm də 4 əziz nəvəsi var. Məlumat üçün qeyd etmək lazımdır ki, Solmaz xanım Məmmədova Sovetlər dönəmində Cəlilabad rayonu üzrə yeganə qadın jurnalist olub. Bu sahədə onun təxminən yarım əsrə yaxın (46 il) əmək fəaliyyəti vardır.

Solmaz xanımın ədəbiyyat sahəsinə gəlişi orta məktəb illərinə təsadüf edir. Belə ki, onun Göytəpə şəhərində orta məktəbin IX sinifdə oxuyarkən yazdığı ilk şeiri "Taxılçı" qəzetində çap olunmuşdur. 1968-ci ildə yazdığı "Bakı" adlı şeiri isə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görmüşdür. Şeir və poeziyadan əlavə, həm də nəsr janrında müxtəlif mövzularda hekayələr yazmış, qələmə aldığı şeir və hekayələri "Yeni gün", "Münasibət", "525-ci", "Sözün işığı", "Region səs" və digər bu kimi mətbu orqanlarda çap olunmuşdur.

2003-cü ildə Cəlilabad Rayon Qadınlar Şurasının sədri işləmiş, 2 dəfə Respublika Qadınlar Qurultayının iştirakçısı olmuşdur. 2003-cü ildə isə rayon qadınlarının təklif və arzularını nəzərə alaraq həmin qurultayda çıxış etmişdir.

Solmaz xanım "Yeni gün" qəzetində işləyərkən qəzetin nəzdində "Qönçə" Yaradıcı Qadınlar Birliyini təsis edərək onun sədri olmuş, rayonda yaradıcı qadınların axtarışına çıxaraq, onların qələmə aldıqları şeir, hekayə və s. qəzetin 4-cü səhifəsində dərc etmişdir. Əvvəllər SSRİ Jurnalistlər Birliyinin, müstəqillikdən sonra isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

İndiyədək Solmaz Məmmədovanın aşağıda göstərilən üç kitabı işıq üzü görmüşdür:

1. "Cəlilabad istedadları";

2. "Zirvəyə doğru gedənlər";

Hər iki kitab onun Cəlilabad rayonunun məktəblərində sahə araşdırmaları nəticəsində ərsəyə gəlmiş Cəlilabaddan olan istedadlı uşaqlar haqqındadır.

3. "Xatırla məni".

2001-ci ildə işıq üzü görmüş bu kitab isə müəllifin ardıcıl zəhmətləri sayəsində Vətənin bütövlüyü, azadlığı və istiqlaliyyəti uğrunda canından keçmiş 90 şəhidin həyatı haqqında məlumatları təqdim edən ilk topludur.

Hal-hazırda şeir və hekayələrdən ibarət olan dördüncü kitabı üzərində çalışır. Həmin kitabda indiyədək qələmə aldığı şeir, poeziya və nəsr nümunələrini toplayaraq oxucularının görüşünə gələcəkdir.

Həyatda "Unutsaq, unudularıq" devizinə sadiq olan Solmaz xanım Məmmədova imkanları daxilində dəyərli və istedadlı insanların, şəhidlər və qazilərin, yaşlılar və unudulan insanların axtarışına çıxmış və bu sahədə böyük uğurlara və səmərəli xidmətə imza atmışdır.

Solmaz xanım öz ictimai və ədəbi fəaliyyəti ilə Cəlilabadın tanınmış ziyalı xanımlarından sayılır. O, həm də həyatda dini dəyərlərə xüsusi əhəmiyyət verən, Tanrıya inanan və bağlı olan dəyərli xanım-xatınlarımızdan biridir...

 

Bədii ədəbiyyat nümunələri:

 

Unuda bilmirəm səni

 

Düşdü xatirələr yadıma yenə,
Baxıram həsrətlə şəkillərinə.
Uşaqtək bağladın məni özünə,
Neyləyim, unuda bilmirəm səni.

Sənsiz ev-eşiyim qalıbdır tənha,
Ümidim heç yoxdur çıxam sabaha.
Vəfa, vəfasızı gördüm bir daha,
Neyləyim, unuda bilmirəm səni.

O uzun gecələr oldu qəfəsim,
Nəfəsim daralır, çıxmayır səsim.
Gəl, xilas et məni, yoxdur bir kəsim,
Neyləyim, unuda bilmirəm səni.

Ayrılıq nə yaman ağır bir yükmüş,
Ümidim hər yerdən əlini çəkmiş.
Qəm məndən əl üzmür, sinəmə çökmüş,
Neyləyim, unuda bilmirəm səni.

Göz yaşım sellənir, silənim yoxdur,
Ürəyim doludur, bilənim yoxdur.
Daha sənin kimi sevənim yoxdur,
Neyləyim, unuda bilmirəm səni.

Kaş ki, məzar daşın özüm olaydım,
Gecəli-gündüzlü sənlə qalaydım.
Burda şırin-şirin mən də uyaydım,
Neyləyim, unuda bilmirəm səni.

 

 

Anamın sandığı

 

Anamın naxışlı sandığı vardı,

Qapağın açanda, tez toplaşardıq

Gəlinə, qızlara cehiz almışdı,

Bir-bir çıxaranda,biz də baxardıq...

 

Gəlinlər də gəldi, qızlar da köçdü,

Sandıq yavaş-yavaş dolub-boşaldı

Sanki unuduldu, yaman üzüldü,

Üstündə anamın xalçası qaldı...

 

Yukdən azad etdi evin gəlini,

Sandığı aparıb bir küncə qoydu

Sandıq yaşamışdı neçə ilini,

Bu evdə niyə bəs, gərəksiz oldu...

 

O ki, sadiq olub ev sahibinə

Qoruyub salamat bağlamaları

Ağır yük qoyulub hələ üstünə,

Saxlayıb çiynində ağırlıqları...

 

Bir gün gözlərimə heç inanmadım,

Sandıq neçə vaxtdır yox idi evdə

Anamçün darıxdım, yaman ağladım,

Mən onu görəndə, mal pəyəsində...

 

 

Qocalıq

 

Gözləri torlanıb, qulaq eşitmir,

Yerindən durmağa güc də qalmayıb

Gələn bir adamı o, daha seçmir,

Deyirlər bu kişi yaman qocalıb...

 

Məsləhət alan yox,danışdıran yox,

Tanıyan gizlincə deyir: -"Ay yazıq"

Heç özü də bilmir acdır, yoxsa tox,

Əlində qalmayır bir adi qaşıq...

 

Nabələd birisi soranda bir söz,

Dərhal yaxınları: -"Boşa ver"-deyir

Dil söz söyləməyir, baxır yalnız göz,

Harda deyilirsə, orda əyləşir...

 

Nəvə də utanır, gəlin də bezir,

Onun uşaq kimi hərəkətindən

Bəzən paltarını tərsinə geyir,

Ayağı büdrəyir, yıxılır birdən...

 

Hanı, bu qocanın "bərk gedən vaxtı"?

Həcini gələndə külfət susardı

Yalanla, hay-küylə yox idi saxtı,

Hamı məsləhəti ondan alardı...

 

Hər kəsə qocalıq "Xoş gəldin"-,deyir,

RƏBBİM hiss etmədən, verdiyin alır

Burda anlayırsan dünya fanidir,

O qıvraq günlərin arxada qalır...

 

Gəlin, qocaların qədrini bilək,

Etdiyi səhvləri üzə vurmayaq

Qoca olan evdə vardır bərəkət,

Gətirib yuxarı başda oturdaq,

Gətirib yuxarı başda oturdaq…

 

Son olaraq doğma elimizin tanınmış jurnalisti, yazıçı-publisisti və Cəlilabad ədəbi mühitinin mənəvi anası sayılan Solmaz xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

Çərşənbə axşamı, 13 May 2025 12:28

BİRİ İKİSİNDƏ - Cavid Zeynallının hekayəsi

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” juenalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Cavid Zeynallının “25 il sonra” hekayəsi təqdim edilir.

 

 

Cavid ZEYNALLI

                                           

“25 İL SONRA”

 

                      “Tapşırma məni xatirata, eyləmə miskin”

         Saib Təbrizi

 

Camaatın canından bayram əhvalı hələ çıxmayıb, camaat təbrik üçün təzə-təzə dualar axtarır, mənim də arvadım axşam gördüyü yuxunun qorxusunu adamlar nədir, pal-paltara, daş-divara da yoluxdurur. Üç gündür... Üç gündür üz-gözündə ölüm nişanələri dolaşır.

 

Vallah, hə! Əlləri soyuyub. İri, parlaq gözlərinin işığı öləziyir. On il əvvəl mən elə o iri gözlərin işığında tapmışdım rahatlığımı. On il əvvəl o əllərin istisində xumarlanmışdı kişi dincliyim. Zarafata salıb fikrini dağıtmaq istəyirəm, olmur. Qızıma göz vururam, lağlağı edirik – acığı tutur.

–İsa, bəsdir. Bəsdir! Məni ələ salma.Səsini qaldırır. Heyrət, ey büt!

 

– Qurbağa gölün qırağında darıxırdı. Birdən eşidir ki, uzaqlarda kimsə bərkdən öskürür. Yola çıxır, səs onu gətirir balaca kəndə. Görür, öskürən bir eybəcər qarıdır. Gedir meşəyə, bir qucaq odunu gətirib tökür qarının daxmasına. Sobanı qalayır, evi təmizləyir, quyudan su gətirir. Qarı bu yaxşılıq üçün qurbağanın gözlərindən öpür. Görür, a-a, qurbağanın əyni nimdaşdır. Yazığı gəlir. Əvvəlcə sandığını açır, onun başına anasından qalma tac qoyur. Sonra pul verib göndərir dərziyə. Dərzi yerində olmur. Qurbağa bazardan özünə çətir almaq istəyir ki, yağışda tacı islanmasın. Bazara girəndə halı qarışır. Piştaxtanın üstündə ora-bura vurnuxan balığa deyir:

– Quyruğunu söykə alnıma, gör istiliyim var?

Və birdən qurbağa bərkdən asqırır. Bu vaxt yun xaralında gizlənən qızıl ilan başını çıxarıb öskürəndə ağzındakı yarasa uçub qaranquş yuvasında gizlənir. Sonra bazardakı adamlar ölür.

 

-Vəssalam?

– Hə, vəssalam.

– Hi-hi... He-he-he... Öhö... Öhö... İlanın öskürəyi mənə də keçdi. Bəlkə, bu uşaq vaxtı nənənin sənə danışdığı nağıldır? Vallah, məndə də belə şeylər olur. Tibb buna...

– Yaxşı, yaxşı, sən Allah! Mən bu yuxunu birinci sinifdə də görmüşdüm. Səhəri gün xalam quyuya düşüb boğuldu. Qardaşımın da atı özünü qayadan atmışdı. Onu sənə demişdim.

– Hə. Deyəsən, bir əhvalat da danışmışdın.

– Cinlər peyğəmbərə yalvardılar ki, bizi xəstənin bədənindən çıxarsan, donuz sürüsünə göndər. Peyğəmbər onlara “Gedin!” deyir. Bir də görürlər, donuz sürüsü uçurumdan aşağı dənizə atılıb sularda boğuldu.

Pencəyi çiynimə atıb güzgünün qabağına keçirəm. Qızım qol saatımı gətirir.

–Belə şeylərdən xəbərdar olan adam avam ola bilməz.
–Avam
özünsən!
– Niyə bir səfeh qurbağaya görə özünü incidirsən?

Üzünü çiynimə söykəyir. Sükut.

– İsa, sən Allah, özünü qoru. Nigaranam. Çox nigaranam.

– Qorxu it kimidir, gərək qabağından qaçmayasan.

Onu öpüb əlindəki zibil torbasını bəxşiş kimi götürürəm.

– Qulaq as, o balıq quyruğunu qurbağanın alnına söykədi, ya yox?

Qızımla bir-birimizə göz vurub bic-bic gülürük. Blokda su sayğacını yoxlayıb pilləkənləri düşürəm. İkinci mərtəbədəki nənənin qapısında yenə pişik yatıb. Həmişəki pişik. Boz pişik. Nənə bir azdan qapını açıb, ona broyler toyuğunun ciyərini yedizdirəcək. Sonra rusca əzizləyəcək. Oxşayacaq. Əllərinin hənirini sığal edib çəkəcək ipək tüklərinə. Hə, nənənin qapısında da həmişəki zibil torbası. Asılıb cəftədən. Bilir ki, İsa yenə götürüb atacaq.

 

***

 

Hər şey bir göz qırpımında oldu. Hər şey bir göz qırpımında! Amma mən yenə arvadımın hansısa səfeh ilan-qurbağa yuxusuna inanmaram. İnansam, həkim olmazdım ki...

Küçələr bomboş. Bomboş küçələrin hüznlü havasını atmaq olmur başdan. Göyərçinlər uçuşur damlarda. Bu da tənbəl şəhər pişikləridir, zibil yeşiklərinin yanında vurnuxurlar. Dəniz səmtdən qopub gələn gilavar küçələrin uzun-uzun boyunu, binaların uca-uca qamətini oxşayır. Hələ mart günəşi... Uzaqda var-gəl edən polisin ulduzlarında xumarlanır mart günəşi. Süpürgəçi nənə də deyinmir Allahtərəfi. Söykənib süpürgəsinin şax duruşuna mat-məəttəl. Nə vaxtsa küyündən qulaq tutulan, indi adamı sovrulan şəhərin fikrini çəkir. Bəs mən neynirəm? Həkimə yaraşmayan pərişanlığı ata bilmirəm canımdan. Keçirəm adamları ölümdən gizlədən binaların arasından, gedirəm xəstəxanaya.

– Salam, İsa.

– Salam, salam...

– Əynini dəyiş, gəl iclas zalına. Bir az tələs.

Hər gün gördüyüm adamlardır. Ağ xalatdakı, üzləri tərtəmiz qırxılan, təcrübəyə gələn tələbə qızlara xəlvəti təbəssüm göstərən həmin adamlar. Bircə gözlərdəki qorxu bambaşqadır. Bir də vurnuxan, ora-bura qaçışan tibb bacıları vahimənin şəklini çoxaldırlar.

İclas uzun çəkmədi. Həmişəki sicilləmələrə dözməmək nə gözəlmiş. Bezməmək nə gözəlmiş. Sadəcə, hərə öz payını götürdü: Heraklın on iki qəhrəmanlığını göstərməliydik. Bu, taleyin boyumuza biçdiyi ilahi lütf idi: xəstəxanalarda can çəkən adamların dadına yetməliydik. Yaşamaqdan doymayan, dostdan-doğmadan uzaq düşən o çarəsiz adamların. İndi onların doğması da biz olacaqdıq, yadı da. Bircə on iki qəhrəmanlıq üçün yola çıxan ağ xalatlı, xəlvəti təbəssümlü bu adamları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən o qədim əhvalatdakı vəfalı qoca çatmırdı. Və bu uzun yolçuluğun ithürən tərəfindən arvadımın qüssəli səsini min pərişan sədanın içindən seçirdim:

– Gördün, İsa? Mənə inanmırdın, gördün? İsa...

 

***

 

Yola çıxanları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən vəfalı qoca gəlib çıxdı. Tale uşaqlığımın qəhrəmanı olmuş bu qərib adamı ölümün əlindən almağı mənim boyuma biçmişdi. Eybəcər çıxır, amma: 25 il sonra uşaqlıq borclarımı qaytarmağı mənə nəsib elədiyinə görə taleyə minnətdar olmaqdan gözəl nə var?

Səməndər əmi, bu ağıçı arvad xasiyyətimi bağışla mənə; qoy soruşum: o uca boyun nə vaxt alçaq düşdü, hanı o güclü qolların arxayın söykənəcək yeri? Sən ey bütün uşaqların dostu adam, sən ey qüssəli günlərimin gülən üzü, sevinən ürəyi, tox qarnı; indi qarşımda məğlub düşmək sənə yaraşarmı heç? Geri qayıtsın mənim atasız-arxasız çağlarım, geri qayıtsın söyüd kölgəsi, iyun axşamlarının gözəl nağılları; geri qayıtsın mənə, Pünhana, İsmayıla, Səkinəyə yerkökü şirəsi içirdiyin səhərlərin gur işığı. Sonralar səni çox axtardım. Axtardım deyəm ki, hər şey sən istəyən kimi oldu, Səməndər əmi: mən indi həkimliyi oxuyuram, Bakıdan məhəlləmizə qayıdanda anamın ağrılarına özüm dərman oluram. Amma sən yox oldun. Birdən-birə. Göz qırpımında. Sentyabrın axşamçağı vaxtında uçub göylərdə itkin düşən göyərçinlərin xiffətini çəkdiyini bilirdim, amma kim ağlına gətirərdi ki, onları axtarmaq üçün nə vaxtsa özün də göylərə qarışıb qeybə çəkiləcəksən? Onda hamı səni axtarırdı. Hamı. İndi 25 il keçib və bu palatada məni sənə sarılmağa qoymayan çox qorxular var. Aç gözünü!

– Həkim, mən ölürəm. Ölürəm...

– Səməndər əmi...

– Kimsən?

– Sağalıb ayağa duranda tanıyacaqsan.

– Səsin doğma səsdir.

– Səni nə qədər axtarmışam...

– Mən ölürəm, həkim. Sən... kimsən? Məni intizarda qoyma.

– Sən ölməyəcəksən!

– Çıxar əynindəki bu geyimi. Çıxar üzündəkini... tanıya bilim səni.

Səməndər əmi ölümdən qorxurdu. Bunu təkcə gözlərində titrəşən xof demirdi, bu həm də onun üzündəki qırışların dərinliyindən bilinirdi.

– Nəfəs ala bilmirəm, həkim. Elə bil, sinəmdən daş asılıb.

 

***

 

...Onun məhəlləmizə gəldiyi günü yaxşı xatırlayıram. 91-in yayında gəldi. Bəlkə iyul, bəlkə avqustda. Anam dedi, İsa, Solmaz xalagilin qazları itib. Solmaz xala Səkinənin anasıdır. Bizdən üç qapı o tərəfdə taxta darvazalı palçıq daxmada gecələyirdilər. Həmişə həyətlərindən qaz səsi gələrdi. Həmin yay bir dəstə qazın səsi kəsildi Solmaz xalagilin həyətindən. Mən Solmaz xalanı heç vaxt o qədər yazıq görməmişdim. Mən Səkinəni də heç vaxt o qədər yazıq görməmişdim. Xırdaca gözləri ilə, xırdaca əlləri ilə hamıya yalvarırdı. Əlacı olsaydı, qaza dönüb anasını sevindirərdi. Həmin axşamüstü çinar boylu tanımadığımız adam bir dəstə ağ qazı qabağına qatıb gətirdi məhəlləmizə.

Ona dikilən sual dolu baxışları görüb özünü itirmişdi.

– Gördüm qazlar yolu tanıyır, mən də onlara qoşulub gəldim.

Gözümün qabağındadır: Solmaz xalagilin həyətinə özlərini necə təpdilər. Sevinə-sevinə. Yastı ayaqları ilə yeri basa-basa. Qazlar Səkinəni qüssə çəkməkdən xilas eləmişdilər. Gərək gözdən qoymayaydı Səkinə onları. Sonra o bir dəstə ağ qaz taxta darvazalı palçıq daxmanın arxasında boğaz-boğaza verib qaqqıldaşdılar. Mənim hərdən qaqqıldamağım da o vaxtdan qalıb. Ağır xəstəm yaxşılaşanda özümü xəstəxananın tualetinə verib sevinə-sevinə qaqqıldayıram. Amma əvvəlcə tualetin suyunu buraxıram ki, səs səsə qarışsın, səs səsdə ərisin.

Sonra öyrəndik ki, adı Səməndərdir. Özü haqqında danışmağı sevmirdi. Biz də soruşmazdıq. Deyirdilər, bir dəfə içib ağzından nələrsə qaçırıb. Ki, anası onu ilxı otaran yaraşıqlı kişidən doğub. Moruq yığmağa gedəndə. Sonra ata zalımlıq eləyib. Nə zalımlığı? Hansı zalımlığı? Bilmirəm. Hə, yadımda qalan bir də odur ki, Səməndər əminin nişanlısı başqasına qoşulub qaçmışdı. Vəssalam!

Onun məhəlləmizə gəldiyi gündən sonra uşaq həyatımızın nağılı-nəğməsi başladı. Küknarlığın arxasındakı evi aldı. Bizi nə vaxt itirsəydilər – yayı sərin, qışı isti o kərpic evdə tapardılar. Səməndər əmi külləmə kartof bişirərdi, yerkökü şirəsi çəkərdi bizə. Hansı gün ki yerköküyə çuğundur qatardı, hansı gün ki itburnu çayı dəmləyərdi, hamımız üz-gözümüzü turşudardıq.

– Kim içməsə, böyüyəndə tez-tez xəstələnəcək.

Mənim gözümün qabağına anam gələrdi. Qorxardım.

– Mən içirəm.

– Aha... Deməli, İsaya marojna da alacam.

– Mən də...

– Mən də...

– Mən də...

İri ovcundan xırda pulları qapıb qaçardıq mağazaya. Sonra kərpic evin sərinində dizimizi qucaqlayıb onun danışdığı nağıllarda yaşayardıq.

Səməndər əmi təkcə maraqlı nağıllar danışmazdı bizə, həm də dərslərimizdə kömək edərdi. Bəs məktəbdə beş alanda mükafatımız nə olardı? Bahoo... Onun belinə minməyin, boynunda gəzməyin ayrı ləzzəti vardı. Hər səhər bizi görən kimi də gözlərini qıyıb soruşardı:

– Axşamı necə yatdınız?

Onun bu sualı həmişə mənə qəribə gələrdi. Bu nə deməkdir: necə yatdıq? Heç özümüzdən xəbərimiz olurdu?

– Səməndər əmi, niyə həmişə bizdən bunu soruşursan?

– İstəyirəm, axşam rahat yatasınız. Şirin yuxular görəsiniz.

Bizə şirin yuxular gətirən gecələrin birində anamın ağrıları dözülməz oldu. Balışı ağzına sıxıb zarıyırdı:

– İsa, qaç Solmazı çağır.

Qaçdım. Səkinə yuxulu gözlərini ovuşdura-ovuşdura:

– Anam evdə yoxdu, – dedi, – Biləsuvara yasa gedib. Səməndər əmini çağıraq?

– Hə.

Əl-ələ tutub küknarlığı keçdik. Cırcıramalar susmuşdu. Hardasa uzaqlarda hürən it də ərinib səsini kəsdi. Səməndər əminin darvazası açıq idi. Özü də həyətdə oturmuşdu. Siqaret çəkirdi. Bizi görüb qabağımıza yüyürdü.

– Nolub, İsa?

– Səməndər əmi, anamın ağrıları yenə başlayıb, – Bilmirəm niyə, məni ağlamaq tutdu.

– Gedək. Xəstəxanaya apararıq. – Səməndər əmi saçımı öpdü, – Siz gedin evə, mən qaçıb maşın çağırıram.

– Anam ölsə, mən... tək qalacam.

– Qorxma, ölsə gəlib bizdə qalarsan. – Hələ bu qaz Səkinənin dediyinə bax!

– Ölməyəcək, ölməyəcək... – Məni qucağına götürüb bağrına basdı; nəfəsi boyun-boğazımı yaladı, saqqalı üz-gözümü daladı. - Ölməyəcək, gözümün işığı!

 

***

 

– Həkim, boğuluram. Ölürəm mən... ölürəm.

– Ölməyəcəksən, gözümün işığı!

– Sən kimsən oğul... kimsən?

– Sənə yerkökü şirəsi çəkmişəm. İç bunu...

– Yerkökü?

– Hə. İstəsən, çuğundurla qarışdıraram.

Dikəlmək istədi. Bacarmadı. Anam o gecə necə zarıyırdısa, Səməndər əminin də sinəsindən eynən həmin səs qopdu. Dörd tərəfimizdə nə ki xəstələr yatırdı, elə bil, hamısı ağrı-acısını unudub bizim tamaşamıza dayandılar. Tibb bacılarının da əli işdən soyumuşdu, pıçıldaşıb mat-məəttəl baxırdılar. Birdən dəhlizdə səs-küy qopdu. Deyəsən, hansısa xəstə həkimlərə hədə-qorxu gəlirdi. Olur belə şeylər. Budəfəki tamaşa daha maraqlı çıxdı. Tibb bacıları bizi unudub baş-başa buraxdılar. Və nə yaxşı, belə oldu.

Səməndər əmi başını yastığa söykəyib udqundu. Bir də qəddini dikəltməyə çalışdı. Deyəsən, qollarının qüvvəti qayıdırdı.

– Allah, mənə güc ver. Mənə güc ver...

Əvvəlcə dirsəkləndi sağ böyrü üstə. Sonra ayaqlarını yığdı, dizlərinin taqətini toparlayıb oturdu.

– Axşamüstü itburnu çayı da dəmləyəcəm.

– İsa... – Səsi titrədi, – İsa... Sənsən, bilirəm.

– Mənəm, Səməndər əmi.

– Bilirdim ki, həkim olacaqsan.

– Sənə söz vermişdim. Yadındadır?

– Hə...

– Söz vermişdim ki, həkim olub anamın ağrılarına özüm dərman olacam.

– Hə. Sözünü tutdun.

– Amma sən gedib bir də qayıtmadın.

– Eh... Nə bilim, ay İsa. Hər şey yadımdadır. Hər şey! Gözümün qabağına gəlir, elə bil rahatlaşıram. Anan sağdır?

– Ölüb.

– Çoxdan?

– Hə, səkkiz ildir.

– Allah rəhmət eləsin. Nə qədər əziyyət çəkdi.

– Anamdan sonra rayona az-az gedirəm.

– O biri uşaqlar necə oldu? Qızın adı Səkinə idi.

– Səkinə də oxumaq istəyirdi. Qəbul ola bilmədi. Dədəsi Biləsuvara ərə verdi. İsmayıl Ankarada yaşayır. Yaxşı iş-güc qurub özünə. Hərdən danışırıq. Pünhan da rayonda taksi sürür.

– Evlənmisən?

– Evlənmişəm. Bir qızım da var.

– Nə yaxşı. Bilirsən nə yemək istəyirəm, İsa?

– Nə?

– Desəm, gülərsən mənə.

– De, de...

– Qaz ətinin soyutmasını. Evdə bişirtdirib gətirə bilərsən?

“Qa-aaa...”. İlahi! Bu nə idi? Özümdən asılı olmadan, qeyri-ixtiyari qaqqıldadım. Səməndər əmi şaqqanaq çəkib güldü. Güləndə üzünün dərin qırışları qarmon körüyü kimi açılıb-yığıldı. Xəstələr heyrətlə, təəccüblə yer-yerdən mənə sarı boylandılar. Əynimə geyindiyim skafandrın içində bədənimi soyuq tər basdı. İndi xəstələr ağıllarına nə gətirəcəklər? Gətirəcəklər ki, bunun özü xəstədir, ağıldan kəmdir, bizə nə çarə eləyəcək?

– Evdən yemək gətirməyə icazə yoxdur, – guya özümü o yerə qoymadım. – Sağal, səni də götürüb gedəcəm rayona. Qaz yeməyə.

– Gedərəm. Məni apararsan, ananın məzarını da görərəm. Təki bu namərd xəstəlikdən salamat qurtarım. Amma heç ağlım kəsmir.

– Sağalacaqsan. İnan mənə! Necə oldu, harda yoluxmusan?

– Bilmirəm.

– Yaxşı, Səməndər əmi, harda yaşayırsan, nə işlə məşğulsan?

– Gəl, başqa şeydən danışaq.

– Axı, öyrənmək istəyirəm ki, sən o vaxt niyə birdən getdin, sonrakı həyatın necə oldu?

– Nəyinə lazımdır? Bilməsən, yaxşıdır. Sənə bir şey demək istəyirəm.

– Aha...

– Ondansa soruş ki, niyə anamın məzarını görmək istəyirsən?

– Niyə?

– Kaş sənin ananı o vaxt razı salmağı bacarardım.

– ...

– Evlənməyə. Kaş onu evlənməyə razı sala bilərdim. Eh...

– ...

– Sən uşaq idin, belə şeyləri ağlın kəsməzdi. Çox çalışdım, çox dil tökdüm. Elə dedi ki, yazıqsan, mən yarımcan adamam, mənnən sənə arvad olmaz.

– ...

– Mənimki qadın sarıdan gətirmədi.

–...

– Eşdirsən məni?

– Hə-hə...

– Amma nə yaxşı belə oldu. Mən gəzərgi adamam. Yaralıyam. Onu da atıb gedərdim, səni də.

– Onsuz da atıb getdin.

– Dost kimi atdım. Qonşu kimi atdım. Amma ata kimi atıb getmədim. Bunun acısını ömrün boyu yaşayardın. Necə ki, mən yaşadım. Nə isə... Məni çox danışdırma, başına dönüm. Elə bilirsən, getmək mənə rahat oldu? Başa düşdüm ki, qonşu olsaq da, anana heç vaxt əlim çatmayacaq. Ona görə də ilim-ilim itmək lazım idi. Birdəfəlik. Ağır idi, amma bacardım. Sizdən ötrü çox darıxırdım. Gizlənqaç oynayırdıq, həmişə də mən yummalı idim. Düzdü? – Səməndər əmi kədərlə gülümsədi.

– Hə. Həmişə də bizi görərdin, amma özünü elə aparardın ki, guya yerimizi bilmirsən.

– Hə-hə... Siz qaçıb yorulanda saçınızdan tər qoxusu gələrdi. Ölərdim o qoxunu içimə çəkməkdən ötəri. O vaxt üzüyola uşaq idin. Qonşuların hər işinə yarayardın.

– İndi də çalışıram. Məsələn, qonşuların qapılarında zibil görəndə atıram. Bir də köhnə çörəkləri yığıb maşında saxlayıram, günaşırı bir yaşlı kişi götürüb toyuq-cücəyə aparır.

– Köhnə vaxtlarım olsaydı, mən də donuzlarıma aparardım.

– Donuz?

– Hə, Binədə donuz ferması var idi, bir az orda işlədim. Sonra gördüm özüm də donuza çevrilirəm, ayrıldım ordan. Xeyli vaxt donuz çoşqaları tez-tez yuxuma girdi. Görürdüm ki, özlərini dənizə atırlar.

– Nə?

– Sənə noldu? Niyə diksindin?

– Heç... Heç nə...

– İsa, axır vaxtlar yuxularımı da qarışdırıram.

– Nə görürsən?

– Belə qəribə yuxu idi. Qəribə də yox e, axmaq yuxu. Görürəm, bir yekə qurbağadır, kürəyini söykəyib dizimə, fıştırıq çalıb qabağında ilan oynadır. Hərdən də əlini əlinə vurur, ilan birdən yoxa çıxır. Qayıdanda ağzında qaranquş balalarını gətirib qurbağaya yedizdirir. Sonra...

– Ardını danışma, Səməndər əmi. Danışma...

 

***

 

İki həftədir bizi oteldə saxlayırlar. Evə, ailəyə yaxın düşmək qadağandır. Ancaq axşamlar görüntülü danışırıq. Ən çox qızımın qüssəsi mənə əzab verir. Axşama qədər elədiyi hər şeyi həvəslə, eşqlə mənə danışır:

– Ata, darıxıram sənin üçün. O qədər darıxıram ki, hər gün şəklini çəkirəm. Bax, bu bir, bu iki, bu üç... Plastilindən sənə oxşayan çoxlu adamlar düzəltmişəm.

Tbilisi prospektinin qəzəbli-deyingən sürücülərinin səhər-axşam siqnallarını indi ölüm sükutu əvəz edib. Səhər xəstəxanaya, axşam otelə... Əl-üzümü yuyub yemək üçün otel bələdçisinə zəng etmək istəyirdim. Növbətçi tibb bacısından zəng gəldi:

– Doktor, salam, axşamınız xeyir.

Səsi tanış gəlmədi. Deyəsən, növbə təzələnəndə əvvəlki tibb bacılarından hansısa biri ilə əvəz eləmişdilər.

– Hər vaxtınız xeyir.

– Doktor, xəstə Atayev Səməndər Mahmud oğlu sizinlə danışmaq istəyir.

– Nəsə olmayıb? Necədir vəziyyəti?

– Ciddi narahatlıq yoxdur.

– Telefonu ona verin.

– İsa... İsa...

– Səməndər əmi, necəsən?

– İsa, mən burda qala bilmirəm. Gəl, məni çıxar. Onsuz da öləcəm. Gəl, gəl məni apar burdan.

– Hər şey yaxşı olacaq. İnan mənə! Sağalmağına bir şey qalmayıb.

– Mən hər şeyi hiss edirəm. Axşam yatacam, səhər durmayacam. Bilirəm... Gəl, səni görüm.

– Gəlirəm. Gəlirəm... Çıxıram bu dəqiqə.

Palatalardan gələn xəstə iniltiləri bir az da çoxalmışdı. Xərəkdə halsız, heysiz uzanıb ümidi hər şeydən üzülən adamların ardı-arası kəsilmirdi. Tanıdım-tanımadım hamı ilə dilucu, başımı tərpətməklə salamlaşırdım. Palatanın qapısını açıb özümü içəri atdım. Xəstələrdən yatanı da var idi, yerində qurcuxanı da. Bircə inildəyən Səməndər əmi idi. Məni görəndə gücü ancaq əlini qaldırmağa çatdı:

– Çağırdım ki, yanımda olasan. Səni görmək istədim.

– Mən də gəldim.

– Burda qalmaq istəmirəm.

– Qalıb-qalmamaq heç birimizin əlində deyil. Heç nə bizim ixtiyarımızda deyil.

– Darıxıram.

– Lap az qalıb, vəziyyətin də yaxşılaşır.

– Darıxıram. Vallah, darıxıram.

Səməndər əmi başladı uşaq kimi ağlamağa.

 

***

 

Xəstəxana pəncərələri... Həyatla ölüm, sağlam canla xəstə bədən arasında uzandıqca uzanan intizarlı yol. İşıq gətirən, işıq aparan yol. Qaranlığı gizlədən, qaranlığı gətirən yol. Həmişə narahat-nigaran o yola boylanarsan, o yolda baxışarsan ölümün–həyatın ağ-qara siması ilə. 21 gün Səməndər əmi işıq gətirən o pəncərələrin sevincini çəkdi içinə. Boylandı ölümə sarı ki, görsün hələ gəlməyib, hələ qapını kəsdirməyib?

Dilində: –Ölürəm, -çarəsizliyi;
Qəlbində: – Yaşamaq istəyirəm, – təmənnası.

Divarın o üzündə – Allahın göyünün altında yel dəydikcə titrəşən qovaq yarpaqları bircə Səməndər əminin soluxan ümidlərini göyərtmirdi, hər pəncərədən neçə göz baxırdısa, hər pəncərədən neçə göz zillənirdisə, hamısının könlündə yaşıllanırdı. Göz vururdu, əl edirdi, əsib-titrədikcə divar dalına çəkilib içində ölüm xofunu gəzdirən bu zavallı adamlarla gizlənqaç oynayırdı. Qovaq yarpaqları başını aldadırdı, qəlbini oynadırdı onların. Ayağa durub ev üçün yır-yığış edəndə təkcə palata yoldaşları, tibb bacıları ilə görüşmədi Səməndər əmi. Qovaq ağacının yaşıl budaqları ilə də sağollaşdı. O qovaq budaqları, o qovaq yarpaqları da dəcəl uşaqlar kimi atılıb-düşüb sevindi.

Və bu da ayrılıq vədəsi. Bir-birimizə sarılıb lal-dinməz dayanırıq. Onun qolunun gücünü, əllərinin hənirini kürəyimdə hiss eləmək necə gözəl hissdir.

– Gözlərimə inanmıram. Mən ayaq üstəyəm. Mən ölmədim. Canım it canıdır.

Ləzzətlə gülür. Gözlərini qıyıb gülür. Dərin qırışlar titrəşir üzündə.

– Sənin zəngini gözləyəcəm.

– Bilmək istəyirəm ki, necə yaşayırsan, harda yaşayırsan. Mən də səninlə gedirəm.

– Başqa vaxt. İstəmirəm görəsən harda yaşayıram, necə yaşayıram.

– Səməndər əmi...

– Mənə tez-tez zəng elə. Vaxtın olan kimi məni apar rayona. Evimi görmək istəyirəm. Apararsan ananın məzarını görərəm. Bir də gedib doyunca qaz əti yeyərik. Yaxşı? Salamat qal, İsa.

Cibinə pul qoydum. Utandı. Amma gərək utanmazdı. Mən Səməndər əminin haqqını hələ çox qaytaracaqdım. O, taksiyə əl edib gözdən itdi. Özümü nə qədər güclü, nə qədər əzəmətli, nə qədər yenilməz hiss edirdim, İlahi! Sevincin bu qədərinə insan dözməzdi, mən dözürdüm! “Qa-aaaa...”

 

***

 

Həmin günün axşamı özümü bazarda halı qarışan qurbağa kimi hiss edirdim.

– İsa...

– Həə...

– Evə balıq almışam. Kaş sən də evdə olardın.

Deyəsən, o balıq quyruğunu alnıma söykəmək üçün bizə gəlmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

Çərşənbə axşamı, 13 May 2025 12:00

O qatar heç vaxt gəlməyəcək - ESSE

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Deyirlər, ağıllı insan gözləməz. Amma mən metroda saatlarca oturub ağıllı insan anlayışına bir az düzəliş etdim. Çünki bəzən insan ağıllı olmur, ümidli olur. Bu, bir az fərqli səfehlik növüdür. İçində "əşi, bəlkə indi düşdü" deyə-deyə hər gələn qatarı qaşlarını çataraq izləyirsən, amma düşən yenə də təkərlərin tozudu.

 

Bir də var, içində teatr oynanır. Əlində bilet yoxdu, səhnə sənlik deyil, amma baxırsan, gözləyirsən ki, bəlkə aktyorlardan biri səni tanıyıb, səni səhnəyə çağırar. Halbuki çoxdan tamaşanın son hissəsidi və zal da boşalır.

Stansiyanın adını soruşma. Onsuz da hər stansiya bir az təkliyə çıxan dayanacaqdır. Ən çox da İnşaatçılar. Nə inşa olunur orda, bilmirəm, amma məndə dağılan çox şey var idi.

Və elə bu dağıntılar içində başladı hər şey. Ya da orda qaldı. Mən isə oturdum. Qalxdım. Yenə oturdum. Süpürgəçi xala ilə dostlaşdım. Qatar nömrələrini əzbərlədim. Hətta onlarca sərnişinə yol göstərdim. Mənim özümün hara getdiyimi bilmədiyim halda.

 

15:30.

Bir stansiya, bir nəfərlik oturacaq və içimdə səsini kəsməyən bir susqunluq. Yerin altına enirəm. Amma bu, sığınacaq deyil. Bu, sanki mənə özümün alt qatını göstərmək üçün qazılmış bir metaforadır. “İnşaatçılar” adını deyəndə adamın ağlına qurmaq gəlir, amma bu stansiyada heç nə qurulmur. Burda sadəcə çökürsən.

 Oturdum. Tək nəfərlik oturacaq. Kənardan baxanda sadə görünür. Amma bu, təkadamlıq qürbətin taxtıdır. Yanaşı oturmaq yoxdur, çiyinlər toxunmur, nəfəsin nəfəsə qarışmır. Özünlə üz-üzəsən. Elə bil, səninlə öz vicdanın arasında hazırlanmış tribunadır. Heç kim səni ittiham eləmir, amma sən hər dəqiqə mühakimə olunursan.

İçimdə bir fikir dönüb-dolanır:

"Bəlkə bu qatardan düşər..."

Bu fikir o qədər real, o qədər də gülüncdür ki, həm qəhqəhə çəkirsən, həm gözlərin yaşarır. Ayrılıq çox çəkməyib. O getdi. Amma mən burdayam. Nə üçün? Bilmirəm. Amma gözləyirəm.

 

17:00.

İnsan seli davam edir. Pik saatdır. Minənlər, düşənlər, qaçanlar, tələsənlər. Onlar həyatın içində itiblər, mən isə həyatdan çıxmışam. Bu stansiyada zaman dayanmır, amma mən dayanmışam. İnsanların üzləri bir cürdür. Tələskənliklə qırışmış, yorğunluqla yoğrulmuş və ən pisi heç nəyə təəccüblənməyən. Adamlar burda sadəcə gedirlər. Amma mən gəlməmişəm. Heç yerə getmək üçün gəlməmişəm. Mən qalmışam.

 

19:00.

Hər stansiya anonsunda içimə bir həyəcan girir. Bəlkə bu dəfə. Bəlkə… Bu "bəlkə"nin içində minlərlə ehtimal var, amma hər biri mənim zəncirlərimdir. Bəlkə üzünü görsəm, heç nə demərəm. Sadəcə baxaram. Sadəcə o da baxsa, bəsdi. Amma gəlmir. Sanki şəhər özü and içib ki, onu bura gətirməsin. Sanki kainat özü bilərəkdən bu gün onun yolunu dəyişib. Hə, doğrudur... Bəlkə də elə məni qoruyur. Bilir ki, gəlməsə, bu gözlənti yaşayar. Gəlsə, hər şey çökər.

 

20:00.

Bir kişi gəlir, durur yanımda. Baxıram, amma görmürəm. Mən artıq insanların içindən keçib gedirəm. Onların sözləri mənə dəymir. Bir qadın uşaqla düşür qatardan. Uşaq "mama, bu əmi niyə belə baxır?" deyə soruşur. Anası cavab vermir. Cavab yoxdur. Hər kəs cavabdan qaçır burda.

 

21:30.

Altı saat keçdi. Nə o gəldi, nə də içimdəki səs kəsildi. Əslində bu bir sevgi hekayəsi deyil. Bu, özünü tərk edən bir insanın geri dönəcəyinə ümid etməsidir. Bəlkə mən onu yox, onunla olduğum "məni" gözləyirdim. Həmin "mən" ki, artıq yoxdur. O tərk ediləndə, mən də içimdə birini çıxarıb yerə qoydum. Və indi… yerin altına enib onu axtarıram.

 

22:00.

Qatar gəlir. İşıqları gözümü qamaşdırır. O an başa düşürəm ki, mən burda qalmışam, çünki getməyə yerim yoxdur. Getmək üçün adamın bir "özü" olmalıdır. Mən isə hardasa, bir qadının gözlərində ilişib qalmış “mən”imi neçə saatdır gözləyirəm. Gəlmədi.

Qatar qapılarını bağlayır. Səs... təkcə dəmirin deyil, ümidin bağlanan səsidir.

Və mən qalxıram. Ayağa. Amma çıxmıram. Sadəcə oturacağımı dəyişirəm. Bəlkə.. bu dəfə başqa bucaqdan baxsam gələcək.

 

22:10.

Bu qatar da getdi. Platformada yüngül bir sükut çökdü, amma bu sükut əslində çoxdan gəlmişdi. Sadəcə səslər onu örtmüşdü. Yeddi saatdır burdayam. Oturacaq daş kimi idi, indi bədənim də daşlaşıb. Sanki təkcə ayaqlarım yox, ruhum da uyuşub.

Bu stansiyada oturacaqlar bir nəfərlikdi. Bəlkə də elə buna görə buralarda heç vaxt heç kim iki nəfər oturmayıb. İnsan bu stansiyada təkliyə məhkumdur. Elə mənim kimi.

Mən gözlədim. Qatar gəldi, getdi. Ümid etdiyim addımlar səssizliyi pozmadı. Hər dəfə tuneldən çıxan işığa baxdım. Bəlkə… Bəlkə bu dəfə. Amma "bəlkə" ümid deyil, işgəncəymiş. Bunu bu axşam öyrəndim.

 

23:20.

Bu saatda yaşlı bir qadın gəldi. Geyimindən, əlindəki süpürgədən, yorğun baxışlarından stansiya işçisi olduğu bəlli idi. Elə bil bu tavanlardan tökülən tozlar onun ruhuna da hopub. Gözləri dolu idi, amma boş görünürdü.

Yavaş-yavaş yaxınlaşdı. Əyilib süpürdüyü yerə baxırdı, amma birdən başını qaldırıb mənə baxdı:

 – Bala, sən neçə vaxtdı burda oturursan?

 Sualla zaman yer dəyişdi. Əlimdə olmayan bir tarixi axtardım. Cavab verdim:

– Bircə gün. Amma içində neçə il var, bilmirəm.

 O başını tərpətdi, azca gülümsədi. Elə bil özünü görürdü məndə. Bəlkə də illər əvvəl bu platformada nəyisə və ya kimisə gözləmişdi. Susdu. Susqunluğu hər şeydən aydın danışırdı. Sonra dedi:

 – Mən burda 17 ildir işləyirəm. Hər növbədə, hər gecə, hər qış və yay. Gözləyənlər olurdu, çoxu da susurdu. Amma sənin kimi birini az görmüşəm. Sən burda heç kimi gözləmirsən. Sən, ümumiyyətlə, gözləməyi yaşayırsan. Gedəcəksən? – deyə soruşdu.

 Cavab vermədim. Nə deyə bilərdim? Nə cavab vermək olar ki, bir insanın özü getmədiyi halda, kiminsə gəlmədiyini qəbul etməyə?

Qadın çevrildi. Gedə-gedə astaca dedi:

– Bəzi insanlar qatardan düşməz. Onlar sənə içindən baxarlar. Sən də onları gözləməzsən, sadəcə tanıyarsan...

 Onun ayaq səsləri stansiyanın səssizliyində qəribə ahənglə yox oldu. Mən qaldım. Sanki daha dərin bir təkliyin içinə düşdüm. Artıq gözləmirdim. Artıq gözləməyin özünə çevrilmişdim.

 

00:00.

Platformada yalnızam. Qaranlıq uzanıb yerə, mənim kölgəmə qarışıb. Bir vaxtlar iki nəfərlik olan xatirələr indi bu oturacaqda tək oturur.

 Və mən bilirəm. O qatar heç vaxt gəlməyəcək. Amma mən burdayam. Çünki bəzən insan birini gözləmir, sadəcə içində baş verənləri haradasa dinməz-danışmaz yaşamaq üçün bir səbəb axtarır.

Və mənim səbəbim bu stansiya oldu.

 Sonda heç nə olmadı. Heç bir qatar dayanmadı, heç bir ayaq düşmədi, heç bir baxış tutulmadı. Amma bir şey oldu. Mən ordan getmədim. Səkkiz saat. Səkkiz il kimi. Bütün ömürlər kimi. Bir insan bir oturacaqda bu qədər necə otura bilər, deyə soruşanlar oldu. Cavab vermədim. Çünki orda artıq mən yox idim. Bir gözləmə formasıydım sadəcə.

  O stansiyanın rütubətli divarlarında yalnız hava yox, sözsüz izahlar dolaşır. Və insan otura-otura susmağı öyrənir. Özüylə necə danışacağını, susarkən necə qışqıracağını... Gözləmək insanın içində özünü təcrid etməsidir. Qatarlara baxırsan, keçənlərin ayaqlarına, çantalarına, baxışlarına... Heç biri sənə dəymir. Heç biri sən deyilsən. Və sən anlayırsan ki, gözlədiyin heç vaxt gəlməyəcək, çünki onu sən yaratmışdın.

 O adam yoxdu. O qatar heç vaxt olmayıb. Sən, öz içindəki tamamlanmamışlığı bir siluetə bağlamısan. Hər gün bir az daha xəyallaşan bir ümidə.

İndi bilirsən nədi metro? Yerin altına düşüb içində daha da aşağılara enməkdi. O pilləkənlərdən hər eniş adamın içindəki yüngülcə ölümdür. O səssizlik, o saralmış oturacaqlar, o ardı-arası kəsilməyən stansiya səsləri, onlar insanın öz-özünə dedikləridi. Qışqırmadan.

Və mən indi də deyirəm: "Növbəti qatarla gələcək". Amma bilmirəm, gələcəkmi? Ya da mən onsuz da ordayam?

Bəzən insanlar bir-birini gözləyir. Bəzən insanlar özlərini. Bəzən isə... heç nə. Heç kim. Heç yer.

Və bu "heç nə"nin içində çox şey yatır…

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Çərşənbə axşamı, 13 May 2025 11:28

BİZİM KİNO – Ulduzlu heyəti olan “Ulduz”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət” 

 

Rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırdığı filmdən danışaq, “Ulduz” filmindən. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib.

 

Bu filmdə çox məşhur aktyorlar — Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarlar yer alıblar.

 

Məzmun 

Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

 

Film haqqında 

Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. Filmin sınaq çəkilişlərində Şubay roluna namizəd kimi aktyor Tariyel Qasımov iştirak edib. Hacıbaba Bağırovun kinoda ilk işi olub. Filmin maraq doğuran tvist səhnəsində Məleykə Ağazadə (Nazilə) və Hacıbaba Bağırov (Möhsün) Çubbi Çekerin ifasında Let's Twist Again mahnısını həqiqətən də özləri oynayıblar.

Tamilla Rüstəmovanın (Ulduz) peşəkar aktrisa deyil, televiziya diktoru olması, Suğra Bağırzadənin (Yetər) isə hələ məktəb şagirdi olması film tənqidçiləri tərəfindən tənqid də olunub.

 

Bərpa

2019-cu ilin noyabrında filmin 55 illiyi ilə əlaqədar, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sponsorluğu ilə ANS Şirkətlər Qrupuna daxil olan "BALANS" Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən film bərpa edilib.

BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Ulduz" filminin yenilənmiş versiyası 2019-cu il dekabrın 3-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev deyib ki, 1964-cü ildə Ağarza Quliyev tərəfindən lentə alınmış “Ulduz” filminin pozitivi çox keyfiyyətsiz olub və mütəxəssislər onu çətinliklə də olsa, bərpa edib. Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib.

Mərasimdə çıxış edən “Səba” ASC-nin Baş direktoru Fuad Ələkbərov bu tip layihələrdə iştirak etdiklərinə görə fəxr hissi keçirdiyini bildirib. Təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan kino incilərini bərpa edərək Azərbaycan xalqına qaytardığına görə Vahid Mustafayevə təşəkkür edib.

Daha sonra filmdə Yetər obrazında çəkilən Suğra Bağırzadə filmin çəkilişi ilə bağlı xatirələrini bölüşüb. "Ulduz" musiqili operettasının müəllifi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi Tahir İmanov milli sərvətimiz olan "Ulduz" filmini bərpa etdiyinə görə Süleyman Ələsgərovun ailəsi adından Çingiz Mustafayev adına Fonda, ANS Şirkətlər Qrupuna, Vahid Mustafayevə, "Səba" şirkətinə və "BALANS Studiyası"na təşəkkürünü bildirib.

Təqdimatda Oqtay Mirqasımov, Fəxriyyə Xələfova, Cənnət Səlimova, Ayaz Salayev, Vasif Babayev kimi bir çox mədəniyyət, elm, ictimai xadimlər, iş adamları iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

 

 

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilər, sizlərlə yenidən görüşdüyümüz üçün çox şadıq.

Bu dəfə də " Psixologiya və Şeir" rubrikamızın çox maraqlı qonaqları sizin zamanınıza rəng qatacaq.

Psixologiya və şeirin- hər ikisinin də ortaq nöqtəsi insan ruhu və duyğularıdır. Hər ikisi insanın iç dünyasından xəbər verir. 

Bəli, Psixologiya və Şeir bir- birini gözəl tamamlayır.

Bugünkü rubrikamızın qonağı psixoloq- psixoterapevt Fazil Cəfərovdur. Şamil Ənvəroğlu yaradıcılığından "Mən heç belə düşünməzdim həyatı" şeirinə Psixologiya güzgüsü ilə boylanacağıq.

 

 

Şamil Ənvəroğlu - "Mən heç belə düşünməzdim həyatı"

 

Mən heç belə düşünməzdim həyatı,

heç belə olacağına inanmazdım da.

Heç ağlıma gəlməzdi ki,

ətrafında insanlar çoxaldıqca yalnızlaşar insan,

darıxar min-min insanın,

itər min-min arzunun içində.

Heç ağlıma gəlməzdi ki,

valideynlərindən daha çox sabahlarından yetim qalar insan,

bir xoş sabahı düşünər, düşünər, 

sonra da düşünməkdən də bezib çəkilər bu dünyanın bir küncünə.

Mən heç düşünməzdim ki,

bir insanın həyatdan aldığı ən böyük qisas dəlicəsinə bir susmaq olarmış,

heç nəyi umursamadan,

heç kimi ciddiyə almadan.

Acılardan yorulanda,

yaşamağının mənasızlığından bezəndə susar insan.

Heç ağlıma gəlməzdi ki,

qürurundan gülənlər

daxilən için-için soyulanlarmış.

 

Mən heç bilməzdim ki,

bir insanın ən böyük ağrısı bədəninin hər hansı bir yerində deyil də,

ümidsizcə sabahlara oyanmağındadır.

Heç inanmazdım ki,

ən böyük şikəstlər sevgisiz bir ürəyi,

düşüncəsiz bir başı daşıyanlardır.

Heç bilməzdim ki,

bir insanın yoxluğu onun ölümüylə deyil,

yaxınlarına gərəksiz olmağıyla ölçülər.

Və indi bildim ki,

əslində heç kim ömrünü ÖMÜR kimi yaşaya bilmir bu dünyada,

hər kəs bir kor ümiddən tutub sadəcə illərini sayır... 1,2,3,4,5...

 

 

 

Şamil Ənvəroğlunun “Mən heç belə düşünməzdim həyatı” adlı poetik mətnində dərin bir *egzistensial boşluq, emosional yorğunluq və şəxsi təcrid hissi* ifadə olunur. Bu mətni psixoloji kontekstdə təhlil etdikdə, bir neçə əsas mövzu üzə çıxır:

 *1. Egzistensial narahatlıq və həyatın mənasızlığı*

“...bir insanın həyatdan aldığı ən böyük qisas dəlicəsinə bir susmaq olarmış…”

Bu misra, həyatın mənasını axtaran, lakin onu tapa bilməyən bir insanın *sükutla etirazını* göstərir. Egzistensializmdə bu hal “absurd həyat hissi” kimi tanınır — yəni insanın həyatla bağlı suallarına cavab tapa bilməməsi və bunun yaratdığı daxili sıxıntı.

Susmaq bəzən sakitlik, bəzən isə *qışqırıq qədər kəskin bir etiraz* ola bilər. Bu cümlə *psixoloji müdafiə mexanizmi* kimi *sükutu* vurğulayır. İnsan bəzən həyatın, insanların və öz hisslərinin ağır yükündən danışmaq yerinə *səssizlik seçir*

 *2. Təkliyin paradoksu: insan içində insan axtarır*

“ətrafında insanlar çoxaldıqca yalnızlaşar insan…”

Burada *emosional izolyasiya*dan söz gedir — yəni fiziki olaraq ətrafında insanlar olsa da, ruhən tənha qalmaq. Bu, *qavranılan əlaqəsizlik hissi, əlaqə çatışmazlığı* və *emosional doyumsuzluq*dur. Sosiologiyada bu "urban yalnızlığı" və ya *müasir insanın fərdi təcridi* adlanır.

 İnsanın sosial çevrəsi genişlənə bilər, lakin daxili yaxınlıq və emosional bağlılıq olmadıqda, o daha da *izolyasiya olunur*. Bu, müasir dövrdə sosial mediada tez-tez qarşılaşdığımız, “sosial tənha” anlayışına uyğundur: minlərlə izləyici arasında özünü görünməz hiss edən insan.

 *3. Travmatik uşaq təcrübələrinin yetkinlikdə təzahürü*

“valideynlərindən daha çox sabahlarından yetim qalar insan…”

Bu cümlə *təhlükəsizlik və ümid itkisini* göstərir. İnsan psixikasında *gələcək inamı*nın itməsi, dərin ümidsizlik, depressiyanın əsas əlamətlərindəndir. Buradakı “yetimlik” fiziki yox, *psixoloji sahibsizlik*dir.

Ənənəvi olaraq “yetim” anlayışı valideyn itkisiylə əlaqələndirilir. Burada isə *simvolik yetimlikdən* bəhs edilir – insan *ümidlərini, təhlükəsizlik hissini, gələcəyə inamını* itirəndə, özünü *yetim* kimi hiss edir. Bu ifadə *travma sonrası psixoloji gərginlikin və ümidsizlik depressiyasının* poetik formasıdır.

 *4. Duyğuların sıxışdırılması və susqunluq mexanizmi*

“susar insan... heç nəyi umursamadan…”

Bu, *emosional tükənmişlik (burnout) və apatik müdafiənin* ifadəsidir. İnsan duyğularını ya danışaraq, ya da ağlayaraq ifadə edə bilmədikdə, *qoruyucu mexanizm* olaraq susqunluğa çəkilir. Bu isə psixoloji baxımdan *təhlükəli passivlik* və *özünü dəyərsiz hiss etmək* halıdır.

 *5. Qürur maskası və daxili dağılma*

“qürurundan gülənlər... için-için soyulanlarmış…”

Bu misra, *emosional maskalanmanı* açıq şəkildə göstərir. Çox zaman güclü görünmək üçün insanların *özünü saxta emosiyalarla qoruduğu* bir psixoloji davranışdır. Psixologiyada buna "defense mechanism – repression" (daxili ağrının inkarı və basdırılması) deyilir.

*6. Emosional yoxluq və şəxsiyyətin görünməməsi*

“bir insanın yoxluğu onun ölümüylə deyil, yaxınlarına gərəksiz olmağıyla ölçülər.”

Bu fikir *emosional etinasızlıq və görünməmək qorxusunu* ifadə edir. Bu, psixologiyada “interpersonal invisibility”, yəni insanın kiminsə həyatında fiziki olsa da, *emosional olaraq görünməməsi* kimi təsvir olunur.

 *7. Həyatı saymaq, yaşamaq deyil*

“...heç kim ömrünü ÖMÜR kimi yaşaya bilmir bu dünyada…”

Burada *avtomatlaşdırılmış həyat tərzi, məqsədsiz günlərin passiv şəkildə keçməsi, hədəfsizlik və varlıq yorğunluğu* hiss edilir. İnsan sadəcə yaşamağa davam edir, amma həyatına məna yükləyə bilmir. Bu hal, *egzistensial depressiya* adlanır.

 

Nəticə:

Bu mətn həm şəxsi travmaların, həm də müasir insanın ümumi psixoloji dilemmasının bədii formadakı ifadəsidir. Şair bir çox oxucunun içindəki sözlə ifadə olunmayan yorğunluqları, sualsız sualları, danılmamış hissləri dilləndirir. Bu, həm psixoloji portret, həm də ruhsal etirafdır.

 *Psixoterapevtik baxışla*

Əsərdəki duyğular çox zaman *müalicəyə ehtiyac duyan dərin emosional ağrılardır*. Bu duyğuların şeirə çevrilməsi bir növ katarsis (emosional boşalma) prosesidir.

Bu tip ifadələr:

Bilinçaltı duyğuların sözə çevrilməsi,

Duyğularla üzləşmə,

və özünü dərk prosesinin başlanğıcı ola bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 13 May 2025 10:32

BƏHRAM GÜR – Bir abidənin yaranış tarixçəsi

“Ədəbiyyat və incəsənət” portalı Asif Şəfəqqətovun növbəti maraqlı araşdırma yazısını təqdim edir.

 

Neftçilər prospektində, Bakı funikulyorunun yaxınlığında “Bəhram Gur” adlı abidə yerləşir. Abidə uzaq 1959-cu ildə qoyulub. Onun müəllifləri gənc və istedadlı heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov, memar V.Şulqindir.

 

“Bəhram Gur” dekorativ fəvvarəsi, şəksiz ki, Bakının simvollarından biridir. O, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir süjeti təsvir edir. Bəhram Gur tarixi şəxsiyyətdir və Sasani sülaləsinin 14-cü şahı olub. O, cəsurluğu və ədaləti ilə fərqlənmişdi. 439-cu ildə saray çevrilişi zamanı əyanlar tərəfindən öldürülmüşdür. Onun həyatı uzun müddət əfsanələr mövzusu olub.

 

Bir neçə əsr sonra, XII əsrdə böyük Azərbaycan şairi Nizami Bəhram Guru özünün “Yeddi gözəl” poemasının (“Bəhramnamə” kimi də tanınır) qəhrəmanı etdi. Ayaqlarına dolaşmış ilanabənzər əjdahanı qılıncla öldürən əfsanəvi qəhrəmanın heykəli fəvvarənin mərkəzində qoyulub.

 

Belə alleqorik kompozisiyanın Bakıda peyda olması böyük çətinliklərlə müşayiət olunmuşdu. Yalnız o vaxt Bakı şəhərinin meri Əliş Ləmbəranskinin sayəsində “Bəhram Gur” şəhərin layiqli bəzəyinə çevrildi.

 

Bu abidənin yaranmasının maraqlı tarixçəsi var. Necəsə respublikamızdan kənarda təhsil alan 3 heykəltəraş tələbə – Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov Bakıda Alimlər evinin qarşısında yeni salınmış meydanda abidə qoyulması üzrə müsabiqədə iştirak etmək qərarına gəlirlər. Vaxt azlığından və naturaçıya verməyə vəsait çatmadığından model kimi müəlliflər Albert Mustafayevdən istifadə etmişdilər. Onlar müsabiqəyə öz layihələrini təqdim etsələr də uğur qazanacaqları haqda heç düşünmürdülər. Gözlənilmədən onların layihəsi bəyənilir. 4,6 metrlik abidəni bürüncdən hazırlayırlar. 

 

Abidə o vaxt şəhərdəki digər abidələrdən öz dinamikası ilə fərqlənirdi. Abidə Bakı üçün qeyri-adi idi: 

  • O, Bakıda bürüncdən hazırlanan ilk abidələrdən biri oldu.

  • O, Bakıda ədəbi qəhrəmana qoyulan ilk abidə oldu.

 

1997-ci ildə Azərbaycanda bu abidənin təsvirləri əks olunmuş poçt markaları seriyası buraxılmışdır.

 

2007-ci ildə abidə restavrasiya olunmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2025)

 

Çərşənbə axşamı, 13 May 2025 10:04

TƏLƏBƏ YARADICILIĞI – “Kağızda qalanlar”

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında Ağdam Dövlət Sosial-İqtisad Kolleci tələbələrinin yaradıcılıq nümunələrinin təqdimatı davam edir. Bu gün qarşınızdakı Nuray Fərzəliyevadır.

 

Bəzən bir cümlə ilə illərlə yaşayırsan. Hər dəfə başqa bir gözlə baxırsan, başqa bir hisslə oxuyursan.

Bir hərfə ilişirsən…

Bir vergülə təslim olursan…

Bir nöqtədə dayanıb öz içində dağılmağa başlayırsan.

 

Mən də oxudum saysız-hesabsız dəfə. Sanki hər sətrin içində gizlənmiş bir “mən” var idi. O “mən” ki, mənə belə yad idi…

Bəlkə də mən elə o cümlələrin arasında unudulmuş bir xatirəydim.

Bir susqunluq.

Bir iz.

 

Hər dəfə oxuyanda sözlər nəfəs alırdı, kağız canlanır, məktub yaşayan bir varlığa çevrilirdi. Mən isə, həmin varlığın içində gizlənən danışmayan, amma hər şeyi anlayan bir səsə dönürdüm.

“Sözlərdən doğan sirr  sükutun içində gizlənmiş qışqırıq idi.”

 

Saatın tik-tak səsləri otağın dərinliyində boğulurdu.

Çöldə yağan yağış isə sanki ruhumu ovutmaq istəyirdi. Amma… içimdəki o uşaq hələ də susmurdu. Əllərini qulaqlarına tutmuşdu, səssizcə ağlayırdı. Hər damla, hər tıqqıltı onu daha da oyadır, daha da sarsıdırdı.

 

Zamanın dayanmasını istədim. Elə orda o an, hər şey donsun istədim. Əlimdə qanlı məktub…

Qarşısında diz çökdüyüm keçmiş…

 

Bəzən bir məktub, təkcə yazılan sözləri deyil bir ömrün daşıya bilmədiyi bütün ağrını saxlayır.”

 

Hər şeyin çöküşü bir məktubla başladı.

Və mən…

Məhz o məktubda susdum. O məktubda parçalandım.

 

Bəzən insan ən böyük sirri səssizlikdə axtarır. Amma unuduruq: “Sirrin özü bəzən səssizlikdən doğmur. O, susduran xatirələrin qışqırığından yaranır.”

 

Kağız nəm idi. Bu, yağışın izi deyildi. Bu, mənim göz yaşlarımdı. Əllərim titrəyirdi. Hər sətir bir yadıma düşən qapı idi. Və mən o qapıların heç birindən içəri girə bilmirdim.

 

“Ən böyük ağrı, deyilməmiş sözlərin altında yatır.”

 

İçimdə bir fırtına qopurdu. Səssiz, amma dağıdıcı. Uşaqlığımın səsi… “Məni niyə tərk etdin?” deyirdi.

Amma cavab yox idi. Mən onu tərk etməmişdim.

Məni unutmuşdular.

 

Məktubun sonunda yalnız bir cümlə vardı.

Sadə görünürdü, amma bir ruhu göməcək qədər dərin:

 

“Əgər bir gün qayıtmasam, bil ki, busəssizlik məni səndən çox sevdi.”

 

İnsan bəzən səssizliyə o qədər alışır ki, səs ona yad gəlir… 

Mən də dəyişməkdən qorxurdum.

Danışmaqdan…

Hətta yaşamaqdan belə.

 

Ayağa qalxdım.

Pəncərəyə yaxınlaşdım.

Yağış dayanmışdı.

Torpağa düşən hər damla bir iz buraxıb yox olurdu.

İnsanlar da belə gedir – bir iz qoyub, sükutla yox olurlar.

 

Kağızı qatlayıb masanın üstünə qoydum. Amma içimdə yazılmamış minlərlə sətir vardı. Susduğum, yazmadığım, demədiyim nə qədər söz qalmışdı…

Və ən pisi, onları kimsə heç vaxt oxumayacaqdı.

 

Ayaqlarım yerə dəyirdi, amma mən sanki havada asılmışdım.

Boğazımda ilişib qalan bir səs vardı. Deyə bilmədiyim, qoparıb ata bilmədiyim bir “ah”.

 

Divarda asılmış köhnə saat hələ də işləyirdi…

Tik… tak… tik… tak…

Sanki “keçdi… keçdi…” deyirdi.

Amma heç nə keçməmişdi. Mən keçə bilməmişdim.

 

Birdən pəncərəni açdım. Soyuq hava üzümə çırpıldı.

Dərindən nəfəs aldım.

 

“Heçkimə heç nə demədim, çünki mən özümə danışmışdım.”

Acılarımı da…

Qırıldığım anları da…

 

Elə ona görə heç kim duymadı nə qədər ağrıdığımı.

 

O an anladım…

Bəzən insan heç kimə danışmadığı duyğularla boğulur.

“Ən ağır yük qəlbindən başqasına keçməyən kəlimələrdir.”

 

Pəncərəni bağlamadım. Yağış yenidən yağmağa başlamışdı.

Otağa dolan rütubətli soyuq nəfəs, sanki içimdəki boşluğa toxunurdu. İçimdəki uşaq artıq ağlamırdı.

O da susurdu. O da öyrənmişdi səssiz qalmağı, heç kimə inanmağı. Masanın üstündəki saat dayanmışdı.

Deyəsən, bu dəfə təkcə saat yox… zaman da bitmişdi.

 

Ayağa qalxmadım. Pəncərəyə getmədim. Heç nə etmədim.

Çünki artıq anlayırdım:

Bəzən hekayənin sonu olmur. Sadəcə, hekayə daha danışılmır.

 

Ən qorxunc sonluq nə ölümdür, nə də ayrılıq…

Ən qorxunc sonluq heç nə demədən susmaqdır.

 

 "Ədəbiyyat və incəsənət"

(13.05.2025)

 

79 -dən səhifə 2260

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.