ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında onun həyat və yaradıcılığına həsr edilən elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verikən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənim tanıdığım Maqsud İbrahimbəyov”, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Ədəbiyyatımızın zadəgan nasiri” kimi məqalələrinin tam mətni təqdim edilir. Azərbaycan və rus dillərində tərtib edilən elektron bazada Maqsud İbrahimbəyovun məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, Maqsud İbrahimbəyovun kitablarının virtual sərgisi də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Nəşriyyatlar Assosiasiyası
idarə heyətinin sədri Şəmil Sadiqin II Naxçıvan Kitab Sərgisi barədə qeydlərini diqqətinizə çatdırır.

 

9, 10, 11 may günləri... Üç gün üç gecə Naxçıvanda kitab sərgisində olduq. 23 nəşriyyat, 30-dan çox yazıçı, şair, naşir... 
Məncə, hərə özünü, öz xislətini, xarakterini yaxşı bilir. Hətta bir addım atanda da içindəki “mən” onu nəyin gözlədiyini pıçıldayır. Bunu duymaq çətin deyil. Mən də qonaqları Naxçıvana dəvət edəndə bizi nəyin gözlədiyini yaxşı bilir və heç tərəddüd etmədən gəlmələrini istəyirdim. Artıq ikinci dəfə idi...

 


Həm torpağımızın, həm havamızın, həm suyumuzun, həm duzumuzun, həm də bunlardan yoğurulan camaatımızın qonaqları necə qarşılayacağını öncədən bilirdim. Bura tanıdığım və tanımadığım bütün camaatımız daxildir. 
Hər şey elə başdan yaxşı getdi. İlk dəfə idi, dövlət qurumu ANAİB-i kitab sərgisinə dəvət edirdi. İndiyəqədərki 21 sərgidə biz təşəbbüs göstərmiş, məktub yazmış, şəxsi əlaqələrimizdən istifadə etmişdik. Bu dəfə isə Naxçıvan şəhər İcra Hakimiyyəti dəvət etdi. Əsas təşkilati işləri də öz üzərinə götürdü. Əslində, elə belə də olmalıdır, amma biz o qədər az görürük ki, təəccüblənməmək əldə deyil. Prosesə icra başçısının müavini səviyyəsində nəzarət edilirdi. 
Bəli, sərgi başladı, rəsmilər gəldilər, stendləri bir-bir gəzib kitablarla tanış oldular. Buna qədər isə Naxçıvanın özünəməxsus idarəetməsi ilə üz-üzə qaldıq. Kəskin və kontinental... Stendlərin pərdəsinin necə olmasından başlamış, masaların eyni sıra ilə düzülməsinə qədər tövsiyələr eşidirdik. Bir az ləng tərpənəndə özləri də işə əl atırdılar. Axı naşir və yazıçılar bir az əhli-kef olur, rahat davranırlar. Məsələn, “Stendlər saat 09:30-da hazır olmalıdır” deyilibsə, elə də olmalıdır. Bir sözlə, hər detal düşünülmüşdü. 
... Müasir karvansaraları xatırladan Saat meydanı.
Buludlar yerlə süzür sanki. Yerə o qədər yaxındır, elə bilirsən, bir azdan sarmaş-dolaş olacaq. Yer göyə, göy yerə sevgi tərənnümü edir.
Elə naşirlərlə kitablar da yerlə göy kimi idi. Stendin gözəlliyi üçün o kitabı bura, bu kitabı ora qoyur, sonra bəyənmir və yenə yerini dəyişir.
Naxçıvanda onu da gördüm ki, sərgiyə sadəcə kitab, yaxud imza almaq istəyənlər gəlirlər. Yəni “Yoldan keçirdim, bikar idim, boş vaxtım vardı” yox, “Kitab almaq istədiyim üçün gəlmişəm” deyirdilər iştirakçılar.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini bir neçə məktəblinin kitab seçdiyini görüb: “İcazə verin, sizin kitabların pulunu mən ödəyim”, – deyir. Uşaqların üzü gülür və hamısı seçdikləri kitabdan əlavə bir kitab da götürürlər...
Qonaqlardan bir yazıçı deyir ki, taksidən düşəndə sürücü məni tanıdı, ödənişi götürmədi...
Bir qonaqsa deyir ki, Naxçıvanı və naxçıvanlıları belə təsəvvür etmirdim… 
Bir naşir deyir ki, oxucular çox intellektualdırlar, kitabla bağlı xeyli müzakirə aparmışıq...
Bir satıcı deyir ki, digər sərgilərdən fərqli olaraq heç kim hədiyyə kitab istəmir...
Biri də deyir ki, filan restoranda yediyim toy bozbaşı, daş küftə ləzzət elədi...
Biri də qayıdır ki, hər şey yaxşıdır, amma restoranlarda xidmət səviyyəsi çox pisdir. Xoş sözləri eşidəndə zövq alan və qürurlanan mən tez Atatürklə ingilis lordunun söhbətini misal çəkib bunu da yaxşı yerə yozuram: Atatürklə lorda xidmət edən bir xidmətçi çayı dağıdır, ingilis lordu bunu ironiya ilə qarşılayır. Bu zaman Atatürk deyir ki, bu millətə hər şeyi öyrətdim, bircə qulluqçuluqdan başqa.
Hə, yeri gəlmişkən, Naxçıvan havası da öz sözünü deyir, qızmar günəş, şıdırğı yağış, sərin hava tez-tez növbələşir.
Bəli, Naxçıvan tarixində ikinci möhtəşəm kitab sərgisi – Bookfest baş tutdu. Həm təşkilatçılar, həm iştirakçılar razı qaldılar. Özü də, sərgi qızmar günəş altında könüllülərin yallısı ilə bitdi. Geriyə xoş təəssüratlar və gələnilki sərgiyə daha yaxşı hazırlaşmaq arzusu qaldı. 
Həm maairfçi, həm təşkilatçı, həm də naxçıvanlı kimi elimdən başıuca ayrıldım. Çünki hansısa problem ANAİB-in və doğma torpağımın adına xələl gətirmədi.
Bu sərgi bizə nə qazandırdı:
1. Azərbaycan nəşriyyatçılığının əvvəlki illərə nisbətən inkişaf etdiyini göstərə bildik.
2. Oxucular yerli müəlliflərlə tanış oldular.
3. Oxucular Azərbaycan kitabçılığının bir-iki nəşriyyatdan ibarət olmadığını anladılar, fədakar gənclərin inkişaf etdirdiyi çoxsaylı yayım evləri ilə tanış oldular;
4. Anladıq ki, sərgidən əvvəl bölgənin xarakter və tələbatını araşdırmalı, mövcud statistika ilə tanış olmalıyıq. 
5. Bütün sərgilərə eyni şövqlə hazırlaşmalı, təşkilatlanmalıyıq. 
6. Bölgə sərgilərinin keçirilməsini ən az üç ay öncədən elan etməli və təbliğat-təşviqat işləri aparmalıyıq.
7. Məktəb və universitetlərin bu prosesə cəlb edilməsi üçün aidiyyəti qrumlarla ciddi işləməliyik.
Bu gözəl təşkilatçılığa və təşəbbüsə görə Prezidentin Naxçıvan Nümayəndəliyinə, Naxçıvan şəhər İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. Ümid edirəm, digər bölgələrimiz də Naxçıvandan nümunə götürərlər. Elə biz də kəm-kəsirlərimizi aradan qaldırarıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

Bakıda inanılmaz bir moda hadisəsi yaşanacaq - Baku Fashion Week!

Bakı Konqres Mərkəzində 16, 17 və 18 may tarixində seyrçilər dünya modasının çağdaş durumu atmosferində olacaqlar. 

Onlar 2025–2026 payız/qış kolleksiyalarını, tanınmış və yeni dizaynerlərin nümayişlərini, xüsusi quraşdırılmış showroom-ları, fəaliyyət zonalarını və moda sənayesinin unudulmaz atmosferini yaşayacaqlar.


Tədbir bölgənin ən müasir və simvolik məkanlarından biri olan Bakı Konqres Mərkəzində keçirilməsi də rəmzidir. 
Bakıda moda tarixinin yeni dövrünün bir hissəsi olmaq fürsətini seyrçilərə məhz bu məkan yaratmağa qadirdir.

 

“Ədəbiyyat və incəsənət” portalı tədbirin öroqramını fəqdim edir: 

16 MAY
EMRE ERDEMOGLU (Türkiyə)
CONFIDANCE (Azərbaycan)
UVENTA (Azərbaycan)

17 MAY
SAINT ASLAN (Azərbaycan)
DADA’S (Azərbaycan)
CIHAN NACAR (Türkiyə)
TUVA (Azərbaycan)

18 MAY
ZHIWJ (Tacikistan)
FİDAN SADİQ (Azərbaycan)
CHOVGHUN (Azərbaycan)

 

Başlanğıc: saat:18:00–22:00

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

Bazar ertəsi, 12 May 2025 17:11

O, Mir Çingizin atasıdır...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hələ ki ömrünün bahar fəslidir. Qızmar yay, barlı payız, şaxtalı qış qarşıdadır. Rəngarəng çiçəklərinin qoxusundan hiss olunur ki, ömrünün payızı barlı olacaq, bol məhsulu ilə Vətəni sevindirəcək...

 

Parlaq istedad hər adamda olmur. Allah onu yalnız sevdiyi bəndəsinə verir. Verir ki, milyonların içində fərqlənə bilsin və insanlar arasında daha faydalı, daha ötkəm olsun. İstedad vulkana bənzəyir, püsgürdü ki səd tanımaz, aşıb daşar. Bəli, bu gün sizə gənc bir oğlandan söhbət açamaq istəyirəm. O, 1997-ci ilin may ayının 11-də dünyaya gəlib. Orta təhsilini 175 saylı tam orta məktəbdə alıb. Sonra Qərb Universitetinin Tərcümə fakültəsində İngilis-Azərbaycan dilləri üzrə tərcüməçilik ixtisasına yiyələnib. Bir il sonra Azəri-Press Agentliyində (APA) işə başlayıb. Öncə müxbir-montajçı, daha sonra müxbir-aparıcı, ardınca redaktor, bəzən xəbər müdirinin əvəzləyicisi olub. Ardınca yaradıcı departamentdə fəaliyyət göstərib. Orada işlədiyi üç il müddətində "Tarix Adam" proqramının aparıcısı olub və sənədli film xarakterli verilişlər hazırlayıb. Bununla da o, üxbirlikdən efir redaktorluğuna, montajçılıqdan baş redaktorluğa qədər müxtəlif vəzifələrin sirlərini mənimsəyib. Səs aktyorluğunu da öyrənib, layihə rəhbərliyini də... 

 

Deyir ki:- “APA-da üçillik televiziya təcrübəsindən sonra, üç il də ”APA Group”da layihə rəhbəri vəzifəsini icra etdim. Həmin müddətdə “Kulis”in müxtəlif müsabiqələrinin, o cümlədən “Vesti.az”-dan tutmuş “Apa TV”-yə qədər şirkətə daxil olan müxtəlif kanalların layihələrini hazırladım. Üst-üstə 15 layihə təhvil verdim. Layihə rəhbərliyinə başladığım il 2021-ci il idi. Üzərindən bir il keçdikdən sonra isə yaradıcılığımı holdinqlə məhdudlaşdırmaq istəmədim və “Künc-Bucaq” internet televiziyasını yaratdım. “Mirinin Dibçəyi” ilə başlasam da layihələri artırdım. “Bizim Bucaq”, “Sorğu Adam” və s. layihələrlə kanalı daha da böyütdüm. İndi abunəçilərimin sayı altımış mini ötüb. Kanal artıq ölkədə tanınır və fəaliyyətini davam etdirməkdədir. Mart ayından həm də “Real FM”-də radio aparıcılığına başlamışam. "Realda Mən" verilişiylə dinləyicilərin qarşısına çıxıram...”

 

Mənimsədiyi bacarıq və vərdişlərini idarə etməkdə qətiyyətlidir və ənənələrə böyük dəyər verir. Səbirli, inadkar və sabit təbiətlidir. Arzularını planlı və sistemli şəkildə həyata keçirməyi xoşlayır. Bu səbəbdən də, onu əzmkar və qətiyyətli insan kimi xarakterizə etmək olar. Onun üçün maddi təhlükəsizlik və komfort çox önəmlidir. Lüks və gözəl əşyalar onun cazibəsini artıran elementlərdir. Ev dekorasiyası, geyim və yemək mövzusunda estetik zövqü yüksəkdir. Bir sözlə, komfort və gözəllik həyatında önəm verdiyi ən vacib detallardır...

 

“Jurnalist ailəsində dünyaya göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. İndi mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.”- söyləyir...

 

...Gen öz işini görüb. İstedad onun iliyinə kimi işləyib. Məşhur telejurnalist Mir Şahin Ağayevin oğludur...

 

Deyir ki: - “Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm. Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! - Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Filan cümləni yerli-dibli silmək lazımdır...” 

 

Bir işə başladısa, onu tamamlamağa qətiyyətlidir və bu yolda heç bir maneəyə boyun əyməz. Sadiq və güvənilən adamdır. Dostluq və romantik münasibətlərdə uzun müddətli bağlılığa və sadiqliyə böyük əhəmiyyət verir. Sevdiyi insanlara hər zaman dəstək olmağa hazırdır. Elə buna görə də sevilir...

 

“Bəli, məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox.”- söyləyir...

 

Gənc də olsa praktiki düşüncəyə malikdir. Onun üçün həyatın reallıqları və gündəlik ehtiyaclar prioritetdir. Maddi resursları ağıllı şəkildə idarə etmək və uzun müddətli məqsədlərə çatmaq üçün ciddi planlar qurmaq onun təbiətindədir. Yuxarıda qeyd etdiyim kimi, dəyərlərə və ənənələrə bağlılıq onun üçün çox önəmlidir...

 

Deyir ki:- “Xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır...”

 

...El arasında belə bir deyim də var: “Yaxşı oğulu uşaq vaxtı atasına görə tanısalar da, böyüyəndən sonra atasını ona görə tanıyarlar.” İnanıram ki, nə vaxtsa Mir Şahini “Mir Çingizin atasıdır”- deyə təqdim edəcəklər...

 

Dünən Mir Çingizin 28 yaşı tamam oldu. Onu ürəkdən təbrik edir, Allahdan möhkəm can sağlığı, arzularının çin olmasını diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən günləri vərəqlədikdə bugünkü günə düşən bir hadisə diqqətimi çəkdi. 12 may 2024-cü il tarixində İsveçin Malmö şəhərində 68-ci Avroviziya Mahnı Müsabiqəsi başa çatmışdı. Biz də onun nəticələri barədə danışmışdıq. Tərarən o günə dönək.

 

Əvvəla ondan başlayaq ki, səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırdılar. Bu sayaq uğursuzluğa son illərdə ilk dəfə məruz qalırdıq, belə ki, ardıcıl olaraq ölkə təmsilçilərimizi finalda görməyə alışmışdıq. Təəssüf ki, düşmən ölkə finala adladı, bizsə yox.

Davam edək.

2024 Avroviziya finalında 25 ölkə iştirak edirdi. Yarış günü Hollandiyadan olan Yost Klein diskvalifikasiya edildi. Sənətçi çəkiliş qrupunun xanım üzvünə qarşı nalayiq hərəkətlər etdiyi səbəbindən bu cür cəzalandırıldı.

Final günü bukmeykerlər Xorvatiyadan olan Baby Lasagna-nın qələbəsini proqnozlaşdırdılar. Bukmekerlər israilli eden Qolanı ikinci, İsveçrəli Nemonu isə üçüncü yerə qoymuşdular. Bukmekerlər 2018-ci ildən bəri ilk dəfə qalibi seçməkdə səhv etdilər. Gözəl performans göstərsə də xorvat qalib ola bilmədi.

 

İsrailin 20 yaşlı nümayəndəsi Eden Qolan 13 il Moskvada yaşayıb. 2015-ci ildə Uşaq Eurovision üçün Rusiya seçiminin iştirakçısı olub və burada 5-ci yeri tutub. 2016-cı ildə Krımda Nyusha ilə oxuduğu mahnı ilə "uşaq yeni dalğası"nda çıxış edib. 2018-ci ildə Eden Qolan "Səs" şousunun 5-ci mövsümünün finalına çıxıb.

Avroviziya 2024-də Eden Qolanını uğursuzluğuna əsas səbəb siyasi nüanslar oldu, İsrailin Fələstinə qarşı etdiyi hərəkətə görə "Malmö Arena" da tamaşaçılar fasiləsiz olaraq yəhudi ifaşını səs-küylə, fitə basmaqla normal oxumağa qoymadılar.

 

Münsiflər heyəti bukmeykerlərin 3-cü olacağını proqnozlaşdırdıqları isveçrəli Nemo birinci, Fransalı Slimane-ni ikinci yerə qoydular. Xorvatiyadan olan Baby Lasagna isə yalnız üçüncü oldu.

2024-cü il Avrovizion-un yekun nəticələri tamaşaçı səsverməsi nəzərə alınmaqla aşağıdakı kimi oldu:

*  1. İsveçrə-Nemo "Kod " (591 xal)

*  2. Xorvatiya-Baby Lasagna "Rim Tim Tagi Dim" (547 xal)

*  3. Ukrayna-Alyona Alyona və Jerry Heil "Teresa & Maria" (453 xal)

*  25. Norveç-Gate " Ulveham" (16 xal)

 

"Nemoda artisizm yüksəkdir, Opera ifaçısı məharəti böyük ölçüdədir. Və onun nömrəsi inanılmaz dərəcədə möhtəşəmdir. Xorvat da qalib gələ bilərdi, mahnısı daha yaxşıydı, amma performansı zəif idi" deyə musiqi tənqidçisi Guru Ken müsabiqə  nəticələrini Telegram kanalında bu cür şərh edib.

 

Nemo - 24 yaşlı reper Nemo Mettlerdir. O, 2015-ci ildən musiqi ilə məşğul olur. Şok sənətçinin diskoqrafiyasında üç studiya albomu və bir çox sinqler var. O, həmçinin "Maska" şousunun İsveçrə versiyasında Panda olub.

İsveçrə 1956-cı ildən bəri Avrovizionda iştirak edir. Ölkə 35 ildən çoxdur ki, müsabiqədə qalib gəlmir. 1988-ci ildə İsveçrənin qələbəsini Selin Dion gətirmişdi. Və çox maraqlı bir nüans: Nemo təsadüfən mükafatını səhnədə salıb sındırdı və üstəlik, şəhadət barmağını da sındırdı.

Mətbuat konfransında ona yeni bir mükafat verildi.

Və sonda qeyd edək ki, Azərbaycan finalda öz səsini belə paylaşıb:

Ən yüksək olan 12 xal İsveçrəyə verilib.

Digər xallar isə aşağıdakı kimi bölüşdürülüb:

Ukrayna-1, Kipr-2, Sloveniya-3, Xorvatiya-4, İsveç-5, İtaliya-6, Gürcüstan-7, Lüksemburq-8, İrlandiya-10.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bu dəfə sizə Türk Dövlətləri Təşkilatı barədə danışacağıq.

Türk Dövlətləri Təşkilatı (TDT), ortaq dil, tarix, mədəniyyət və mənəvi bağlara malik türk dövlətlərinin siyasi, iqtisadi və mədəni inteqrasiyasını gücləndirməyə yönəlmiş regional bir əməkdaşlıq qurumudur. 2009-cu ildə Naxçıvan müqaviləsi ilə təsis edilmiş bu təşkilat, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təşəbbüsü ilə yaranmış və zamanla daha geniş regional güc mərkəzinə çevrilməyə başlamışdır. Hazırda təşkilatın üzvləri arasında bu dörd dövlətdən başqa Özbəkistan və 2022-ci ildən etibarən müşahidəçi statusunda olan Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti də yer alır.

 Bu yazıda Türk Dövlətləri Təşkilatının yaranması, fəaliyyət istiqamətləri və onun regional və qlobal siyasətdə gələcək perspektivləri araşdırılır.

  1. Təşkilatın yaranması və məqsədləri

 Türk Dövlətləri Təşkilatının əsası, 1990-cı illərdən başlayaraq türk dilli dövlətlərin bir araya gəlməsinə dair atılan addımlarla qoyulmuşdur. Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiyada müstəqillik qazanan türk respublikaları ilə Türkiyə arasında əməkdaşlıq ehtiyacı daha qabarıq şəkildə ortaya çıxmışdır. Bu kontekstdə, 2009-cu ildə imzalanan Naxçıvan Müqaviləsi ilə Türk Şurası (sonradan Türk Dövlətləri Təşkilatı adlandırıldı) formalaşdırıldı.

Əsas məqsədlər:

  • Türk dövlətləri arasında siyasi dialoqun gücləndirilməsi;
  • İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi;
  • Ortaq mədəniyyətin qorunması və təbliği;
  • Nəqliyyat, enerji və informasiya texnologiyaları sahələrində əməkdaşlığın artırılması;
  • Təhlükəsizlik və regional sabitliyin təmin olunması.

  2. Əsas fəaliyyət istiqamətləri

2.1. Siyasi və diplomatik əlaqələr. TDT çərçivəsində dövlət başçılarının sammitləri mütəmadi keçirilir. Bu görüşlərdə üzv ölkələr regional və qlobal çağırışlara birgə cavab verməyə çalışır, beynəlxalq təşkilatlar qarşısında ortaq mövqe nümayiş etdirirlər. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi zamanı təşkilatın siyasi dəstək bəyanatları mühüm əhəmiyyət kəsb etdi.

2.2. İqtisadi əməkdaşlıq və ortaq infrastruktur layihələri. TDT üzvləri arasında iqtisadi inteqrasiya üçün gömrük rejimlərinin uyğunlaşdırılması, sərbəst ticarət zonalarının yaradılması və nəqliyyat dəhlizlərinin qurulması prioritet sahələrdəndir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bu istiqamətdə əsas təşəbbüslərdən biridir. Bu dəhliz Çin və Avropanı türk ölkələri vasitəsilə birləşdirərək qlobal ticarətdə türk dövlətlərinin rolunu artırır.

2.3. Təhsil və mədəniyyət.Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar, ortaq türk mədəniyyətinin təbliği, türk dillərinin öyrənilməsi və mədəniyyətlərarası mübadilənin gücləndirilməsi üçün fəaliyyət göstərirlər. Qazaxıstanın Türküstan şəhərinin türk dünyasının mədəni mərkəzi elan olunması bu sahədə atılan simvolik addımlardandır.

   3. Gələcək perspektivlər və çağırışlar

  3.1. Geosiyasi rolu artır. Qlobal güc mərkəzlərinin Asiya istiqamətinə yönəldiyi bir zamanda, TDT üzv ölkələrinin strateji yerləşməsi və enerji resursları, təşkilatı daha da əhəmiyyətli edir. Xüsusilə Çin və Avropa arasında enerji və ticarət yolları baxımından TDT ölkələrinin tranzit potensialı gələcəkdə təşkilatın siyasi çəkisini də artıracaq.

  3.2. İqtisadi inteqrasiyanın dərinləşməsi. Üzv dövlətlərin iqtisadi potensiallarının birləşdirilməsi və vahid bazar modelinin tətbiqi TDT-ni iqtisadi blok səviyyəsinə qaldıra bilər. Bunun üçün texnoloji əməkdaşlıq, rəqəmsal platformaların yaradılması və ortaq enerji bazarının təşkili önəmli addımlar olacaq.

  3.3. Təhlükəsizlik və müdafiə əməkdaşlığı.Regionda artan geosiyasi risklər fonunda TDT-nin müdafiə sahəsində əməkdaşlığı gücləndirməsi ehtiyacdır. Bu, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi kimi məsələlərdə birgə addımların atılmasını tələb edir.

  3.4. Türkmənistan və digər müşahidəçilərlə əməkdaşlığın dərinləşməsi.Türkmənistanın tam hüquqlu üzv olması, təşkilatın coğrafi tamlığını daha da gücləndirəcək. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu, türk dünyasının siyasi xəritəsində yeni mərhələnin başlandığını göstərir.

  Nəticə.Türk Dövlətləri Təşkilatı, XXI əsrin ikinci yarısında türkdilli dövlətlər üçün inteqrasiya platformasına çevrilmək potensialına malikdir. Qlobal dəyişikliklər fonunda regional əməkdaşlıq və ortaq dəyərlərin qorunması məqsədilə bu təşkilat həm iqtisadi, həm də siyasi baxımdan böyük önəm daşıyır. Təşkilatın gələcəyi, üzv dövlətlərin iradəsi və qarşılıqlı əməkdaşlığa sadiqliyindən asılı olaraq daha geniş regional və beynəlxalq rol oynaya bilər.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Bazar ertəsi, 12 May 2025 15:09

PORTAL AKADEMİYASINDA - Vertikal oxumaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Abituriyentin uğur formulu

     

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:

 

D. Vertikal oxumaq

 

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

Növbəti qaydanı sizə növbəti gün təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.

 

 

Nuriyyə Lövh

Binab

 

AZƏR 

 

Azər, çirikliyimin sevdiyi qızdır

İnqilaba alışmadan

Qışa çevirdi vətənin son baharın

75 illik açıq bir yara

Bitmədən 

Qan tuluğuna dönür hər xəzan

Əskilərdəki dostumun adı

İndi isə

Əkizlərinin sicillisinə döyülmüş...

Azər vətən gözətçisi

Doqquz başlı bir devdir

Talançıların bünövrəsini laxlatmaq üçün.

Neçə qatlı qanlı torpaqdır,

Özgürlüyün üzünə qonmuş 

İmamiyyədə gömülmüş igidlərin dar ağacı...

Südü qaçan anaların ürək döyüntüsü

Sürgün düşənlərin qara boğuntusu

Qulağı kəsilənlərin qara qışqırtısı.

Azər 

Azər 

Azər 

Azər boğazımdan püskürdüyüm iniltilər...

Azər, Təbrizin minarələri

Vətənin təqvimə atılan qanlı göbəyi

Yandırılan kitabların külüdür 

Sönük gözlərin sürməliyində.

 

Ərkdə sönən işıqlar

Gülüstanda asılı qalan iztirablı düşüncələr...

Azər dağlar daşıdır 

Ürəyimin başına qalanmış ağladıcı bir şeirdir...

Boğazımın yoluna tıxılmış ağırlıq

Ayrılıq

Qana çevrilmiş yumruqdur azər.

Təndirlərdə yanan azadlıq səsi 

Diktatura qurban edilən başların qan fışqırtısı,

Azərbaycanın toy gecəsində ölüm xəbəri

Əfsanə deyil;

Qara pərdələrdə basdırılmış

Real bir faktdır azər...

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Bazar ertəsi, 12 May 2025 14:04

TRİBUNA - “Bəlkə biraz düşünək...

“Ədəbiyyat və incəsənət” portalı Tribuna rubrikasında bu gün sizlərə Vidadı Rzayevin fikirlərini təqdim edir. Əlbəttə ki, çox düşündürücü, ürəkdağlayıcı məsələ barədə danışır müəllif.

 

İki gün əvvəl hamının "Meyvəli"kimi tanıdığı məkanda çərəz satılan bir dükana girdim. Məni nur üzlü bir gənc qarşıladı və satılan mallarını təqdim etdi. Ondan "təhsil allırsanmı?" sualıma biraz əsəbi cavabı məni sarsıtdı. Dedi ki, əmi indi savad, təhsil kimə lazımdır?

 

Və davam etdi:

-Mən 7-ci sinifdən bu alverdəyəm. Şükürlər, ticarət hesabına öz evim, maşınım, bağım var və indi evlənməyi düşünürəm. Bax, o düyü kisəsini qaldıran oğlan mənim sinif yoldaşım olub. Dərs əlaçısı idi. Sonra Bakı Dövlət Universitetinə daxil oldu və oranın həm bakalavr, həm də magistraturasını fərqlənmə ilə bitirdi. Daha sonra Dövlət qulluğuna hazırlaşaraq AB kateqoriyası üzrə imtahanda uğurlu nəticə əldə etdi... di gəl, hələ də müsabiqədən keçə bilmir. Yazığın bütün əziyyətləri heç oldu. İndi mən onu işə götürmüşəm ki, xəstə anasına baxa bilsin. Nə evi var, nə də maşını. Siz deyin, oxumağa dəyərmi?

 

Acı həqiqət məni çox sarsıtdı. Axı niyə biz gələcəyimizə balta çalırıq. Savadlı, əxlaqlı insanları deyil, bəzən kütbeyin, nadanları iyrənc səbəblər üzündən irəli çəkirik. Axı kim bu dünyadan özü ilə axirətə sərvət aparıb? Niyə görə öləndən sonra özümüzə rəhmət deyil, lənət qazandırırıq?

Azərbaycan xalqının böyük bir hissəsi həqiqətən mərd, torpağına və vətəninə sadiq insanlardır. Gəlin layiqlilərə yol açaq, yol açaq ki, gələcəyimiz daha nurlu olsun.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Venesiyada keçirilən Beynəlxalq Arxitektura Biennalesində debüt edib. XIX Arxitektura Biennalesində ölkəmiz “Tarazlıq. Azərbaycanın motivləri” adlı pavilyonla təmsil olunur. 

 

“Ədəbiyyat və incəaənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, budəfəki Arxitektura Biennalesi iqlim dəyişikliklərinə diqqəti artırmaq məqsədi daşıyır. Həmçinin memarlığın təbii, süni və kollektiv zəka vasitəsilə dəyişən dünyaya uyğunlaşmasını araşdırmağa çağırır.

Azərbaycan sərgidə “Yenidənqurma. İnnovasiya. Qorunma” başlığı ilə üç memarlıq nümunəsini – Bakı Ağ Şəhər, Zəfər parkı və Zəngilan məscidi layihələrini təqdim edir. Pavilyonda XXII əsrdə yaşayıb yaradan Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Naxçıvani haqqında da məlumatlar təqdim olunur.

Sərgi noyabrın 23-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.05.2025)

81 -dən səhifə 2260

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.