
Super User
MARAQLI SÖHBƏTLƏR – Laskerin hiyləgər vəzir qambiti
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərdəyik!
Böyük alman şahmatçısı, yəhudi əsilli Emanuel Laskerdən danışacağıq. O, Vilhelm Steynitsdən sonra dünyanın ikinci dünya çempionu olmuşdur. Emanuel Lasker şahmat Olimpinin zirvəsində hamıdan çox qalması ilə məşhurdur. O, 27 il məğlubiyyətsiz çempion olaraq qalmışdır. Bu rekord və misilsiz nailiyyət hələ də dəyişməz olaraq qalır.
Beləliklə, bir gün böyük Emanuel Lasker macar qrossmeysteri Geza Marotsi ilə spirtli şahmat oynayır. Bu, elm və incəsənətə hamilik edən bir mesenantın mükafatı üçün keçirilən qeyri-rəsmi, məzəli bir oyun idi. Şahmat fiqurları şüşə qablar şəklində hazırlanmışdı. Şüşə fiqurunun ölçüsü və içindəki spirtin növü isə fiqurun gücünə görə müəyyən edilmişdir. Yəni, piyada fiqurlarda yüngül spirtli içki, amma daha güclü fiqurlarda – atda, topda, fildə, xüsusən vəzirdə isə alkoqolun səviyyəsi daha yüksək olan spirtli içki var idi. Yarışın şərtinə görə isə, əgər oyunçu rəqibin fiqurunu udarsa, onda o, udduğu fiqurun içindəkilərin hamısını içməli idi. Son damlasına qədər.
Müdrik və hiyləgər qrossmeyster olan Lasker üçüncü gedişdə öz vəzirini qurban verir. Bir çoxlarına bu, Laskerin kobud səhvi və ya axmaqlığı kimi göründü. Amma yox! Bu, gediş hesablanmas yəhudi fərasəti və dərrakəsi idi. Çünki şüşə fiqur olan vəzir 200 qramlıq bahalı viskidən ibarət idi. Vəziri udan Geza Marotsi isə onu içməli idi. 200 qram viskini içən macarıstanlı şahmatçının bir qədər sonra başı gicəllənməyə başlayır. Bir azdan isə Marotsi sərxoş olur və tezliklə oyunu uduzur. Bax beləcə hiyləgər və məkrli vəzir qambiti alınır.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Anara”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANARA
Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.
Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, dəcəl Anarım!
Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!
Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu dağlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
Filmlərimiz - "Mən ki gözəl deyildim"in gözəl gəlişimləri
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
“Mən ki gözəl deyildim” bədii filmi 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Ekran əsərinin quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, bəstəkarı Fikrət Əmirov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadədir. Bir çox çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə, Lənkəranda aparılıb.
Film kino tariximizə düşərli olmayan, bədbəxt bir film kimi düşübdür.
Filmdə hadisələr İkinci Dünya müharibəsi illərini (1939-1945) əhatə edir. Baş qəhrəman dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidədir. O, anasını itirib, müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Ekran əsərində, həmçinin arxa cəbhədəki insanların məişəti və dövrün mühiti göstərilir.
Əmisi Qurbanın himayəsində yaşayan Səidəyə hər kəs uşaq kimi yanaşır. Əhvalatın əvvəlində poçtalyon Şərif sərt gerçəyə hazır olmayan Səidəyə atasının ölüm xəbərini demir. Səidə poçtalyon işləyəndə böyüyür və güclənir. Onun bu xəbərə hazır olduğunu görən Şərif həqiqəti deyir.
Səidənin atasının ölüm xəbərini aldığı səhnə alınmırdı. Buna görə rejissor aktrisaya bacarıqsız olduğunu, Səidənin taleyini yaşaya bilmədiyini deməklə onu ağladır və beləliklə, səhnə alınır.
Bəs niyə bu film kino tariximizə düşərli olmayan, bədbəxt bir film kimi düşübdür?
Çəkilişin 13-cü günü, Dneprin alınması səhnəsi Lənkəranda lentə alınırdı. Həmin vaxt çaya iki qayıq buraxıldı. Birində aktyorlar, digərində çəkilişin texniki heyəti idi. Partlayış səhnəsində pirotexnik ehtiyatsızlığından həqiqi partlayış baş verir. Nəticədə rejissor Ramiz Əsgərov, operator və iki kino işçisi həlak olur. Yaradıcı heyətin bir qismi ekran əsərindən imtina edir. Sonradan filmə başqa heyət cəlb olunur.
Filmə Xuraman Qasımova (Səidə), İsmayıl Osmanlı (Şərif), Sadıq Hüseynov (Qurban) gəncəli aktyorlar Şahmar Ələkbərov (Məzahir), Ələddin Abbasov (İmran) və digərləri çəkiliblər.
Xuraman Qasımovanın ekran əsərinə çəkilən zaman 16 yaşı var idi. O, Gəncəyə çəkilişə anası ilə gəlmişdi və 3-4 ay burada qalası olmuşdu. Anası aktrisanın dərslərdən geri qalmaması üçün onu Gəncədə məktəbə yazdırmışdı.
Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə kinofestivalda Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
GAP Antologiyasında Rəsul Qədirinin “Yemişan ağacı” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.
Rəsul Qədiri
Təbriz
YEMİŞAN AĞACI
Bilmirəm külək gətirib
Yoxsa bir dağçı
Bəlkə də otlağa çıxan davarın,
Dırnağına ilişib buraya gəlib ondan göyərdiyim çəyirdək!
Dağ döşündə bitmiş yalqız Yemişan ağacıyam
Nə günlər gördüm bu boya çatınca!
İlk ildə,
Dəfələrlə ayaqlandım sürülərə
Ayağa qalxdım yenidən ancaq
Sonrakı neçə ildə,
Oradan keçən qoyun-quzu,
Bircə yarpaq qoymayırdı qalsın budaqlarımda
Amma təslim olmadım əsla
İllər ötdükcə kötüyüm gücləndi
Gövdəm yoğunladı
Boyum ucaldı
Yarpaqlarım əl çatılmaz oldu sürülərə
Boyum ucaldıqca,
Daha uzaqları gördü gözlərim
Uzaqda bir orman vardır Quzeydə
Oranı özləyirəm hər gün
Nə bilim,
Bəlkə çəyirdəyim oradan gəlmədir…
İllərdir bar verirəm son baharımda
Yetişən yemişanlarımı səpirəm çevrəmə
Və qorumağa çalışıram fidanlarımı sürülərdən
Bir gün orman olmağımız arzumdur
Bir gün,
İndi daha yaxın görünən ormana qovuşacağımız inancımdır
Daha yalqız deyiləm
Bu gün bir dağ var arxamda
Və yarın nəhəng bir orman yaranacaq qarşımda…
“Ədəbiyyat və incəsənət”
(01.07.2025)
AZƏRBAYCAN XALÇAÇILIĞI: əl işindən əbədiyyətə
Samirə Yusifova
Şəki Xalq Tətbiqi Sənəti Muzeyi-elmi işçi, “Ədəbiyyat və incəsənət” üçün
Xalçanın səssiz dili
Azərbaycan xalçası — ipəkdə gizlənmiş tarix, rənglərə hopmuş tale, ilmə-ilmə toxunmuş sevgi və səbr hekayəsidir.
Nənələrimizin dua ilə başladığı, göz yaşı ilə ilmələdiyi xalçalar bu torpağın yaddaşıdır. Biz xalça toxumuruq, əslində biz duanı ilmələyirik, zamanla danışırıq. Hər bir naxış, hər bir buta bir əhvalatdır. Təkcə ayağın altına sərilən bir parça deyil xalça — o, millətin şərəfidir, kimliyidir, mədəniyyətidir.
Nənəmin ilmələri
Uşaqlığımda nənəm evin bir küncündə xalça toxuyardı. Onun barmaqları ilmə üzərində nə qədər ustalıqla gəzir, ipi çəkəndə sanki zamanı da çəkirdi özü ilə. “Bu butanı düz qoy, yadına düşəcək,” — deyirdi. Nə vaxtsa bu sözlərin mənasını anlamadım. Ta ki illər sonra Qarabağdan gələn bir qadının əli ilə toxuduğu köhnə bir xalçaya baxanda, o buta mənə nənəmin gülüşünü xatırlatdı.
Xalçalar unutmurmuş…
Rənglərin sirri
Xalçanın hər rəngi danışır:
Qırmızı — qan demək deyil, sevgi və enerji deməkdir.
Göy — səmanın ümididir.
Yaşıl — həyatın, baharın nəfəsidir.
Sarı — bəzən qürbət, bəzən xatirə.
Bunlar sadəcə rəng deyil, ruh halıdır. Xalça sənəti bəzək deyil, psixoloji özünütəqdim formasıdır. Xalq öz ağrısını, sevincini, dualarını xalçaya hopdurur.
Hər bölgə bir dastan
Təbrizdə toxunan xalçalar zərifliyi ilə fransız ipəyini utandırar, Qubanın geometrik kompozisiyaları bir riyaziyyat kitabı qədər dəqiqdir. Qarabağ xalçalarında isə savaşla yanaşı, sülh, gözəllik və məğrurluq yaşayır. Bir xalça — bir millət dastanı.
Zamanı saxlamaq mümkündürmü?
Dünyada çox az sənət var ki, həm praktiki, həm estetik, həm də mənəvi anlam daşısın. Xalça bunların hamısıdır. Bu səbəbdən, UNESCO bu sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanıyıb.
Bu bizim üçün sadəcə status deyil. Bu, nəsildən-nəslə keçən əmanətin möhürüdür.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
Təfəyyüz və Füyuzat – bunlar yalnız məktəb və dərgi adi deyil
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Təfəyyüz və Füyuzat anlayışları sadəcə (Quzey Makedoniya paytaxtında) məktəb və (Azərbaycan Respublikası paytaxtında) dərgi adı deyil, onlar bir maarifçilik gələnəyinin, mədəni və ictimai inkişafın simvollarıdır. Üsküp (Skopye) və Bakı kimi şəhərlərin intellektual həyatı (həm də) bu milli maarifçilik axınlarının təsiri ilə formalaşıb; buralarda öyrətmənlərin, aydınların, yetişən gənc nəsillərin yeni fikir dalğaları toplumun sosial-mədəni quruluşuna yön verən bir xətt kimi meydana çıxıb.
Təfəyyüz biləvasitə Üsküpdəki bir məktəbi və ondan irəli gələn təhsil, maarifçilik və yeni nəsil dalğasını, bu dalğanın doğurduğu yaradıcılıq aktlarını, əsərləri ifadə edir;
Füyuzat biləvasitə Bakıdakı bir dərgini, ondan irəli gələn maarifçilik dalğasını, bu dərgi və dalğanın doğurduğu məktəbi ifadə edir.
Təfəyyüz – feyz almaq, faydalı olmaq anlamına gəlir;
Feyzlər, lütflər, bərəkətlər anlamındakı Füyuzat isə, burada bilik, maarif və mədəni zənginlik anlamında işlədilir.
Təfəyyüz ötən il 140 illik yubileyini qutladı;
Füyuzat gələn il 120 illik yubileyini qutlayacaq. Həyata vəsiqə almaları arasında 22 illik fərq olan Təfəyyüz ilə Füyuzat yalnız adlarında “feyz” keçməsinə görə yox, əlbəttə, mahiyyətlərinə, amallarına görə qoşa çəkilən ocaqlardır.
Üsküp də, Bakı da uzun illər sosializm realizmi ilə digər gerçəkliklərlə yaşamaq zorunda qalınca, Təfəyyüzçülər, Füyuzatçılar zamanında gördükləri işlərdən, öyrətdiklərindən, aşıladıqlarından və gələcəyin vicdanına ötürdüklərindən feyz alıblar… Hər iki şəhər, ölkə və coğrafiya təlatümlərdən keçib və bu gün Təfəyyüz ilə Füyuzat həm irs hadisəsi həm günümüzün yaşayan-yaşadan dəyəri, həm də gələcəyə aydın yol xəritəsi cızan ocaqlardır…
Haşiyə 1:
Təfəyyüz İbtidai Məktəbi, 1884-cü ildə Hilmi bəy Deralanın tikdirdiyi binada fəaliyyətə başlayıb; daha sonralar Osmanlı dövləti bu binanı satın alıb, burada “Təfəyyüz İbtidai Məktəbi” qurulub. Bu yolçuluq 141 ildir davam etməkdədir.
Daha sonra, 1919/20-ci illərdə “Təfəyyüz” digər bütün məktəblər kimi yeni qurulmuş Yuqoslaviya Krallığının yönətiminə keçib və fəaliyyətini Osman Çikiç İbtidai Məktəbi adı ilə davam etdirib. Osmanlı dövlətinin Üsküpdən çəkilməsindən sonra Təfəyyüz türk azlığının yalnız məktəbi yox, sanki təsəlkisi və dayağı olub...
Balkan savaşları sonucunda baş verən dəyişikliklər Rumeliyə vida demək idi. Lakin vida edə bilməyən bir qisim türk əhalisi Rumelinin ən qədim türk şəhərlərindən olan Üsküpdə yaşamını davam etdiib. Bu əhali yalnız varlığını qorumaqla qalmayıb, Qoca Çinarı - təhsil ocağı Təfəyyüzü də yaşatmağı bacarıb.
Söhbət etdiyimiz bu təhsil ocağı – Təfəyyüz İbtidai Məktəbidir. Osmanlı dönəmində ibtidai məktəb olaraq fəaliyyətə başlayan Təfəyyüz məktəbi, Serb Krallığı, Bolqar işğalı, Yuqoslaviya Cümhuriyyəti və Müstəqil Makedoniya dönəmlərini keçərək çevrəsindəki türklərlə birgə ayaqda qala bilib, nəfəs aldığı türk əhalisinə xidmət etməyi bacaran köklü bir qurumdur.
Təfəyyüz və Füyuzat:
Tarixi zərurət və maarifçilik platformu
Üsküpdə Təfəyyüz - Osmanlı dönəmində, özəlliklə Balkanlarda milli kimliyi qorumaq, müsəlman əhalini maarifləndirmək və onları mədəni cəhətdən yeni dönəmə hazırlamaq üçün qurulmuşdu. Bu məktəbdə təhsil təkcə dini bilgilərlə sınırlanmır - eləcə də, çağdaş elmlərə və milli şüurun formalaşmasına yönəlirdi. Osmanlı yönətimində Balkanlarda türklərin, ümumən müsəlmanların mədəni varlığını qorumaq strateji önəm daşıyırdı.
Bakıda Füyuzat - Azərbaycan və ümumilikdə Türk-İslam dünyasında yeni düşüncənin formalaşmasına xidmət edən bir dərgi olaraq 1906-1907-ci illərdə fəaliyyət göstərdi. O, Əli bəy Hüseynzadənin başçılığı ilə maarifçi hərəkatın əsas platformlarından birinə çevrildi. Bu dərgi təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk xalqları üçün yeni, universal çağdaşlaşma xəttini təqdim edirdi. - “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” ülküsü məhz buradan geniş yayılmağa başladı.
Bakı ilə Üsküpün geosiyasi və mədəni konteksdə fərqli mövqeləri vardır, əlbəttə. Örnəyi, Bakı - Doğu ilə Batının iqtisadi-mədəni qarşılaşma yeriykən, Üsküp - Osmanlıdan sonrakı türklüyün Balkan kontekstində dirənişi, dayanıqlığı və Batı ilə Doğunun bir buluşma yeridir…
Haşiyə 2:
Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə gün üzü görən “Füyuzat” dərgisinin mətbuat tariximizdə özünəxas yeri, göyü, yaratdığı mədəni iqlim vardır. Çevrəsində Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dönəmin tanınmış aydınlarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır; lakin “Füyuzat”ın o vaxt yalnız 32 sayı çıxıb, qabaqcıl və milli fikirləri təbliğ etdiyinə görə, gerilikçi Çar hökuməti onun çapını dayandırııb.
İrsimizin ayrılmaz parçası olan bu dərgini Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa edib; tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ı bərpa edib, yeni saylar yayınlanmağa başlayıb. Artıq 18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan çağdaş “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” dərgisi MİMTA-nın milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiqdir. “Füyuzat” tarix, vətəncanlılıq, görkəmli şəxsiyyətlərimiz, milli-mədəni irs, eləcə də mənəvi dəyərlərimiz haqqında məqalələrdən ibarət yeni sayları oxuculara təqdim olunur.
Mətbuat sahəsində fəaliyyət göstərən aydınlarımızın “Füyuzat”ı rəğbətlə qarşılanması, eləcə də dərginin dost-qardaş ölkələrdə, özəlliklə Türkiyədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.
2021-ci ilin mart ayından etibarən dərginin baş redaktoru Mübariz Yunusdur.
Haşiyə 3:
“Füyuzat” qapadıldıqdan 3 il sonra, "Yeni Füyuzat" (یئنی فیوضات) — həftəlik ictimai-siyasi, ədəbi, şəkilli dərgisi gün üzü görüb. 1910-cu il oktyabrın 18-dən 1911-ci il martın 15-dək Bakıda Azərbaycan dilində yayımlanan bu dərginin isə toplam 21 sayı çıxıb.
"Yeni Füyuzat"ın naşiri və məsul redaktoru Əlipaşa Hüseynzadə (Səbur), baş redaktoru Əhməd Kamal idi. Dərgi Azərbaycan milli burjuaziyasının çıxarlarına xidmət edirdi. "Yeni Füyuzat"ın səhifələrində M.Ə. Sabir, Ə.Qəmküsar, A.Şaiq, Ə.Kamal, Ə.Münzib, Y.Talıbzadə, Ə.Hüseynzadə, N.Kamal, Ə.Mişan, M.Axundov, Ə.S.Qasımov və başqalarının bədii və publisist yazıları dərc olunub. 1911-ci il martın 19-da bir çox Azərbaycan jurnalistləri həbs edilib, bu dərginin naşirinin və baş redaktorunun da evində axtarış aparıldıqdan sonra, Əlipaşa Hüseynzadə Həştərxana sürgün olunub, Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb vətəni Osmanlıya göndərilib; bununla da "Yeni Füyuzat"ın fəaliyyəti dayandırılmış olub.
Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Yeni füyuzat” dərgisinin toplu halında çapa hazırlaması və önsözlə birgə nəşr etdirməsi də ədəbiyyat, mədəniyyət və ictimai fikir tariximizin öyrənilməsinə sanballı töhfədir.
“Elm və təhsil” nəşriyyatında gün üzü görmüş toplunun “Yeni Füyuzat”ın yeni həyatı” adlı önsözündə Hüseyn Həşimli dərginin nəşr tarixinə nəzər salır; bildirirlir ki, dərginin oxucu dairəsi çox geniş olub; o, Moskva, Sankt-Peterburq, Həştərxan, Batum, Aşqabad, Daşkənd, Xivə, Tiflis, Ənzəli, Nuxa, Bakı, Naxçıvan, Culfa, Astara, Şamaxı, Lənkəran və digər şəhərlərdə maraq doğurub.
Hüseyn Həşimlinin bu toplusu ilə tanışlıq “Yeni Füyuzat”ın mətbuat tariximizdə önəmli yer tutduğunu bir daha təsdiqləyir.
Dərginin tam halda nəşr olunaraq yüz ildən sonra ictimaiyyətə çatdırılması ədəbiyyat, mətbuat, maarif və ictimai fikir tariximizin bəlli bir mərhələsini öyrənmək üçün dəyərli qaynaqdır.
Feyz qaynaqları:
Üsküpdə və Bakıda maarifçilik dalğası
Həm Üsküp, həm də Bakı dönəmin intellektual axınlarının kəsişmə nöqtəsində idi.
-Bəli, Üsküpdə maarifçilik Osmanlı mirasına əsaslanırdı lakin eyni zamanda Avropa təsirlərinə açıq idi. Burada Balkanların etnik və dini müxtəlifliyi önəmli amil idi;
-Bakıda isə Rusiya İmperiyasının tərkibində olmaq Çar qadağalarına uğramaq demək idi; digər tərəfdən neft sənayesinin gətirdiyi sürətli çağdaşlaşma dalğası yeni ideyaların inkişafına zəmin yaradırdı.
Oxşarlıqlar, fərqlər
Tarixi kontekst baxımından, həm Üsküpdəki Təfəyyüz məktəbi, həm də Bakıda çıxan Füyuzat dərgisi, öz dönəmlərinin mədəni böhran və milli oyanış aşamasında ortaya çıxmışdı. Yuxarıda bir qədər vurğu etdiyimiz kimi, Təfəyyüz, Osmanlının Balkanlardakı çöküşü və türk-müsəlman əhalinin əriməsi, qarışması təhlükəsi fonunda, kimliyi qorumaq və maarifləndirmə funksiyasını daşıyırdı. Məktəb yalnız uşaqların öyrədildiyi ocaq olmayıb, ata-analar, qardaş-bacılar, qohum-əqrabalar üzərindən dalğalanmalardı: dərs-dərs, yazı-yazı (dəftər-dəftər), oxu-oxu (kitab-kitab)...
Füyuzat isə Rusiya İmperiyasının tərkibində, neft kapitalizminin və Avropaya açılma sürəclərinin təsiri altında bir milli-mədəni çağdaşlaşma platformu kimi meydana çıxmışdı.
İdeoloji baza baxımından, hər iki təşəbbüs öyrətmə, öyüd üzərində qurulsa da, bu maarifçiliyin qaynaqları bir qədər fərqliydi:
Təfəyyüz daha çox Osmanlı-türk kimliyi və İslam maarifindən ilham alırdı. Füyuzat isə həm türkçülük, həm islamçılıq, həm də Batı çağdaşlığını birləşdirən “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” düsturunu daşıyırdı.
Təhsil və mədəniyyət modeli baxımından,
Təfəyyüz məktəbi (ilk illər) mədrəsə ilə çağdaş məktəb arasında bir keçid forması idi; burada dini biliklərlə yanaşı, çağdaş fənlər də tədris olunurdu. Füyuzat isə bir dərgi üzərindən ədəbiyyat, fəlsəfə və ictimai düşüncə sahəsində geniş fikir alış-verişi yaradır, oxucunun dünyagörüşünü çağdaşlaşdırmağı hədəfləyirdi.
Sosial auditoriya baxımından da ilginc fərqlər vardı: Təfəyyüz əsasən Quzey Makedoniya və çevrə bölgələrdəki türk-müsəlman əhaliyə xitab etməklə, o lokal və bölgəsəl düzeydə bir mədəni dirəniş idi. Füyuzat isə yalnız Bakıya deyil, ümumilikdə Türk-İslam coğrafiyasına xitab edən genişmiqyaslı ideoloji və mədəni ismarıcları daşıyırdı.
Transformativ funksiya baxımından isə Təfəyyüz Balkan türkləri üçün milli-mədəni dayanıqlığın, yəni varlığın qorunması üçün bir sipər kimiydi (Dərsə uşaqlar gedirdi amma öyrənən, dəyişən yalnız uşaqlar olmurdu)...
Füyuzat isə milli kimliyin təkcə qorunması yox, həm də yenidən qurulması və qalxınması üçün bir reform platformu idi – yəni iş müdafiə ilə bitmir, həm də hücum strategiyasına dönüşürdü.
Bugünkü Təfəyyüz və
(Ən) Yeni Füyuzat
Çağdaş dünyada maarifçilik artıq təkcə milli və ya dini bir zərurət kimi deyil, həm də qlobal rəqabət kontekstində zəka devrimi kimi ortaya çıxır.
Günümüzün Təfəyyüzü mədəni müxtəlifliyi qorumaqla, yeni texnoloji çağın tələblərinə uyğun çağdaş təhsil sistemini inkişaf etdirməkdədir.
(Ən) Yeni Füyuzat isə sadəcə bir dərgi və ya intellektual hərəkat deyil, daha geniş miqyasda dijital maarifçilik, mədəniyyət və texnologiyanın sintezindən doğan yeni çağdaşlıq deməkdir.
Yeni Füyuzat konsepti, belə deyək, qərargah mərkəzləri (“startap”lar, “think-tank”-lar, təhsil modelləri) üzərindən gerçəkləşir və ya gerçəkləşməlidir.
Yeni Füyuzat – dijital idrak aşamasının adı, məzmunu olsa gərək…
Maarifçilik artıq çap olunan dərgi və ya məktəbdən çox, (necə deyərlər) alqoritmik feyzləndirici sistemlərə bağlıdır:
-Açıq təhsil platformaları (MOOC - “Massive Open Online Course”),
-Süni intellekt əsaslı öyrənim,
-Qlobal və milli maarif strategiyalarının dəngəsi və s.
Bu aşamada sual təkcə “nə öyrənirik?” deyil, həm də “kim bizə nəyi öyrədir?” və “biz başqasına nəyi öyrədirik?” kontekstindədir.
Söhbət gəlib zəka devrimi və yeni kulturoloji görəvlərə çıxır.
Maarifçilik artıq universal maarif platformları ilə milli kimliklərin koordinasiyası kimi strateji bir layihəyə çevrilib. Belə deyək:
-Yeni Füyuzat - İnformasiya etikası, rəqəmsal mədəniyyət, texno-kulturoloji suverenlikdir;
-Yeni Təfəyyüz - çoxdilli, multikultural və şəxsiyyət yönümlü təhsil formasıdır.
Beləliklə,
“Təfəyyüz” və “Füyuzat” mədəniyyətimizin maarifçilik damarları kimi öz dönəmlərində işıqlı yollar salıb. Bu gün isə yeni nəslə düşən, həmin damarların ruhunu qorumaqla onları rabitəli texnoloji mədəniyyətə, humanist rəqəmsal təhsilə, ümumbəşəri və milli dəyərlərin sintezinə daşımaqdır.
Yeni Füyuzat – zəka ilə şəfqətin, texnologiya ilə ədəbiyyatın, keçmişlə gələcəyin dialoqunda feyz alan bir toplum modeli qurmağın adıdır.
Bu vurğuları edərkən bəzi sualları da bölüşmədən keçməyək:
Biz bəs bu gün nəyi feyz qaynağı kimi qəbul edirik? Dünənin maarifçilik füyuzatı bu gün elmi-texnoloji feyz ilə əvəzlənir, yoxsa köhnə ilə yeni sintez olunaraq mədəni davamlılıq formalaşır?
Üsküpdən (Balkanlardan) Bakıya (Qafqazlara), Bakıdan Üsküpə, habelə keçmişdən gələcəyə yeni maarifçilik xətti necə qurulmalıdır?..
Belə suallar, əslində, dərin kulturoloji və tarixi incələmə tələb edir. Biz hələlik bir yığcam yazı ilə çıxış (daha doğrusu, giriş) etdik. Mövzu, əlbəttə, daha geniş araşdırmanı haqq edir.
Feyz qaynaqlarımız qurumasın!
Təfəyyüzün, Füyuzatın bayrağı uca olsun!
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
Televiziya sahəsində o bir iz qoydu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Etibar Babayev – Rejissor və mükəmməl televiziya ustası. Onun yaradıcılığı ilə tanışlığım cəmi bir televiziya tamaşası ilə olub. Rejissoru olduğu, Varisin ssenarisi əsasında çəkilən “Novruz əməliyyatı” tamaşası ilə. Lakin elə bu bir tamaşa da onun fitri istedadına sübut idi.
Etibar Babayev Azərbaycanın tanınmış rejissoru, televiziya və kino sənətinin görkəmli simalarından biri olub. O, 1967-ci ildə anadan olub və uzun illər Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət göstərib.
"Peşəkar Fəaliyyəti"
AzTV-də təxminən 30 ilə yaxın çalışıb. 2018-ci ildən etibarən Bədii rəhbər, 2019-cu ilin fevralından isə Kinoproqramlar və Dublaj Baş redaksiyasının baş redaktoru vəzifəsində işləyib.
O, bir çox bədii və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi filmlər arasında:
"Ana və poçtalyon"
"Xocalı yol gözləyir"
tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan ekran əsərləri var.
"Təltif və Mükafatlar"
10 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.
Vəfatı
2 iyul 2020-ci ildə, Bakı şəhərində COVID-19 infeksiyası nəticəsində dünyasını dəyişib. Onun vəfatı mədəniyyət ictimaiyyətində dərin hüznlə qarşılanıb.
"Xatirəsi və İrsi"
Tanınmış rejissor Oqtay Əliyev onun haqqında belə demişdi: “O, mənim üçün müəllim, ustad, böyük qardaş, gözəl insan və əsl peşəkar idi.”
Həm sənətinə, həm də işinə olan sadiqliyi ilə yadda qalan, televiziyanın inkişafında iz qoymuş görkəmli şəxsiyyətlərdən biri olan Etibar Babayevin xatirəsi həmişə əziz olaraq qalacaq.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
2 İyul – Azərbaycan Polisi Günüdür
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən daxili işlər orqanlarının – müstəqil polis sisteminin yaradılması haqqında qərar qəbul edildi. Bu tarix Azərbaycan Respublikasının müstəqil hüquq-mühafizə orqanlarının formalaşmasının başlanğıcı oldu.
1998-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 iyul “Azərbaycan Polisi Günü” kimi qeyd edilir.
O vaxtdan etibarən Azərbaycan polisi mürəkkəb tarixi dövrlərdən keçərək bu günədək peşəkar və güclü bir qurum kimi fəaliyyət göstərməkdədir. Müstəqillik illərində hüquq-mühafizə orqanlarının fəaliyyətində yeni mərhələ başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə polis sistemində aparılan islahatlar, texniki və hüquqi bazanın təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi istiqamətində atılan mühüm addımlar bu orqanın daha da inkişaf etməsinə xidmət edir.
Azərbaycan polisi bu gün də ölkə daxilində sabitliyin, ictimai asayişin və təhlükəsizliyin qorunmasında əvəzsiz rol oynayır. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, fövqəladə hallarda operativ fəaliyyət – bütün bu sahələrdə polis əməkdaşlarının əməyi böyük əhəmiyyət daşıyır.
Azərbaycan polisi təkcə cinayətkarlıqla mübarizə aparmaqla kifayətlənmir, həm də vətəndaşlarıntəhlükəsizliyini, asayişi qorumaq, hüquqi dövlətin formalaşmasına töhfə vermək üçün dayanmadan çalışır. Xüsusilə, müharibə illərində, o cümlədən, Birinci Qarabağ Müharibəsi dövründə minlərlə polis əməkdaşı əsl fədakarlıq nümayiş etdirib, bir çoxları Vətən uğrunda canından keçib. Pandemiyanın ağır aylarında, İkinci Qarabağ Savaşında, 44 günlük Vətən Müharibəsində də Azərbaycan polisi Vətənə xidmətin ən gözəl örnəklərindən birinə çevrildi.
Polis Günü həm onların fədakarlığını, həm də ölkənin asayiş və təhlükəsizliyinin qorunmasındag östərdikləri xidmətləri yada salmaq, qiymətləndirmək üçün mühüm tarixdir.
Bu peşə bayramı dövlət səviyyəsində yüksək əhval-ruhiyyə və rəsmi tədbirlərlə qeyd edilir, müxtəlif nominasiyalarda fərqlənmiş əməkdaşlar mükafatlandırılır, onların peşəkarlığı və vətənpərvərliyi təqdir olunur. Polis Günü, eyni zamanda, gənc nəsildə hüquq-mühafizə orqanlarına marağı artırmaq və bu sahəyə kadr axınının stimullaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu sahənin peşəkar kadrlarla təmin edilməsi üçün ölkəmizdə Polis Akademiyası fəaliyyət göstərir.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
Cismən qürbətdə, ruhən vətəndə olanlar
Elman Eldaroğlu, ”Ədəbiyyat və incəsənət”
ABŞ-da yaşayarkən də bunun şahidi oldum - xarici ölkələrdə məskunlaşan elə soydaşlarımız var ki, hər biri özü boyda bir Azərbaycandır. Vəhşi kapitalizmin tələblərinə baxmayaraq, cismən qürbətdə olsalar da, ruhən vətəndədirlər. Bu gün sizə onlardan biri- Rəhim Sadıqbəyli haqqında söhbət açmaq istəyirəm...
O, 1965-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 1 saylı məktəbdə alıb. Sonra Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsində ali təhsilə yiyələnib. Əsgəri xidmətini başa vurduqdan sonra beş il “Azərfilm” kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb. 1989-1991-ci illərdə Moskvada Ali rejissorluq və ssenari kurslarında oxuyub. 1993-1998-ci illərdə AzTV-də rejissor,1998-1999-cu illərdə ANS-də prodüsser və efir rejissoru, 1999-2000-ci illərdə “İnternews”-də prodüsser, 2000-2001-ci illərdə STV-də redaktor, 2001-2003-cü illərdə ATV-də yaradıcılıq işləri üzrə vitse prezident vəzifələrində işləyib. 2002-ci ildə Azərbaycanın "Bəyaz həyat" adlı ilk teleserialını çəkib. Həmin serialın qısaldılmış variantı Krım TV filmlər festivalında ən yaxşı rejissor mükafatına layıq görülüb. 2003-cü ildən İsveçdə yaşayır...
Deyir ki:- “Yaşadığım İsveçin və eləcə də Avropanın bütün dövlətlərində dövlət quruluşu sivil toplumlar üstündə qurulub. Bu, əslində vətəndaş cəmiyyətinin demokratik düzən üzərində inkişafı deməkdir. Bir yandan sivil toplum təşkilatları öz tərəfdarlarını bir araya gətirməklə vətəndaş cəmiyyətinin inkişafına təkan verir, digər yandan isə, dövlət bu istiqamətdə əsl demokratik düzənlə inkişaf metodologiyasının fəlsəfi dəyərlərinə dəstək olur. Hələ iyirmi il bundan əvvəl biz İsveçə gələndə buranın əhalisi 7- 8 milyon idi. İndi bu rəqəm bir qədər artıbdır. O zaman belə bir fikir formalaşmışdı ki, İsveçdə hər adam başına bir dərnək düşür. Əlbəttə burada soydaşlarımızın bir sıra dərnəkləri və hətta bir neçə dərnəyi birləşdirən federasiyaları o vaxt da mövcud idi. Və biz beş il bundan əvvəl yeni- fərqli bir təşkilat qurmaq qərarını qəbul etdik. Nəticədə “İveç-Azərbaycan Mədəniyyət Mərkəzi” yaradıldı.”
Bir müddət müxtəlif işlərlə məşğul olsa da 2010-cu ildə İsveçin 3-cü böyük şəhəri olan Linköping bələdiyyəsində web tv prodüsseri və 2011-ci ildən isə İctimai Bilik kanalı olan UR-də sujetlər prodüsseri kimi fəaliyyət göstərib. İsveçdə və həm də Azərbaycanda sənədli və bədii filmlər çəkib. "Bir ümüddür yaşamaq" adlı kriminal romanın müəllifidir. O, həm də “Stockholm-Azərbaycan Media Mərkəzinin” və “İnternational Media Grupu”nun yaradıcısı və rəhbəridir...
“Diaspor təşkilatının siyasiləşdirilməsi fikrimcə tamamilə yalnışdır. Bu gün bizim uzun müddət apardımığız müşahidələrə əsasən onu deyə bilərəm ki, əsl siyasət yaşadığın ölkənin qanunlarına tabe olmaq, eyni zamanda mənsub olduğun xalqı və dövləti ləyaqətlə təmsil etmək çox vacibdir. İndi elə bir qlobal dönəmi yaşayırıq ki, artıq dünyanın özü cib telefonuna belə sığır. İstənilən anda dünyanın hər nöqtəsindən gərəkən informasiyanı almaq adi bir proses kimi qarşılanır. Xalqlararası multikulturalizm fəlsəfəsinin özümüzə məxsus bir məcrada inkişaf etdirilməsi dəyərləri bizim mərkəzimizin ana hədəflərindən biridir. Tolreant münasibətlərin inkişaf etdirilməsi sayəsində Azərbaycan mədəniyyətini dünyanın mədəni düzəninin bir parçasına çevirmək biz qürbətdəkilərin də əsas görəvlərindən biridir.”- söyləyir...
Zahirən sərt görünsə də, həssas və mühafizəkar bir təbiətə sahibdir. Güclü intuisiyası var. Daxili hisslərini necə ortaya qoyamağı bacarır və hisslərinə həddindən artıq etibar edir. Gələcəyə baxışları isə nikbindir...
Deyir ki:- “Doğrudur buradan Azərbaycan problemli, varlı neft ölkəsi və sivil dünyaya inteqrasiya olmağa can atan, istedadlı, lakin imkansız xalqı olan bir məmləkət kimi görünür. Bir də əhalisinin doxsan faizi müsəlman olsa da, modern həyat tərzini üstün tutan bir ölkə kimi... Bunun da əsas səbəbi ötən əsrin əvvəllərində Azərbaycanda baş verən genişmiqyaslı maarifçilik məktəbidir. Həsən Bəy Zərdabi, Əbdürrəhim Bəy Haqverdiyev, Nəcəf Bəy Vəzirov, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Firudin Bəy Köçərli, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoylu, Hüseyn Ərəbslinki, Cəfər Cabbarlı, Abbas Səhət, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir və digər onlarla aydınlarımızın həyat və yaradıcılığının hər biri ayrıca məktəbdir. Amma etiraf edək ki, keçmiş Sovetlər Birliyi 70 il ərzində onların qoyub getdiyi milli-mədəni mirası poza bilmədi. Bu gün Azərbaycan Respublikasının 32 yaşı var. Unutmaq olmaz ki, 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağılanda yenicə qurulan dövlətimizin milli büdcəsində bir qəpik də yox idi. Yəni xalqımız dövləti demək olar ki, sıfrdan qurub. Təbii olaraq, problemlər də yetərincə olacaqdır. Bir də yeni dünya düzəni adına Azərbaycanda idarəetmə prosesində yalnışlıqlar və probnlemlər də olacaq. Fikrimcə bütün bunlar zamanla öz axarını tapmaqdadır. Lap dəqiq desək, indiki sorunları yeni nəsil çözmək iqtidarındadır. Bu gün Azərbaycan hakimiyyətində baş verən gəncləşdirmə siyasətinin mənası da budur...”
Milli dəyərlərə bağlı adamdır. Qürbətdə yaşasa da həyat tərzində adət və ənənələrimizə sədaqətini gizlətmir. Xaraktercə nəzakətlidir. Fəaliyyətində təsəvvürlərini ifadə edə bilir. Xeyirxah işlərlə məşğul olmaq onun həyat kredosudur. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq uğrunda çalışmaqdan ləzzət alır. Səmimi olduğu üçün düşündüklərini, giley-güzarını dilə gətirməkdən çəkinmir...
“Açığını deyim ki, Avropada, ABŞ və Rusiyada həmvətənlərimiz yaşasalar da diasporanın vəziyyəti heç də qənaətbəxş deyil. Bunun əlbəttə obyektiv və subyektiv səbəbləri var. Məncə, bu prinsip əsas götürülməlidir. Vətən mənə nə verib deyil, mən vətənə nə vermişəm? Öncə bu suala cavab tapmaq lazımdır. Biz qürbətdə yaşayanlar müasir dünyanın standartlarını öyrənməklə, bütün bunların xalqımız tərəfindən dəyərləndirilməsini hamıdan daha çox istəyirik. Bütün həyatını Amerikada yaşamış və dünya şöhrətli alim Lütfi Zadə kimisinin ölkəmizdə təhqir və aşağılayıcı formada, qondarma ayamalarla dəyərləndirilməsi acınacaqlı bir olaya çevrildi. Sonunda hakimiyyət bəzi boşboğazları yerində oturzdurmaqla Lütfi Zadənin dəyərini qiymətləndirərək böyük bir iradə göstərdi. Hər bir qərib soydaışımıza biz beləcə dəyər verməliyik. Bu gün dünyanın elə bir dövləti yoxdur ki, orada bizim alimlərimiz, sənət adamlarımız və digər ləyaqətli şəxsiyyətlərimiz yaşamasınlar və ya fəaliyyət göstərməsinlər.“İveç-Azərbaycan Mədəniyyət Mərkəzi”i bax bu istedadlı insanları öz öz ətrafında birləşdirməyə çalışır. Biz qürbətdə xalq diplomatiyası vasitəsilə Azərbaycan həqiqətlərini əyani şəkildə tanıtmaq üçün fəaliyyət göstəririk. Ölkəmizə turizmin axınlarının artması üşün bir sıra tədbirlər həyata keçiririk. Vətənmiz haqqında sənədli filmlər çəkərək Azərbaycan təbiətinin nə qədər füsunkar olduğunu dünyaya təbliğ etməyə çalışırıq. Qürbət ölkələrdə anadan olmuş övladlarımızda Vətən sevgisini aşılamaq üçün çoxsaylı tədbirlərimizlə onlara dəstək olmağa səy göstəririk. Və digər planlarımız da var.”- söyləyir.
Düşüncələri xeyli romantikdir. Sevdiklərinə önəm verir, onlarla bağlı təhlükə hiss edəndə, eləcə də emosional vəziyyətlərdə son dərəcə aqressivləşə bilir və şiddətli müqavimət göstərir. Bütün bunlarla yanaşı o, Azərbaycanı ləyaqətlə təmsil edir. Yolunuz İsveçə düşsə özünüz də bunun şahidi ola bilərsiniz. Bəli, haqqında söhbət açdığım Rəhim Sadıqbəyli özü boyda bir Azərbaycandır və heç vaxt soruşmur ki, “Vətən mənə nə verib?..”
Bu yay günlərində Rəhim bəyin 60 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, necə deyərlər, bütün qəriblərin ağası - Cənab İmam Rzaya tapşırırıq. Yubileyi mübarək olsun!
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)
O dürüst idi, vicdanını heç vaxt itirmədi – O, CEYMS STÜART
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həyatda ən vacib şey, dürüst olmaq və vicdanını itirməməkdir
Ceyms Stüart
Məşhur ABŞ və Böyük Britaniya aktyoru Ceyms Stüart 20 may 1908-ci ildə İndianada, Pennsilvaniyada anadan olub. “Filadelfiya əhvalatı” filminə görə 1940-cı ildə Oskar mükafatı qazanıb.
20-ci əsrin ən tanınmış və sevilən Hollivud aktyorlarından biri olub. Onun obrazları səmimiliyi, dürüstlüyü və adi insanın həyatındakı dəyərləri əks etdirib. Çox zaman sakit, lakin güclü xarakterli insanları canlandırıb. Çox utancaq və təvazökar şəxsiyyət kimi yadda qalıb.
Təkcə aktyor deyil, həm də II Dünya Müharibəsi və Koreya Müharibəsində xidmət etmiş peşəkar pilot olub. ABŞ Hərbi Hava Qüvvələrində briqada generalı rütbəsinə qədər yüksəldi. Hollivud ulduzları arasında ən yüksək rütbəyə malik olanlardan biri olub.
Aktyorluq tərzi təbii və emosional olub. O, “adi insanın qəhrəmanı” obrazını formalaşdırıb. Səhnədə danışıq tərzi bir qədər ləng və həyəcanlı, lakin səmimi və cazibəli olub.
Ən Məşhur Filmləri
1. It's a Wonderful Life (1946) – Ən tanınmış filmidir. Bu film, klassik Yeni İl filmi kimi tanınır.
2. Mr. Smith Goes to Washington (1939) – Ona ilk "Oscar" namizədliyi qazandırdı.
3. Rear Window (1954) – Alfred Hitchcock-un rejissorluğu ilə çəkilən məşhur triller.
4. Vertigo (1958) – Psixoloji triller janrında baş rolda.
5. The Philadelphia Story (1940) – Bu filmdəki roluna görə "Ən yaxşı aktyor" Oskarı qazanıb
6. Harvey (1950) – İmaginasiya mövzusunda klassik komediya.
7. Winchester '73 (1950) – Vestern janrında mühüm rol aldı.
Mükafatlar və Naliyyətlər
- Oskar mükafatı (1941) – "The Philadelphia Story" filmindəki roluna görə.
- Fəxri Oskar (1985) – Bütün karyerası və Hollivudun dəyərli siması kimi.
- AFI tərəfindən "Ən böyük kişi aktyorlar" siyahısında 3-cü yerdə.
- Prezident Ronald Reyqan tərəfindən Azadlıq Medalı ilə təltif edilib.
1997-ci il iyulun 2-də ürək çatışmazlığından vəfat edib.
Amerikalılara Allah rəhmət eləsin demək mümkünsə, gəlin deyək.
“Ədəbiyyat və incəsənət”
(02.07.2025)