MARAQLI SÖHBƏTLƏR – Laskerin hiyləgər vəzir qambiti Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərdəyik!

Böyük alman şahmatçısı, yəhudi əsilli  Emanuel Laskerdən danışacağıq. O, Vilhelm Steynitsdən sonra dünyanın  ikinci dünya çempionu olmuşdur. Emanuel Lasker şahmat Olimpinin zirvəsində hamıdan çox qalması ilə məşhurdur. O, 27 il məğlubiyyətsiz çempion olaraq qalmışdır. Bu rekord və misilsiz nailiyyət hələ də dəyişməz olaraq qalır.

 

Beləliklə, bir gün böyük Emanuel Lasker macar qrossmeysteri Geza Marotsi ilə spirtli şahmat oynayır. Bu, elm və incəsənətə hamilik edən bir mesenantın mükafatı üçün keçirilən qeyri-rəsmi, məzəli bir oyun idi. Şahmat fiqurları şüşə qablar şəklində hazırlanmışdı. Şüşə fiqurunun ölçüsü və içindəki spirtin növü isə fiqurun gücünə görə müəyyən edilmişdir. Yəni, piyada fiqurlarda yüngül spirtli içki, amma daha güclü fiqurlarda – atda, topda, fildə, xüsusən vəzirdə isə alkoqolun səviyyəsi daha yüksək olan spirtli içki var idi. Yarışın şərtinə görə isə, əgər oyunçu rəqibin fiqurunu udarsa, onda o, udduğu fiqurun içindəkilərin hamısını içməli idi. Son damlasına qədər.

Müdrik və hiyləgər qrossmeyster olan Lasker üçüncü gedişdə öz vəzirini qurban verir. Bir çoxlarına bu, Laskerin kobud səhvi və ya axmaqlığı kimi göründü. Amma yox! Bu, gediş hesablanmas yəhudi fərasəti və dərrakəsi idi. Çünki şüşə fiqur olan vəzir 200 qramlıq bahalı viskidən ibarət idi. Vəziri udan Geza Marotsi isə onu içməli idi. 200 qram viskini içən macarıstanlı şahmatçının bir qədər sonra başı gicəllənməyə başlayır.  Bir azdan isə Marotsi sərxoş olur və tezliklə oyunu uduzur. Bax beləcə hiyləgər və məkrli vəzir qambiti alınır.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.