GAP Antologiyasında Rəsul Qədirinin “Yemişan ağacı” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

  

Rəsul Qədiri

Təbriz

 

 

YEMİŞAN AĞACI

 

Bilmirəm külək gətirib

Yoxsa bir dağçı

Bəlkə də otlağa çıxan davarın,

Dırnağına ilişib buraya gəlib ondan göyərdiyim çəyirdək!

Dağ döşündə bitmiş yalqız Yemişan ağacıyam

Nə günlər gördüm bu boya çatınca!

İlk ildə,

Dəfələrlə ayaqlandım sürülərə

Ayağa qalxdım yenidən ancaq

Sonrakı neçə ildə,

Oradan keçən qoyun-quzu,

Bircə yarpaq qoymayırdı qalsın budaqlarımda

Amma təslim olmadım əsla

İllər ötdükcə kötüyüm gücləndi

Gövdəm yoğunladı

Boyum ucaldı

Yarpaqlarım əl çatılmaz oldu sürülərə

Boyum ucaldıqca,

Daha uzaqları gördü gözlərim

Uzaqda bir orman vardır Quzeydə

Oranı özləyirəm hər gün

Nə bilim,

Bəlkə çəyirdəyim oradan gəlmədir…

 

İllərdir bar verirəm son baharımda

Yetişən yemişanlarımı səpirəm çevrəmə

Və qorumağa çalışıram fidanlarımı sürülərdən

Bir gün orman olmağımız arzumdur

Bir gün,

İndi daha yaxın görünən ormana qovuşacağımız inancımdır

Daha yalqız deyiləm

Bu gün bir dağ var arxamda

Və yarın nəhəng bir orman yaranacaq qarşımda…

 

 “Ədəbiyyat və incəsənət”

(01.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.