
Super User
MARAQLI SÖHBƏTLƏR - Bismarka sosiska ilə duel təklifi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə Prussiyanın baş naziri və Almaniya İmperiyasının gələcək “dəmir kansleri” Otto fon Bismark siyasi rəqibi, Prussiya parlamentinin üzvü, siyasətçi və alim Rudolf Virxovu duelə çağırır…
Gerisi inanılmazdır, özü də çox.
Onların arasında alman torpaqlarının birləşdirilməsi metodu ilə bağlı fikir ayrılığı yaranmışdı. Bismark bunu "güc və qanla" etmək istəyirdi. liberal Virxov isə aqressiv xarici siyasətin qəti əleyhdarı idi və büdcədən hərbi ehtiyaclar üçün səmərəsiz istifadə edilməsinə etiraz edirdi.
Təcrübəli duelçi Bismark sekundantlarını Virxovun yanına göndərir. Sadə vətəndaş olan Virxovun təcrübəli hərbçi və duel həvəskarı olan Bismarka qarşı dueldən sağ çıxmaq şansı yox idi. Lakin tibbi fizioloq və ümumi patologiya professoru olan Rudolf Virxov özü üçün son dərəcə çətin vəziyyətdən çıxış yolu tapır: o, sekundatlara silah seçiminin onun olduğunu söyləyir və dueli ...sosiska ilə təklif edir. Alim, zahirən tamamilə eyni olan iki böyük sosiska götürür və deyir: - “Bu sosiskaların birində insan həyatı üçün ölümcül təhlükəli olan trixinella var. Digəri isə təmizdir. Zahirən, onlar heç də fərqlənmirlər. Qoy zati-aliləri mənə bu şərəfi nəsib edən seçimini etsin: sosiskalardan birini seçib yesin. Digərini isə mən yeyəcəyəm”.
Bismarkın şoka düşmüş sekundatları belə qeyri-adi və dəhşətli duel silahından imtina edirlər. Duel baş tutmayır və eyni zamanda heç kim professor Virxovu qorxaqlıqda ittiham edə bilməyir.
Buna oxşar hadisə başqa bir görkəmli alim - fransız kimyaçısı və mikrobioloqu Lui Pasterin də başına gəlmişdir. Pasterin yoluxmuş sosiska ilə dueldən xəbəri olub-olmadığı məlum deyil. Amma məlum olan odur ki, yaranan münaqişə vəziyyətində alim son dərəcə müdrik davranaraq, münaqişənin həlli yolunu tapır.
Bir gün tanımadığı biri Lui Pasterin yanına gəlir və özünü bir qrafın sekundatı kimi təqdim edir. Məlum olur ki, qraf alimin onu təhqir etdiyini güman edərək, alimi qətiyyətlə duelə çağırırdı. Paster sakitliklə sekundanta qulaq asıb deyir: - “Məni duelə çağırırlarsa, ona görə də silah seçmək hüququ mənə məxsusdur. Burada iki kolba var: birində çiçək xəstəliyinin törədicisi, digərində isə təmiz su var. Əgər sizi göndərən şəxs öz istəyi ilə onlardan birini içməyə razı olarsa, o birini dərhal mən içəcəyəm”.
Bunu eşidə qraf şoka düşür. Beləliklə, duel baş tutmayır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
GK-da kreativ Cin
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
NAŞÜKÜRLÜK
Təzəpir məscidində bir nəfəri əllərini göyə açıb Allaha dua edərək 100 manat istədiyini görən Dərdayılın ona ürəyi yanır, adəti üzrə bığlarına sığal çəkib, çıxarıb ona 50 manat verir.
Belədə həmin şəxs pulu götürüb yenidən əlıərini göyə açaraq deyir:
-İlahi, sən mənə pulu bu bığlı tarakanla niyə göndərirsən, əbləh pulun yarısını vermədi.
2.
OLMUŞ HADİSƏ
Məşhur deputat dəniz kənarından qəribə butılka tapır, ağzını açanda içindən cin çıxaraq deyir:
-Ey mənim xilaskarım, mən kreativ cin xidmətindənəm, biz müasir düşüncə tərzi ilə daha innovatik performanslar sərgiləyərək müştərilərə xidmət göstəririk, arzunu de, yerinə yetirim.
Gözlərinə işıq gəlmiş Deputat cəld içində 19 manat olan bank kartını çıxarıb deyir:
-Cin, elə et ki, mənim bu kartımdan ömür boyu pul əskik olmasın.
Cin “baş üstə” deyib ayin icra edir və qeyb olur.
Deputatın telefonuna bankdan mesaj gəlir: “Sizin bank kartınız ömrünüzün sonunadək içindəki məbləğlə birlildə bloklandı”.
3.
DİALOQ
-Sənan, xətrimə dəydin, necə ola bilər ki, bu qədər yaxınlıqdan sonra sən mənim adımı səhv deyirsən?
-Quzum, Sənan yox, Kənanam mən.
4.
FƏRQ
Keçmişdə heyvanlar barədə cəmi bir dənə veriliş var idi, adı “Heyvanlar aləmində” idi.
İndi hər kanalda tok-şou adı altında bir-iki aparıcılı, beş-altı ekspertli, on-on beş tamaşaçılı onlarca belə veriliş gedir.
Mən şəxsən keçmişdəkini daha çox bəyənirəm.
5.
MƏNTİQ
“Azərlotereya” içində lotereya biletləri satdığı yeraltı keçidin üstünə böyük bir reklam lövhəsi vurub: “Sən bura daxil oldunsa, demək, 500000 manat qazanacaqsan”.
“Qazanmaq şansın var” yox a, “qazanacaqsan”.
Götürəsən verəsən məhkəməyə, deyəsən ki, girmişəm bura, di ver 500000 manatı.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Ədəbiyyatımıza və kinomuza çox töhfələr verdi, dünyadan vaxtsız getdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bayağı detektiv oxuyanlar, gedin “Cəbhədən cəbhəyə” romanını oxuyun. Ötən əsrdə Azərbaycanda yaranan 3 şedevr detektivdən biri, Həsən Seyidbəyli və İmraN Qasımovun birgə əsəri. Digər 2-si isə Cəmşid Əmirovun “Qara Volaq” və “Brilyant məsələsi” romanlarıdır. Yoxsa ki, indiki mənasız, məzmunsuz, rabitəsiz boz ədəbiyyatı detektiv deyib oxumayın.
Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan SSR xalq artisti Həsən Seyidbəylinin bu gün anım günüdür
Kinodramaturq və kinorejissor Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Burada 132 saylı şəhər orta məktəbi bitirib. Leninqrad Kino Mühəndisləri İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.
"Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olub. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.
Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb.
Filmoqrafiya
- Bakıdan Göy-gölədək, Böyük yol, Bizim Cəbiş müəllim - rejissor
- Quba bağlarında və Tərtərçay vadisində, Xoşbəxtlik qayğıları - rejissor, ssenari müəllifi
- Doğma xalqıma, Qızmar günəş altında, Uzaq sahillərdə, Şosedə hadisə, Əyri yolla qazanc – ssenari müəllifi
- Telefonçu qız, Möcüzələr adası, Sən niyə susursan?, O qızı tapın - quruluşçu rejissor, ssenari müəllifi
- Kinorejissor Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
- Kinonu sevən adam. Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
Təltifləri
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Seyidbəyli çox erkən - 25 iyun 1980-ci ildə 59 yaşında dünyasını dəyişib. Nə qədər gerçəkləşdirə bilmədiyi işləri qalıb.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Bu dəfə fərqli gəlmişəm
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Səssizlik və sən.
Gecə saat on ikini göstərir.
Hər tərəf qaranlıqdı.
Yay yağışından sonra soyuyan otaqda tənha bir mən var, bir də yanan şam. Otağı isidəcək qədər gur yanmasa da, üzümün bir tərəfini isidib yoluma işıq salır. Qələmimdən çıxan hər kəlimə onun nuruyla aydınlanır.
Şam işığında sirli bir aləm var. Səni düşündürür, yazdırır, oxudur. Bu sadəcə bir işıq deyil, hər yanışıyla bir ömrü danışan hekayədir. İçində çox şey var. Sən varsan. Həyat var. O, sənə həm yol göstərir, həm də isti qucaq açır. Sanki bir doğman kimi yaxındır sənə. Onun həsrətinə dözə bilməyənlər yanıb kül olur, yanında olanlar isə dost.
O, bir yoldaşdır. Ən qaranlıq yollarda sənə yol göstərən, səninlə son nəfəsinə kimi yanan ən sadiq dostdur. Susur, amma danışdırır. Dinləyir, ancaq yorulmur. O yanır, mən isə yazıram. Səssiz baxışlarımız birləşir. Görəsən, nə istəyir? Gah yuxarı uzanır, gah da aşağı enir. Nəfəsim toxunanda isə sanki rəqs eyləyir.
Bu gün ilk görüşümüzdür, bir dost, yoldaş kimi. Bu dəfə fərqli gəlmişəm. Sənə başqa baxıram. İndi mənim üçün təkcə otağı aydınlatan bir şam deyilsən.
Öyrənmək istəyirəm: dərindənmi tanıyırsan, yoxsa dərman olmaq üçünmü yanırsan?
Səni hər gecə yenidən tapmaq ümidi ilə…
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Orxan Cuvarlının “DAŞ”I
Azərbaycan Ədəbiyyat Fondunun və “Ulduz” jurnalının birgə keçirdikləri Xalq Yazıçısı Anarın 85 illik yubileyi münasibətilə hekayə müsabiqəsinin mükafatçılarının hekayələrinin təqdimatı davam edir.
2-Cİ YER
Orxan CUVARLI
Mən Cuvarlı Orxan Ramin oğlu 1994-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşam. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili almışam. Magistr təhsilimi 2016-2019-cu illərdə Türkiyə Burslarının qalibi kimi Akdeniz Universitetinin jurnalistika fakültəsində tamamlamışam. 2019-cu ildə namizədlik dissertasiyamı uğurla müdafiə etmişəm. Rus, ingilis və türk dillərini bilirəm. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıram.
2015-ci ildən Orxan Cuvarlı imzasıyla ədəbi fəaliyyətə başlamışam. 2016-cı ildə Üçüncü Gənc Ədiblər Məktəbinin iştirakçısı olmuşam. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 2023-cü ildə Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"nın "Ədəbiyyat" nominasiyası üzrə laureatı olmuşam.
DAŞ
Sürməyi səmada süzən buludlar ayın qabağını kəsdi. Ayın üzünü duvaqtək örtən kövrək ziyası görünməz oldu, ətraf zil qaranlığa büründü.
Otuz il bu yerdən baxdığım, arabir tutqunlaşan, bəzən də apaydın olan səmada buludlardan savayı bircə qımıltı da gözə dəymirdi. Bulud topalarının süzüldüyü hissələr lacivərdə boyanırdı.
Bu səma illərdir gördüyüm yeganə mənzərə idi. İstəsəm də, bundan nə bir çərək əskiyi, nə bir qırıq artığını görə bilərdim. Sanki kimsə göy üzünü gözlərimin önündə bir rəsm tablosu kimi asıb getmişdi.
Gecə və gündüz növbələşəndə bu tablonun rəngindən başqa hər şeyi – eni, uzunu, genişliyi, hüdudsuzluğu yerli-yerində qalırdı.
Səhərlər rəssam bu xəyali tablonu açıq rənglərlə fırçalayırdı. Elə ki şər qarışırdı, tablodakı açıq rənglər qatı boyalarla əvəzlənirdi. Bu qatılıq buludların barmaqlarının ucunda gəzən adamlar kimi səssiz-səmirsiz çəkildiyi yerlərdə dərinləşirdi.
Az qala yaddaşıma həkk olunan bu rəsm tablosunda hərdənbir yeni şeylər; perik düşən bir dəstə sərçə, gözqamaşdıran günəş, bədirlənmiş ay, göy üzünə duz kimi səpələnmiş ulduzlar, səmanın canına yayılan göy qurşağı peyda olurdu.
Neçə gündür bu mənzərələrə baxa-baxa darıxmaq barədə düşünürəm. Darıxmaq hissi mənə ucsuz-bucaqsız səhranı xatırladır. Hərdən bu səhrada az qala dizlərinə qədər quma batırsan, arabir isti qumsal ayaqlarını yandırır. Məni ən azı darıxmaq qədər fanilik hissi də sıxcalayır.
Bəzən həyat adlı yarışın sonunu düşünəndə bu hiss içimi çulğayır.
Dünyaya gəlirsən, qayğıların da səninlə bərabər böyüyür, gündəlik məişət təkrarları səni təngə gətirir. Bu qapalı dövrəyə özün də bilmədən öyrəşirsən. Zaman keçdikcə təəccüb hissini itirməyə başlayırsan. Hər şeyin parıltısını itirməsi, adidən adi, sadədən sadə olması içindəki fanilik hissini ərşə çıxarır.
Tez-tez keçmişimə qayıdıram. Keçmiş etibarlı, sınaqdan üzüağ çıxmış dostsayağıdır. Keçmiş indinin dolaşığından, gələcəyin bilinməzliyindən fərqlidir. Keçmişdə hər şey donub. Sən həmin dövrdəki səhvlərini, peşmanlıqlarını, təəssüflərini, sevinclərini, kədərlərini, doğrularını ölçüb-biçsən də, dəyişə bilmirsən, olduğutək qəbul edirsən.
Keçmişdən nigaran qalmaq olmur. Sən olub keçənləri kiçik bir təbəssümlə və ya acı bir təəssüflə xatırlamaqla kifayətlənirsən. Keçmiş gələcəklə bağlı narahatlıqlardan, nigaranlıqlardan uzaqdır…
Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm.
Bu otuz ildə çox şeyi unutmağa çalışmışam. Bəzən bu evin sevinc dolu günləri yadıma düşür. Biz heç kimə dəyib-dolaşmayan bir ailə idik.
Biz deyirəm, çünki mən də bu evin məhrəm, ad verə bilmədiyim rahatlığına isinişmişdim. Bu dördgöz evə neçə səadətli, bəxtiyar illər sığışmışdı. Ta ki o məşum günə qədər.
İnsanın ürəyi də daşlaşa bilərmiş. Mən xırda bir daş parçası olsam da, bu həqiqəti qavradığım gün heyrətləndim. İlahi, adamlar necə də qəddar olurlar!
Həmin gecə indi zilləndiyim səma mənə aydın görünmürdü. Bizi otağın tavanı, evin damı ayırırdı.
Xocalı günlərlə mühasirədə qaldı. Bu günlərdə adamlar bir qırıq qorxunu, vahiməni ürəklərinə yaxın buraxmırdı. Heç kim varidatını, uşaqlığını, gəncliyini burada qoyub gedəcəyinə inanmırdı. Bəlkə də, inanmaq istəmirdi.
Son günlər bir neçə ailəni təxliyə etmək üçün helikopterlər gəlirdi. Həmin an o adamların çöhrəsinin büründüyü təəssüfü, ağlamsınan sifətlərini unuda bilmirəm. Onlar son dəfə evlərinə, həyətlərinə, ağaclara, dağlara, quşlara, səmaya baxıb doluxsunurdular.
Bizim bünövrəsini qoyduğumuz yuvalar ağlaya-ağlaya keçmişiylə vidalaşan adamlar üçün göz dağı idi. Onlar sanki təkcə bu evləri yox, xoşbəxtliklərini, firavan günlərini də kərpic-kərpic hörmüşdülər. İndi həmin evlər, xoşbəxtliklər intəhasız bir naməlumluğun qoynuna sığınmışdı.
Evindən ayrılmaq istəməyənlər müqavimət göstərməyə çalışırdılar. Əlisilahlı düşmən dəstələrinin qabağında gündən-günə zəifləyən, gücsüzləşən, əliyalın müqavimət.
Bu evin adamları tələm-tələsik getdilər. Silah səsləri get-gedə yaxınlaşdıqca onlar o qədər tələsirdilər ki, qazanları ocaqda, balaca qızcığazın kuklası divanın bir küncündə qaldı. Evin ağsaqqalı heç ayaqqabılarını geyinməyə macal tapmadı, məstlərini sürüyə-sürüyə ailəsini meşəyə tərəf apardı.
Həmin sabah şəhər ağappaq qarı yorğan kimi sinəsinə çəkmişdi. Axşama doğru müqavimətin zəiflədiyi anlarda dümağ yorğan qeybə çəkildi, qocaman şəhər bahar laləzarları kimi al-qırmızı rəngə təslim oldu.
Görəsən, o məşum gecə, həmin laləzarda kürəyi üstə canını tapşıran neçə şəhər sakininin son gördüyü şey indi baxdığım tutqun səma olmuşdu?
Kim bilir, bəlkə, bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: “Uşaqlar, qırmızı qar yağıb”…
O gecədən sonra evlərdəki yemək qoxusu pəncərədən içəri dolan barıt iyiylə əvəzləndi. Soyuq aralı pəncərələrdən, açıq qapılardan dalğa- dalğa evlərə doldu, otaqlar buz kəsdi. Divanın küncündə unudulan kuklanın sarı saçları qırov bağladı.
Soyuqdan sonra hərbi geyimli, tanımadığım adamlar da bu evə girdi. Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.
Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.
Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı.
Sonra bu evin taybatay qapılarını, sobasını sökdülər, masanı, taxtı, divanı, stulları, dolabları, qab-qacaqları, sarı kuklanı daşıyıb apardılar.
Aradan keçən otuz ildə o uca evdən geriyə tanımadığım adamların söküb aparmaqda çətinlik çəkdiyi mən və bənzərlərimdən ibarət bünövrə, üzündəki mamırlardan başqa həyat əlaməti olmayan daş parçaları yadigar qalıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
BİRİ İKİSİNDƏ - Seyid Aynurun özüylə söhbəti və şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sozlərə Seyid Aynurun özüylə söhbəti və şeirləri təqdim edilir.
Seyid AYNUR
özüylə söhbəti…
– Şair kimdir?
– Şair reallığı öldürən, daha dəqiq desək, təpədən-dırnağa poetik dünya yaratmaq üçün şeirdə zamanıdoğraya bilən adamdır.
– Şeir nədir?
– Ədəbiyyatda düşüncə sərhədi olmamalıdır. Şeirhər gün ölüb-dirilən canlı bir orqanizmdir.Təkrarçılıqşeiri öldürə, yeni bir avaz şeiri təzədən dirildə bilir.
Bəzən məişət qayğılarının ritminə o qədər düşürükki, şeirin ritmi itir. Necə ki, ovqatsız, yəni əhvalsızolanda (yaratmaq instinktini itirdiyimiz vaxt) bişirdiyimiz təamlar dadsız alınır, şeir də eynən o cürməcbur yazılmış mətnə çevrilir. Buna görə gündəlikyazmaqdan mütləq imtina edilməlidir.
Köhnə nəsil yerini necə ki daha kamil, yenilikçiinsanlara verib dünyadan gedir, eynən o cür şeir dədaha fövqəl şeirin mövludunu gözləyir. Şairlərinçoxusuna elə gəlir ki, o, şeiri yazıb. Yox, əslində, o bizə yazdırıb özünü, şair icraçıdır.
– Ən gözəl şeir necə yazılır?
– Ən gözəl şeir təşbeh və metaforaya möhtacolmayan, üzünə-gözünə ənlik, kirşan, sürməçəkilməyəndir.
Şeir ritmi, hecası və öz nəfəsi ilə doğulur. Öz şeirömrünü müstəqil yaşayır. Dünyaya ilk dəfə şeir gəlib,sonra şair.
– Yəni şeir canlıdır?
– Bəli, şeir canlı varlıqdır, mütləq ölüb-dirilməlidir.
...və şeirləri
SUSDUQ
Zaman xəbərsiz ötdü,
külək dalğalandı durmadan,
çayın üzü qırışdı.
Dnepri pıçıltıya bənzər məlahətli səsindən tanıyıram,
onun məni xatırladığı kimi.
Bu dəfə düşmən səsimizi eşitməsin deyə,
görüşəndə ikimiz də susduq.
“Səhər proqramı”nda dahi Şevçenkonun
məhv edildiyi,
heykəlin baş nahiyəsindən
güllələndiyi xəbərini oxuyan
aparıcı qız ağlamsındı birdən:
“Müharibəni çıxardanın atası ölsün!”.
Alimlərin proqnozlarına görə –
Buça çayının sahilində yaşayan bütün Məryəmlər
Müqəddəs ruhdan yox,
düşmənin azğınlaşmış əsgərlərindən
hamilə qalacaq,
Qara dənizin balıqları
bir də heç vaxt kürüləməyəcəkdi.
Sabahdan ağır-ağır oyanan
tənbəl günəş
bütün anasız körpələri
bərk-bərk qucaqlayacaqdı.
Bildiyim bir həqiqət var –
müharibə uşaqlarının ayaq səsi
dünyanın ən kədərli musiqisidir.
Şəhər külə dönmüşdü,
şahədət barmağını lapdan qaldıran
balaca Lyubaşa qışqırdı:
“Ana, ana, bax ora,
evlərin içində ağac bitib!”.
XOCALI
Cavan, qoca, körpə:
kim vardısa,
hamısını “uddu” Xocalı.
Birdən silah səsləri gəldi:
hər kəs adətdəndəndir deyib,
bəyi gözlədi,
qara gəldi mamaqızı Sədiqənin toyu.
Göydən yağış kimi yağdı mərmilər,
əmioğlu Azadın qollarını qoparıb
yüyrüktək ağacın budağına asdı
mən isə xatirələri
toz olmasın deyə,
ovuclarma yığdım
və üşüdüm zirvəyə sancılmış bayraq kimi.
Gecdir daha –
ümidin gözlərini sığadım,
külək əsdikcə
qəfil burnuma
hardansa qaraağac qoxusu gəldi.
Ağac-ağac hıçqırdı,
ləpələndi yaşıl gözləri Badaranın,
ağı deyib özünü
o yan-bu yana çırpdı,
Suya düşən ağ yelkənə bənzədi
körpələrin cansız bədəni.
Qız-gəlinin naləsi
kəndi bürüdü,
Həlimə arvad qışqırdı möhkəm:
“Ayılın ay camaat,
qırıldı xocalılar”.
AYRILIĞIN YASI
Ötən yaz
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç
sənə yazdığım sevgi dolu şeirləri?..
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri
üzüm tənəklərdə,
Günah alma ağaclarında qalmadımı?..
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm
ağ şanının.
ALMALI
Ömür – yarımçıq,
Xatirələr – dipdiri.
Tale – yuxulu,
Beşik – yırğalanar dünyadan xəbərsiz.
Güdaza getdi bizimkilər –
Barışıq adı ilə
Erməni Məlik Yeqor
Seyid Həşimi ağsaqqallarla birgə
Yelpiyə apardı.
Dığalar əllərini bağlayıb
Başlarını kəsdi,
cəsədlərə neft vurub
külünü göyə sovurdular.
Qorxdular dirilib türk
qisas alar.
Xaraba qoydular Almalını –
Ahım duman olub,
Naləm yağışa çevrilib
Buludlara qarışdı.
ÜRƏK
Xoşbəxtlik üçün nə dəniz,
nə sahil –
köhnə patefon,
köhnə dost,
bir də sənlə bağlı və sair xəyallar
bəsimdir.
Dənizin şəklini çəkən gözlərimi
qısqanan göy üzü
göndərdi qağayıları
küləyin ətəyində
Balıqlar... balıqlar...
balaca məsum balıqlar.
Nə eqo,
nə mənəm-mənəmlik var
insan ürəyi kimi
yığılıb-açılan ürəyində.
GÖYÇƏ
Sarı Qulunun qızı Sədəf
Ər evinə gəlin köçəmmədi.
Kor Hido əllərini yuxarı milləyib
Gəzdi Allahın ətəyini,
Tapammadı...
Namazın ölüm xəbəri gəldi,
Səlbi mamam başını möhürə qoyub doluxsundu,
Sızladı kimsəsizilikdən –
Düşmən toy karvanının qabağını kəsib
Ağlatdı anamızı.
Həmin il nədənsə
Nəzir-niyazları qəbul etmədi “Miskin Abdal”,
Aşıq Nəcəfin belinə odlu samovar bağlayıb
Təpədən aşağı tulladı haylar,
Axşama yaxın Məşhədi Qasımın tüfənginin
Səsi eşidildi:
Qopdu əli qanlı Aramyanın
Axsaq atının nalı.
Terrorçular boşaltdı kəndi,
Qobustan qayalarına doğru yol alan,
Günəşin söykəndiyi
Əjdaha dağının üzərindəki
Sokral rəsmlər elə bil dirildi o gün –
Ağlaşdı canlı kim, nə vardısa,
Qırıldı canlı kim, nə oldusa.
SALAM, DƏRƏLƏYƏZ!
Qırğın qopdu, uçdu evin, sarayın,
Dilə düşdü ahın, nalən, harayın.
Viran qaldı bir Alagöz yaylağın,
Didərgindir el-oban, Dərələyəz!
Çətin idi həsrətinlə yaşamaq,
Qocalara boz şəhərdə yaşlanmaq.
Dərddən oldu nər oğullar bir yumaq,
Sığammadıq biz Bakıya, Dərələyəz!
Arpaçayın suyu düşər Araza,
Əziz elim getdi yaman güdaza.
Salam deyin o qərib Ardaraza,
Yaman sənsiz qaldıq biz, Dərələyəz!
Həsrətindən dərdə düşdü bu millət,
Saatlıda xəstə düşdü Məhəmməd.
“Can qurtaran dağ”da vardı min hikmət,
Sirri saxla, vermə yada, Dərələyəz!
Qayıdacaq Qaşqa, Sallı, Cul, Zerək,
Qəlbim olub yupyumşaq, çox kövrək.
Ayrı düşdük neçə vaxtdı, di neynək,
Sil o yaşı yanaqdan, Dərələyəz!
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Xarici işlər nazirimizi yaxından tanıyaq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Niyə məhz xarici işlər nazirini və niyə məhz bu gün?
Cünki bu gün xarici işlər nazirinin doğum günüdür.
Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, "OMNİ" hüquq şirkətinin direktoru olub. 2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini, 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri, 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.
2025-ci ilin fevralında Ceyhun Bayramov Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edilib.
Sonda bizə nə qalır? Əlbəttə ki, cənab naziri təbrik etmək!
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Onu Maştağanın dar küçələrində bıçaqladılar... – MEYXANAÇILARIN TALEYİ
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bu, yalnız sözün hekayəsi deyil. Bu, qəlbin qaranlıq labirintlərində dolaşan, sükutdan doğan, atəşlə yoğrulan bir dünyadır.
Bura, meyxananın, qəzəlin, ilahi eşqin və insanın ən çıplaq duyğularının ortaq məkanıdır. Burada hər misra bir ağrı toxumu, hər qafiyə bir dua, hər nəfəs bir şəhadətdir.
Onlar, sözün qəhrəmanlarıdır. Aydın Xırdalanlı, Vüqar Biləcəri, Pünhan Əzim, Rəşad Dağlı, Elçin Maştağalı, Molla Məhəmməd və ən başlıcası Əliağa Vahid... Hər biri öz zamanında, öz yerində, öz yanğısıyla bu sözlər ocağını yandırdı. Bəzən sönmək bilməyən, bəzən isə küləklə birləşən ocaq.
Bu yazıda sən, dostum, onların səsini, onların ağrısını, onların susqunluğunu duyacaqsan. Sən, qafiyənin içində gizlənmiş bir xalqın dərdini, sevincini və ümidini hiss edəcəksən.
Çünki söz, bəzən susmaqdır, bəzən qışqırmaqdır.
Söz, insanın Tanrı ilə danışdığı ən qədim dildir.
Söz, qəlbin ən böyük silahı və ən zəif sığınacağıdır.
Bu hekayə, sənətin əsl gücünü göstərir. Sözlə yaşamaq, sözlə ölmək, və sözlə əbədi olmaq.
Hazırsan? Onda oxu..
Söz, çox vaxt sükutun ən güclü dilidir. Çünki sükut, bəzən sözlərin məğlub olduğu, bəzən isə sözlərin ancaq pıçıldaya bildiyi bir məkandır. Bu yazının qəhrəmanları, sözün hər dərinliyini, hər həssaslığını, bəzən hər sərtliyini və sarsıntısını yaşamış, özü ilə yaşatmış insanlardır. Onlar sükutu danışmağa çevirdilər, qəlbin qapılarını açdılar və sözün yalnız əyləncə olmadığını, amma bəzən bir dərdin, bəzən də bir ilahi həqiqətin aynası olduğunu göstərdilər.
İndi isə gəl, bu aynaya daha yaxından baxaq. Onun arxasında kimlər dayanır? Onların qəlbi necə döyünür? Və nə üçün söz, onlar üçün həyatın özü oldu?
Sözün dərinliyinə qədəm qoyduqca, onun özü ilə birgə gələn qaranlıq və işıq da görünür. Hər söz bir az mübarizə, bir az qisas, bir az da müqəddəsliyə yol deməkdir. Bu yolun ustadları isə çox vaxt gündəlik həyatdan çox uzaqda deyil. Onlar elə bu torpaqda, elə bizim aramızda dolaşan, həyatın əzablarını, sevincini və dərdini sözə çevirən insanlardır.
Meyxana sənəti zamanla qafiyəli zarafatların, rəsmi mərasimlərin və efirdənkənar gülüşlərin yüngül oyunu kimi təqdim olundu. Halbuki bu sənət, kökü torpaqda, budağı göydə olan bir ağac kimi, həm xalqın qaranlıq köklərində, həm də göyə uzanan dua sətirlərində yaşayır. Onun başlanğıcı nə zarafat, nə də bayağılıqdır. Onun başlanğıcı xalqın susduğu yerdə qafiyə ilə danışmaq cəhdidir.
Meyxanaçı, sadəcə söz deyən deyil. O, görünməyəni sezən, hiss edilməyəni ifadə edən, içindəki ağırlığı başqalarının adına daşıyan yarı şair, yarı mistik bir varlıqdır. Onun qafiyəsində gah küfr, gah dua, gah da lal qalmış bir xalqın illərlə içinə yığdığı suallar olur. Bu sənətdə söz gəlir. Amma hər söz gələndə bir şey gedir. Bir az sağlamlıq, bir az mənəviyyat, bir az da ümid. Çünki qafiyə, ilahi bir toxunuş olduğu qədər, daşıyana əzab gətirən bir yükdür. Bunu daşıyan meyxanaçılar, hər biri poetik fədailərdir. Onlar özlərini yandıraraq söz yandırdılar. Özlərini məhv edərək sənəti yaşatdılar. Bu, təkcə sənət deyil, ruhi bir intihar növüdür. Sözləri ilə gülüş yaratdılar, amma içlərində susqun bir qəbir qazdılar.
Bu hissədə onlarından bəzilərinin adlarını çəkəcəm. Amma adlardan öncə onları anlayacağıq. Çünki onlar bizim üçün səhnədəki aktyor, meyxana meydanındakı duelçi, "YouTube"da "ay kişi necə güldürdü" deyib like yığan adam deyildilər. Onlar, bu xalqın körpüləri qırılmış dua sətirləri, cəmiyyətin mənəvi cəhətdən təmiz qalmış, amma danışa bilməyən ruhları idilər. Onlar danışdı, biz güldük. Onlar susdu, biz keçdik. Onlar getdi, biz paylaşdıq.. Amma onların sözü hələ də yerdədir. Və o sözlə birlikdə, Tanrının bizə dediyi bir şey də hələ cavabsızdır. İndi isə gəl, bu ustadların,dövrlərinin şahı olan, Molla Məhəmməd və Elçin Maştağalı ilə tanış olaq. Onlar sözün nə demək olduğunu, onun həm zəhər, həm dərman olduğunu sübut etdilər. Onların hekayəsi, meyxananın təkcə əyləncə yox, həyatın özünə çevrildiyi bir məkana dönüşməsinin canlı nümunəsidir.
ELÇİN MAŞTAĞALI
Adından da bəlli olduğu kimi, Maştağa məktəbinin yetişdirdiyi meyxanaçılardandır. Amma o, sadəcə coğrafi bölgənin yox, əxlaqi bir məktəbin də nümayəndəsi idi. Meyxana sənətində o, ağıla əsaslanan üslub, təvazökarlıqla tənqid, təhlükənin içində müdrik duruş modelini qururdu. Onun səsi ucadan deyildi. Amma dediyi ağır idi. Elçin özü zərif danışsa da, misrası sərt idi. Sözlə adamın içini dondururdu, amma elə səliqəli, elə tərbiyəli deyirdi ki, qəzəblənməyə haqq tapmırdın. Elçin bir çoxları kimi “qafiyə ardınca qaçmırdı”, sözün dalınca gedirdi. Onun meyxanası hər dəfə bir sual idi,"insanın yerini sözlə necə qoruyursan?" Ən çılğın məclisdə belə, onun misrası məclisə ədəb çəkirdi. O, yersiz tərifdən, şişirtmədən uzaq dayanırdı. Sadə danışırdı, amma sadəliyi ilə sənə ağlının çılpaqlığını göstərirdi. Elçin təkcə meyxana deyən deyildi, meyxananın öz içindəki başını itirmiş səsi idi..
"Ey könül, gəl sevək o yarı biz əvvəlki kimi,
Şən vuraq ömrü başa, barı biz əvvəlki kimi.
Mehriban ömr sürək biz bu gözəl aləmdə,
Salmayaq yada qəm-qubarı biz əvvəlki kimi.
Bülbülü-zarınam, ay gül, mənə rəhmin gəlsin,
Qoymayaq vəslə yaxın xarı biz əvvəlki kimi.
Xalqımın musiqisi cana verir zövqü-səfa,
Dinləyək şur ilə o tarı biz əvvəlki kimi.
Sevgilim, gəl əbədi şeirimizə sadiq olaq,
Hifz edək əhdi, düz ilqari biz əvvəlki kimi.
Yaşa, Elçin! O gözəl yara gözəl söz demisən,
Ey könül, gəl sevək o yarı biz əvvəlki kimi.
Və bu səs aldandı, susduruldu..
MOLLA MƏHƏMMƏDQULU
Xalqın arasında daha çox “molla” ləqəbi ilə tanınırdı. “Molla” yəni hazırcavab, bağlanmayan. Onun adı da, özü də, üslubda elə bu məna ilə düz gəlirdi. O, danışanda güldürürdü, amma o gülüşdən sonra adam susmaq istəyirdi. Çünki dediyi sadə görünürdü, amma dediyinin içində çox dərin bir izahı olmayan ağrı olurdu. Sanki bir kənd mollası, bir mistik dərviş, bir tənha filosof, bir ironik təbib birləşib onun ağzından söz deyirdi:
"İtirmişəm görməyirəm hansını?
Meyxananın deyim bashabasını
Elçin oxuyar mənimçün Yasini,
Siz elə bir təhər də basdırarsız.."
Mollanın meyxanasında təhqir yox idi, amma təsir vardı. O, zərif yumorla insanın ən zəif damarına toxunurdu. Və heç kimin qürurunu sındırmadan vicdanını sındırırdı. Onun tərbiyəvi gücü yalnız misrada yox, öz şəxsiyyətində də görünürdü. Ağsaqqallıq etmədən ağsaqqal idi. Cəmiyyətin “dəli” dediyi yerə çatmamış adamları danışa-danışa saxlayan adamlardan biri idi.
Meyxananın ən böyük problemi, məncə, onun tez qocalması, tez pozulması, tez dəbdən düşməsi, tez tənəzzül etməsidir. Molla bu prosesi lənətləmədən dayandırmağa çalışan son adamlardan biri idi.
Molla ilə Elçinin münasibəti, təkcə ustadla şagird arasında olan ənənəvi əlaqə deyildi. Bu münasibət, iki ruhi qatın bir-birini tamamladığı bir harmoniyadır..
Molla, sözə susaraq hörmət edən.
Elçin, susqunluğu sözə çevirən.
Elçin Molladan təkcə qafiyə yox, təhlükədə ayaqda qalmağı, səhnədə qışqırmadan özünü qorumağı, hirsin yerinə zəkayla döyüşməyi öyrənmişdi. Onlar birlikdə meyxanaya yeni bir üslub gətirmişdilər. Çığırtı yox, aydınlıq. Təhqir yox, tənqid. Küçə yox, kitab. Bu sistemin içində Elçin “gələcək” idi, Molla isə “əsas”. Elçin bıçaqlananda, gələcək susdu. Molla qaldı, amma öz dilini Elçinlə birlikdə itirdi.
Məmməd xalq arasında "Molla" kimi tanınan, hikmətin ironiyaya bürünmüş siması idi. Onun sözləri çox vaxt sadə görünərdi, amma sonra düşünəndə insanın beynində ağrılı bir sükut doğurardı. O, meyxananı küfrdən, qarğışdan, çılğınlıqdan qoruyan sonuncu səngərlərdən biri idi. Bu səngərin bir tərəfində dayanmışdı Elçin
O, onun yetirməsi, səsinin davamı, təhlükənin içində belə ədəbi qalan söz əsgəri. Elçin Maştağalı təkcə ustadının izini davam etdirmirdi. O, küçənin ədəbli tərəfini qoruyan bir qalaydı. Qəzəbin yerini təbəssümə, aşağılayıcı misranın yerini hikmətli xəbərdarlığa dəyişən nadir adamlardan biri idi. Onlar birlikdə meyxananın təqva ilə qafiyəni barışdırdığı bir yerdə dayanırdılar. Amma bu barış çox çəkmədi. Və Elçinin ölüm xəbəri gələndə, təkcə bir şagird yox, bir sistem çökdü.
O MƏŞUM GÜN
Gecəydi. Qırmızı "VAZ 21011" Maştağanın dar küçələrində qışqıran meyxanaçılar, sönməyən işıqlar, qanlı köynəklərlə dolu bir səhnə yaratmışdı. Məşədibaba Aydəmirov, o meyxanada zarafatla ağıl satan adam, indi bıçaqla yazılan sonuncu misranın müəllifi olmuşdu. Aralarında şəxsi inciklik nə qədər böyük olsa da, Elçinin qanı axanda sözlər susdu. Küçə səssizləşdi. Xəstəxanaya çatdırmaq mümkün olmadı. Qan dayanmırdı. Damarlar sözə yox, ölümə axırdı.
Elçin, o təmkinli, ədəbli, tənqidçi ruh arxa oturacaqda susaraq öldü. Və bu hadisə ilə birlikdə, meyxananın içindəki bir epoxanın qapısı bağlandı. Elçin getdi. Amma daha dəhşətlisi, onun getməyindən sonra da bu sənət əyləncə kimi izlənməyə davam etdi. "Tabuta dönən qırmızı 011" deyirlər biz tərəflərdə o maşına. Maştağanın qırmızı yaddaşıdır indi o. Təkər dönəndə, elə bil ölümün öz təkəri fırlanır.
Molla Məmməd dostunun, şagirdinin qanlı ölümündən sonra susa bilmədi. Sözə çevirdi dərdini çünki, onun silahı da, duası da, naləsi də söz idi. Elçin üçün yazdığı bu misralar indi bir yas duası, bir tarix möhürü, bir axirət xitabı kimi səslənir:
"Bir də çətin əqlə, kəmalə gəlləm,
Mən gəlsəm bax belənçi halə gəlləm.
Məşədibaba sən bizi saldın dara,
Vurdun Elçinimə sağalmaz yara
Maştağada baş verdi bu macəra
Mən də yazıb belə məqalə gəlləm.
Şair verərdi şairə qiyməti,
Puldan artıq tutmalıydız hörməti.
Bu ölüm öldürübdür Molla Məmmədi,
Onsuz nə cürnə mən xəyalə gəlləm?
Ürək alışdı, göz yaşardı tüstünə.
Baxmaq olmur şəklinə nə büstünə.
Rəhmətlik der "gəl məzarım üstünə",
Gözlərimdən axar şəlalə, gəlləm.
O şairdir, Vətənmizin gülüydü.
Öldürməsəydik bu saat diriydi.
Abşeronun meyxana bülbüliydi,
Onun yanına əlimdə lalə gəlləm.
Həyatı tərk eyləyəndə anlarıq.
Öldürərik, sonra da peşmanlarıq.
Neylim Elçin, bivəfa insanlarıq,
Birgün olar, mən də zəvalə gəlləm.."
Burda təkcə bir şairin gileyini görmürük. Burda bir xalqın gözündən düşən ümid damcısını, meyxananın tabutuna qoyulmuş son misranı, qafiyənin qanla yazılmış dualarını eşidirik. Molla üçün Elçin təkcə bir şagird deyildi. O, onun davamı idi. Elçin öldü və Molla elə bil öz cümləsinin son nöqtəsini itirdi.
O gündən sonra meyxanaçılar çox danışdı, amma bu iki nəfərin arasındakı sükut qədər ağır heç nə deyilmədi...
AĞAKƏRİM
Ağakərim... onu dinləyəndə ilk hiss etdiyin şey nə ağırlıqdır, nə də kədər. Sadə, şən, yoldaşyana bir tərzdir. Amma bu adamın səsində elə dərin, elə utancaq bir ağrı yatır ki, onu hiss etdikdən sonra anlayırsan. Ağakərim meyxananın içki qədəhinə dolmuş duzlu göz yaşıdır. Zarafatcıl idi. Bəzən bəsit görünürdü. Amma diqqətlə qulaq assan, hər misrasında yaşanmamış bir həyatın harayı var. Onun dediyi sözlərdə rədd olunmuş sevgi, aciz dost, ürəyinə düşməyən dua, bacarmadığı tövbə yatırdı. O, insanları güldürməklə öz içindəki ağrını tək başına daşıyırdı. O meyxana deyəndə insanlar əl çalırdı, amma heç kim soruşmurdu ki, "Bu adam axı nə vaxt güldü?.." Ağakərim, bəlkə də, sözün intiharsız intiharıdır. O, ölməyəcək. Amma sözləri yaşadığı həyatın tənəzzülüdür. Onun səsi çıxanda meyxana meydanı səslənmirdi, Sanki Allahın bağışlamadığı bir adam son dəfə danışırdı.
MƏŞƏDİBABA
Məşədibaba... onun adını çəkəndə, söz ağıla gəlmir. Bıçaq gəlir, qışqırıq gəlir, meydan gəlir. O, meyxananın tanrısız peyğəmbəri idi. Söz deyirdi, amma sanki Allahla küsülü idi. Sözlə dua etmirdi, sözlə döyürdü. Məşədibaba hər misrasıyla adamların içində gizlənmiş qorxuları ifşa edirdi. Onun meyxanasında nə mərhəmət vardı, nə təmkin. Orda yalnız mənəm-mənəmlik, cəsarət və ya məhv vardı.
O, dilini bıçağa çevirmiş adam idi. Bəziləri deyirdi: "Bu da sənətdi?" Bəli, sənətdir. Çünki onun danışdıqları tək adamın yox, küskün və qəzəbli bir xalqın içinə yığılan nifrətin qafiyəli forması idi.
"Ey İlahi, cavan ömrüm, hədər oldu.
Mən nələr arzulamışdım, nələr oldu."
Məşədibaba özünə hörmət etməyən bir cəmiyyətin qəzəbli aynası oldu. Amma aynanı sındıran da o oldu. Elçin Maştağalının qanı, onun bıçaqlanmış içindəki insaniyyəti idi. Həmin hadisədən sonra heç nə əvvəlki kimi olmadı. Meyxana bu qədər real, bu qədər travmatik bir səhnəni çəkib gülmək üçün yox, çəkib susmaq üçün yaşadı. Məşədibaba, meyxananın ağrılı anasına təpik atan oğlu idi. Sevgi ilə yoğrulmamış, amma sevgiyə ac qalmış bir çağırışdı onun səsi. Onun dediyi hər misrada elə bil Allah susur, iblis gülümsəyirdi.
BAYRAM KÜRDƏXANILI
Və sonra Bayram gəlir. Kürdəxanılı.Səsi nisbətən sakit, misrası tərbiyəli, danışığı isə mərhəmət və sərhəd içində. O, bu sənətin içində ən az ləkəyə bulaşan adamlardan idi. Bayram bəzən bəsit deyildi, amma sadə idi. O meyxana deyəndə sən hiss edirdin ki, bu adam özünü ucalda-uclada meydanın içində diz çökür. Ədəblə döyüşmək onun sənətkar prinsipiydi. Sözlərində tez-tez “ustad”, “böyük”, “qardaş” kimi ifadələr olurdu. Çünki Bayram meyxananı təkcə sənət deyil, bir ədəbi-mənəvi məclis sayırdı. O, öyünməzdi. Amma meyxananın təmkinli babası kimi görünürdü. Xırıltı olsa belə, küçə tonu yox idi səsində. Əvəzində qəbrin yanında danışırmış kimi danışardı. Bayram danışanda sən meyxananı yox, uşaqlığından qalan bir yuxunu xatırlayardın. Onun misrasında nə alkoqol vardı, nə də tüğyan. Orda yalnız insanlıqdan qalan bir səsin təpəri vardı. Bayramla meyxana arasında ədəbli bir sevgi vardı. O, bu sevginin qədrini bildi. Və bu səbəbdən onun adı çoxluqlar arasında itmədi. Onun sakitliyi, meyxananın son dərəcə mədəni bir fərdi olduğunu sübut etdi.
Ağakərim gülərək ağladan
Məşədibaba – qışqıraraq öldürən
Bayram – susaraq qoruyan
Bu üçlük meyxananın həyasız gülüş, qəzəbli zərbə və təmkinli izah üçbucağıdır. Onlar bu sənəti ya dərdlə sevdilər, ya dərddən danışdılar, ya da dərdin içində susdular.
PÜNHAN AZİM
Və bir də bu saydığım, eləcə də saymadığım şairlərdən sonra, onlarla böyümüş bu sənətə yeni bir yön vermiş şairlər var. Onlardan biri də Pünhan Azimdir. Pünhan... adını eşidəndə insanın ürəyinə bir sakit kədər dolur. O danışanda sözlər qulaqdan yox, ürəkdən keçir. Onun səsi nə yüksəkdir, nə sərt. Amma dediyi göz yaşına toxunurdu. Çünki Pünhan danışmır, ağlayır. Sözlə yox, nəfəsilə. Pünhan Azim meyxananın ən şeiriyyətli və ən romantik sədasıdır. O, qafiyəni silah etmir. O, onu duaya çevirir.
"Gülzari məhəbbətdə açıb, dəstə dəstə gül.
Amma ləçəkləri qapayıb, pərdə pərdə tül.
Əvvəl Füzuli şeirinə diqqət yetir könül,
Cam içrə mey ki, dairə salmış hübab ona,
Bir ayinədir, əksi salıb afitab ona.
"Təklifi cənnət eyləmə, kuyində könlümə
Çün, cənnət əhlidir nə verirsən əzab ona?
Məsduddur Füzuliyə meyxanələr yolu,
YaRəb hidayət eylə təriqi səvab ona."
Yarın camalı aşiqə xəlvətdə görsənər,
Xəlvətdə seyr edənlərə Cənnət də görsənər.."
Onun misralarında sevgi var. Amma öyrənilmiş yox, itirildikdən sonra anlaşılan sevgi. Onun şeirlərində tənhalıq var, amma yalnızlıqdan yox, hamının içində görünməməkdən yaranan tənhalıq. Pünhan, bəlkə də, meyxana deyil, bir yuxunun içində sönən gəncliyin şairidir. O danışanda gənclik yox, yarımçıq qalan arzular səslənir. Onun qafiyəsində qorunmamış analar, bağışlanmayan oğullar, gizli ağlayan kişilər vardı. Onun misraları Allahın qatına getmirdi. Çünki o, Allahın öz içimizdə bizi necə unutduğunu göstərirdi.
Pünhan Əzim sənətin içində dua qoparan, meydanın içində ruhu ilə danışan, gülənlərin içində ağlamağı seçən biridir.
RƏŞAD DAĞLI
Əgər Pünhan yağışdırsa, Rəşad bıçaqla oyulmuş ildırımdır. O danışanda insanlar təkcə dinləmir, təslim olur. Çünki Rəşad meyxananın strateji, sözün hərbi komandanıdır. Rəşad Dağlı, iti zəkası, məntiqi ardıcıllığı və çoxhədəfli söz sistemi ilə bu sənətin ən intellektual döyüşçüsünə çevrildi. O meydanda təkcə misrayla yox, fikir sistemi ilə döyüşdü. Onun meyxanasında haqq axtarışı, dəqiqlik, özünü müdafiə edən zəka vardı. Bəzən kobud görünə bilərdi, amma içində çox dərin bir ədalət hissi vardı. O, heç vaxt təsadüfi danışmazdı. Hər cümləsi sanki planlanmış əməliyyat idi. Rəşad meyxananı "kimin qafiyəsi güclüdür" yarışından çıxarıb, "kimin düşüncəsi doğrudur" müzakirəsinə gətirdi. Onun gücü təkcə sözündə yox, özünə inamında, hisslərini boğub ağılla danışmağındadır.
"Min şükür ki, insan olmasam da mən,
İnsan olmağa çalışanlardanam"
Rəşadın misrası qışqırmır, bəyan edir.Onun səsi təhqir etmir, məcbur edir.Səni düşünməyə, içini qazmağa, sözün arxasında gizlənən həqiqətlə üzləşməyə vadar edir.
Məncə Pünhan, hüzurdur, Rəşad, qələbə. Pünhan yalnızlıqla yaşamağı seçdi, Rəşad həbsdə təkbaşına dayanmağı. Biri ağlayaraq sağ qalmağa çalışdı, biri döyüşərək varlığını sübut etdi. İkisinin də içində sakit bir yanğın var. Amma biri bu yanğını şeirə, digəri sistemdəki qüsura yönəldir. Pünhan insanın ruhunu silkələyir, Rəşad isə arqumentləri darmadağın edir. Onlar birlikdə meyxananın əxlaqi və zehni dayaqlarıdır.
Biri duadır, biri dəlildir. Biri susqun sızıltıdır, biri açıq haqlı çığırtı.
AYDIN XIRDALANLI
Gəl indi, sənə iki sevimlimdən biri olandan danışım dostum. Aydın Xırdalanlı meyxananın içində gəzən yerə düşmüş bir mələk.. Qanadları yoxdur deyə yox, uçmaq istəmədiyi üçün yerdə qalan bir ilahi. O danışanda insanlar gözünü yumurdu, çünki həqiqətin gözünə baxmaq çətindir. Onun misraları tanrısal bir ağırlıq daşıyırdı, amma o Tanrı ilə barışıq deyildi. O, Allahı çox sevirdi, amma Onu çoxdan bağışlamamışdı. O danışırdı, çünki susmaq özü-özlüyündə bir xəyanət idi. O özünü danlayırdı, çünki başqalarının günahı ona ağır gəlirdi. O səhnəyə çıxmırdı, səhnənin içində batırdı. Hər sözü, sanki bir iblis tərəfindən yarımçıq buraxılmış peyğəmbərlik idi.
"Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə,
Mavi ekranda, xəbərlərdə də baxdım o gecə.
Sabah olacaq Şuşada istilik, onbeş dərəcə
Arsız-arsız havası haqda da elan veririk"
Onun misralarında nəfəsin sonu, yaşamaqdan bezən bir ruhun çırpınması vardı. Heç kim Aydını öyrədə bilməzdi, çünki o artıq öyrəndiklərini silib özündən yenidən başlamışdı. O, elə bir qaranlıqdan gəlirdi ki, heç bir nur onu aldatmırdı. Bəzən onun sözləri dua kimi səslənirdi, amma Tanrıya yox, Onu tərk edən bir inanca ünvanlanmışdı. Onun dedikləri nə dinlə, nə də küfrlə izah oluna bilərdi. Çünki onun içində inanc da yanmışdı, inkar da.
Aydın danışanda, səhnədə yalnız bir insan yox, sanki bütün bir məhəllənin, bir xalqın, bir millətin günahkar övladı dururdu.
O, sadəcə öz dərdini yox, hamının susub danışmadığı günahları səsləndirirdi.
O özünü təmizə çıxarmırdı.
O, günahlarını bəzəyib satmırdı.
O, çirkli əlləri ilə vicdanı sığallayan bir adam idi.
Və bu qədər dürüst olmaq, cəmiyyətin saxta güzgüsündə çox bahalı görünürdü. Aydın danışanda onun sözlərindəki hərflər sanki gülə-gülə ölürdülər. O qədər yumşaq, o qədər rahat deyirdi ki, adam əvvəlcə gülmək istəyirdi amma gülə-gülə içində nəyinsə çatladığını hiss edirdi.
Onun qafiyəsi, məscid həyətində yandırılmış siqaret kimi uyğunsuz, keşiş qulağına pıçıldanan günah etirafı kimi gizli, uşaq ağrısını gizlədən kişi susqunluğu kimi acı idi. O misra demirdi. O, tək bir nəfər kimi, min nəfərlik bir xalqın iç sızıltısını dodaqlarına gətirirdi. Sözləri dırnaq kimi deyildi, yarıq kimi idi. Səni tuta bilmirdi, amma içindən keçirdi. Onun sözləri bəzən Quran ayəsi kimi təsir edirdi amma tərsindən oxunmuş bir surə kimi, təhrif olunmuş, amma daha doğrunu göstərən bir dərd kitabı kimi. Bəlkə də, Aydın Allaha küsülüydü. Bəlkə də o, dua edənlərin yaltaqlığını, tövbə edənlərin ikiüzlülüyünü,sevənlərin riyakarlığını görüb susmaq istəmişdi. Amma susduqca yandı. Yandıqca danışdı. Və danışdıqca hamımızı öz içimizlə üz-üzə qoydu. Çünki Aydın, həqiqətən də, yerə düşmüş bir fövqəltəbii varlıq idi. Əlləri çirkliydi, çünki insan idi. Amma ürəyi çoxdan göylərdə qalmışdı. O meyxananı seçmədi. Meyxana onun üçün qapısı açıq qalan sonuncu ibadətgah idi. O səhnəni seçmədi. Səhnə onun günahlarını bağışlayan tək yerdəyişmə platforması oldu.
O danışdı… Qafiyə bir and içdi. Meyxana baş əydi. Küçə susdu.Allah baxdı. Amma Aydın artıq getmişdi… Getdikdən sonra Xpert (Şəhriyar Atababayev) mahnı daha doğrusu Aydına ithafən mummle rep yayımladı:
"Olsun qurban "palatka"lar
Sənə, nə olsun ünvan palatalar.
Sənət olsun, şeytan narahat qalar
Ayağının altına pullar...
Əsəbi və səmimi, Baba Pünhan bəzən Nəsimi..
Bilənlər bilir, tək qaldırırsan təbimi.."
Eləcə də bəzi şairlərin qəzəllərində Aydının nə qədər sevimli bir şəxsiyyət, şair ən əsası insan olduğunu görə bilərsən dostum..
VÜQAR BİLƏCƏRİ
Yox təbii ki, Vüqar Biləcəri də sadəcə bir ad deyil mənim üçün. O, bir qəsəbənin danışan vicdanıdır. O, meyxananı mey məclisi arxasından deyil, gündə beş dəfə çay süzülən, üç dəfə qonşu ilə dalaşılan həyətlərdən gətirdi.
Onun səsi yerə düşən qəpik səsi kimi tanış, qafiyəsi qonşudan eşitdiyin niskil kimi səmimi, danışığı bir az kişilərin süfrə başı söhbəti, bir az da anaların oğlu üçün çəkdiyi ah kimi idi. Vüqar da meyxananı küçədən aldı, amma küçəyə satmadı. Onun üçün söz uşaqlıqda göydə buraxdığı rezin şar idi. Gedərsə, qayıtmayacaq.. Amma getməsə, bu qaranlıqda partlayacaq. O danışanda meyxana əyləncə yox, güzəran olurdu. Bir az çörək, bir az dərd, bir az da bir kişinin içində gizlədiyi göz yaşı. Onun misraları oxuyub fəhlə işləyən oğlanlara, sevdiyini itirib hələ də evlənməyən qızlara, hər ay 150 manat pensiya ilə dolanan nənələrə ünvanlanırdı.O şou yaratmadı. Çünki onun həyatı özü bir səssiz dram idi. Vüqarın gülüşü təmiz idi. Amma o gülüşdə bir məhəllənin on illik peşmanlığı, bir atasız uşağın 15 sentyabr günü məktəbə tək getməsi, bir qadının ərinə deməyib susduğu gizli xəstəlik idi. O elə danışırdı ki, adam gülürdü, amma bir an sonra “axı bu gülməli deyildi” deyə peşman olurdu. Çünki o gülüşün içində tənhalıq var idi. Bəli, Vüqar Aydından sonra gəlmişdi. Amma onu Aydının surəti saymaq, meyxananın nə olduğunu anlamamaq deməkdir. Çünki Vüqar öz dilini yaratdı.Aydın göylə danışdı, Vüqar torpaqla. Aydın Allaha küsdü, Vüqar insana inamını itirdi. Aydın qafiyəni özünü yandırmaq üçün, Vüqar isə özünü anlatmaq üçün işlətdi.
Vüqar Biləcəri sadəcə meyxanaçı deyildi. O, sözlə ibadət edən, hər misrasını sanki ağrıyla dəstəmaz alaraq deyən, meydanı məscidə çevirən, qafiyəni duala yükləyən bir əhli-beyt aşiqi idi. O, şiə idi. Amma bu, təkcə məzhəb deyil idi onun üçün. Bu, ruhunun məkanı idi. Və elə buna görə onun meyxanasında tənə ilə dua, kədər ilə inam, əzab ilə məğlub olmayan eşq bir yerdə yaşayırdı. O danışanda sanki qəməri gecənin ortasında Hüseynin adını zikr edən bir nəfəs olurdu.
Vüqar üçün meyxana meydanı, yalnız şou yox, bir cür iç çarpışması, bir ruhani döyüş, bəzən də bir Kərbəla səhnəsi idi. Onun danışığında həzrət Əlinin ədaləti, İmam Hüseynin qeyrəti, Zeynəbin səbrini duymaq olurdu. Meyxana onun üçün nə qazanmaq idi, nə uduzmaq. O danışanda mənfəət yox olurdu, mərifət danışırdı. O, sözlə qane olmayan bir dərdli idi. Və bu dərd adi sevgi deyil, ilahi bir eşq, əhli beytə sonsuz bir təslimiyyət idi..
”Sən münəzzəhsən, sən bütün cürmi xətadan xalisən
Sən böyüklərdən böyüksən, alilərdən alisən.
Aləmin hər türlü sirrindən tamamən halisən,
Həm əzəlsən, həm.qədimsən, valilərdən valisən.
Zatın öz zatındadır, ey nuridən mövcud olan,
Ey ibadət əhlinə ən mötəbər məbud olan.."
Onun misralarında qafiyə deyil, qismət ağlayırdı. Və hər dinləyici hiss edirdi ki, bu adam danışmır, bir növ şəhadət gətirir.
Vüqar Biləcəri füzulişünas idi. Füzuli, yəni sözün hal dili, yəni göz yaşı ilə danışan elm, yəni sevgini həm dərd, həm də ibadət bilən bir zəkadır. Vüqar, Füzulini oxumadı sadəcə. Onu içdi. Hər misrasında Füzulinin ahı, ağrısı, iztirabı vardı. Ona görə də Vüqar danışanda, meyxana divan ədəbiyyatının xalqla barışdırılmış forması kimi səslənirdi. Ədəbi cəhətdən təhlil etsək, Vüqarın meyxanası "hüsnü mütəalif" deyil, "hüznü mötəbər" idi. "YouTube"da "Söz xəzinəsi" kanalında yayımlanan qəzəlləri və qəzəl təhlilləri, "Qərib Xəyəl" kitabı, sadəcə bir poeziya toplusu deyil, Vüqarın əsl mənəvi dünyasının qapısını aralayan bir niyyət nişanəsidir.
Mən özün Biləcəriliyəm. Mən daha yaxşı bilirəm. Biləcəri, Bakı kəndlərinin içində öz ruhunu itirməmiş səslərdən biridir. Burda söz gözdən çox qulaqla ölçülür. Burda danışıq cəngavərlik, susmaq xəyanət, meyxana isə bir oğulun öz kəndinə yazdığı məktub kimidir. Vüqar bu məktubu çəkiclə yazdı, çünki bu torpaq tük ilə yazılanı oxumur. O danışanda Biləcəri susurdu. Və Biləcəri susanda Vüqar danışırdı.
Vüqar Biləcəri meyxananın bir ayla günəş arasında gizlənən səmimi halı idi. O, nə tam işıq saçdı, nə də tam yox oldu. O yanmaqla işıq yaratdı, ağlamaqla təskinlik verdi və ən əsası, sözlə sevdi, sözlə ibadət etdi..
Bizlər, yəni bu saytın yazanları, sözə hörmət edən və haradasa bir iz qoymağa çalışanlardanıq.. Amma deyərdim ki, xüsusilə mən sözə ibadət edənlərdənəm. Necə ki, Vüqar demişdi..
"Cahanda bərqərar olmuş, sözün hökmüylə hər birşey,
Tapılmaz dəhri bazarında sözdən mötəbər birşey.
Xəlayiq mən fəqirin halı zarından xəbərsizdir,
Nə görməz bir nəfər birşey, nə bilməz bir nəfər birşey.
Əgər səndən nigarım, istəsəm bir nəsnə, məzurəm
Əzəldən var bu adət, istəyər şahdan nökər birşey.
Könül, tök gözlərin yaşın, bəlkə yar lütf etdi,
Kiçik bir qətrədən bəzən, doğar dərya qədər birşey.
O qarə zülf fikriylə, günəş ruxsar xəyalilə
Gecə birşey keçər, aşuftə könlümdən, səhər birşey.
Səadət gülüstanında, açılmış növbənöv güllər,
Nə qədri əldə fürsət var, Vüqar cəhd eylə, dər birşey.."
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Nigar Rəfibəylinin irsinə, şəxsiyyətinə, şəcərisinə ən böyük dəyəri Ulu Öndər verdi - 3-CÜ YAZI
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən türklər baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, fikir və düşüncə sahiblərinə, mütəfəkkir şairlərə yer verdilər. Bilgə xaqanın sarayını Tonyukuk, Oğuz xaqanın sarayını Dədə Qorqud, Oğuz-Səlcuq sarayını, Məlikşahın dünyasını Nizamül-mülk, Ömər Xəyyam, Osman Qazinin sarayını Şeyx Əbdalı, Şah İsmayıl Səfəvinin sarayını Həbibi, dünyaşöhrətli rəssam Behzat, Sultan Səlimin və Sultan Süleymanın saraylarını Mustafa Xocazadə, Kamil Paşazadə, Hüseyn Baykaranın sarayını Əlişir Nəvai zinətləndirmişdi. Bu ənənə üstündən illər, əsrlər ötəndən sonra Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsindən başlayaraq davam etdirildi.
Kənd təsərrüfatı ölkəsi kimi təqdim olunan Azərbaycanı SSR-i qüdrətli sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən birinə çevirən Ulu Öndər SSRİ-nin ən ali orden-medallarını onun əli qabarlı zəhmətkeşlərinin, mütəfəkkir alimlərin, ustad sənətkarların, mütəfəkkir şair və yazıçılarının, istedadlı insanlarının yaxasından asdı. Milli-mənəvi dəyərlər tariximizə adını həkk edən Səməd Vurğun, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Bülbül kimi dahilərin ev muzeyləri quruldu. Nəsiminin, Nərimanovun, Mirzə Cəlilin, Mikayıl Müşfiqin, Cəfər Cabbarlının abidələri ucaldıldı, ev-müzeyləri yaradıldı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsa Hüseynov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi fitri istedad sahibləri, İstiqlal fədailəri himayə olunub qorunduğu kimi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirvari Dilbazi, Əminə Dilbazi, Hökumə Büllruri, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir kimi dövrün cövrünü çəkən, quruluşun, zamanın fövqünə qalxıb qələmi millətin, məmləkətin nəfinə işlədən şair və yazıçılar ictimai-siyasi xadimlər xüsusi qayğı ilə əhatə olundu. Vəzifə pillələrində irəli çəkildi. Fəxri adlara, orden, medallara layiq görüldü. Onların arasında bir tarixi şəxsiyyət də vardı ki, o, Ulu Öndər üçün dəyərli, qiymətli, əziz idi. O, adı milli mənəvi dəyərlər və milli dövlətçilik tariximizə həkk olunan, soyu-kökü, şəcərə dəftəri ilə Azərbaycan, daha doğrusu paralanmış, yaralanmış Azərbaycan olan, sinəsinə repressiyaların, müharibələrin dağı çəkilən, Qacarların, Əfşarların, Osmanlı sultanlarının, Gəncəli Cavad xanın, Cümhuriyyətə bağlı Rəfibəylilərin, Xasməmədovların genetik kodlarının daşıyıcısı Nigar xanım Xudadat bəy qızı Rəfibəyli idi. O, bütün həyatını şair, publisist, mütərcim, ictimai xadim kimi müqəddəs vəzifəyə həsr etmiş, mənsub olduğu millətin, məmləkətin mənəvi əzəmətinin inkişafına töhfədə bulunmuşdu. 20-ci illərin qanlı repressiyalarının qurbanı olan general-qubernator atası Xudadat bəy Rəfibəyovun, Cümhuriyyət qurucuları arasıda yer alan dayısının, dayısı oğullarının, qohumlarının siyasi fəaliyyətinə baxmayaraq Mircəfər Bağırov da, ondan sonra ölkəni idarə edən Birinci katiblər- İmam Mustafayev də, Vəli Axundov da ona toxunmamışdı. Möcüzələr sayəsində 30-cu illərin qanlı repressiyalarından xilas olan Nigar xanım Xudadat bəy qızı Rəfibəylinin fəaliyyəti 50-ci illərə qədər kölgədə qalsa da, Stalinizmin iflasından, Xruşov yumşalmasından sonra onun da adı rəsmi səviyyələrdə tutulmuşdu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə isə “Günəş Şərqdən doğacaq!” nidası ilə qələm çalan Nigar Rəfibəylinin dəyərini Ulu Öndər Heydər Əliyev verdi. 1959-cu il iyunun 9-da Azərbaycanın Birinci katibi İmam Mustafayevin imzası, Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun qərarı ilə “Şərəf nişanı” ordeninə, 1967-ci il oktybarın 29-da Azərbaycanın Birinci katibi Vəli Axundovun imzası ilə Azərbaycan Mərkəzi Komitəsinin Bürosunun qərarı ilə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Nigar Xudadat qızı Rəfibəyli Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun 6 iyul 1973-cü il tarixli 67-ci protokolunun 15-ci bəndinə əsasən Mərkəzi Komitənin kaitibi Heydər Əliyevin imzası ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə “Fəxri Fərman”la təltif edilir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Birinci Fondda, 68-ci siyahıda, 11-ci qutuda qorunan 90-cı işdə yer alan bir rəsmi sənəd isə Ulu Öndərin Nigar Xudadat qızı Rəfibəylinin irsinə, şəxsiyyətinə, şəcərəsinə verdiyi dəyərin ən ali göstəricisidir. Azərbaycan SSR Mərkəzi Komitəsinin Bürosunun 13 iyun 1981-ci il tarixli iclasının 15-ci protokolunun 11-ci bəndinə əsasən Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə, ictimai fəaliyyətinə görə Nigar Xudadat qızı Rəfibəyliyə xalq şairi fəxri adı verilir. Mərkəzi Komitənin qərarı bir gün sonra 19 iyun 1981-ci ildə Azərbaycanın Birinci kaitibinin imzası ilə təsdiq edilir. Xalq şairi fəxri adından sonra da, Azərbaycanın Birinci şəxsi Nigar Rəfibəyli ilə bağlı tarixi qərarlar aldı. Onun Fəxri Xiyabanda dəfn edilməsi, adının və xatirəsinin əbədiləşdirilməsi, irsinin dövlət mirası elan olunması, yubiley mərasimlərinin təşkili daima Ulu Öndərin nəzarətində oldu. Dəyərlərin əyarı olan Ulu Öndərin Nigar Rəfibəyli irsinə, şəxsiyyətinə münasibəti, həm də onun şəcərəsinə ehtiramının göstəricisi idi.
Qərənfili sevir könlüm...
Stalinizmin xofunun səngiməsi, Xruşşov yumşalması, Bağırov mərhələsinin başa çatması 50-ci illər Azərbaycanının nəfəsliyi oldu. 30-cu illərin dəhşətləri ilə 60-cı illərin mənəvi tərəqqisi, yaddaşa, qayıdış ideologiyasının formalaşması üçün milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Nəriman Nərimanov, Əziz Əliyev, İmam Mustafayev, Mirəsədulla Mirqasımov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Üzeyir bəy, Bülbül, Mirzə İbrahimov, Süleyman Rüstəm, Mir Cəlal, Qulam Məmmədli, Nəsir İmanquliyev, İlyas Əfəndiyev kimi simaların varlığı, Ulu Öndər Heydər Əliyevin bir dövlət xadimi, sərkərdə xaqan kimi əzəməti Cümhuriyyətdən sonra repressiyanın girdabında, müharibənin dəhşətlərində üzülən məmləkətin inamına, ümid yerinə döndü. Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi hesab edən Sosializm-realizminin diqtəsindən fərqli olaraq milli mücahidlər doğuldu. “El bilir ki, sən mənimsən, yurdum yuvam məskənimsən, anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” nidası ilə, həm də “Vaqif” dramını, Cümhuriyyətin himnindən sonra Sovet Azərbaycanının himnini, “Koroğlu” üverturasını, “Sevgili canan”ı, “Sənsiz”i yaradan, “Bir gəncin manifesti” ilə mənsub olduğu millətin mənəvi dəyərlər tarixinə abidə ucaldan, “Dirilən adam”a “Yolumuz hayanadır?” sualını ünvanlayan,
Mübarizə bu gün də var,
yarında.
Mən də onun ön sıralarında.
misraları ilə “Rənglər” silsiləsini, “Dözüm” kitabını, “Çinar”ı qələmə alan, “Dənizin səsi gəlir” deyib, “Zəfər nəğməsi”nə sarı boylanan, “Şanlı nəslin yadigarısan” nidası ilə “Həzin bir axşamda düşsən yadıma” deyib Nargin adasına, ala gözlü Xəzərə sarı boylannan, “Günəşdən gənclik istəyən”, Şərqdə doğan Günəşi kimsənin öz iradəsinə sonadək tabe edə bilməyəcəyinə, “Güney Azərbaycan missiyası”ndakı, “Əziz Əliyev qrupu”ndakı fəaliyyətdən sonra, sədr kimi “Ana dili ilə bağlı məsələni” Ali Sovetin müzakirəsinə çıxaran, millətin “Böyük dayağı”na çevrilən, “Təbrizim” silsiləsi ilə Bütöv Azərbaycana çələnk toxuyan Səməd Vurğun, Üzeyir bəy, Mir Cəlal, Rəsul Rza, Nigar Rəfibəyli, Mirzə İbrahimov, Süleyman Rüstəm kimi qələm sahiblərinin yeri başqa, bambaşqa idi. Onlar yuxarı eşalonda oturanların diqtəsinə baxmayaraq quruluşun, zamanın üstünə yeridilər. Elə olmasaydı, Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, Anarın “Qobustan”ı, “Dədə Qorqud”u, İsa Hüseynovun “Nəsimi”si, İsmayıl Şıxlının “Dəli Kür”ü, Fərman Kərimzadənin “Qarlı aşırım”ı, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının Əbədi İstiqlalın özü qədər əzəmətli misraları yaranmazdı.
İsəmirəm azadlığı
zərrə-zərrə,
qram-qram.
Azadlığın zəncirini
Qram, gərək qıram.
-nidası ilə meydanlara axışan, Topxanada qırılan bir armud ağacından, daha doğrusu Yaddaş Ağacından ötrü Bolşevik Rusiyasının, Şura hökumətinin tifqaını dağıdan millət “Lenin meydanını” “Azadlıq meydanı”na çevirə bilməz, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini 1921-ci ildə ilk dəfə Mərkəzi Komitənin Plenumunda qaldıran, komissar Nəriman Nərimanovun iradəsi ilə susmaq məcburiyyətində qalan Sergey Mironoviç Kirovun abidəsini aşırmazdı. 1988-ci ilin Milli İstiqlal savaşı “Lenin meydanı”ndan, Xəzərin sahilindən başlamadı. Əbülfəz Elçibəyin, Tağı Xalisbəylinin, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Sabir Rüstəmxanlının millətə, məmləkətə üz tutub oyanışın, qurtluşun nəğməsini çağıran İstiqlal aşiqlərinin sırasında bir tarixi şəxsiyyət, ictimai-siyasi xadim də var idi ki, o dik duruşu, nitqi, kübar və əsilzadə görkəmi, məğrurluğ, müdrikliyi ilə fərqli idi. Çünki o, Fətəli xan Qacardan, Nadir şah Əfşardan, Ağa Məhəməd şah Qacardan, Gəncəli Cavad xandan, Ələkbər bəy Rəfibəyovdan, “İstiqlal Bəyannaməsi”nə imza atan Xudadat bəy Rəfibəyovdan, Xəlil bəy Xasməmmədovdan nişanə idi. Onun damarından bütün həyatını milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən, qələmini süngüyə çevirən, milli-mənəvi dəyərlər tariximizə Azərbaycan Kinostudiyasının, Milli Ensiklopediyanın qurucusu, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi yazılan Rəsul Rzanın, Nigar Rəfibəylinin, Qacarlar sülaləsinə bağlı Məmmədxanlıların qanı axırdı. O, Anardı! İmzası addan, mükafatdan belə yuxarıda duran, varlığı millət üçün Tanrıdan tale payı olan Anar! 1988-ci ilin Meydan hərəkatı, 20 yanvar dəhşətləri ilə müşaiyyət olundu. Oyanışın, Qurtluşun dastanını yazan xalqın gözünü qırmaq üçün 1990-cı ilin qarlı qış gecəsində onu güllə-boran etdilər. O müdhiş günlərdə Anarın haqq səsi Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı qədər kəskin idi. Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi İlham Əliyevlə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlişi, Qorbaçov rejiminə etiraz notası ünvanlaması, SSRİ Ali Sovetinin deputatları Tofiq İsmayılovun, Midhət Abbasovun, Arif Məlikovun, Anarın etiraz çıxışları, Mixail Qarboçov əl uzadarkən “Millətimin qanına batan əli sıxa bilmərəm” - deyib, ona tarixi dərs verən, şəcərə dəftəri ilə Xurşudbanu Natəvan və Mir Teyyub ağa müqəddəsliyinə bağlı Məleykə Həşimovanın iradəsi, o ağır, dar zamanlarda, buralarda, Qafqazlarda qüdrətli bir millətin, məmlkəkətin olduğuna sübut olmaqla yanaşı, SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə yazdırılan istefa ərizəsinin “Dağlıq Qarabağ Azərbaycanın ayrlmaz tərkib hissəsidir” nidasına bağlı olduğunu təsdiq etdi. 1990-cı ilin 22 yanvarında yüz minlərlə insan Şəhidləri çiyinlərinə alıb Çəmbərəkənd də qaldırdı. Xalq bununla, bu cəsarətli addımı, tarixi qərarı ilə 1918-ci il 31 mart soyqırımı şəhidlərinin məzarı üzərində “Dostluq parkı” salan imperiyaya unuda bilməyəcəyi dərs verib yerini göstərdi.Həmin gün Bakı kəndlərində qərənfil qalmamışdı. Şəhərə qərənfil yağmışdı. Kamil Cəlilovun ifasında “Zəminxarə” səslənirdi. O gün, bir yumruq kimi birləşən xalq vardı, Çəmbərəkənd vardı, Əbədi İstiqlalın manifestini al qanı ilə yazan Şəhidlərin cənazələri vardı, Şəhidlərin kəfən yerinə geydikləri al qırmızı Qərənfillər vardı, bir də Nigar Rəfibəylinin, Pənahəli xanın son vərəsəsi, Qarabağın “Dürr-yekta”sı Xurşudbanu Natəvandan sonra bir başqa biçimdə təsvir etdiyi, təqdim etdiyi misralar vardı:
Qərənfili sevdi könlüm,
Çiçəklərin arasından.
Elə bil, iki damla qan sızır,
Ürəyimin yarısından.
“Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quranların sırasında yer alan atası Xudadat bəy Rəfibəyov Nargin adasında güllələnib şəhid ediləndə Nigarın yeddi yaşı vardı. Bir qadın, bir ana, bir nənə kimi sevincin, səadətin səltənətindən payı olsa da, onun sinəsində Qacarların, Əfşarların, Cavad xanın, Ələkbər bəyin, Cümhuriyyətin dağları vardı. Dilə gətirməsə də, üzə vurmasa da, sözə köçürürdü. Azərbaycanın rəmzlərindən biri kimi onun imzasına, möhürbəndinə çevrilən Qərənfilə könlünün sevgisi, ürəyinin parası, həm də qan axan, qaysaq tutmayan yarası kimi baxırdı.Nigar Rəfibəyli elə baxmasaydı, “Qərənfili” qələmə aldıqdan düz bir qərinə sonra duyduqları, hiss etdikləri gerçəyə çevrilməzdi. 20 yanvar dəhşətlərindən sonra Qərənfil-Şəhidlərin, Şəhidlər Əbədi İstiqlalın rəmzinə, simvoluna çevrilib. Qan yaddaşımız olub!Olmuşlara, olanlara, Qərənfil ömrünə baxmayaraq o, dünyanın ən xoşbəxt türklərindən, azərbaycanlılarından idi. “İstiqlal Bəyannaməsi”nə imza atanların sırasında Atası, Əbədi İstiqlalın Manifestini yazanların, arasında oğlu vardı: Anar! Onun anası Nigar, Atası Rəsuldu!O bütün yazılarını, şıxışlarını Oğuz xaqanın bu nidası ilə başlayar, onunla da bitirər: “Ey Türk Oğuz Bəyləri! Eşidin! Üstdən göy çökmədikçə, altdan qara torpaq dəlinmədikcə, bil ki, türk ulusu, türk törəsi pozulmaz.Su kimi axıtdığı qanına, dağlar kimi yığdığın sümüklərinə layiq ol! Ey ölümsüz Türk milləti kəndinə dön! Sən kəndinə dönəndə böyük olursan!”
Gəncə üsyanından – Gəncə qiyamına
Azərbaycan Xalq Cümhuriyyəyi Tiflisdə elan olundu.On gün sonra Gəncəyə köçürüldü. Cümhuriyyətin də, ölkənin də müqəddəsliyi ilə bağlı qərarlar məhz burada – Gəncədə alındı. Cümhuriyyət səlib yürüşünə, Qızıl Ordunun qırmızı terroruna, Bolşevik Rusiyasının hücumlarına məruz qalanda onun taleyi ilə bağlı qərar Gəncədə alındığı kimi, müqəddəratı ilə bağlı məsələlər də burada gündəmə gətirildi. Cümhuriyyət Tiflisdən Gəncəyə iyunun 16-da köçmüşdü. Onun aldığı ilk tarixi qərarların sırasında isə Gəncənin siyasi taleyi ilə bağlı qərar da vardı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən, sentyabrın 17-nə , Bakı XI Qafqaz İslam Ordusu və Milli Ordu tərəfindən işğaldan azad olunanadək dövlətin müvəqqəti paytaxtı oldu. “1920-ci il aprelin 28-də isə Gəncədə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. 1920-ci il mayın 1-də Gəncədə Sovet hakimiyyəti quruldu. 1920-ci il mayın 25-də Gəncədəki Milli qüvvələr Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başladılar. Gəncə qarnizonu komandanlarının və zabitlərin Qızıl Ordu nümayəndələri ilə əvəz olunması, 1800 nəfərlik Gəncə qarnizonun üzvləri mayın 28-dən 29-na keçən gecə üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşadığı hissəsini tutdu. Üsyanın yatırıldığı bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu. Qızıl Ordunun Gəncədə üsyanı yatırılmasında ermənilər də iştirak edirdilər.Gəncə ermənilərinin kömək göstərməsi Qızıl Ordu əsgərlərində ermənilərə rəğbət doğururdu”. Bütün bu faktlar Xudadat bəy Rəfibəyov, Firudin bəy Köçərli, Abbas bəy Rəfibəyov, Hacı Məmmədhüseyn Rəfibəyov, Məhəmməd Rəfiyev, Əyyub bəy Rəfibəyov, Abuzər bəy Rzayev, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlərin bir qisminin on minlərlə gəncəlinin iştirakı, etiraz dalğası ilə baş tutan “Gəncə üsyanı”nın təşkilatçısı, iştirakçısı kimi ya yerində güllələndi, ya Bakıya gətirilib Nargin adasında ölümün ağuşuna atıldı. Tarixin bütün dönəmlərində Gəncənin müqəddəratı ilə bağlı qərarlar Səlcuqlar, Qəznəlilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Qacarlar və Əfşarlar tərəfindən, ən çətin məqamlarda Çar Rusiyası onun xanlıq statusunu ləğv etməyə cəhd edəndə isə Gəncəli Cavad xan tərəfindən alınıb. Son ana qədər savaşan Gəncə xanı oğlu Hüseynqulu xanla birlikdə şəhid düşənə qədər qılıncını yerə qoymayıb. 1920-ci ilin Aprel istilası zamanı Cümhuriyyətin taleyi Bakıda həll olunurdu. Gəncə inqilabın əsas dayaq nöqtəsi idi.İgid, mərd, məğrur, əyilməz gəncəlilər Xasməmmədovların, Rəfibəylilərin, Şeyxzamanovların, Bəhmən Mirzə Qacarın Çar Rusiyasında müəkəmməl ali hərbi təhsil alan, general, polkovnik rütbəsinə qədər yüksələn, Qacar şahzadəsi kimi tarixdə qalan igidlərinə söykənib son ana qədər savaşdılar... Şura hökumətinin bu torpaqlarda atı 70 ilişlədi. Gəncənin adı 1935-ci ildə dəyişdirilib cəllad Sergey Mironoviç Kirovun “şərəfinə” Kirovabad qoyulsa da, 1989-cu ilin Milli Azadlıq Hərəkatından sonra onun tarixi adı yenidən bərpa edildi. 20 yanvar dəhşətləri, Heydər Əliyevsiz Azərbaycan üçün faciələri üst-üstə gətirdi. Xocalı faciəsi, Qarabağın, Şərqi Zəngəzurun işğalı, ölkəni bürüyən səfalət, vətəndaş qarşıdurması, mərkəzi hakimiyyətin zəifləməsi Gəncəni yenidən siyasi mərkəzə, hərbi münaqişənin ocağına çevirdi. Surət Hüseynovun qiyamı, dövlət çevrilişi cəhdləri hər gün işğala məruz qalan Vətən torpaqlarında faciəni dərinləşdirdi. Xalqın iradəsi isə Naxçıvandan Bakıya dönən Ulu öndər, siyasi sabitliyə nail olmaq üçün öncə Gəncəyə - Surət Hüseynovun “qərargahına” yollandı. İki tarixi şəxsiyyətin, ictimai xadimin- Aslan Abbasovun və Anarın Gəncəyə Ulu Öndərlə gəlişi artıq bütün Gəncənin mövqeyi idi.Onların hər ikisi bu müqəddəs torpaqda, bütün dövrlərdə ölkənin ikinci paytaxtı olan şəhərdə nüfuz sahibi idi. Anarın yeri, məqamı isə daha fərqli idi.Onun mənsub olduğu soyun tarixi şəxsiyyətləri Gəncənin qurucuları, xilaskarları sırasında yüz illər boyu yer almışdı. Nəninki yer almışdı, onun sarayında sultan, xan olmuşdu.Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. Təhlükəsizlik orqanlarında ən kiçik vəzifədən və rütbədən, ən ali vəzifəyə, rütbəyə qədər yüksəlmişdi. Bu məmləkətdə kimin, daha doğrusu hansı yaradıcı insanın, soyun, dəyərin nədən ibarət olduğunu yaxşı bilirdi.Anar təkcə bir yazıçı, ictimai xadim deyildi. Nigar Rəfibəyli müqəddəsliyinə, Cavad xan əzəmətinə, Ələkbər bəy, Xəlil bəy, Xudadat bəy əyilməzliyinə, Rəsul Rza müdrikliyinə bağlı tarixi şəxsiyyət idi. Səsi Qobustanın qayaüstü abidələrindən, Üzeyir bəy, Mirzə Cəlil, Hüseyn Cavid, “Dədə Qorqud” dirinliyindən gəlirdi. Qəhrəman, mərd, məğrur Gəncə tarixdəki rolunu və yerini sevdiklərinin üzü-suyu hörmətinə bir daha sərf-nəzər edib müəyyənləşdirəcək, Əbədi Xilaskarına, Qurtuluşun Memarına-Ulu Öndərə söykənəcəkdi. 1941-ci ildə Təbriz darda, intizarda, 1942-ci ildə Dərbənd imtahanda idi Tanrı polkovnik-komissar Əziz Məmmədkərim oğlu Əliyevi, göndərdi. 1993-cü ildə Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə idi Tanrı Müasir Azərbaycanın Memarını göndərdi. Əliheydər Qarayev kimi öz qılıncına doğranan Surət Hüseynova yerini göstərdi.Hər şeyin dərmanı olan zaman öz hökmünü verdi. 1994-cü ilin Oktyabr hadisələri həqiqəti üzə çıxardı. Ulu öndərin cəsarətli addımları ilə öncə “Atəşkəs”, sonra isə “Əsrin müqaviləsi” imzalandı. Lider-varis ənənəsinə söykənən Azərbaycan xalqı Ulu Öndərin diqtəsi ilə taleyini etibarlı əllərə - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tapşırdı. 2020-ci ilin 44 günlük tarixi Vətən savaşından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Qarabağda, Şərqi Zəngəzurda Qayıdışın, Dirçəlişin dastanı yazıldı. Qurucu Əzizin nəvəsi Qurucu İlham, Ulu Öndərin Xilaskar varisi Qarabağın Memarı kimi Vətən torpağına can gətirdi. Qılıncla Qələmin vəhdətində qurulan yeni dünyada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın öz yeri, məqamı oldu. “Vaqif Poeziya Günləri”, “Xarıbülbül” Musiqi Festivalı, Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu, ölkənin Birinci Vitse-prezdenti xanım Mehriban Əliyeva tərəfindən bəpra olunduğu gün xalq 1993-cü ilin Gəncə səfərini, bir də “Dədə Qorqud” filminin son səhnəsini yada saldı. “Nə edirsən belə, Çoban? Torpağı daşlardan təmizləyirik Dədə. İstəyirik buranı şumlayaq, əkək. Nə məsləhət görürsən, Dədə?məsləhətdi, Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma, tamam qırılıb qurtarmadıq. Hələ varıq. Olacağıq. Qalacağıq.Artacağıq. Oğul, atan Beyrək bu torpağı çox qoruyub, sən də bil ki, torpağın yurd, vətən olması üçün iki şərt lazımdı: biri odur ki, torpağı gərək əkib becərəsən, o birisi odur ki, torpağı gərək yağılardan qoruyasan. Əgər torpağı əkib becərmədin qorumağa dəyməz.Torpağı qoruya bilmədin əkib becərməyə dəyməz. Gəl, oğul. Qalx uca dağın başına, üç Tonqal qala. Bir tonqal qalayanda elimiz şənliyə toplaşır. İki tonqal qalayanda basqınlardan qorunmağa yığışır. Üç tonqal görəndə hamı cütlə, xışla gəlsin. Bilsinlər ki, işləməyə gəlirlər.İşimiz avand, torpaqlarımız bərəkətli olsun. Çağlayıb axan sularımız qurumasın. Qanadlarımız qırılmasın. Uca dağın ocaqları həmişə yanar olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Yazıçı insanlığı ilə başqalarlndan fərqlənməlidir - MÜSAHİBƏ
"Ədəbiyyat və incəsənət" portalı tanınmış Mərakeşli yazıçı və jurnalist Hassane Yartinin azərbaycanlı şair və ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent Təranə Turan Rəhimli ilə müsahibəsini təqdim edir.
Müsahibə Hassane Yartinin İspaniyada nəşr edilən Yazılmaz fəsil" adlı dünya yazıçıları ilə ədəbi müsahibələr kitabında yer alıb.
Qısa arayış: HASSANE YARTI İspaniyanın Barselona şəhərində yaşayıb yaradan Mərakeşli yazıçı, şair, redaktor, tərcüməçi və qrafik dizaynerdir. O, dilçilik və tərcümə üzrə doktorluq dərəcəsi almışdır. Birləşmiş Millətlər Təşkilatının Nəzdində Qadınlar Assosiasiyasının fəxri müşaviri vəzifəsində çalışır, BiMT-yə bağlı Ümumdünya İncəsənət və Ədəbiyyat İttifaqının (UN-IFAL) qlobal səfiridir. Ədəbiyyat və mədəniyyətə verdiyi mühüm töhfələrə görə beynəlxalq ədəbi mühitin ən tanınan imzalarından biri kimi məşhurdur. Ərəb Yazıçılar Birliyi, Ərəb Elitası Poeziya və Ədəbiyyat Birliyi kimi mötəbər təşkilatların üzvü olması onun ədəbi ictimaiyyətdəki nüfuzundan xəbər verir.
H.Y: Başlanğıc üçün oxucularımıza özünüzü necə təqdim edərdiniz?
- Mən iki fərqli qütbün - Şərqlə Qərbin mədəniyyətini mükəmməl bir şəkildə özündə birləşdirən bir ölkənin - Azərbaycanın şairi, yazıçısı, ədəbiyyatşünas alimi, pedaqoquyam. Ruhumla vətəninə, mənsub olduğum türk soyuna çox bağlı olsam da bütün bəşəriyyətə, insanlığa sevgi duyuram.
H.Y: Yazıçı, və insan... müqayisəsi aparmaq olarmı?
- İnsan yer üzünün əşrəfidir, hər cür müqayisədə üstünlük onundur. Allahın ən mükəmməl yaratdığı varlıq kimi, təfəkkür sahibi kimi... İnsan kamilliyin ən yüksək məqamına çatmaq qabiliyyətinə malik yaradılıb. Şairlik, yazıçılıq isə insana verilən xüsusi bir istedaddır, Allah tərəfindən seçilmək, fərqləndirilməkdir. Azərbaycanın böyük şairləri Nizami Gəncəvinin, Məhəmməd Fuzilinin, İmadəddin Nəsiminin sənəti, Lev Tolstoyun, Viktor Hüqonun, Teodor Drayzerin, Ernest Heminqueyin timsalında... dünyanın bütün böyük yazıçılarının yaradıcılığı isbatlayır ki, yazıçılıq Allahdan gələn bir lütfdür, bacarıqdır. Təbi ki, söhbət əsil yazıçı istedadından gedir. Və mənim düşüncəmə görə, yazıçı insanlığı ilə də başqalarından ciddi surətdə fərqlənməlidir, şair, yazıçı çox yüksək səviyyədə insansevər olmalıdır, yoxsa yazdıqlarına heç kimi inandıra bilməz.
H.Y: İlk yazınızdan danışmağınızı istərdik. Bu ilk qığılcım necə alovlandı və yanmağa davam etdi?
- Mən uşaqlıq illərindən, kiçik məktəb yaşlarından şeirlər yazmağa başlamışam. Daha sonra məqalə, hekayə və s. janrlara da keçid etdim. Amma şeir - əbədi sevgimdir. İİlk dəfə dostlarıma oxuduğum, sinif yoldaşlarımın xatirə dəftərinə yazdığım şeir belə adlanırdı: "Dünya, hələ sənə bələd deyiləm." Həmin şeiri 13-14 yaşlarımda yazmışdım və ona qədərki cızma-qaralar demək olar ki, yadımda qalmayıb. Bu şeir dünyanı tanımayan, onun sirlərini öyrənmək, bilmək istəyən, bu haqda çox düşünən və həyəcanlanan bir yeniyetmə qızın düşüncələrindən ibarət idi. Görünür məktəbimizdə şagirdlərin, hətta müəllimlərimin bu ilk təcrübəmi şeir hesab etməsi məni özümü kəşf etməyə sövq etdi. Onsuz da ədəbiyyatsevər kimi, bədii qiraəti ilə seçilən şagird kimi məktəbimizdə diqqət mərkəzində idim. Məktəbimizin direktoru Fikrət Hacıyev mənə böyük rəğbət bəsləyirdi, bütün tədbirlərdə mənim şeir ifamı eşitmək istəyirdi. Şeir yazdığımı biləndə isə mənə olan inamı daha da artdı. Beləliklə, elə məktəb illərində qəzetlərə məqalələr də yazdım, orada da yazılarımı bəyəndilər, nəşr etdilər, hətta qonorar da verdilər. Zamanla özüm də hiss etmədən ədəbiyyat mənim həyatımın mənasına çevrildi. Və məktəbi bitirib universitetə qəbul üçün ixtisas seçimi edəndə filologiya fakültəsini seçdim.
H.Y: Yazanda oxucunu düşünürsünüzmü? Yazdıqlarınızı hansı qəbildən oxucunun izləməsini istərdiniz?
- Yaradıcılıq prosesində heç vaxt oxucu haqqında düşünmürəm. Yalnız üzərində işlədiyim yazının sehrinə qapılıram. Bütün varlığımla, düşüncəmlə, qəlbimlə və diqqətimlə sözlərin mahiyyətinə dalıram. Yazı prosesi başa çatandan sonra isə qeyri-ixtiyari oxucunun obrazı gözlərim önündə canlanır. Özümü tam qane etməyən yazını oxucunun da bəyənməyəcəyini düşünürəm. Amma bəzən bunun əksi də baş verə bilir. Bəzi yazıçılar deyir ki, əsərlərimi yüksək intellektli beş-on nəfər oxusa yetərlidir. Amma mən belə bir məntiqdən uzağam. Düşünürəm ki, əsərlərimi müxtəlif dünyagörüşlü, fərqli mədəniyyətlərə, fərdi düşüncə tərzinə malik hər çeşid oxucunun oxuması daha böyük avantajdır. Axı yazıçının oxucu seçimi etmək kimi bir səlahiyyəti də yoxdur. Adətən oxucu yazıçısını, oxuyacağı əsəri seçir, yazıçı və ya əsər oxucunu deyil. Əsərlərimizi oxuyan şair dostlarımızın düşüncələri, tənqidçi fikri, və ya ədəbiyyatın incəliklərindən xəbərsiz bir oxucu rəyi bir-birindən fərqli olur. Mən bu müxtəlifliyi sevirəm, bu fərqli təsirlənmələr məni yeni əsərlər yazmağa ruhlandırır.
H.Y: Yazmağa can atırsınız, yoxsa sözlər özü sizə gəlir?
- Müxtəlif ölkələrin mətbuatı üçün verdiyim müsahibələrdə bu haqda danışmışam. Yazı mənimçün olduqca təbii bir prosesdir. Heç vaxt nəsə yazmaq üçün özümü məcbur etməmişəm, buna can atmamışam. Amma sözlərin məni məcbur etdiyi vaxt mütləq yazmalı olmuşam. Bəzən gündüzdən fikrimə ilişib qalan bir misra gecəyarı beynimi cırmaqlayıb məni yuxudan oyadır, oyansam da yataqdan qalxıb yazı masasına keçmək istəmirəm, tərəddüd edirəm. Amma o misra da israrla əl çəkmir, beləcə misraların davamı gəlir və o gecə bir şeir doğulur. Və yaxud təbiət qoynunda istirahət etdiyim bir vaxtda hansısa cümlə və ya misra məni dincəlməyə qoymur, o qədər narahat edir ki, yazmalı oluram. Əlbəttə, eımi tədqiqatlarım üçün eyni fikri söyləyə bilməyəcəyəm. Amma orada da ilhama ehtiyac olur.
H.Y: Dili necə ram edirsiniz ki, həm şeirə, həm də nəsrə yönəldirsiniz?
- Şeirə, nəsrə, elmi tədqiqata və publisistik yazılara... Məncə, bu xüsusi bir istedad tələb etmir. Sadəcə onu da unutmaq olmaz ki, belə məqamlarda yazıçı istedadı təkbaşına yetərli olmur. Yazıçı ola bilmək üçün də,, yazı vərdişini inkişaf etdirmək üçün də çoxlu mütaliə etmək lazımdır. Söz bazasını dayanmadan artırmaq, çeşidli bədii düşüncə örnəkləri ilə tanış olmaq vacibdir. Bir sitatı xatırladım. Azərbaycanın böyük yazıçısı, XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə İbrahimov gəncliyində böyük tənqidçi Əli Nazimin yanına gəlir. Tənqidçidən soruşur ki, mən yazıçı olmaq üçün nə etməliyəm? Əli Nazim dərhal cavab verir ki, "get, Lev Tolstoyu oxu". Yəni, mütləq böyük yazıçıların şedevr əsərlərini oxumaq lazımdır. Çox oxumadan yaxşı yazmaq, fərqli janrlara keçid etmək mümkün deyil.
H.Y: İlk kitab həmişə özəldir... təbii bir sual yaranır: Sizə onu yazmaq üçün nə ilham verdi?
- İlk kitab ilk övlad qədər qeyri-adi dərəcədə sehrlidir... Daha əvvəl qeyd etdim ki uşaq yaşlardan şeir yazmışam. Amma nədənsə şeir kitabımı nəşr etdirməyə tələsməmişəm. Buna görə də ilk kitabım bədii yox, elmi yaradıcılığımla bağlı oldu. Azərbaycanın böyük ədəbiyyatşünas alimi akademik Kamal Talıbzadə haqqında monoqrafiyam - ilk kitabım 2002-ci ildə nəşr olundu. Bu əsər mənim elmi karyeramda ilk addımım idi. Daha sonra ilk şeirlər kitabım 2007-ci ildə nəşr edildi. O yaşa qədər yazdığım şeirlərdən seçmələr "Dərdin pıçıltısı" adlı ilk şeirlər kitabımda toplanmışdı. Sualln ikknci qisminə gəlincə, bütövlükdə o kitabdakı hər bir şeirin ayrıca ilham mənbəyi vardı.
H.Y: Ədəbi tənqid yaradıcılığınıza qarşı ədalətli olubmu?
- - Mən şeirlərimi ilk dəfə qəzet redaksiyasına təqdim etdiyim vaxtdan ölkəmin görkəmli söz ustaları Hüseyn Arif, Nüsrət Kəsəmənli, Kamal Talıbzadə, Akif Səməd, Cavad Cavadlı, Oqtay Rza, Firuzə Məmmədli və başqaları yaradıcılığıma diqqət yetiriblər. Əvvəlcə şairlər, jurnalistlər, daha sonra isə tənqidçilər... İlk şeirlər kitabım çap olunanda tənqidçilərin, ədəbiyyatşünas alimlərin yazdığı çoxsaylı məqalələrdəki rəğbət və inam, şeirlərimə verdikləri yüksək qiymət məni daha məsuliyyətli işləməyə vadar etdi. Azərbaycanlı professorlar - Abbas Hacıyev, Əzizxan Tanrıverdi, Təyyar Salamoğlu, . Xalq şairi və ədəbiyyatşünas alim Balaş Azəroğlu, Dr. Mahrux Dövlətzadə, Dr.Leyla Faiqqızı, Dr.Səkinə Bayramova, Türkiyəli ədəbiyyatşünaslar Dosent Doktor Minara Aliyeva , Dr. Mehmet Yardımçı, Feyyaz Sağlam, İtalyan tənqidçiləri Sergio Kamellini, Domeniko Pisana, Renzo Montaqnoli, Meksikalı tənqidçi Fransisko Javier Davila, Vyetnamlı şair, araşdırmaçı May Van Fan, Bangladeşli şair Roopom Raşid, Hindistanlı araşdlrmaçı Çita Mandal, Albaniyalı şair Mehmet Rrema, Özbəkistanlı şair Cahongir Nomozov,... və bu, hamısı deyil. Həmin hörmətli ədəbiyyat adamları öz ölkəsində, bir qismi isə həm də beynəlxalq ədəbi mühirdə tanınmış imza sahibləridir. Monoqrafiyalarım haqqında da çox yazılıb. Ədalətsizlik olmasın deyə o adlardan da bir neçəsini qeyd etməyi özümə borc bilirəm: professorlar Himalay Qasımov, Elman Quliyev, Millət vəkili, dosent Elnarə Akimova, dosent Sakibə Ələsgərova, Dr.Vasif Novruzov... ümumən bu yazıları kitab halında toplayıb nəşr etdirməyi düşünürəm, haqqımda iki kitab həcmində məqalələr yazılıb. 20-dən çox ölkənin şair, jurnalist və tənqidçilərinə verdiyim müsahibələr də yaradıcılığıma qarşı diqqət kimi çox önəmlidir. Bu müsahibələrdən Azərbaycanda Vahid Aslan, Nadir Yalçın, Ramilə Qardaşxanlı, Ülviyyə Əbülfəzqızı, Eltun Şükür Abuşov, Yunanıstanda Eva Petropoulou Lianou, ABŞ.-da Nilavro Nill Shoovro, Tamikio L.Dooley, Serbiyada Valentina Novkoviç, Albaniyada Angela Kosta, Özbəkistamda Cahongir Nomozov və b. müsahibələrini xüsusi qeyd etmək istəyirəm. Əlbəttə, yenə də bütün adları sadalaya bilmədim. Göründüyü kimi, təkcə öz vətənimdə yox, dünya miqyasında tənqidin yaradıcılığıma münasibətindən razıyam.
H.Y: Ölkənizdəki hazırkı ədəbi səhnəni necə qiymətləndirirsiniz?
- Ölkəmdə ədəbi inkişafın hər bir sahəsində böyük uğurlar var. Lakin poeziyanın uğurlarını xüsusi qeyd etmək istəyirəm. Bu sahədə ədəbiyyatımızın dünya çapında nailiyyətləri danılmazdır. Texnologiyalar əsri teatra olan marağı xeyli azaltsa da, dramaturgiya sahəsində də ciddi işlər var. Azərbaycanın torpaqları 2020-ci ildə 30 illik işğaldan azad olundu və ondan sonra həm poeziya, nəsr, həm də dramaturgiya sahəsində yeni məzmunlu əsərlər yazıldı. Hesab edirəm ki, daha böyük uğurlarımız hələ qarşıdadır.
H.Y: Qarşıdakı ədəbi layihələrinizlə, planlarla bağlı hər hansı ipucu verə bilərsinizmi?
- Əslində görülməmiş işlərdən danışmağı sevmirəm. Amma hər zaman sabah üçün planlarım var, layihələr üzərində işləyirəm. İpucu kimi deyə bilərəm ki, haqqımda yazılan iki kitab, mənim yazdığım dörd kitab oxucularla görüş üçün yola çıxıb. Bir də ədəbi əlaqələr sahəsi ilə bağlı bir sıra işlər görməyə, kitablar tərtib etməyə başlamışam.
H.Y: Son sözünüz....
- Maraqlı suallarınız üçün çox təşəkkür edirəm. Çağdaş dünya ədəbiyyatı ilə bağlı yazılarınızı, müsahibələrinizi həmişə maraqla oxuyuram, ümid edirəm ki, mənimlə müsahibəniz də eyni maraqla qarşılanar. Və son sözüm: "Qoy, heç vaxt bu son olmasın!"
H.Y: Gözəl söhbət üçün mən təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)