
Super User
Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir.
Nazirlikdən AzərTAC-a bildirilib ki, attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.
Bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
Fazil Mustafa Vaqif Aslanı təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim - Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının sədri, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslanı 75 illik yubileyi ilə bağlı təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə yubilyarın Azərbaycan ictimai, elmi, ədəbi-mədəni mühitindəki seçilən mövqeyinə, milli-mənəvi düşüncəyə bağlılığına, yüksək poetik duyumuna diqqət yetirilib:
“Hörmətli Vaqif müəllim,
Sizi – Azərbaycan ədəbi-mədəni, ictimai mühitində öz dəst-xətti, milli-mənəvi düşüncəyə bağlılığı, yüksək poetik duyumu və elmi mövqeyi ilə seçilən qələm sahibini qarşıdan gələn 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Yaradıcılığınızda milli-mənəvi dəyərlərimizin poetik əksi, elmi-pedaqoji fəaliyyətinizdə isə etnoqrafik yaddaşımızın, türkologiyanın dərin qatlarına nüfuz edən tədqiqatçı təfəkkürü müstəsna yer tutur. Siz nəinki çağdaş poeziyamızın dəyərli imzalarından birisiniz, həm də klassiklərlə polemikaya girə bilən düşüncə və ifadə gücünə sahib ədəbi şəxsiyyətlərimizdənsiniz. Vətənə, dilə, milli kökə bağlılığınız, bədii və elmi sözə göstərdiyiniz həssaslıq gənc nəslə bir örnək kimi dəyərlidir.
Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının rəhbəri olaraq, bölgənin ədəbi mühitinin canlanması, istedadların üzə çıxarılması, sözə və sənətə sayğı duyulan bir atmosferin formalaşması yönündə göstərdiyiniz xidmətlər təqdirəlayiqdir.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda, ictimai, pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Gəlmədi”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
NİGAR RƏFİBƏYLİ
GƏLMƏDİ
Gəlmədi, ilk dəfə pozdu vədini,
Könül, nə deyirsən sən bu işə, nə?
Çox imtahan etdi, heç inanmadı,
Eşqin yollarında yorğun düşənə.
Gəlmədi, bir sadə təsadüf deyil,
Bir uğursuz niyyət saxladı onu.
Xəyal dünyasından ceyran baxışlı
Görən bir afətmi kəsdi yolunu?!
Axıtdım sel kimi mən göz yaşımı...
Gəlmədi... nə ağır oldu bu kəlmə.
Əyilmiş görməmək üçün başımı
Səadət də olsan, bir daha gəlmə!
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
Çoxmu kinoşünas tanıyırsınız? - KİNOMAN ŞƏHLA ƏMİRLİ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kinoşünası Şəhla Əmirli barədə danışacağıq.Bu gün onun doğum günüdür.
Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib.
Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub.
2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-media" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub.
2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
"Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi" - onun qələminin məhsuludur.
Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları — Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
PORTAL AKADEMİYASINDA - Liderlik nədir?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Liderlik nədir?
Bəşər tarixindəki liderlər, beynəlxalq təşkilatların liderləri, ölkələrin liderləri, idarə və müəssisələrin liderləri, partiyaların liderləri, dini qurumların liderləri, idmanda komanda liderləri, media liderləri, incəsənətdə truppa, ansambl liderləri və s. və i.
Bizim qulaqlarımız «lider» kəlməsini addımbaşı eşitməyə alışıb. Bəs nədir bu liderlik? Liderliyin ən bəsit tərifi budur ki, liderlik – qrupda işin təşkilinin elə bir prosesidir ki, bu prosesdə hamının qulaq asdığı, hamının etibar etdiyi şəxs lider kimi çıxış edə bilir. Amma məsələnin mürəkkəb tərəfi də var: «Hamının qulaq asdığı şəxs», «hamının etibar etdiyi şəxs» statusunu necə qazanmaq olar? Bu statusu qazanmaq yolu necədir?
«Liderlik» anlayışı «uğurqazanma» anlayışının həmişə məntiqi davamı hesab olunur. Yəqin ki, yalnız həyatda müəyyən dərəcədə uğur qazana bilən insanlar lider olurlar. Amma bir məsələ də var ki, hər bir uğur qazanan insan da lider ola bilmir. Yəni, qazanılan keyfiyyətlər və vurulan hədəflər həmişə lider olmaq zərurətinə gətirib çıxarmır. Bu mənada, «lider» anlayışı «uğurlu insan» anlayışından daha mükəmməl anlayışdır. «Uğurlu insan» çoxluq təşkil edə bilər, ancaq «lider» məhdud sayda olur.
Adətən, liderlər 2 cür olur: formal və qeyri-formal. Burada birincilər təyin olunurlar, ikinciləri isə qruplar seçir.
Liderlik təlimləri, konsepsiyaları öz əsaslarını XX əsrin əvvəllərindən götürür, növbəti hissədə mən bu barədə ətraflı danışacağam. Hələlik isə onu söyləmək istəyirəm ki, XX əsrin əvvəllərində tədqiqatçılar bəşər tarixini dəyişən ən böyük dühaların, ən böyük liderlərin həyatlarını tədqiq edərək onların ümumi aparıcı xüsusiyyətlərini (məsələn, məqsədyönlülük, qətiyyət, səbirlilik, dözümlülük, güclü iradə, yaxşı hafizə, inandıra bilmək bacarığı, natiqlik istedadı, intellektuallıq, qılığa girmək məharəti, bir qədər hiyləgərlik, lazım olanda sərtlik və s. və i.) müəyyənləşdirməklə «Dahi insanların təlimi»ni yaratmışlar. Ancaq liderliyi liderin şəxsi keyfiyyətlərində axtaran bu təlim uğursuzluğa məruz qalmışdır, belə ki, liderin ümumi portretini yaratmaq mümkün olmamışdır, bu və ya digər liderlərdən hər hansı birinin spesifik aparıcı xüsusiyyətləri digərlərində eyni ilə olmamışdır. Üstəlik, bir liderin digərlərindən daban dabana zidd özəl xüsusiyyətləri də bu ümumiləşməyə mane olmuşdur.
Bax bundan sonra «liderlik» anlayışının konkret şəraitdən doğması tezisi ilə barışmışlar. Zaman, məkan, iqtisadi və siyasi vəziyyət kimi faktorların «liderin» yaranması prosesindəki həlledici rolu fikir süzgəcinə düşmüşdür.
Və bu həlledici rol oynayan faktorlar bir lideri eyni zamanda həm ucaltmağa, şəninə alqışlar dedirtməyə xidmət etmişdir, həm də yeri gələndə, onu kürsüdən aşağı yuvarlatmış, çirkaba batırmışdır. Bu səbəbdən, liderlik şərəfli olduğu qədər də riskli, təhlükəli bir missiya hesab oluna bilər.
«Liderlik» sahəsindəki tədqiqatların növbəti mərhələsi isə liderliyin sistemlilik nəzəriyyəsi olmuşdur. Burada artıq həm şəxsi keyfiyyətlər, həm şərait anlayışının liderliyin mahiyyətini açmağa tam müvəffəq ola bilməməsi təsdiqlənmiş, lider olmağın qrupdan, əhatədəki insanlardan bilavasitə asılılığı üzə çıxarılmışdır. Burada liderlik və lider qrup dinamikası çərçivəsində nəzərdən keçirilmiş, qrup bir sistem – liderlik isə bu sistemdə münasibətlərin təşkilatçısı hesab edilmişdir.
Sosialist sisteminin dünya üzrə demək olar ki, bütün tanınmış liderlərinin Vladimir Lenindən, İosif Stalindən tutmuş Fidel Kastroya, Mao Tze Duna qədər hamısı tarixin ayrı-ayrı dönəmlərində müxtəlif zitddiyyətli qiymətlər almışlar. Bir tərəfdən onlar işıqlı cəmiyyət qurucuları, digər tərəfdən ən qatı diktatorlar hesab olunmuşlar, bu da onların münasibətlər təşkilatçısı olduqları qrup sisteminin ikili xarakterindən irəli gəlib.
Oxucularıma mən cəmi bircə misal çəkmək istəyəcəyəm. Ötən əsrin 30-40-cı illəri Sovet imperiyası tarixinin ən acınacaqlı, ən qara illəri hesab olunur. İosif Stalinin rəhbərliyi dövrünə təsadüf edən və stalinizm repressiyaları adını almış, insanların, əsasən, ziyalıların xalq düşməni damğası vurularaq güllələnməsi, həbs edilməsi, sürgün olunması ilə təşəkkül tapan bir prsesdə milyonlarla insan hədəf olmuşdu. Təsəvvür edin ki, təkcə tarixə «böyük terror illəri» kimi düşən 1937-38-ci illərdə SSRİ-də 681692 nəfər güllələnmişdir.
Bu terrordan mənim xalqım da böyük əziyyət çəkmiş, çoxsaylı qurbanlar vermişdir. Xalqın qaymağı məhv edilmişdir. Bura həm dövlət xadimləri, ictimai xadimlər, həm alimlər, pedaqoqlar, həm ədəbiyyat, incəsənət xadimləri daxildir. Haqlarında ayrıca danışmaq mümkün olmasa da mən onlardan bir neçəsinin adını mütləq çəkəcəyəm: Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ruhulla Axundov, Salman Mümtaz...
Həmin dövrdə Azərbaycana əslən Qubadan olan Mircəfər Bağırov rəhbərlik edirdi. Və sonradan bütün bu qanlı terrorun müəllifi olaraq tarixə məhz bu şəxsin adı düşdü, yeni gələn nəsillər onu lənətlədilər.
Liderliyin riski və təhlükəsi barədə danışmışdım öncə, bünü öz üzərində hiss etməyin ən bariz nümunəsi Mir Cəfər Bağırov sayıla bilər. Təsəvvür edin ki, digər qonşu Qafqaz Respublikaları Gürcüstan və Ermənistandan fərqli olaraq SSRİ rəhbərliyi Azərbaycana o dövrdə etimad göstərmişdi, bu respublikaya yerli insanı rəhbər təyin etmirdilər. Ona görə də, şəxsi keyfiyyətləri, siyasi liderlik plyusları hesabına bu posta yiyələnməyə müvəffəq olan Mir Cəfər Bağırov çox böyük təzyiq altında çalışmağa məhkum idi. Üstəlik, repressiyaların rejissoru SSRİ rəhbərliyi idi, o isə sadəcə icraçı rolundaydı. Bununla belə, xalqına sevgisini bu lider bir neçə olduqca tanınmış ziyalını həbsdən qurtarmaqla, respublikanın iqtisadiyyatına hədsiz xeyir verən çox vacib qərar və direktivlərlə hər halda göstərə bilmişdi, tarix gərək bunu unutmasın. Və bir də, mən əvvəlki hissələrdə Azərbaycanın XIX əsrdə Rusiya imperiyası və İran şahlığı arasında ikiyə bölünməsi barədə sizə danışmışdım. Azərbaycan xalqının iki ən böyük yarası var, bunlardan birincisi, şübhəsiz bu ikiyə bölünmədir (İkincisi isə Dağlıq Qarabağın işğalı). Bax həmin Mircəfər Bağırov 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında hərəkat yaradaraq qısa müddətdə İranın tərkibində Azərbaycan Demokratik Respublikasını qurmağa müvəffəq oldu. Əfsus ki, SSRİ rəhbərliyindən – Stalindən lazımi dəstək ala bilməyərək, BMT-dən xeyir-dua ala bilməyərək Mircəfər Bağırov öz böyük ideyasını sonadək həyata keçirə bilmədi. Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə İran 1946-cı ilin aprelində Cənubi Azərbaycana 20 diviziya yeridərək Azərbaycan hökumətini devirdi.
Bax budur böyük liderliyin taleyi. Və bu tale, həmişə yeni dövrün, yeni liderlərin, yeni tarixçilərin baxış bucağından asılı olur. Bayaq qeyd etdiyim kimi, istəsələr səni zirvəyə ucaldır, istəsələr isə çirkaba bulayırlar.
Biz liderlik təlimlərinə ümumilikdə toxunduq, növbəti hissələrdə onlar barədə konkret olaraq da danışacağıq. Hələlik isə mütləq onu da qeyd etmək istəyirəm ki, mənim liderlik anlayışına fərqli bir baxış bucağım da var. Düzdür, liderlik üçün müəyyən şəxsi xüsusiyyətlər lazımdır, düzdür, liderlik üçün şərait anlayışının böyük əhəmiyyəti var, düzdür, liderlik üçün qrup, komanda həlledici mahiyyət daşıyır. Amma, məncə, heç bir lider sonradan liderə çevrilmir, lider kimi doğulmaq lazımdır. Elə liderliyə xas intuisiya qabiliyyətini götürək. Bir şeyi intuitiv hiss etmək fitri istedaddır, əksərən, insan ona doğuluşdan malik olur. Məncə, liderlik daha çox bioloji xüsusiyyətdir, insanda anadangəlmə olur. Sonradan bu anadangəlmə xüsusiyyət liderlik konsepsiyasına aid olan yuxarıda sadaladıqlarımız şəxsi xüsusiyyətlərlə, şərait və sistemlilik faktorları ilə birləşəndə, yəni istedad toxumu sağlam və münbit torpağa düşəndə cücərir, liderlər yaranırlar.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
BİRİ İKİSİNDƏ – İsa Zakriyevin qısa hekayələri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tərcümə saatıdır, sizlərə İsa Zakriyevdən çeçen ədəbiyyatı nümunələri təqdim ediləcək.
İsa Zakriyev (1968) çağdaş Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, jurnalist və redaktordur.
1968-ci ildə Çeçenistanın Urus-Martan rayonunun Komsomolsk (indiki Qoy-Çu) kəndində doğulub. 1992-ci ildə Çeçen Dövlət Pedaqoji Universitetini, 2007-ci ildə Rostov İqtisadiyyat Universitetini bitirib. “Paytaxt nyuz” müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. 2004-cü ildən Rusiya Jurnalistlər İttifaqının, 2019-cu ildən isə Rusiya Yazıçılar İttifaqının üzvüdür. Rus və çeçen dillərində yazır. “Luisanna”, “Hər vahə ilğım deyil”, “Əsas məsələ barədə xülasə” adlı hekayə kitablarının müəllifidir.
İsa ZAKRİYEV
(Çeçenistan)
QISA HEKAYƏLƏR
Seyfəddin Hüseynlinin tərcüməsində
Evimin ruhu
Elə ilk fürsətdə evimin xarabalığını ziyarət elədim. Onu başqa xarabalıqlar arasında axtarıb tapdım, partlayışın vurub üzə çıxardığı iri beton bünövrə qalığının yanında oturdum.
Məndən üz çevirib o. Yaman yaralı, səksəkəlidir, yaşadığı dəhşət üzündən tamam başını itirib evimin ruhu.
– Bağışla. Əlimdən heç nə gəlmədi.
– Ehtiyac yoxdur, mən hər şeyi anlayıram.
– Yadındadırmı, nə minvalla tikib-qurmuşduq?! Qonşular palçıq tutmağa kömək eləmişdilər, sonra ondan çiy kərpic kəsmişdik. Xalam pəncərələr vermişdi, atam isə dam üçün ləvazimat.
– Hə, yadımdadır. Xoş çağlar idi. Amma güllələr, qəlpələr aman vermədi. Cəhənnəm atəşi ilə cismimi dəldilər, odlu deşiklər açdılar məndə. Mebellər əbəs yerə divarlarımın arxasında gizlənməyə çalışırdı. Qırıcıların uğultusundan, bombaların vıyıltısından, şaqqıltısından dəli olmuşdum. Siçovullar da tərk etdilər məni. Başqa bir yerdə, sizin yanınızda olmağı elə istəyirdim ki... Bilirsənmi, qan çox pis iy verir, ən çox da yananda. Sonra isə insan qalıqları çürüyür və sən bu üfunətdən boğulursan. Axırda da tank sürünüb gəlir, zirzəminin pəncərəsinə yoxlama atəşi açır, bünövrə büsbütün dağılır, içindəki armaturlar tükürpədici fəryadla sınır. Kimsə də imdada yetmir...
Biz yenidən susduq, bir-birimizi dəlicəsinə sevdiyimiz, xoşbəxt olduğumuz o çağlara daldıq.
– Mən səni dirçəldərəm, – birtəhər bəraət qazanmağa çalışdım.
– Necə? Məndən bir şey qalmayıb ki: bünövrəm ovulub, çınqıla dönüb, kərpiclərim ütülüb-qaralıb, ya da ora-bura səpələnib, ağac millərim külə dönüb. Sənə başqa – yeni bir ev gərəkdir.
– Yenisi yox, sən lazımsan mənə.
– Yox. Mən o dəhşəti xatırlamaq, gecənin yarısı, zəlzələymiş kimi, titrəyib səni, uşaqlarını qorxutmaq istəmirəm... Yeri gəlmişkən, uşaqlarının günü necə keçir orada?
– Səndən ötrü darıxırlar.
– Xatırlayırlar ki məni? Siz davaya görə qaçıb gedəndə uşaqlar hələ körpəydilər.
– Onlar bilirlər axı insanın öz evi olmalıdır, o evin də öz ruhu.
–Mən yenə sizin ev olmağa çox sevinərdim. Ancaq belə də yaşaya bilmərəm, taqətim qalmayıb.Üzrlü say, ən rahatı budur ki, müharibənin əzib toza döndərdiyi evlərin ruhu ilə birgə mən də çəkilib gedim.Sənin başqa bir evin olar, onun da yeni, təravətli ruhu. Mən isə ölümünə yorulmuşam. Ləngidim ki, səninlə vidalaşım.Ömrünüz xoş keçsin!..
...Evimin dağıntıları arasından qəfil bir ağ kəpənək pərvazlandı, ahəstəcə qanad çalıb viranə kəndin qərq olduğu sükutda gözdən itdi.
Yandan çəkilmiş şəkil
Hərbi fotomüxbir çantadan ehtiyatla çıxartdığı üçayağı səngər böyründə quraşdırdı. Fotoaparatını da çıxardıb ştativə qondardı, şəkil çəkməyə hazır durdu.
– Hə, çavuş Atabiyev, hazırsan?
– Elədir ki var! – qamətini dartıb farağat vəziyyəti almış çavuş cavab verdi.
–Belə... sən... bura, obyektivə bax.Nə gözünü yerə dikmisən?
– Hara baxım? Cəld ol görüm, bu dəqiqə faşist təyyarələri gəlib bomba yağdıracaqlar...
– Budur ha, bu şüşəyə bax, – mavi gözlü kürən fotoqraf aparatın obyektivini çırtmaladı.
– Hara baxmağın nə fərqi? Tez elə, çək.
–Qulaq as, noxçi (çeçen – tərc.).Sən qəhrəmansan, keçən döyüşdə üç tank vurmusan, alman zabitini əsir götürmüsən. Belədir?
– Belədir.
– Biz sənin haqqında məqalə yazıb qəzetdə yayacağıq. Səni bütün ölkə tanıyacaq. Başa düşürsən?
– Yaxşı başa düşürəm. Buna görə də dik baxmaq istəmirəm.
– Niyə?
– Bax sən bu fotodan mənə də verəcəksənmi?
– Verəcəyəm, – fotomüxbirin səbri tükənirdi.
– Mən onu evə göndərəcəyəm. Evdə atam baxacaq. Necə yəni, mən onun gözlərinə dik baxmalıyam?
– Sən ki cəsur döyüşçüsən! İstənilən adamın gözlərinə dik baxa bilərsən!
– Bircə atamın yox! Heç vaxt onun gözlərinə dik baxmamışam, bu mənə yaraşmaz da. Birdən düşünər ki, lovğalanıram, ya da gözlərimdə dikbaşlıq işartısı görər.
Hərbi fotomüxbirin əlindəki siqaret söndü. Cəbhədə kimisə nə iləsə təəccübləndirmək çətindir...
– Uzaqlara bax, noxçi, düşmənlər tərəfə: sən öz atanın da naminə onlara qalib gələcəksən!
Ana
Məlumdur, xaos müharibənin yalnız lap əvvəlində olur. Bir müddət sonra batini dünyamız, zərrəcikləri sürətləndirib toqquşduran qurğudakı kimi, dəlicəsinə hərəkətlənir və müharibənin qarşısıalınmaz, çılğın axarına qapılır.
Hər şey darmadağın olur. Uçulub-tökülən hər divarla, kösövə dönən hər ağacla birlikdə xeyirdən, ədalətdən, aydın zəkadan, mərhəmətdən uzaqlaşırıq. Alışdığımız məntiq “ispan çəkməsi”ndəki sümüklər kimi qırılıb-ovxalanır, dağıntıların, yaxud meyitlərin altında gömülüb qalır. Dərimiz su istəmir, his və palçığa bürünüb gizlənməyi üstün tutur. Qulaqlarımız hansısa güllə ilə mərminin vıyıltısını dəqiq seçir, amma qarğa qarıltısını sağsağan qaqqıltısından ayıra bilmir.
...Onlar “Minutka”dakı yarıuçuq bir “xruşovka”nın zirzəmisində oturmuşdular: əyinlərində sırıqlı gödəkcə-şalvar olan üç cavan. Hərəsi bir küncdə “AK”sını (Kalaşnikov avtomatı – tərc.) bağrına basmışdı, gurultular altında öz aləminə dalıb özündə “özü”nü arayırdı.
– Elə bilirsiniz, qorxdum? – birisi qışqırdı. – Dönük çıxdım yəni?
– Bildiyimiz budur ki, dostumuzun cəsədini götürə bilmədik. Sən onun lap yaxınındaydın. Və o səni qorumuşdu...
– Snayper oranı vururdu, məni dəqiq aşıracaqdı, – sırıqlısının qolundakı güllə yerini göstərdi.
Yoldaşları baxmadılar.
– Anam xəstədir mənim, ölüm ayağındadır... – o yenə qışqırdı.
– Biz döyüşməyə gələndən hamımızın anası ölüm ayağındadır, – qışqırıqla da cavab verildi.
Bunu eşidəndə yeyin addımlarla zirzəmidən çıxdı, güllələr və qəlpələr yağan gecənin qoynunda gözdən itdi.
Qalan ikisi müharibənin cəhənnəmi andıran hay-küyü altında susub oturdu.
Gedən oğlan ertəsi gecə qayıtdı, dünən həlak olmuş yoldaşını da dartıb gətirdi. Onunla birgə özü də döşəməyə sərələndi.
– Anam bu gün danüzü öldü. Mən onunla vildalaşıb “Yasin” oxuya bildim. Anamdan əvvəl bu həyatdan getmək istəmirdim, o buna dözməzdi...
Qanlı öskürək nitqini qırdı.
–Həmin snayper... tutuzdurdu, axır ki...
Dostlarının daşa dönmüş qəlblərinin lap dibində gizlənib qalan yaşlar gözlərindən süzüldü.
Həsənin oğlu
Baharda, təbiət oyanıb çiçəkləmiş alçaların bəyaz qırçınlı ləçəklərini oynadan vaxtda Qroznıdakı şəxsi mülklərdən ibarət məhəllənin xoş ətirli küçəsi ilə iki kişi addımlayırdı. Təxminən, on bir yaşında, gözləri uşaqlara xas olmayan dərəcədə qayğılı bir oğlanla rastlaşdılar. Kişilərdən biri dayanıb oğlanı yanına çağırdı.
– Kimin oğlusan?
– Həsənin...
– Həə, Həsəninmi? Əla! Onunla köhnədən dostluğumuz var, hərçənd, çoxdandır, görüşmürük. Sənin atan yaxşı adamdır, etibarlı yoldaşdır, ağıllıdır, comərddir. Dəfələrlə məni çətin vəziyyətdən qurtarıb. Sağ olsun, sən gərək onunla fəxr edəsən, atana layiq oğul olasan. Amma onu belə təriflədiyimi özünə demə, Həsən bundan xoşlanmaz. Eləcə de ki, Murad çoxlu salam söylədi. Bir gün gəlib baş çəkərəm ona.
– Yaxşı, deyərəm...
Təəccüblənmiş uşaqdan onun eşidə bilməyəcəyi qədər uzaqlaşdıqda o biri kişi soruşdu:
– Həsən kimdir?
– Bilmirəm.
– Bəs nə oyun çıxarırdın elə?
– Sən gördünmü onun gözləri necə parıldadı? İndi o, atasına daha böyük hörmətlə yanaşacaq!
...Həsən bir il əvvəl ölmüşdü, amma oğlu “atasının dostunu” qəmləndirmək istəmədi.
On bir dekabr
Yaşlı bir kişi dekabra xas olmayan günəşli gündə Qroznının mərkəzi küçəsi ilə addımlayırdı. Başını gah yuxarı qaldırdı, gah çiyinlərinə qısdı, qəfil yana çevirdi, sonra baxışlarını endirib – sanki yerdə itiyini axtarırdı – yoluna davam etdi. Daş döşəli səkidə, olmayan çuxurlardan yan ötürmüş kimi, dolayı yeriyən kişi hərdən ani əyilib-dikəlir, gözlərində keçmişdən qalan işartı parlayırdı. Sol əlinin biləkdən yuxarısını böyrünə sıxır, elə bil kimisə tutub saxlayırdı.
Kişi birdən cəld hərəkətlə sağ ovcunu yanına qısdı, yüngülcə axsadı. Dayandı, saçlarındakı hisi-tozu çırpırmış kimi, başını silkələdi, soyuq skamyaya çökdü. İki cavan qalxınıb bu qəribə adamdan aralı oturdu.
– Oğlan, neçə yaşın var? – kişi qəfil onların birindən soruşdu.
– İyirmi beş... Nədir ki?
– Heç nə, oğul, bağışla. Mənə elə gəldi ki, biz tanışıq. Amma yanılmışam...
Ayağa qalxdı, düz iyirimi beş il əvvəl yaralanmış hamilə arvadını 9-cu şəhər xəstəxanasına çatdıra bilmədiyi o günü yenidən yaşaya-yaşaya yoluna düzəldi. Dövrəsində isə qar dənəciklərilə rəqs edərək yerə səpələnən şıltaq qəlpələr uçuşurdu.
Sal
Yoldaşları əsgəri Terekdən çəkib çıxartdılar. Sağ idi, amma silahını, papağını, çəkməsini itirmişdi. Dişləri tənəkə damı döyəcləyən dolu kimi çaqqıldayırdı, bu köhnə döyüşçünün bərələ qalıb qırpılmayan gözlərinə dəhşət çökmüşdü. Hamı düşündü ki, soyuq su və ölüm qorxusu haldan salıb onu, amma iş bunda deyildi. Dəfələrlə ölümlə üz-üzə gələn, ölümün onun yoldaşlarını necə biçib-tökdüyünü görən bu əsgər indi əzilib-sınmışdı, ömrü tərs-avand olmuş, əvvəlki yenilməz cəsarəti və həm özünün, həm də başqalarının həyatına soyuqqanlı münasibəti altda qalmışdı. Elə bil cəhənnəmin quyusuna baxırdı, oradan üstünə qızmar qəlpələr sıçrayır, üzünün, başının dərisini qoparır, kəllə sümüyünü xıncımlayıb beynini dağıdırdı. Sonra da ruhu bədəndən ayrılıb çılpaqlaşır, Terekin dondurucu boz suyu ona tikan kimi sancılırdı.
– Onlar bizə hücum çəkdilər, cəmi qırx altı qız, – əsgər titrək səslə üzüboşluğa danışırdı, – pərilər kimi gözəl, güclü, dirəşkən. Onlar qorxu bilmədən saldakı bütün heyəti çaya basdılar. Səsləri ilahi məlahətli o gənc qızların çığırtıları sanki vida nəğməsiydi. Hələ gözləri! Gözlərini görəydiniz! Onlarda hər cür təmasa, elə ölümün özünə də qatı ikrah vardı, qorxu, yaxud şübhə kölgəsi yox. Və bir də... bizim hamımızı özlərilə apara bilməməyin təəssüfü. Gözləri mənə, mənim batinimə, kiçik dünyama elə baxırdı, sanki gözlərimə ərinmiş qurğuşun axıb tökülürdü. Onlardan birinin əlləri xirtdəyimi sıxdı, xırçıltı eşitdim. Heç yadımda deyil, o məngənədən necə qurtula bildim.
– Hamısı həlak oldu?
– Belə olmaz, bu, düzgün deyil...
Əsgər ağlamaq istəyirdi, amma bacarmırdı.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
TƏLƏBƏ YARADICILIĞI – “Bu işığın adı sevgi, rəngi səbr, izi isə qələbə idi”
“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında bu gün sizlərlə Firuzə Quliyevadır, Naxçıvan Dövlət Universitetinin tələbəsi öz hekayəsini təqdim edir.
Daş üzərində oturub kitabların içinə qərq oluram. Gecənin ayazı ruhu beşikdə yatan körpə kimi sallayır təkliyimi. Bilmirəm sağ-sol məni hara aparır. Pıçıltısı oxşayır üzümü sərin küləyin. Yeriyir, bədənimə dolur. Sözlərin içində boğulduğum həminki günə qaytarır. Əlimə qələm alıram. Hekayəmi start xəttinə gətirirəm. Budur, tütək səsi... Başlayaq.
***
Müharibənin soyuq baxışları ətrafa yayılmışdı. Top səsi, silah səsi... Qan qoxusu neçə baxışları oyadırdı. Elvin bu gecə oyaq idi. Onu oyadan nə idi? Qorxu yoxsa cəsarət? Bəlkə də heç biri. Bu sevgi idi. Gözlərində itdiyi, can parçası sevdiyi. Ürəyinin neçə kəlməsini bir şəklə tökürdü. Zeynəbi idi onun. Uşaqlıqdan bir-birlərinin nəğmələrində itib-batmışdılar. Neçə dərd bölüşmüşdülər. Yenə gözlər həminki idi, əriyərək baxan qara gözlər... Səsin gəldiyini belə duymurdu Elvin. Murad isə hey çağırırdı:
-Bəlkə ayılasan, ay uşaq! Bayaqdan səni çağırıram. Eşitmirsən? Hələ də Zeynəbi düşünürsən.
- Zeynəbi necə düşünməyim? Neçə ilimi bölüşdüyüm yarım məndən uzaqlarda nələr çəkir görəsən?
Həqiqətən Zeynəb nələr çəkirdi? Ailəsi neçə dəfə üstünə gəlmişdi. Boş-boşuna gözləməyini istəmirdilər. Elvinin gələcəyinə ümidləri yox idi. Zeynəb ümidin əlindən deyil, sevginin əlindən tutmuşdu. Sevdiyinin səsini duyurdu, nəfəsini hiss edirdi. Başqasının dedikləri onun üçün milçək vızıltısı idi. Səhərin boylanıb nazla baxmasına az qalmışdı. Göy üzü qurğuşun kimi ağır idi, sanki az sonra qırılacaq, üstünə çökəcəkdi bu səngərlərin. Elvin kağızı yenidən qatlayıb döş cibinə qoydu. Başını səngərin kənarına söykədi. Murad da susmuşdu. Onlar çox danışmırdılar. Bu müharibə adamın dilini yox, içini işlədirdi.
Birdən... bir səs.
Titrək, uzaqdan gələn bir tütək səsi…
Bəlkə də bir əsgər fısıldayırdı vətəni, bəlkə kimsə yarasını unudub nəfəsə çevirmişdi sevgisini… Elvinə isə bu səs Zeynəbin gülüşü kimi gəldi. Murad əli ilə onu dürtdü:
– Qalx, Elvin. Gecə uzun idi, indi işıqlanacaq. Komandir tapşırıq verib. Bu gün irəliləyirik.
Elvin ayağa qalxdı. Üz-gözünü yuyan təravətli səhər havasına baxmayaraq, içində təlatüm vardı. Sanki bu gün nəsə dəyişəcəkdi. Tapançasını yoxladı. Hər şey qaydasında idi. Amma ürəyində qaydasız bir ağrı vardı – adı “vida” olan bir ağrı… Top səsləri bir-birini izləməyə başladı. Səssiz səhər yerini alovun səsinə verdi. Elvin və Murad öz dəstəsi ilə irəliləyirdi. Ağacların arasında, torpaq səngərlərin arasından keçərək düşmənin mövqelərinə yaxınlaşırdılar. Birdən… bir partlayış. Yeri silkələdi, havanı parçaladı. Elvin bir anlıq Muradı axtardı gözləri ilə… amma hər tərəf toz-duman idi. Qulaqları zəng çalırdı. Dizləri üstə düşdü. Ətrafdakı səslər susmuşdu. Təkcə Zeynəbin səsi vardı:
“Qayıt, Elvin... Mən səni gözləyirəm...”
Əlini sinəsinə apardı. Kağız parçası... cırılmışdı. Amma orda bir cümlə hələ də oxunurdu: “Əgər bu məktubu oxuyursansa, deməli sağsan…”
Elvin gözlərini yumdu. Dodaqlarında səssiz bir dua vardı. Amma o hələ getməmişdi… Çünki Zeynəb onu bu torpağa mıxlamışdı.
Müharibədən uzaq, amma ürəyində onun qədər sarsıdıcı bir savaş da Zeynəbin içində gedir... Evdə hər şey yerli-yerindəydi. Fincanlar əvvəlki yerində, pəncərədən görünən ağac da, divardakı saat da... Təkcə Zeynəb əvvəlki deyildi. Əlində Elvindən gələn məktub. Onu dəfələrlə oxuyub, hər dəfə bir kəlmədə ilişib qalıb. “Nə olursa olsun, döyüşçü kimi yox, sevən kimi dönəcəyəm.” Zeynəb bu sətirlərlə yaşayırdı. Anası isə yenə deyinirdi:
-Qızım, həyat səni gözləmir. Bir xəbər də yoxdur. Bu gözlənti səni çürüdür...
Zeynəb cavab vermirdi. Bilirdi, anası onu qorumaq istəyirdi. Amma onu qoruyan Elvinin səsi idi. Qəlbində yaşayan, ruhunu yaşadan o səs. İçində bir qorxu vardı, bəli... Amma daha çox bir inam vardı. Elvinin dönəcəyinə olan sarsılmaz inam. O gün həyətdə oturub yenə məktubu oxuyurdu. Gözləri kağızın cırıq yerində dayandı. Sözlər sanki dağılmışdı, amma bir cümlə parlayırdı:“ Sənin gözlərini hər gün xəyalıma gətirib irəliləyirəm...”
Zeynəb gözlərini yumdu. Sanki Elvinin nəfəsini duydu. Qəlbinin içindəki sükutda bir səslə pıçıldadı:
-Mən səni gözləyirəm, Elvin... Qayıt…
O an telefon zəng çaldı. Qəlbi titrədi. Gözlərini açmadan cavab verdi.
-Alo?
O biri başdan tanımadığı, lakin qəribə bir istiliklə danışan bir səs eşidildi:
-Zeynəb xanım? Mən Muradam… Elvinin silahdaşı. Onun salamını gətirmişəm.
Zeynəbin əlləri titrədi. Səsi içində qırıldı.
-O... o sağdır?
Sükut. Amma sonra səslə qarışan bir nəfəs, hönkürtüyə oxşar bir gülüş eşidildi:
-Bəli... Çox ağır yaralandı. Ruhumun cəsarəti onu geri qaytardı. İndi burdadır. Elə sizi soruşur…
Zeynəbin gözlərindən süzüldü illərlə içinə yığılan göz yaşları. O, ayağa qalxdı. Gözləri səmaya dikildi. Sanki o anda göydə günəşlə yanaşı bir sevgi də doğmuşdu. Savaşdan sağ çıxan təkcə Elvin deyildi. Onunla birgə Zeynəbin sevgisi də sağ qalmışdı.
Günəş axşama doğru boyanmışdı. Qızılı şəfəqlər pəncərədən içəri süzülür, divarda Elvinin gülüşünə bənzər bir kölgə yaradırdı. Zeynəb güzgünün qarşısında dayanıb saçlarını darayırdı. Sanki illərlə gözlədiyi gün bu idi. Barmaqları əsirdi, amma içi qəribə bir arxayınlıqla dolmuşdu. Artıq “gözləyirəm” deməyəcəkdi… “burdasan” deyəcəkdi.
Qapı döyüldü. Zeynəbin ürəyi dayanacaq kimi oldu. Addımlarını tanımadı. Amma ruhu artıq o səslə tanış idi. Gözlərini yumdu, dərin nəfəs aldı və qapını açdı. Qarşısında Elvin dayanmışdı. Qolunda sarğı vardı, üzündə yara izləri, saçları bir az tökülmüş, amma baxışları yenə könül oxşayırdı. Zeynəbin uşaqlığını, gəncliyini, hər səhər dua ilə açdığı sabahları əks etdirən o baxışlar...
Heç nə demədilər. Sözlər artıq gərəksiz idi. Zeynəb bir addım irəlilədi. Elvin də... Onlar sadəcə qucaqlaşdılar. Sükutun içində iki ürək bir-birinə toxundu. İllərin həsrəti, müharibənin sarsıtdığı xatirələr, bir fotonun içinə sığan minlərlə duanın cavabı o an yaşanırdı.
Elvin astadan dedi:
-Qorxdum... sən də çəkilib gedərsən deyə. Amma sən burda qaldın. Məni yaşatdın, Zeynəb.
Zeynəb onun sinəsinə başını söykədi. Gözlərində yaş yox idi bu dəfə. Çünki bu sevinc göz yaşlarını udacaq qədər güclü idi.
-Mən sənin qayıdacağını bilirdim… Çünki sevgi itmir, Elvin. Yalnız saatı durdurmaq, bu zamanın içində həbs olmaq istəyirəm.
Axşam torpağın üzərinə enirdi. Qaranlıq onları bürümürdü, çünki içlərində yanan işıq var idi.
Bu işığın adı sevgi, rəngi səbr, izi isə qələbə idi.
***
Beləcə hekayəni bitirdikdə gözlərimdən incilər axdı, töküldü. Sonra bir səs məni səslədi. “Firuzə, dayanmaq zamanı deyil. Daha şeir yazmaq lazımdır hekayənin şərəfinə...”
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
DAHİ MİRCAVADOV - o göründüyündən daha ucadadır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın ən görkəmli rəssamları sırasında yer alan, fəqət əməkdar incəsənət xadimi olaraq dünyadan köçən, Xalq rəssamı adı ona çox görülən Cavad Mircavadov barədə danışacağam sizlərə. Bu gün onu xatırlamağın lap yeridir.
Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssamı Zarubinin yanında işə düzəlir. İstedadı dərhal gözə çarpır. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra… işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. Bəli, o dövrlərin belə sərt qanunları da var imiş.
1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşayır, Dövlət Ermitajında fəhlə kimi çalışır, təki o dahiyanə əsərləri hər gün görsün.
Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaqla, rəsm texnikaları ilə tanış olmaqla, bura gələn görkəmli şəxslərlə ünsiyyət qurmaqla tam olaraq rəssamlqı sənətinə transfer olunmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və Bədii rəssamlar birliyinin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.
Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:
"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.
Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller alıb."
Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:
"Mircavadov əsərlərində şeytanı dramatikləşdirib, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."
1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.
1992-ci ilin 24 iyun günündə o, Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. 69 yaşındaydı, 70-ə doğru gedirdi…
Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.
Və bird aha təkrarlayıram, o, göründüyündən daha ucadadır. Fəqət, öz layiqli qiymətini ala bilməyib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
Oğuzda erməni vəhşilikləri - ARAŞDIRMA
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Rusiyada baş vermiş bolşevik çevrilişindən sonra Cənubi Qafqazın müxtəlif yerlərində müsəlman əhaliyə qarşı törədilən erməni vəhşiliklərinin əks-sədası Nuxaya da (keçmiş Vartaşen, hazırkı Oğuz 1930-cu ilə kimi həmin qəzanın tərkibində olub) gəlib çatır, buradakı onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında «Şəki erməni batalyonu» adlı cəza dəstəsinin bölgəyə gəlməsi ilə vəziyyət tamamilə dəyişdi və ağırlaşdı.
Komandiri latış İvan Bredis olan “Şəki erməni batalyonu”nun qərargahı Ərəş qəzasının Qayabaşı kəndində (indi Şəki rayonu ərazisindədir) yerləşdirilmişdi. Onlar dörd alay, qeyri-sıravi alay və pulemyot komandası ilə Nuxa və Ərəş qəzalarının (o cümlədən Vartaşen ərazilərinin – İ.V.) dağlıq erməni kəndlərini nəzarət götürmüşdülər.
Bu yazıda biz erməni quldurlarının yerli azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bir rayon – Vartaşen (indiki Oğuz) rayonu üzrə araşdırmağa çalışmışıq.
K.İsmayılovun “Nuxa qəzası Cümhuriyyətin yaranması ərəfəsində: bölgədə erməni fitnəkarlığının iflasa uğraması” adlı məqaləsində (AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60, səh:96-114) oxuyuruq ki, erməni alayının qəzaya gəlməsi yerli erməniləri xeyli ruhlandırmış, onların azərbaycanlılara münasibəti açıq-aşkar fitnəkar xarakter almağa başlamışdı. Qəzaya gələn hərbi qüvvə sayəsində üstünlüyü ələ alan erməni quldur dəstələri yerli azərbaycanlılara qarşı kütləvi vəhşiliklər həyata keçirməyə başlamışdılar. Bu işdə erməni şuralarından gələrək burada anti-müsəlman təbliğatı aparan emissarların da güclü təsiri olmuşdur.
Vartaşen ərazisində hay quldur dəstələrinin əsas cəmləşdiyi yerlər isə Calut, Vartaşen, Söyüdlü, Xoşkaşen (indiki Qarabulaq) və Yaqublu kəndləri olub. Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri də həmin qərargahın törətdiyi cinayətlərə dəstək verirdilər. Məsələn, AXC-nin yaratdığı FTK-nın üzvü Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin Kürd kəndində türk qoşunlarının Azərbaycana gəlişindən təqribən 20 gün əvvəl törədilmiş cinayətdə - çoxu qadın və uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirilməsində erməni əsgərləri və digər erməni kəndlərinin sakinləri ilə yanaşı Xoşkaşen və Böyük Söyüdlü kəndlərinin erməniləri də iştirak etmişlər. Həqiqət naminə onu da qeyd edək ki, belə hadisələrdə qriqorian təriqətini qəbul etmiş və erməniləşmiş udilər də iştirak edirdilər. (Nədənsə çox zaman biz bunu qeyd etməyə çəkinirik)
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilir ki, Qayabaşıdakı qərargahın Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı) olub. 1918-ci ilin fevral ayında Vartaşen qarnizonun zabitlərindən Qabriel Rubenoviç Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini, xüsusən Vartaşeni, Calutu, Yaqublunu, Söyüdlünü, Xoşkaşeni, yaxınlıqda – Qutqaşın (indiki Qəbələ) rayonundakı Nici və s. gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı.
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı. Yaqubludakı (eləcədə Qayabaşıdakı) silahlı ermənilər Söyüdlü kəndinə geri çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə bölünərək müxtəlif erməni kəndlərində, eləcə də qaçqın adı ilə Vartaşendə, Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.
K.İsmayılovun yuuxarıda adı çəkilən məqaləsində göstərilir ki, “ermənilərin hücumları üçün ümumi bir qanunauyğunluq səciyyəvi idi: onlar adətən səhər tezdən, müsəlmanlar yuxuda olarkən hücuma keçir, kəndləri əhatəyə almağa çalışır, bu zaman təkcə tüfənglərdən deyil, pulemyotlardan istifadə edirdilər. Əksər hallarda müsəlmanlar qeyri-mütəşəkkil və silahsız olduqlarından bütün əmlaklarını taleyin ümidinə buraxır, öz yurdyuvalarını tərk edərək qaçmağa məcbur olurdular... Ermənilər hücum etdikləri kəndlərdə hər şeyi dağıdır, tut ağaclarını, meyvə bağlarını doğrayıb məhv edirdilər. Lakin əhaliyə ən çox iqtisadi ziyan ermənilərin kütləvi şəkildə mal-qaranı oğurlayıb aparmalarından dəymişdi. Ermənilər təqib olunduqları zaman oğurladıqları mal-qaranı tələf etməyə çalışır, bununla da müsəlmanların təsərrüfat və iqtisadi həyatını dağıtmaq məqsədi güdürdülər...”.
Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd olunduğu kimi, 3 may 1918-ci il tarixdə Padar kəndində (bəzi mənbələrdə Padar və Yaqublu kəndləri arasında neytral zonada yazılır) Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. (Belə bir görüş hər iki millətin nümayəndələrinin iştirakı ilə Vartaşen kəndində də keçirilmişdir,) Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər. Özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da baş verən erməni vəhşiliklərini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini təsdiq edirdi. (https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf). Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara qarşı deyil, həm də rayon ərazisində yəhudilərə və ləzgilərə qarşı da soyqırımı törədirdilər. Ona görə də həmin dövrdə rayon ərazisində yaşayan yəhudilərin çoxu Gəncəyə, Tiflisə və Bakıya köç etmişdilər. Ermənilər indiki Qəbələnin Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini vəhşicəsinə qətlə yetirmişdilər.
1918-ci ilin iyun ayının əvvəllərində Nuxa-Ərəş qəzasının Oğuz (Vartaşen) nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin quldur erməni silahlı dəstələrinin hücumlarına məruz qalmış dinc sakinləri Məmməd Kərim meşəsinə və Sincan çayının yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km. aralıdakı Xaçmaz meşələrinə sığınmışdılar. Onların köməyinə Qafqaz İslam Ordusu çatmışdır. Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını Yaqublu kəndinin cənubundakı təpələrin üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı erməni mövqelərini atəşə tutmağa başlamışdı. Burada erməniləri susdurandan sonra o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş, burada bir müddət Padar kəndində Qərib Yüzbaşının evində qalmışdı.
Qafqaz İslam Ordusunun alayının bir bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində yerləşmişdi. Onların qərargahları məscid həyətlərində (Sincan kəndində Cümə məscidində və Xaçmaz kəndindəki Səməd bəy məscidində), düşərgələri isə kəndlərin ətrafında yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində gedən döyüşlərdə ağır yaralanan və vəfat edən Tahir əfəndi vəsiyyətinə görə, Sincan kəndinin orta məhəlləsindən keçən yolun üstündəki əski qəbirsanlıqda torpağa tapşırılıb.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində nahiyənin Tərkəş, Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin sakinləri erməni soyqırımından xilas ola bilmişdilər.
Erməni silahlı dəstələri Qafqaz İslam Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır və ya öldürürdülər. İndi də Padar kəndinin sakinlərinin dilində dolaşan bir hekayətdə deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni silahlılarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Əsgərlərlə basqın edən silahlı ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin “Erməni çökəyi” adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər”.
Ümumiyyətlə, 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə rayon ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun ermənilər tərəfindən dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin sayəsində ermənilərin hərbi qərargahları və silahlı dəstələri məhv edilsə də, onların soyqırım törətməklərinin qarşısı alınsa da, rayon ərazisində yaşamağa davam etmişlər. Belə ki, 1939-cu ildə ermənilər rayon əhalisinin 9 %-ni, 1959-cu ildə 12 %-ni, 1970-ci ildə 10 %-ni, 1979-cu ildə 9 %-ni, 1989-cu ildə 8 %-ni təşkil etmişdir. Rayonda yüksək vəzifə tutan ermənilər də az olmayıb. Hətta erməni məktəbi də vardı.
Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər XX əsrin 90-cı illərin sonunda və baş vermiş Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi çıxışlar etməyə başlamışdılar. Hətta gizli şəkildə erməni terror təşkilatları üçün maliyyə vəsaiti toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin sərt mövqeyi ilə rastlaşdıqları üçün onların əksəriyyəti, Azərbaycanın digər bölgələrində olduğu kimi, Oğuz rayonundan da köçüb getmişlər.
Getsələr də, indi də özlərinin üzdəniraq saytlarında rayon ərazisindəki bir sıra toponimləri “soyqırımına” məruz qoymaqda davam edirlər. Məsələn, Vardan adından yaranmış “Vartaşen” toponiminin erməni mənşəli olmasını və buraların qədim erməni yaşayış məntəqəsi olduğunu iddia edirlər. Bu bədbəxtlər bilmirlər ki, digər adlar (Artavaz, Vasak, Samuel, Manvel, Amayak, Vaqan, Vard, Vaçe...) kimi Vardan adı da Çin Türküstanından gələrək III əsrdən Ermənistanda (həmçinin Gürcüstanda) yaşamağa başlamış, azərbaycanlılarının etnogenezində böyük rol oynamış Çin (sonralar Cin/Cinni adlandırılmışlar) adlı qədim türkdilli və türkəsilli tayfaya mənsubdur.
Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun fars, ərəb, yunan və ya erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. “Şen” sözü türk əsilli xristian qıpçaqlardan ermənihay dilinə keçmiş, erməniləşdirilmişdir.
F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)" əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü (eləcə də qədim türk adı Vardan-İ.V.) qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi - “qar kut”, “lavaş”, “dolma”, “soğan” kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”.
Niyyətlərində məkrlik olan bir millətdən hər şey gözlənilir.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
İstə, inan və addım at
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzi arzular dua kimidir. Dua etmədən də qəbul olunur. Sən sadəcə arzuna baxaraq içindən keçirirsən. O an mümkünsüz kimi görünən arzun, bir gün – heç gözləmədiyin anda – gerçək olur. Çünki sən çox istəmişdin.Və arzun bir dua kimi qəbul olunmuşdu. O gün gələndə sanki zaman dayanır. Əvvəlcə inanmırsan.Sonra düşünürsən ki, “Mən bunu nə vaxtsa istəmişdim.”
Arzunun gerçəyə çevrildiyi an anlayırsan ki, heç bir şey təsadüf deyil. Bu, sənin qismətindir. Gec də olsa, sənə qismət olan səni tapır. Sadəcə səbir etmək və içindəki inamı qorumaq lazım imiş.
Sənin də arzuların, xəyalların, duaların var — bilirəm. Çata bildiyin, gözlədiyin, bəlkə də yolunu sənə tərəf tutmuş arzular… Sən sadəcə inan. Bəlkə də bu sətirlər sənin üçündür. Sənə bir işarədir — gözləmək üçün. Vaz keçmə, gözlə. Çünki hər şey zamanla olur.
İçində məhv etdiyin arzular sənə sadəcə əzab gətirir. Buna icazə vermə. İstə və bax. Və bir gün nəyin sənin üçün doğru olub-olmadığını anlayacaqsan.
Çünki hər şey — istəməklə, addım atmaqla və zamanla olur. İndi sıra səndədir — istə, inan və addım at.
Bir gün zaman da səni tapacaq.
Gecikmiş kimi görünən hər şey, əslində, tam vaxtında gələcək.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)
Aynur İsmayılova