
Super User
Hacı İsmayılov tələbələrlə görüşüb
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Sədri Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib.
“Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən görüşdə Xalq artisti Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın əməkdaşları və gənclər iştirak edib.
Hacı İsmayılov gəncləri salamladıqdan sonra ekranda Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videogörüntü əks olunub.
Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.
Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Heydər Əliyevin 102 illik ildönümünə həsr olunan konsert proqramı
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
6 may 2025-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" və "Gənc Könüllülər" İctimai Birliklərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan, gənc musiqiçilərin ifasında Ulu Öndərin sevdiyi musiqi əsərlərindən ibarət xüsusi konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, Vətən müharibəsi qəhrəmanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilova verilib. O, çıxışında Ulu Öndərimizin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb və bildirib ki, onun həyat yolu uzun illər araşdırılmasına baxmayaraq, hələ bundan sonra da uzun müddət araşdırılacaq. Həmçinin qeyd edib ki: “Bu cür silsilə tədbirlərin keçirilməsi, görüşlərin təşkil olunması çox önəmlidir. Bu tədbirlərə, həmçinin, mədəni tədbirlər də daxildir. Belə tədbirlərdə Ulu Öndərimizin sevdiyi mahnıların yenidən gənclərimizə aşılanması əsas məqamlardandır.
Ulu Öndər irsi dedikdə, ölkəmizdə mümkün olan bütün məsələlərdə, bütün sahələrdə biz onun imzasını görürük.
Azərbaycan gənci həm cəbhədə, həm də mədəni sahədə öndədir. Bir sözlə, Azərbaycan gənci hər sahədə söz deməyə layiqdir."
O, çıxışını Azərbaycan gəncinə olan inamla tamamlayıb: "Azərbaycan gənci qələbəni, bu suveren hüquq dövlətini qoruyacaqdır və Azərbaycan gənci bu ölkənin döyünən ürəyidir. Biz birlikdə güclüyük!"
Daha sonra bədii hissəyə keçid edilib. İnklüziv istedadlar Ulu Öndərin sevdiyi “Küçələrə su səpmişəm", "Qarabağ", "Ala göz" kimi mahnıları səsləndiriblər.
Elvin Məmmədov və ansamblı, "Azəri İncələri" qrupu, "Dalğa" rəqs ansamblı da öz çıxışları ilə tədbiri yadda qalan ediblər. Sonda isə sürpriz qonaqlar tədbiri daha da maraqlı ediblər.
Xalq artisti Zaur Rzayevin ifasında səslənən "Can Azərbaycan" mahnısı gənclərə çox xoş hisslər yaşadıb. Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli də bu tədbirin önəmindən və Azərbaycan könüllülərinin bu tədbirdəki rolundan danışıb. Daha sonra digər sürpriz qonaq Günay İbrahimli öz vətənpərvər ifası ilə tədbirin coşqusunu artırıb və gənclərin vətən sevgisini daha da alovlandırıb.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib
Mayın 6-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə "Zəfərdən zəfərə gedən yol" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində baş tutan tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiramla yad ediləcək.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: "İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutur. Müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan, Bakıya "Qəhrəman şəhər" adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib.
Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində də təkrarladı, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir.
Biz Vətən müharibəsində olduğu kimi, bu gün də dövlətin və Prezidentimizin ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıblar. Biz bu tövsiyələri diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq".
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin yaranmışdır.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixinə nəzər salıb, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Akyotı Raimkulova Rüfət Mahmud ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin yeni təyin olunmuş sədri cənab Rüfət Mahmud ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fondun prezidenti təyinatı münasibəti Rüfət Mahmudu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı zəngin türk mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib, mədəni irsin tədqiqi, mədəni abidələrin bərpası, birgə tədbirlərin təşkili ilə bağlı konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Aktotı Raimkulova “İçərişəhər” kimi unikal memarlıq və tarixi məkanın beynəlxalq səviyyədə tanıdılması, onun idarəetməsi ilə bağlı müsbət təcrübənin Türk dövlətləri ilə bölüşülməsinin vacibliyini vurğulayıb, İçərişəhər”in bu irsin qorunması məqsədilə Fondun hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib.
Rüfət Mahmud Fondun genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirərək, Türk mədəniyyətinin zənginliyini əks etdirən təşəbbüslərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib və Fond ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.
Görüş qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
PORTAL AKADEMİYASINDA - Abituriyentin uğur formulu
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Abituriyentin uğur formulu
Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.
Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).
Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.
Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.
Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:
A. Diqqət və yaddaş
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
Növbəti qaydanı sizə sabah təqdim edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Türk xalqlarında bitki adlarının semantik və mifoloji təhlili
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə türk xalqlarında bitki adlarının semantik və mifoloji təhlilini təqdim edəcəyik. Kifayət qədər maraqlı mövzudur.
Təbiət və onun ayrılmaz parçası olan bitkilər qədim türk xalqlarının gündəlik həyatında, inanclarında, mədəniyyətində və dilində özünəməxsus yer tutmuşdur. Bitkilər yalnız qida və şəfa mənbəyi kimi deyil, həm də simvolik və mifoloji anlam daşıyaraq türk dünyasında zəngin semantik qatlara malik olmuşdur. Bu yazıda bitki adlarının semantik və mifoloji təhlili aparılacaq, türk mədəniyyətində onların yeri və funksiyası müxtəlif tarixi və folklor nümunələri əsasında işıqlandırılacaqdır.
Bitki adlarının dil və düşüncə sistemində yeri
Qədim türk dillərində bitkilərlə bağlı sözlər yalnız sadə adlar deyil, çox vaxt onların funksiyasına, görünüşünə və simvolik mənasına bağlı olaraq formalaşmışdır. Məsələn, “ardıç” sözü həm konkret bir bitki adını bildirir, həm də qoruyucu, müqəddəs ağac anlamı daşıyır. Ardıc ağacı türk xalq inancında pis ruhları qovmaq üçün istifadə edilən tütsü mənbəyi olmuşdur. Xüsusilə Altay və Sibir türkləri arasında “ardıç tütsüləməsi” xəstənin gözəgörünməz pisliklərdən təmizlənməsi üçün əsas rituallardan biri hesab edilirdi.
Eynilə, “yovşan” bitkisi qədim türk toplumlarında həm dərman, həm də simvolik qoruyucu vasitə kimi tanınırdı. Orta Asiya türkləri bu bitkini evin girişinə asaraq “şeytanın girməməsi” üçün qoruyucu saymışdılar. Dil baxımından da bu adın içində “yov” – “dəf etmək, uzaqlaşdırmaq” kökü qoruyucu semantik fon yaradır.
Bitkilərin mifoloji varlıq kimi qavranması:
Türk mifologiyasında bəzi bitkilər müqəddəs varlıqlar kimi qəbul olunmuşdur. Qədim türk dastanlarında ağaclar vasitəsilə yaradılış və nəsil məsələləri izah olunur. Məşhur "Oğuz Kağan" dastanında Oğuzun analığı bir işıq içindən doğulur, bu işıq isə dağ və ağac simvolikası ilə əlaqələndirilir. Bu, ağacın (və bütövlükdə bitki dünyasının) yaradıcı güc daşıması ilə bağlı inancın təzahürüdür.
Yakut türklərinin miflərində isə “Ürüng Ayıx Toyon” adlı Tanrı ağacların kökü ilə yerə, budaqları ilə göyə bağlıdır. Bu isə ağacların yalnız bitki deyil, həm də kosmosla əlaqə vasitəsi olaraq qəbul edildiyini göstərir. “Dünya ağacı” anlayışı da türk mifologiyasında geniş yayılmışdır – bu ağacın gövdəsi aləmləri birləşdirən ox funksiyası daşıyırdı.
Ritual və ictimai həyatda bitkilər:
Bitkilər toy, yas və digər ayinlərdə də fəal rol oynamışdır. Məsələn, bəzi bölgələrdə gəlin evindən çıxarkən başına qovaq yarpaqları səpilirdi ki, bu da qovaq ağacının “bərəkət və təmizlik” simvoluna çevrildiyini göstərir. Digər tərəfdən, yas mərasimlərində istifadə olunan müəyyən otlar və güllər həm duyğusal, həm də simvolik mesaj daşıyırdı – məsələn, Səlcuq türklərində “xarı bülbül” gülü şəhidlərə ithaf olunmuşdu.
Bəzi bitkilərin isə konkret cəmiyyət təbəqələrinə xas istifadəsi var idi. Məsələn, dağlıq bölgələrdə yaşayan köçəri türklər arasında dərman otları ilə məşğul olan şifəçilər (baxşılar) bitkiləri “canlı varlıq” kimi tanıyır və onlarla “ünsiyyətə” girirdilər. Bu da onların təkcə biologiya deyil, həm də ruhani baxımdan qavranmasına səbəb olurdu.
1. Altay və Sibir Türklərində:
Altay və Şərqi Sibir türkləri üçün ardıç ağacı müqəddəs sayılmış, onun tüstüsünün şeytanları və xəstəlikləri qovduğuna inanılmışdır. Xüsusilə "ardıç tütsüləməsi" ritualı bu bölgədə xalq təbabətinin mərkəzində dayanırdı. Şaman (kam) ayinlərində ardıcın yanması ilə çıxan tüstü "göy tanrıya qapı açan vasitə" sayılırdı.
Əlavə olaraq, şam ağacı (çam) uzunömürlülüyün və sabitliyin simvolu olmuşdur. Qışda yaşıl qalan bu ağac həm fiziki, həm də ruhani möhkəmliyi ifadə edirdi. Çam ağacı ətrafında edilən dualar “diri qalmaq”, “çətinlikləri aşmaq” niyyəti ilə edilirdi.
2. Anadolu Türklərində:
Anadolu türkləri arasında xarı bülbül gülü şəhidliyin simvoluna çevrilmişdir. Bu çiçək, xüsusilə Qarabağ bölgəsində, şəhidlərin məzarına əkilir və onun üstündə bülbülün ağlaması ilə bağlı əfsanələr yaranmışdır. Bu, bitkinin həm estetik, həm də milli-mənəvi bir dəyər daşıdığını göstərir.
Dəfnə yarpağı həm mətbəxdə, həm də xalq təbabətində geniş istifadə olunsa da, onun qoruyucu gücə sahib olduğuna dair inanc da yayılmışdır. Dəfnə, bəzi Anadolu nağıllarında cadugərlərə qarşı qoruyucu vasitə kimi təqdim olunur.
Reyhan (fesleğen) isə “təmizlik”, “paklıq” və “bərəkət” simvoludur. Toy mərasimlərində gəlinlərin üzərinə səpilən reyhan yarpaqları ailənin xoşbəxt və sağlam qalması üçün rəmz halına gətirilmişdir.
3. Orta Asiya Türklərində:
Orta Asiya çöllərində yaşayan türklər üçün yovşan (artemisia) müqəddəs bitkilərdən biri idi. Köç zamanı çadırların ətrafına yovşan basdırılardı ki, bu da həm ətrinin bəd nəzəri uzaqlaşdırdığına, həm də ilan və həşəratları qovduğuna inamla bağlı idi. Mifoloji baxımdan isə yovşan “Yer Tanrıçasının nəfəsi” sayılırdı.
Qara zirə (nigella) isə qədimdən dərman bitkisi olmaqla yanaşı, qoruyucu funksiyaya da malik idi. Doğum sonrası qadınlara və körpələrə verilən “zirəli su” onların bədənini “soyuq enerjidən” təmizləmək məqsədi daşıyırdı. Bəzi bölgələrdə qara zirə qapının üstündə torbada asılaraq “bəd göz”dən qorunma üçün istifadə olunurdu.
4. Volqa və Qafqaz Türklərində:
Volqa boyu tatarlar və başqırdlar arasında qovaq ağacı "ata-ana ağacı" sayılmış və qəbiristanlıqlarda qovaq əkilməsi adəti geniş yayılmışdır. Bu, ağacın ruhlarla əlaqələndirilməsinə dair inancı əks etdirir. Qovaq, həm də müxtəlif türk dastanlarında “ilk insanın altına sığındığı ağac” kimi təqdim olunur.
İydə ağacı isə xüsusilə bayramlarda, Novruz ərəfəsində istifadə edilən simvolik bitkidir. Onun çiçəkləri sevgi, təmizlik və bərəkətin müjdəçisi sayılır. Qafqazda bəzi türk tayfaları iydənin çiçək açmasını “yazın gəlişi” və “bərəkətin başlanğıcı” kimi qarşılayırdılar.
Türk xalqlarında bitkilər yalnız flora elementləri kimi deyil, həm də dərin semantik və mifoloji qatlara sahib mədəni varlıqlar kimi qəbul olunmuşdur. Onlar dilimizdə obrazlı ifadələrə, dualara, simvollara çevrilərək xalqın düşüncə sistemini formalaşdırmış, ritual və sosial həyatın ayrılmaz parçası olmuşdur. Bu sahənin daha geniş araşdırılması, həm dilçilik, həm də etnoqrafiya baxımından türk dünyasının zəngin mənəvi irsini açmaq üçün mühüm addım olacaqdır.
Bu nümunələr göstərir ki, türk xalqları arasında bitkilər yalnız təbiət obyektləri deyil, həm də dərin mifoloji, dini və sosial mənalara malik simvollardır. Hər bölgədə fərqli bitkilər seçilsə də, onların qoruyucu, şəfalı və simvolik funksiyaları ümumi türk mədəni düşüncəsinin ortaq təməlini əks etdirir. Bu mövzu həm linqvistik, həm də etnoloji baxımdan tədqiqata açıq və zəngin sahədir.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
GAP Antologiyasında Nuriyyə Lövhün “İndi dünyada qan qusulur” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Binabda yaşayan Nuriyyə Lövhdür.
Nuriyyə Lövh
Binab
İNDİ DÜNYADA QAN QUSULUR
Şeirin nəfəsi geri sayıma düşmüşdü
Qələmi,
Balamı, səni gətirmədilər.
Əlim,
Öpüşüm,
Baxışım,
Acı olduğu üçün...
Amma qoy deyim sənə
Aaaaaay oxucum
Dinləyicim
İnan
Ey özüm təki üsyankar, inan...
Dərdin çoxu da yoluxucu xəstəliyindən deyil
Qəfəsdə təngə gəlir nəfəsim
Vətən çicəkləri solur ürəyimin vulkanında
və millət nisgilini
Daşıya bilməyən çiyinlərimdən aslanıb
qara sevgi.
İndi əllərim əsitməyə düşsə də
Dilimin tutulmasına izin verməmişəm.
Niyə ki, güneyli-quzeylisindən 1400 çiçək yağacaq əllərimə vətən...
Düzdür kələmələr xırıldayır xırxıramda
Və
Ventilyatorla çəkirəm acı sancıları
Amma xəstəliyə inanan deyil polad iradəm.
Axı
Təkcə mən deyiləm ki,
Yer kürəsinin dəli sızıltıları işini bitirib yazıq bəşərin kövrək kürəklərində...
İndi burda elə bu saat 1400-cü günəş cücərir sinəmin daş yarasından
İndi gecə quşları baladan çıxırlar ağ ciyərlərimin qaranlıq böcəklərində.
Pekin ilə Vaşinqton!
Hərdən nə isə Moskvaya süqut edir gözlərimin gücsüzlüyündə...
Mən isə ağ ciyərimin
Sən isə serum-saatın
Pərəstar dostum isə O2-nun eniş-yoxuşuna
Cum-culuq tər içində cummuşuq.
Üçümüz də bilirik
Zalımların hansı felinə uymuşuq.
İndi dünyada qan qusurlur
Humanizmin çeşidli düşuncəsi
Yer kürəsinin atlantasını
Ortadoğu ölkələrinin
Özünü qonşularından tez
və ucuz satan yollarını
Şəhərin balalarıma çatdıran
bütün xəritələrini
Bir də gözlərini
Hə gözlərini çəkirəm
Xəstəxananın şahmatı tavanında
İndi burda bütün isimləri qusaraq
Təkcə talanmış vətəni həzm edə bilirəm
uca röyalarımda
Daşını, kəsəyini, çiçəklərini,
O tay-bu taylı dağlarını, dərələrini, təpələrini
Bütün hər nəyini
Sinirsiz çəkirəm
Vətəndaşların, dildaşların
Ürəklərini kədərsiz, yarasız çəkirəm...
İndi atrovent
Qıtlığına düşüb bu talanmış çevrədə
Və
Sevgilim Qafqaza yürüyüb çiçəkli qıçlarıyla
Bəlkə nəfəs gətirə quzeydən
Yaramı sağaltmaq üçün...
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib
Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib. Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. Dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.
Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.
Tədbirdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) iştirak ediblər. Onlar mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.
Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.
Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.
Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər görür.
Aşağıdakı linkdən Kanadada “Azərbaycan İrs Günü” adlı tədbirlə bağlı video materialı izləmək mümkündür:
https://youtu.be/Q5YI2Y2Mets?si=7moYP-VmDDgIx4y6
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Milli-mənəvi dəyərlərimiz
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Yaşadığımız ortam, şərait nə cür olursa olsun, milli-mənəvi dəyərlərimiz hər zaman hər şeydən üstündür. Bu gün həmin dəyərlərimiz barədə söhbət etmək istəyirəm. Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.
Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. Əgər Sovetlərdən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ-nin dövründə ölkədə cəmi 17 məscid vardı. Hazırda isə Azərbaycanda 2054 məscid mövcuddur.
İslam dini -xalqımızın milli-mənəvi sərvəti
1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə dini dəyərlərimiz yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahı məhz Heydər Əliyevin tapşırığı əsasında dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki, dinimiz xalqımızın milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.
Tolerantlıq ənənələri və milli- mənəvi dəyərimiz
Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar inşa edilib. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.
Dil milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi
Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.
Muğam xalqımızın genetik kodu
Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.
Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır. Buna nümunə olaraq müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilməsini göstərmək olar.
Birmənalı şəkildə qeyd etmək olar ki, muğam xalqımızın incisi, onun genetik kodudur. Muğam nəsillərdən-nəsillərə keçərək Azərbaycan xalqının qan yaddaşında qalıb, onun ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır”.
Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam ensiklopediyası. Və nəhayət, Muğam Mərkəzi.
Milli mənəvi dəyərlərin qorunmasında məqsədyönlü fəaliyyət
Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır.
Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
MARAQLI FAKTLAR – Şir 20 saat yatır, kosmosda gözdən yaş axmır, dəniz atlarında uşağı erkək doğur…
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dəyərli oxucular. Maraqlı faktlar rubrikasını çox bəyəndiyiniz bəllidir. Əlbəttə ki, bu sayaq məlumatlar qərbdən şərqə, 7-dən 77-yə hamı üçün maraqlıdır. Bu dəfə bir neçə mənbəni ələk-vələk edib sizlər üçün aşağıdakıları toplaya bildik:
- Ahtapotların üç ürəyi var.
İki ürək qanı qəlsəmələrə, biri isə bədənə pompalayır. Üzgüçülük edəndə isə bədənə qan vuran ürək dayanır!
- Yerin ən isti yeri Liviya səhrasında qeydə alınıb.
1922-ci ildə Əl-Əziziyə şəhərində 57.8°C temperatur ölçülmüşdü.
- Şir gündə orta hesabla 20 saat yatır.
Yəni şirlər, əslində, savannaların "yatan kralı"dır.
- İnsan burnu 1 trilyon fərqli qoxunu ayırd edə bilir.
Əvvəllər bu rəqəm daha aşağı hesab olunurdu, amma son araşdırmalar bunu sübut edib.
- Kosmosda ağlamaq mümkündür, amma göz yaşları axmaz.
Sıfır cazibədə göz yaşları üzdə köpük kimi yığılır.
- Dəniz atları (sea horse) övladlarını atalar dünyaya gətirir.
Dişi dəniz atı yumurtaları erkəyə ötürür və erkək onları daşıyaraq doğur.
- Kərgədanların dərisi o qədər qalındır ki, silah gülləsinə belə bəzən davam gətirə bilir.
Amma yenə də çox həssas və təbiətdə təhdid altında olan heyvanlardır.
- Mavi balina dünyanın ən böyük heyvanıdır – həm də tarix boyunca yaşamış bütün canlılar arasında.
Onun ürəyi bir avtomobil ölçüsündə ola bilər və ürək döyüntüsünü 3 kilometr uzaqdan eşitmək mümkündür.
- Delfinlər bir-birilərini adla çağırırlar.
Onlar xüsusi səs siqnalları ilə digər delfinləri fərqləndirib çağırırlar – yəni "dil"ləri var.
- Qarışqalar özlərini "zombi" edə bilən göbələklərlə yoluxa bilər.
Ophiocordyceps adlı göbələk qarışqanın beynini ələ keçirir və onu idarə edir. Elm buna “zombi-parazit” deyir.
- Axsaq timsahlar düz qaçarkən atdan da sürətli ola bilərlər.
Sürətlə hücum zamanı qısa məsafədə 17-20 km/saat sürətə çata bilirlər.
- Tarantul hörümçəkləri yırtıcılarından qorunmaq üçün arxa ayaqları ilə tüklərini “atırlar”.
Bu tükcüklər dəridə qaşınma və yanmaya səbəb olur.
- Elektrikli ilanbalığı 600 volta qədər enerji buraxa bilir.
Bu qədər enerji ilə 5 nəfərlik ailənin lampasını yandırmaq olar.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)