ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 08 May 2025 15:54

Səyyar ASAN xidmət davam edir

 

May ayının ilk yarısı öz axarı ilə getməkdə, səyyar ASAN xidmət də bölgələrdə fəaliyyət göstərməkdədir.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, səyyar ASAN xidmət 1-15 may tarixində Xızıda,  1-27 may tarixində Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27 may tarixində isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Qeyd: Hazırda Xızıda Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Muğam Mərkəzində Dalğa Aşıqlar Qrupunun konserti təşkil olunub. 

 

Çingiz Mehdipurun rəhbərliyi ilə baş tutan musiqili tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər.

Çıxış edən Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqımızın zəngin mədəni irsinin qorunması və inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətdir. O, Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edərək bildirib ki, bu sahənin inkişafı, mədəniyyət işçilərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.

Qeyd olunub ki, bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konsertdə çıxış edən Dalğa Aşıqlar Qrupu 1990-cı ildə yaradılıb və bu illər ərzində səsi-sorağı Azərbaycanın hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrindən eşidilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin  birgə təşkilatçılığı ilə Sumqayıt Poeziya Evində "Azərbaycan" jurnalının kollektivi ilə görüş keçirildi.

 

Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edildi. 

AYB Poeziya seksiyasının rəhbəri, Poeziya  Evinin direktoru İbrahim İlyaslı qonaqları tədbir iştirakçılarına təqdim etdi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin məqsəd və məramından danışdı. 

Söz qələm adamlarına verildi. Jurnalın redaktoru İntiqam Qasımzadə, redaktorun müavini Südabə Ağabalayeva, Poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, Publisistika  şöbəsinin müdiri Məmməd Oruc, tənqid şöbəsinin müdiri Azad Yaşar, məsul katib Vüsal Nuru, filologiya üzrə fəlsəfə doltoru, dosent, Nərgiz Cabbarlı, filologiya elmləri doktoru Vaqif Yusifli, şair Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyev çıxış edərək "Azərbaycan" jurnalının bir əsri adlayıb keçdiyi yaradıcılıq yoluna  işıq tutaraq fəaliyyətindən geniş bəhs etdilər. Şair Akif Amal, Süleyman Sərraf, Rəna Təbəssüm, Əli Niyazbəyli, Sumqayıt Dövlət Universitetininin tələbələri və şəhər məktəbliləri maraqlı təkliflər irəli sürdülər. 

Tədbir boyu şairlər öz şeirlərini oxudular

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin maraqlı görüş üçün jurnalın kollektivinə, bu işdə dəstək olan hər kəsə təşəkkürünü bildirdi.

“Azərbaycan” jurnalı, ümumən AYB nəşrləri ədəbiyyatımızın vuran ürəyidir!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

XÜLYALAR YOLUNDA

 

Görəsən, Xəzərin neçə yaşı var?
Görəsən, nə zaman
qalxıb, qabarıb
Şubanı dağı?
Görəsən, Abşeronun altında
neftdən qabaq nə olub?
Görəsən, kim yandırıb
birinci ocağı
Bayıl sahilində?
Ulduzlara baxıram.
Dünən də vardılar,
bu gün də olacaqlar,
Sabah da olacaq...
Görəsən, Xəzər nə qədər yaşayacaq...
Görəsən, Şubanı dağı
nə zaman çökəcək?
Görəsən, Abşeron altındakı
neft qurtaranda
yerində nə qalacaq?
Görəsən, kim yandıracaq
yeni çıraqları Xəzər sahilində?
Görəsən, kim deyəcək
yeni nəğməni
nə dilində?

        Yanvar, 1962

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

 

Cümə axşamı, 08 May 2025 17:09

PORTAL AKADEMİYASINDA - İnteqral alqoritm

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Abituriyentin uğur formulu

     

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:

 

B. İnteqral alqoritm

 

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

 

Növbəti qaydanı sizə növbəti gün təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

2015-ci ildə çəkilən və rejissor Robert Maqnerotun ekran əsəri olan "Hədəf Bakıdır" filmi barədə danışmaq istəyirəm. Bir neçə gün öncəki tədbiri xatırlatmaq lap yerinə düşər. Naxçıvan Dövlət Film Fondunda “Azərbaycan Kinosu Günü” çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”sənədli filmi nümayiş etdirilib.

 

 Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bu ekran əsərinin İkinci Dünya müharibəsində Azərbaycan neftinin qələbənin təmin edilməsində rolu haqqında maraqlı faktlar ortaya qoyduğunu bildirib. Qeyd edib ki, filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən - neft uğrunda döyüş mövqeyindən baxılır. Müharibə zamanı Sovet İttifaqının neftə olan tələbatının 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdü. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bakı və onun “qara qızılı” Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi.

Mirəli Seyidov deyib ki, filmin cəlbedici cəhətlərindən biri indiyədək nümayiş etdirilməyən kinokadrların bərpa olunaraq rəngli formatda təqdim edilməsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film keçən il dünyanın tanınmış “National Geographic” kanalında da göstərilib. Filmin layihə rəhbəri Arzu Əliyeva, prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur. Bakı Media Mərkəzi və fransız kino şirkəti “CC&C”nin birgə çəkdiyi bu film 10 dilə tərcümə olunub, dünyanın bir çox ölkələrində göstərilib.

Sonra filmin nümayişi olub.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

Cümə axşamı, 08 May 2025 16:06

Kanadada “Azərbaycan İrs Günü”

 

Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin 10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm və Vətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatının Azərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrinin Kanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib. Dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfə  Azərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyini bildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçün minnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən söz açıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evinin fəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədə məskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizə hərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, – deyə mərkəzin rəhbəri vurğulayıb.

Tədbirdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto (Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo (Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (Kris Qlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (Kristin Vonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (Andrea Hezel) iştirak ediblər. Onlar mərkəzin böyük işlər gördüyünü, bu işlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldə etdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilə rəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirin təşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi Cəmhur Hüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarla qarşılanıb.

Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasında səsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.

Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türk xalqlarının icma rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızın milli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı, Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühüm işlər görür.

Aşağıdakı linkdən Kanadada “Azərbaycan İrs Günü” adlı tədbirlə bağlı video materialı izləmək mümkündür:

https://youtu.be/Q5YI2Y2Mets?si=7moYP-VmDDgIx4y6

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

BİRİNCİ YAZI

Siyasi hakimiyyətinin hər iki mərhələsində ən yeni Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirən, Müasir Azərbaycanın Memarı kimi tarix yaradan Ulu Öndər Heydər Əliyevin, adı, şərəfli imzası ilə bağlı rəsmi dövlət sənədləri çoxdur. Onun böyük əsksəriyyəti Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunur.

 

İkinci Dünya müharibəsi, Milli diviziyalar, Sovet İttifaqı Qəhrəmanları, ayrı-ayrı illərdə faşizm üzərində qələbənin yubileyləri ilə bağlı sənədlər bütün dövrlərdə sərkərdə-xaqanlar, qəhrəmanlar yetirən Azərbaycan xalqının əzəmətini dünyaya nümayiş etdirir. Birinci fondda, 60-cı siyahıda, 4-cü qutuda qorunan 21-ci iş Azərbaycan KP MK-nın 1973-cü il, 13 mart tarixli Bürosunun qərarını özündə ehtiva edir. Azərbaycan KP MK-nın Birinci katibi Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin 9 may 1973-cü il tarixli əmri ilə abidənin təntənəli açılışı barədə müvafiq nazirliklərə göstəriş verir. Mehdi Hüseynzadənin anadan olmasının 55 illiyinə, faşizm üzərində qələbənin 29-cu ildönümünə təsadüf edən mərasim təkcə Mixaylonun qəhrəmanlığına veriləcək dəyər deyildi. Mixaylo kimi bir qəhrəmanı yetirən ölkənin əzəmətini sübut edirdi. Bu təkcə sübut deyildi. Həm də Ulu Öndər Heydər Əliyevin bir qüdrətli lider, təhlükəsizlik orqanlarında çalışarkən zabit şərəfi ilə general rütbəsinə yüksələn bir sərkərdənin 23 illik mücadiləsinin təntənəsi idi. Mixaylo Vətəndən uzaqda 23 il öncə həlak olsa da, adı Sovet İttifadı Qəhrəmanları sırasında deyildi. Məhz bu qüdrətli şəxsiyyəti, mütəfəkkir dövlət xadimi iradəsi, cəsarəti sayəsində Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Abidəyə çevrilən ömrünün simgəsi, bəlgəsi kimi daşdan, qranitdən boy vermişdi. O gün Bakıda təkcə faşizm üzərində qələbənin 29-cu il dönümü qeyd olunmurdu. O tarixi qələbənin əldə olunmasında mühüm xidmətləri olan bir ölkənin – Azərbaycanın igid oğlunun simasında Məlik şahın dili ilə desək “Biz türklərik, bir ölər, min dirilərik!” nidası ilə Metenin, Atillanın, Alp Arslanın, Əmir Teymurun, Fateh Mehmetin, Qara Yusifin, Ağqoyunlu Həsən bəyin, Şah İsmayıl Xətainin ruhunu cisminə geyib Vətəndən uzaqlarda, çox-çox uzaqlarda qəhrəmanlıq dastanı yazan, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxa qarşı mübarizə aparan, Sloveniyanın azadlıq hərəkatının öndərlərindən birinə çevrilən, 1944-cü il noyabrın 2-də Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak olan, 1939-1945-ci il İkinci Dünya müharibəsi nəşriyyatı tərəfindən Yuqoslaviyanın Milli qəhrəmanı tituluna layiq görülən, 1944-cü il aprelin 2-dən 22-dək gerçəkləşdirdiyi iki nəhəng diversiya aktı ilə müharibənin taleyini həll edən qəhrəmanların arasında yer alan, partizan hərəkatı, diversiya aktları barədə məlumatlar 1941-1945-ci illərin xalq azadlıq xronikasına daxil edilən, 9-cu korpusun 31-ci diviziyası qərargahlarının haqqında məlumatları Belqrad hərbi-tarix institutu tərəfindən dərc edilən, Yuqoslaviyadakı Xalq Azadlıq Ordusu müharibəsi zamanı Xalq Azadlıq hərəkatı haqqında sənədlər toplusunda nümayiş etdirilən qəhrəman idi. Sinəsini səngərlərə sipər, düşmənlərə çəpər edən, ölümü ilə ölümsüzlüyə qovuşub al qanı ilə tarix yazan qəhrəman, həm də qəhrəmanlar yetirən Qəhrəmandı!

 

Heydər Əliyev qəhrəmandı, qəhrəmanları millətə qaytaran Qəhrəman

 

Tarixi mənbələr, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Azərbaycan Respublikası Milli Arxivində qorunan sənədlər də sübut edir ki, ötən əsrin 50-ci illərinə qədər Mehdi Hüseynzadənin qəhrəmanlıqları haqqında məlumatlar ictimaiyyətə açıqlanmayıb. Bütün həyatını milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən Ulu Öndər Heydər Əliyev 50-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən onun vəzifələrinə həm də, İkinci Dünya müharibəsi zamanı faşist qonşuları ilə əməkdaşlıq etmiş şəxslərin təhqiqatı daxil idi. Bu araşdırmalar zamanı Heydər Əliyev Mehdi Hüseynzadənin sənədləri ilə rastlaşır. İlk baxışda bu qeydlər Hüseynzadənin faşist qüvvələrilə əməkdaşlıq etmiş məhbus kimi təsnif edirdi. Tarixi faktlar onu da sübut edir ki, məhz Heydər Əliyevin diqtəsi, iradəsi ilə sənədlər yenidən incələnir, aparılan təhqiqatla sübut edir ki, onun əsir düşərgəsində olmasına, faşist qüvvələri ilə əməkdaşlıq etməsinə baxmayaraq o, Sovet İttifaqına xidmət etmiş, əsl vətənpərvərlik nümunəsi olmuş, partizan hərəkatının aparıcı qüvvələrindən biri kimi yüzlərlə alman zabit və əsgərin sıradan çıxmasına nail olmuş, bu məsələdə onun alman dilini bilməsi və rəssamlıq qabiliyyəti kömək etmişdir. 1956-1957-ci illərə təsadüf edən bu təhqiqat materiallarına qarşı Mərkəzdə Moskvada birmənalı münasibət bəslənilməsə də, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevi inandırıb ki, tarixi ədaləti bərpa etmək üçün kifayət qədər əsas var. Siyasi hakimiyyəti zamanı milli maraqlar naminə mühüm qərarlar alıb cəsarətli addımlar atan İmam Mustafayevin də dəstəyini alandan sonra o dövrün yazılmış qanunları məhz Dövlət Təhlükəsizlik Komitəsinin aparıcı simalarından biri Ulu Öndər tərəfindən pozulur. Belə ki, bu dövrdə SSRİ təhlükəsizlik orqanlarının qarşısına qəhrəmanlar axtarıb tapmaq deyil, düşmən legionlarına qoşunlanları müəyyən etmək kimi vəzifə qoyulmuşdu. Mehdi Hüseynzadə kimi qəhrəmanlığı unudulmuş, daha doğrusu üzərindən xətt çəkilmiş igidlər barədə məsələlər məhz 50-ci illərdən sonra müzakirə, təhqiqat mövzusu olmuşdur.

Mehdi Hüseynzadənin tərcümeyi-halını özündə ehtiva edən rəsmi sənədlər sübut edir ki, həqiqətən də onun Yuqoslaviyanın Xalq Azadlıq Ordusu sıralarındakı fəaliyyəti Sovet İttifaqının rəsmi qurumlarına və elmi-mədəni ictimaiyyətə, hərb tarixinə məlum olmayıb. Yalnız 1956-cı ilin 31 mayında “Krasnaya Zvezda” qəzetində partizan Viktor Sokolovun xatirələrinə əsaslanaraq qələmə alınan “Partizan igidliyi” və yenə də partizan Qriqori Jilyayevin “Mehdi Hüseynzadə haqqında xatirələr” məqaləsi DTK-nin zabitini gərgin axtarışlar nəticəsində əldə etdiyi faktların gerçəkləşdiyini təsdiq etdi. Jiljayevin Azərbaycan SSR EA-nın Tarix İnstitutuna təqdim etdiyi əlyazması əsasında İnstitut çoxsaylı materiallar topladı. Heydər Əliyevin təhqiqatları, nüfuzlu alimlərin elmi dəlilləri əsasında rəsmi sənəd hazırlayan Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Nikita Xruşova məktub ünvanladı. Məxfi qrifi ilə ünvanlanan məktub əsasında “Leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya və İtaliya ərazisində etdiyi qəhrəmanlığını təsdiq edən gizli axtarış aparmağa başlanıldı. F.Kopılov Azərbaycan SSR MK-ya yazırdı: “SSRİ-nin Yuqoslaviyadakı səfirliyi Hüseynzadənin Yuqoslaviya partizan birliyindəki fəaliyyətini araşdırmaq və sənədləşdirmək üçün Yuqoslaviyanın uyğun orqanlarına müraciət etmişdir.

Tarixi faktlar da sübut edir ki, araşdırılan Mehdi Hüseynzadənin rəşadətini sübut edən faktlarla, rəsmi sənədlərlə yekunlaşdı. Yuqoslaviya tərəfindən təqdim olunan sənədlərin sırasında yerli sakinlərin, Mixaylonu xilaskarı kimi yaddaşlarına yazan insanların xatirələrinin yer alması SSRİ Ali Soveti Rəyasət Heyətinin tarixi, özü də ədalətli qərar alması ilə nəticələndi. SSRİ Ali Soetinin Rəyasət heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hənifə oğlu Hüseynzadə 39 yaşında, həlak olmasından 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

Cümə axşamı, 08 May 2025 13:00

BİRİ İKİSİNDƏ -Aysel Fikrətin şeirləri

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Aysel Fikrətin şeirləri təqdim edilir.

 

 Aysel FİKRƏT

 

 

YAĞIŞ

 

Bu gün yağma desəm sənə, ey yağış,

Bu gün yağma, gözüm göyün yuvası.

Bu gün göydə buludları dincəldin,

Çəmənləri göz yaşlarım suvarsın.

 

Qoy mən yağım bu il solan torpağa,

Qoy mən olum bu il yağış, nə olar.

Mən torpağın bacısıyam bu ildən,

İncə-incə yağsam, bilənmi olar?

 

Sıxma mənim ürəyimi sən, yağış,

Bu il az et leysanını, ahını,

Bəs deyilmi göz yaşlarım cahana,

Al özünlə saçlarımın ağını,

Əvəzində yağışlığı ver mənə...

 

 TƏLƏSƏN ŞEİR

 

Həftə də bitəcək, gün də bitəcək,

Ömür də bitəcək. Nə tələsirsən?

Dəlisov küləyə dönüb duman da

Ruhumun içində hara əsirsən?

 

Nədən anlamırsan, gözlərəm səni,

Nədən düşünmürsən, ömür qısadı.

Hara tələsirsən, kimdən qaçırsan?

Salamı, savabı niyə kəsirsən?

 

Bax, yanır canımda odun, alovun,

Yığılıb laləsi çəkdiyin dağın.

Dərib güllərini sevgi bağının

Ovcunun içində niyə əzirsən?

 

Məgər anlamırsan, insan bir kərə

Yorulur bir kərə, solur bir kərə,

Hayana qovsan da, ömrü min kərə,

Canımın içində dusdaq, əsirsən!!

 

Həftə də bitəcək, gün də bitəcək,

Ömür də bitəcək. Nə tələsirsən?

Dəlisov küləyə dönüb duman da,

Ruhumun içində hara əsirsən?

 

 ZAMAN

 

 Zaman kəsiyində itib getmişəm,

Məni görən olsa, deyin ki, sağam.

Hələ öz gözümdə balaca bir iz,

Özgələr gözündə qocaman dağam.

 

Ürəyim bir quru sözə bənd, kövrək,

Dilim acı olur, soyuq buz kəsir.

Hər səhər evimin içində həsrət,

Dəli külək kimi dörd yana əsir.

 

Gülüşüm üç-dörd il öncə yox oldu,

Son güldüyü anı var yaddaşımda.

Mənim bu ömrümün xəmiri boşdur,

Nəsə çatışmayıb təməl daşında.

 

Bir az sevgi gəzdim xarabazarda,

Bir az doğmalarım getdi, ağladım.

Hər gün bir kədərin əlindən tutdum,

Düyüntək yolları bükdüm, bağladım.

 

Qalmışam şad-xürrəm, gözəl çağında,

Yatmışam anamın doğma dizində.

Məni zaman salıb itirdi yolda,

Nə göydə günah var, nə Yer üzündə.

 

Zaman kəsiyində itib getmişəm,

Məni görən olsa, deyin ki, sağam.

Hələ öz gözümdə balaca bir iz,

Özgələr gözündə qocaman dağam.

 

 OYUNCAQ EV

 

 Dükanda oyuncaq ev gördüm bu gün,

Bir anda gümanım min yerə getdi,

Demədim, ay Allah, bir evim olsun,

Bu dəfə diləyi bir başqa etdim.

 

Baxınca oyuncaq ev fiquruna,

Gözümə nənəmin evi göründü.

Xəyal balalara çox soyuq idi,

Qocalar yun ipək şala büründü.

 

Boran, qar içində isidən məni,

Tüstüsü başından çıxan bacadı,

Bu cürə yoxsulluq içində cənnət,

Gözümə dəymirdi gör bir hacandi.

 

Vitrində oyuncaq ev fiqurunu

Evsiz-eşiksizlər alıb apardı.

Bütün daxmaların isiği yansın,

Dunya özü paslı, evsiz açardı.

 

Dükanda oyuncaq ev gördüm bu gün,

İçində yaşayıb ölmək istədim.

Bu əsl dünyadan təməlli gedib

Oyuncaq qapını döymək istədim.

 

DƏNİZİM

 

Dəniz yenə dalğalı, nəsə sözü var mənə,

Qağayılar didişir bir qırıq çörək üstə.

Sən də gendə dayanıb özgə ulduzu sayma,

Məndən qağayı olub bir qırıq çörək istə.

 

Yağış ol, ya da bulud, bir duruşdan anlaram,

Qışda salxım buza dön, pəncərəmdə keşik çək.

Xəyalımin içində yaşlanmaqdan doymadın?

Çıx bir az təbiətə sevgimizdən şəkil çək.

 

Bürü yeri, göyü sən alabəzək Laləyə,

Lalələri çələng hör, saçlarıma bağlayım.

Hərdən yoxluğun ilə barışıram, bilirsən,

Hərdən görün gözümə qucaqlayım, ağlayım.

 

Yuxuma da gəlirsən, tox dururam yuxudan,

Sevgin neçə var olan həqiqətdən əzizdir.

Mən səni dərməyəcəm bu qarışıq dünyadan,

Qağayı ol, yağış ol, dənizim ol, bəsimdir.

 

 QORXU

 

Qorxuram dünyadan köçən günümdə,

Dünyanı görmədim desəm, gülərlər.

Allahdan özgəsi bilməyən dərdi

Gözümün yaşından sezib bilərlər.

 

Sevgidən, ağrıdan uydurub şeir,

Kağızdan göy çəkdim, günəşi oldum.

Baxıram son eşqin ucsuz yoluna

Görünür, insan yox, mən elə yoldum.

 

 ZİRZƏMİ

 

Bir qaranlıq zirzəmidə başlandı,

Balıq ola bilmədi dənizə düşüb üzə.

Sıra boyu kitablardır dörd tərəf,

Qalmış idik zaman ilə üz-üzə.

 

Zaman dedi, bu gün, bu vaxt yaxşıdı,

Ömür dedi, gecdi daha, dağılın.

Ürəyimə damdı onda puç düşür

Göydən yerə ulduzu son nağılın.

 

Sonra bir az vərəqlədim həsrəti,

Adət ilə yağış düşdü, qar oldu,

Sonra bir az sevgim durdu, həsdədi,

Birdən yenə göyün üzü qaraldı.

 

Bir tərəfdə qurbanlıq quzuları,

Bağlamışdı tut ağacı özünə.

O quzunun biri mənə tanışdı,

Sevgim onu bənzədirdi özünə.

 

Anlamırdım səssizliyin hüznünü,

Ürəyimi belə sıxan nə idi.

Çox yad idi pillələri bu evin,

Burda doğma tək mən idim, mən idim.

 

Yaşananlar yuxudaydı, deyəsən,

Sən də vardın boz divarlı yuxuda.

Oyandıqda tovşüyürdü ayrılıq,

Bitdi onu gördüyüm son yuxu da.

 

YAZ HAVASITƏK

 

Boz evin balaca pəncərəsindən

Dolub ürəyimə yaz havasıtək

Allah nə gizlədir, görəsən, məndən,

Ruhum niyə dinir saz havasıtək.

 

Kim enib göylərdən onun əliylə,

Gözümün yaşını belə qurudur?

Bütün olanların haqqı ödənir,

Ürəyim olanı nədən unudur?

 

Daha belə getsə, düşmən də qalmaz,

Əriyər zamanda ötən qatarda,

Bir az da xoşbəxtlik enər göylərdən,

Sevincə başımı bu cür qatanda.

 

Həmişə kədərdə gizlənmək olmur,

Həmişə şeirdən evcik qurmaram.

Bir gün də özümün ürəyi gülər,

Gülməkçün gözümü sıxıb yormaram.

 

Nə yaman sakitəm bu gün, nə yaman,

Olmaz da olacaq kimi görünür.

Ürəyim bu cürə aram olmayıb,

Sakitcə, səssizcə, rahat döyünür.

 

Yenə nə düşünüb Allah mənimçün,

Yenə sevgisini kimə bürüyüb?

Yaman doğma gəlir, yaman tanışdı,

Hələ bilmədiyim eşqlə büyülü.

 

Bürünüb göy üzü sakitliyimə,

Saçımı küləyin mehi bəzədi.

Köhnə ürəyimin yarası üstdə,

Sevgi qığılcımı yenə təzədi.

 

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

Cümə axşamı, 08 May 2025 15:03

Vətəni tərənnüm edən Yaqut xanım...

Bəsti Cəfərzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

Yaqut Tofiq qızı Nuriyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub və orta təhsilini burada alıb. 1995-ci ildə ailə həyatı qursa da sonra təkbaşına 3 övladını böyüdüb. Yaqut xanımın bir çox bacarıqları var, amma onun əsas sənəti dərzilik olub. Özü dediyi kimi, 27 ildən çoxdur ki, bu sənətlə məşğuldu.

 

Dərzilik oturaq, çətin peşə olsa da Yaqut xanım işindən bezmir. Deyir ki, mən balalarımı bu işlə böyütmüşəm. Ancaq o tək dərzilik etməklə kifayətlənməyib. Dediyim kimi, onun başqa bacarıqları da var. O, rəssamlıq və heykəltaraşlıqla da çiddi məşğul olur. Özü dediyi kimi, dünyaya rəssam kimi gəlib. Uşaq yaşlarından bu günə qədər xoşuna gələnlərin rəsmini çəkə-çəkə böyüyüb. Rəssamlıq onun həyatda dolanışıq üçün pul qazanmaq yox, hobbisidi. Yaqut xanım çox bacarıqlı və istedadlı qadındı. Özünəməxsus fantaziyaları və əl qabiliyyəti var. Hazırda heykəltaraşlıq sənətinə daha çox üstünlük verir. Bu işə 7 il öncə başlayıb.

Yaqut xanımın bir sözü məni çox təsirləndirdi. O, sevdiyi işindən danışarkən arada köks ötürüb deyir ki, heyif, ali təhsilim yoxdu. Ali təhsilim olmadığına görə indiyədək istədiklərimi, arzularımı həyata keçirə bilməmişəm… 

Yaqut xanım rəssamlıq və heykəltaraşlıq sənətinin incəliklərinə yiyələnmək üçün gecəsini gündüzünə qatıb və bu işi özününküləşdirib. Bu zəhmətkeş insan ona bəxş edilən bacarıqlara görə həmişə Allaha şükürlər edir və ona verilən isdedadı dəyərləndirib qədrini bilməyə çalışır. Yaqut xanımının nəzərində öz işinlə vətənə xidmət etmək hər arzudan üstündür. O, bunu təkcə düşünmür, həm də həyata keçirməyə çalışır. Onun əl işlərinə biganə qalmaq olmur. Bu insanın düşüncələri, düzəldib quruluş verdiyi sənət əsərlərində öz əksini tapır. O, düzəltdiyi maketlərə, eksponatlara, fiqurlara, çəkdiyi rəsmlərə baxanları düşündürür. Onun bacarığına, işinə heyran olanlardan biri də mənəm.

Yaqut xanım hazırladığı əl işlərinin satışını da özü edir. Əvvəlcə onların telefonla şəklini çəkib, əl işlərini reklam etmək üçün müxtəlif sosial şəbəkə səhifələrində yerləşdirir. Onun nəinki yaşadığı Mingəçevir şəhərindən, başqa rayonlardan da xeyli sifarişləri olur. Ona sifariş veriləndə deyir ki, həmin gecə yuxu gözünə getmir. Səhərə qədər o işin üzərində çalışır ki, heç bir qüsuru olmasın. Ona görə də, Ağdamdan, Yevlaxdan, Kürdəmirdən, Tərtərdən, Goranboydan, Bərdədən çox sifarişləri olur. Sifarişləri olanda daha da ruhlanır, həvəslənir. Deyir ki, nə yaxşı bu sənəti öyrənmişəm. Heykəltaraşlıq işinə başladığı gündən, bu vaxta qədər əl işlərini daha çox dost-tanışa hədiyyə eləyib. Ən çox da onları uşaqlara hədiyyə edəndə sevinir. 

Heykəltaraş xanımın hazırladığı Ulu öndərimiz Heydər Əliyevin büstü çoxlarının marağına səbəb olub. Məkkə şəhərindəki müqəddəs Kəbə evinin fiquru da çox bəyənilir. Yaqut xanım ən çox Qarabağı işğaldan azad edən, bu yolda canlarını fəda edən igid, qəhrəman vətən oğullarının, şəhidlərimizin maketlərini hazırlayır. O, hər bir maketi özünəməxsus duruşda, görünüşdə elə real şəkildə hazırlayır ki, bu maketlərə baxanda düşünürsən sanki, qarşında həmin qəhrəman dayanıb. Yaqut xanımın ən çox hazırladığı işlərdən biri də milli atributlarımızdı. O, qürurumuz olan üçrəngli bayrağımızın maketini hazırlayır. Bayrağımızı həm də, ipək parçalardan tikir. Səkkizguşəli ulduz fiqurları isə onun sevimli əl işlərindən biridi. Mənfur düşmənimizin başını əzən Dəmir yumruq fiquru da təqdirəlayiq alınıb. Qəhrəman şəhərimiz Şuşada bitən, əfsanəvi Xarıbülbül fiqurlarını da çox sayda düzəldir. Deyir ki, hazırda bunlar daha çox marağa səbəb olur və satılır. 

Milli bayramlarımızda Yaqut xanımın əl işlərindən ibarət sərgilər keçirilir. Bura toplaşan insanlar istər azərbaycanlı, istərsə də, başqa ölkələrin nümayəndələri olsun, sərgidə gördükləri bu gözəl sənət əsərlərinə çox diqqət yetirirlər. Onlar bu maraqlı əl işlərinə heyranlıqla tamaşa edir və onlardan gözlərini çəkə bilmirlər. Şəhidlərimizə aid əsərləri hər kəsin marağına səbəb olur. Xarici vətəndaşlar onlara toxunur və o eksponatları çox bəyənirlər. “Dəvə karvanı” adlı əsər də öz quruluş və rəngləri ilə diqqət mərkəzinə çevrilir. Milli bayramlarımıza aid əl işləri baxanların gözünü oxşayır. 

Qeyd edim ki, Yaqut xanımın axırıncı sərgisi bu il Novruz bayramından əvvəl olub. 

Bu gözəl işində ona uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2025)

 

 

 

89 -dən səhifə 2261

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.