Ən son ölən ümidlərdirmi? – MƏŞHUR ROMANA SÖZARDI Featured

Təranə Dəmir, şair, publisist

 

“Ədəbiyyat və incəsənət”in Ədəbi tənqid bölümündə müstəqil Azərbaycanda rəsmən ən böyük tirajla çıxan və ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı barədə danışılacaq. Romanın müəllifi Varis, yazının müəllifi Təranə Dəmirdir.

 

İnsan günahlarına bəhanə donu geyindirə-geyindirə, tutduğu əməllərə (pis, ya yaxşı?) peşman ola-ol, zamana və çəkdiyi əzablara məhəl qoymadan, dayanmadan adını da bilmədiyi məchulluğa sarı irəliləyir həmişə. Ürəklə, ya ürəksiz, fərq etməz. Onsuz da zaman özü itələyib aparır hər kəsi, heç vaxt görmədiyi o müəmmaya tərəf. Yolun sonunda nə var, nə yox, bircə o yolun yolçuları bilir.

Bəs orda bütün qapılar üzünə açılacaqmı hər kəsin? Bəlkə elə o qapıdan o yandadı xoşbəxtlik? Bəlkə sonda başlayır hər şey… Bəlkə də...


Varisin ”Sonuncu ölən ümidlərdi” romanının qəhrəmanları da məhz işıqla qaranlığın çarpışmasında özünü axtaranlardandı (həm də itirənlərdən). Yəni hər şeyə rəğmən, nə olursa olsun ümidlə sabahı gözləyənlərdəndilər...

İmzası oxuculara yaxşı tanış olan Varis bu romanda da öz dəst -xəttinə sadiqdi.
Maraqlıdı, əsəri oxuduqca birinci müəllifin iç dünyasına səyahət edirəm. Əslində əsərin fonunda əvvəlcə müəllifi oxumağa, anlamağa çalışıram. Tanımaq istəyirəm yazarı (daxilən). Bu heç də çətin olmur. Dupduru, içi sevgiylə dolu, hər qaranlıqda bapbalaca işıq axtaran, bütün çətinlikləri məhz o işığın eşqiylə dəf etməyə çalışan bir ədib gəlir gözümün önünə. Müəllif yazını yazmır sanki, bütün obrazlarında özünü yaşayır. Hadisələrin arxasında gizlənmir. Özünü olduğu kimi təqdim edir. Çünki səmimidi. Riyanı, boyanı sevmir. Boğazdan yuxarı heç nə yoxdu bu romanda. Oxucunu aldatmır, inandırır. Əsəri oxuduqca qəhrəmanlarla birgə yazarın da necə çətinliklərlə üzləşdiyinin şahidi olursan. Başa düşürsən ki, bütün hallarda yazıçı obrazlarla birgə addımlayır. Hərdən qınanır, hərdən alqışlanır … Burda hər şey təbiidi. Ona görə də oxucu düşünə və qərar verə bilir.
Bu romanda bütün bəşəri duyğular var. Məhz buna görə də bu əsər geniş oxucu kütləsi qazanıb, təkrar -təkrar dərc olunub, təkrar -təkrar oxunub. Özü də oxucunu yormadan, usandırmadan. İnformasiyanın və söz bolluğunun həddən çox olduğu bir vaxtda əsərin bu qədər əks -səda verməsi və sevilməsi də bir növ yazıçının uğurudu. Varis buna öz səmimiyyəti və qeyri -adi peşəkarlığı ilə nail olub. Eyni zamanda ədəbi axtarışları, işgüzarlığı, əzm , potensialı da ona çox kömək edib.
Kitabsevənəm. Əsərlərin içində böyümüşəm. Antik ədəbiyyatdan tutmuş dünya klassiklərinə qədər çeşid -çeşid əsərlər gözümün işığından keçib. Bu çağacan uzun uzadı təhlillərim, qənaətlərim olub. Amma son vaxtlar ədəbi yaradıcılığımla və zaman qıtlığı ilə əlaqədar mütaliəmdə müəyyən fasilə yaranmışdı. Bu əsər məni təzədən özümə qaytardı.
Mən oxucuydum, özü də təcrübəli oxucuydum.
Varis məni inandırmağı və düşündürməyi bacarmışdı. Özümü kitabın bir parçası hesab edirdim, kövrəlirdim, acıqlanırdım, küsürdüm, barışırdım. Bir sözlə, düşmüşdüm burdakı qəhrəmanların arxasınca, qarabaqara izləyirdim onları. Hadisələr məni də ağuşuna alıb aparmışdı. Real aləmdən qopmuşdum. Artıq mən də bir iştirakçıydım. Səbirsizliklə hadisələrin nə ilə nəticələnəcəyini gözləyirdim.
Qeyd edim ki, roman -
“Sonuncu ölən imidlərdi” iki fəsildən ibarətdi. Birinci fəsil – “Ayrılıqdan əvvəl” 41 hissəlidir. “Ayrılıqdan sonra” isə əsərin ikinci fəslidi və 27 hissəlidi. Müəllif son dərəcə maraqlı ad fikirləşib. Hər hissə də ayrı -ayrı müəlliflərdən bir şeir nümunəsiylə başlayır. Burda da yazıçı orijinallığını qoruyub saxlayır. Poeziyanı nəsrlə rövnəqləndirmək ideyası da çox maraqlıdı zənnimcə. Çox gözəl düşünülüb. Oxucunun könlünü əvvəlcə şeirlə alır, sonra da yeni hadisələrlə üz-üzə qoyur Varis.
Əgər əsər bu boyda söz bolluğunda və zaman qıtlığında oxucunun dincliyini əlindən ala bilirsə, işin, gücün arasında fikrin kitabın, qəhrəmanların yanında qalırsa, demək yazar öz işinin öhdəsindən bacarıqla gəlib.
Əsərin qəhrəmanları Nailə də, İlqar da, Səidə də,
Abbas da, Şölə də əslində ümumiləşmiş obrazdı. Amma yazıçı elə əminliklə təsvir edir ki, oxucu elə bilir, yazıçı hansısa konkret bir yaşantıdan bəhs edir.
Obrazların hərəsinin öz dili var, biri o birini təkrarlamır. Bir ictimai quruluşun digər ictimai quruluşla əvəz edildiyi bir vaxtda, çaşqınlığın içində itib -batan, kapitalizmin sərt üzüylə qarşılaşan insanların keçirdikləri hiss- həyacan elə gözəl və obrazlı şəkildə təsvir olunub ki, adam bu əsərin müəllif təxəyyülünün məhsulu olmasına da inanmır. Sevgi, ayrılıq, həsrət
, nifrət, göz yaşı elə canlı təsvir edilib ki, bu duyğuların sadəcə yazıçı düşüncəsindən süzülüb gəlməsinə inana bilmirsən. Bəlkə də həyatın astar üzü olduğu üçün ordakı hadisələr də adama ögey gəlmir. Problemlər, qayğılar, xəyanətlər, ağrılar hamısı tanışdı adama. Əsəri oxuyan heç bir qadın Nailənin yerinə olmaq istəməz. Demək, yazıçı qəhrəmanının diliylə ictimaiyyətə mesaj göndərir.

Onun qəhrəmanı sevir. Amma bu sevginin içində yersiz şəhvət, intiqam hissi, vaxtından öncə qərar vermək, səbrsizlik, qorxu da hökmranlıq edir. Nailə ilk addımından səhvə yol verir və bir səhvdən başqa səhv doğulur. Sonra bir də, bir də və gözünü açıb görür ki, nəhayətsiz bir burulğanın içindədi. Əl atıb nədənsə yapışmaq istədikcə bir az da uçuruma yuvarlanır. Səhvlər təkrarlandıqca bir az da özündən uzaqlaşır. Nəhayət özünü uçurumun dibində görəndə dayanır və o zaman da artıq gecdi. Demək, Nailə xaraktercə çox da güclü obraz deyil. Oxucu Nailəni qınayır, eyni zamanda ona rəhmi də gəlir. Onu bu vəziyyətə salan insanlara, zamana hökm oxuyan da olur. Hərə öz pəncərəsindən baxır Varisin həyat həqiqətinə və nəticədə heç nə dəyişmir. Yazıçı obrazları və hadisələri olduğu kimi təqdim edir və oxucunun gözünü boyamır. Axı ətrafımızda hər gün yüzlərlə belə hadisələr olur. Bizdən xəbərsiz və ya göz görə -görə. Həqiqətlərə peşəkarcasına yanaşmaq və onu sözə çevirməksə elə də asan deyil. Varis bunu gözəl bacarıb zənnimcə. Onun qəhrəmanları sevir, amma sonacan bu sevginin arxasında dayana bilmirlər. Çünki zəifdilər. Bu zəiflikdən istifadə edənlər də onların taleyini özlərinə uyğun şəkildə həll edir. İlqar sevir, amma sahiblənə bilmir. Çünki qarşısını övladlıq missiyası kəsir və eyni zamanda kapitaldan asılılıq hissi. Burda ictimai qınaq da var və sonda məğlubiyyət!
Onun qəhrəmanları əzab çəkir, amma çıxış yolu axtarıb tapmağa cəhd etmirlər.
Varis qəhrəmanlarını müxtəlif çətinliklərlə üz -üzə qoyur, sınayır, əzib-tökür bir sözlə. Hər dəfə bir xüsusiyyətini oxucuya göstərir. Əslində yazıçıya görə oxucu özü qərar verməlidi. Axı o, eyni zamanda məchulluğu sevir.
Amma Varis oxucunu sonacan inandırır ki, hardasa bir işıq var və bu işığa çatmaq hər kəsin iradəsindən, gücündən və istəyindən asılıdı.
Qarmaqarışıq hisslərin içində eyni zamanda bəşəri sevgi də var.
Bəlkə elə bu sevgidi bütün qaranlıqları işığa çıxaran, bütün çirkabları yuyub aparan. Məncə burda da yazıçının işığı düşür zülmətin gözünə. Könül işığından danışıram. Oxucu qəhrəmanları, elə dolayısı yolla yazıçını da qınayır, amma bu qınağın bir bəraət tərəfi də var axı. Bu da bir başqa uğurdu. Demək, yazıçı həqiqətlərə yalan donu geyindirib oxucunun gözünü qamaşdırmır.

Müəllif oxucunu təmkinli və səbrli olmağa çağırır. Eyni zamanda öyrədir ki, hisslə yox, ağılla hərəkət etmək lazımdı. Hər şeyin başında məhz böyük intiqam hissi dayandığı üçün Nailə çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Nəticədə səhv səhv dalınca gəlir. Onun günah payından İlqara, atasına, dostuna və başqalarına düşsə də bu onu məsuliyyətdən xilas etmir. Ən böyük cəzanı özü çəkir. Nailə özü də biilmədən çox böyük səhvlər (əslində günahlar) edir və bu səhvlər (günahlar) onu uçuruma aparır. Anlayır ki, özü qazdığı quyudan daha heç kim onu çıxara bilməz.
Bəs ilqar? Onu necə xarakterizə edib yazıçı?
İlqar valideyn nəzarətindən çıxa bilməyən, öz fikri və arzuları üçün mübarizə edə bilməyən aciz gəncdi. Sevsə də bütün məsuliyyəti öz boynundan atan, kapitala yenilən, zamanla ayaqlaşmağa çalışan və mübarizə etmədən məğlub olan bir natamam obrazdı. Sonacan tamamlanmır bu obraz. Bu natamamlıq Nailəni və bütövlükdə neçə taleyi yarıda qoyur. İlqar acizdi. Sevgisə acizliyi və qorxaqlığı sevmir. Nailə ondan daha dinamik və daha çılğın obrazdı. Bəlkə də Nailə intiqam və qisas hissindən uzaq olsaydı daha mübariz obraz kimi yadda qalardı. Amma cəmiyyətdə o qədər belə hadisələrlə üzləşırik ki, bəlkə də yazıçı bu obrazların diliylə oxucunu daha ehtiyyatlı olmağa və daha tədbirli davranmağa çağırır.

Yazıçının bir uğuru da odur ki, əsərdə obrazları öz dilində danışdırmağı bacarır. Biri o birini təkrarlamır. Hamısının iç dünyasını öz diliylə oxucuya çatdırır. Bu da böyük ustalıq tələb edir.
Əsərdəki ardıcıllıq və sujetdən çıxmamaq bacarığı da bizi, yəni oxucunu qane edir. Mənə elə gəlir ki, Varis səmimi hisslərinin göstəricisi olduğu üçün bu roman belə geniş oxucu auditoriyası qazanıb. Əslində yazıçı obrazların diliylə özü danışır, inandırır və hər vəchlə məğlubiyyətdən uzaq olmağa çalışır. Onunçun nə olursa olsun, ümid həmişə var və müəllif bütün əsər boyu bu ümidin əlindən tutub yeriyir. Romanda kapitalizmin fəsadları, reallıqlar, sinfi ayrı -seçkilik, təbəqələşmə, o dövrün ictimai-siyasi quruluşu, çətinliklər, təlatümlər çox ustalıqla təsvir edilib.
Ən sonda isə yazıçı qəhrəmanlarını islah etməyə və bütün günahlarından arınıb paklanmağa çağırır. Nə qədər bacarırsa, bunu yalnız oxucu bilər.

Mənsə sevgiqarışıq bütün hisslərin və duyğuların məcmusundan ibarət olan bu əsəri böyük ümidlə sabahda gözləyirəm. Ümidimiz sönməsin.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.