
Super User
"Küçələrə su səpmişəm" mahnısının unudulmaq istənilən gerçək tarixi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycan xalq musiqisinin incilərindən olan "Küçələrə su səpmişəm" mahnısı illərdir sevgi və həsrət ifadəsi kimi dillər əzbəri olub. Lakin bu məşhur xalq mahnısının tarixinə diqqətlə nəzər saldıqda onun təkcə lirik duyğuların deyil, həm də bir dövrün ictimai-siyasi gerçəkliyinin daşıyıcısı olduğunu görürük.
Görkəmli yazıçı Manaf Süleymanov öz kitabında bu mahnının əslində 1918-ci ildə Bakını erməni-bolşevik işğalından xilas etmək üçün gələn Qafqaz İslam Ordusuna — yəni türk əsgərlərinə həsr olunduğunu yazır. Bolşevik və daşnak birləşmələrinin törətdiyi qırğınlardan sonra xalqın ümid yeri olan türk ordusu Bakıya daxil olarkən, insanlar onları böyük ehtiramla qarşılayır, sevinc və minnətdarlıq hisslərini ifadə etmək üçün bu mahnını oxuyurdular:
*Küçələrə su səpmişəm,*
*Türk gələndə toz olmasın.*
*Elə gəlsin, elə getsin,*
*Aramızda söz olmasın.*
Burada "türk" sözü sadəcə bir etnik kimlik deyil, həm də xilaskar, qardaş və ümid simvoludur. "Aramızda söz olmasın" ifadəsi isə ilk vaxtlar Bakını azad edən Nuru Paşanın və silahdaşlarının Azərbaycan Xalq Cümhuriyyətini rəsmi dövlət kimi tanımamasına etiraz olaraq yaranıb. Azərbaycanda sovet hakimiyyəti illərində isə "türk" kimliyinə qarşı aparılan sistemli ideoloji təzyiqlər nəticəsində bu söz həm rəsmi sənədlərdən, həm dərsliklərdən, həm də bədii irsdən silinməyə başlandı. Nəticədə, bir çox xalq mahnısı və ədəbiyyat nümunələri "redaktə" adı altında təhrif olundu.
Sovet senzurası şəraitində "türk" sözünün xalq yaddaşından silinməsi üçün mahnılar da dəyişdirildi. "Küçələrə su səpmişəm" mahnısında da "türk" sözü çıxarılaraq yerinə "yar" ifadəsi gətirildi. Beləliklə, mahiyyətcə ictimai və tarixi məzmun daşıyan bir mahnı sevgi nəğməsinə çevrildi:
*Küçələrə su səpmişəm,*
*Yar gələndə toz olmasın.*
*Elə gəlsin, elə getsin,*
*Aramızda söz olmasın.*
Bu, sadəcə bir sözün dəyişdirilməsi deyildi. Bu, bir xalqın yaddaşına, tarixi şüuruna edilən müdaxilə idi. Maraq doğuran məqamlardan biri də odur ki, təkcə bu mahnı deyil, başqa mahnılar da eyni aqibəti yaşayıb. Məsələn, xalq arasında "Türk gözəli" adı ilə məşhurlaşan bir başqa mahnı bəzi məcmuələrdə "Kürd qızı" kimi təqdim olunub. Halbuki xalq arasında bu mahnı "türk gözəli" kimi tanınıb və ifa edilib.
Bütün bunlar göstərir ki, xalq yaradıcılığı da tarix qədər ideoloji təsirə məruz qala bilər. Ancaq xalqın yaddaşı güclüdür. Mahnıların orijinal variantları illər boyu sinədən-sinəyə keçərək bu günümüzə qədər gəlib çatıb. İndi bu həqiqətləri üzə çıxarmaq, təhrif olunan mədəni irsimizi bərpa etmək həm alimlərin, həm musiqiçilərin, həm də hər bir vətəndaşın borcudur.
Şəkildə: 1918-ci ilin 15 sentyabrı, Bakı. Əhali küçələrdən, eyvanlardan xilaskar Qafqaz İslam Ordusunun əsgərlərini alqışlayır. Küçələrə su səpirlər ki, türk gələndə to olmasın…
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Yazıçılar Birliyində “Səhra Qartalı” kitabının təqdimatı keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Yazıçılar Birliyində Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyinə və dünya şöhrətli rus yazıçısı M.A.Şoloxovun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş “Səhra qartalı” kitabının təqdimat mərasimini keçirdi.
Kitabın müəllifi M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tanınmış yazıçı-publisist, politoloq, AYB və AJB-nin üzvü, ölkəşünaslıq, dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı soxsaylı kitabların, tədqiqat yazılarının müəllifi Reyhan Mirzəzadədir.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, öncə Böyük Vətən müharibəsində qərəmanlıqla həlak olan və 80 il öncə bizə Qələbə sevincini bəxş edən, Qarabağ uğrunda canlarından keçən igid şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, ömrünün ən gözəl çağlarını müharibə alovlarında, mübarizə meydanlarında keçirən görkəmli rus yazıçısı, jurnalisti, hərbi müxbiri, ictimai-siyasi xadımı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı M.A. Şoloxovun anadan olmasının 120 illiyi Böyük Vətən müharibəsində qazanılan 9 may Qələbəsinin 80 illiyinə təsadüf edir. Bu dünya şöhrətli yazıçının taleyi uşaqlıqdan ömrünün sonuna qədər iki müharibə, xeyli qarşıdurmaların, siyasi toqquşmaların illərindən keçib. Yazıçı 1941-1945-ci illər alman faşizmə qarşı mübarizədə Böyük Vətən müharibəsinin fəal iştirakçısı olub, mükəmməl döyüş yolu keçərək vuruşlarını, onların nəticələrini tarixi səhifələrinə, kitablara köçürüb. Bildiyimiz kimi, Azərbaycan Böyük Vətən müharibəsinə 700 mindən çox oğul və qız göndərmişdi. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye məhsulları cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Bu barədə Ümümmilli Lider Heydər Əliyev demişdir: “Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqı da öz sanballı töhvəsini vermişdir”. Ulu Öndər müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmiş, onların xidmətlərini çox yüksək qiymətləndirmişdir. Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadə çıxışında dedi ki, İkinci dünya müharibəsi bəşər tarixində ən ağır hadisələrdən biridir. Faşizm bir xalqın ideologiyası deyil, faşizm insanlığa aid olmayan, amma insan simasında olan kütlənin ideologiyasıdır. Biz faşizmi Ermənistanın Azərbaycan üzərində təcavüzündə gördük, Xocalı faciəsində gördük, torpaqlarımızın 30 il işğalında gördük, minlərlə dinc əhalinin qətlə yetirilməsində gördük. Bəşəriyyət güc tapdı və faşizmə qalib gəldi. Böyük Vətən müharibəsindəki faşizm üzərində Qələbədə Bakı neftinin böyük rolu olmuşdur. Bakının qəhramanlığı Qələbədə böyük rol oynayıb. Azərbaycan qəhramanlarının adını Ulu Öndər Heydər Əliyev əbədiləşdirib.
Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun bacısı qızı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məsul əməkdaşı, şərqşünas Zemfira Qurbanova bildirdi ki, 1945-ci ildə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilərkən o demişdir: “Bu ulduz mənim deyil, əsgərlərimin və bütün xalqımındır”. O 195-ci diviziyanın 781-ci atıcı alayında xidmət edirdi və 1945-ci ilin yanvarlnda Almaniyanın Şərqi Prussiya bölgəsində gedən ağır döyüşlər zamanı böyük şücaət göstərmişdi, onun komandiri olduğu bölmə Tilzit şəhəri istiqamətində hücuma keçdi. Bu hücum zamanı o, 20-dən çox alman əsgərinin məhv etdi, 3 dəfə yaralansa da, döyüş meydanını tərk etməyib və döyüşü davam etdirdi. Məhz bu döyüşdəki qəhrəmanlığına görə ona 11 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi”.
Veteranlar Şurasının məsul əməkdaşı, ehtiyyatda olan polkovnik Adil Ələkbərov qeyd etdi ki, atam Böyük Vətən müharibəsində 4 il vuruşub, mən isə Qarabağ müharibələrində iştirak etmişəm, 9 il döyüşmüşəm, 2 dəfə yaralanmışam, amma bir də ömrüm olsa yenə də gedib döyüşərəm, Azərbaycan xalqının qazandığı Qələbə bütün dünya dövlətləri qarşısında başımızı uca etdi. Ali Baş Komandanın idarəetmə üsulu öyrənilir, bizim ordumuzun döyüş hazırlıqlarını dünya orduları öyrənib tətbiq edirlər. Mən Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləyirəm və hamımızın onun ətrafında biləşməyimizi istəyirəm.
Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov çıxış edərək bildirdi ki, Böyük Vətən müharibəsi sovet xalqlarının birliyinin, fədakarlığının və qəhrəmanlığının simvoludur. Müharibədə qazanılan Qələbə milyonlarla insanın həyatını itirməsi hesabına başa gəlib və bu xalqların iradəsinin, sevgisinin təcəssümüdür. Sizin bu kitabınız və digər kitablarınız gələcək nəsillər üçün böyük örnəkdir.
Milli Məclisin deputatı Mixail Zabelin çıxışında qeyd etdi ki, xalqımız bu Qələbədə çoxşaxəli rol oynamışdı, əsas da üç sahədə – orduda, cəbhənin neftlə təminatında, mənəvi və ədəbi sahədə. 300 mindən çox insan döyüşlərdə həlak olmuşdu. Bakı nefti Sovet ordusunun texnikası, təyyarələri üçün həyati əhəmiyyət daşıyırdı. Buna görə də Bakı “cəbhənin yanacaq anbarı” adlandırılırdı. Qadınlar və yaşlılar fabrik və təsərrüfatlarda çalışaraq orduya yardım göstərirdilər. Azərbaycan yazıçıları, şairləri, mədəniyyət xadimləri təbliğat apararaq, əsgər və zabitlərdə ruh yüksəkliyi yaradırdılar. Neft, insan gücünün və mənəvi dəstəyin Qələbənin qazanılmasında əvəzsiz rolu olmuşdur. Kitab çox maraqlı faktları üzə çıxarır, oxuyan hər kəsdə uca, ülvi bir keyfiyyətlər yaradır.
Dağ Yəhudiləri İcmasının sədri, Yəhudi Sinaqoqunun rəhbəri Milix Yevdayev müharibənin insanların həyatının ən dəyərlərini, əmin-amanlığı, gələcəyi məhv etməsindən və tarix boyu insanlar tərəfindən lənətlənməsindən danışdı.
Yazıçı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova və publisist Əli Zərdabi və digər çıxış edənlər Reyhan Mirzəzadənin çoxsahəli yaradıcılığından, onun ədəbiyyata verdiyi töhvələrindən danışdılar. Müəllifin “Səhra qartalı” əsərinin tarixi və ədəbi baxımından əhəmiyyətini vurğuladılar.
Təqdimatda Böyük Vətən müharibəsinə və M.A.Şoloxovun yaradıcılığına, həsr olunmuş videoçarxlar nümayiş olundu, Nizami rayon 10 nömrəli məktəbin şagirdləri Əminə, Cahid və Fəxmin Əliyevlər şeirlər söylədilər.
Tədbirdə iştirak edən qonaqlara, Bakı şəhərinin rayonlarında yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə müəllif tərəfindən kitablar hədiyyə olundu.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik təşkilatların nümayəndələri, millət vəkilləri, şair və yazıçılar, yüksək rütbəli hərbçilər, Sovet İttifaqı Qəhrəmanlarının nəvə-nəticələri, Silahlı Qüvvələrin nümayəndələri, ictimai xadimlər, müxtəlif icma nümayəndələri, kitabxanaçılar, geniş ictimaiyyət nümayəndələri, ziyalılar iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
İz Burax - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən hər şey o qədər boş, mənasız görünər ki, gözünə, olduğun yerdən, şəraitdən asılı olmayaraq, xoşbəxt olmadığını hiss etməyə başlarsan. Bu fərqindəlik sənə dünyaya tamamilə fərqli bir baxış bucağından baxmağı öyrədir. Sanki olduğun yerə heç vaxt aid olmadığını, heç vaxt yaşamadığını hiss etdirir.
Zaman sürətlə keçir. Bəs bu zaman bu vaxta qədər sənə nə qazandırdı? İndi bu suala cavab tapmaq ağırlaşır, bəlkə də əzab verir. Bu suallara cavab tapa bilməmək səni yaşayan bir cəsəd kimi hiss etdirir. Özünü aid olmadığın yerdə hiss etmək sənə bir yön vermir, əksinə, yoluna çıxmış bir əngələ bənzəyir. Bəzən yerini, yolunu, yönünü dəyişmək gərəkdir: kimsənin görə bilmədiklərini görmək üçün, özünü tapmaq üçün.
Həyat hər zaman var və var olmağa davam edir. Sən də bu həyatın bir parçasısan — var olan, nəfəs alan. Bir gün gələcək, torpağa qarışıb yox olacaqsan. Həyat var olmağa davam edərkən sən artıq yox olacaqsan. İndi düşün: var olduğun zaman həyat üçün, özün üçün nə etdin? Yüksələn, inkişaf edən bu axarda sən nə qədər yüksəldin? Kim oldun? Ən önəmlisi isə indi kimsən? Hələ zamanın varkən nə edirsən?
Bu sualları hələ özünə verməmisənsə, elə indi başla. Yoxsa bir gün gecikdiyini anlayacaqsan. Çünki həyat gözləməz.
Hələ zamanın varkən, dəyiş, iz burax…
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
“H.ƏLİYEV və SUVEREN AZƏRBAYCAN” mövzusunda oxucu konfransı
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Mərkəzi kitabxanasının oxuculara xidmət və uşaq şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum günü və 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması çərçivəsində “Heydər Əliyev və Suveren Azərbaycan” adlı oxucu konfransı keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsul işçiləri Ehsan Əhmədov, Əhməd Ağababayev, Ağsaqqallar şurasının sədri Etibar Yusifov, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Şəki Zaqatala Regional Gənclər və İdman ldarəsinin Oğuz rayonu üzrə sektor müdiri Şaiq Rüstəmov, baş məsləhətçi Aytən Daşdəmirova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Oğuzlu şair-tədqiqatçı Yusif Rzayev, Oğuzlu yazar Şükufə Ruhlu, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və fəal oxucular iştirak edib.
Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.
Mərkəzi kitabxananın əməkdaşı giriş nitqi ilə tədbiri açaraq, şərəfli ömrünü Azərbaycana fəda etmiş ümummilli lider Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında çıxış edib. Daha sonra “Konstitusiya və Suverenlik ili” barədə məlumat verilmiş, konstitusiya quruculuğu və suverenliyimizin bərpa olunması barədə informasiya təqdim olunmuşdur.
Konfransdakı məruzə və çıxışlarda ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri haqqında geniş məlumat verilib.
Vurğulanıb ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş AzərbaycanRespublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Bu Konstitusiya dövlətimizinmüstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin,dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilikbazası rolunu oynamışdır. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavabolaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizinərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradanqaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur.
Tədbirdə “Müstəqil Azərbaycanın memarı-Heydər Əliyev” adlı videoçarx nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)
Klassik uşaq ədəbiyyatından seçmələr – ABDULLA ŞAİQ, “Qızıl gül”
“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Abdulla Şaiqin “Qızıl gül” əsəri təqdim ediləcək.
Qızılgüləm, qızılgül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.
Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızılgül,
Sən ey qönçəm, açıl, gül.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Azərbaycanda aşıq sənəti – inkişaf xətti üzrə
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Xəbər verdiyimiz kimi, Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verildi, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzaladı.
Qərara əsasən, Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Xatırladaq ki, Gədəbəy Aşıq Məktəbi ölkəmizdə bir ilkdir.
Azərbaycanda aşıqlar yurdu kimi tanınan bölgələr çoxdur. Bu baxımdan dağlar qoynunda yerləşən Gədəbəyin də özünəməxsus yeri vardır. Hazırda Gədəbəydə 150-dən çox aşıq var. Əməkdar mədəniyyət işçisi və Prezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi ilə rayonda ansambl fəaliyyət göstərir. "Xalq aşıqları" ansamblı fəaliyyətini daim genişləndirir.
MƏKTƏBİN TARİXİ
Prezident İlham Əliyev Gədəbəyə səfəri çərçivəsində - 2009-cu il mayın 26-da Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimi oldu. Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirdi. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdı. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait xərclənmişdi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnir. Binanın hər mərtəbəsində 12 otaq var. Buraya sinif otaqları, kitabxana, akt zalı, səhnə, qrim otağı, oxu zalı və digər inzibati otaqlar daxildir.
OZANLIQ SƏNƏTİ
Professor Camal Mustafayev göstərir ki, bizim bədii varlığımızın tarixində kollektiv mahiyyətli el yaradıcılığını yaşatmaqda öncə ozanlıq şöhrətlənib, aşağı tarixi prototipi olan yüz illər elin istedadını özündə cəmləşdirib. Qopuz çalıb, dastan bağlayıb, söz qoşub, mahnı oxuyub, dinləyicilərinin qəlbini, zehnini işıqlandırıb. Ozanlıq özünün yetkin mərhələsini Dədə Qorqudun timsalında tapdı. Dədə Qorqud özündən əvvəl yaşamış ozanların bədii nailiyyətlərini, başlıcası isə, dastançılığı sistemləşdirdi. Qopuzçu, dastançı, şair, el müdriki kimi tarixə düşdü. Dədə Qorqud ozanlığın yolunu yaxşını yamandan seçməkdə, həyatı təsdiqləməkdə, insanları sevdirməkdə gördü: “Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...”.
Ozan adı sonralar aşıq adı ilə əvəz oldu. Bu isə müsəlman Şərqində geniş yayılmış eşq fəlsəfəsi aşılayan lirikanın təsirindən gəlirdi. Şərq lirikasında “aşiq” anlayışı özlüyündə eşq yolçusu, ilahi eşqə tapınan mənası daşıyırdı.
Aşiq üçün varlığın canı, vəhdəti Tanrı eşqinə bağlıdır. Varlığı qəlbin gözüylə sezmək onda Tanrını sezmək deməkdir. Öz “mən”ilə Tanrının vəhdətini bu yolla anlamaq deməkdir. Belə sevgi ötəri həvəslərdən uca dayanmağı tələb edir. Bunun üçün eşqin dönməz yolçusu, cəfakeş olmaq gərəkdir. Aşıq aşiqlərin qəlbini, yolunu işıqlandıran Tanrı işığı sayılırdı. Aşiq, eşq, işıq anlayışlarının qarşılıqlı bağlılığı təsadüfi deyildi. Cəfakeş aşiqlərin obrazı yandıqca ətrafına işıq saçan şam obrazına bənzədildiyi yaxşı bəllidir. Şərq şairlərinin bu bənzətməsinin Hegel estetik baxımdan çox maraqlı ümumiləşdirmiş, gözəl mənalaşdırmışdır. “Şam gəlmək, həm ağlamaq öyrədir, o, alov içində sevinc işığı ilə gülür; ancaq, bununla belə, o, qaynar göz yaşlarında əriyir, yana-yana öz ətrafına sevinc nuru saçır”.
Xəyalında Tanrı sevgisinə qapılan aşiq bütün iradəsini öz qəlbinin sirli həyəcanlarına cəmləşdirir. Öz mənəvi başlanğıcını - mənəvi sezməkdən zövq alır. Onu gerçəkliyin təzadlarına qarşı qoyur. Onun təsəvvüründə əsil gerçəklik elə öz qəlb dünyasıdır. Ona görə düşüncələrində təbiət, cəmiyyət motivləri zəif səslənirdi. Aşiqin rəmzlərlə dolu mücərrəd eşq fəlsəfəsini çox az başa düşə bilirdi. İndi belə onun mənasını, əsasən, mütəxəssislər yaxşı anlayırdılar. Ancaq “aşiq”in ozanlığa gətirilməsi, “aşıq” kimi sabitləşməsi burada mahiyyətcə dəyişiklik yaratmadı. Doğrudur, aşıq poeziyasında Şərq lirikasının təsir izləri var. Aşıqlardan neçələri eşq fəlsəfəsinin rəmzlərindən bəzən istifadə etmişlər. Bu rəmzlərin mənasını açmaq üçün ayrıca araşdırma aparılmışdır. Bununla belə, kənar təsirlər ozanlığın təbiətini dəyişə bilmədi. “Ozan”ın “aşıq”la əvəz olunmasına baxmayaraq, aşıqlıq elə yaxınlıq baxımından ozanlığın yolunu yaşadırdı. Öz sosial təbiətinə görə aşıq, bir qayda olaraq, kəndli kütlələri içərisindən yetişirdi. Kəndli əməyinin çətinliklərini, torpağın, təbiətin nemətlərini uşaqlıqdan duyurdu. Aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolunu təşkil edir, aşıq poeziyasının yaradıcıları xalq sənətkarları - aşıqlardır.
DAHİLƏR AŞIQLIQ SƏNƏTİ BARƏDƏ
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov “Aşıq sənəti” məqaləsində yazır: “Aşıq xalqın ən sevimli nəğməkarıdır. Aşıq sənəti... xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını, xalq musiqisinin başqa növlərinə nisbətən daha parlaq əks etdirir; aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır...aşıq sənəti xalqın öz yaradıcılığıdır”. Aşıqlar həmişə, hər zaman xalq kütlələrinin ən sıx, ən gur yerlərində yaşamış, xalqın həyat və mübarizəsi onların yaradıcılığı üçün bir mənbə olmuşdur. Bu el sənətkarları əsrlər boyu xalqın kədəri ilə kədərlənmiş, sevinci ilə sevinmişdir. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməmişdir. Folklorşünas alimlər İ.Babayev və P.Əfəndiyev göstərir ki, aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olmuşlar. Həm də aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içərisində hörmət qazanmışlar. Aşıqlarımızın bir çox şeirləri, xalqa ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələrdir”. Akademik F.Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi əsərində yazır: “Xalq aşığı əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır”.
Görkəmli maarifçi H.B.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində nəşr etdiyi “Bizim nəğmələrimiz” məqaləsində azərbaycançılıq ruhunun aşılanmasında aşıq sənətinin müstəsna rol oynadığını qeyd edir: “...Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Ələlxsus, nəğmələr ilə ki, xoş sövt ilə oxunur. Bunun səbəbi odur ki, Qafqaz yerlərinin xüsusiyyəti belədir. Bizim, cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, abu-havası və az zəhmət ilə bol məhsul götürən əhalisini cuşa gətirib bu hala salır. Aşıqlar toylarda oxuyanda, onlara qulaq asanlara baxın. Bu zaman qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətin kəssən də xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-gündüz oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər”. Aşıq sənəti sinkretik sənətdir. Akademik T.Ə.Bünyadovun fikrincə “Bir neçə sənət növünü cəmləşdirən, uzaqlaşdıran, çarpazlaşdıran və xalqa çatdıran bu sinkretikliyin tarixi çox qədimlərə gedib çıxır. Bu şaxəli, qollu-budaqlı sənətdə musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır, tamamlığını sübuta yetirir. Ona görə də aşıq sənəti şərəfli olduğu qədər də çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq, mahirlik tələb edən sənətdir”.
Xalq yazıçısı Mirzə İbrahimov doğru qeyd edir ki, “Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır. O biri tərəfdən yazılı ədəbiyyata, həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, budaqları, qol-qanadları həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır”. Folklorşünas alim, professor Vaqif Vəliyev “Azərbaycan folkloru” əsərində göstərir ki, aşıq poeziyası ağızdan-ağıza, əsrdən-əsrə keçərək, bu dövrə qədər gəlib çatmışdır. Bu müddət ərzində həmin şeirlər xalq yaradıcılığının başqa nümunələri kimi həm ideya, həm də forma-sənətkarlıq nöqteyi-nəzərindən işlənib dəyişdirilmiş, onu yaşadan xalqın, xalq aşıqlarının arzu, dilək və əməlləri ilə yoğrulmuşdur. Ona görə də, əsrlər boyu xalqın məclisini bəzəyən hər bir aşıq şeiri son bənddə imzası yazılsa belə, ümumi xalqın malı kimi yaşamış və böyümüşdür. Doğrudur, şeirlər folklorun başqa janrlarına nisbətən az dəyişikliyə uğramışdır. Ancaq hər halda, dörd-beş əsr şifahi dildə dövr edən əsərlər, əsrin, zamanın hadisələri ilə əlaqədar olaraq müəyyən dəyişikliyə uğramamış deyildir. Aşıq poeziyasının bu xüsusiyyəti ilə əlaqədar böyük ədibimiz C.Cabbarlının hələ nəşr olunmamış məqalə-tezislərində verilən aşağıdakı maddələr xüsusi ilə diqqətəlayiqdir. Ədib göstərir ki, aşıq kənddə toydadır, el onu alqışlayır, sonra o, teatra gəlib çıxır. Burada konsert zamanı “Əsli və Kərəm” operasından bir ariyaya qulaq asır, bütün tamaşaçılar beynəlxalq nömrəni alqışladığı halda, aşıq hirslənir və musiqinin düz çalınmadığını söyləyir, dava edir ki, o, havanı mən yaratmışam, düz çalmırlar, özü də başqasının adına çıxırlar. Aşıqdan soruşanda ki, sən kimsən, o belə cavab verir: mən aşığam, mən xalqam! C.Cabbarlı aşığın dili ilə “mən aşığam, mən xalqam” deyir. Bu, çox diqqətəlayiqdir. Aşıq elin sənətkarıdır. Xalq içərisinə keçən hər bir aşıq şeiri, bayatı, dastan və melodiyası dildən-dilə düşmüş, işlənmiş, təmizlənmiş, xalqın arzu və ideyalarının gözəl ifadəsinə çevrilmiş, beləliklə də, xalqın malı, xalqın yaradıcılığı kimi yaranmış və yaşamışdır. “Koroğlu” dastanında aşıq sənətinə aşağıda daha böyük və hörmət bəslənir. Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri-qəhrəman dəlilər öz cəmiyyətini yaratmışlar. Burada onlar mərdlik, kişilik qanunları şəraitində yaşayırlar, bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır. Onlar, hər biri sinədən şeir deməyi, yaxşı mahnı oxumağı, sazda çalmağı bacarırlar. Xalq qəhrəmanı Koroğlunun özü, eyni zamanda, görkəmli şair və aşıqdır (o, bunlarla həmişə də çox öyünür).
SAZ ŞAİRLƏRİ
Təsadüfi deyil ki, məşhur türk tədqiqatçısı M.Fuad Körpülü özünün “Türk saz şairləri XVI və XVII əsr saz şairləri” əsərində yazır: “XVI əsrin sonlarında Koroğlu adlı bir az şairi böyük bir şöhrət qazanmışdır. Şeirlərini dolduran səmimi əda, coşğun lirizm Cəlali dövrünün ümumi təmayüllərinə uyğun xüsusi bir qəhrəmanlıq ruhu onun əsərlərini əsrlərcə yaşatmış və tarixi şəxsiyyəti unudularaq dastani bir mahiyyət almışlar”.
Koroğlunun aşıqlığının və şairliyinin məzənnəsinin onun qəhrəmanlığından heç də “yüngül” gəlmədiyinə görədir ki, bəzi tədqiqatçılar səhv olaran şair Koroğlunu qəhrəman Koroğludan ayırmağa cəhd edirlər. Məsələn, türk tədqiqatçısı P.N.Boratavın fikrincə, XVI əsrdə biri cəlalilər hərəkatının iştirakçısı, digəri isə şair olan iki nəfər Koroğlu adını daşımışdır. Nizhət və Agah Sirri, Ləvənd Mithət Sədullah Səndərin kimi müəlliflər isə düzgün olaraq şair Koroğlunu yenilməz cəngavər Koroğludan ayırmamışlar.
Folklorşünas alim A.Nəbiyev sonuncuların fikrilə razılaşmış və bu fikri əsaslandırmaq üçün tarixə müraciət edərək, Şərqdə bir çox sərkərdələrin, o cümlədən, Şah İsmayıl Xətainin də həm döyüşkən bir dövlət başçısı, həm də şair olduğunu xatırlatmışdır.
Bizcə, bu fikirlə razılaşmaq olar, şair Koroğlunun qəhrəmanlıq şeirləri dastanın ümumi ruhuna elə hopmuşdur ki, bunu əsərin qayəsindən, qəhrəmanlıq ideyalarından ayırmaq olmaz, qəhrəman Koroğlu ilə şair Koroğlunun vəhdəti məhz bu dastanın 300 ildən bəri şöhrət qazanmasının əsas səbəblərindən biridir.
Professor Camal Müstafayev aşıq sənətinin milli ruhu aşılamasındakı rolundan bəhs edərək yazır: “Ozan misilli əsil aşıq hərtərəfli istedadına malik olub. Saz çalmağı, söz oxumağı, şairliyi, dastan düzüb söyləməyi, el ağsaqqallarını ustalıqla bacarıb. Doğma elin qarşısında məsuliyyət duyub, çətinliklərini bölüşüb, toylarını, bayramlarını sazla-sözlə bəzəyib. Sənəti, şəxsiyyəti kamil olan aşığın nüfuzunu baş əyiblər. “Yan duran, aşıq gəldi, elə yaraşıq gəldi”,”Aşıq gəlsin xan dursun, xan əyləşsin, xan dursun”, “aşıq qocalar gəzər, eldə ucalar gəzər”. Bu cür sözlərlə başlayan bayatılarımız elin sevimli aşığına dərin ehtiramını əks etdirirdi.
Aşıqlıq inkişaf etdikcə ədəbiyyatımızın, musiqi mədəniyyətimizin bəhrəli qaynağına, əhəmiyyətli tərkib hissəsinə çevrildi. Təkcə Azərbaycan deyil, başqa neçə-neçə ölkələrin, xalqların poeziyasına, musiqisinə öz təsirini göstərdi. Bu sənətin bir sıra yaradıcı ustaları parlaq şairlik istedadına görə xüsusilə seçilirdi”.
Aşığın estetik idealı dastançılıqda daha geniş bədii gerçəkliyini tapır, daha əyani olurdu. Burada xeyirlə şər, gözəlliklə eybəcərlik, mərdliklə nakəslik öz konkret daşıyıcılarının timsalında toqquşurdu. Əlbəttə, aşıq xeyirxah idealların daşıyıcılarını ucaldır, onlara rəğbət duyğularını oyadır, dinləyicilərinə sevdirir. Dastan danışığı aşıq sənətinin estetik qanuna-sazın, sözün, səsin vəhdətinə tabe edilirdi. Saz havaları üstündə oxunan qoşmalarla müşayiət edilən dastan ahəngdar bir axarla danışılırdı. Musiqinin, şeirin, danışığın həmahəngliyinin özü estetik gözəllik yaradır, dinləyicilərdə bədii təsiri gücləndirir.
Xalq şairi Səməd Vurğunun aşıqlıq sənətini bədii varlığımızda milli ruhu azərbaycançılığı yaşadan sağlam köklərdən sayırdı. Səməd Vurğun aşıq poeziyasından, el yaradıcılığından müasir tələblər səviyyəsində bəhrələnməyi tövsiyə edirdi.
Müasir mədəniyyətin nailiyyətlərini milli-mənəvi zəmində mənimsəməyi bəyənirdi. Gərək sənətkar öz əsərinin hadisələrini xalqın gözü ilə görsün, ürəyi ilə duysun, həyatından, mənəviyyatından, xalqın nəcib ideyalarından ayrı düşməsin. Gərək onun yaradıcılığında doğma torpağın nəfəsi yaşasın. Vurğun bu cür düşünür, bu cür yaşayır, yaradır və yüksək sənətinin müdrik sadəliyi üçün xalq yaradıcılığına, aşıq poeziyasına, aşıqlıq sənətinə borcluydu.
YEKUN
Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu Öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyv Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da onu yüksək dəyərləndirir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Necə oldu ki, müsəlmanlar Hitlerin qorxulu röyasına çevrildi
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İkinci Dünya müharibəsinin uğurla başa çatmasında Partizan hərəkatının müstəsna yeri, danılmaz rolu vardı
Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan qəhrəman, igid oğullarımız Böyük Vətən müharibəsində həm də Partizan hərəkatına töhfələr vermişdilər. “Buchenvald, Mauthauzen, Dahau, Zakcenhauzen, Ravesburq, Treblinka kimi ölüm düşərgələrində Avropa antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı savaşmış, mübarizə aparmışdılar.
Tarixi mənbələr də sübut edir ki, “1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yaratmışdılar. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında mindən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında altı yüz nəfərdən çox partizan vuruşmuşdu. Krımda, Baltikyani ölkələrdə, Ukrayna və Belorusiya cəbhələrində savaşan, düşmənə öldürücü zərbələr endirən partizan dəstələrinin içərisində fəaliyyət göstərən xalq qəhrəmanlarının çoxu sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər ki, onların sırasında Hitler Almaniyasının qorxulu röyasına çevrilən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, əfsanəvi Mixaylo da vardı.
Hitlerin “dağıdıcı qüvvə, monqoloidlər” adlandırdığı müsəlmanlar onun qorxulu röyasına çevrildi
Qafqazın işğalı üçün “Eveldeys planı”nın həyata keçirilməsi müharibənin taktiki gedişində mühüm mərhələ idi. Plan faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş rayona bölünməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onla, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyunun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdi ki, “Müsəlman manqolodilər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdır”.
İkinci Dünya müharibəsi özü ilə fəlakət, səfalət gətirsə də, xeyrin şər, haqqın haqsızlıq üzərində təntənəsi ilə başa çatdı. Əsgər oğlunu faşist feldmarşalına dəyişməyən Stalinin sırasında oğlu Cahangiri faşizm üzərində qələbə yolunda fəda etməkdən belə çəkinməyən Bağırovun da, Dağıstanı, Mahaçqalanı, Dəmirqapı Dərbəndi Bakı, Bakı nefti, Azərbaycan, əslində isə Yaxın və Orta Şərq üçün alınmaz qalaya çevirən polkovnik komissar Əziz Əliyevin də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da, Yuqoslaviyanın Milli Qəhrəmanı, Xalq Azadlıq Hərəkatının liderlərindən biri kimi tarix yaradan, Mixaylo ləqəbi ilə faşist Almaniyasının qorxulu nağılına çevrilə, həlak olmasından 13 il sonra Ulu Öndər Heydər Əliyevin təhqiqatları sayəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə də, Stalinqrad uğrunda gedən qanlı döyüşlərdə şahin kimi düşmən üzərinə yeriyən Hüseynbala Əliyev də, 416-cı, 223-cü, 77-ci, 402-ci, 396-cı diviziyaların məşhur qəhrəmanları da sübut etdilər ki, öz əsərlərində, çıxışlarında “dağıdıcı qüvvə, monqoloid” adlandırdığı müsəlmanları aşağılayan Adolf Hitlerin Sovet İttifaqının üzərinə yeriməsi tarixi cinayətdir.
Azərbaycan İkinci Dünya müharibəsində, bioresursları, iqtisadi kapitalı, qəhrəman oğul və qızları, eyni zamanda intellektual potensialı ilə savaşdı. Faşizm üzərində qələbənin təmin olunmasında təkcə neft və neft məhsulları ilə deyil, akademik Yusif Məmmədəliyevin “Neftin Oktan ədədi” nəzəriyyəsi, “Molotov kokteyli” ilə mühüm rol oynadı.
SSRİ Baş Qospitallar İdarəsinin Səhra Qospitallarının qurulmasında Bağırov qədər əməyi olan akademiklər Mirəsədulla Mirqasımovun, Mustafa bəy Topçubaşovun xüsusi xidmətləri oldu. Reyxstaqa sancılan Zəfər Bayrağını çiynində daşıyan qəhrəmanların sırasında Qamboy Vəzirov, Məzahir Abbasov, Ziya Bünyadov, Züleyxa Seyidmamedova, Fatma Cabbarova kimi igidlər yer aldı.
Qələmi Süngüyə çevirən Vətən – Azərbaycan
İkinci Dünya müharibəsindəki tarixi qələbədə tarix həm də, Süngü ilə Qələmin vəhdətində yarandı. Azərbaycanın məşhurr söz xiridarları, şair, yazıçıları, publisist və jurnalistləri, incəsənət xadimləri səngərlərə sipər, düşmənlərə çəpər igidlərin ilham mənbəyinə çevrildilər. Səməd Vurğunun, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Rəsul Rzanın, Zeynal Cabbarzadənin, Mir Cəlalın, Cəfər Xəndanın, Abbas Zamanovun, Nəsir İmanquliyevin, Qulam Məmmədlinin, Mirzə İbrahimovun, Bülbülün, Əminə Dilbazinin, Əfrasiyab Bədəlbəylinin, Ələsgər Ələkbərovun barıt qoxulu sənət əsərləri, poetik inciləri məhz bu dövrdə yarandı. “Ananın öyüdü”, “Ana və poçtalyon”, “Buz heykəl” müharibənin dəhşətlərinin, Ana və Vətən sevgisini özündə ehtiva edən şah əsərlər idi.
Bu il faşizm üzərində qələbənin 80 illiyidi. Bu təkcə Alman faşizmi üzərində qələbə deyil, bütün ədalətsizliyə, haqsızlığa qarşı savaşın, mübarizənin qələbəsi, xalqların birliyinin, bütövlüyünün rəmzidir. Düzdür, İkinci Dünya müharibəsindən sonra quruluş, zaman, rejim dəyişib, təbədüllatlar, soyuq müharibələr dünyanı savaş meydanına çevirib. Yaxın və Orta Şərqdə qan su yerinə axıb. İkinci Dünya müharibəsində bir, əlbir olan dövlətlər - Rusiya və Ukrayna qəvi düşmənə çevrilib, qardaş qardaşa qənim kəsilib. Evələr, ailələr, kəndlər, şəhərlər dağılıb. Dünən fərman verən bu gün can versə də, bu gün fərman verənlərin sabahı bəlli deyil, bəlli olan odur ki, dünyanın bütün ədalətli insanları fəlakətdən, səfalətdən xilasın yolunu müharibənin dayandırılmasında görür.
1945-ci ilin 9 mayı faşizm üzərində qələbəni təmin etdi. 2020-ci ilin 8 noyabrı da erməni faşizmi üzərində qələbənin əsasına çevrildi. Bu gün mövcud olan münaqişə ocaqlarının söndürülməsi, mövcud müharibələrin dayandırılması üçün dünyanın tərəqqipərvər insanlarının bir araya gəlməsinə ehtiyac var.
Dünya bizim ümumi evimiz olsa da, BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, Amerikanın, daha doğrusu Ağ evin aldığı qərarlara elə onların özünün də ehtiyacı var.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günüdür
Faşizm ölüm, müharibə, fəlakət və səfalətdir. Hitler Almaniyasının bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək uğrunda savaşı məhvə məhkum oldu. 80 ildir qeyd olunan Böyük qələbənin, tarixi zəfərin təntənəsi bu gün də dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi sülhə, sabitliyə, əmin-amanlığa, birliyə, bütövlüyə çağırır.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günü kimi qeyd edir, Bakı qəhrəman şəhərlər sırasında yer almasa da, İkinci Dünya müharibəsinin Qəhrəmanları ilə qürur duyuruq! Onların ömründən, günündən keçən ayları, illəri, ömrümüz, günümüz bilirik.
İkinci Dünya müharibəsinin ilk illərində Ali Baş Komandan İosif Stalin, Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Azərbaycan Milli Diviziyalarının yaranması, onların ruh yüksəkliyinin, maddi-mənəvi, hərbi-texniki təchizatının təmin edilməsi üçün qərarlar aldı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Bağırovun SSRİ-nin və Dağıstanın rəsmi şəxsləri ilə dialoqunu özündə əks etdirən Fond 1-də, 27-ci siyahıda, 22-ci qutuda, 145-ci işdə mühafizə olunan, qorunan rəsmi sənədlər də sübut edir ki, bu qərarların icrası üçün Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi Əziz Məmmədkərimoğlu Əliyevin xüsusi xidmətləri olub. Mahaçqalada formalaşdırılıb, Belorusiya, Ukrayna, Moskva, Stalinqrad cəbhələrinin yarılmasında mühüm rol oynayan diviziyalarımız Ali Baş Komandan Stalin tərəfindən dəfələrlə təltif olunub. Mümkün olmayanları mümkünə çevirən Stalin, Jukov, Molotov, Rokossovski kimi qüdrətli liderlərin sırasında yer alan polkovnik-komissar Əziz Əliyev Dağıstanın lideri, 47-48-ci cəbhələrin üzvü kimi tarix yaradıb.
Faşizm üzərində qələbənin ayrı-ayrı yubiley mərasimlərində Ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci, istər də ikinci mərhələsində Böyük Vətən müharibəsi qəhrəmanları, onların xatirəsinin əbədiləşdirilməsi, milli diviziyaların abidələrinin ucaldılması ilə bağlı qərarlar alıb.
1941-ci ildə Bağırovun qərarı, SSRİ Zaqafqaziya Cəbhəsinin komandanı Tülenevin dərkənarı, Ali Baş Komandan, marşal İosif Stalinin əmri ilə yaradılan 416 Toqanroq Diviziyasının fəaliyyətinin gücləndirilməsi haqqında Azərbaycan KP MK-nın Birinci katibi Bağırovla Dağıstan KP MK-nın Birinci katibi Əziz Əliyev, arasında olan dialoqları, o dövrün məşhur simaları, Beriya, Tyülinov, Çeplakov, Yakubov, Gerasimov kimi məsul şəxslərlə yazışmalarını özündə əks etdirən Azərbaycan KP MK-nın 1942-ci il fevralın 21-də çağrılan bürosunun qərarı, Milli Diviziyaların siyasi hazırlığının inkişafı ilə bağlı ön cəbhəyə göndəriləcək şair və yazıçıların siyahısının təsdiqini özündə ehtiva edən Fond 1-də, 27 siyahıda, 364-cü işdə, 45-ci qutuda qorunan sənədlər Azərbaycan xalqının tarixi savaşdakı yerini və rolunu müəyyənləşdirir. Tarixlə müasirlik arasında körpü olan Ulu Öndər Heydər Əliyevin imzası ilə təsdiqlənən 1973-cü il 13 mart tarixli KP MK-nın Bürosunun 61 saylı protokolunda öz əksini tapan sənədlər rəşadətli döyüş yoluna görə Suvarov ordeni və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunan 416-cı Toqanroq Diviziyasının şərəfinə Rostov şəhərində abidənin ucaldılması ilə bağlı alınan qərarı özündə əks etdirir. Fond 1-də, 60-cı siyahıda, 21-ci işdə, 4-cü qutuda qorunan sənədlər sübut edir ki, faşizm üzərində qələbənin 30 illiyi, eyni zamanda diviziyanın yaranmasının 30 illiyi şərəfinə ucaldılan abidənin 1975-ci ilin 9 mayında təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyev tarixi nitqi ilə ilahi ədaləti yerinə qoymaqla yanaşı, qəhrəmanlar yetirən Qəhrəman Diyarın – Odlar Yurdu Azərbaycanın haqqına sahib çıxıb.
Bu il faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. İkinci Dünya müharibəsi bir millət, məmləkət olaraq bizim üçün 300 min insanın itkisi, faciəsi, minlərlə əsgər və zabitin əlil, şikəst olması, Birinci və İkinci Qarabağ savaşı isə iyirmi mindən çox igidin Şəhidlik zirvəsinə ucalması, bir o qədər də insanın, bir parası Vətən olan Qazilərin yarımcan olması ilə nəticələndi.
İkinci Dünya müharibəsindən sonra yerlə-yeksan edilmiş Stalinqrad, Kerç, Odessa, Melitapol, Moskva, Sovetspol kimi şəhərlər yenidən tikilib quruldu. İnsan insana söykəndi. Sovet İttifaqı Böyük Vətən müharibəsinin yarasını sardı.
İkinci Dünya müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsi də bizi bir xalq, Millət, Məmləkət olaraq bir etdi, bütöv etdi. Dəmir Yumruğa döndərdi! Ruhların şəhərinə, kəndinə çevrilən Şərqi Zəngəzura, Qarabağa can gəldi. İndi üzü Zəngəzur dəhlizinə, Doğudan Batıya, Türküstandan, Zəngəzurdan, Qarabağdan Naxçıvana, Anadoludan TURAN qopan dillərə, illərə, ilçələrəyik. “Qarabağ Azərbaycandır!” nidası ilə “Biz Zəngəzur dəhlizini açacağıq. Bu bizim haqqımızdır. Kimsənin bunu əlimizdən almağa gücü yetməz!” deyən, iki dünya bir olsa da, üstünə aləm yerisə də, verdiyi sözü tutan, yerinə yetirən, Sözü imzası olan Liderimizin, Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 21 aprel tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı, Moskvada keçiriləcək Qələbə paradına Milli Ordumuzun əsgər və zabit heyətindən, müxtəlif qoşun növlərindən ibarət dəstənin göndərilməsi, ölkəmizin ən yüksək səviyyədə təmsil olunması bir daha sübut edir ki, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Necə ki, dünyanın rənginin, ahənginin necə, hansı biçimdə olmasından asılı olmayaraq qisas qiyamətə qalmır. Faşizm üzərində qələbə Ədalətin təntənəsi, Sülhün, sabitliyin, əmin-amanlığın qorunması, dünyanın xilası, insanlığın nicatıdır.
Tanrı istənilən müharibədə, haqq savaşında şəhid olanların ruhunu şad, məkanını cənnət, məqamını uca etsin. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” nidası, “Ana Vətən çağırır!” sevdası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan qəhrəmanlıq dərsini qəhrəmanlardan alan Əsgərlərimizi qorusun!
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Səma qartalı Namiq İslamzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır.
SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur. 1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.
2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. Polkovnik İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş Komandiri vəzifəsinə təyin olunmuşdur. 25 iyun 2024-cü ildə general-leytenant ali hərbi rütbəsini almışdır.
Prezident İlham Əliyevin 23. sentyabr 2024 tarixli müvafiq sərəncamı ilə müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı təyin olunub.
İngilis və rus dillərini bilir.
Təltifləri
"Füzulinin azad olunmasına görə" medalı
"Hərbi xidmətlərə görə" medalı
"Azərbaycan Bayrağı" ordeni
"Vətən uğrunda" medalı
"Vətən Müharibəsi Qəhrəmanı"
"Xocavəndin azad olunmasına görə" medalı
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Kefli İskəndər”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
KEFLİ İSGƏNDƏR
Kimi dərdindən içir,
kimi kefindən.
Kimi təzə pаltаrdаn qorxur,
kimi kəfəndən.
İsgəndəri soruşdunuz məndən?
İsgəndər içərdi,
Ləqəbi də Kefli İsgəndərdi.
Gecə-gündüz düşündürürdü onu
diri ölülərin dərdi.
Yoxsа o dа bir poçt məmuru olаr,
nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
Sаkit, səssiz keçərdi.
Qınаmаyın İsgəndəri!
Yаmаn olur аnlаmаq dərdi.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Aktauda “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda konfrans keçirildi
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Yessenov Universitetində Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğu, “Azərbaycan Mərkəzi” İctimai Fondu və Yessenov Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Qazaxıstanın və Azərbaycanın görkəmli alimləri, ekspertlər, ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran və Türkmənistanın baş konsulları iştirak ediblər.
Yessenov Universitetinin rektoru Berik Axmetov açılış nitqində tolerant və ahəngdar cəmiyyətin formalaşmasında təhsilin rolunu vurğulayıb. O, həmçinin universitetinin beynəlxalq əməkdaşlığa hər zaman açıq olduğunu və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini söyləyib.
Daha sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edib. Baş konsul müasir dünyada ortaq nöqtələr tapmağın və qarşılıqlı anlaşma körpüləri qurmağın vacibliyini diqqətə çatdırıb.
Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Elmira Jangojayeva və kafedranın professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzələrində konstitusiya hüququ və mədəniyyətlərarası ünsiyyətin müxtəlif aspektlərinə toxunublar.
“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov yekun nitqində tədbir iştirakçılarına səmərəli müzakirələrə görə təşəkkürünü bildirib. Konfransın nəticələrinin mədəniyyətlərarası dialoqun inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda iştirakçılara sertifikatlar, təşkilatçılara isə təşəkkürnamələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)