
Super User
300 min şəhid vermişik – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 80 İLLİYİDİR
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi. Milyonlarla insanın fəlakəti, səfaləti, ölümü, şəhər və kəndlərin, ölkələrin iflası ilə nəticələnən bu müharibə bir millət, məmləkət olaraq bizim də taleyimizdə dərin iz buraxdı.
Bütün dövrlərdə yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla tarix yaradan Azərbaycan xalqı bu müdhiş müharibə zamanı sübut etdi ki, quruluşundan, zamanından asılı olmayaraq o, süngüsü ilə tarix yazan igidlər yetirə bilər.
Biz bir millət, məmləkət olaraq bu müharibədə varımız, dövlətimiz, sərvətimiz, ondan da qiymətli canımız – övladlarımızla iştirak etdik. Daha doğru, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer aldıq. Cəsarətin, ləyaqətin, Vətənə sonsuz sevginin simgəsi, bəlgəsi olduq. Bu müdhiş müharibədə əldə olunan zəfərdə mənsub olduğu millətin, məmləkətin yerini və rolunu müəyyən edən Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".
Stalinqrad və Moskva kimi strateji əhəmiyyətli şəhərlərin sırasında Bakı da vardı
İkinci Dünya müharibəsi bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda savaş idi. Onun günahsız qurbanları isə haqq, ədalət uğrunda səngərlərə sipərə çevrilmişdi. Hitler Almaniyasının hədəfləri təkcə SSRİ-nin ərazi bütövlüyünü pozmaq deyildi. Kapitalizmin Sosializm üzərində qələbəsinə nail olmaq, dünyanın sərvətinə sahiblənmək idi. Belə bir dəhşətli dönəmdə onun, həm də hədəfində Yaxın və Orta Şərqə hücum etmək bu ərazilərdə mövcud olan neft-qaz yataqlarını ələ keçirməkdi. Tarixi mənbələr də, sübut edir ki, 1941-ci il iyunun 22-də başlayıb 1945-ci il mayın 9-da başa çatan İkinci Dünya müharibəsində Hitler Almaniyası Bakı neftinə xüsusi əhəmiyyət verirdi. Yaxın və Orta Şərqə əl qoymaq məqsədi ilə müharibənin ilk ilindən Şimali Qafqaza, Mazdoka qədər irəliləyən faşistlərin Staliqrad və Moskva kimi strateji əhəmiyyətli şəhərlərin sırasında Bakını da daxil etməsi onu iqtisadi, siyasi, həm də strateji əhəmiyyəti ilə bağlı idi. Bakıya nəzarət Güney Qafqaza, eyni zamanda Yaxın və Orta Şərqə nəzarət idi.
Milyonlarla insanın ölümü, ölkələrin fəlakəti ilə sona çatan İkinci Dünya müharibəsində Azərbaycan təkcə milyonlarla vəsaitini, sərvətini itirmədi, 300 mindən çox igid oğul və qızının “Qara kağızı”, acı xatirələri ilə başbaşa qaldı. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insanın 27 milyonu Sovet İttifaqına, onun 300 mini isə qeyd etdiyimiz kimi Azərbaycana məxsus idi. Hitler Almaniyasının, daha doğrusu Adolf Hitlerin “Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!” nidası ilə başlayan İkinci Dünya müharibəsi məşhur “Barbarossa” planına düzəlişlərdən sonra, elə yenə onun “17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla Sovet xalqı İkinci Dünya müharibəsinə qatıldı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi”.
Hərb tarixi ilə bağlı məlumatlara istinad edərək təqdim etdiyimiz bu faktlar bir daha sübut edir ki, İkinci Dünya müharibəsi həqiqətən də ədalətlə ədalətsizlik, haqqla haqsızlıq uğrunda savaş olmaqla yanaşı, o həm də Böyük Vətən müharibəsi idi. Faşist Almaniyası Sovet İttifaqında yaşayan irili-xırdalı minlərlə xalqın haqq və hüquqlarını pozaraq savaşa qalxmışdı. Qeyd etdiyimiz kimi o sırada, yeraltı və yerüstü bioresursları ilə dünyanın qan damarı olan Azərbaycan, Azərbaycan nefti ilə bağlı xüsusi plan, strategiya işlənmişdi. Necə ki, hələ İkinci Dünya müharibəsi başlamamışdan öncə Hitler Almaniyası Bakı ilə bağlı siyasi qərar almışdı.
“Moskvanın müdafiəsinə görə” medalı ilə mindən çox azərbaycanlı təltif edildi
İkinci Dünya müharibəsinin ilk ilindən ölkəmiz hərbi əməliyyatların əsas mərkəzlərindən birinə çevrilməsə də, faşizmin hədəf nöqtələrindən biri idi. Bütün sərvətləri, insan resursları ilə faşizmə qarşı səfərbər olunan Azərbaycan insanı Sovet İttifaqında yaşayan digər vətəndaşlar kimi Moskva, Stalinqrad, Odessa, Sevastopol, Kiyev, Volqoqrad kimi məşhur şəhələrin, Ukrayna, Belorusiya, Latviya, Litva, Estoniya kimi respublikaların faşizmdən azad edilməsinə öz töhfələrini verdilər.
Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçən igidlərimiz qəhrəmanlıq dastanını al qanları ilə yazdılar. Hərbi-pilot Hüseynbala Əliyev 17 yara alsa da təyyarəni yerə endirmiş, göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Tarixi mənbələr onu da sübut edir ki, “Moskva, Stalinqrad ətrafında gedən döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar həyata keçirmişdilər”. Moskva uğrunda gedən döyüşlərdə Novqorod vilayətində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsünün 400 nəfərdən çox faşist əsgər və zabitini məhv etməs bu gün də 9-10 saat ərzində baş tutmuş uğurlu əməliyyatlardan biri kimi hərb tarixi ilə bağlı mühazirə mətnlərində qorunur.
İkinci Dünya müharibəsinin bütün istiqamətlərdə gerçəkləşən əməliyyatları olduqca ağır və gərgin şəraitdə getsə də, Moskva və Stalinqrad uğrunda savaşlar misilsiz itkiləri, eyni zamanda qəhrəmanlıqlarla müşayiət olunmuşdu. Moskva uğrunda əməliyyatlarda Azərbaycan əsgər və zabitinin yazdığı tarix üstündən 80 il ötməsinə baxmayaraq qəhrəmanlıq örnəyi kimi təbliğ olunur. “1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə min nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Onların sırasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri yer almışdı. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayper dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş, düşmənə ağır zərbələr endirmiş ki, bunun da müqabilində hər biri Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Şimali Qafqazın, 1943-cü ildə Ukraynanın azad edilməsində yüksək fəallıq göstərən əsgər və zabitlərimizin qüdrətini dünyaya nümayiş etdirmişdilər.
Şimali Qafqaz uğrunda savaşın gerçək qəhrəmanları dağıstanlılar və azərbaycanlılar idi
Azərbaycan arxa cəbhə olsa da, bu ağır və dəhşətli günlərdə, 1942-ci il avqustun 25-də Azərbaycan KP(b)P MK və Azərbaycan XKS respublikada müdafiə-istehkam xəttləri tikintisi üçün qərar qəbul etmişdi. Qərara əsasən Balakən, Zaqatala, Qax, Oğuz, Qələbə rayonlarında Baş Qafqaz aşırımlarını müdafiə edən qoşun hissələri Bakı Müdafiə istehkam xəttinin tikintisinə nail olmuş, xəttin tikintisi üçün 5 min inşaatçının, 90 min vətəndaşın iştirakı ilə bu torpaqları alınmaz qalaya çevirmişdi. Arxa cəbhədə tarix yaradan Azərbaycan xalqı Zaqafqaziya cəbhəsində, daha doğrusu Şimali Qafqaz uğrunda gedən döyüşlərdə Qafur Məmmədov, İdris Süleymanovun, Ukrayna cəbhəsində Məlik Məhərrəmov kimi igidlərin, milli diviziyaların qəhrəmanlarının əzmkarlığı ilə alman faşizmini diz çökdürənlərin, rəşadətli döyüş yolu ilə tarixi zəfərə imza atanların sırasında yer almışdı.
Azərbaycan milli diviziyaları zərurətdən yarandı
Tarixə İkinci Dünya müharibəsi, eyni zamanda Böyük Vətən müharibəsi kimi daxil olan Hitler Almaniyasının, faşizmin iflası ilə nəticələnən müharibənin başlaması ilə əlaqədar “baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə akademik Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür”.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Mixail Aleksandroviç Şoloxovun 120 illiik yubileyinə kitab nəşr olundu və videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yubileylər silsiləsi” layihəsi çərçivəsində kitab nəşr olundu və videoçarx hazırlandı.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış publisist, politoloq Reyhan Mirzəzadənin “Səhra qartalı” kitabı bəşəri ehtiram qazanmış dünya şöhrətli ziyalı, ədəbiyyatın görkəmli simalarından biri, Böyük Vətən müharibəsinin iştirakçısı, ömrünün ən gözəl çağlarını müharibədə döyüş meydanlarında keçirən, döyüş hadisələrini öz əsərlərində əks etdirən görkəmli yazıçı, Nobel mükafatı laureatı M.A.Şoloxovun anadan olmasının 120 illiyinə həsr olunub.
Kitab şair Tofiq Bayramın “Qələbə Günü” şeiri, sözləri Vladimir Xaritonovun, musiqsi David Tuxmanovun olan “День Победы” mahnısı və M.A.Şoloxovun sözləri ilə başlayır. Sonra isə R.Mirzəzadənin M.A.Şoloxova həsr etdiyi “Səhra qartalı” povesti verilmişdir.
Kitabda Rəsul Rzanın, Gəray Fəzlinin, Mirvarid Dilbazinin, Musa Cəlilin, Konstantin Simonovun, Vladimir Vısotskinin, Rəsul Həmzətovun 1941-1945-ci illər Böyük Vətən müharibəsinə həsr olunan şeirləri, M.Şoloxovun müharibədə çəkdirdiyi fotolar və ailə fotoları verilib.
“Mixail Aleksandroviç Şoloxov – 120” adlı videoçarxda yazıçı və ssenarist, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxovun həyat və yaradıcılığı haqqında məlumat verilir. M.Şoloxovun ən populyar əsərləri, əsərlərinə çəkilmiş filmlər, mükafatları, heykəlləri nümayiş olunur. Burada M.Şoloxovun Nobel mükafatı alarkən söylədiyi nitqindən bir parça təqdim olunur.
Kitab Bakı şəhər kitabxanalarına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Ərk qalası”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
“ƏRK QALASI”
Təbriz – gözəl şəhər!
Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə – yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən-könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
1958
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
II Türk İnteqrasiya Olimpiadasının Qızıl alma mükafatı təqdim edildi
Könül, “Ədəbiyyat və incəsənət”
Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi uğurla başa çatdı. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirildi.
Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açaraq qeyd etdi ki, Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.
Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir.
Ş.Sadiq diqqətə çatdırdı ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.
300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:
- türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.
Şəmil Sadiq nəzərə çatdırdı ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.
İdeya müəllifi onu da bildirdi ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”
Şəmil Sadiq öz çıxışında onu da dedi ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.
Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri Vuqar Rəhimzadə, Ceyhun Məmmədov, Türkiyədən Nəsibə Aydın Okullarının qurucusu Nəsibə Aydın xanım, TESAM başqanı dr.İlyas Bozkurt, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.
2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb.
Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif edildi.
Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə etdi.
Mükafatlandırma mərasimində qaliblərə medallar və sertifikatlar və qiymətli hədiyyələr təqdim olundu.
İştirakçılar içərisində «Yaxşıların yaxşısı» nominasiyasının qalibi şagird «Qızıl alma» mükafatına layiq görüldü.
Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının bu ilki buraxılışının təşkilatçıları TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Qazaxıstanın Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.
TİO Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Klassik uşaq ədəbiyyatından seçmələr – MİRZƏ ƏLƏKBƏR SABİR, “Məktəbə tərgib”
“Ədəbiyyat və incəsənət” portal bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Mirzə Ələkbər Sabirin “Məktəbə tərgib” şeirini təqdim ediləcək.
Mənim bağım, baharım!
Fikri işıqlı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq – şeytandan,
Tez durmaq – Allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası
Müşkül olur, həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur məktəbə get, oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrin bil elmü-fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Azərbaycan dramaturgiyasının kamil tədqiqatçısının 91-ci ildönümünə
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mərhum Filologiya elmləri doktoru Arif Səfiyev 6 may 1934-cü ildə Füzuli şəhərində dünyaya pənah gətirib. Şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə qəbul olub. 1958-ci ildə universiteti tamamlayıb və əmək fəaliyyətinə başlayıb.
Özü də, "Avtomobil nəqliyyatçısı" qəzeti redaksiyasında ədəbi işçi kimi.
1961-ci ilədək redaksiyada çalışıb. Sonra Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1964-cü ildə Aspiranturanı tamamladıqdan sonra institutda elmi işçi kimi qalıb. 1969-cu ildən 1973-cü ilədək elmi katib vəzifəsində işləyib. 1973-cü ildən 1990-cı ilədək institutda baş elmi işçi kimi fəaliyyət göstərib. 1990-cı ildən hazırkı dövrədək institutun elmi katibi vəzifəsində çalışır. Arif müəllim "Sabit Rəhmanın komediyaları" mövzusunda tədqiqat aparmış, filologiya elmlər namizədi elmi adını almışdır.
O, bir neçə kitabın müəllifidir. Onlardan "Sabit Rəhmanın komediyaları", "Komediya və Həyat", "Sabit Rəhman", "Azərbaycan dramaturgiyası müasir mərhələdə" adlı kitabları göstərmək olar.
"Azərbaycan dramaturgiyası müasir mərhələdə" adlanan həmin monoqrafiyada müəllif ilk növbədə tədqiq etdiyi mərhələnin dramaturgiyası üçün əlamətdar olan özünəməxsusluqları müəyyənləşdirir; dövrün ictimai ziddiyyətlərini dərindən qavramaq, ictimai həyatın dərin qatlarına enmək, insanın mənəvi aləminə nüfuz edərək dramaturji təsvirin mərkəzinə onun iç dünyasını gətirmək və s. belə xüsusiyyətləri estetik məziyyət kimi dəyərləndirir, bu məziyyətlərin bədii təcrübədəki görüntülərini isə monoqrafiyanın "Dramaturgiyada müasir mövzu: qəhrəman və zaman problemi", "Tarixi mövzu və onun müasir bədii dərki", "Janrın yeni axtarışları" adlanan fəsillərində tezisləşdirir.
Azərbaycan dramaturgiyasının kamil tədqiqatçıları arasında Arif Səfiyevin ayrıca yeri var. Onun adı Məmməd Arif, Əli Sultanlı, Mehdi Məmmədov, Yaşar Qarayev kimi müqtədir alimlərin sırasında çəkilə bilər. Arif Səfiyev Əli Sultanlının tələbəsi, Məmməd Arifin aspirantı, Mehdi Məmmədovun həmsöhbəti, Yaşar Qarayevin dostu-dərdişi olub. Onun tənqidçi "mən"i, alim şəxsiyyəti T. Hacıyev, Ş. Salmanov, Elçin, A. Hüseynli, Q. Kazımov kimi istedadlı yazıçı və filoloqların əhatəsində, onlarla qarşılıqlı elmi təmasda formalaşıb. A. Səfiyevin gənclik illəri Nizami adına Ədəbiyyat İnstitutunda, respublikanın ən nüfüzlü ədəbiyyatşünaslıq mərkəzində keçib. Öz biliyi, mütaliəsi, təvazökarlığı və xeyirxahlığı ilə həmkarlarının rəğbətini qazanıb, onlarda özünə qarşı böyük simpatiya oyadıb.
11 aprel 2024-cü il tarixində Arif Şəfiyev Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
İstiqlaliyyət sevdalısı – Əhməd Cavad
Fatimə Sadıqova, tarix müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
“Bayrağını yüksəltməyə
Cümlə . müştaqdır.
Azərbaycan, Azərbaycan!”
Bu sətirlərdə təkcə bir himn deyil, bir millətin azadlıq harayı, bir xalqın könlündə çırpınan istiqlal eşqi səslənir. Bu mübarək misraların müəllifi, Azərbaycanın istiqlal şairi Əhməd Cavad — elin, Vətənin, türk dünyasının söz bayraqdarı idi.
1892-ci ilin 5 mayında, Şəmkirin Seyfəli kəndində dünyaya gələn bu böyük ruh, daha uşaqlıq çağlarında ilahi bir missiyanın carçısına çevrilmişdi. Ərəb-fars dillərini dərindən öyrənməsi, əruz vəznində ilk poetik nümunələr yaratması onun ədəbiyyat səhnəsinə qədəmlərini öz zəhməti ilə atdığını göstərir. Lakin zaman keçdikcə, bu şair sadəcə qəzəl yazan deyil, öz qələmini silaha çevirən bir mücahidə çevrildi.
Əhməd Cavad ədəbiyyat aləminə 1910-cu ildən qədəm qoydu. 1916-cı ildə “Qoşma” adlı ilk şeirlər kitabı nəşr olundu. Onun şeirləri sadəcə söz yox, bir çağırış, bir üsyan idi — zülmə, əsarətə, imperializmə qarşı. O, 1912-ci ildə Osmanlıya yardım üçün yollanan Qafqaz könüllülərinin azadlıq ideallarını ürəyində daşıyırdı.
Əhməd Cavad Azərbaycan Demokratik Respublikasının ruhunu, nəfəsini, səsini sözə çevirənlərdən idi. Onun poeziyasında xalqın iniltisi, ümidi, mücadiləsi səslənir. Hər misrası bir əsgər kimi cəbhədə döyüşür, hər bəndi bir bayraq kimi dalğalanırdı. “Çırpınırdı Qara dəniz” şeiri, Üzeyir bəyin bəstəsi ilə, təkcə musiqi deyil — bir millətin hönkürtüsü, Atatürkün belə gözlərini yaşa boğan bir tarixdir.
Cümhuriyyətin sevinci ilə yaşayan şair, onun süqutunun da ağrısını sinəsində daşıdı. Lakin susmadı. Azadlıq deyib yandı, yazdı, çağırdı. Hətta “Azərbaycanfilm”də işlədiyi dövrlərdə belə, əsərlərində pantürkist məzmun axtarılıb təzyiqlərə məruz qaldı. Əsərləri çap olunmadı, haqqı yeyildi, amma ruhu sınmadı.
1937-ci ildə “xalq düşməni” damğasıyla həbs olundu. Onun istintaq sənədləri yazır ki, 12 oktyabrda güllələndi. Lakin gerçək odur ki, Əhməd Cavad bir gün əvvəl — 11 oktyabrda, məhkəməsiz, şəhid edildi. Onun qətli bir nəfərin yox, bir xalqın söz azadlığına, istiqlal ruhuna qarşı edilən cinayət idi.
Əhməd Cavad heç zaman xalqına xəyanət etmədi. O, qələmini satmadı, ruhunu əymədi. Vətən üçün yazdı, vətən üçün yaşadı, vətən üçün öldü. Bu gün Azərbaycan bayrağı harada dalğalanırsa, orada Əhməd Cavadın ruhu var.
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu...
Bəli, Azərbaycan Respublikasının Dövlət Himninin bu sətirləri Azərbaycan xalqının milli qəhramanlıq salnaməsini özündə əks etdirən dəyərli misralardı. Kim bilir bəlkə də döyüşlərdə vuruşan əsgərlər, vətən uğrunda canından keçən şəhidlər bu misraları özünə nümunə götürüb qəhraman olmaq üçün vuruşdular?...
O, istiqlaliyyətin səsi, sözün vicdanı, Azərbaycanın qürur simvoludur.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Fitri istedada malik Xədicə - O, OLİMPİYA ÇEMPİONU OLACAQ
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sayəsində ölkəmizdə gimnastikanın inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Son illərdə Azərbaycan Gimnastika Federasiyası bu sahənin təbliği, yeni istedadların üzə çıxarılması üçün çox işlər görüb.
Belə istedadlı yeniyetmələrdən biri də 2011-ci il təvəllüdlü Xədicə Şəhriyar qızı Əliyevadır.
QAC Sumqayit şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bizimlə söhbəti zamanı sevimli nəvəsi haqqına ürəkdolusu danışdı. Qeyd etdi ki, Xədicə Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə təhsil alır. Üç yaşından gimnastikaya maraq göstərib. Valideynləri isə bunu uşaq həvəsi hesab edirdilər. Onun plastikasını, çevikliklə etdiyi qeyri-adi hərəkətləri müşahidə etdikcə, doğrudan da, xüsusi istedada malik olduğunu gördük. Xədicə evdə, qonaq getdiyi yerdə, bir sözlə, hər yerdə bu idman hərəkətlərini göstərməklə bunun keçici həvəs olmadığını sübut etdi. Altı yaşında ata-anası onunla məşğul olmaq üçün Bədii Gimnastika üzrə Sumqayıt olimpiya idman kompleksinə müraciət etdi. Xədicə burada öz calışqanlığı ilə digər uşaqlardan secildi. Beləliklə, məşqcisi Fatimə Qurbanova Xədicəni də respublika, beynəlxalq yarışlarda iştirak ücün aparırdı.
O, müəllim və valideynlərinin ümidlərini qısa müddətdə doğruldaraq, müxtəlif uğurlara imza atdı. Dəfələrlə müxtəlif yarışlarda yüksək yerə layiq görüldü.
2021-ci ilin fevral ayında 2011 yaş kateqoriyası üzrə Qradiya Online Kuboku üzrə Diplom alıb, 2022-ci ilin fevral ayında isə Meksikada kecirilən Beynəlxalq online Dostluq kuboku yarışında I yerə çıxdı.
2023-cü ilin 5 iyulunda Şağan İdman Kompleksində kecirilən Bədii Gimnastika üzrə 4-cü Açıq Birinciliyində II yeri tutdu.
Həmçinin həmin ilin 25-27 noyabrında Milli Gimnastika Arenasında kecirilən I Beynəlxalq Ocaq Cup yarışında 2011-ci il təvəllüdlü gimnastlar üzrə III yerə layiq görüldü.
Xədicə deyir:
-Avropa və Dünya cempionları əkiz Dina və Arina Averina bacılarının oyunları çox xoşuma gəlir. Amma elə kumirim yoxdu ki, deyim mən ona bənzəmək istəyirəm. Arzulayıram ki, Azərbaycanın, Sumqayıtın gimnastı kimi bayrağımızı ucalara qaldırım və dövlət himnimiz beynəlxalq arenalarda səslənsin.
Xədicəni hələ daha böyük uğurlar gözləyir. İnanırıq ki, yeniyetmə idmançımız qarşısına qoyduğu bütün məqsədlərinə nail olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhərində ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin respublika müşavirəsi keçirilib.
Nazirlikdən AzərTAC-a bildirilib ki, müşavirə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Tədbirdən əvvəl Ümummilli Liderin şəhərin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra müşavirə iştirakçıları və qonaqlar Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi və Ulu Öndərə həsr edilən kitablardan ibarət ekspozisiya stendləri ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndərin zəngin dövlətçilik irsindən söz açıb, dahi siyasətçinin mədəniyyətimizi milli kimliyimizin təməl daşı kimi dəyərləndirdiyini vurğulayıblar.
Qeyd olunub ki, Ulu Öndərin mədəniyyət sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mədəni irsi beynəlxalq təşkilatlarda tanınıb, ölkəmiz mədəniyyətlərarası dialoq və əməkdaşlıq məkanına çevrilib.
Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ulu Öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüb.
Sonra səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif olunub.
Proqram çərçivəsində, həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ümummilli Liderə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib, musiqili proqram təqdim olunub.
Müşavirənin ikinci hissəsində Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev mərkəzlərinin rəhbərləri 2025-ci ilin birinci rübü ərzində görülmüş işlər barədə hesabatlarını təqdim edib, aktual məsələlər və nəzərdə tutulan layihələr müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr verilib.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)
Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm rolu olan, böyük bir aktyor nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərən, adı bu gün də dillərdən düşməyən Adil İsgəndərovun anadan olmasının 115 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, virtual sərgidə Adil İsgəndərovun həyat və yaradıcılığı, təltif və mükafatları, teatr və kino sənətinin inkişafı üçün göstərdiyi xidmətləri haqqında məlumat verilib.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/adil-isgenderov-115 kitab sərgisində Adil İsgəndərovun Azərbaycan aktyorluq sənətinin korifeyləri ilə “Arxadan vurulan zərbə”, “Qanun naminə”, “Axırıncı aşırım” və s. filmlərdə yaratdığı obrazları haqqında məlumat verilib, çəkildiyi “Uzaq sahillərdə”, “Dərviş Parisi partladır” kimi filmlərdən fraqmentlər öz əksini tapıb. Sərgidə Adil İsgəndərov haqqında qələmə alınmış kitabların qısa annotasiyası, eləcə də “Sənət naminə...”, “Adil İsgəndərov kadr arxasında” və s. kimi dövrü mətbuatda çap olunmuş məqalələr, mətbuat nümunələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)