ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində bu gün Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim ediləcək.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

İlk olaraq tanış olacağınız şeir Uinston Çörçillə aiddir. “Yazıq küçük Puqi-Vud” adlanır. Təəccübləndiniz, deyilmi? Böyük Britaniyaya uzun illər rəhbərlik etmiş bu şəxsin şeir yazmasını yəqin çoxlarınız bilmirdi.

 

Uinston  Çörçill

(1874-1965)

Böyük Britaniya

 

Yazıq küçük Puqi-Vuq

 

Nə olubdur, bilən var,

Bu yazıq Puqi-Vuqa?!

Ver yeməyi tavada,

Öp üzündən, qucaqla.

Tez ol, axtar hər yanı,

Tapıb gətir dərmanı.

Çək üstünə palazı,

Qızdırması azalsın.

Getsin azar-bezarı,

Puqi-Vuq da sağalsın.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəzən bir şey səni düşündürmək üçün çox ciddi olmağa ehtiyac duymur. Bəzən sənə həyatın ən sərt həqiqətlərini yumşaq animasiya cizgiləriylə göstərir. Və sən... gülərkən içində nəsə çatlayır.

Rick and Morty məhz bu çatlaqdan içəri girir. Bu yazılar bir seriyadır.

Sadəcə bir animasiyanı yox, onun içində gizlənmiş fəlsəfəni, psixologiyanı, sarkazmı, insanın daxili fırtınalarını, modern dünyanın absurdluğunu, ailənin dağılmasını, sevginin mövcud olub-olmadığını, əxlaqın parçalanmasını — qısası, insanı anlamağa yönəlmiş bir seriya.

 

Biz artıq sadəcə izləyici deyilik. Biz artıq o portalın içindəyik.

Və bu portaldan keçmək, ekranda deyil, öz içimizdə baş verir. Burada izah olunanlar cizgi film deyil, bəşərin qırılmış tüküdür.

Rik, sən demə, sadəcə alim deyilmiş. O, Tanrıyla vuruşmuş, ailəsindən qaçmış, özünü hər versiyada yenidən tərk etmiş travmatik bir insan imiş. O, şüşədə gizlənən utancaqlığımız, sevilmək istəyib də “mənə toxunma” deyən tərəfimiz imiş. O, istedadın içində boğulan kimsə imiş. Və ən betəri, hər şeyi anlamış, amma heç nə edə bilməyəcək qədər gecikmiş biri imiş.

Morti isə sən demə sadəcə qorxaq yeniyetmə deyilmiş. O, içimizdəki uşaq imiş. Dəyişmək istəməyən, dəyişdikcə çirklənən tərəfimiz. Rikin yanında qalaraq, özünü itirən, amma Rikin də içini saxlayan güzgü imiş.

 Bəli, "Rick and Morty" çox əyləncəlidir. Amma bəzən bu əyləncə səni gecənin bir yarısı köhnə mesajlara baxmağa, sevdiyin insanı niyə itirdiyini düşünməyə, ya da özünü niyə bu qədər tənha hiss etdiyini soruşmağa vadar edir. Çünki bu serial bizimlə zarafat etmir. O, bizə zarafatla həqiqəti deyir.

 

Bu yazı sadəcə bir serial analizi olmayacaq. Hər bölüm, hər personaj, hər portal içimizdəki bir məsələdir. Bəzən bir insanın sevgidən necə qaçdığını, bəzən ailə bağlarının necə pozulduğunu, bəzənsə sadəcə “mən kiməm?” sualının içində boğulmağı danışacağıq. Bunu oxuyarkən sən Rik ola bilərsən.Yaxud Morti.

Yaxud Samer, Bet, Bördperson... Amma sonunda hamımız bir şeyi anlayacağıq, biz bu hekayədə varıq. Çünki bu animasiya yox, bu xatırlamadığımız xatirələrimizdir.

 

Rick bir obraz deyil. O, bir diaqnozdur. O, bir insanın ağlının sərhədini keçdikdən sonra qarşılaşdığı boşluğun cizgisidir. Elmdə ən yüksək zirvəyə çatmış, zaman və məkanla oynaya bilən bir adam... amma tək. Dərin, içi bomboş bir təkliyin içində boğulan, süni gülüşlərlə örtülmüş, daimi sarkazmın içində gizlənmiş bir faciə. Çünki Rick çox şey bilir. Bəlkə də həddən artıq çox. Və bu dünyada, ya da milyardlarla paralel kainatlarda bir həqiqət dəyişmir:

Bilən insan daha çox əziyyət çəkir.  Sən də hiss etmisən, deyilmi? Bəzən səhər durursan, hər şey öz yerindədir. İşin, dərsin, ailən, telefonun, planların... Amma içində qəribə bir hiss var. Boşluq. Nə qədər insanla əhatə olunsan da, sanki sən o insanların arasında yoxsan. Danışırsan, amma səni heç kim eşitmir. Gülürsən, amma o gülüş sənin dodaqlarından yox, maskandan gəlir. İçindəki səs sakit dayanır: “Sən artıq bir obrazsan. Və bu serialın rejissoru belə deyilsən.”

 Rik də bir obrazdır, amma çoxumuzdan fərqli olaraq o, bu obrazda qapalı qalmayacaq qədər ağıllıdır. O, maskanı çıxarır. Gülür, amma gülüşünün içində ölüm var. Söyür, amma o söyüş, bütün kainatın mənasızlığına üsyandır. Sevir, amma sevgisinin hər formasında özünü itirir. Və sən bu adamın özünü necə hiss etdiyini başa düşürsənsə, demək sən də az da olsa “Rick”sən. Sadəcə fərq ondadır ki, sənin portal silahın yoxdur. Sən paralel kainata keçib hər şeydən qaça bilməzsən. Sən səhər durub metroya minirsən. Rick isə ulduzlara tüpürüb içki içir. Biraz mənim kimi.. Bizim portal silahımız təslim olmamaqdır.

 Rik bunu bacarmır. O, çoxdan təslim olub. Həyatın içindəki məntiqsizlik, axmaq qaydalar, sistemin saxtalığı, insan münasibətlərindəki səthilik onu içdən çürüdüb. Və o qərara gəlib ki, "Əgər dünya bu qədər mənasızdırsa, mən niyə onu ciddi qəbul etməliyəm?"  Bax, bu cümlənin içində bir inqilab yatır. Bu cür bir düşüncə insanı azad edə bilər, ya da məhv edər.  Rikin faciəsi bundadır, o azad olub... amma hədsiz azadlıq insanı zəncirdən çox daha çox ağrıdır.  İndi sən düşün dostum, sən həqiqətən də azad olsaydın, hər şeydən, sosial rollardan, ailənin gözləntilərindən, öz qorxularından azad olsaydın...Nə edərdin? Hara gedərdin? Kimi sevərdin? Kim olardın?  Bəlkə də cavabın yoxdur. Və bu da səni Rikdən ayıran tək şeydir. Çünki Rik cavab tapıb. Və o cavab: heç nədir.

 O, kainatın ən ağıllı adamıdır. Bir zərrə hissəciklə bütün fizika qanunlarını tərsinə çevirə bilər. Ölümü dondura, həyatın molekulyar şifrəsini yenidən yaza bilər. Amma hər səhər oyananda, əlində bir şüşə içki var. Və hər gecə yatmazdan əvvəl, gözləri dolur... heç kimin görmədiyi bir şəkildə. Rikin özünü məhv etmə səbəbi, sadəcə depressiya deyil. O, öz ağlının yaratdığı cəhənnəmdə yaşayır. Bax, bu cəhənnəm nədir, bilirsən? Hər şeyi bilmək, amma heç nəyə inanmaq istəməmək. Çünki əgər hər şeyin bir izahı varsa, sevgi də, ailə də, inam da sadəcə kimyəvi reaksiyalardırsa, onda niyə yaşayaq? Əgər həyatın sonunda hər şey sıfırlanırsa, niyə bu qədər "doğru" olmağa çalışaq? Əgər bir paralel kainatda sənin ailən səni tanımırsa və başqa birində sənin uşağın belə mövcud deyilsə,onda sən kimə və nəyə görə yaşayırsan? Rik cavab tapmır. O, hər şeyin mənasızlığını dərk etdiyi üçün içir. Öz beynindən, öz düşüncəsindən qurtulmaq üçün. Hər axşam sanki öz “varlıq şüurunu” öldürür. Çünki bu şüur, ona ağrı verir. Və bu ağrı, bəlkə də ən ağır olanıdır.. Heç nəyə inanmamaq.

 Bəziləri deyəcək: “Əgər belədirsə, niyə intihar etmir?” Çünki Rik hələ də bir ehtimalın arxasınca qaçır. O, bəlkə də hər şeyin boş olduğuna inansa da, bir parıltı axtarır. Bəzən bunu Mortidə görür, bəzən Betdə, Bəzən də... keçmiş eşqində. Bax bu çox vacib məqamdır.

Rik bir vaxtlar sevmişdi. Həqiqətən. Və onun həyat yoldaşı öləndə, bütün kainatlar onun üçün dondu. Ən ağıllı adam olmaq, həyatını xilas etmədi. Portal silahı belə onu sevdiyi qadının itkisindən qoruya bilmədi.Ən dəhşətlisi də budur, o qadını o qədər sevirdi ki, onun öldüyü anda öz hisslərinə nifrət etməyə başladı. Və həmin andan sonra Rik bir qərar verdi,mənəvi cəhətdən ölmək. Hər içki qurtumu ilə bir hissəsini daha boğmaq. Hər sarkazmla bir az daha uzaqlaşmaq. Heç kimə bağlanmamaq. Çünki bağlanmaq, zəiflidir. Və Rick zəif olmaq istəmir.

Bu animasiya, cəmiyyətə də bir güzgüdür. Bəlkə sən, mən, biz Rik qədər ağıllı deyilik. Amma çoxumuz eyni yolu seçmişik. Özümüzü gündəlik qaydalarla, sosial şəbəkələrlə, karyera planlarıyla, zarafatlarla boğuruq. Əslində isə içimizdə bir "Rick" oturub, soruşur:“Bunların nə mənası var?” Amma Rikin hekayəsi bizi həm qorxudur, həm təsəlli verir. Çünki onunla özümüzü tanıyırıq. O, hər şeydən qaçır, amma hər dəfə yenidən geri qayıdır. Morti üçün, Bet üçün... bəzən isə sadəcə bir səbəb tapmaq üçün. Bax, bu da onun ən böyük paradoksudur: Hər şeyin mənasız olduğunu bilir, amma hələ də səbəb axtarır.

Və bir də, Morti var.. Səhnəyə ilk baxışda Morti, tipik yeniyetmədir. Utancaq, səsini çox yüksəltməyən, bəzən qorxaqlığı ilə adamı əsəbiləşdirən bir uşaq. Rikin yanında demək olar ki, daim arxa planda qalır. Ətrafında portallar açılır, zaman çökür, kainatlar yox olur. Morti isə sadəcə “Riiiiikk!” deyə qışqırır. Amma... bu səthi görüntünün altında bir dəyişən şüur yatır. Və bu şüur bir gün partlayacaq. Çünki Morti qorxaqlığının içində vicdan daşıyan bir obrazdır. O, bəzən “yox” deməyi bacarır. Rikə qarşı çıxmaq üçün əllərində lazer silahı olan yadplanetlilərə ehtiyac yoxdur. Mortinin “Riiiik, bu doğru deyil!” deməsi bəzən bütün kainatı silkələyir. Bu da vacibdir. Rik dünyanı dəyişə bilər, amma Morti onu sorğulaya bilər. Bu sorğu isə çox vaxt, dünyanı dəyişməkdən daha təhlükəlidir.

  Cəmiyyətlərdə də belədir, dostum. İnqilabları çox vaxt ağıllılar yox, vicdanlı orxaqlar başlayır. Onlar əvvəlcə qorxurlar, çəkinirlər... sonra birdən görürsən ki, sistemə qarşı ilk daşları onlar atır. Morti də bir metaforadır. Zəif görünənlərin içində gizlənmiş güc.

 

 Bir epizodu var. Morti bir nöqtədə başqa kainatdan gələn öz "alternativ versiyasını", daha güclü, daha amansız, daha “Rikləşmiş” bir Mortini görür. “Evil Morty”. Bu versiya Rikə qarşı çıxır, sistemi dağıdır, planlar qurur, və ən qorxulusu, inanmır. O, artıq sevgi, ailə, həqiqət kimi anlayışlara gülür. Yəni… Rikin klonudur.

 Bu da sualı doğurur. Zəiflikmi daha yaxşıdır, yoxsa ağrının içində gücə çevrilmiş qaranlıqmı? Morti zamanla seçir, qorxaq olmaq, amma insan qalmaq. Yəni bəzən “yox” deməyi, “getmirəm” deməyi seçir. Bu cəsarətdir. Bəlkə də Rikin belə edə bilmədiyi bir cəsarət.  Rik beyni ilə hökm edir. Morti qəlbi ilə. Və hər ikisi bu dünya üçün lazımdır. Çünki biri olmadan digəri ya vəhşiləşir, ya da boğulur.

 Cəmiyyətə mesa isə məncj burdadır: Sən zəif ola bilərsən. Sən qorxa bilərsən. Amma sən “yox” deyə bilirsənsə,dünyanın ən güclü silahına maliksən. Vicdana.

  Rikin bütün kainatları gəzdiyi portal silahı var. Amma heç bir portal onu keçmişindəki o qadına qaytara bilmir. Rik bir qadını sevmişdi. Həqiqətən. Dərindən. Fəlsəfi və fiziki qanunları pozacaq qədər. Onu itirəndən sonra isə heç bir paralel kainat onu tamamlaya bilmədi.

 O qadın kim idi? Biz adını çox eşitmirik. Hətta bəzi epizodlarda onun varlığı belə şübhə altına alınır. Bəzilərinə görə, bu qadın, Rikin həyat yoldaşıdır. Bəzilərinə görə isə, Rikin içində yaratdığı bir xatirə illüziyasıdır. Çünki insan bəzən itirdiyi adamı yaşatmaq üçün, onu artıq özü uydurur. Və Rik kimi bir dahi, bunu ən yaxşı şəkildə bacarar.

 Onu unuda bilmir. Çünki...O qadın Riki hələ insan ikən sevmişdi. Yəni o qadın, Rikin içkiyə başlamadığı, qızına nifrət etmədiyi, əqidəsini itirmədiyi dövrdə, yəni Rikin ruh sahibi olduğu bir dövrdə yanında idi. Bu qadının ölümü (və ya yoxluğu) ilə Rikin içindəki ruh da ölməyə başladı. O vaxtdan bəri Rik sevməyi dayandırdı. O, bəlkə də sevir amma bunu qəbul etmir. Çünki qəbul etsə, yenidən itirmək riski var. Və o, bir dəfə dağıldı. İkinci dəfə dağılsaydı... bəlkə də kainatlar dağılardı. Onun həmin qadına olan eşqi, sadəcə bir romantik hekayə deyil. Bu, onun sonuncu inamıdır. Rik çox şeyə inanmır, Tanrıya, sevgiyə, ailəyə, dostluğa… Amma bəlkə də içində bir parça, o qadının gülüşünə hələ də inanır. Hər dəfə boş otaqda oturub içkisini qaldıranda, sanki onunla “fövqəltəbii” bir kədər paylaşır. Sözsüz bir dialoq. Hər cümləsi içkini bir az da acılaşdıran... O qadın, Rik üçün qayıtmaq istədiyi tək zamandır. Amma nə qədər ağıllı olsa da, zaman maşını belə tikmir. Çünki Rik bilir, zamana qayıtmaq, o qadını qaytarmaz. Çünki bəzən insan birini itirəndə, sadəcə onu yox, özünün bir hissəsini də itirir. 

 Bu, cəmiyyət üçün də bir simvoldur. Bəzən birini sevirik və itiririk. Sonra uzun illər özümüzü dəyişirik, sərtləşirik, “mən indi daha güclüyəm” deyirik. Amma gecənin bir vaxtı, otaqda tək qalanda, onun səsi yenə də beynimizdə əks-səda verir. Çünki bəzi insanlar unudulmur. Onlar bir şəxs olmur, bir zaman olur. Ən gözəl, ən həzin, ən yarımçıq zaman.

 Rik bu eşqin altında əzilib, amma bu eşq onu insan da saxlayıb. Daxilindəki o yanıq, onu içkidən qoruyur, onu dağıtsa da, yenidən qurulmaq üçün səbəb verir. Rik və Morti kainatında ən sarsıdıcı anlardan biri "Evil" Morti ilə tanışlıqdır.

Çünki bu obraz sadəcə bir alternativ Morti deyil, bir ideologiyadır. Qarşısında dayanan sistemin içindən çıxmış bir üsyan. Əzilmiş, idarə edilmiş, istismar olunmuş, təkcə Rik tərəfindən yox, bütün bir sistem tərəfindən formalaşdırılmış bir Morti..

 Mortilər bu kainatda zəifdir. Riklər güclü.

Mortilər qorxur. Riklər idarə edir.

Və bütün "Rick and Morty" kainatı da bu sistemin üzərinə qurulub.

 

Evil Morti bu nizamı sındırmaq üçün gəlir. O, yalnızca güc istəmir, azadlıq istəyir. Amma azadlığın dəyəri dəhşətli dərəcədə bahadır.

 O, Riklərə nifrət edir. Hətta Mortilərə də. Çünki o, insanlara deyil, şəxsiyyətsizliyə, sürü olmağa nifrət edir. Evil Morti deyir: "Əgər hər kəs eyni taleyi yaşayacaqsa, fərq yaratmağın nə mənası var?”

Bu sual cəmiyyətlərə də tanışdır. Eyni məktəb, eyni iş, eyni həyat... Sonda isə "sən" yoxsan, sadəcə "onlardan biri" var. Sistemin bir nömrəsi. Evil Morti bu nömrədən imtina edəndir. Amma... Onun azadlıq uğrunda savaşı, empatiya hissini öldürüb. O, dünyanı dəyişmək istəyərkən öz içindəki insanı itirib. Əgər Rik ağlın tiranıdırsa, Evil Morti azadlığın zalımıdır. Bu bizi ekzistensial bir dilemmanın ortasına gətirir:  Azadlıq üçün nə qədər pis ola bilərik? Və bəzən sistemdən çıxmaq, bizi daha yaxşı edir, yoxsa daha qəddar?

 Bax, dostum, məncə, burada çox dərin bir məsaj yatır. Bəzən sistemə qarşı çıxanlar, sistemin yaratdığı travmalardan o qədər zədələnir ki, özləri yeni sistemə çevrilirlər. Evil Morti Rikin zülmünə qarşı çıxır, amma sonda Rikdən daha soyuq, daha amansız olur. Çünki nifrət, çox zaman azadlığın yan təsiridir. Əgər sevgiylə tarazlaşdırılmasa. Evil Morti, bu cəmiyyətin radikallaşmış vicdanıdır. Əvvəlcə həssas idi. Əzilmişdi. Sonra içindəki duyğuları silib yerinə soyuq riyaziyyat və üsyan yerləşdirdi. Bu da onu sistemin tənqidçisi yox, sistemin əksi elədi.

O, bizi bir sualla daha baş-başa qoyur: "Ədalət istəyən biri, zalım olmağa başlayanda, biz kimin tərəfindəyik?*

Bəzən cəmiyyətlər də belə dəyişir;

Azadlıq deyib tiranlığa çevirənlər…

Ədalət deyib diktatura quranlar…

Hiss deyib hər kəsi yandıranlar…

Evil Morti bu sualların bədən tapmış halıdır.

Rikin nihilizmi səssiz bir təslimiyyətdirsə, Evil Mortinin nihilizmi aktiv bir intiqamdır. İkisi də ruhunu itirib, biri içkidə, biri müharibədə.

Rik və Mortiyə baxarkən çoxları sadəcə gülür. Portal silahı, axmaq növlər, ağlasığmaz səhnələr… Amma bir az dərinə baxanlar üçün bu serial bir güzgüdür. Bəli, gülürük. Amma bəlkə də... öz halımıza.

Bəs yaxşı, cəmiyyət içindəki Riklər kimlərdir?

Ağıllı, sarkastik, lakin dərin bir yorğunluq daşıyanlar. Hər şeyə ironiya ilə yanaşanlar. Ümidlərini itirmiş, lakin hələ də gözləməyə davam edənlər. Onlar sevə bilmir, çünki sevdikləri hər şey bir gün ya dəyişir, ya da ölür. Ona görə də Riklər sevməyi özlərinə lazımsız zəiflik kimi göstərirlər. Halbuki hər gecə içdikləri şey içki yox, öz vicdanlarıdır.

Bəs Mortilər kimlərdir?

Əvvəlcə sadəlövh, inanmağa meyilli. Dəyərləri var, lakin çox zaman bu dəyərlər güc qarşısında əzilir. Morti cəmiyyətin ortalama gəncidir, istismar olunan, istifadə olunan, amma içində daha yaxşı biri olmaq istəyən. Əgər Rik təslimdirsə, Morti hələ də dirənişdir.

Evil Morty isə…

Bizim içimizdəki radikal təbiətdir. Uşaqlığımızda bizə edilən haqsızlıqlardan doğan böyük qəzəb. Bəzən bu qəzəb bizi haqlı edir, bəzən haqsızlara çevirir.

Rik və Morti kainatı, əslində bizim gündəlik həyatımızın ekstremallaşdırılmış versiyasıdır. Səhər yuxudan duran, amma niyə durduğunu bilməyən Riklər.

Dərsə və ya işə gedən, amma əslində hara getdiyini bilməyən Mortilər.

Azadlıq deyə-deyə ürəyi buz tutan Evil Mortilər.

Yumorla bəzədilmiş bir depresiya içində yaşayırıq.

Rik deyir: “Kainatda heç nəyin mənası yoxdur. Ona görə də narahat olmağa dəyməz.”

Biz isə deyirik: “Əgər heç nəyin mənası yoxdursa, bəs niyə hələ də hiss edirik?”

Rik və Mortiyə gülmək bir növ müdafiə mexanizmidir. Çünki hər həqiqət ağrıdır, və yumor ağrını yüngülləşdirən maskadır. Serial bizi tənqid edir, amma zarafatla. Yəni deyir: “Sən gülürsən, amma bilirsən ki, danışdığım səndən gedir…” Bu, Dostoyevskinin də toxunduğu məsələdir. İnsan hər şeyə alışa bilər. Hətta mənasızlığa da. Rik isə alışanlardan biridir. Morti isə hələ də etiraz edənlərdən.

Bu hissədəki sual budur: "Biz Riklə zarafat edirik, yoxsa Rik bizə gülür?"

Rik Sançez, kainatlararası səyahət edə bilən, tanrını inkar edən, ölümdən qorxmayan bir məfhumdur. Amma eyni zamanda bir stəkan içki ilə ağlayan, sevdiklərini uzaqlaşdıran, tənhalıqdan çürüyən bir adam. O qəhrəmandır, çünki hamını xilas edə bilər. O günahkardır, çünki heç kimi xilas etmək istəmir. O yalnızdır, çünki özünü belə sevməyə cəsarət etmir.

 Rik bütün kainatı anlasa da, özünü anlaya bilmir. Ona görə də elmə sığınır, özünü "ən ağıllı" adlandırır. Çünki bu, onu "ən hissiz" olmağa məcbur edir. Hər şeyi bilmək, hiss etməməyə bilet kimi işləyir onun üçün. Halbuki əsl bilik, hiss etməklə başlayır. Rikin bütün kainatı gəzməsinin səbəbi, bir yerə çatmaq deyil. Heç yerdə qala bilməməkdir. Çünki dayansa, düşünsə, hiss etsə… Öz içindəki boşluqla üz-üzə qalacaq. O boşluq ki, nə Bet, nə Samer, nə də başqa bir varlıq onu doldura bilməz. Rik sevir. Sadəcə bu sevgini tanıya bilmir. Övladını, nəvəsini, hətta bəzən cizgi pişiyini belə... Amma hər dəfə bu sevgini ağlın süzgəcindən keçirir.Çünki zəif görünməkdən qorxur. Çünki zəiflik, insan olmaqdır. Və o, insan olmaq istəmir. Amma bəzən bir anlıq susur. Gözləri dolur. Nə deyəcəyini bilmir. Orada Rik yox, yalnız bir adam dayanır. Adı Rik olsa da, o sənin atan, qardaşın, dostun, bəlkə də özünsən.

Rikin hekayəsi, insanın hekayəsidir. Düşünən, dağıdan, yaradan, qorxan... Hər şeyə güldüyü halda, içində həmişə ağlayan. O bizə deyir:

“Ən ağıllı olmaq heç nəyi dəyişmir. Əgər ürəyində sevgi yoxdursa, sən də yoxsan.” 

Sonda bizə bir sual qalır.  Rick əslində bizdən biridir, yoxsa biz onsuz da Rikin bir versiyasıyıq?

Və ya bəlkə hər kəsin içində bir Rick yatır. Sadəcə kimimiz onu gizlədirik, Kimimiz isə portalı açıb, onu azad buraxırıq. Bütün bu sözlər, epizodlar, güldüyümüz səhnələr və Rikin içkili halı... Əslində bunların heç biri sadəcə bir animasiya deyilmiş. "Rick and Morty"  rəngli, qarmaqarışıq, ironiyaya bürünmüş bəşəriyyətin manifestidir. O, bizə kainat haqqında nəsə öyrətmək istəmir. O, bizi öz içimizdəki kainatla üzləşdirmək istəyir.

 Sən Rikə baxanda əyləndiyini zənn edirsən, dostum. Amma bəlkə də beynindəki bir hüceyrə səssizcə sənin qulağına pıçıldayır ki, "bu adama niyə belə simpatiya hiss edirsən? Niyə onun bədbinliyində özündən bir şey tapırsan?” Çünki Rik, özünü anlamış, amma qəbul etməmiş insandır. Və əslində hamımız bir gün o nöqtəyə gəlirik.

Bütün cavabları tapdığımız, amma niyə axtardığımızı unutduğumuz yerə.

 Rikin içki şüşəsi bir simvoldur. O, sadəcə alkoqol içmir. O, öz xatirələrini boğur. Əvvəlcə sevdiklərini itirib. Sonra özünü. Ən sonda isə ümidi. Bax, əsl faciə də buradadır. Rik hər şeyi edə bilər. Kainatları yarada, zamanla oynaya, tanrıları aşa bilər. Amma bir qadına, yalnız bir qadına, "qal" deyə bilməz. Çünki qorxur. Çünki hər ayrılıq onun üçün bir yenidən yox olmaqdır.

 

İndi gəl, bu hekayəyə bir də başqa yöndən baxaq. Morti bizim saflığımızdır. Rik o saflığın əzik, qırılmış gələcəyidir. Yəni bu hekayə bir neçə nəfərin yox, bir insanın daxili savaşıdır. Və hər dəfə portal açıldıqda, sən ya keçmişinlə qarşılaşırsan, ya da özünü tərk edirsən. Hər versiya sənə daha da yad gəlir. Çünki... sən dostum, mənim kimi özünə yadlaşmısan. "Rick and Morty" bizə bunu demir. Amma baxaraq hiss etdirir. Bəzən sənin ən böyük düşmənin sənin ən yaxın versiyandır. Sən özünə qarşı çıxırsan, sən özünlə vuruşursan, sən özünü alt-üst edən bir gücə çevrilmisən. Multik versiyalar, variantlar, əvəzedicilər...  Bütün bunlar sənin öz üzünə baxmaqdan qaçdığın yollardır.

Və sonra gəlirik o suallara. Azadlıq nədir? Ailə nədir? Sevgi nədir?

 Mən kiməm? Rik bu sualları cavablamır. Çünki heç bir cavab yetmir.

Çünki bəzən doğru sual vermək, cavab tapmaqdan daha çox insan edir bizi.

 O gülüşlərimizin altında bir sarsıntı gizlidir. Çünki gülürük, amma dodaqlarımızın kənarında həmişə bir “kaş…” qalır. Kaş Rik özünü bağışlaya biləydi. Kaş Morti o saf halını qoruya biləydi. Kaş Evil Morti yalnız intiqamdan ibarət olmasaydı. Kaş biz... bu qədər içimizdə yalnız qalmasaydıq. Axı bəlkə də portal silahı heç vaxt mövcud olmayıb. Bəlkə də bu serial, qapıları açan silah deyil, güzgüdür. Sənə özünü göstərən, səndə gizlənən Riki, ağlayan Mortini, dirəniş edən Sameri ortaya çıxaran bir güzgü. Və bu güzgü bizə bir şeyi fısıldayır:

 “Gəzmədiyin kainatlar qalmaya bilər. Amma hələ də gəzə bilmədiyin bir yer var… Öz için.”

 "Rick and Morty" uydurma bir dünyadır, bəli. Amma içində gəzdirdiyi duyğular, bizim reallığımızdır. Düşüncənin sərhədsizliyi ilə hissin boşluğunu eyni anda yaşadan,çox güldürüb, azca ağladan və səssizcə ürəyimizə deyən:

 “Əgər hər şey mənasızdırsa, bəs niyə hələ də bu qədər hiss edirik, ha?”

İndi portal bağlandı. Əsl sual budur:

  “Bu səfərdə Rik dəyişdi? Yoxsa sən?”

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, 1985–1990 cı illər ərzində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda böyük sənətkar Şövkət Ələkbərovanın sinifində təhsil alırdı. Təhsil aldığı illərdə görkəmli xanəndə Səxavət Məmmədovun rəhbərlik etdiyi “Qarabağ” ansamblına dəvət edildi. Tezliklə dəyərli sənətkarla birlikdə ilk dəfə Naxçıvan şəhərində konsertdə iştirak elədi. Elə bununla da, onun ulduzu parladı...

 

Bu gün haqqında söhbət açdığım Azərbaycan Respublikasının əməkdar artisti Almaz Orucovanın doğum günüdür.

O, 2 iyun 1966 cı ildə Zəngilan rayonunda doğulub.1983-cü ildə Zəngilan rayon 1saylı orta məktəbi bitirib. Sonrakı musiqi təhsili barədə artıq sizləri məlumatlandırmışam.

1992-ci ildə Almaniya Respublikasına qastrol səfərinə dəvət edilib və xalq və bəstəkar mahnılarından ibarət ilk diski də orada buraxılıb. 1993-cü ildə Azərbaycan Muğam Teatrında işə başlayıb.

2005-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist dəvət olunub və ilk solo konsertini 2006-cı ildə bu səhnədə verib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Mahnı Rəqs ansamblı ilə birlikdə çox dövlət tədbirlərində çıxış edib.

2010-cu ildə Türkmənistanda 21 ölkə arasında keçirilən Beynəlxalq Avaza festivalında sənət dostları ilə birgə Azərbaycan musiqisini uğurla təmsil edərək I-yer Qran Pri ilə mükafatlandırılıblar.

Azərbaycan Dövlət Televiziyasında solist kimi çalışaraq televiziyanın fondunda bir çox muğam və xalq mahnılarından ibarət ifaları var. Almaz Orucova hal hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist çalışır.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şair, dramaturq Fəridə Əliyarbəyli 1924-cü il iyunun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır.

 

Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur.

 

1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989).

 

1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur. Bir medalla təltif edilmişdir.

 

Kitabları:

 

1. Arzular

2. Yasəmən

3. Gəncəli qız

4. Qayğı

5. Sərv ağacı

6. Payız kəpənəkləri

7. Dünyaya insan gəlir

8. Novruz bayramı

9. Dünyaya insan gəlir

10. Könül çırpıntıları

11. Cavad xan türbəsi

12. Ona xanım dedilər

13. Pürrəng çay

14. Sular bulananda

15. Dünya, nə qəmlisən

 

 2011-ci ildə 87 yaşında dünyaya gözlərini qapamışdır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də bir zamanlar onun yanıqlı səsi hamını heyran edirdi, o qədər kədərlə, dərdlə oxyurdu ki, biganə qlamaq mümkünsüz idi. Yaradıcılığının pik vaxtı sovetlər dönəminə təsadüf edirdi. Hazırda isə onu daha çox məşhur müğənni Aybəniz Haşımovanın bacısı kimi tanıyırıq. Bəli, söhbət Azərbaycan Respublikasının xalq artisti Şahnaz  Haşımovadan gedir, bu gün onun doğum günüdür.

 

Şahnaz Haşımova 2 iyun 1957-ci ildə Gəncədə dünyaya göz açmışdır. Müğənni və xanəndədir.

1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti, "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti olub. 1977-ci ildən hal hazıradək Gəncə Dövlət Filarmoniyası nəzdində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. 2000-ci ildən hal-hazıradək Gəncə Musiqi Kollecinin xanəndə müəllimidir. 

1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsində Ali təhsil alıb.

Yeni Azərbaycan Partiyasının, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının, Azərbaycan Ağsaqqallar Şurasının, Mədəniyyət işçiləri həmkarlar ittifaqının, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvüdür.

Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda 100 dən çox lent yazıları qorunur və saxlanılır.

Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları və s.), ritmik muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Simayi şəms,), muğamlar (Mirzə Hüseyn segahı, Kürdü Şahnaz, Mahur hindi, Qatar, Bayatı kürd və s.), Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.

"Mən dərdimi mahnılara danışdım" , "Vətən, sən güman yerimsən", "Qar dənələri" adlı kitabların müəllifidir.

Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 17 may 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına, 28 oktyabr 2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.

6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tarixən dahi rəssamlar yetişdirən Azərbaycanda bu pleadada bir neçə heykəltaraş adı da var. Onlardan ən birincisi Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdıdır ki, bu gün – 2 iyun tarixi onun dünyaya göz açdığı gündür.

 

Görkəmli rəssam 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur.

 Erkən yaşlarında ata-anasını itirir, onu xalası ilə nənəsi böyüdür. 1927-ci ildə Cəlal Bakıya gəlir. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır.

Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltaraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.

İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.

Vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəlini də C.Qaryağdı yaratmışdı. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

 

Əsərləri 

 

1. Ö. Qəniyeva büstportreti

2. X. B. Natəvan və başqalarının büstportretləri

3. Bakıda N. Nərimanovun heykəli

4. M. Ə. Sabirin heykəli 

5. M. Ə. Sabirin, Q. Qarayevin, F. Əmirovun büstləri

6. S. Vurğunun qəbirüstü abidəsi, heykəli 

7. Akademik Y. H. Məmmədəliyevin abidəsi

8. "Tarzən", "Kamançaçı","Xanəndə" (hamısı 1967) fiqurları və s.

 

Təltif və mükafatları

 

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı 

3. "Qırmızı Əmək Bayrağı" ordeni 

4. "Şərəf Nişanı" ordeni

 

Dahi heykəltaraş 1 yanvar 2001-ci ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü Abdulla Ələkbərovun doğum günüdür. 2 iyun 1936-cı ildə Bakıda anadan olan Abdulla Ələkbərov 1959-cu ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir.

 

Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən "Maarif" Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan "Heydər Əliyev dünyanın gözü ilə", "Böyük ömrün anları", "Heydər Əliyev və Azərbaycan dili", "Vədinə sadiq prezident", "Böyük yolun davamçısı", "Sülh və sabitlik prezidenti" və s. kitabları qeyd etmək olar. 

 

O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, "Nailiyyət" Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə "Səməd Vurğun-90" fəxri diplomuna (1996), 1998-ci ildə "Qızıl qələm-kamil sənətkar" mükafatına, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır" diplomuna və digər mükafatlara layiq görülmüşdür. 

 

Rəssam 2005-ci ildə Moskvada keçirilmiş MDB ölkələri "Kitab sənəti" II Beynəlxalq müsabiqəsində qalib gəlmiş "Qarabağ" kitabının da bədii tərtibatçı-rəssamı olmuşdur.

Abdulla Ələkbərov 1969-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, Moskva, Gürcüstan, Çin, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir.

80 yaşa yaxınlaşan rəssam hələ də öz sevimli peşəsindən əl götürmür, yaradır.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq Qırğızıstanın təhsil naziri Doqdurgül Kendirbayev və nazir müavini Lira Samikbayevlə görüş keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Hədəf-dən verilən məlumata görə, görüşdə Şəmil Sadiq Hədəf Şirkətlər Qrupunun fəaliyyəti, Hədəf Konsepti və təhsil sahəsindəki yenilikçi yanaşmalar barədə ətraflı məlumat verib.

O, 2025-ci ilin yanvar ayında Bakıda keçirilmiş Hədəfdə STEAM–7 beynəlxalq təlimində Qırğızıstanlı müəllimlərin aktiv iştirakını vurğulayaraq, STEAM yanaşmasına göstərilən maraqdan məmnunluğunu ifadə edib.

Ş.Sadiq ehtiyac olduğu halda bu sahədə ortaq layihələrin hazırlanması və ikitərəfli əməkdaşlığın qurulması üçün lazımı dəstəyi verə biləcəyini bildirib.

Doqdurgül Kendirbayev Bişkekdəki Heydər Əliyev adına məktəbin STEAM istiqamətində təcrübələrə malik olduğunu qeyd edib və belə layihələrin pedaqoji bacarıqların bölüşülməsi baxımından faydalı olacağını vurğulayıb.

Görüş zamanı müasir təhsilin çağırışları, innovativ yanaşmalar və Qırğızıstanda özəl təhsil müəssisələrinə dövlət dəstəyi məsələləri müzakirə olunub.

Sonda Şəmil Sadiq nazirə və müavininə qəbula görə təşəkkürünü bildirib, müəllifi olduğu “Hədəf Konsepti” və “İnsan mühəndisi” adlı kitabları hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belçikadakı Azərbaycan icması ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyində təşkil olunan görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsinin yad olunması ilə başlayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  məqsədyönlü və uğurlu diaspor siyasəti xaricdəki Azərbaycan icmalarının fəaliyyətində öz əksini tapır” – bu sözləri komitə sədri çıxışında səsləndirib. Xaricdəki azərbaycanlıların ölkəmizin tarixi qələbəsindən sonra informasiya müharibəsi, diplomatik təşəbbüslər və lobbiçilik sahəsində kifayət qədər fəallaşdığını, keyfiyyətli fəaliyyət ortaya qoyduqlarını qeyd edib.

Soydaşlarımıza dünya azərbaycanlılarının birliyini gücləndirmək məqsədilə sistemli şəkildə həyata keçirilən layihələr barədə müfəssəl məlumat verilib.

Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov icma görüşünü müsbət qiymətləndirib, soydaşlarımızın diaspor fəaliyyətini təqdir etdiyini dilə gətirib.

“Fireland” Azərbaycanlılar Birliyinin, BAF – Belçika Azərbaycanlıları Federasiyasının, “MADANİ – Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” təşkilatının, “Radio Octo” radiosunun,  “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyasının, İrs-Azərbaycan Belçika Tələbə Assosiasiyasının təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, təkliflərini səsləndiriblər. Soydaşlarımız müasir platformalarda bir araya gələrək daha güclü, daha məhsuldar və daha effektiv birlik mühiti yaratdıqlarını nəzərə çatdırıb, bu cür görüşlərə maraqlarının artdığını ifadə ediblər.

Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Tədbirdə, həmçinin Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Belçika üzrə koordinatoru seçilib.

Bədii hissədə azərbaycanlı uşaq və gənclərin ifasında təqdim olunan milli musiqilər, milli rəqslər sürəkli alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

Norveçdə 28 May – Müstəqillik  Günündə görkəmli bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili videolayihə hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Norveçdə yaşayan azərbaycanlı musiqiçilər — pianoçu və bəstəkar Tural Rafael və pianoçu Aida Ramazanovanın hazırladığı videonun əsasını Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından seçilmiş bir hissənin iki fortepiano üçün işlənmiş orijinal interpretasiyası təşkil edib. Fortepiano üçün aranjeman və nota işləmə Tural Rafaelə məxsusdur.

Videolayihənin ideya müəllifi Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Fariz Nadir Rzayevdir. Çəkilişlər onun təsis etdiyi və Norveçdə fəaliyyət göstərən “FNR Art” şirkətinin dəstəyi ilə baş tutub. Layihənin vizual tərtibatı üçün isə Almaniyadan peşəkar azərbaycanlı operator Orxan Bari dəvət olunub.

Videonun Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 May tarixində təqdim edilməsinin təsadüfi olmadığını, bəstəkarın əsərlərinin, xüsusilə “Arşın mal alan”ın Azərbaycanın zəngin musiqi irsinin təbliğində mühüm rol oynadığını vurğulayıb. Fariz Nadir Rzayev layihədən danışarkən bildirib ki, bu layihə dahi bəstəkarın irsinə ehtiram əlaməti olmaqla yanaşı, Azərbaycanın zəngin musiqi mədəniyyətinin Avropada tanıdılmasına xidmət edir.

Qeyd edək ki, Tural Rafael “Kongsberg Jazzfestival”, “Musikkfest Oslo” kimi nüfuzlu festivalların iştirakçısı olub. O, Fransa, Almaniya, İtaliya, İsveçrə kimi ölkələrdə Azərbaycan musiqisini uğurla təmsil edib. Aida Ramazanova isə Qriq Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı kimi klassik musiqi layihələrində fəal iştirak edir.

Bu layihə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.