Bu gün Xalq artisti Qəndab Quliyevanın anım günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Opera sənətini sevənlər, xüsusən opera sənətimizin tacı olan “Leyli və Məcnun” vurğunları bir ifanı heç zaman unutmazlar. Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyevanın ifasını. Bu gün görkəmli sənətçimizin anım günüdür.

 

Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub.  Azərbaycan Dövlət Musiqi Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. İlk muğam müəllimi Nəriman Əliyev olub. Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinfində dərs alıb və onun sənətini təkmilləşdirib.

1981-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Ərəbzəngi (Müslüm Maqomayev – "Şah İsmayıl"), Şahcənəm (Zülfüqar Hacıbəyov – "Aşıq Qərib"), Gülbahar (Şəfiqə Axundova – "Gəlin qayası"), Xanəndə qız (Ramiz Mustafayev – "Vaqif") rollarını yaradıb.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə – Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olub, Azərbaycan muğam sənətini inkişaf etdirib. Xanəndənin repertuarına muğam dəstgahları və təsniflər daxildir. Onun ifasında "Xaric Segah", "Şahnaz", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Şur" muğamlarının səsyazıları AzTV Fondunda saxlanılır.

Xanəndənin ifasında "Çahargah" muğamının səsyazısı isə Fransada "Muğam antologiyası" CD diskinə daxil edilib.

Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğamatdan dərs deyib.

 

Filmoqrafiya

 

- Qəzəlxan

- Bu səs Qədirin səsidir

 

Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva uzun illər ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, 2017-ci ilin fevral ayından sonra infarkt və 3 dəfə insult keçirmişdir.16 iyun 2017-ci ildə Qəndab xanım səhhətindəki problemlərə görə Respublika Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan sənətkar süni nəfəs aparatına qoşulub. Aparılan müəlicələrə baxmayaraq, Qəndab Quliyeva 26 iyun 2017-ci ildə vəfat edib.

Xalq artisti vəsiyyətinə görə, Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.