ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 05 May 2025 14:34

Köhnə radio, oxuyur Yaqub Məmmədov…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə məşhur filimdəki “sehirli xalata” bürünüb sizi keçmişə aparmaq istəyirəm. Yox, yox, narahat olmayın, Babəkin Bəzz qalasına, Şah İsmayıl babamızın Çaldıran döyüşünə getmirik. Sovet dövrünə baş çəkəcəyik...

 

 Təqvimdə 1975-ci il- elə indiki kimi may ayıdır. “Simsiz radio”da bir qız dillənir: “İndi də günorta konsertinə başlayırıq. Oxuyur Yaqub Məmmədov. Onu müşayiət edirlər...”

...Xatırladınızmı? O vaxtlar radioda günorta konsertləri belə başlayardı və biz gənclər də yaşlılara qoşulub, bəzən bu konsertləri dinləməli olurduq. Xanəndənin səsi evə yayılar, yaşlıların zövqünü oxşayardı...

 

Bəli, Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti, rəhmətlik Yaqub Məmmədovu nəzərdə tuturam. O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Böyüyüb boya-başa çatandan sonra pambıq tarlasında suçu işləyirdi. Tez-tez mahnılar oxuyub pambıqçıları ruhlandırardı. Bir gün xəbər çıxır ki, mədəniyyət evinə Bakıdan Ağcabədiyə komissiya gəlib, səsi yaxşı olan yeniyetmələri axtarırlar. Bir təhər Yaqubu dilə tuturlar ki, o da həmin sınaq müsabiqəsində iştirak etsin. Əvvəlcə getmək istəmir, elə ki, eşidir ki, Xan Şuşinski də onların arasındadır, onu radiodan dinləyib tanıdığı üçün gedir. Növbə Yaquba çatanda Xanın ifa tərzi ilə bir segah oxuyur. Səsi Xanın xoşuna gəlir, amma üstünü vurmur. Sən demə, Şövkət Ələkbərova da münsiflər heyətində imiş. Heyrətindən ayağa qalxıb Yaqubu alqışlayır və xoş sözlər söyləyir. Xanın susub heç nə deməməsi isə onu çox narahat edir. Düşünür ki, yəqin ustadın xoşu gəlməyib. Nə isə, müsabiqə sona çatandan sonra xanəndələr Bakıya qayıdır. Üstündən bir müddət keçir. Bir gün flarmoniyanın bağında heyranları Xan Şuşinskiyə sual verirlər ki, Xan əmi, görəsən yer üzünə bir də sənin kimi oxuyan gələcəkmi? Xan isə cavabında: "Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin."- söyləyir.

Yaqub Bakıya gələndən sonra rus dilini anlayıb danışa bilmədiyi üçün nə operaya gedə, nə də flarmoniyada işləyə bilir. Deyilənlərə görə, o, bu dili bilmədiyindən ilk illər Bakıda çox darıxırmış. Sonradan yavaş-yavaş paytaxt mühitinə alışa bilib. Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi o qədər gözəldir ki, mikrafondan adamları söysə belə onlara ləzzət edərdi...

 

...Qarabağ torpağında boya-başa çatan Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Görkəmli xanəndə Seyid Şuşinskidən və eləcə də xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə həmişə diqqəti cəlb edib. Muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi...

 

O, Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta bu kəndlərdə onu doğulduğu Ağcabədidəki hərmyerlilərindən də çox istəyirdilər. Yeganə xanəndədir ki, muğamın sözlərini bəzən səhv oxusa da, Bakı kəndlərində çox sevilib. Böyük sənətkar 2002-ci ildə 72 yaşında ikən dünyasını dəyişib...

O, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi müxtəlif konsertlərdə çıxış edib. İfasında qrammafon vallarına yazılan muğam dəstgahları o vaxt bütün Yaxın və Orta Şərqdə yayılıb. Eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnməkdədir...

 

Ustad tarzən Vamiq Məmmədəliyevin xatirələrindən birində yazılır: "Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il musiqi meydanlarında oldum, amma bir dəfə də olsun ondan "mən" sözü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları çatmırdı. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi...”

 

...Təqvimdə 2025-ci ildir. Bu gün - mayın 5-də böyük sənətkarın 95 illiyi tamam olur. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəsm əsərlərini kim sevməz ki. Nəzərə alanda ki, bizim xalq həm də dünyanın ən məşhur rəssamlar pleadasına Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev kimi dühalar bəxş edib, bu gün də Sakit Məmmədov kimi dühalar bəxş etməkdədir, onda bizim rəsm əsərlərinə sevgimizin ikiqat daha artıq olması duyular.

 

Bu gün Rəssamlıq bölümündə bir qədər maarifləndirici, bilgiləndirici məlumat vermək qərarına gəldim. Bəşər tarixində ayrıca 7 ən məşhur rəsm fərqləndirilir. Əlbəttə, hamınız dəqiq bilirsiniz ki, bunlardan biri və birincisi Leonardo da Vinçinin “Mona Liza” (”Cokonda”) rəsmidir. Bəs digərləri?

Gəlin portalı arts.com-un köməkliyi ilə dünya mədəni irsinin qızıl fondunu təşkil edən 7 ən məşhur rəsm əsərinin adlarına nəzər yetirək, o əsərlərə ki, Qərbdə onları hansısa bir savadlı adamın tanımaması nöqsan hesab edilir.

 

1.”Ulduzlu gecə”. Van Qoq.

     Yerləşdiyi yer: Nyu-York, Müasir İncəsənət Muzeyi.

 

2.”Veneranın doğulması”. Sandro Bottiçelli.

     Yerləşdiyi yer: Florensiya, Uffitsi qalereyası.

 

3.”Mona Liza”. Leonardo da Vinçi.

    Yerləşdiyi yer: Paris, Luvr muzeyi.

 

4.”Adəmin yapılması”. Mikelancelo Buonarotti.

    Yerləşdiyi yer: Vatikan, Sikst kapellası.

 

5.”Sikst madonnası”. Rafael.

    Yerləşdiyi yer: Drezden, Əski Ustalar Qalereyası.

 

6. “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

    Yerləşdiyi yer: Paris, Orse muzeyi.

 

7. ”Yerüstü həzzlər bağçası”, İeronim Bosx.

    Yerləşdiyi yer: Madrid, Prado muzeyi.

 

Fotolarda:”Sikst madonnası” və ”Ulduzlu gecə”

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayonunun Kərimli kəndinin cənubunda, Yaqublu kəndinin yaxınlığındakı ərazini yaşlı əhali hələ də “Silikovun yeri” adlandırır. Həqiqəti bilməyən bəziləri Silikovlar haqqında fəxrlə danışır, hətta keçmiş “həmyerlilərinin” general olmaları ilə öyünürlər də.  

Bəs kim olub bu Silikovlar? 

 

Bunlar mənşəcə Vartaşen (Oğuz) udilərinin qriqorianlığı qəbul edən təbəqələrindən  olublar. Pravoslav udilərlə aralarında həmişə münaqişə olub. Məsələn, onlar elit pavoslav udilərdən olan maarifpərvər bejanovlarla daim münaqişəyə giriblər. Hətta Silikovların məzhəb məsələsinə görə soydaşları pravoslav bejanovların bir neçə nəfərini Vartaşendə küçədə gülləmələri barədə o dövrün gürcü qəzetlərində məlumatlar da verilir. 

Biz qriqoryan məzhəbli Silikovların nəsilləri barədə məlumat vermək fikrində deyilik. Ancaq bir ata və onun beş oğulundan biri haqqında məlumat verəcəyik. Bəri başdan deyək ki, buradakı faktların bir qismi də rəsmi erməni mənbələrindən götürülüb.

Udi əsilli, irsi zadəgan və qriqoryan inanclı ata Stepan Artemyeviç Silikov  14.07.1841-cı il tarixdə Yelizavetpol quberniyasının Nuxa-Ərəş qəzasının Vartaşen kəndində anadan olmuşdur. (Bəzi mənbələrə görə, sonralar Nuxaya (Şəkiyə) köçmüşdür.)

Rus ordusunun zabiti idi. Tiflis Kadet Korpusunu və I Pavlovsk Hərbi Məktəbini bitirib. Rus-Yapon müharibəsinin iştirakçısı olub. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Qars türk qalasına hücumda iştirak edib. 1878-ci il noyabrın 12-də Cəbrayıl qəzasının (Yelizavetpol quberniyası) başçısı təyin edilib. 09 noyabr 1896-cı ildə illik 860 rubl maaşla general-mayor rütbəsi ilə təqaüdə çıxıb.

Oğuzda onun böyük torpaq sahələri olub. Q.Cavadov və R.Hüseynovun “Udilər” əsərində (səh:96-97) oxuyuruq: “Yaqublu kəndinin sakinləri Stepan Silikovun  torpaqlarında yaşayırlar. O, hərbi qulluqçu olmasına baxmayaraq, öz torpaqlarını icarəyə verir, bu yolla geniş sahələrini əkib becərtdirir. Onun kiçik qardaşı Rüstəm isə hər il Yaqublu kəndinə gələrək yetişdirilmiş məhsulun toplanmasında iştirak edir”, icarə haqlarını toplayırdı.

Beş oğlu və iki qızı olub. Stepan Artemyeviçin bütün oğulları Rusiya İmperator Ordusunda zabit olublar.

Biz ancaq S.Artemyeviçin havasını udub, çörəyini yeyib böyüdüyü torpağa xəyanət edən nankor oğlu Movses Silikovdan söz açacağıq. Əslində haqqında danışılası adam deyil. Amma zənn edirik ki, düşməni də tanımaqda yarar var.

Bu bədnam Movses Silikov 1862-ci il sentyabrın 2-də (14-də) Yelizavetpol quberniyasının Vartaşen kəndində hərbçi udi ailəsində (Stepan Artemyeviçin ailəsində) anadan olmuşdur. Moskva Hərbi Gimnaziyasını, Aleksandrovsk Hərbi Məktəbini və Rusiya İmperiyasının Baş Qərargah Akademiyasının zabitlər məktəbini bitirib. 1884-cü ildən kiçik zabit rütbəsində hərbi xidmətə başlamış və bir müddət sonra İrəvana hərbi komendantın müavini vəzifəsinə göndərilmişdir. Batalyon adyutantından diviziya komandirliyinə qədər yüksəlmişdir. 1916-cı ildə general-mayor rütbəsi alıb.

Onun I Dünya Müharibəsində Vandakı, Muşun, Bitlisin alınmasındaki fəaliyyətini və Ərzurum ələ keçirildikdən sonra ora komendant təyin edilməsini və rus ordusundakı digər xidmətlərini (və təltiflərini) bir tərəfə qoyaq. Hərbçi idi, əmr qulu olub. Bunu haradasa başa düşmək olar.

Lakin biz diqqəti rus imperiyası dağılandan sonra bu namərdin azərbaycanlılara və türklərə etdiyi xəyanətə və onlara qarşı törətdiyi cinayətlərə cəlb etmək istərdik.

Qafqaz cəbhəsi dağıldıqdan və rus qoşunları getdikdən sonra M.Silikov təqaüdə çıxmışdı.  

Lakin öz razılığı ilə 1918-ci ilin fevralında Qafqaz diviziyasının  sabiq komandanı, general Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaş- dırılarkən həmin Nazarbekyanın əmri ilə II atıcı diviziyanın komandiri təyin edilib. (Саркисян Ерванд. Экспансионистская политика Османской империи в Закавказье : накануне и в годы первой мировой войны . Ереван : Изд-во АН Арм. ССР, 1962, с.337.).

Çox güman ki, bu işdə onun ermənilərlə eyni məzhəbdən olması da az rol oynamamışdır. Soyadına –yan artırıb, Silikyan olan bu satqın cani-könüldən ermənilərə hərbi xidmətə başlayıb.

O, günahsız azərbaycanlıların qənimi və qatili olub. Əli türklərin qanına bulaşıb.

Qədim udi xalqının üzqarası olan bu cinayətkar barədə mənbələrin birində  oxuyuruq: “…Hansı diviziyaların hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv edəcəkləri əvvəlcədən planlaşdırılmışdı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Areşov, Dro və Njde İrəvan, Irəvan ətrafı, Zəngibasar, Eçmiədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində; general-mayor M.Silikov isə Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün azərbaycanlıları qırıb məhv etməli idi... (Bu alçaqlar elə bu plan əsasında da “işə” başladılar-İ.V.) Göyçə mahalına hücum edən Silikov Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin evlərini yandırıb, əhalisini qılıncdan keçirəndən sonra Zood kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar taxıl tələb edir. Səməd ağa bu tələbi rədd edir. Ermənilər hücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə iki dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. Əslən şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırır...

Silikovun erməni quldur dəstələri Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular, hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı: ”Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar, meyidlərini qurd-quş yesin...” (https://www.adalet.az/az/posts/detail/ermenilerin-qerbi-azerbaycanda-toretdikleri-qirginlar-166665)

07 iyul 1919-cu il tarixli “Azərbaycan” qəzetinin 218-ci nömrəsində isə yazılmışdı: “Erməni Cümhuriyyəti daxilində qalaraq, Novo-Bayəzid uyezdinin Göyçə gölü şərq, cənub və cənub-qərbində yaşayan müsəlman kəndliləri, vaxtilə erməni təcavüzləri müqabilinə mərdanə surətdə irz-namuslarını müdafiədə bulunmuşlar. Sonra Erməni Cümhuriyyəti tərəfindən indiki Hərbiyyə naziri general Movses Silikovun komandası altında top, pulemyot dəstələri göndərilib irzlərini təcavüzçülərdən müdafiə edən məzbur (göstərilən-İ.V.) uyezdin müsəlman kəndlərini topa-pulemyota tutub, əhalisinin salamat qalanlarını yerlərindən qaçırmışlar”.

İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin   Gəncə Qubernatoruna ünvanlanmış 02 mart 1919-cu il tarixli, 06 mart 1919-cu ildə 3162 nömrə ilə qeydə alınmış ərizəsində (DİN-in dəftərxanası, 80 saylı işdən çıxarış, IV şöbə) göstərilir ki, “1919-cu il fevralın 28-də Silikov, kornet Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəlmiş və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etmişdir; həmin şeylər bu miqdarda olmadığından camaat mükəlləfiyyətdən azad edilməyi xahiş etmişdir. Bu zaman Silikov qamçı ilə vurmağa və söyməyə başlamış, hətta kənd sakini Məci Süleyman oğlunu öldürmüşdür. Qalan zabitlər isə daha dörd müsəlmanı yaralamışlar”.

M.Şahüseynovun “Qəbələ” qəzetinin 13 aprel 2000-il tarixli sayındakı “Onlara güzəşt oluna bilməzdi” yazısından isə məlum olur ki, “Andraniklə yanaşı, digər erməni generalı Silikov Türkiyədə döyüşmüş erməni hərbiçilərdən ibarət çoxsaylı erməni ordusu ilə Göyçəyə, Basarkeçərə, Kəlbəcərə, indiki Laçın bölgəsinin şimal hissəsinə tez-tez basqınlar etməklə Aran Qarabağa girmək istəyirdilər....Göyçədə, Basarkeçərdə və Kəlbəcərdə Andraniklə 2-ci erməni generalı Silikov çox böyük qırğınlar törətmiş, insanları qaçqın salmışlar... Göyçənin 32 kəndini yandıraraq məhv ediblər. Basarkeçərdə isə demək olar ki, əhali qalmır”.

M.Silikov həm də qısa müddət ərzində döyüşə hazır nizami birliklər yaradıb və onları türk qoşunlarını dəf etmək üçün hazırlayıb. Tezliklə İrəvan qüvvələr qrupunun komandiri təyin edilib.

1918-ci ilin mayında Aleksandropolu (Gümrünü) azad edən türk qoşunları İrəvana, qırğına məruz qalmış azərbaycanlılara köməyə gedəndə Silikov nizami qoşunlara və milislərə ümumi komandanlığı öz üzərinə götürüb, Sardarabad və Başaparan döyüşlərində türk hərbi qüvvələrinə qarşı vuruşmuşdur. Bu döyüşlər sayəsində Ermənistan tam məhv olmaqdan xilas olmuşdur. Buna görə Sərdarabat döyüşünün digər iştirakçılarından bir zamanlar M.Silikovun komandanlığı altında xidmət edən türk düşməni, bədnam  İ.Baqramyan sonralar onu “ən istedadlı hərbi lider” kimi tərif etmişdi. Silikyanın müasiri tarixçi H.Ter-Martirosyan isə onu "Ermənicə bilməyən, ancaq örnək bir erməni” adlandırmışdı. Ermənilər indi də Movses Silikovu “erməni generallarının müqəddəs üçlüyündən  (D.Pirumyan, D.Kanayan (Dro), M.Silikyan) biri” kimi təsvir edirlər. O həm də xalqımızın qatı düşmənlərindən O.Andranik, Q.Njde, M.Areşov, X.Araratov və Q.Korqanovun yaxın silahdaşı olub.  

Rus zabitlərinin aktiv iştirakı ilə Ermənistan Respublika Ordusu yaradılarkən də general-mayor M.Silikov (Silikyan) əlahiddə erməni diviziyasının komandiri təyin olunub. Yuxarıda “Azərbaycan” qəzetindən gətrdiyimiz sitatdan belə məlum olur ki, o hətta bir müddət hərbi nazir də olub.

Sən demə, anadan olduğu torpağa – öz doğma Vətəninə xəyanət edib, Ermənistanı vətən seçən, ”Canımı Vətənə və Allaha verəcəyəm, namusumu özüm üçün saxlayacağam,”- deyən bu cinayətkarın heç namusu da yoxmuş. Zatən belələrində namus olmaz ki?!

 

1920-ci ildə Ermənistan sovetləşdikdən sonra yeni hökumətin formalaşdığı illərdə M.Silikov ordudan tərxis olunub və ömrünün sonunadək dövlət təhlükəsizlik orqanları tərəfindən təqiblərə məruz qalıb. Bütün təltif və mükafatları əlindən alınıb,  1937-ci il dekabrın 10-da Sardarabadın bir çox digər dırnaqarası “qəhrəmanları” ilə birlikdə Nork dərəsində güllələnib. Cəhənnəmə vasil olub. Arzu edək ki, atəşi bol olsun!

Düşmənlərimizi tanıyaq və unutmayaq! Dədə-babalarımız demişkən, “Əski düşmən dost olmaz!”

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə Marqlı bölümündə istədim sizə flora aləmindən danışım. Araşdırmalar aparıb müxtəlif mənbələrdən bölümümüzün adına uyğun maraqlı faktlar əldə elədim: Dünyada çox maraqlı və qeyri-adi bitkilər varmış. Onların bəziləri ilə tanışlıq əlbəttə ki, pis olmaz.

 

 

Sıralanmaya başlamazdan öncə Şuşada bitən unikal Xarı-bülbül çiçəyini qeyd etməyi özümə borc bilirəm. Dünya hələ bizi görməzdən gəlir, amma Xarı-bülbül həqiqətən də ən maraqlı və qeyri-adi bitkilər sırasında dayanmağı özünə haqq edir.

 

 

Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris 

cinsinə aid bitki növüdür. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Amma biz bu cəfəngiyyata inanmırıq.

Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir. Endemik növdür.

 

1. Rafflesia arnoldii – Bu bitki dünyanın ən böyük çiçəyinə malikdir və çürük ət qoxusu yayır. Ona görə də “cəsəd çiçəyi” də deyilir.

 

2. Venus Flytrap (Dionaea muscipula) – Həşərat yeyən bitkidir. Toxunma nəticəsində sürətlə bağlanaraq həşəratları tutur və həzm edir.

 

3. Baobab – Afrikada yetişən bu ağac “tərsinə bitmiş ağac” kimi tanınır. Geniş gövdəsində minlərlə litr su saxlaya bilir.

 

4. Welwitschia mirabilis – Namib səhrasında bitir. Yalnız iki yarpağı olur, amma bu yarpaqlar yüz illərlə yaşayır. Ən qədim bitkilərdən biridir.

 

5. Sensitive Plant (Mimosa pudica) – Bu bitkiyə toxunduqda yarpaqları dərhal bağlanır. Müdafiə mexanizmi kimi fəaliyyət göstərir.

 

6. Hydnora africana – Torpaq altında yaşayır, qəribə quruluşu və pis qoxusu ilə seçilir. Həşəratları cəlb edib, sonra onları həzm edir.

 

7. Pitcher Plant (Nepenthes) – Qab şəklindəki quruluşu ilə həşəratları tələyə salır və onları həzm edir.

 

 

İndi isə onlar haqqında ətraflı məlumat təqdim edirəm:

 

 

1. Rafflesia arnoldii (Cəsəd Çiçəyi)

 

Mənşə: Cənub-Şərqi Asiya, xüsusən İndoneziya və Malayziya.

 

Xüsusiyyəti: Dünyanın ən böyük tək çiçəyidir – diametri 1 metrə qədər ola bilər.

 

Çiçəyin qoxusu: Çürümüş ət kimi iy gəlir, bu qoxu milçəkləri cəlb edir.

 

Parazitdir: Öz kökləri və yarpaqları yoxdur. Ev sahibi bitkinin üzərində yaşayır.

 

Çiçək ömrü: Cəmi bir neçə gün – çox qısa müddət açıq qalır.

 

 

2. Venus Flytrap (Dionaea muscipula)

 

Mənşə: ABŞ-ın şərq sahilləri (Şimali və Cənubi Karolina).

 

Xüsusiyyəti: Yarpaqları iki "çənə" kimi açılıb-bağlanır.

 

Ovlanma üsulu: Həşərat bitkinin yarpağına toxunduqda, 0.1 saniyəyə bağlanır.

 

Qidalanma: Bitki fotosintez edir, amma əlavə qida üçün həşəratları həzm edir.

 

Həzm müddəti: 5-12 gün.

 

 

3. Baobab

 

Mənşə: Afrika, Madaqaskar, Avstraliya.

 

Xüsusiyyəti: 25 metrə qədər hündürlük, 10-14 metr diametrli gövdə.

 

Su saxlanması: Quruluq dövründə istifadə etmək üçün gövdəsində minlərlə litr su yığır.

 

Uzunömürlülük: Bəzi baobablar 2000 ildən çox yaşayır.

 

Meyvəsi: C vitamini ilə zəngindir, bəzi yerlərdə dərman və qida kimi istifadə olunur.

 

 

4. Welwitschia mirabilis

 

Mənşə: Namibiya səhrası.

 

Xüsusiyyəti: Yalnız iki yarpağı olur – onlar da ömür boyu uzanır, bəzən 2-4 metrə çatır.

 

Ömrü: 1000 ildən çox yaşaya bilər.

 

Nəfəsalma və su alması: Səhər şehindən su toplayır. Quraqlığa çox davamlıdır.

 

Görünüşü: Əyri-buğu, quru və maraqlı forması ilə tanınır.

 

 

5. Mimosa pudica (Utancaq Bitki)

 

Mənşə: Cənubi Amerika, amma artıq tropik bölgələrdə geniş yayılıb.

 

Xüsusiyyəti: Yarpaqlarına toxunduqda dərhal bağlanır.

 

Müdafiə mexanizmi: Bu hərəkət heyvanların onu yeməməsi üçün qoruma üsuludur.

 

Açılıb-bağlanma: Bir neçə dəqiqə sonra yarpaqlar yenidən açılır.

 

Çiçəkləri: Yumru, yumşaq tükcüklü bənövşəyi çiçəklər açır.

 

 

6. Hydnora africana

 

Mənşə: Cənubi Afrika.

 

Yaşayış forması: Yeraltı parazit bitkidir. Görünən hissəsi çiçəyidir.

 

Qoxusu: Çürük ət kimi qoxur, bu da böcəkləri cəlb edir.

 

Ovlanma üsulu: Böcəklər içəri daxil olduqda çiçək bağlanır və onları bir müddət içəridə saxlayır.

 

Maraqlı fakt: Yarpaqları, kökləri yoxdur – yalnız digər bitkilərin köklərinə yapışıb qida alır.

 

 

7. Pitcher Plant (Nepenthes)

 

Mənşə: Cənub-Şərqi Asiya, Hindistan, Avstraliya və Madagaskar.

 

Xüsusiyyəti: Yarpaqları qabı (pitcher) formasındadır.

 

Tələsi: Həşəratlar qoxuya və şirin nektara cəlb olur, içəri düşür və sürüşüb həzm mayesinə düşür.

 

Qidalanma: Bitki həm fotosintez edir, həm də həşəratları həzm edir.

 

Böyük növləri: Bəzi növləri siçan kimi kiçik heyvanları da həzm edə bilir.

 

 

Şəkildə: Xarı-bülbül və baobab

 

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Jalə İslamın “Bizi ayıran yollar…” hekayəsini təqdim edirik.

                                                                                                                                               

Jalə İSLAM

 

“BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ…”

 

Həyat yuxuda da öz sonuna doğru gedir.

A.Bule

 

2003-cü il Bakı.

Bu gün Arazın Bakıda son günü idi. İndi o bu günə qədər böyüdüyü evinin hər küncünə içində qopan dərin fırtınalarla birlikdə baxmaqda idi. Anası evin içində cəld addımlarla o tərəf-bu tərəfə irəliləyir, son qalan əşyaları toplayırdı.

Araz anasını atasının ölümündən bu yana ilk dəfə idi ki, bu qədər xoşbəxt görürdü. Həm də onun üzündə qəribə bir həyəcan da var idi. Nə də olsa, bu gün onun həyatında artıq yeni bir başlanğıc idi.

Amma evdə əgər bir nəfər xoşbəxtdirsə, bu o demək deyildir ki, hər kəs xoşbəxt və bəxtiyar olmalıdır. Belə bir qanunun olduğunu düşünmürəm. O biri otaqda uzun müddətdir ki, yataq xəstəsi olan nənəsinin onların gedişindən xəbərdar olduğu gündən etibarən göz yaşları dayanmırdı. Oğlunun ölümündən sonra ona tək dayaq olan ailə üzvləri də bu yaşlı qadını tərk edib gedirdi...

İnsanlar həyatda bəzən seçim etmək məcburiyyətində qalırlar. Araz anlamışdı ki, nənəsi də bu seçimin qurbanıdır. Anasının düşüncəsiz seçimi onun içinə dərin duyğuların kök salmasına səbəb olmuşdu. Yaşanmış bəzi hadisələr bizi düşünməyə sövq edir. Əgər mən onun yerində olsa idim, nə edərdim? Ya da qarşımdakının seçim şansından biri də mən olsa idim, mən də qurban olardımmı?

Onu bütün bu suallar deyil, anasının növbəti seçimi qorxudurdu...

Bir az sonra maşın artıq qapıda dayanmışdı. Arazın isə anası ilə bərabər getməkdən başqa çarəsi yox idi. Buna seçim demək doğru deyil, çünki bu, məcburiyyətdir.

Bütün vücudu daş kəsilmiş Arazın gözü divarda asılı olan, illər əvvəl çəkdirdikləri ailə şəklində qalmışdı. İndi nələri itirdiyini, nələrin yarımçıq qaldığını çox yaxşı anlayırdı. Ruhu sakitlik nədir, bilmirdi.

Mətbəxə tərəf yönəldi, masanın üzərində olan çörək və su qabını götürdü və nənəsinin çarpayısının yanında olan kiçik masanın üzərinə qoydu, nənəsinin üzərini örtdü, sel kimi axan və bəlkə də, heç dayanmayacaq olan göz yaşlarını əlləri ilə son dəfə sildi. Anasının belə acımadığı bu qadına Arazın yazığı gəlirdi.

Hər zaman olduğu kimi, yenə heç bir söz demədi. Susqunluq onun üçün tək çıxış yolu idi. Həzin addımlarla qapıya tərəf yönəldi, hər addım atdıqca onun içindəki hüzn daha da böyüyür, nənəsinin fəryadı daha da şiddətlənirdi. Artıq arxasına baxmamağa qərar verdi, çünki bu, əzabı özünə pulsuz satın almaq demək idi.

İnsanı uzaq səfərə çıxarkən doğma evindən uzaqlaşmaq düşüncəsi deyil, qayıdanda hər şeyi olduğu kimi tapmamaq düşüncəsi üzürdü.

Arazın içindəki narahatlıq onu kölgəsi kimi təqib edirdi. Əlini uzatsa, tuta bilməyəcəyi buludların üzərindəki ilk səyahət belə ona uşaq ağlının yaşada biləcəyi illüziyaları yaşatmırdı. Səmanı və dənizi onsuz da  sevmirdi. İki il əvvəl atasını qurban verdiyi dənizi, ya da bütün bunları etinasızca seyr edən səmanı necə bağışlaya bilərdi ki?! Sağ tərəfində əyləşən anası ilə göz təmasından qaçırdı. Qəbul edə bilmirdi ki, artıq anası da onun içində çoxdan ölüb. Axı necə ola bilərdi ki, iki il əvvəl səni heç kimə dəyişməyəcəm dediyi həyat yoldaşını indi başqa bir adama dəyişirdi?!

Murad anasına böyük vədlər vermişdi. Elə Araz da anası ilə birlikdə bu vədlərin arxasınca yad bir elə üz tuturdu. Lakin anası – Leyla bir şeyi unudurdu ki, yad elin yad qanunları var və bütün qanunlar ədalətə tabe deyil.

Təyyarədən endikləri zaman Murad onlara gülümsəyərək dedi:

– Sizə söz verirəm ki, hər şey çox yaxşı olacaq. Siz, sadəcə, mənə güvənin.

Amma Araz çoxdan bilirdi ki, bu şəhər onu udacaq!

 

Sankt-Peterburq, 2003-cü il.

Böyük şəhərlər dərin insanlar üçün bir cəhənnəm, dərin insanlar isə kiçik şəhərlər üçün bir tabutdur!

Fikirlərin əsirində keçən bu səyahət artıq sonlanmışdı. Onu bu əsirlikdən maşının ani dayanması oyatdı. Deyəsən, indi, həqiqətən də, hər şey üçün çox gec idi.

Qapıda onları Muradın anası Pakizə qarşıladı.

          – Baxın, bu mənim oğlumdur. O çox sakit, mülayim və tərbiyəli uşaqdır. Bəzi problemlərə görə danışmır. Amma mən inanıram ki, o mənə yenə əvvəlki kimi ana deyəcək.

Araz anasının bu qədər həvəsli davranışları ilə ilk dəfə idi ki, üz-üzə qalırdı. Hər şey bir-birinə qarışmışdı. Bütün bunlara yalnız Pakizə və Araz sanki yadplanetli imiş kimi baxırdılar. Elə məhz buna görə də Araz bu hisslərin təlatümündə ilk dəfə tək olmadığını anlamışdı.

…Hər kəs yatmağa hazırlaşırdı. Murad və anası çoxdan getmişdilər. Yaşlı qadının harada olduğu isə məlum deyildi. Araz isə divanın bir küncündə daş kəsilmişdi. Öz evini düşünür və kədərlənirdi. İndi anlayırdı ki, əgər öz evlərində olsa idi, divanın bir küncünə qısılıb qalacaq qədər çarəsiz olmazdı.

Bu dəmdə Pakizə əlində bir balınc və odeyal ilə içəri daxil oldu. Əlini salon ilə qarşı-qarşıya olan otağı işarə etdi. Otaqda iki çarpayı var idi və sol tərəfdəki çarpayıda bir nəfər üzü divara uzanıb yatırdı. Divarlar rəsmlərlə dolu idi. Bu rəsmlər eynilə melanxolik düşüncəli insanların çəkə biləcəyi rəsmlərə bənzəyirdi. Nə qədər gözəl görünsələr də, bir o qədər də vahiməli idilər.

Səhər oyananda qarşısındakı mənzərə onu qorxutmuş, evin sakinləri Arazın qışqırığına oyanmışdı. Bu qorxu sonradan ona utandırıcı gəlsə də, həmin anı xatırlayanda yenə də dizləri əsirdi.

Muradın oğlu ilə bu cür tanış olmaq istəməzdi, lakin qarşısında bu günə qədər görmədiyi görünüşdə bir adam dayanmışdı. Bir insanın xarici görünüşü ilə alçaldılması ona həmişə pis təsir etsə də, o özü də heç istəmədən bu xətaya düşmüşdü. Hər şey bir yana, illər sonra övladının dilindən ilk dəfə “Ana” sözünü eşidən Leyla buna dediyi kimi heyrətamiz deyil, etinasızca yanaşmışdı. Deyəsən, ikinci seçim şansı artıq qarşıda idi. Bəs bu dəfə qurban kim olacaqdı?

Zamanla hər şeyə alışarsan və buna qorxuların da daxildir.

Araz bu vahiməli simaya hər baxanda utanırdı, onun baxışlarının altında əzilirdi. Amma nə qədər təəccüblü olsa da, bu evdəki ümid işığı yalnız onun gözlərində parıldayırdı.

– Hey, cavan oğlan, niyə heç danışmırsan? Nə vaxta qədər belə susacaqsan? Ən sonunda danışmalı olacaqsan və gördüyüm qədərilə səninlə danışmağa heç kim yoxdur.

– Mənə səssizlik yaraşır!

Qapı bir anda şiddətlə açıldı. Evin səssizliyi Muradın gəlişi ilə pozulmuşdu. O, içkili idi. Araz sağına baxdı. Bu vahiməli, həm də şad sima bir anda yerini qorxu ilə əvəzlədi. Evin qapısı açılanda artıq onun da içinə qurd düşmüşdü. İçəri girər-girməz oğlunun üzərinə şığıdı. Gözü dönmüşdü, üst-üstə zərbələr endirirdi. Və hər kəs, sadəcə, tamaşa edirdi. Arazın gözü anasına sataşdı. O, ayırmağa deyil, Muradı sakitləşdirməyə çalışırdı. Artıq zamanı idi, bu dəfə ola bilməzdi, on dörd illik həyatı ona bu qədər riyakarlıq qatmamışdı.

Muradın biləyindən yapışaraq onu var gücü ilə geri itələdi:

– Bəsdir artıq, dayan. Bütün bunlar sənə ağır gəlmir? Qarşındakı sənin oğlundur. Ona bu cür davrana bilməzsən. Heç ürəyin ağrımır?!

– Sən kimsən? Əsas sən mənim qarşıma keçib bu sualları verməyə utanmırsan?!

Dünənə qədər ağzına su alıb oturmuşdun. İndi filosof oldun başıma?

– Mən Tanrının bir bəndəsiyəm. Bəllidir ki, sən də şeytanın bir bənzətməsi. Mən sizin bu nə olduğu bilinməyən məhəbbət adı verdiyiniz illüziyaya artıq dayana bilmirəm. Bizə əzəldən öyrədilib ki, özümüzdən zəif olanları qorumaqla hökmlüyük.

Bu sözləri eşitmək Muradın qürurunu incitmişdi. İrəli gələrək onu vurmağa cəsarət etdi. Buna Leyla icazə vermədi. Araz ilk dəfə anasının onun yanında olduğunu düşünmüşdü, bu düşüncəsindən onu anasının üzündə deyil, ürəyində yara açan şilləsi oyatdı. Bəli, o da artıq qurban idi. Hər kəs öz otağına çəkilmişdi, o isə yenə öz yerində daş kəsilmişdi. Arxadan bir səs eşitdi:

– Təşəkkür edirəm və üzr istəyirəm!

Araz arxasına dönərək dedi:

– O, məni heç sevmədi...

Səssizlik ən gözəl melodiyadır, lakin bu dünyaya şamil deyil.

– Mənim adım Vladimirdi, Araz. Üzüm isə illər öncə evin arxa tərəfindəki kömürlükdə yanıb. Yandırılıb...

Uzun bir sükutdan sonra:

– Mənim adım Arazdır. “Kim yandırıb?” – deyə soruşmayım. “Niyə yandırıb?” – deyə soruşacam.

Vladimir xəfif gülümsədi və üzünü pəncərəyə tərəf döndərədək:

– O, məni heç sevmədi... – dedi. Və davam etdi:

– Bilirsən, Araz, bura ev deyil, cəhənnəmdir. Bu evin pəncərəsindən heç ulduzları da görə bilmirəm. Tanrı bunu belə mənə rəva bilmir.

– Anan haradadır?

– O öldü... Məni bu dünyada çarəsiz qoyaraq getdi... Hərdən üsyan edirəm. “Tanrı ruhu əbədiyyətə qovuşan hər kəsə bir ulduz bəxş edir” – deyirlər. Görəsən,  mənim anamın da ulduzu varmı?

– Bəs sənin atan niyə belə edir?

– Bilmirəm. İnanırsan, heç nəyi bilmirəm.

– Bəs o yaşlı qadın, o necə birisidir?

– O var, amma həm də yoxdur. Bəs sənin atan haradadır?

– Mənim atam gəmi kapitanı idi. Onu çox sevdiyi mavi dənizi aldı məndən. Onun üçün çox darıxıram. Əgər yaşasaydı, indi belə bir həyatım, çox güman, olmayacaqdı...

– Bizi onların yoxluğu deyil, geriyə dilimizə bir imza kimi miras qoyduqları “əgər” və “kaş” sözləri tükədir.

– Nənəm isə xəstədir. O, çox gözəl qadındır. Onu çox sevirəm, amma sevgimi bir yana qoyaq, həyata qarşı olan nifrətim belə onu xilas etməyə yetmədi. Bilirsən, biz nə etdik? Biz yeriməyə belə taqəti olmayan o qadını evində təkbaşına qoyub bura gəldik. Səbəbi isə sənin səfeh, ağlı başında olmayan atandır.

– Zamanında belə bir cümlə oxumuşdum: Həyatımızın yarısını valideynlərimiz,digər yarısını isə uşaqlarımız dağıdır. Bu həyat belədir, Araz. Adamlar səni yıxmaq üçün ən çətin zamanını gözləyirlər. Bilirsən, bir gün buradan qurtulmağa çalışdım, hətta demək olar ki, tam qurtulurdum.

– Necə?

– Qazı açdım və evdən çıxıb getdim. Mən gedirəmsə, məni tapa biləcəkləri ehtimalını düşünərək geridə heç bir iz qoymaq istəmədim. Amma heç gedəcəyim ünvana yetişməmiş atam məni tutdu.

– Ən azından cəsur imişsən.

Növbəti səhər Vladimir otağında yenə o qəribə və vahiməli şəkillərindən birini çəkirdi.

– Araz, bax, bizi çəkirəm.

– Biz bu qədər çirkin deyilik, Vladimir.

– Kim deyir ki, çirkinik?! İnsan kimliyi ilə, ya da zahiri görünüşü ilə deyil, əməlləri ilə tanınmalıdır, Araz.

–....

         – “Bəs bu həyatda əməllərini həyata keçirməyə taqəti olmayan insanlar necə gün üzünə çıxır?” – deyə içdən-içə soruşduğuna əminəm. Onların baxışlarına, səssiz çırpınışlarına və ürəyinə bax deyərdim. Amma bunu deməklə heç nəyi həll edə bilmədiyimi özüm də bilirəm. Kim bu dünyada ipəyi, ya da göz oxşayan kəpənəyi sevdiyi qədər baramaqurdunu sevir ki?

 

***

 

Araz artıq çox sarsılmışdı. Neçə gün idi ki, anası ilə də danışmırdı. Bu burulğanın onu udacağını hiss edirdi. Deyəsən, bunu Vladimir də anlamışdı:

– Get bu evdən, Araz.

– Gedəcəyəm, Vladimir.

Vladimir əli ilə ona paltarlar olan şkafı göstərdi:

– Orda bir az pul və mənim paltarım var, gedəndə o paltarı geyinib get. Amma səndən xahiş edirəm ki, geridə heç bir iz qoyma!

Araz Vladimirin nə demək istədiyini də, artıq nə etməli olduğunu da bilirdi.

 

***

 

Gecə saat iki idi. Bu gün artıq Arazın bu evdə son günü idi. Bunu özünə qəbul etdirmişdi. Vladimir çoxdan yatmışdı. Eynilə onun dediyi kimi etdi. Şkafta olan paltarlardan geyindi və pulu götürdü. Son dəfə anası ilə Muradın qaldığı otağın qapısından onları izlədi. Anası çox xoşbəxt bir sima ilə yuxuya getmişdi. Ona baxaraq içində bir yerlərdə qeyb olan ana sevgisini yenidən tapmaq istəsə də, o duyğuları artıq anasının gözündəki nifrəti gördüyü zaman itirdiyinin özü də fərqində idi.Mətbəxə doğru yönəldi və heç düşünmədən qazı açdı. Vladimirlə eynilə nənəsi ilə vidalaşdığı kimi vidalaşmaq istəyirdi.

Onun da üzərini örtdü və son sözlərini qulağına pıçıldadı.

– Bağışla məni!

Arxaya dönüb qapıdan çıxarkən Vladimirin sözlərini eşitdi :

– BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ, AMMA SƏNİ ÖZ ÜNVANINA QOVUŞDURDUQDAN SONRA!

Arazın gözündən yaşlar bir-birinin ardınca süzülməyə başladı:

– Anan ilə qovuşduqda ulduzlarınız ilk mənə parlasın, Vladimir!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı gənc və istedadlı şair Nicat Hunalpın yeni şeirlərini təqdim edir.

 

 

Bu qayalar neçə - neçə dil bilir

 

Bu qayalar neçə - neçə dil bilir,

Ağacların, çiçəklərin dilini

Qayalarda bitən mamır, gül bilir,

Tənhaların və təklərin dilini

 

Mən qayıtdım həsrətimə qoşulub,

Otuz ildə tüm arzular puç olub,

Elə bil ki, təbiətdə ac olub,

İndi tapıb bu yerlərin dilini

 

Özü bilir bu qayalar, bu dağlar,

Tanır məni o suyu buz bulaqlar,

Asan yola gəlir əllər, ayaqlar,

Çətin tapaq ürəklərin dilini

 

 

Ölüm marşı 

 

Tənhalar şəhərində,

ümidsizlik  adlı otağın

 zirzəmisindəyəm.

Və işığı bilmirəm neçə mil,

 uzaqlıqdan seçən 

 köstəbəyə bənzəyir göz bəbəklərim.

Addım - addım ölüm ,

qoxuyur üst - başım.

Dünən gecə aldığım 

sirkəni  başıma çəkdim.

Sususzluqdan yanan

 Misir köləsi kimi.

İndi xəsdəxananın nəmli divarlarında 

mən ölümlə qardaşam.

Aşağıda qayın ağacı yarpaqlarını 

göyə sovurur.

Səssiz və tənha ruhumdan

 doğulur bacı qardaşım.

Və hər doğum özüylə göz yaşı gətirir.

 

 

Boz Sərçə taleyi

 

Görünmür çoxdandı hayana getdi,

Küsdümü taledən, küsdümü baxtdan

Qışın ayazına birtəhər dözər,

Ayrılmaz boz sərçə o piştaxtadan  

 

Tuş gələr taleyi sapand daşına,

Göz yaşı yağışa qarışar indi

Hardasa bir dəcəl, bir nadinc uşaq,

Yazıq boz sərçəyə daş atar indi

 

Alsan ovucuna hiss eliyərsən,

Görərsən ürəyi titrəyir necə

Vicdanın sızlasa bir ovuc dən səp,

Dənlənsin toyuqlar ilə gizlicə

 

Hayana yol aldı, hayana getdi,

Qarğalar apardı boz sərçələri

Qanına boyana - boyana getdi,

Çətin görək burda yaz sərçələri

 

Yayda Vətən - Vətən demək asandı,

Görək kimlər qarlı qışa qalacaq 

Bilirsən ,qaranquş  gəldi - gedərdi,

Bizə qalan bu boz sərçə olacaq 

 

Çıxmadı kimsəylə dən davasına,

Düşdü bəd zamanda daş davasına,

Oynaya - oynaya daş havasına,

Daşlana - daşlana daş oldu sərçə,

Vətəndə vətənsiz quş oldu sərçə

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”

 

Bu gün fərqli bir mövzu barədə danışmaq istəyirəm. Son günlər gündəmi zəbt edən orqan mafiyası və uşaq qaçaqmalçılığı ilə bağlı sosial medialarda yayılan tükürpədici iddialar istər-istəməz hər kəsdə ciddi narahatlıq doğurur. Ərinməyib yayılan iddialar və sosial media platformalarında yaranan ajiotajları nəzərə alıb mən də bir neçə araşdırma aparmağa başladım və nəticə etibarilə gördüm ki, yayılan məlumatlar boş iddiadan ibarət deyil.

 

Bunun əyani sübutlarından biri də bölgələr və paytaxtımızın polis bölmələrinə daxil olan şikayətlərdir. Narkotik və psixatrop maddələrin qanunsuz dövriyyəsindən sonrakı gündəm maddəsinin orqan mafiyası olacağını kimsə dilinə gətirsəydi biraz gülünc səslənərdi. Ancaq həqiqətən də belə oldu. Bir bəlanı aşmadan ikinci bir bəla ilə qarşı-qarşıya qaldıq. Bəs görəsən bu kimi faktlara qarşı necə önləm almaq olar?

Əvvəlki "uşaq oğruları" ən azından valideyndən və ya uşağın yanında böyük birini görəndə istər-istəməz çəkinirdi. Ancaq indikilər nəinki valideynlərdən çəkinir, hətta bəzi uşaqları məktəbin yeməkxanasından belə qaçırdacaq qədər "irəli" gedib. Buna görə də ilk növbədə məktəblərimizdə polis nəzarətinin gücləndirilməsi zəruridir. Ən azından təhlükə bir qədər azalana qədər. Amma əsas təhlükə yaxınlaşan yay fəslindədir. Havaların isinməsi və uşaqlarımızın çölə olan marağı məsələni bir qədər də qəlizləşdirir.

Bu bəla nəinki ölkəmizdə, hətta bütün Avropada,Asiyada da yayılan bir şeydir. Bu barədə tapdığım məlumatları da diqqətinizə çatdırmaq istəyirəm.

 

Türkiyədə orqan mafiyası ilə əlaqədə suçlu bilinərək haqqında dəfələrlə həbs qərarı verilən, hər dəfəsində isə müxtəlif vasitələrlə həbs edilməkdən canını qurtaran “Frankenşteyn” təxəllüslü şəxs Kosovada da belə qanunsuz transplantasiya ilə məşğul olub. Hətta Kosova onun haqqında İnterpol xətti ilə qırmızı bülletenlə axtarış elan edib. Məlumatda deyilir ki, Yusif Sönməz bir neçə il əvvəl Kosovadakı özəl klinikalardan birində 20 min dollar qarşılığında 23 yaşlı bir türk gəncin böyrəklərini İsrail vətəndaşına köçürüb.

Bundan sonra cinayətin üstü açılıb və onun haqqında axtarış elan edilib, yaxalanmadığı üçün isə İnterpol xətti ilə qırmızı bülletenlə axtarış qərarı çıxarılıb. 1999-cu ildə Kosova müharibəsi zamanı 300 serb əsgərin qaçırılmasının BMT tərəfindən ortaya çıxarılmasından sonra aydın olmuşdu ki, bu işin də arxasında “Frankenşteyn” - Yusif Sönməz dayanır. Serb əsgərlərini öldürərək, daxili orqanlarını çıxaran və bunları başqa ölkələrə göndərdiyi iddia edilən Yusif Erçin Sönməz həmin işdən sıyrıla bilmişdi. Qeyd edim ki, Yusif Erçin Sönməz adını ilk dəfə 1997-ci ildə jurnalist Uğur Dündar “Arena” proqramında “Kasıbların böyrəklərini varlılara satır” iddiası ilə ortaya çıxarmışdı. Bundan sonra 2000-ci ilə qədər 3 dəfə cərrahiyyə masası başında orqan çıxararkən yaxalanan Yusif Sönməz dünya çapında da məşhurlaşdı. Xaricdən kimsəsiz və imkansız insanları Türkiyəyə gətirib, onların daxili orqanlarını ucuz qiymətə alıb baha qiymətə satmaqla ad qazanan Yusif Sönməz haqqında ilk məhkəmə qərarı 2005-ci ildə çıxarılıb. O, qanunsuz transplantasiya əməliyyatları keçirdiyi üçün 1 il 10 gün həbs cəzası alıb. Türkiyə məhkəməsi 2005-ci ildə Yusif Erçin Sönməzin orqan mafiyası lideri olduğunu təsdiqləyib. Ancaq həmin il Türkiyədə çıxarılan yeni cəza qanununa əsasən Yusif Erçin Sönməz müəmmalı şəkildə həbsdə yatmaqdan qurtulub. Belə ki, 2 ildən az həbs cəzasına çarpdırılmış şəxslərin cəzaları ertələndiyi üçün “Frankenşteyn” də həbsə göndərilməyib.

 

Fəaliyyətini axsatmayan Yusif Sönməz növbəti dəfə 2007-ci ildə Ankarada yenə özəl bir klinikada, lakin bu dəfə öz adını daşıyan “Sönməz Hospital”da polis əməliyyatı nəticəsində yaxalandı. Hətta həmin əməliyyat zamanı orqan mafiyasının üzvləri bir müddət polislə atışmışdı. İki nəfər polis məmurunun yaralandığı atışmada yaxalanan Sönməzin klinikada 5 nəfəri əməliyyata hazırladığı öyrənilmişdi. Bu dəfə yaxalandıqda isə iki ay istintaq müddətində həbsdə yatdı. Lakin yenə məhkum edilmədən azadlığa buraxıldı. Qanundakı boşluqlar və mafiya dəstəyi bu adamı yenidən məsuliyyətdən qurtardı.

Yusif Sönməzin Avropanın bir çox ölkələrindəki kasıb insanların böyrək və ciyərlərini ucuz qiymətə alaraq, qat-qat baha qiymətə alıcılara satması faktları da mövcuddur. Belə ki, onun Rumıniya, Bolqarıstan, Belarus, Kosova, Serbiya, Moldova və s. kimi orta və aşağı səviyyəli ölkələrdən ucuz orqan alaraq, onları fransız, italyan, ingilis və yəhudilərə baha qiymətə satdığına dair yüzlərlə məlumat var. Hətta 2004-cü ilin əvvəllərində bolqar hökuməti Türkiyəyə hüquq-mühafizə orqanlarına rəsmi qaydada müraciət edərək, Bolqarıstan vətəndaşlarının daxili orqanlarını qanunsuz şəkildə əməliyyat edərək çıxarıb satan Yusif Erçin Sönməzin yaxalanaraq Bolqarıstana təslim edilməsini tələb də etmişdi.

Yusif Erçin Sönməzin orqan mafiyasından əldə etdiyi pullar İsraildə fəaliyyət göstərən banklara köçürülür. Onu da qeyd edək ki, “Frankenşteyn” Yusif Erçin Sönməz 1999-cu ildə yenə eyni ittihamla – qanunsuz orqan dəyişdirmək ittihamı ilə Türkiyə qanunlarına əsasən cərrahlıqdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub…

DTX-nin ölkəmizdəki son əməliyyatı “mafiya ölməzdir” fikirlərini bir daha təsdiqləmiş oldu. Hər haldaz Azərbaycanda orqan mafiyasının bu günlərədək fəaliyyətini davam etdirdiyi bir daha təsdiqləndi. Amma biz xüsusi xidmət orqanlarımızın fədakarlıqla azərbaycanlı yusiferçinlərin çiçəklənməsinə imkan verməyəcəyinə çox əminik.

 

Şəkildə: “Frankenşteyn” - Yusif Erçin Sönməz

 

“Ədəbiyyat və incəsənət”

 

(05.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Salatın Əsgərovaya həsr edilmiş şeirlə tanış olacaqsınız.

  

 

SALATIN ƏZİZ QIZI ƏSGƏROVA

(16.12.1991.-09.01.1991.)

 

Bakı şəhərində doğulmuş,  Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbin və Azərbaycan Neft və Kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) məzunu,  Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın ilk şəhid qadın jurnalisti

Şəhid olduğu yer: Laçın rayonu, Qaladərəsi kəndi

Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı

 

SALATIN

            I

Ali məktəbdə təhsil alan zaman Salatın

Maraqla öyrənirdi dahilərin həyatın.

Düşünürdü tələbə çox şeyi bilməlidir,

İnsanı kamil edən işidir, əməlidir.

 

Ara-sıra maraqlı məqalələr yazırdı,

“Za Neftyanıe Kadrı” da dərc etməyə hazırdı.

O, yazıb yaratmağa bir ehtiyac duyurdu,

Yazdığı məqaləyə “ ürəyini qoyurdu”

 

Ömrü boyu qəlbində yazmaq həvəsi vardı,

Yazdığı hər yazıda xalqın nəfəsi vardı,

Mühəndis olsa da o, jurnalistliyi seçdi,

Həqiqəti yazmağa qəlbində and da içdi.

                

 II

Oxucular qəzetdə axtarırlar soyadın,

 İmzasını tanıyın- Əsgərova Salatın.

-Doğrudan, mənalıdır, fikirləri rəvandır,

Gələcəyi öndədir, axı hələ cavandır.

Hamı onu sevirdi, mehriban, nəzakətli,

Azərbaycan qızıdır, ağıllı, ləyaqətli.

 

Erməni nankorları yollarını azanda,

Duz-çörəyi itirib, etibarı pozanda,

Bircə anda ahəngi pozuldu bu həyatın,

Necə də qəzəbləndi, hiddətləndi Salatın.

 

Tez-tez o, ön cəbhəyə, lap irəli gedirdi,

Əsgərlərlə ürəklə, qəlbən söhbət edirdi,

Deyirdi, sözünüzü söyləyin, çəkinmədən,

Həqiqət bizimlədir, axı qorxuruq nədən?

 

Gənc əsgərlər, zabitlər danışdıqca qürurla,

Salatının çöhrəsi sanki dolurdu nurla.

Söylərdi, bizə candan əzizdir torpağımız,

Qarabağsız ölərik, qana dönər bağrımız.

 

Döyüş meydanlarında, ən qaynar nöqtələrdə,

Soyuq nəmli səngərdə, dağlarda, təpələrdə,

Olmaq sanma asandır, bu hünər, cəsarətdir,

Gənc xanım-ana üçün bir şərəfdir,  qeyrətdir.

 

Salatın çalışdığı qəzetin hər nömrəsi,

Oxunur sevilərək- onun da məqaləsi.

Bütün günü çalışır,  üç-dörd saat yatırdı,

Məqam gəzir, özünü səfərlərə atırdı.

         

III

Rusdilli qəzetdə  çıxıbdı reportajı,

Həqiqətləri yazıb faktlar olsa da acı,

“İmperiya qulları, çatacaqdır sonunuz,

İnsan qanı deyildir, it qanıdır qanınız.

Niyə anlamırsınız, pay olammaz torpaqdan,

Bəsdir, rədd olub gedin, müqəddəs Qarabağdan!”

 

Peşəkar bir jurnalist, əsil vətəndaş idi,

Bütün duyğularından yurd sevgisi baş idi.

Yenə ezamiyyətə yollanacaq Salatın,

Zaman keçir, hökmü var, hər anın, hər saatın.

 

Azyaşlı körpəsini qoyub getmək asandı?

Vətən pərvanəsiydi, bu sevgiylə də yandı.

 

Əyninə geyindi o, hərbçi  formasını,

Qucaqlayıb sevgiylə Ceyhunu-balasını.

Atasına dedi ki, gedim, son səfərimdir,

Namərdlər at oynadır, bu mənim kədərimdir,

Qayıdaram, inşallah, yazaram gözəl yazı,

Sevinclə qeyd edərik, bu il Novruzu - yazı.

Salatının necə də möhkəmdir iradəsi,

Onun qəhrəmanlığı heyran etdi hər kəsi.

 

Erkək-dişisi olmur nə şirin, nə aslanın,

Həqiqətdir, namərdi, mərdi olur insanın.

Laçın-Şuşa yolunda,  bir Qarabağ kəndində,

Hiyləgər terrorçular gizlənərək bir tində,

Birdən atəş açdılar, neçə-neçə silahdan,

Dinsizlər, şərəfsizlər qorxmayaraq Allahdan.

Vəhşilik törətdilər, Salatın oldu candan,

Fəxrlə danışırıq bu xanım qəhrəmandan.

 

Vətən məhəbbətini hər şeydən üstün tutdu,

Bu müqəddəs sevdadan özünü də unutdu.

Salatın qələmiylə yazdı haqqın sözünü,

Həqiqət yollarında qurban etdi özünü.

Xalq üçün candan keçib tarixə yazdı adın,

Əbədi yaçayacaq ürəklərdə Salatın.

 

“Ədəbiyyat və incəsənət”

(05.05. 2025)

 

 

Azərbaycanın bu işıqlı ziyalısı haqqında məlumatlar o qədər də çox deyil

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Onun adına ilk dəfə unudulmaz yazıçımız Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim…” kitabında rast gəlmişdim. Xüsusi ilə də, "Bakılılar ona "ayını ağladan Qarabəy” ləqəbi qoymuşdular” ifadəsi yaddaşımdan asılı qalmışdı. Doğrudur, Manaf müəllim onun zahiri portretini böyük məhəbbətlə yaratmışdı, amma yenə də məlumat azlığım var idi.

 

Dövlət müstəqilliyimizin bərpasından sonra ara-sıra bəzi müəlliflər öz yazılarında onun adını çəksələr də ətraflı bilgilər verilmirdi. Yalnız filologiya elmləri doktoru Aydın Dadaşov bu sahənin əsl tədqiqatçısı kimi fərqləndi. O, bir sıra məqalələrində, "Məmmədhəsən Hacınski”, "Demokratiya və islam” adlı monoqrafiyalarında Qarabəy Qarabəyovun ictimai-siyasi fəaliyyətindən söz açmağı unutmayıb. Görünür ki, müəllif bu şəxsiyyəti millətə yaxından tanıtmaq üçün onun haqqında ayrıca bir monoqrafiyanın yazılmasının əhəmiyyətini nəzərə alaraq "Qarabəy Qarabəyov” adlı kitabını bizə ərməğan edib.

Oxucular üçün aydın olsun deyə, bu Vətən oğlunun ömürlüyündən bəzi məqamları qələmə alırıq:

"Qarabəy Qarabəyov 1874-cü ildə o zamanlar Yelizavetpol qəzasının Zəyəm nahiyəsinə tabe olan Yuxarı Ayıblı kəndindən İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Tiflis gimnaziyasını, Derpi (Tartu) Universitetinin tibb fakültəsini bitirmiş, Moskvada, Bakıda həkim, jurnalist, ictimai xadim kimi fəaliyyət göstərmişdir. ADR parlamentində müxalifəti təmsil edən "İttihad” Partiyasının rəhbəri, "Haqq yolu” (1911-1912) jurnalının, "Yeni həyat” (1918), "İttihad”,” İttixad” qəzetlərinin naşiri olmuşdur. Sovet dövründə fasiləsiz repressiyalara məruz qalan Qarabəy Qarabəyov 27 sentyabr 1953-cü ildə Səmərqənddə dünyasını dəyişmişdir”.

 

Qəhrəmanı barədə ətraflı tədqiqat aparan, bizə uzun müddət bəlli olmayan, qəsdən gizlədilən bir sıra mətləblərə aydınlıq gətirən müəllif maraqlı bir faktı da diqqətə çatdırır:

"1893-cü ildə Qarabəy Qarabəyov H.Z.Tağıyevin hesabına Moskva Universitetinin təbiət elmləri fakültəsində dörd il təhsil aldıqdan sonra 1896-cı ildə inqilabi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib.”

 

Həbsdən azad olunduqdan sonra Qarabəyin Almaniya həyatı başlayıb. O, burada – universitetdə tibb təhsili alaraq Vətənə həkim kimi qayıdıb. 1901-ci ildə məşhur xeyriyyəçi Nabat xanım Aşurbəyovanın nəvəsi Məsumə xanımla ailə həyatı qurub. Kitabda oxuyuruq:

"Malakan bağının yanındakı binada şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklər üzrə kabinet açan, imkansızları pulsuz müalicə edən Qarabəy Qarabəyovun əsas məqsədi əhalinin xilası naminə, islam elminin, ideologiyasının öyrənilməsi və tətbiqi olur”.

Millət balalarının həm fiziki, həm də mənəvi sağlamlığının keşiyində dayanan Qarabəy xalqın nicatını elmdə, təhsildə görürdü. Bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun siyasi həyata qoşulması, mətbuatda müxtəlif yazılarla çıxış etməsi, əqidə dostları ilə birgə jurnal, qəzet naşiri olması, partiya yaratması da məhz birbaşa millətin sabahı, xoş gələcəyi naminə idi. Zamanın ağırlığı, çar üsul idarəsinin təqibləri, ermənilərin xəyanətləri… Dəfələrlə "doktor Qarabəyovun evində axtarışlar və müsadirələr” olurdu. Onun isə bu müqavimətlərin önündə geri çəkilmək niyyəti yox idi.

Müəllif yazır:

"1912-ci ildə Qarabəy Qarabəyov uzun illər üzərində işlədiyi "Türkcədən ruscaya mükəmməl lügət” kitabını İsa bəy Aşurbəyovun mətbəəsində ildə iki dəfə nəşr etdirir”.

1912-ci ildən sonra Qarabəy yenidən Almaniyaya getməli olub. Müəllifin fikrincə, bu səyahət elmi məqsəd daşıyıb. Ailəsi ilə birlikdə iki il Berlində yaşayan Qarabəy Qarabəyov Almaniyanın ən müasir klinikalarında urologiya, histologiya, rentgen sahəsində təcrübə keçərək tibbi nailiyyətlərlə tanış olur. Birinci dünya müharibəsinin başlanması, daşnakların Qafqazda, eləcə də yaxın bölgələrdə talan və qətllər törətməsi, bütünlüklə Rusiyanı bürüyən inqilab mövcud dəyərlər sistemində azadlıq alovları, qurtuluş mücadiləsi diktə edirdi. Bolşeviklərlə ittifaq bağlayan daşnaklar Bakıda minlərlə insanı qətlə yetirdi.

Qarabəy Qarabəyov yazırdı:

"Özünün sadəlövhlüyü, ətaləti ilə istilaçı müharibədə çaşqın qalan müsəlmançılıq, təşkilatlandırılan daşnak ordusu qarşısında tamamilə məhv olmadığına görə, yalnız özünün hərbi müdaxilələrə sinə gərmək bacarığına borcludur”.

 

Həmin vaxtlarda Qarabəy həm siyasi xadim, həm jurnalist, həm də həkim kimi çox fəal olub. "Kaspi” qəzeti 28 yanvar 1919-cu il nömrəsində yazırdı:

"Doktor Qarabəy Qarabəyov hər gün səhər saat 8-dən 10-a, axşam isə 17-dən 19-a qədər özünün Vorovski küçəsindəki 17 saylı ev 1-də yerləşən xəstəxanasında xəstələri qəbul edir”.

Və nəhayət 28 aprel 1920-ci il! Bolşeviklər Azərbaycanı işğal etdilər. Ondan bir gün əvvəl Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sonuncu iclası. Gecə yarıya qədər uzanan bu fövqəladə iclasda Əliheydər Qarayevin artıq işğalçılıq missiyasını yerinə yetirməyə başlamış Qırmızı ordunu dünya proletariatının xilaskarı adlandırması Məhəmməd Əmin Rəsulzadəyə xoş gəlmir. Aydın Dadaşov bizi bir daha həmin günlərə apararaq o məqamı belə qələmə alıb:

 "Məhəmməd Əminin "ilanın ağına da lənət, qarasına da” - deyə hansı rəngə boyanmasından asılı olmayaraq, rus ordusunun ağ və ya qarasının yalnız xalqları əsarətdə saxlayan işğalçılar olduğunu söyləməsi Əliheydər Qarayevi hiddətləndirir. "Gülləbaran edərəm, gözlərini çıxardaram” - deyə ona hücum çəkən Əliheydər Qarayevə təmkinini pozmayan Məhəmməd Əmin olduqca tutarlı cavab verib: "Siz millətin gözünü çıxarmısınız, Əliheydər Qarayev, tovarişlər səni gülləboran edəndə məni və bu günü yada salarsan!”

Həqiqətən də bu qətl sonra baş verdi, Qarayevi öz bolşevikləri məhv etdilər. O qarışıq günlərdə - o son iclasda isə Qarabəyin son fikri isə belə olub:

"Öylə olmalıdır ki, aləm islamın xilası üçün çalışsın”.

 

Bu hadisədən bir qədər sonra-may ayında Qarabəy Qarabəyovu həbs ediblər. Əmlakı müsadirə olunub. Arxangelsk vilayətinin məşhur Solovki düşərgəsinə sürgün edilib. 1921-ci ildə Nəriman Nərimanov həbs edilmiş soydaşlarımızdan 110-unu xilas etməyi bacarıb. Bu vətən oğlunun minbir əziyyətlə repressiyanın caynaqlarından qopardığı ziyalıların arasında Qarabəy Qarabəyov da var idi.

Kitabda oxuyuruq:

"1922-ci ilin dekabrında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilən Nəriman Nərimanovun səyi ilə Solovki düşərgəsindən azad edilən Qarabəy Qarabəyov Rusiyanın istənilən şəhərində yaşamaq hüququ verən, Arxangelsk quberniyası və şəhər fəhlə-kəndli milis idarəsinin təsdiqlədiyi vəsiqə ilə birbaşa Moskvaya üz tutur”.

Hətta belə bir fakt da var ki, Qarabəy Qarabəyov Lenini də müayinə edib, sonradan Nəriman Nərimanovun şəxsi həkimi olub. Nəriman Nərimanovun 1925-ci ildə müəmmalı ölümündən sonra ziyalılarımızın qara günləri yenidən başlayıb. Repressiyalar ara vermədən millətin say-seçmə övladlarını caynaqlarına alaraq sürgünə, zindana, güllələnməyə aparıb.

Qarabəyov Qazaxıstana köçərək burada ilk mamalıq texnikumunun əsasını qoyub. 1933-cü ildə Səmərqənd xəstəxanasında baş həkimin müavini işləyib. 1934-də gizli olaraq Bakıya gəlib. Burada bir ermənini döydüyü üçün həbs edilib, həbsdən buraxılaraq Səmərqəndə göndərilib. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləyib. Pantürkist, panislamist iddiaları ilə həbs edilərək 10 il müddətinə Kolımaya sürgün olunub. 1947-ci ildə Bakıya qayıtdıqdan sonra burada iş və qeydiyyat problemləri ilə üzləşdikdən sonra yenidən Səmərqəndə qayıdıb.

1953-cü ildə orada da dünyasını dəyişib.

Ölümündən 13 il sonra bəraət alıb. Ərinin ölümündən sonra vətənə qayıdan həyat yoldaşı Məsumə xanım Aşurbəyova 1974-cü ildə vəfat edib. Üç qız övladları olub: Tamara, Reyhanat, Arfa. Onların da tale yolu hamar olmayıb. Repressiyalar, təzyiqlər, təqiblər daim bu qızları izləyib. Amma ayaq üstə durmağı, atalarının arzularını gerçəkləşdirməyi bacarıblar. Ailə qurublar, oxuyublar, ali təhsil alıblar. Dünyaya nəvələr gəlib. Nəsil davam edib. Harada yaşamalarından asılı olmayaraq qiblələri Azərbaycan olub.

Alim Aydın Dadaşova bir minnətdarlığımı da çatdırmağı özümə borc bilirəm ki, belə unudulmuş unudulmazlar barəsində mükəmməl tədqiqatlar apararaq onları yenidən xalqa tanıdır. Bu, çox mühüm bir məsələdir, əsl vətəndaşlıq mövqeyi və missiyasıdır.

Qara bəy Qarabəyov həkim, publisit, ictimai xadim olmaqla yanaşı həm də dövrününü tanınmış andlı müvəkkilli- yəni vəkili olub. O, bir çox proseslərdə iştirak edərək haqqın nahaqq üzərində qalibiyyətini təmin edib.

Qara bəy Qarabəyovla bağlı ən maraqlı faktı M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərindən sizə təqdim edirəm. Axı sualın cavabı hələ də açıq qalıb. Niyə Qarabəyova “ayını ağladan” deyiblər?

 

Qafqaz canişini Vorontsov-Daşkov Balaxanıdakı neft mədəninin yaxınlığında Hacı Yusif adlı şəxsə məxsus torpağı zəbt edib hasara aldırır. Hacı Yusif vəkil tutub işi məhkəməyə verməyi qərara alır. Lakin vəkillər müqabil tərəfin Qafqaz sərdarı olduğunu bilən kimi bu işdən boyun qaçırırlar. Təkcə Qarabəy bu çətin işi boynuna götürür. O, bir neçə ay əlləşir, Peterburqdan komissiya gətirdir və şahid ifadələri toplayaraq məhkəməni udur, torpağı Hacı Yusifə qaytarır. Qanunsuz çəkilmiş hasarı Vorontsovun işlər rəisinə sökdürtdürür. Bundan sonra bakılılar ona “Ayını ağladan Qarabəy” ləqəbi verirlər”.

 

Təbii ki, ayı deyildikdə rus nəzərdə tutulur, yəni Vorontsov-Daşkov. Axı rusların totemi ayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

 

Bazar ertəsi, 05 May 2025 10:44

Sumqayıtda möhtəşəm tədbir

Fərhad  Dost, Türkiyədəki Süleyman Dəmirəl Universitetinin

jurnalistika fakültəsinin məzunu. “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt Dövlət Dram Teatrının binasında Əməkdar incəsənət xadimi, rejissor, aktyor, yazıçı-dramaturq, jurnalist Ağalar İdrisoğlunun, bədii yaradıcılığının 60, peşəkar teatr  sənətində çalışmasının 50 və anadan olmasının  75 illik yubileyi mərasimi necə böyük təntənəli  ilə  keçdisə də, hələ də təəssüratları mənim hafizəmdən silinmir və onları sizinlə də bölüşmək istəyirəm.

  

Həmin tədbirdən dərhal sonra isə 1991-ci ildə Ağalar İdrisoğlunun tərcümə etdiyi və 1992-ci ildə həmin teatrda quruluş verdiyi məşhur dramaturq Georgi Xuqayevin “Varlı ev” tamaşası göstərtildi. Həmin gün göstərilən tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov idi. Firudun müəllim də bu tamaşaya yüksək peşəkar səviyyədə quruluş vermişdi və teatrın aktyorları da bu tamaşada yüksək  peşəkar  səviyyədə çıxış edirdilər.

Həmin gün tamaşaçı zalı tamaşaçılarla dolu idi. Və hamı da yüksək əhval-ruhiyyə ilə bu tədbirə gəlmişdi. Çünki bunu tamaşaçıların əhval-ruhiyyəsindən də hiss etmək olurdu. Ümumiyyətlə,  gəlin danmayaq ki, bu gün teatrlara tamaşaçılar çox az gəlir. Bunun  günahını  bizim məmləkətdə texnikanının yüksək səviyyədə inkişaf etməsində, hamının əlində telefon, smartfon  olmasında  və həmin telefon, smartfon  vasitəsilə istənilən tamaşaya, kinoya  telefon, smartfon  vasitəsilə baxmasında, internet səhifələrindən oxuya və görə bilmlərində görürlər. Və həm də vaxtın azlığında, güzəranın pisliyində, hamının çörək dalınca “qaçmasında” görürlər. Əlbəttə, bu düzgün arqument deyil. Çünki bu gün dünyanın demək olar ki, çoxlu ölkələrində vəziyyət, güzənan ağırdır. Orada da insanların əlində telefon, smartfon var  və orada da texnika bizdən daha yaxşı inkişaf edib.  Amma həmin ölkələrin  vətəndaşları teatra da, kinoya da vaxtaşırı gedir və hətta valideynlər öz uşaqlarını da məcbur edirlər ki, teatra, kinoya, rəsm sərgilərinə, konsertlərə, sirkə və başqa maralı əyləncəli yerlərə də getsinlər. Hətta müəllimlər həmin tədbirlərlə bağlı şagirdləri esse yazmağa da məcbur edirlər. Deməli, həmin uşaqlar yüksək təfəkkürlü böyüyürlər və bu təfəkkür vasitəsilə də həyatın incəliklərini başa düşür, bu çətinlikdən keçməyin yollarını valideynsiz, müəllimsiz  özləri tapa bilirlər. Həmin uşaqlar narkomaniyadan və insan orqanizminə pis təsir göstərən, məhv edən başqa, tərbiyəsiz, əxlaqsız işlərdən uzaq olurlar.

 Bunu mən bizim məmləkətdə olan nadanlıqla, savadsızlıqla bağlayıram. Ona görə də  çox təəssüf ki, bizim valideynlərimiz nə özləri həmin tədbirlərə gedirlər və nə də özvladlarını  getməyə qoyurlar. Bununla da onlar öz övladlarının təfəkkürünün inkişafına, həyatı dərindən düşünməsinə mane olurlar. Əgər bu, belə davam eləsə, gəlin danmayaq ki, övladlarımız savadsız və düşüncə tərzi zəif böyüyəcək. Həm də narkomaniya və başqa iyrənc işlər məmləkətimizdə  daha da inkişaf edəcək. Ona görə də nə qədər gec deyil  həm özümüz getməli  və həm də övladlarımızı  teatrlara, kinolara, yüksək səviyyəli tədbirlərə aparmalyıq. Əgər belə olsa, onda biz, dünyanın aparıcı ölkələrilə ayaqlaşa bilərik.

Ola bilər mən, mövzudan kənara çıxdım. Amma bunları da hökmən demək lazımdır ki, insanlarımız başa düşsün. Bu haqda həyəcan təbili çalmağın vaxtıdır. Hətta deyərdim ki, gecikirik.

 

Beləliklə, tamaşadan əvvəl Sumqayıt şəhər İcra Hakimyyəti başçısınin birinci müavini Teymur  Səmədov, Qubadlı rayon İcra Hakimiyyəti başçınin birinci müavini Allahverdi Haqverdiyev və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt  Bölməsinin  sədri Gülnarə xanım Cəmaləddin çıxış edərək, özlərinin ürək sözlərini dedilər. Həmin təbirin aparıcısı, Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Cəlal Məmmədov Ağalar İdrisoğlu haqqında öz fikirlərini deyəndən sonra sözü tədbirdə çıxış edən insanlara verdi.  İndi onların dediyi sözləri  qısa formada yazıram.

 

Teymur  Səmədovun dediklərindən:

-Mən İcra Hakiminin birinci müavini  və Sumqayıt şəhərinin sakini kimi  öz ürək sözlərimi, fikirlərimi deyəcəm. Dəyərli Ağalar müəllim, hörmətli qonaqlar və əziz tədbir iştirakçıları. Ağalar İdrisoğlunun 75 illik yubileyində hamınızı xoş gördük. Zalda əyləşən bütün insanları və əsasən də Ağalar İdrisoğlunu Sumqayıt şəhər İcra Hakimiyyətinin  başçısı cənab Zakir Fərəcovun  adından  təbrik edirəm. Çünki  bu gün təkcə Sumqayıtın üzdə olan ziyalılarından biri Ağalar İdrisoğlunun yox, əslində  şəhərimizin bayramıdır. Belə ki, Ağalar müəllim 1976-cı ildən taleyini bu şəhərlə bağlayıb və bu müddətdə Sumqayıt üçün çox işlər görüb. Sumqayıt,  bizim hamımızın taleh şəhəridir və hər birimiz də çalışmışıq ki, bu şəhər üçün yaxşı işlər görək.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı, özünün maddi-mədəniyyəti, elmi, zəngin ədəbiyyatı, incəsənəti, idmanı  ilə dünyanın ən aparıcı xalqlarından  biridir. Çünki bu xalq, dünyaya Əfzələddin Xəqanini, Nizami Gəncəvini, Məhsəti  Gəncəvini, İmadəddin Nəsimini, Məhəmməd Füzulini, Mirzə  Fətəli Axundzadəni, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, Xurşud  banu  Natəvanı, Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni,   Əbdürrəhim bəy Haqverdiyevi, Hüseyn Cavidi, Cəfər Cabbarlını, Mikayıl Müşfiqi, Səməd Vurğunu  və çoxlu başqa dühalar  bəxş edib. Həmin dühalar da dünya xalqları tərəfindən sevilir və qəbul olunur. Deməli, bizim xalqımız həmişə sözə yüksək qiymət verib. Yüksək klassik sənətkarlarımız  və müasir yazarlarımız həmişə Azərbaycanı  dünyaya tanıdıblar.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Sovetlər dönəmində və müstəqillik illərimizdə Azərbaycana rəhbərlik etdiyi illərdə həmişə ədəbiyyat və incəsənət adamlarınını yüksək qiymətləndirib. Onların dünyada tanınmasına çalışıb. Şükürlər olsun ki, əbədiyaşar Prezidentimizin bu siyasətini cənab prezidentimiz İlham Əliyev də böyük uğurla davam etdirir. Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyeva da bu sahədə çalışan insanlara böyük qayğı göstərir. Həmişə onları diqqətdə saxlayır. Sözümün əvvəlində adlarını çəkdiyim dühaların bu gün də, sabah da və Azərbaycan xaqlı nə qədər yaşayırsa onların sözləri də yaşayacaq. Çünki bizim ölkəmizdə həmişə sözə  diqqət, qayğı çox olub. Ona görə də onların yubileyləri dövlət və xalqımız tərəfindən  çox böyük təntənə ilə qeyd olunur. Həm də biz fəxr etməliyik ki, bu gün müstəqil Azərbaycanımızda böyük sənət sahibi olan  insanlarımızın yubileylərini qeyd edirik. Bəli. Bu müstəqillik yulunda dahi Heydər Əliyevin qoyduğu möhkəm özülün üstündə, müzəffər Ali Baş Komandanımız daha böyük uğurlara imza atır. Otuz ildən artıq işğal altında olan Qarabağ torpağımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə igid əsgərlərimiz tərəfindən təmizlənməsindən də böyük fəxarət olarmı?  Artıq dünya xalqları bizim hərb elmimizi öz ölkələrində tədris edirlər. Bax, budur müstəqil Azərbaycanın qüdrəti. Hamınız görürsünüz ki, ölkəmiz günü-gündən necə inkişaf edir.

O ki qaldı Sumqayıtımıza. Bu şəhərdə də hər şey göz qabağındadır. Sumqayıt, cənab başçımız Zakir Fərəcovun  sayəsində günü-gündən inkişaf edərək,  özünün böyük intibah dövrünü yaşayır. Əvvəllər olduğu kimi bu gün də Sumqayıtda söz və incəsənət insanlarına çox yüksək qiymət verilir. Çünki İcra Hakimiyyətinin başçısı Zakir müəllim onlara yüksək qiymət verir. Onların ad günləri, yubileyləri böyük təm-təraqla keçirilir. Zakir müəllim tez-tez onlarla görüşüb, problemlərilə maraqlanır. Bacardığı kimi də həmin problemləri həll edir. Bu gün də Zakir müəllim Ağalar İdrisoğlunun yubileyində özü iştirak etməli idi. Amma çox ciddi bir məsələ olduğuna və Bakıya dövlət səviyyəli bir tədbirə getdiyinə görə gələ bilmədi. Yuxarıda dediyim ki, Sumqayıtda çox böyük ədəbi bir mühit var. Və bu mühitin də ən aparıcı nümayəndələri  çoxdur. Bax, onlardan biri də bu gün yübileyini qeyd etdiyimiz Ağalar İdrisoğludur. Çünki o, Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada Beynəlxalq Teatr Akademiyasında rejissor təhsili alan ilk və yeganə rejissorudur və ilk, yeganə Əməkdar incəsənət xadimidir. Əlbəttə, şəhərimizin tarixində belə böyük, tarixi  ilklərə imza atan insanı da sumqayıtlılar çox sevir. Bilirsiniz ki, insanı yaxşı tanımaq üçün ən istinad nöqtəsi onun tərcümeyi-halıdır. Ona görə də Ağalar İdrisoğlu  bədii yaradıcılığının 60, peşəkar teatr  sənətindəki fəaliyyətinin 50 ilində çox böyük işlər görüb. Əlbəttə, bu, hər insana nəsib olan iş deyil ki, bu müddətdə 40-dan artıq rol oynayasan, 140-dan çox tamaşaya quruluş verəsən , 6 roman, 12 povest, 15 pyes, 150-dən çox hekayə, 1500-dən çox məqalə, esse, elegiya, portret yazıları, oçerklər  yazasan. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyəsən. Elə bu gün baxacağımız Georgi Xuqayevin “Varlı ev” tamaşasını  da Ağalar İdrisoğlu 1991-ci ildə tərcümə edib və 1992-ci ildə bu tamaşaya çox peşəkar səviyyədə quruluş verib. Bu gün baxacağınız  “Varlı ev”  tamaşanın  isə  quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudun Məhərrəmovdur. O, bu əsərə ikinci nəfəs verib.

Hələ bu azmış kimi  Ağalar İdrisoğlu  26 ildə teatrlara rəhbərlik edib. Uzun illər Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü, Sumqayıt Bölgə şöbəsinin sədri olub. Elə təkcə  teatr kimi çox çətin sahəyə rəhbərlik etmək özü insandan böyük  vaxt,  səbr, təşkilatçılıq, məharət tələb eləyir. Bütün bu qədər işləri görmək də bir insan ömrü üçün həddindən artıq çoxdur. Ağalar İdrisoğlu da bütün bunları bacarıb və yüksək səviyyədə görüb.

Ağalar müəllim sizi təbrik edirik. Bu yerdə şair necə deyir?

İllər ötür, yaşa doluruq,

Yaş üstə yaş gəlir sən demə.

Ömrün xatirələri qocalmır,

Tək qocalan bizik, sən demə.

Amma Ağalar müəllimə baxanda ona heç 75 yaş vermək olmaz. Mən onu uzun illərdir ki, tanıyıram. Həmişə belə şux,  enerjili və işgüzar  görmüşəm. Bir daha yubiliyarımızı Sumqayıt şəhər İcra Hakimiyyətinin  başçısı cənab Zakir Fərəcovun, öz adımdan və bütün sumqayıtlılar adından təbrik edirəm. Ona  uzun ömür, can sağlığı arzu edirik. Arzumuz budur ki, bundan sonra da yazıb-yaratsın.

Cənab başçımız Zakir müəllim  Ağalar İdrisoğlunu  şəhərimiz üçün gördüyü çox böyük  işlərə görə, bədii yaradıcılığının 60, peşəkar teatr fəaliyyətinin 50 və anadan olmasının 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla və hədiyyə ilə təbrik edib. İndi həmin Fəxri Fərmanı və hədiyyəni  mən ona təqdim edirəm.

 

Tamaşaçıların gurultulu  alqışları ilə Teymur  müəllim,  Fəxri Fərmanı,  hədiyyəni və gül dəstəsini  Ağalar İdrisoğluna təqdim etdi.

Ağalar İdrisoğlu isə öz növbəsində belə gözəl yaraşıqlı, Avropa standartlarına uyğun  bir teatr binasını tikib, teatr kollektivinə təhvil verdiyinə görə Zakir müəllimə  və burada əməyi olanların hər birinə  öz təşəkkürünü bildirdi.

Sonra söz, Qubadlı rayon İcra Hakimiyyəti  başçısının birinci müavini

Allahverdi Haqverdiyə verildi.

 

Allahverdi müəllim öz çıxışında bu sözləri dedi:

-Mən otuz bir ildir ki, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində  işləyirəm. Ağalar İdrisoğlunu da 1992-ci ildən tanıyıram. Həmin vaxtı Ağalar İdrisoğlu Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru işləyirdi və  bilirsiniz ki, o vaxtlar da mənfur ermənilər bizim torpaqlara göz diklərindən, tez-tez  Qarabağda ixtişaşlar törədirdilər. O vaxtı da əslən Qubadlıdan olan Bakıda və  Sumqayıtda yaşayan böyük ziyalılar Malik İsaqov, Qasım Qasımzadə, Nəbi Nəbiyev, Tofiq Hüseynli, Möhübbət Məhərrəmov, Mais Səfərli və  Sumqayıtda, Bakıda yaşayan çoxlu  ziyalılar tez-tez Qubadlıya gəlir və özlərilə Qubadlı camaatına çoxlu yardımlar, silah-sursat  gətirirdilər və xalqı ruhlandırırdılar ki, torpaqları yağı düşməndən qorusunlar. Əlbəttə, teatr kollektivinin çıxışı, oxuduqları mahnılar, göstərdikləri tamaşalardan parçalar da rayon camaatını valeh edirdi. Hamıda xoş əhval-ruhiyyə yaradırdı.

Amma yağı düşmənin arxasında çox böyük qüvvələr dayandığından və həmin dövrdə olan səriştəsiz ölkə rəhbərlərimizin ucbatından təkcə Qubadlını yox, bütövlükdə Qarabağı qoruya bilmədik. Həmin vaxtdan  bizim rayon camaatı qaçqınlıq dövrü yaşadı. İnsanlarımızın çox böyük hissəsi Sumqayıtda məskunlaşdı. Ümumilikdə Qubadlı camaatı Azərbaycanın 42 rayonunda məskunlaşmağa məcbur oldu. O vaxtlar ulu öndər Heydər Əliyev bütün Qarabağ camaatına arxa-dayaq durdu. Xalqımızın çətin anlarında yanında oldu. Ulu öndərdən sonra cənab prezidentimiz  İlham Əliyev  də bütövlükdə Qarabağ camaatı üçün çox işlər gördü. Onun gördüyü və əbədi tarixdə qalan müqəddəs iş isə torpaqlarımızın bütövlükdə yağı düşmənlərdən təmizlənməsi oldu. Artıq Qarabağda dövlət başçımızın rəhbərliyi sayəsində çox böyük quruculuq, abadlıq işləri gedir. Qarabağlılar artıq öz yurdlarında məskunlaşırlar. Üç-dörd aydan sonra Qubadlı rayonunun camaatının da  böyük bir hissəsi Qubadlıda məskunlaşacaq. Bax, həmin vaxtı biz, Sumqayıt teatrını və ziyalılarını Qubadlıya böyük həvəslə dəvət edəcəyik. Yeni salınan, yaraşıqlı yurd yerlərimizi göstərəcəyik. Bəli. Yuxarıda dediyim kimi Ağalar İdrisoğlu bir vaxtlar Qubadlı camaatı üçün çox böyük işlər gördüyünə görə rayonumuzun başçısı cənab Malik İsaqov da onu 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla və çox gözəl bir hədiyyə ilə mükafatlandırıb. İndi mən cənab başçımızın adından bu Fəxri Fərmanı və hədiyyəni Ağalar müəllimə təqdim etmək istəyirəm.

 

Allahverdi müəllim Fəxri Fərmanı və hədiyyəni Ağalar İdrisoğluna təqdim etdi.

Ağalar İdrisoğlu da öz növbəsində 1992-93-cü illəri yada saldı və ən əsası isə bu rayonun insanlarının həmin vaxtı necə fədakar olduğunu, düşmənə aman vermədiyini vurğuladı. Milli Qəhrəman Əliyar Əliyevlə bağlı xatirələrini dedi. O, həm də onu vurğuladı ki, Qubadlıda olduqları vaxtı, bütün hadisələri lentə aldıqlarını, Əliyar Əliyevin komandiri olduğu dəstəsinin ermənilərin üç vertalyotunu  (helekopterlərini)  vurduğunu, çoxli silah-sursat ələ keçirtdiklərini dedi. Bütün bunları da teatrın operatoru Qurban  Əliyev video lentə çəkdi. Həmin video kasset isə  o  vaxtı Azərbaycan Televiziyasına verildi və bu video televiziya ilə  göstərildi və Əliyar Əliyevin həmin böyük  şücaətinə görə ona Milli Qəhrəman adı verildi.

Sonra  Cəlal Məmmədov çıxış üçün Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin sədri Gülnarə  xanım  Cəmaləddinə  söz  verdi.

 

Gülnarə  xanım  Cəmaləddinin dediklərindən:

-Sumqayıtda həmişə sənətə və sənətkara yüksək  qiymət verilir. Buna görə də cənab Zakir Fərəcova öz təşəkkürümü bildirirəm.

Mən Ağalar İdrisoğlu haqqında bir neçə yazının müəllifiyəm. Ona görə də onun həyatını, yaradıcılığını yaxşı bilirəm. Ağalar müəllim 1976-cı ildən ömürünü, gününü  bu şəhərlə bağlayıb. Həmin vaxtdan Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Bu teatrda doqquz il aktyor və on il bədii rəhbər-direktor işlədiyi dövrdə teatr üçün çox işlər görüb. Teatrda aktyor işlədiyi dövrdə həmin işilə paralel Sumqayıt  şəhərinin tarixində ilk dəfə burada  “Ümid” adlı Teatr-Studiya yaradıb. Orada 300-dən çox sumqayıtlı yeniyetmə, gənc teatr sənətindən, səhnə danışığından, ədəbiyyatdan, jurnalistikadan dərs alıblar. Azərbaycan və dünya xalqlarının  rəqslərini öyrəniblər.  Onların bir hissəsi aktyor, rəssam, musiqiçi, jurnalist kimi yetişib. Qalanları da ayra-ayrı sahələrdə təhsil alıblar. Ən əsası isə onların  hamısı teatral yetişiblər və çox hissəsi də Sumqayıt şəhərində çalışırlar. Ağalar İdrisoğlu maraqlı yazıçı-dramaturqdur. Uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Biz də onu Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi adından təbrik edib, Fəxri Fərmanla təltif edirik.

 

Gülnarə xanım tamaşaçıların alqışları ilə Fəxri Fərmanı Ağalar İdrisoğluna təqdim etdi.

Sonra Ağalar İdrisoğlu özünün yazdığı iki kitabını- “Şah İsmayıl Xətai” pyeslər toplusunun birinci cildini -20-ci kitabını və “Müəllim qaranlığı yaran işıq deməkdir” adlı 21-ci kitabını və Azərbaycanın dahilərilə bağlı ideya müəlliflərindən biri olduğu kollaj-şəkili Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmova  hədiyyə verdi. Sonra o, sözünə davam eləyərək dedi:

 

-Bu gün  bu tədbirdə  tamaşaçı zalında əyləşən şəhərimizin həkimləri, müəllimləri, sahibkarları, iş adamlarını  və çoxlu başqa sənətlərdə çalışan ziyalıları iştirak edir. Mən ilk öncə həkimlərimizə təşəkkür edirəm. Onlar təkcə mənim yox, bütün sumqayıtlıların sağlamlığı keşiyində möhkəm dayanıblar. Mən işimin çoxluğundan, sağlamlığıma elə də yüksək səviyyədə fikir vermədiyimdən və teatrlara rəhbərlik etdiyim dövrlərdə məndən yüksək vəzifədə olanlarla teatrı qorumaq üçün uzun illər mübarizə apardığımdan, əsəblərimi lazım olan kimi qoruya bilmədiyimdən əsəblərimdə, ürəyimdə problemlər olub. Ona görə də iki dəfə infakt keçirtmişəm. Bir dəfə insult olmaq dərəcəsinə gəlmişəm. Hətta ürəyimin dörd damarı Mərkəzi Ürək Klinikasının baş həkimi, professor, dünya şöhrətli  peşəkar cərrah  Kamran Musayev tərəfindən  cərrahiyyə olunub. Deməli, mənim bu gün sağ qalmağımda ilk öncə sumqayıtlı həkimlərin, əsasən də 1 nömrəli şəhər xəsrəxanasının baş həkimi Mətləb Musayevin və kardiologiya şöbəsinin həkimləri Sevinc xanım Əliyevanın, Cabir Məcidovun, Vəfa xanım Əliyevanın, Aida xanım Məmmədovanın, Lətafət xanım  Orucovanın,  Ayaz Əliyevin və başqalarının mənə çox böyük  köməkliyi olub. Mən onların hamısına minnətdaram. Bu gün sağlamlığım çox yaxşıdır və quruluş verəcəyim  yeni pyeslər və bədii yaradıclıq işlərim üzrindən böyük həvəslə işləyirəm.

Bəli. Sumqayıt teatrı mənim həyatımda, inkişafımda böyük rol oynayıb. Burada çalışanların hamısına minnəttaram. Sadəcə bir şeyə görə çox heyifislənirəm ki, 1991-ci ildə çox çətinliklə bu teatra həmin vaxtı Azərbaycanın Baş nazir işləyən cənab  Həsən Həsənovun böyük köməkliyilə 80 ştat alıb, teatrı Musiqili-Dram Teatrı etmişdim. Həmin vaxtı teatrda çox yüksək səviyyəli aktyorlar çalışırdı və teatrda çox peşəkar orkestr və balet truppası da yaratdığımızdan  maraqlı tamaşalar hazırlayırdıq. Hətta tamaşaçıların xahişi ilə konsert proqramları da hazırlayırdıq. Xaos dövrü olmasına baxmayaraq, həmişə zalımız tamaşaçılarla dolu oldu. Həmin vaxtı Sumqayıt Dövlət Musiqili-Dram Teatrı respublikanın ən aparıcı teatrı saylırdı. Bunu təsdiq edən və həmin vaxtı qəzetlərdə çap olunan yazılar və televiziyada göstərilən verilişlər də sübut edir. Amma çox təəssüf  ki, mən 1997-ci ildə ərizə verib bu teatrın rəhbərliyindən işdən çıxıb Dağıstana işləməyə gedəndə və orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppasını yaradanda məndən sonra teatra rəhbərlik edənlər teatrı musiqili teatr kimi işlədə bilmədiklərindən, orkestrı, balet truppasını işdən çıardıqlarından və həmin 80 ştatın pulunu “başqa məqsədlərə”  istifadə etdiklərindən Maliyyə Nazirliyi bunu bildi və həmin ştatları geri aldı. Bax, o vaxtı bu, mənə çox pis təsir elədi. Əlbəttə, bu yaramaz işləri görənlər  isə cəzalandırıldı...

İndi teatrın direktoru işləyən Samir Şəfiyev və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov  birləşib, teatrın əvvəlki şöhrətini geri qaytarmaq istəyirlər. Mən də söz vermişəm ki, onlara lazım olan köməklikləri edəcəm. Təki sağlıq olsun. Təki bu kollektivdə mehribançlılq və birlik olsun. Çünki mənim bu gün işlədiyim və quruluşçu rejissoru  olduğum Dövlət  Milli Gənc Tamaşaçılar Teatrında çox yaxşı birlik, sağlam mühit, mehribançılıq  var  və teatrın direktoru Naidə xanım İsmayılzadə də əlindən gələni edir ki, işlər yaxşı getsin. Çünki Naidə  xanımın atası, bir vaxtlar teatrla bağlı təşkilatı işin incəliklərini  mənə  öyrədən, Əməkdar incəsənət xadimi, maraqlı rejissor və böyük təşkilatçı insan Məbud İsmayəlzadə də 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru işlədiyi səkkiz il  müddətində Lənkəran teatrını təkcə Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də  tanıtdı. “Ot kökü üstündə bitər”,- deyib babalarımız. Naidə xanım da uzun illər Mədəniyyət Nazirliyində teatr sektoruna rəhbərlik etdiyi illərdə Azərbaycan teatrları  üçün  çox işlər görüb. Dünya dramaturqlarının ona yaxın pyesini dilimizə tərcümə eləyib və həmin əsərlər respublika teatrlarında uğurla tamaşaya qoyulub. O, təkcə yüksək təşkilatçı insan yox, həm də yaxşı teatrşünasdır. Bu sahədə ali təhsil alıb. Ona görə də teatr işini mükəmməl  bilir.  Və yeddi ildir ki, direktoru olduğu  Dövlət Milli Gənc Tamaşaçılar Teatrı üçün də çox böyük  işlər görür. Onun böyük təşkilatçılığı sayəsində teatrımızda çox peşəkar tamaşalar hazırlanır və həmişə də bu tamaşalar anşlaqla gedir.

Mən ömrümün  əlli ilini teatra xidmət edən insan kimi deyirəm ki, əgər tamaşaçılar hiss eləsə ki, teatrda konfliktlər var, kollektiv bir-birini küçə söyüşlərilə təhqir eləyir, həmin teatr yaxşı tamaşalar hazırlasa belə o  teatra getmək istəməyəcəklər. Axı tamaşaçılar  rejissora, aktyora, aktrisaya, teatr  işçisinə böyük varlıq, Ulu Tanrının yerdə olan elçiləri kimi baxırlar. Bu elçilərin tərbiyəsizliyini, bir-birini təhqir, şantaj  etməsini görəndə, onlara qarşı inamları itir. Axı “inam, həyatın sərmayəsidir”, deyib babalarımız.

 

Ağalar İdrisoğlu tamaşaçı zalında olan məşhur Sumqayıt Dostlar Klubunun yaradıcısı, ictimai xadim, maraqlı yazıçı-publisist, altı mindən çox aforizmlərin müəllifi  Hümbət Həsənoğlu və özünün də üzvü olduğu  Dostlar Klubunun idarə heyyətinin üzvləri haqqında da  xoş sözlər dedi. Tamaşaçılar da bu sözləri alqışlarla qarşıladılar.

Sonra teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ağalar İdrisoğlunun bu teatr və şəhər üçün gördüyü uğurlu işlərdən danışdı. Firudin müəllim vurğuladı ki, “bu gün baxacağınız “Varlı ev”  pyesini  Ağalar İdrisoğlu tərcümə eləyəndən sonra 1992-ci ildə həmin əsərə bu teatrda  peşəkar quruluş vermişdi. Həmin tamaşada oynayan Xalq artistləri Məzahir Süleymanov və Kazım Abdullayev də zalda əyləşiblər. Bu ilin yanvar ayının 16-da isə mənim quruluşumda bu əsər yenidən səhnəyə gəlib. Biz sevinirik ki,  günün tələblərinə uyğun olan həmin əsərə yenidən quruluş vermişik.  İnanırıq ki, bu tamaşa sizin də xoşunuza gələcək.  Sizə uğurlu tamaşa arzu edirik əziz tamaşaçılar”.

Sonra  Georgi Xuqayevin  “Varlı ev” tamaşası başladı. Çox maraqlı süjeti olan, dərin konfliklər üzərində qurulan bu  əsərdə həm də qırmızı xəttlə müharibələrin törətdiyi dəhşətli faciələr bütün əsər boyu və hətta sonda daha qabarıq formada göstərilir. Bu müharibənin fonunda  ailədə də dəhşətli müharibə olur. Belə ki, iştirakçılar bunun fonunda  bir-birilə kəskin konfliktdə olurlar. Bir vaxtlar mahalda hamının həsəd apardığı bu ailə, ailənin sahibi, çox varlı adam Beçirin qəddarlığı, heç kiminlə hesablaşmaq istəməməsi və kiçik oğlu, müharibədən “qara kağızı” gələn Uarinin həyat yoldaşı Saniyyəti, zorla böyük oğlu, şikəst Sərmətə verməklə və tamaşanın ikinci hissəsində Uarinin sağ qalaraq geri qayıtması, onun arvadının böyük qardaşı Sərmətdən uşaq doğması  ilə vəziyyət çox pisləşir. Bundan sonra da dəhşətli konfliktlər başlayır...  Və tamaşanın sonuna yaxın məlum olur ki, bu iki oğlanın heç birinin anası, ailənin xanımı, varlı qızı, Beçirin arvadı İrmanın uşaqları deyil. Sərmət, Beçirin Mamaçadan doğulan oğludur. Uarini  isə Beçir başqa adamın oğlu olduğu halda oğurlayıb evə gətirib.  Sonra onlar yaşadıqları yerdən başqa yerə köçüblər. Hətta o, əvvəlki adının əvəzinə Beçir adı götürüb ki, bütün izləri itirsin.Və  belə düşünüb ki, “qoy adamlar bilməsinlər ki, İrma sonsuz deyil”. İrma da hər iki oğlanı öz oğlu kimi qəbul edib və böyüdüb. Onlar da İrmanı öz doğma anaları bilirlər. Sonda bütün bunlar açılır, aydınlaşır. Beləliklə, Sərmətin gətirdiyi Mamaça, onun arvadı Saniyyətin uşağını doğuzdurmaq üçün gəldiyi vaxt daha dəhşətli hadisələr ortaya çıxır. Belə ki, əsl  adını, soyadını gizlədən və ona təcavüz edən, ondan uşağa qalan, bu uşağı doğmağa məcbur olan  Mamaça Beçiri tanıyır və ondan bu iki oğlandan hansı onun oğlu olduğunu deməyi tələb edir. Çünki Beçir həmin uşağı oğurlayıb aparıbmış. Məlum olur ki, Sərmət onun oğludur. Sərmət bu evə, bu ailəyə, atasına nifrət etdiyinə görə anası Mamaça ilə gedir. Bu dəhşətləri görən Uari də, İrmanın yalvarışlarına, fəryadına baxmayaraq, evdən gedir. Bu dərdlərə və əri Beçirin əclaflığına, qaniçənliyinə, onu qəddarcasına döyərək alçaltdığına  dözə bilməyən İrma da özünü qayadan çaya atıb, intihar eləyir. Sərmətdən oğlu olan Saniyyət də atası Həbi ilə öz doğma evlərinə gedir. Sonda bütün bu dəhşətləri görən, çox qəddar adam olan Beçir sınır, hətta bu törətdiyi hadisələrdən dəli olur. Bu iki  mərtəbəli varlı evi yandırır ki, heç kimə qismət olmasın. Özünün də ürəyi partlayır və ölüm qabağı bir qurtum su istəyir və ona heç kimi su belə vermir. O, evlə birlikdə yanır...

Yaradıcı kollektivin gərgin əməyi sayəsində böyük tamaşaçı rəğbətini qazanan faciənin aktyorları - Əməkdar artistlər  Rauf Ağakişiyevin (Beçir),  Elmira Kərimovanın  (İrma), İlahə Səfərovanın  ( Mamaça),  İzaməddin Bağırovun  (Həbi), aktyorlar-  Oktay Mehdiyevin (Sərmət), Aynur  Hümbətovanın   (Saniyyət), Elay Xasıyevin (Uari) yaratdığı obrazların təsiri altına düşən tamaşaçılar  XX əsrin əvvəllərində Qafqaz vilayətlərindən birində baş verən hadisələrlə sanki səhnədə deyil, həyatda canlı rastlaşırdı. Və məhz ona görə də tamaşaçılar hər epizodu sürəkli alqışlarla qarşılayırdılar. Tamaşaçı zövqünü oxşayan səhnə əsəri gurultulu alqışlarla bitdi.

Mən yazımın bu yerində və 75 yaşlı  Ağalar İdrisoğlunun  haqqında bir vaxtlar bəzi sənət insanlarının  dediyi bəzi fikirləri də yazmaq istəyirəm. İnanıram ki, oxucular üçün də maraqlı olacaq.

Beləliklə, müasir, tanınmış  yazıçıların, tənqidçilərin  və rejissorların Ağalar İdrisoğlu haqqında dediyi fikirlərindən bəzilərini bura yazırıq.

 

Elçin (yazıçı-dramaturq, Xalq yazıçısı):

O, Ağalar İdrisoğlunun dram əsərlərini klassik və müasir dünya ədəbiyyatı ilə bir səviyyədə qiymətləndirir. Deyir ki: “Ağalar İdrisoğlu Azərbaycan dramaturgiyasında özü bir məktəb yaradıb.”

Sabir Rüstəmxanlı ( Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri):

-Ağalar İdrisoğlu  doğrudan da böyük sənətkardır, amma qiyməti nə qədər verilib, onu deyə bilmərəm. Öz istəklərinə nail olmaq üçün nə qədər maniələri keçib onu da deyə bilmərəm. Çünki Ağalar kimi bacarıqlı, istedadlı yaradıcı adamlara qarşı maneə bəzən qəsdən yaradılır. Amma Allah ona böyük istedad verib və bacardığı kimi həmin istedaddan istifadə etməyi bacarır.

Bəsti xanım  Əlibəyli (ədəbiyyatşünas-tənqidçi):

Ağalar İdrisoğlunun  əsərlərindəki psixoloji dərinlikləri  və müasir insan dilemması təsvirlərini xüsusi qeyd edir. Bəsti xanım yazır ki:

-Ağalar İdrisoğlu oxucunu və tamaşaçını düşünməyə vadar edir.

Hümbət Həsənoğlu ( yazıçı-publisist): “ Ağalar İdrisoğlunun rejissor, yazıçı, dramaturq, jurnalisr kimi  əsl qiyməti iki yüz ildən sonra veriləcək.  O vaxt ki, biz, indiki insanlar olamayacağıq, elə biz olmadığımıza görə də onun əsl qiyməti veriləcək”.

 Firudin Məhərrəmov (Xalq artisti, rejissor):

Ağalar İdrisoğlunu Azərbaycan teatr sənətinin canlı əfsanəsi adlandırır və deyir ki, “Ağalar  İdrisoğlu səhnəyə hər zaman klassik düşüncə ilə yanaşır, amma müasir texnika və fəlsəfi dərinlik qatır.  Ağalar müəllim aktyor ruhunu, teatrın nəfəsini içində daşıyır. O, səhnəyə can verir”.

Mehriban xanım Ələkbərzadə (rejissor, Əməkdar incəsənət xadimi. Dövlət mükafatı laureatı):

Ağalar İdrisoğlunu  dramaturgiya və rejissorluğun sintezini ustalıqla bacaran nadir sənətkar adlandırır. Bildirir ki, “Ağalar  İdrisoğlunun əsərlərində Azərbaycan insanının mənəvi dünyası, ailə dəyərləri, cəmiyyət problemləri ustalıqla əks olunur”.

 Bəhram Osmanov (rejissor. Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi):

Ağalar İdrisoğlunu teatrın düşünən beyni adlandırır. Onun dramaturgiyasını və rejissorluq məktəbini “təbiiliyin və fəlsəfi dərinliyin harmoniyası” kimi qiymətləndirir.

 

Biz də öz növbəmizdə sevinirik ki, belə bir ustad sənətkarı tanıyırıq. Biz onunla eyni dövrdə yaşayırıq və biz cavan jurnalistlərə də özünün gözəl  məsləhətlərini  verir. Və həmişə də bizə arxa-dayaq olur. Yazılarımızın mətbuatda çap olunmasına çox böyük köməklik göstərir. Dəstək olur. Bəli. Ağalar İdrisoğlu heç kimdən heç bir təmənna ummayan, məddahlıqdan uzaq, milləti, xalqı, dövləti  üçün hər şeyi edən  əsl ziyalıdır. Ziyalı haqqında məşhur Əbu Turxan deyir ki, “Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır və ziyalısız kütlə kordur”. 

Bizim məmləkətdə belə ziyalarımız nə qədər çox olsa, onda millətimiz daha yaxşı inkişaf edib, dünyada da lazım olan kimi tanınar.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

 

        

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.