ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Heç vaxt öldüyün barədə düşünmə, sanma ki, səni də min ilin ölülərinə qatıb unutmuşuq. Əsla! Sən hələ də bizimləsən…

 

Xoşbəxt adamsan, vallah. Hər iki dünyada yaşamağı bacarırsan. Orada vəziyyətinin necə olduğundan xəbərsizəm, nə işlə məşğulsan bilmirəm, amma narahat olma, bu dünyada qazandığın hörmətindən, şöhrətindən bir zərrə də əskilməyib. Yaşadığın filimlərə kim baxırsa zövq alır. Haqqında o qədər xoş sözlər deyirlər ki, yəqin harada olduğundan asılı olmayaraq qulaqların tez-tez cingildəyir…

 

Mələklərlə aran necədir? Bərzəxdə nə var, nə yox? İndi sizdə neçənci ildir, gecədir, yoxsa gündüz? Hamıya salam söylə…

Bağışla sən Allah, bəlkə də səni yuxudan elədim. Mövludun mübarək, böyük İNSAN!..

...Bəli, mayın 5-də unudulmaz Adil İsgəndərovun 115 illiyidir...

Mən onu “Arxadan zərbə” filmindən sevmişəm. Bilirəm ki, sevilməyə o qədər filmi olub ki. Həm rejissor kimi, həm aktyor kimi.

Əsas olan da elə bax budur!

 

“Ədəbiyyat və incəsənət”

(05.05. 2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Məncə insan içindəki mühakimələri başqalarında axtarmağa başlayanda başlayır hər şey. Necə ki, o, özündəki parçalanmaları dünyanın qüsurlarında görmək istəyir. Amma axı dünya qüsursuz və dəyişməzdir. Sadəcə olaraq içimizdəki bu səs dəyişir. Və bax onda bir boşluq yaranır.

 

Əvvəlcə bu boşluğun adı olmur, sonra zamanla biz ona ambivalans deyirik. Ona görə boşluq ki, ziddiyyətlər daim birbirlərini "0" edirlər.

 Bu təkcə duyğuların ziddiyətindən ibarət deyil. Bu varlığın belə öz kölgəsilə olan müharibəsidir. Sevgi ilə nifrətin bir yataqda yatması, ölüm arzusu ilə həyat eşqinin eyni nəfəsdə yaşanması. Bir qadına baxırsan və görürsən ki, onun qucağında həm sığınacaq var, həm də sənin məhvin. O sevgini istəyirsən, amma o sevgiyə nifrət etdiyin qədər istəyirsən.

Ambivalans məncə daxildə verilməsi gərəkən bir hökmün monoloqu deyil, daha çox o, hökmün bir mühakiməsidir. Özünü müdafiə edən, eyni zamanda özünü ittiham edən bir varlıq kimi yaşayırsan. Hər qərar bir zəncir, hər hiss bir zindandır. Azadlıq istəyirsən, amma azadlıqdan da qorxursan. Bağlanmaq istəyirsən, amma bu da səni boğur.

 İnsan tərəf seçmək istədikcə, buna çalışdıqca məhv olur. Çünki burda - ambivalansda tərəf yoxdur. Sadəcə uçurumun iki kənarından eyni anda addım atmaq istəyi var. Biri səni xilas edir, digəri isə səni anlayır. Amma heç biri sənin deyil.

 Nəticə etibarı ilə, nə sevə bilirsən, nə də uzaqlaşa. Nə qalırsan, nə gedirsən. Sadəcə, ruhunun səssiz gecələrində bir səssizlik kimi mövcud olursan.

Səssiz amma qışqıran.

Sakit, amma od tutub yanan.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

 

“ŞUŞAM MƏNİM”

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim.

Azərbaycan torpağının

nur parçası.

İncə mahnılar yuvası,

Pənahların yadigarı,

Alagözlü,

qarasaçlılar diyarı

Səndə Cabbarın, Seyidin,

Nəvvabın, Üzeyirin, Bülbülün,

neçə-neçə nəğməkarın,

qoç igidin

nəğməsi var,

nərəsi var.

Könüllərdə

neçə-neçə mahnıların

zümzüməsi,

sözü qalıb,

Sənin doğma torpağında

neçələrin gözü qalıb.

Vətən adlı doğma yurddan

püşk olarmı?!

Pay olarmı?!

Yüz bir şəhər adı çəkim,

Gözəllikdə

biri sənə tay olarmı?!

                              Avqust, 1980

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

TƏZƏ BAŞMAQ

 

                                                                Əgər dünyada xoşbəxt yaşamaq                            istəyirsənsə, çalış əlindən gələn qədər yaxşılıq et.

 

 

Ümmüxanımın ölümündən bir il keçdi. Anasının ölümü Zeynalabdini çox kədərləndirmişdi. Əslində, o, diribaş, qoçaq və çox ağıllı uşaq idi. Ata oğlunun başını qatmaq üçün onu evdə qoymur, özü ilə pinəçilik etdiyi dukana aparırdı. Zeynalabdin atasının yanında oturub ona baxırdı. Məhəmmədtağı əlində tikdiyi başmaqlara fəxrlə baxıb:- "Oğlum, bax öyrən, bizim çörək ağacımız budur. Çətindir, əziyyətlidir, amma evinə az da olsa çörək pulu aparırsan, başqasına əl açmırsan, kiməsə möhtac olmursan. Alın tərinlə pul qazanıb, halal çörək yeyirsən".

Novruz bayramı yaxınlaşırdı. Məhəmmədtağı bayramda oğlu üçün təzə başmaq tikib onu sevindirmək istəyirdi. Bir gün təzə tikdiyi başmaqları qəlibdən çıxarıb dükanın taxçasına qoyub yerləşdirərkən küçədən keçən bir uşağın  həvəslə başmağa baxdığını gördü.

Oğlan qoltuq ağacından istifadə edirdi. Özü də çox çətinlik çəkirdi. Qoltuq ağacı əlavə xırda taxtalarla yamanmışdı. Atasının yanında oturan Zeynalabdin ondan yaşca böyük olan bu oğlana diqqətlə baxdı. Əynindəki şalvarın sol hissəsi dizinin aşağı hissəsindən boş qalmışdı. Külək onu yellədirdi. Bir müddət uşaq başmağa, Zeynalabdin isə ona baxdı. Və birdən ona sual verdi: ayağına nə olub?

Oğlan əncir ağacından yıxılmasından, sonra isə bir sınıqçının ora xəmir yapışdırması ilə sağalmayıb qaralıb çürüməsindən, nəhayət ayağının kəsilməsindən danışdı.
Bu söhbəti edərkən oğlan qarşısında dayanan Zeynalabdinin necə ağladığını görüb cəld dükandan uzaqlaşmaq istədi. Məhəmmədtağı onu saxlayıb dedi:

– Oğlum, dayan, getmə. Başmağı deyəsən çox bəyəndin, hə? Bu başmaq sənə çox yaraşar! Gəl, ayağında yoxlayım.

Oğlan gülümsəyərək dedi:

– Onlar doğrudan da çox gözəldir! Amma, mənim bir ayağım var. O biri tayını kim alacaq?

Məhəmmədtağı sanki uşağın gözlərindəki dərin kədəri gördü və bir anlıq susdu.
– Eh, sən bunu özünə dərd eləmə. Bir tayını da sol ayaqlı birinə sataram.

Atasının bu sözlərini Zeynalabdin də başı ilə təsdiqlədi. Oğlan Zeynalabdinin gözlərinə baxıb razılaşdı. Və birdən məyus halda:

- Amma, mənim başmaq almağa pulum yoxdur…

Məhəmmədtağı:
– Oğlum, biz sənə bunu satmırıq. Zeynalabdin onu sənə bayram hədiyyəsi edir. Ayağındakı köhnə başmağını mənə ver, vəssalam.

– Zarafat edirsiz? –deyə oğlan kəkələdi. Onun altı deşik-deşikdir, heç yamamağa da yaramaz. Atılmaq üzrədir. Köhnə başmaq kimə lazımdır, özü də bir tay?

– Oğlum, sən bunu bilməzsən. Hərdən köhnə də bir işə yarayır. Ondan yamaq kimi istifadə edərəm.

Sevincdən oğlan nə deyəcəyini bilmədi. Sanki özünü yuxudaymış kimi hiss edirdi. Bu gün onun üçün həyatının ən unudulmaz günlərindən biri idi. Təzə başmaq düz ayağına biçilmişdi. O, bir daha gülümsədi, təşəkkür etdi və qarşısında duran bu gözəl qəlbli atanı və sevinclə ona baxan Zeynalabdini möhkəm qucaqladı.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu 5 may günü qəfil snayper gülləsi ilə həyatının 26-cı baharında dünya ilə vidalaşan Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayevin doğum günüdür.

Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdir. 1977-ci ildə ailələri ilə Bakıya köçmüşdür.

 

Təbii ki, yaşayış yeri dəyişiləndə insanın dünyagörüşü də dəyişir. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirmiş, 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərb sənətinə böyük sevgi bəsləyirdi, bu sevgi onun 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olmasına rəvac verib. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönüb. Bu zaman artıq Birinci Qarabağ müharibəsi başlamışdı.

 

Əsl vətənpərvərlər heç vaxt vətən sevgisini içlərində boğa bilməzlər.

Polis baş leytenant Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv eləyir. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi, ermənilər ağır itki verdilər və geri çəkildilər…

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının taqım komandiri bu döyüşdə xeyli düşməni məhv etmişdi, lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı, 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)



 

 

 

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə " oğul" dedi

Heç biri anam olmadı.

 

-deyir şair. Razılaşın ki, bu şair təkrarsızdır və mükəmməldir.

Xoş mütaliələr! 

 

Sevinc axşam gələcəkdi...

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə " oğul" dedi

Heç biri anam olmadı.

 

Düz adamçün dağ çıxardım,

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım-

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi...

Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı...

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Xalq artisti Tünzalə Ağayeva paytaxtda baş tutacaq “Dream fest” beynəlxalq musiqi festivalında iştirak edəcək.

"Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, pop ulduz iyulun 24-də baş tutacaq Müslüm Maqomayev gecəsində çıxış edəcək. 

Sözügedən gecə bənzərsiz, əvəzolunmaz sənətkar Müslüm Maqomayevin əziz xatirəsinə, yaradıcılığına həsr olunacaq. 

Qeyd edək ki, “Dream fest” iyulun 23-dən, 26-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

 

(05.05.2025)

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon sayca səkkizinci idi.

 

Tədbirdə bir çox məşhur simalar iştirak edib. Onlardan biri Xalq artisti Tünzalə Ağayeva olub.Fərqli və çox zövqlü görünən pop ulduz qırmızı idman dəsti və bandanaya üstünlük verib. 

Sevilən müğənni tədbirdə çıxış edərək ən hit mahnılarını səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Xaç atası” filmindəki məşhur ABŞ aktyoru Robert De Nironun gözəl bir deyimi var- həyatınızı ucuz duyğulara sərf etməyin. Qəribədir, Həmid Herisçi kimi bənzərsiz bir qələm adamının 65 illik yubileyi aprelin 30-da səs-səmirsiz ötdü. Beş-altı ziyalıdan başqa heç kim onun bu xoş gününə rəng qatmağa tələsmədi. Axı, Həmid Herisçinin varlığı təkcə qələm adamı, telejurnalist olması ilə bitmir. O, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında bir hadisə sayılmağa əsl namizəddir. Bu hadisəni obrazlaşdırmağa gələndə isə, nədənsə hamı susdu. Bəli, Həmid Herisçinin yubileyi sakit keçməməliydi, bəlkə də ədəbiyyat hadisəsinə çevrilməliydi…

 

Bu günkü söhbətim poeziyanı duya bilən halal adamlara ünvanlanıb. Bu dəfə sizə sadə el dilində Həmid Herisçinin şeirlərindən danışmaq istəyirəm. Əvvəlcə onu söyləyim ki, bu şeirlər ənənəvi üslubda yazılmayıb, çox yaxın gələcəkdə- nəvələrinizin oxuyub zövq alacağı bir üslubda qələmə alınıb. Buna surrealism də yox, postmodernism də yox, bəlkə də postpost modernizm demək olar. O,  öz fikirlərini lirik şeir üslubunda oxucuya təqdim etmir, adi söhbətə bənzər bir şəkildə çatdırmağa çalışır. Bəlkə də, 3-cü minilliyin poeziyası elə budur, nəsr kimi poeziya da sənədli əsaslara güvənməyə başlayıbdır.

Həmidin “Düymə düşdü” şeirindəki bu misralara nəzər yetirək:

 

“Anam da belə deyirdi.

Ancaq həyat belə deyildi.

Düyməm düşdü, qaldı ovcumda bu gün...

Bunu ancaq özüm 

gördüm.

Azca güldüm.

Anam da belə edirdi,

Ancaq həyat belə deyildi...”

 

Yəni zaman ötüb, həyat dəyişib. Əlbəttə, bu üslub qulağı, gözləri ənənəvi şeirə öyrənən oxucuya xoş gəlməz. Çünki burada lirika yox, şairin oxucuya çatdırmaq istədiyi fikrin çılpaqlığı var. Bu üsluba əslində sərbəst vəznin avanqard forması deyilsə daha düzgün olar. Ənənəvi vəznlərdə olan ahəngə, səslərin nizam, qayda-qanun və tənasübünə burada rast gəlmək olmur. Belə şeirlərdə formanın müstəqilliyi, məna-məzmun və hadisə daha çox ortaya qoyulur. Amma Həmidin şeirləri sırf avanqard janrında da deyil. Ənənəvi avanqardizm burada rol almır.

Daha bir nümunəyə nəzər yetirək. Onun növbəti bir şeirini olduğu kimi sizə təqdim edirəm:

 

“Göz yaşı qədimdi,

su yenilikdi...

Oğul, sizlər bunu bilməlidi,

Tarixin bir günü var,

insan o gün öz şəklini çəkdirməlidi...

Sonra ömrüboyu həmin şəkildəki

insana bənzəməlidi...

 

... mənim həmyerlim yox, həmgöylüm var...

 

Məni həmişə ona,

ona oxşadırlar!!!”

 

Fikir verirsinizsə, burada az-çox qafiyələnmə olsa da, sərbəst vəznin fərqli bir formasıdır. Çünki sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olsa da sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Doğrudur, bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir, amma belə şeirlər sərbəst vəznin ənənəvi formasından fərqlənirlər- yenilikdir. Bəli, bu şeir forması avropa-amerika oxucuları üçün adi olsa da, Azərbaycan poeziyasına təzə-təzə qədəmlərini basır və gələcək nəsillərə daha xoş gələcək...

İndi də qayıdıram söhbətimin əvvəlindəki fikrimə. Elədir ki var, ona yaxın şeir və roman kitabının müəllifi- Həmid Herisçi Azəpbaycan ədəbiyyatında bir hadisədir. Onun 65 illik yubileyinin təntənədən uzaq, belə sakit keçməsi isə hardasa ədalətsizlikdir. Şair demişkən, amma nə qəm, gələn ilin aprel ayınadək – 66-yadək yubiley davam edəcək. Düşünürəm ki, bu ədalətsizliyi aradan qaldırmaq ən azı ədəbiyyat cameəsindəkilərin yadına düşməlidir...

 

…Bəli, onun qərb poeziyasının ətri gələn şeirləri duyğuları, xəyalları deyil, həqiqəti əks etdirir. Sevinirəm ki, bu gün ədəbiyyatımızda fantaziyaya, xəyallara söykənən, ənənəvi Azərbaycan poeziyasının qəliblərindən imtina edən, milli şairlər ordusu yaranmaqdadır. Vaxt gələcək ki, qərb üslubunda yazan bir sıra müasir şairlərimiz kimi, Həmid Herisçini də yaranmaqda olan bu ordunun ilk komandanlarından biri hesab edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə tədbirin ideya müəllifi, Qabaqcıl Təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, "Etnomusiqişünaslıq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər. 

Məmmədağa Umudov ona ünvanlanan sualları cavablandıraraq maraqlı fikir mübadiləsi zamanı öz yaradıcılıq yolundan, müəllifi  olduğu "Qarabağ Azərbaycandır", “İncinin arzuları”, "Qələbəyə doğru" əsərlərindən, “Prelüdlər”in yaranmasından söhbət açıb.

Sözügedən əsərləri Respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan  Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar),  AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel)  səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.