ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ədəbiyyat və incəsənət” portalı Filologiya elmləri doktoru Sərxan Xavərinin “Məhəmməd Füzuli: situativ vizuallıdan təsəvvüfi abstraksiyayadək” adlı məqaləsini təqdim edir.

 

 

Bu gün dünyada sosial-iqtisadi və mədəni-mənəvi tərəqqinin müxtəlif sahələrində – elm, təhsil, iqtisadiyyat və siyasətdə, xüsusən dəqiq elmlər üzrə yeni biliklərin əldə edilməsi və sınaqdan keçirilməsi prosesində sosial-humanitar biliklərə və onun praktiki alətlərinə – humanitar texnologiyalara tələbat görünməmiş dərəcədə artmışdır. Bunun başlıca səbəbi cəmiyyətin ideoloji paradiqmalarının, qlobal siyasi trendlərinin nəzərəçarpacaq dərəcədə qeyri-humanistləşməsi, onun bəşəriyyətin fundamental mənəvi-ideoloji tələbat və maraqlarından  kəskin şəkildə uzaqlaşmasıdır. 

 

Təhlillər göstərir ki, indiki sivilizasiyanın hələlik lokal çərçivələrdə olan hərbi münaqişələrin, müharibələrin dəhşətli nəticələrini proqnozlaşdırmaq həssaslığı əhəmiyyətli dərəcədə azalmış, onu mənəvi prinsiplər əsasında idarə etmək səriştəsi və marağı isə arxa plana keçmişdir. Vəziyyətin əsaslı olaraq dəyişdirilməsi zərurəti sosial humanitar elm sahələrinin müasir şəraitdə əhəmiyyətini və funksionallığını xüsusi olaraq artırır. Ona görə də bütövlükdə cəmiyyətdə humanitar təfəkkür və humanitar mədəniyyətin bərqərar edilməsi zəruridir. 

Son dövrlər bəşəriyyətin üzləşdiyi bir sıra qlobal problemlərin həlli istiqamətində fəlsəfi-idraki, mənəvi-əxlaqi, sakral-dini, hətta siyasi axtarışlar humanitar dəyərlərə kütləvi bir dönüşlə də müşahidə olunur. Bəşəriyyətin tarixən yaratmış olduğu bir sıra sosial institutların, müxtəlif mədəniyyətlərin, dinlərin, mənəvi təlimlərin, hətta ayrı-ayrı mistik sektaların belə humanitar resursları indi əvvəlki dövrlərdə olduğundan daha çox səfərbərliyə cəlb edilir, onların mədəni energetik potensialından müasir yaşam meyarlarının tənzimlənməsi üçün müxtəlif üsullarla istifadəyə daha intensiv və məqsədyönlü cəhdlər edilir. 

Yalnız milli bədii düşüncə çərçivəsində deyil, ümumtürk və ümummüsəlman, hətta ümumbəşəri  mədəniyyət kontekstində “Füzuli universumu” üasir şəraitdə mənəvi energetik potensialı ilə funksional imkanlara malik nadir humanitar-mədəni dəyərlərdəndir və yuxarıda qeyd etdiyimiz kontekstdə xüsusi sosial funksional əhəmiyyətə malikdir. 

Bu mənada, Füzuliyə hər dönüş yalnız milli hüdudlar çərçivəsində deyil, beynəlxalq miqyasda da xüsusi əhəmiyyət kəsb edir. 

 Bir məsələ vardır ki, Füzuli universimunun müasir milli ictimai şüurda aktiv iştirakı ilk növbədə ona XXI əsrin ən modern nəzəri-metodoloji elmi yanaşma prizmasından baxa bilmək peşəkarlığından bilavasitə asılıdır. Müasir şəraitdə klassik bədii irsə  narahatedici bir tendensiya müşahidə olunmaqdadır. Klassik bədii irsə münasibətdə tərənnüm, vurğunluq bəzən metodoloji yanaşmanın baş prinsipi kimi çıxış edir. Mişel Fukonun “elmi mutasiya” adlandırdığı tendensiya – qeyri-elmi yanaşmaların özünü elm kimi təqdim etməsi faktı, təəssüf ki, bizdə klassik bədii irsə münasibətdə  özünü tez-tez göstərir. Elmi yanaşma tədqiqatın sahəsindən, obyektindən, predmetindən, metodologiyasından, elmi problematikasından asılı olmayaraq universaldır, hətta təbiət və texnika sahəsindəki elmlərlə ictimai və humanitar elmləri əhatə edəcək dərəcədə universaldır. Klassik bədii irsə, o cümlədən Füzuliyə də bu universal baxış bucağından yanaşmaq lazımdır.

"İkicə misra daxilində cəmi on-on beş sözün semantik kombinasiyasından yaranan Füzuli beytinin tükənməz mənəvi energetikasının sirri nədədir?" – sualına professional elmi   cavab vermək üçün  müasir elmi humanitar düşüncəmizdə geniş yayılmış Füzulinin böyüklüyünə, orijinallığına, qeyri-adiliyinə, təkrarsızlığına, bənzərsizliyinə emosional vurğunluğun orbitindən qurtulub  onun yaradıcılığına məhz mətn kimi yanaşmaq və bu mətni ixtisaslı elmi təhlilin predmetinə çevirmək lazımdır. Nəhəng bir palıd mürəkkəb genetik informasiya səviyyəsində kiçik bir toxumun içinə yerləşə bildiyi kimi, Füzulinin nəhəng mənəvi-energetik potensialı da bədii mətnin içərisində gizlənmişdir. Füzulidə zahiri səviyyədə emosionallıq genetik informasiya səviyyəsində riyazi dəqiqliklə intellektuallığa əsaslanır. Füzulini dərk etmək üçün onu mətn kimi məhz genetik səviyyədə oxuya bilmək lazımdır. Vaxtilə böyük rus alimi Mixaill Mixayloviç Baxtin yazırdı ki, mətn istənilən humanitar elm sahəsinin ilkin veriləni və çıxış nöqtəsidir.

Hesab edirik ki, təqdim etdiyi mətnin iç strukturunun semantik polifonizmi ilə əlahiddə dərəcədə mürəkkəblik kəsb edən Füzuli yaradıcılığının da mövcud nəzəri təcrübədən istifadə etməklə tekst və kontekst münasibətlərinin təhlili prizmasından araşdırılması elmi baxımdan daha effektivdir. 

Biz bir-biri ilə qarşılıqlı münasibətdə olan iki yanaşma səviyyəsi təklif edirik:

Məhəmməd Füzuli poeziyasının  sinxron səviyyədə semantik-tekstoloji analizi:

Məhəmməd Füzuli poeziyasının  diaxron  səviyyədə kontekstoloji analizi.

Bunlardan birincisi, mətnin genetik informasiya səviyyəsində oxusunu, ikincisi isə mətnin tarixi inkişaf prosesi kontekstində tarixi-kulturoloji mühitlə, fəlsəfi mənada zamanla qarşılıqlı təsir və şərtlənməsini ifadə edir. Başqa sözlə, birinci səviyyədə Füzuli mətninin iç strukturu, ikinci səviyyədə bu strukturun müstəqil bir element kimi daxil olduğu kulturoloji sistemlə münasibətləri, dış strukturu analiz edilir.

 

Məhəmməd Füzuli poeziyasının  sinxron səviyyədə semantik-tekstoloji analizi

 

Biz bu yanaşma ilə Amerika kəşf etdiyimizi iddia etmirik. Biz belə təhlil üsuluna Əli Hihad Tərlanın "Füzuli divanının şərhi" kitabında rast gəlirik. Eyni za¬manda İ.V.Zotovanın "Mir Tağı Mirin qəzəllərində tekst və teksaltı" və Fliştinskinin "Poeziya ərəb-müsəlman mis¬tik¬lərində özünüifadə vasitəsi kimi" məqalələrində də iki¬pil¬ləli məzmun haqqında məlumatlar mövcuddur. Hər iki mə¬qalə "Müsəlman mədəniyyəti kontekstində təsəv¬vüf"¬ kitabına daxil edilmişdir.

Təsəvvüfşünaslıqda normativləşən qənaətə görə, poe¬tik büllurluq, xalis estetiklik kəsb edən mətndə po¬e¬tik və metafizik olmaq etibarilə ikipilləli məzmun möv¬cud¬¬dur. Poeziya sufi ideyanın ifadəsi statusunda ikipilləli məz-mun kəsb edir:

*Zahiri poetik struktur;

*daxili metafizik struktur.

 Məhz buna görə də bu şeirlərdə obrazlar eyni vaxtda san¬¬ki iki müxtəlif məzmun strukturunda mövcud ola bilirlər: 

*Ümumanlaşıqlı səviyyəyə məxsus poetik məz¬mun strukturu;

 *Mistik yaşantını əks etdirən fəlsəfi məzmun struk¬turu. 

Bu strukturlar arasında əlaqələndirici həlqə rolunda isə  sim¬¬vol çıxış edir. Sufi şeirində simvolun qüdrəti mistik ya¬şantıdan alınan təəssürat barədə maksimum təsəv¬vür oyatmaq səciyyəsində ifadə olunur. 

Təsəvvüf şeirinin Xətaiyə qədərki mərhələsində poe¬¬tik-sufi mətnin bu strukturları arasında sərhədlər aydın se¬¬zilməkdə idi. Lakin tədricən vahid məcrada bütövləşən və büllurlaşan poetik təfəkkürdə bu planlar arasında sər-həd¬¬lər silinir, poeziya yekcins xarakter kəsb edir. Belə yek¬¬cinslik bədii mətndə simvolun işarə etdiyinin (ilahi eşq, vəhdət, fəna, kəsrət və s.) simvol predmetinin özü ilə (şə¬rab, sərv, dodaq, yanaq və s.) əvəzlənməsində əksini ta-pır.

Sufi şeirinin bu mərhələsini ərəb poeziyasında İbn əl-Fə¬rid (XIII əsr) fars poeziyasında Hafiz (XIV əsr), türk poeziyasında isə Füzuli (XVI əsr) təmsil edir. 

Füzulidə əvvəlki iki şairdən fərqli olaraq ikiplanlılıq hə¬rəsi ayrılıqda həndəsi mükəmməllik, bir-biri ilə mü¬na¬si¬bət¬də isə elə vəhdət təşkil edir ki, poetik planın harada qur¬tarıb sufi-fəlsəfi planın haradan başlandığını sezmək ol¬mur. Başqa sözlə, poetik planın mükəmməlliyi daxili təsəv¬vüfi məzmunla şərtlənsə də, daxili qatın özünə nüfuz et¬məyə imkan vermir. Füzuli fars dilindəki "Divan"ının dibaçə¬sində yazır: "Bir neçə gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözəl məz¬mun¬la¬rın¬dan həzz alsınlar, həm də sadədil zəriflər onun zövq ziya¬fətindən paylarını götürsünlər". 

Deməli, şair özü oxucu auditoriyasını iki zümrəyə ayırır: sadədil zəriflər və kamil müdəqqiqlər (tədqiqatçı¬lar). Eyni zamanda vahid mətndə hər iki zümrənin estetik zöv¬qünü təmin etmək kimi şairdən böyük poetik istedad və ağır zəhmət tələb edən vəzifəni də qarşısına məqsəd qoy¬duğunu bildirir. 

Məlum olduğu kimi, artıq Füzuliyə qədər Şərq poeziyası istər poetik, istərsə də tematik baxımdan sırf kanonik sənət hadisəsi kimi formalaşmışdır. Bu semantik kanonikliyin nəticəsidir ki, uzun əsrlər boyu Şərqdə üç dildə qələmə alınan aşiqanə qəzəlin vur-tut ikicə semantik mərkəzi mövcud olmuşdur:

1. Aşiqin hicran əzablarının təsviri;

2. Məşuqun gözəlliyinin tərənnümü.

Və bu semantik mərkəzlər poetik baxımdan bir-biri ilə qarşılıqlı əlaqədə olaraq  bir-birinin tamamlayıcısı kimi çıxış etmişlər. Klassik aşiqanə qəzəllərin poetikasına görə, ali mənəvi-əxlaqi dəyər səviyyəsinə qaldırılan eşq əzabının miqyasını heç nə yox, yalnız və yalnız məşuqun misilsiz gözəlliyi, yaxud da gözəlin misilsizliyi  şərtləndirir. XVIII əsrin türk şairi Şeyx Qalib tərəfindən qələmə alınan "Hüsnü eşq" əsərində gözəllik və eşq arasında münasibətlərə dair fəlsəfi-estetik baxışlar geniş şərh edilmişdir. 

Füzulidə isə "eşq" və "hüsn" arasındakı mütənasiblik arifmetik səviyyədə  düsturlaşdırılır: 

                      

Hüsnün olduqca füzun eşq əhli artıq zar olur,

         Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

 

Qəribədir ki, heyrətamiz "Füzuli orijinallığı" nə yeni semantik mərkəzlərin kəmiyyət artımı hesabına, nə də mövcud semantik mərkəzlər daxilində poetik keyfiyyətin yüksəldilməsi (semantik mərkəzlərin saxlanılması şərtilə məcaz sərhədlərinin genişləndirilməsi) hesabına meydana çıxır.  Ümumiyyətlə, kanoniklik əsas keyfiyyəti olan, istər poetexnoloji, istərsə də semantik baxımdan kleşeləşmiş qəzəldə bu cürə sərbəstlik etmək, ümumiyyətlə, mümkün də deyildir. Bəs Füzuli bu orijinallığa nəyin naminə nail olur? Bizim  qənaətimizə görə,  məhz  situativ vizuallığın. Füzuliyə qədərki Şərq poeziyasında obrazlılıq situativ vizuallıqdan məhrum idi. Olsa da, epizodik  xarakter daşıyırdı. Poetik-emosional ovqat bilavasitə ənənəvi obrazlaşdırma vasitəsilə həyata keçirilirdi. Füzuli isə ilk dəfə olaraq  mürəkkəb situativ obraz sillogizmlər qurmağa başlayır. Əslində, Füzuli rezonansı deyilən hadisə daha çox situativ vizuallığın nəticəsidir. Ona görə "situasiya" anlayışının Füzuli bədii mətninin  tədqiqində mərkəzi kateqorial anlayış olaraq götürülməsini təklif edirik. Qənaətimizə görə, bu poeziyada gerçəkliyin obrazlaşdırılmasının füzuliyanəliyi  bu anlayışın işığında daha aydın görünür. 

Mövcud elmi ədəbiyyatlarda "situasiya"  hadisələr çoxluğunun başvermə təkaktlılığı və təkrarsızlığı kimi tərifləndirilir. Yəni müəyyən zaman və məkan şərtləri daxilində ayrı-ayrı elementlərin qarşılıqlı münasibətlərinin doğurduğu müəyyən bir həyati vəziyyət situasiya kimi dəyərləndirilir. Burada elementlərarası münasibətlər xüsusilə əhəmiyyətlidir. Çünki situativliyi doğuran ən başlıca xüsusiyyət məhz elementlərarası münasibətdir. Tədqiqatçılardan Nikolay  Qartman yazırdı ki, situasiya insanın istənilən təşəbbüsünü yalnız şərtəndirmir, həmçinin rəsmiləşdirir, yəni həyata keçirir. Buna görə də insan situasiyada hərəkət etməyə məcburdur. Bu o deməkdir ki, situasiya həm də qərar qəbuluna təhrikdir ki, insanın azadlığı da məhz qərar qəbulunda seçim çoxluğundan asılıdır.

Qeyd olunanlar situasiya haqqında normativ ümumfəlsəfi mülahizələrdir. Bədii mətndə situasiyanı izah baxımından isə Avstriya filosofu Lüdvinq Vinqenşteynin maraqlı mülahizələri vardır. Qərbdə dilin fəlsəfəsi üzrə ən yaxşı filosoflardan biri hesab olunan Vinqşteynin bu mülahizələri  Füzuli poeziyasında situativliyin elmi izahı baxımından düzgün metodoloji yanaşma təqdim edir. Ümumiyyətlə, dili gerçəkliyin obrazı hesab edən Lüdvinq Vinqenşteynə görə, obraz da gerçəkliyin modelidir. Filosofun yanaşmasına görə, təsəvvürdə canlandırılan istənilən real üçölçülü situasiya modelləri müxtəlif obrazlardır. Bu mənada obrazın elementləri reallığın obyektlərinin göstəriciləri, obraz elementləri arasındakı münasibətlər isə faktda obyektlərin münasibətləridir. O, bu mürəkkəb obraz-gerçəklik münasibətlərini aydınlaşdırmaq üçün belə bir sadə müqayisə təqdim edir: situasiya öz başçısının, babanın və ya atanın ətrafında toplaşmış ailədir, obraz isə ailə fotosudur. Məlumdur ki, fotoşəklin elementləri ailə üzvlərinin ayrı-ayrı avtoportretlərindən və interyerin digər detallarından təşkil olunmuşdur. Belə olan halda aydın olur ki, obraz elementlərinin konfiqurasiyası obyektlərin situasiyadakı münasibətlərini əks etdirir. Başqa sözlə, obraz elementlərinin konfiqurasiyası fotoşəkildəki ailə üzvlərinin şəklin çəkilmə anındakı yerləşməsini əks etdirir. 

Füzulinin bütün poeziyası müxtəlif həyati situasiyaların fotolarından ibarətdir.  Füzuli həyati situasiyaların elə məqamlarını poetik fotolarda dondurub bizə təqdim edir ki, o foto bir tərəfdən gerçəkliyin dəmir məntiqinə əsaslanır, digər tərəfdən ya miqyasın böyüdülməsi, ya da tərs məntiq hesabına həmin həyati məntiqin özü əleyhinə çevrilir. Müqayisə üçün deyək ki, belə bir estetikanın tamam tərsi sürrealizmdir. Burada bütün estetik məntiq gerçəkliyin məntiqinin dağıdılması hesabına özünü gerçəkləşdirir. Füzulidə isə əksinə, heç bir halda gerçəkliyin məntiqi  əleyhinə çıxılmır. Füzuli poetikası ilə bağlı mərhum Sabir Əliyevin məlum qənaəti var: Füzulinin ən miqyaslı mübaliğələri belə real məntiqi əsaslara söykənir. Lakin bu, ilk baxışdan belədir.  

Kon¬kret mətnə keçək: 

 

Dönə-dönə ləli-meygunin öpər, ey qönçələb, 

Qılmasınmı rəşki cami-badə xunindil məni. 

 

1. Poetik planda situativ vizuallıq: 

Məşuqə şərab içir. Bunu kənardan seyr edən aşiq mə¬şu¬qəni şərab badəsinə qısqanır. Çünki aşiqin nəzərində gö¬zəl şərab içmir, şərab badəsi məşuqənin al rəngli qönçə dodaq¬larını öpür, özü də xüsusi canfəşanlıqla (dönə-dönə), həm də bu, aşiqin nəzərində yalnız ona görə belə deyil ki, şərab badəsi onun rəqibidir və aşiq onu həyasızlıqda it¬ti¬ham edir. Məşuqə öz misilsiz gözəlliyindən dolayı etinasız və passivdir. Şərab badəsi isə əlinə düşən bu fürsətdən müm¬kün qədər çox faydalanmaq istəyir. Məşuqə ilə şərab ba¬dəsinin məhrəm münasibəti aşiqin qəlbini qana dön¬də¬rir. Şair lirik aşiqin əhvalını bədii sual vasitəsi ilə çatdırır. Bu sual hələlik fikrin daha qüvvətli alınmasına xidmət edir. 

2. Təsəvvüfi plan: 

Simvolların işarə etdiyi təsəvvüfi anlayışlar: ləli-mey¬gun (dodaq) – fənafillah, qönçələb – ilahi vüsala yetiş¬mə¬mək, cami-badə-ilahi eşq. 

 Təsəvvüf şairlərinin yaradıcılığında müştərək xarakter kəsb edən rəmz və məcazlarla zəngin "leksik fondun zahiri ey¬niliyi" (C. Şıxıyeva) həmin məcazların mə¬na eyniliyi də demək deyil. Bu və ya digər şairin fəlsəfi dünya-görüşündən, mistik yaşantı səviyyəsindən asılı ola¬raq simvol müəyyən dəyişikliyə məruz qalır. Biz Füzuli poezi¬yasında simvolları şərh edərkən daha dürüst hesab et¬di¬yimiz Əli Nihad Tərlanın "Füzuli divanının şərhi" kitabına əsaslanmışıq.

İlahi vüsal həsrəti ilə qovrulan salik deyir: Ey vüsalına qovuşmadığım və sirrini kafi qədər anlamadığım (Allah), eşq daim səninlə təmas halındadır. Bu eşqin mənim də qəl¬bi¬mi doldurub məni sənə qovuşdurmasını istəyirəm. Gö¬rün¬düyü kimi, ikinci misranın bədii sual formasında qoyul¬muş poetik planda hökmün daha qəti təsdiqinə, təsəv¬vüfi planda isə salikin ilahi dərgaha ünvanlanmış söz-lə¬rinə yalvarış tonu, dua melodiyası verməyə xidmət edir. Allah metafizik mövcudluqdur. Eşq isə bu mövcudluğun aktiv formasıdır. Poetik planda məşuqənin etinasızlığı, şərab abi¬dəsinin isə canfəşanlığı daxili təsəvvüfi planda tam mən¬tiqi əsaslara dayanır. 

Füzulidə tekst və tekstaltının bir-biri ilə müqayisədə nis¬bəti də maraqlıdır. İlk baxışdan elə görünə bilər ki, şair teksti təzahür, tekstaltını isə mahiyyət statusunda işləyir. La¬kin belə olmayıb, hər iki plan bitkin, mükəmməl xa¬rak¬ter daşıyır. Digər bir beyt üzərində fikirlərimizi sübuta çalı¬şaq: 

 

Arizin gül-gül edibdir meyi-gülgün tabi,

Vəh ki, bir güldən açılmış neçə gülzar sana.

 

1. Poetik planda situativ vizuallıq: 

Aşiq məşuqəyə müraciətlə deyir: gül rəngli şərabın hə¬ra¬rəti yanağında neçə gül bağçası yaratmışdır. Əcəb işdir, sənə bir güldən neçə-neçə gülzar açılıb. 

Şərab içənin yanağının güllənməsi (qızarması) təbi¬i¬dir. Lakin şair bu təbiiliyi poetikləşdirir. Üz şərabın tə¬si¬rin¬dən ona görə gül-gül olubdur ki, şərab da gül rənglidir. Üzün güllənməsi şərabın gül rəngliliyindəndir. İkinci mis¬ra¬da isə səbəblə nəticənin müqayisəsi verilir. Şərab tək gül¬dür. Onun yanaqdakı bəlirtisi isə daha çoxdur. Deməli, şə¬rab içmiş məşuqə daha gözəldir. 

2. Təsəvvüfi plan:

Sufi simvolikasında ariz (yanaq)  – vəhdət, gül – kəsrət gözəl¬¬liyi, şərab isə ilahi eşqdir. Sufi simvolikasının bu kod¬ları prizmasından baxdıqda beyt tamamilə başqa anlam alır: Allahın ilahi eşqi vəhdət üzərində neçə kəsrət gözəl-li¬yi vücuda gətirmişdir. Mənəvi vahid gözəllik material dün¬yada çoxsaylı gözəllik kimi təzahür edir. 

Bu aspektdən şairin məşhur beytlərindən birinə diqqət yetirək: 

         

Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb

Bir içim su verə dəşti-ğəmin avarəsinə.

 

Aşiq qəm səhrasının avarəsidir. Səhrada olanın bir içim suya möhtaclığı təbiidir. Lakin aşiq səhrada tənha ol¬du¬ğundan göz yaşından başqa ona su verən yoxdur. Eşq dər¬dindən səhraya düşmüş aşiqin halına acımaq üçün onu an-lamaq lazımdır. Bu dərdi anlayan əhli-nəzər isə yoxdur. Göz yaşı sözün hərfi mənasında əhli-nəzərdir (fiziki mə¬na¬da göz yaşı göz əhlidir). Lakin dərd qanan anlamında əhli-nəzər olmadığından aşiqin məkanı səhradır. 

Dəşti-qəm avarəsi kəsrət aləmində vəhdət həsrəti ilə ya¬şayan salikdir. Onun ağlayıb-sızlaması – İlahiyə qovuş¬maq istəyi, bir növ duası, fasiləsiz zikridir. Bu zikr (göz ya¬şı) aşiqin həsrət yanğısını söndürməyə qabil yeganə va¬si¬tədir. 

Oxucunu öz poetik sehrindən buraxmayan başqa bir beyt: 

 

Meyi-gülgundə degil nərgisi-məstin əksi,

Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.

 

1. Poetik planda situativ vizuallıq: 

Aşiq əlində şərab qədəhi tutmuş məşuqəyə müraciət edir: gül rəngli şərabda görünən sənin sərxoş gözlərinin əksi deyil. Didar aşiqin göz açıb sənə qədəh olmuşdur. 

Gözün əksinin şəraba düşməsi fiziki qanunauy¬ğun¬luq¬dur. Şair bu qanunauyğunluğu poetikləşdirir. Gül rəngli şə¬rab¬da görünən aşiqin gözüdür. O, məşuqənin camalını da¬ha yaxından seyr etmək üçün qədəhə çevrilmişdir. Möv-cud kontekstdə söhbət ancaq seyrdən, tamaşadan getdiyi üçün şair "göz açıb" ifadəsini işlədir. Qədəhin üst hissəsi ge¬niş açılmış gözə bənzəyir. Gözlərin geniş açılması həm də heyrət əlamətidir. 

Deməli, çox yaxın məsafədən aşiq məşuqənin cama¬lı¬nı heyranlıqla seyr edir. Bütün bunlar ən sonda aşiqin əl¬çat¬maz arzusu kimi faktlaşır. Lirik aşiq məşuqəni seyr et¬mək üçün qədəh olmağı arzulayır. 

2. Təsəvvüfi plan:

Qədəh içi eşqlə dolu könlün simvoludur. Bu könül ila¬hi eşqin gücü ilə qeybin sirlərini özündə əks etdirir. Bey¬tin sufi planına daxil olmaq üçün "göz açıb" ifadəsi açar rolunu oynayır. Əgər poetik planda "göz açıb" ifadəsi hər¬fi mənada işlənirsə, təsəvvüfi planda "insan yaranar-ya¬ran¬maz" anlamına uyğun gəlir. İlk yaradılış isə "bəzmi-əzəl¬dir". Deməli, aşiqin eşq ilə dolu könlündə ilahi hüsn təcəl¬la edir. Qəlb heyranlıqla ilahi hüsnü seyr edir və bu hey¬ranlığın mənşəyi bəzmi-əzəldən qoyulmuşdur. Bu beyt daxili mistik yaşantının "müşahidə" halını əks etdirir. Poetik planda gözəlin əlindəki badə yalnız seyrlə kifayə¬t¬lə¬nir. Təsəvvüfün daxili kamilləşmə mərhələlərində "müşa¬hidə" halından sonra "yəqin" və "fənafillah" ar¬dı¬cıl¬lı¬ğına uyğun olaraq şair poetik planda qədəhin dodağa, yə¬ni mistik aşiqin fənafillaha qovuşmamışdan əvvəlki hal olan "müşahidə"ni təsvir edir. 

Təsəvvüfi ideya Füzuli poeziyasında bəzən kon¬sep¬tu¬al-sufi anlamda poetik məkansız təqdim olunur, amma traktat-şeir səciyyəsi daşımır. O mənada ki, ideya bütün çıl¬paqlığı ilə üzdə olmur. Ona görə də bu tipli mətnə yu¬xa¬rı¬dakı prinsiplərlə yanaşmağa ehtiyac qalmır.

Məsələn: 

          

Cam içrə mey ki, dairə salmış hübab ona,

Ayinədir ki, əks salır afitab ona.

 

Beyt simvolikdir. Lakin bu tip simvoliklik simvol pred¬metlərindən xüsusi bədii məzmun yaratmır. Burada yal¬nız sufi plan mövcuddur.

Şair iki mey dolu camı, onun üzərinə hava qa¬bar¬c¬ığının dairə, hübabın üzərinə isə günəşin əks salmasını təsvir ed¬ir. Heç bir simvolik açımı qəbul etməsək, bu beyti Füzuli şei¬ri kontekstində poeziya aktı kimi qiymətləndirmək müm¬¬kün deyil. Beytin simvolik kodlarla açımı isə bütöv bir təsəvvüfi eşq konsepsiyasını üzə çıxarır. İçi meylə dolu cam məhəbbətlə dolu könüldür. Bu camın üzərindəki hü¬bab eşqin aşıb-daşmasından, arınıb durulmasından mey¬da¬na gəlmişdir. Hübab güzgü tək parlaq olduğundan günəşi özün¬də əks etdirir. Beytin təsəvvüfi anlamı: ilahi eşq ilə do¬lu könül Allahın camalını özündə əks etdirir.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

 

 

Cümə, 02 May 2025 10:29

Yeni ay, yeni yol - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər son, yeni başlanğıcdır — deyirlər. 30 apreldən sonra gələn 1 may kimi. Günlərin sənə nə vəd etdiyini bilə bilməzsən, ancaq özünə verdiyin vədlər üçün bir gün seçə bilərsən.

 

Uğurlu gün yoxdur, uğurun günü var. Təsadüfi gün yoxdur, lakin məqsəd qoyduğun, niyyət etdiyin, özünə söz verdiyin bir gün var. Bax, o gün — uğurun günüdür. Və seçimlər bütün təqvimləri dəyişdirə bilər. Əgər bu gün bir başlanğıc etməyə qərarlısansa, elə bu gün sənin uğur günündür.

 

Yetər ki, istə və başla. Çünki ən çətin addım, ilk addımdır. Unutma ki, böyük dəyişikliklər birdən olmur. Kiçik bir addım, bir fikir, yeni qərarla başlayır uğurun toxumu. Öz yolunu özün çəkirsən. Qələmin sənin əlindədir.

Kim bilir, bəlkə də bu gün sənin ilk səhifəndir — fərqli bir həyatın başlanğıcı üçün.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Zaur Kərimovahəsr edilmiş şeirlə tanış olacaqsınız.

    

 

ZAUR SALEH OĞLU KƏRİMOV

(02.02.1996.-28.10.2020.)

 

Kürdəmir rayonunun Atakişili kəndindən  olan, Azərbaycan Ordusu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri,  Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

XÜSUSİ  TƏYİNATLI   ZAUR

 

Hələ kiçik yaşından qorxmazdı, qoçaq idi,

Hamı onu sevirdi, ağıllı uşaq idi,

Sözü bütöv, sözü düz, hiylədən uzaq idi,

Böyüyüb yaşa doldu, qazandı neçə uğur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Vaxt yetişdi, Vətənə əsgər borcunun  vaxtı,

Fəxr edirdi, gətirib, onun taleyi, baxtı,

Əsgərlik bir məktəbdir,  həm şərəf, həm sınaqdı,

Xidmət edən zamanı duydu  bir sevinc, qürur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Qurtarıb xidmətini  qayıtdı doğma elə,

Çox düşündü qəlbində: “Rahat olmaram, hələ,

Həsrət qalmışıqsa biz əgər Xarıbülbülə,

Rahat yaşamaq olmaz, bu nə fərəh, bu nə şur?”,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Yenidən o yazıldı  ordumuza xidmətə,

Yaxınlar  “Əhsən!” dedi  ondakı bu qeyrətə,

Kəşfiyyatçı igidlər layiqdirlər hörmətə,

Üz-gözündən yağırdı sanki işıq, sanki nur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Anlayırdı güc ilə məhv edərlər yamanı,

Səylə xidmət edirdi, çox sevirdi, idmanı,

Yarışlarda qazandı çoxlu “Fəxri fərman”ı

İgid güclü olanda damarda qanı coşur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Başlarkən müharibə, dedi,-bizimdir zəfər,

Hər bir əsgər- qəhrəman göstərəcəkdir hünər,

Haqq qalib gələcəkdir, məğlub olacaqdır şər,

Budur, igidlərimiz düşmən üstünə cumur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

 

Döyüşdü Cəbrayılda, Hadrutda, Zəngilanda,

Neçə-neçə düşməni məhv etdi  bircə anda,

Qubadlıda, döyüşdə keçsə də şirin candan,

Sübut etdi, el-oba, Vətən sevgisi budur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur.

 

Hər zaman ləyaqətli, hər vaxt üzüağ oldu,

Düşmən kürəyinə ox, ürəyinə dağ oldu,

Ölməzliyə qovuşdu, sönməz bir çıraq oldu,

Qurbansız,  şəhidlərsiz torpaqlar azad olmur,

Xüsususi təyinatlı, snayper, cəsur Zaur

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Poertik Qiraət rubrikasında bu dəfə sizlərə   Elxan Yurdoğlunun “Bir gün payız olacağam” şeirini təqdim edirik.

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bir sevgi şeiridir. Gözəl lirika nümunəsidir. Oxumağa dəyər.

Xoş mütaliələr.

 

 

Elxan YURDOĞLU

 

BİR GÜN PAYIZ OLACAĞAM

 

Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?

Dodağıma yağış düşsə, islanarmı dodaqların?

Səhər-səhər rəssam günəş boyayanda üfüqləri

Mən də durub seyr eləsəm, qızararmı yanaqların?

 

Yarpaqları ovuclayıb misralara səpələsəm,

Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?

Sərçələrə pıçıldasam sənlə dolu duaları,

Yaradanın dərgahına çatarmı heç, hər diləyim?

                                                                                            

Əllərimi yana açıb qucaqlasam bu dünyanı,

Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?

Bu yağışı, bu payızı, bu havanı doya-doya

Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?

 

Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,

Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.

Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,

Unutma ki, bir gün mən də dönüb payız olacağam.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

Fərzəliyeva Nuray, “Ədəbiyyat və incəsənət” üçün

 

Günlük Sətri "  Bir Qəlbin Səssiz Dağılışı”

Tarix: 12.04.2025

Məkan: Ürəyimin Unudulmuş Səssizliyi

Yazan: Melisa

 

Səhifəni açanda qələmə toxunmaq belə ağır gəldi, günlük. Elə bil əlimdəki bu nazik taxta parçası ürəyimin bütün ağırlığını daşıyır. Yazmaq istəyirəm, çünki başqa çarəm yoxdur. İçimdə o qədər söz, o qədər fırtına var ki, onları buraxmasam, özümü itirəcəyəm. Sən mənim səssiz yoldaşım ol, tamammı? Sən məni dinləyirsən – heç bir sual vermədən, heç bir hökm çıxarmadan. Və bu, bu axşam, mənə dünyanın ən böyük lütfü kimi gəlir. 

 

Yenə özümü tək hiss etdiyim günlərdən biri idi, günlük. Bu qədər insan içində tək-tənha. Ətrafımda insanlar var, bəli. Danışırlar, gülürlər, nəsə paylaşırlar. Amma onların varlığı elə bil bir kölgə kimi – toxunsan yox olur. Səni anlayan bir insan belə yoxdur, günlük. Və ən pisi nədir, bilirsən? Artıq anlayırsan ki, olmayacaq da. O bir nəfər, o səni görən, o səni eşidən insan – o, sadəcə bir xəyal imiş. Sən isə bu xəyalın ardınca illər boyu qaçmısan, amma nəticə? Heç. 

 

İnsan özünü ən çox tək hiss etdiyi an, ətrafında minlərlə insan olsa belə, ürəyindəki səssizliyi eşidəndə olur.”

 

Çəkildim öz səmtimə, günlük. Özümlə danışmağa başladım. Bilirsən, insan özü ilə danışanda, həm dostu, həm sirdaşı, həm də hər şeyi özü olur. Elə bil dünya ilə arana görünməz bir pərdə çəkirsən. O pərdənin arxasında təkcə sən varsan – nəfəsin, düşüncələrin, xəyalların… və xəyal qırıqlıqların. Bəzən öz-özümə sual verirəm: Melisa, ətrafında səni anlayan bir insan varmı? Bir anlıq gözləyirəm, sanki kimsə cavab verəcək. Amma ağlıma bir ad belə gəlmir. 

 

Bir an düşün, günlük. Sənin ağlına belə bir ad gəlirmi? Əgər gəlirsə, bil ki, sən həyatda çox şanslısın. O ad sənin üçün bir sığınacaq, bir liman, bir nəfəsdir. Amma əgər gəlmirsə… əgər o boşluq səni də udubsa, demək ki, sən həyatda çox şey görmüsən, çox şey yaşamısan. Və ümid edirəm, bu həyatın sənə vurduğu yaraları özün sarımağı bacarmısan. Çünki mən… mən hələ də bunu öyrənməyə çalışıram. 

 

Yaralarını özü sarımağı öyrənməyən insan, hər dəfə başqalarının əlindən gələn zərbəyə hazır olmalıdır.”

 

İnsanı ən çox nə yaralayır, bilirsənmi, günlük? Xəyallarının gerçək olmaması. Çox ümidlə gözlədiyin bir şeyin yarım qalması. Sən içində bir dünya qurursan – elə gözəl, elə isti, elə sənə xas bir dünya. O dünyada sən tək deyilsən. O dünyada səni anlayan biri var, səni qucaqlayan bir sabah var, səni gözləyən bir gələcək var. Amma sonra… sonra o dünya bir anda çökür. Sən nə qədər çabalasan da, nə qədər dua etsən də, nə qədər gözləsən də, bəzən alınmır. Alınmır və sənə qalan nə olur? Böyük bir boşluq. O boşluğun adı xəyal qırıqlığıdır, günlük. 

 

yal qırıqlığı bir yara deyil, bir dənizdir. Səni içində batırar, amma sən yenə də üzməyə çalışarsan.”

 

n o dənizdə üzürəm, günlük. İllərdir üzürəm. Hər dəfə bir xəyal qurmuşam, hər dəfə bir ümidə sarılmışam. Və hər dəfə o ümid məni tərk edib. Bəzən qismət belə imiş” deyib barışmağa çalışmışam. Çünki qismət demək bəzən asandır – elə bil bir yükü kənara qoyursan. Amma bəzən… bəzən qismət deyə bilmirsən. Hər an, hər saniyə özünə sual verirsən: Harda səhv etdim? Nəyi yanlış etdim? Niyə belə oldu?” Səbəb axtarırsan, günlük. Saatlarla, günlərlə, illərlə. Niyə bunları yaşadığının səbəbini tapmağa çalışırsan. Amma tapmırsan. 

 

Bəzən başqalarını günahlandırır insan. Onlar məni anlamadı,” deyirsən. Onlar mənə şans vermədi.” Bəzən isə özünü günahlandırırsan. Bəlkə mən yetərincə yaxşı deyildim,” deyirsən. Bəlkə mən buna layiqəm.” Amma nə başqalarını günahlandırmaq, nə də özünü suçlamaq o hirsin soyumasına kömək edir. O ağrı, o boşluq səninlə qalır. Sənin bir parçan olur. Və sən o parçanı daşımağı öyrənirsən – istəsən də, istəməsən də. 

 

“İnsanı məhv edən, xəyallarının olmaması deyil, xəyallarının bir-bir sönməsidir.”

 

Yenə də bir ümid var içimdə. Çox kiçik, çox zəif, amma var. Bəlkə bir gün kimsə bu sətirləri oxuyar. Bəlkə kimsə məni eşidər. Bəlkə kimsə mənim bu səssiz harayımı duyacaq. Və o gün, bəlkə də, mən özümü bu qədər tək hiss etməyəcəyəm.

 

Əgər bu sətirlər kimsə oxuyarsa, əgər bu sözlərin içində bir anlıq öz səsini eşitmisənsə… demək ki, artıq bu yazı sadəcə mənim deyil. Sənin içində də illərlə danışmaq istəyib susan bir səs varmış. Bəlkə sən də mənim kimi gecələr tavana baxıb niyə?” deyə pıçıldamısan. Bəlkə heç kimə demədiyin o yorğunluqları daşıyırsan. Və indi, bu an, bu sətirlərlə bir yerə toxunduq.

 

Bəzən ən çox səs-küy salanlar deyil, səssizcə yazanlar hayqırır içində.”

 

Sən bu sətirləri oxuyursansa, bil – mən sənin içindəki o səssiz hayqırışı duyuram. Səni tanımasam da, tanıyıram. Çünki ağrının dili eynidir, harada olursaq olaq, kim olsaq da.

 

Bəlkə bu yazı səni xilas etməz. Amma bəlkə bir damcı göz yaşının səbəbi olar. Və unutma, göz yaşı axan yer, hələ də hiss edən bir qəlbin sübutudur.” Sən hələ də hiss edirsənsə, demək ki, tükənməmisən. Demək ki, içində hələ də yaşamaq istəyən bir parça var. Bu sətirləri oxuyan sən – sənə təşəkkür edirəm. Dinlədiyin üçün. Hiss etdiyin üçün. Səssizliyimi eşitdiyin üçün.

 

İndi qələmi buraxıram, günlük.

Amma bu dəfə içimdə bir az paylaşılmış bir sakitlik var.

Səni bağlayıram, günlük.

Və sən… bu yazının harasındasa özünü tapan, bəlkə də bu sətirlərə təsadüfən deyil, ehtiyacla gələn sən…

 

Bilirəm, heç nə asan deyil. Amma unutma – qaranlıqda belə, bir yerə işıq düşürsə, demək ki, yolu tapmaq mümkündür. Və bəlkə də bu yazı, sənin o yolundakı kiçik bir işıqdır.

Melisa

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən XIII əsrə aid türbə - Arğalı türbəsi barədədir söhbətimiz.

 

 

 

Türbənin yerləşdiyi yerdə vaxtilə Arğalı adlı kənd olduğu üçün türbə belə adlanıb. Türbədə kimin dəfn olunduğu, hansı əsrdə yaşaması və türbənin nə üçün məhz bu yerdə inşa olunması araşdırılmayıb.

 

Türbə düzən ərazidə inşa edilib. Memarlıq və konstruksiya baxımından planı səkkizbucaqlı olunduğundan, onun həm gövdəsi, həm də günbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq, günbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub.

 

Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib.

 

Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Məhz buna görə də öz adını yerləşdiyi kəndə görə alıb.

 

Memarlıq və konstruksiya həllini əsas götürən bəzi tədqiqatçılar onun tikilmə tarixini XIII əsrə aid edirlər.

 

Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(02.05.2025)

 

 

Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün

 

Bayırda möhkəm yağış yağırdı. Zeynalabdin atasının yaş gönləri necə bıçaqla təmizləməsinə baxırdı. Elə bu vaxt başlarının üstündən daman yağış damcıları onların üstünə düşdü. Ata oğluna dedi:

-Oğlum çıx dama,  bacaya yaxın olan yerlərin gilin ayağınla suva, düzəlt.

Zeynalabdin artıq dama çıxmağı bilirdi. Amma atasının dediyi yerə, yəni bacaya yaxın getmək istəmirdi. İndi isə bacanın üstünü örtməli, yan-yörəsindəki gili ayağı ilə suvamalıydı. Atasının köməyi ilə evin yanından çıxan kələ- kötür daşların üstü ilə dama çıxdı. Bacadan qorxsa da tez həmin yerin gilin ayağı ilə sürüşdürdü, bacanı isə qalın şüşə parçası ilə bağladı. Atası ona damdan düşməkdə kömək etdi. Palçıqlı ayaqlarını navalçadan axan suyla yudu, evə gəldilər. Zeynalabdin atasından soruşdu?

-Atacan, dama niyə gil tökürlər. Gil suyu buraxmır ona görə?.

Ata dedi.

-Oğlum Allah insanı da gildən yaradıb. Sonra ona üfləyib ruh verib. Gil artıq qalanda insandan soruşub ki, sənin üçün nə yaradım? İnsan əvvəlcə yurd istəyib. Sonra isə deyib ki, xoşbəxtlik istəyirəm. Onda Allah ona heç nə demədən qalan gili insanın ovcuna qoyub. Ona görə deyirlər ki, xoşbəxtlik hər bir insanın öz əlindədir. Bax, oğlum,  sən bu gün gili yayıb axan yağış damlalarının qarşısını aldın. Vaxt olar evlər tikərsən. Bəlkə də ən zəngin bir insan olarsan. Amma kim olursansa ol, xeyirxah ol ki, Allah da səni şərdən, pisliklərdən qoruyar.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.20250

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

RƏSUL RZA

 

HAMIMIZ YOLDAYIQ

 

Yol.

Qatar.

Minənlər var, düşənlər var.

Kimi gülə-gülə minir,

gülə-gülə düşür.

Kimi kədərli, qayğılı.

Duracaqlar ötüşür...

İskələlər keçir.

Qurtarmaq bilmir qatarın yolu.

Gündüzü var, gecəsi var.

Hələ gülə-gülə minəcək,

kədərlə düşəcək neçəsi var.

Nə mən bilirəm harda düşəcəyəm,

nə qatardakılar bilir.

Bəlkə heç qatar dayanmayır:

düşənə elə gəlir,

minənə elə gəlir.

Bəlkə mənə elə gəlir.

Gedir qatar.

Çay içirəm, papiros çəkirəm,

düşünürəm, şeir yazıram.

Mən bu uzun yolda

getməyə, getməyə, getməyə də,

ən yaxın duracaqda düşməyə də hazıram.

Ancaq...

Bu şeiri qurtarım.

Bir yenisini başlayım.

Bir də...

Nə yol qurtarır,

nə arzular.

Yeni iskələlər,

duracaqlar ötüşür.

Kim isə minir.

Kim isə düşür.

                     Mart, 1962

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün həmin verilişə çəkilişə gedərkən, yolda həmkarı Yaşar Nuri ilə rastlaşır. Yaşar ondan haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. O da cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” -deyir Yaşar. Razılaşırlar və Gülnar Yaşardan 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra Yaşar özü həmin çəkilişə gedib, iştirak edir. Bunu biləndə Gülnar təəccüb içində Yaşardan soruşur ki, niyə özün getdin, məni qoymadın? Yaşar da: - “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”- deyə cavab verib...

Bax belə bir əhvalat!

 

Bəli, bu dəfə sizə yazıçı-dramaturq Aslan Qəhrəmanovun əsəri əsasında hazırlanan “Səni axtarıram” film tamaşasında oynadığı “Günar” obrazı ilə ölkədə məşhurlaşan Firəngiz Mütəllimova haqqında söhbət açmaq istəyirəm. Axı, mayın 1-də onun növbəti ad günüdür. Amma gəlin əvvəlcə tərcümeyi-halına nəzər yetirək:

1959-cu ildə Ağcabədi rayonunda dünyaya gəlib, lakin əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə həmin gündən də həmin mədəniyyət ocağında çalışır.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq Azərbaycan Dövlət Televiziyasının tamaşalarında da iştirak edib. O, burada hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili obrazlar yaradıb. 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır... 

 

Müsahibələrindən birində deyir ki: - “Atamla anam Ağcabədidə işləyirdilər, ona görə şəhadətnaməni oradan alıblar. Şəxsiyyət vəsiqəmdə yazılıb ki, Ağcabədinin Avşar kəndində doğulmuşam. Atam qəbələli, anam şuşalıdır. Təyinatla gəliblər Avşar kəndinə, bir-birini seviblər, atam anamı qaçırıb. Mənim ömrümün ən gözəl illəri Şuşada, Qəbələdə, bir də Avşar kəndində keçib. Avşardan üçüncü sinifdə çıxmışam, amma indi gözüyumulu o kəndi gəzə bilərəm. Şuşanın işğalını eşidəndə Türkiyədə qastrolda idik. Birdən Ramiz Novruz başını tutub çıxdı ki, vay, Şuşanı aldılar. Mikayıl Mirzə başını divara çırpdı. Mən donub qalmışdım. Heç yerə də əlim çatmırdı. Səhəri qardaşım dedi, evdəkilər Bakıdadırlar, Şuşa yoxdur. Şuşadan sonra anam atama tez-tez deyirdi ki, evdən çıxanda “xolodelnik”i niyə söndürmədin? Atam da deyirdi, səni necə başa salım, Şuşa yoxdur, Şəfiqə, Şuşa yoxdur. Anam da sakitləşə bilmirdi, atamla dava edirdi ki, Qacarın ala bilmədiyi Şuşanı erməni alacaq? Biz hər şeyimizi orda qoyub gəlmişik. Deyirdilər, Şuşadan çıxmaq istəməyənlər acından ölməmək üçün bizim evdəki ərzaqları aparıb yeyirmişlər. Şükür ki, Şuşa indi bizdədir. Mən böyüyən ev isə darmadağın olub...”

 

Olduqca şən və mehriban xanımdır. İnadkar, ehtiraslı və idealist təbiəti ilə yanaşı, çox işgüzardır. Enerjili və həyat doludur. Cəsarətli və mərhəmətlidir. Qürurludur və güclü xarakterə malikdir. Çox cazibədardır. Özü diqqətli olduğu üçün, hamıdan da diqqət gözləyir...

 

“Mən həyatımla oynadığım rolların fərqini bilirəm. Həyatda bilirəm ki, Firəngizəm. Amma səhnədə hər bir rolu ifa edə bilərəm. Onu da bilirəm ki, bir gecədə məşhur olmuşam. Bir var, bunun üçün əziyyət çəkəsən, bir də var, xəbərin olmadan həyatın dəyişsin, hamı səni tanısın. Atam rəhmətlik deyirdi, nə qəribədir, dünənə qədər deyirdilər, “Bəhər müəllimin qızı Firəngiz”, indi deyirlər, “Firəngizin atası Bəhər”. Vacib olan şöhrəti qazanmaq yox, saxlamaqdır. Bunu da insanlardan özünü fərqləndirməməklə, səmimiyyətlə qazanırsan. Allah hamıya bir istedad verir. Sadəcə, bu sənətdə olanlar üzdə olurlar, hamı onları tanıyır. Çalışmışam, hamıya örnək olum. Demirəm, süddən çıxmış ağ qaşığam. Yox! Həyatda o qədər səhvlərim olub ki... Aldatmışam da, aldanmışam da. Düz də getmişəm, əyri də. Amma çox sevinirəm ki, yolumu azmamışam. Başımı nə şöhrət, nə pul gicəlləndirməyib. Deməmişəm ki, gərək divarlarım qızıldan olsun...”- söyləyir.

 

Sakit və rahat həyat sürməyi xoşlayır. Narahatlıq yaradan səbəblərdən uzaq olmağa çalışır. Gözəldir və bu gözəllik onu daha cazibəli göstərir...

 

Deyir ki:- “Vaxt olub, hətta üzümü gizlətmişəm, səsimdən tanıyıblar. Ona görə özümü xoşbəxt sayıram ki, məni uşaqlar da, gənclər də, qocalar da tanıyır. Amma etiraf edim ki, bu bir tərəfdən pisdir. Küçədə, məclisdə, marketdə hamı baxıb səndən danışır və narahat olursan. Bazara gedəndə hiss edirəm, bir manat olan şeyi üç manata satmaq istəyirlər. Deyirəm, ay balam, mən milyonçu deyiləm, maaşla yaşayan adamam. Amma bəzən olur ki, ümumiyyətlə, pul götürmürlər. Sağ olsunlar, çətin vaxtlarda mənə çox güzəşt edirlər. Məsələn, həkimə gedirəm, təmənna güdmürlər. Hətta Türkiyədəki həkimim də məndən pul almamışdı...”

 

İş həyatında da iddialı olması ilə tanınır. Ürəyincə olmasa hər rolu, hər obrazı üzərinə götürmür. Yəni özünə hörmət etməyi bacarır...

 

“O qədər də sadəlövh deyiləm. Kim düşünürsə ki, mən avam adamam, yanılır. Çox olub, seçimə çağırıb təsdiq edirdilər, sonra alınmırdı. Mənim də qəlbim incimişdi. Həsən Turabovun çəkildiyi filmlərə razı olurdum. Bir də Vaqif Mustafayevlə Ceyhun Mirzəyevin filmlərinə çəkilmişəm. Ən yaxşı qonorarlarımı Turabovun çəkildiyi filmlərdən almışam. O vaxt verilişlərə gedəndə də qonorar alırdıq. İndi heç nə vermirlər, mən də getmirəm. Şikayət etmirəm, şükür Allaha, yaşayırıq. Prezidentin fərdi təqaüdünü alıram, dövlətimiz tərəfindən evlə təmin olunmuşam. Adam gərək düzünü danışa, dövlət tərəfindən, nazirlik tərəfindən öz üzərimdə həmişə qayğı hiss etmişəm. Arada cərrahi əməliyyat olundum. Əməliyyatdan çıxandan sonra özüm deməmişdim, amma nazirlikdən neçə nəfər zəng etdi ki, bizə niyə xəbər etməmisən?”- söyləyir.

 

Bəli, bu gün - mayın 1-i bu incə ruhlu gözəl xanımın ömrünə yeni yaşı qədəm qoyur. Mübarək olsun! Bəlkə də indiki gənclər arasında onu tanıyanlar azdır. Amma biz orta yaşlı nəsil hələ də onu “Gülnar” obrazına görə sevir və unutmuruq...

Tamaşada tərəf-müqabili olan Yaşar Nuriyevin yaratdığı obraz – Elçin ona deyir: “Sən yaxşı qızsan, Gülnar!”

Həqiqətən də, Firəngiz Mütəllimova yaxşı qızdır (qadındır), yaxşı aktrisadır, yaxşı insandır.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

İntihar yolunu seçənlər, dayanın!

 

Bir müddət öncə bir intihar hadisəsi mənim həmyerlilərimi dəhşətə gətirmişdi. 18 yaşlı kollec tələbəsi sinfin yazı lövhəsinə «Bu da son!» yazıb, sosial mediada yerləşdirərək, sevdiyi qıza da «Mənim sevgimi cavablandırmadığın, hisslərimi tapdaladığın üçün bundan sonra ölümümün səbəbkarı kimi bütün həyatın boyunca peşimançılıq hissləri keçirəcəksən» mesajını ünvanlayaraq damarını kəsib intihar etmişdi.

Və yaxud, gözəl ailəsi, yaxşı işi olan gənc, yaraşıqlı bir oğlan, iki uşaq atası, futbol totalizatorunda nisyə mərcə girib olduqca böyük bir məbləği uduzduğuna görə bağ evində özünü asmışdı.

Bunlardan biri cavabsız sevgiyə görə, ikincisi isə çıxılmaz vəziyyət səbəbindən intihar hadisələri idi.

Mənim ölkəmin paytaxtı Bakıda 1990-cı il 20 yanvar tarixində Sovet imperiyasının muzdlu əsgərləri tərəfindən müstəqillik qazanmaqçun ayağa qalxmış dinc əhali gülləbaran olunanda bütün dünyaya səs salmış bir intihar hadisəsi də baş vermişdi. Muzdluların güllələdiyi 28 yaşlı Bakı Gəmi Təmiri Zavodunun fəhləsi İlham Allahverdiyevin həyat yoldaşı – 20 yaşlı Fərizə sevdiyi insanın ölümünə dözə bilməyərək bətnində 2 aylıq körpəsi ola-ola sirkə turşusu içərək intihar etmişdi.

İnsan orqanizminin imkanları sonsuzdur. Bu imkanlar, xüsusən, stress hallarında özlərini qabarıq büruzə verir. İntihar cəhdi də həmin stress hallarının bir nəticəsidir.

İntihar sosial səbəblər ucbatından insanın öz mövcudiyyatını dayandırmasından ibarət sosial fenomenə deyilir.

3 intihar növü mövcuddur: eqoistlik, altruistik və anomik.

Eqoistlik intiharı hədəfləri cəmiyyət tərəfindən məhv edilən, sevimlilərini itirən insanlar eləyir. Daha çox eqoistik intiharı apatiyaya düşən insanlar həyata keçirirlər. Arzuları puç olduqca, sonda bu şəxsləri yaşamaq arzuları da tərk etmiş olur.

Alturistik intiharda artıq individlər yox, qruplarda, kütlələrdə təmsil olunanlar təmsil etdikləri toplumun müqəddəratını düşünənlər intihar edirlər.

Nəhayət, anomik intiharda daha çox fərdlər tərəfindən aldanılan, istismar edilən, hüquqları pozulan, taptanan, içində həyəcan, qorxu və nifrət çuğlayan şəxslər həyatlarıyla vidalaşırlar.

Get-gedə dünyada daha çox uğursuz insanın intihar yolunu seçməsi tendensiyası müşahidə edilməkdədir. Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır.

İntihar – say hesabına görə insanı dünyadan aparan bəlalar arasında 8-ci yerdə dayanır.

Son yarım əsrdə dünyada intihar edənlərin sayı 65-70% artıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2000-ci ildə bütün dünyada təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirmişdi. Bu, hər 40 saniyədə 1 insanın intiharını bəyan edən çox həyəcanlı bir faktdır. Ancaq 10 il sonra – 2010-cu ildə bu rəqəm daha da həyəcanlı oldu, intihar halları 13 (!) dəfə artdı. İndi artıq, dünyada hər 3 saniyəyə bir intihar baş verir.

İntiharın statistikası həmişə mənimçün maraq doğurub. Diqqət edin:

Dünyada ən çox intihar halı Çində baş verir. Dünyanın ən çox əhalisi yaşayan bu ölkədə il ərzində təqribən 300000 nəfər özünü öldürür. Ortalama, hər 2 dəqiqədən bir bir çinli öz həyatına son qoyur. İkinci yerdə Rusiya dayanır. Bu ölkədə hər il təqribən 60000 nəfər intihar edir. Ümumən, ən çox intihara məruz qalan 7 xalq isə bunlardır: Çin, hindus, amerikalı, rus, yapon, fransalı, ukraynalı. Təbii ki, bu belə də olmalıdır. Çünki bu, sayca ən böyük xalqlardır. Daha real mənzərəni isə digər statistika ortaya qoyur: İntihar edənlərin sayının əhalinin sayına nisbəti. Bu göstəricidə iki 4 yeri Koreya, Çin, Rusiya və Qazaxıstan tutur. Dünyada ən az intihara rast gəlinən 3 ölkə isə bunlardır: Misir, Haiti, Yamayka.

Əgər intihar halları sayını dinlər üzrə qruplaşdırsaq, onda görərik ki, ən çox intihar bütpərəstlikdə və sintoizmdə mövcuddur. Növbəti yerdə pravoslavlar, katoliklər, müsəlmanlar qərarlaşıblar. Ən az intihar halına isə yəhudi dininə sitayiş edənlər arasında rast gəlinir.

Elmi nöqteyi-nəzərdən intihara insanda əmələ gəlmiş qara fikirlər səbəb olur ki, bunlar da istəmədən insanın içinə həmlə edən şübhələrin, xatirələrin, arzuların, ideyaların, qorxunun əsasında yaranır. Onlar insanın bütün beynini işğal edir, depressiv emosiyalar, üzücü fikirlər, həyəcan hissləri yaradır. Hətta elmdə bəzi psixoloqlar bu cür fikirləri virus adlandırıblar.

Amma bu qara fikirlərə təslim olmamaq, sonadək vuruşmaq lazımdır. Dünyada heç nə insanı yarımçıq dünyadan getməyə məcbur etməməlidir. İntihar məğlubiyyətdir, döyüş meydanından qaçmaqdır, fərrarilikdir.

Biz layihəmizdə uğura doğru gedən yoldan danışırıq, xoşbəxtliyə qovuşmaqdan danışırıq. Və mən əminəm ki, oxucularım arasında intihar fikrini beynindən keçirənlər var idisə də, bu kitabı oxuyandan sonra mütləq bu fikirdən çəkinəcəklər, öz işıqlı, nurlu arzularını qurub qaranlıq hücrədən çıxacaqlar.

Təkcə ona görə yox ki, intihara heç nə haqq qazandırmır. Təkcə ona görə yox ki, intihar edənlər qorxaq adlandırılır. Həm də gətirəcəyim bu dəhşətli faktlara görə: İş ondadır ki, mən bir qədər öncə sizə 2010-cu ildə 13 milyon insanın intihar etdiyini söylədim. Ancaq onu da deyim ki, hər il bu rəqəmdən düz 13 dəfə çox insan intihara cəhd edir. Yəni ki, təxminən 170 milyon insan özünü öldürmək istəyir. Demək, hər 13 intihar cəhdindən 12-si uğursuz alınır. İntihar edənlərin 63%-i kişilər, cəmi 37%-i isə qadınlar olduğu halda intihara cəhd edənlərin say hesabına görə qadınlar kişilərdən 4 dəfə çoxdurlar. Hər il 135 milyon qadın intihara cəhd edir, onların cəmi 5 milyonu intihar edə bilir. Kişilərin isə 35 milyonu cəhd edir, onlardan 8 milyonu istəyini yerinə yetirir. İstəyini yerinə yetirə bilməyənlərin bir çoxu isə ömürlük şikəst qalırlar. Şəxsən mən ömürlük əlil arabasına təhkim olunmuş uğursuz intihar cəhdi edən bir şəxsi tanıyıram. Bəs belə isə sivill yolla ağrınızı müalicə etmək əvəzinə niyə özünüzü eybəcər hala salmalı, ömürlük bədbəxt etməlisiniz?

Mən çox vacib bir faktı da qeyd etmək istəyirəm: Özünü asmış insanların meyitlərinin əksəriyyətinin əl barmaqlarının kəndir tərəfindən didildiyi müşahidə olunur. Bu o deməkdir ki, yalnız son anda – artıq kəndirdən asılı qalarkən insan tutduğu işin dəhşətlərini bütün dərinliyi ilə duyub dırnaqları ilə kəndirdən xilas olmağa çalışır.

Demək, intihar edənlər son anda bunun peşmançılığını çəkirlər.

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.