I TÜRKOLOJİ QURULTAY 100 – Bəkir Çobanzadə Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu I TÜRKOLOJİ QURULTAY 100 silsilə yazılarını təqdim edir. 2026-cı ilin fevralında I Türkoloji qurultayın 100 illiyi keçiriləcək. Sovetlər hələ tam möhkəmlənməmiş türk xalqları əldə olan cüzi azadlıqdan istifadə edib Bakıda bu qurultayı keçirmişdilər, sonradan qırmızı diktatura bərqərar olduqdan sonra bu qurultayın bütün iştirakçılarına divan tutulmuşdu.

Onlardan biri də Krım tatarı, Azərbaycanın görkəmli alimi Bəkir Çobanzadə idi.

 

17 dil bilən, işğalçı ruslar tərəfindən 1937-də “türkçülük” ittihamı ilə suçlanan və güllələnən, cəsədi isə Nargin adasına aparılıb dənizə atılan türkoloq - Bəkir Vahab oğlu Çobanzadə barədə danışacağıq.

Çobanzadə 1893-cü ildə Krım doğumludur. 1924-dən Azərbaycana yerləşmiş və ölümünə qədər Bakıda yaşamışdır. İndiyə qədər bilinən 18 kitabı məlumdur. Bu kitabların böyük çoxluğu Türk dili, qrammatikası, folkloru, ədəbiyyatına aiddir. Bakıya gəlib yerləşmə səbəbi o dönəm Türküstanda ortaq əlifbaya keçidin təməllərini elmi şəkildə hazırlamaq və həyata keçirmək olmuşdur.

1926-da Bakıda keçirilən Birinci Ümumittifaq Türkologiya qurultayının əsas təşkilatçılarından biri olmuşdur. O dönəm Türkologiya qurultayı keçiriləndə Stalin: “Türkologiya qurultayı hansı əlifbaya keçmək qərarı ala bilməz. Sadəcə, hansı əlifbanı qəbul etmək imkanlarını müzakirə edə bilər”- deyə fikir bildirmişdi. Türkologiya qurultayı türkləri latın əlifbasına keçidlə bir arada birləşdirməyi qarşısına əsəs məqsəd olaraq qoymuşdu. Çünki türkləri kiril əlifbasına keçirmək barədə fikirlər ortada idi.

Azərbaycanda yetişmiş türkoloqlar -Dəmirçizadə, Muxtar Hüseynzadə, İsmayıl Əfəndiyev, Feyzulla Qasımzadə Bəkir Çbanzadənin tələbələri olmuşdur. Onun həbsi ilə bağlı o dönəm Azərbaycan xalq daxili işlər komissarı işğalçı rus Stepan Yemelyanov deyirdi: -” Əgər başqa bir suçu olmazsa, türkologiya qurultayında iştirak etdiyi bəs edər"- demişdi.

Məhkəməsi 11.20-də başlayıb 11.40-da bitmişdir. Cəmi 20 dəqiqəlik məhkəmə olmuşdur. Əmri icra edən rus leytenant Şobolov olmuşdur. Bütün şəxsi əlyazmaları işğalçı kommunistlər tərəfindən yandırılmışdır.

Türkologiya qurultayına qatılanların hamısı güllələnmişdir. Yalnız iki nəfər öz əcəli ilə ölmüşdür. Bunlar Səmədağa Ağamalı oğlu (1930) və Fərhad Ağazadə (1931) olmuşlar.

BƏKİR ÇOBANZADƏ - Bu dahi insanı Türk Milləti unutmamalı, daim yad edib yaşatmalıdır.

Ruhu şad, məkanı cənnət olsun.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.