
Super User
Aktauda I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan və Qazaxıstan: Konstitusiya və Suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi" adlı I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib.
Məktəb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı ilə keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərindən 40 dinləyici konstitusiya quruculuğu, suverenlik tarixi, mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq imkanı qazanıblar. Düşərgədə Azərbaycandan gedən alimlər Eldar Cəfərov (Bakı Dövlət Universiteti) və Elvin Talışinski (Azərbaycan Universiteti) də iştirak ediblər.
Yay məktəbinin proqramına seminarlar, məşğələlər, Abiş Kekilbayevin adını daşıyan muzeyə ziyarət və dəniz ekskursiyası daxil olub.
Tədbirin bağlanış mərasimində Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanın baş konsulları iştirak ediblər.
"Azərbaycan Mərkəzi"nin direktoru İlkin Orucov Yay məktəbinin işinin yekunlarını açıqlayıb. Məktəbin gənclər arasında əməkdaşlığın inkişafına və Azərbaycan ilə Qazaxıstanın qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfədən bəhs edib.
Azərbaycanın Aktaudakı Baş Konsulu Ayxan Süleymanlı Yay məktəbinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Yesenov Universitetinin nümayəndəsi Elvira Canqojaeva universitetin bazasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək "Azərbaycan Mərkəzi" ilə əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Məmmədov ölkələr arasında əlaqələrin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb, Yay məktəbinin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.
"Dostluq" Etno-mədəni Birliyinin sədri Şəmsəddin Hüseynov Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafının və bu prosesdə gənclərin rolunun vacibliyindən danışıb.
İştirakçılara sertifikatlar təqdim edildikdən sonra tədbir bədii hissə ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
MARAQLI SÖHBƏTLƏR – Heydər Əliyev necə Xameneyiyə yerini göstərdi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Xameneyi Heydər Əliyevi danışıqlar keçiriləcək zalın qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan dilində sözə başlayıb hal-əhval tutdu.
Heydər Əliyev özünəməxsus ərkyanalıqla Xameneyinin doğulduğu yerə - Təbriz yaxınlığındakı məşhur Xamnə kəndinə işarə edərək: - Xamnədə nə var, nə yox? - deyə soruşdu...
- Sən Xamnəni də bilirsən? - Xameneyi təəccübünü gizlətmədi.
- Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də bu kənd təkcə sizin vətəniniz kimi tanınmır. Azərbaycanın çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin, Axundzadənin adını eşitməmiş olmazsınız.
- Eşitmişəm, - deyə Xameneyi həvəssiz cavab verdi.
Heydər Əliyevlə Xameneyi arasındakı şəxsi xarakterli söhbət daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa arxasında yerlərini tutdular. Xameneyi Azərbaycan Prezidentini fars dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət daşıdığını dedi. Təbii ki, farsca İran rejiminin dövlət dili olduğundan qondarma dini rəhbərin bu dildə danışması anlaşılan idi.
Lakin gözləmədiyimiz halda xameneyi nitqinə ara verən kimi yanında əyləşmiş tərcüməçi onun dediklərini çox naşı, qeyri- dəqiq və savadsız şəkildə ruscaya çevirməyə başladı.
Heydər Əliyev “Podojdite!” -deyə elə ilk cümlədən sonra sərt şəkildə onu dayandırdı. Sonra üzünü Xameneyiyə tutub dedi:
- Ağayi Xameyeni! İki dəqiqə bundan əvvəl biz burada öz ana dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca anlayırdıq. Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin dini rəhbərisiniz. Ona görə də rəsmi danışıqlarınızı fars dilində aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə üçün tərcümə rus dilinə edilir?
- Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir - deyə Xameneyi vəziyyətdən çıxmağa çalışdı.
- Ay kişi, - deyə Xameneyinin özünü sadəlövhlüyə vurmasından əsəbiləşən Heydər Əliyev kəskin şəkildə sözünə davam etdi:
- Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim Konstitusiyada ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik. Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb. Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran Azərbaycan bu gün özünün min illik bir tarixə malik doğma dilini bir kənara qoyub rus dilindən istifadə edəcək?
Görüşdən sonra Heydər Əliyev dedi:
- Ağayi Xameneyi. Burada çox məsələlərdən danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə sizin yadınızda qalacaq - xatırlayacaqsınız ki, Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir.....
(Yazı qələmə alınarkən Vilayət Quluyevin xatirələrindən istifadə olunmuşdur)
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib
18 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mübariz İbrahimovun şəhadətinin 15-ci ildönümü münasibətilə xatirəsi yad edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, anım Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Kitabxana əməkdaşı uşaqlara Mübariz İbrahimovun həyat yolu və göstərdiyi şücaət barədə ətraflı məlumat verib. Qeyd edilib ki, onun timsalında bütün şəhidlərin xatirəsi xalqımızın yaddaşında daima yaşayacaqdır.
Daha sonra uşaqlara Milli Qəhrəmana həsr olunmuş animasiya filmi təqdim edilib. Uşaqlar izlədikləri film əsasında qəhrəman haqqında düşüncə və təəssüratlarını bölüşüblər.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Bizlər onu “Sehirli xalat” filmindəki rolu ilə tanımışıq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bizlər onu “Sehirli xalat” filmindəki rolu ilə tanımışıq. Söhbət Azərbaycan SSR xalq artisti Möhsün Sənanidən gedir.
O, 19 iyun 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. Səhnə həvəsi onda yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxıb. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verib və onları təqlid edib. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirib.
1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxıb. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayıb.
1915-ci ildə M.Sənani Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb ediliblər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırıblar. O, bu rolu çox böyük ustalıqla ifa edib.
Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkib, ancaq aktyorluqla məşğul olub. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərib. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən gənc aktyor olub.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradıb, ona həqiqi aktyor şöhrəti qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.
Filmoqrafiya
1. Laert ("Hamlet", V.Şekspir)
2. Kassiol ("Otello", V.Şekspir)
3. Serqo ("Şeyx Sənan", H.Cavid)
4. Mixaylo ("Uzaq sahillərdə", H.Seyidbəyli və İ.Qasımov)
5. Sadiq ("Xoşbəxtlər", S.Rəhman)
6. Həsənağa ("Göz həkimi", İ.Səfərli)
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "Əmək veteranı" medalı
- "Əmək igidliyinə görə" medalı
11 fevral 1981ci ildə, 80 yaşında vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Gənclər Kitabxanasında İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Dünən də biz növbəti tarixi günü qeyd etdik. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” adlı daycest, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, vəsaitdə respublikamızda insan hüquq və azadlığı siyasətini tənzimləyən rəsmi sənədlərin, “Heydər Əliyev və insan hüquqları”, “Azərbaycan insan hüquq və azadlıqlarının qorunduğu dövlətdir”, “İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur” adlı məqalələrin tam mətni və mövzu ilə əlaqədar 2011 - 2025 - ci illərdə dövri mətbuatda çıxan 25 məqalənin biblioqrafik təsviri, internet linki və qısa məzmunu təqdim edilir. Daycest kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/daycest yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “İnsan hüquqları” adlı virtual kitab sərgisində fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi siyasəti”, “Multikulturalizm və Heydər Əliyev”, BDU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Zahid Cəfərovun “İnsan hüquq və azadlıqlarının etibarlı hamisi Mehriban Əliyev” kimi məqalələrlə yanaşı 20-ə yaxın kitabın tam mətni təqdim edilir. İstifadəçilər rəsmi saytda yerləşdirilən https://www.ryl.az/multimedia/insan-huquqlari linkdən istifadə edərək kitab və məqalələrin tam mətni ilə tanış ola bilərlər.
Kitabxana daxilində “18 İyun İnsan Hüquqları Günü” adlı ənənəvi kitab sərgisi də hazırlanıb. Sərgidə kitabxananın fondunda olan mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış ”Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” adlı daycest sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Nitq, musiqi və tamaşa -ADMİU-da Milli Mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib
İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 İli” adlı tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, Azərbaycan mətbuatının tanınmış simaları və jurnalistlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı ADMİU-nun mətbuat katibi Şahanə Müşfiqə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı olan ADMİU-nun mətbuat katibi milli mətbuatımızın tarixinə qısa nəzər salaraq qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin qələmindən süzülən ilk sətirlər bu torpaqda azad fikrin, ictimai düşüncənin və mədəni maarifçiliyin təməlini qoydu. “Əkinçi” ilə başlayan bu yol bu gün də davam edir – qələmlə, səslə, səhnə ilə…
ADMİU-nun rektoru Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb, onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan mətbuatının 150 illik çox şərəfli və tarixi bir yol keçdiyini deyən xanım rektor bu yolda Mədəniyyət və İncəsənət Universitetinin də izi olduğunu vurğulayıb. O, bu gün mətbuatın müxtəlif sahələrində, xüsusən televiziyada ADMİU-nun məzunlarının uğurla fəaliyyət göstərdiyini deyərək universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr etdiyini əlavə edib.
Milli Mətbuatımızın 150 illik şərəfli yolunu əks etdirən video-çarx nümayiş olunub.
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxış edərək Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamını xatırladıb və bu sərəncamın dövlətin mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərinin daha bir nümunəsi olduğunu vurğulayıb. Bu sərəncamdan irəli gələrək müxtəlif dövlət qurumlarının Mətbuat günü ilə bağlı silsilə tədbirlər keçirdiyini deyən R.Məcid Mədəniyyət və İncəsənət Universitetinin bu təşəbbüsünü alqışlayıb və mətbuatımızda ADMİU-nun məzunlarının da kifayət qədər təmsil olunduğunu deyərək bayram münasibəti ilə universitet rəhbərliyini də təbrik edib.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist, “Ədəbiyyat və incəsənət” portalının təsisçisi Varis Yolçiyev çıxışında mədəniyyətin, ədəbiyyatın mətbuatdakı əksindən danışıb və bunun əhəmiyyətini xüsusi vurğulayıb.
Mədəniyyət Nazirliyinin Respulika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi Nəzakət Məmmədova və ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli də çıxışlarında günün məna və önəmindən danışıb, inkişaf etməkdə olan texnologiyaların sayəsində çətin dövrlərini yaşayan çap mediasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin davamında Mədəniyyət və İncəsənət Universitetinin mətbuatımızda uğurla təmsil olunan məzunlarından danışılıb. Qeyd edilib ki, mətbuatımızın 150 illik ömür yolunda Mədəniyyət və İncəsənət Universitetinin də izləri az deyil. Universitetin məzunları müxtəlif mətbu orqanlarda fəaliyyət göstərir, Azərbaycan jurnalistikasının inkişafına öz töhfələrini verirlər.
Daha sonra ADMİU-nun məzunları- Mədəniyyət Telekanalının direktor müavini Bəhruz Niftəliyev, İdman Telekanalının direktoru Zaur Zeynalov, “moderator.az” saytının baş redaktoru, teatrşünas Xəyalə Rəis, Baku TV-nin redaktoru Emil Hacıyev çıxış edərək öz tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən danışıblar, 150 illik yubiley ərəfəsində məzun olduqları Universitet tərəfindən belə bir tədbirlə yad edilməyin sevinc və qürurunu bölüşüblər.
Tədbirin bədii hissəsində aktyor sənəti ixtisası üzrə II kurs tələbələri Səma Muğanna və Mehriban Nuriyeva Üzeyir Hacıbəylinin “Ordan-burdan” felyetonundan parçanı ifa ediblər. Eyni zamanda Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə 2-ci kurs E qrupunun tələbələri (Abbaslı Oktay, Xəlilli Məhərrəm, Nuriyeva Mehriban, Həsənova Tamilla, Babayev Sənan, Həbibova Fatma, Sadıqova İlahə, Sadıxlı Ziya) Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettasından parça təqdim ediblər. Qeyd edək ki, kursun rəhbəri Əməkdar artist Qurban Məsimovdur.
Musiqi sənəti fakültəsinin tələbəsi Fərid Əzizlinin ifaları da gecəyə ayrıca rəng qatıb.
Sonda ADMİU-nun fəaliyyətini hər zaman öz səhifələrində işıqlandıran, daha geniş auditoriyaya təqdim edən bir sıra KİV nümayəndəsinə “Təşəkkürnamə”lər və Ş.Müşfiqin müəllifi olduğu, ADMİU-nun müharibə qəhrəmanlarına həsr olunmuş “Sənətdən cəbhəyə” kitabı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Oğuzda "Poeziyamızın parlaq günəşi - Bəxtiyar Vahabzadə" adlı ədəbi-bədii gecə keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
18 iyun 2025-ci il tarixdə Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi B.Vahabzadənin 100 illik yubileyi münasibətilə Oğuz rayon Mərkəzi Kitabxananın başlatdığı "Poeziyamızın parlaq günəşi - Bəxtiyar Vahabzadə" layihəsi çərçivəsində ədəbi-bədii gecə keçirilib.
Tədbir Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Ədəbi-bədii gecədə Oğuz rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon Təhsil şöbəsinin əməkdaşları, Şəki - Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə nümayəndələri, oğuzlu yazarlar, o cümlədən AYB-nin üzvləri yazıçı N. Hüseynli, şair- tədqiqatçı Yusif Rza, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutan tədbirdə dahi şair B.Vahabzadənin şeirləri fəal oxucuların ifasında dinlənilib, rəqs qrupları maraqlı rəqs nömrələri ilə çıxış ediblər. Eyni zamanda Mədəniyyət Mərkəzinin əməkdaşları, oğuzlu müğənnilər "Zirvə" ansamblının müşayiəti ilə şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.
Çıxış edənlər B. Vahabzadə yaradılıcığı ilə əlaqədar fikirlər səsləndirib. Sonda xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi maraqla qarşılanıb
Barselonanın tarixi “Palau Dalmases” sarayında “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb. Sərgi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli sakinlər iştirak ediblər.
Sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaqdır.
Gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanları ölkənin multikultural dəyərlərini əks etdirərək sərginin əsas mövzusuna işıq tutub. Sərgi çərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land of Multiculturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyə edib.
Sərgidə siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycanda multikulturalizm” mövzusunda məruzəsi dinlənilib.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
ADPU-nun Quba filialında “Vətən” rüzgarı əsdi
Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində ustad şair Ramiz Qusarçayının “Vətən” poemasında dil məsələləri” adlı elmi-təqdimat keçirildi.
Təqdimatdan əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Azərbaycan mütəfəkkirlərinin və Ramiz Qusarçaylının əsərlərindən hazırlanmış kitab sərgisinə baxış oldu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan bayrağını qürurla dalğalandıran “Vətən” adlı video-çarx nümayiş etdirildi, “Azərbaycan Bayrağı” şeiri səsləndirildi.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru,
professor Yusif Alıyev qonaqları salamladı, filial üçün belə tədbirlərin əhəmiyyətini vurğuladı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə görüşün təşkilində göstərdiyi köməkliyə görə təşəkkür etdi.
Professor Yusif Alıyev AMEA-nın Dilçilik İnstitutun Baş direktoru, professor Nadir Məmmədlinin hər sözünü gənclər üçün ustad dərsi səviyyəsində qiymətləndirərək bildirdi ki, professor Nadir Məmmədli uzun illərdir ki, Azərbaycan dilinin tarixi, strukturu, funksional üslubları və müasir çağırışları istiqamətində sanballı elmi araşdırmalar apararaq milli dil siyasətinin formalaşmasında mühüm rol oynamışdır.
Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil edilən tədbirdə professor Yusif Alıyev bildirdi ki, Azərbaycan poeziyasının tanınmış siması, vətənpərvər şair, xalq ruhunun tərənnümçüsü Ramiz Qusarçaylının “Vətən” poemasında dil məsələlərinə həsr olunmuş bu dəyərli tədbir “Vətən” poemasının həm bədii-estetik yükünə, həm də dilin zəngin ifadə imkanlarına görə diqqətəlayiqdir. Ramiz Qusarçaylı ana dilimizi təkcə poeziyanın daşıyıcısı deyil, eyni zamanda bir milli dəyər kimi yaşadır. Onun poetik dili xalq danışığından, folklordan, milli təfəkkürdən qidalanır və bu da əsərin oxucu ilə təbii ünsiyyətini təmin edir. Bu poemada dil sadəcə vasitə deyil, bir ruhdur, bir kimlikdir.
Daha sonra professor Yusif Alıyev “Vətən” poemasının yazılması ilə bağlı xoş xatirələrini bölüşdü.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova qonaqları Quba RİH başçısı İlqar Mahmudovun adından salamladı və “Vətən” poemasının milli-mənəvi dəyərimizə çevrilməsindən bəhs etdi.
AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında bu dəyərli tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirdi, dəvətə və yüksək qonaqpərvərliyə görə ADPU-nun Quba filialının rəhbərliyinə, xüsusilə dəyərli elm adamı, professor Yusif Alıyevə dərin təşəkkür etdi.
Professor Nadir Məmmədli çıxışında xüsusi olaraq qeyd etdi ki, “Azərbaycan ədəbiyyatının tanınmış siması, müasir poeziyamızın səsi və nəfəsi olan Ramiz Qusarçaylının “Vətən” poemasının dil və üslub xüsusiyyətləri üzərində dayanmaq, bu əsərin bədii dəyərini dilçilik prizmasından qiymətləndirmək olduqca yerində və vacib təşəbbüsdür.
Professor Nadir Məmmədli həm də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb, dəyərli akademikin Azərbaycan dilinin qorunmasındakı və dilçiliyimizin inkişafındakı hər məsələdə xüsusi diqqət ayırmasını, dəstəyini qeyd etdi.
“Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova “Vətən” poemasının şəhidlərimizin ruhuna olan ən gözəl ithaf kimi dəyərləndirdi və poemanın müəllifini “Vətən Naminə” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif etdi, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə də öz təşəkkürlərini ifadə etdi.
Sonra Quba Rayon Statistika İdarəsinin rəisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sahib Məmmədov, filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, filologiya kafedrasının baş müəllimi Rahib Alpanlının çıxışları dinlənildi, filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova və filialın II tədris ili tələbəsi Günəş İskəndərovun təqdimatında “Vətən” poemasından parçalar səsləndirildi, filialın əməkdaşları dosent Gülşən Ağabəyin, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın və Elza Orucovanın sualları cavablandırıldı.
Sonda kürsüyə Ramiz Qusarçaylı dəvət olundu, tədbirin yüksək səviyyədə ərsəyə gəlməsində müstəsna rolu olan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə, eləcə də əməyi keçən hər kəsə, tədbirdə iştirak edən qazilərə və şəhid ailələrinə, Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasovaya, AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, “Vətən” poemasın dil və fəlsəfəsindən bəhs edən dəyərli çıxışçılara və hörmətli qonaqlara öz təşəkkürlərini ifadə etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının qərarı ilə Azərbaycanda dilçilik elminin inkişafındakı müstəsna xidmətlərinə və ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığına görə AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, professor Nadir Məmmədli və Azərbaycan tarixinin nəzmə çəkilməsi və tanıdılması istiqamətindəki xidmətlərinə və ADPU-nun Quba filialı ilə yaxından əlaqəsinə görə “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylı Fəxri Diplomla təltif edildilər.
Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə keçirilirdi.
Tədbir xatirə fotolarının çəkilməsi ilə sona çatdı.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)
Ölüm - ölənlərə bir sakit ada...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dərdlərin də gözəli, çirkini olur. Dərdin gözəli insanı şükr etməyə, onunla barışmağa çağırır. İnsana çətinliklərə sinə gərməyi öyrədir, onu paklaşdırır. Dərd də var ki, çirkindir, insanın rahatlığını əlindən alır, qəlbini göynədir, həyat nizamını pozur, onu sarsıdır. Və bütün dərdlərin də, bir təsəllisi var- Şükür Yaradanın məsləhətinə!..
Bu qəddar, amansız, fani dünyadan,
Köçənlər qovuşur Haqqa, nə dərdi?
Ölüm- ölənlərə bir sakit ada,
Ölüm- qalanlara ən ağır dərddir...
Bəli, bu dəfə sizə bir vaxtlar AMEA Əlyazmalar İnstitutunda təsəvvüf ədəbiyyatını araşdıran, artıq bir neçə aydır ki, haqqa qovuşan Nəzakət Məmmədlidən danışmaq istəyirəm...
Rəfiqəsi, filologiya üzrə fəlsəfə doktoru, Səadət Şıxıyeva onun haqqında yazır: “Təsəvvüf ədəbiyyatının, orta çağ bəlağət elminin tədqiqatçısı və təbliğatçısı Nəzakət xanımın qəfil vəfatı nəinki onu yaxından, hətta uzaqdan tanıyan hər kəsin qəlbini göynətdi, içdən sızlatdı. Kim idi Nəzakət Məmmədli? Bu suala dolğun cavab vermək üçün gərək məqalələr toplusu, xatirələr kitabı yazıla. Yoxsa ki, kiçik bir yazıda bir elm fədaisinin, bir bədii söz sərrafının gerçək portretini yaratmaq olduqca çətindir. Rəsmi təqdimatlara baxılarsa, Nəzakət Məmmədli AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi. İlk baxışda o, həmin vəzifələrdə işləyən onlarla elmi əməkdaşdan biri kimi görünəcək. Amma Nəzakət xanımı bu rəsmi adları daşıyan digərlərindən - onlarla baş elmi işçi, filologiya elmləri doktoru, dosent, direktor və s.-dən fərqləndirən bir özəlliyi vardı ki, bu da onun elmi fəaliyyətinə təkcə əqli-məntiqi imkanları ilə deyil, ruhi-hissi varlığı ilə də bir rəng qata bilməsi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi...”
Güclü xarakteri vardı. Milli dəyərlərə, adət-ənənələrimizə bağlı xanım idi. Mehriban rəftarı, mədəni davranışı ilə seçilirdi. Əliaçıq və səxavətliydi. Öz işini çox sevirdi. Çalışmaqdan zövq alırdı...
Deyirdi ki:- “Nizamini təsəvvüf baxımından təhlil etmək üçün ilk növbədə onun əsərlərini orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara bələd olmaq, digər sufi şairlərin əsərləri ilə tanış olmaq lazımdır. Nizaminin "Xosrov və Şirin" əsəri ilə ən çox üstə-üstə düşən məqamların müşahidə edildiyi əsər Əttarın "Xosrovnamə" məsnəvisidir. Əttar bu əsərin əvvəlində bir dostunun xahişi ilə özünə xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum roman şəklində əsər yazdığını qeyd edir. Əttarın "Xosrovnamə"sini bəzən, onun təsəvvüfi olmayan yeganə əsəri kimi qiymətləndirsələr də, əslində bu əsər də təsəvvüfi məzmundadır. Lakin bu mənzum eşq dastanında təsəvvüf, Əttarın digər əsərlərində olduğu kimi qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə ifadə edilir.Nizami, Makedoniyalı İskəndəri "Allah və peyğəmbər" dinini yayan, təbliğ edən bir şəxs kimi verməklə, eləcə də Xosrovun yuxuda Həzrət Məhəmmədi görərək islamı qəbul etməsini təsvir etməklə dövrünün təsəvvüfi görüşlərinə uyğun olaraq Nuri-Məhəmmədiyyə və Həqiqəti-Məhəmmədiyyə ideyalarını təsdiqləmiş olur...”
Səadət Şıxıyeva daha sonra yazır: “Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə- Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya, Özbəkistan, Qazaxıstan və s. təşkil olunan konfranslarda erudisiyası, elmi hazırlığı, gözəl nitqi, fitrətində olan yapışıq və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm özünə, həm də ölkəmizə çox sayda dostlar qazandırmışdı. Olduğu ölkələrdə türk, fars. ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq özü hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid Nigarinin farsca divanı və "Həştbehiştnamə"sinın tərcüməsi, Mövlananın "Məsnəvi"sinin farscadan tərcüməsi, Fəridəddin Əttarın farsca "Pəndnamə"sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya və s..”
Nəzakət xanım 25 dekabr 1971-ci ildə Sabirabad rayonunda anadan olmuşdu. 1989-cu ildə orta məktəbi medalla, 1994-cü ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi. Elə həmin il də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. 2002-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində elmi işçi kimi işə başlamışdı. 2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışırdı. 2000-ci ildə "Füzulinin "Leyli və Məcnun" əsərində təsəvvüf və onun bədii ifadə sistemi" mövzusunda namizədlik, 2023-cü ildə "Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdi...
"Sufilərə görə, Əqli-Küll bir nurdur ki, buna "Nuri-Məhəmmədiyyə" deyirlər. "Həqiqəti-Məhəmmədiyyə" bütün kamal sifətlərinin cəmidir. Məşhur bir hədisə görə, Allah-Taala ilk olaraq Məhəmməd Peyğəmbərin nurunu yaradıb, ondan sonra mərhələ-mərhələ peyğəmbərlərin, övliyaların və digər məxluqatın ruhunu xəlq edib. Həzrət Məhəmmədin peyğəmbərliyi Həzrət Adəmin peyğəmbərliyindən daha öncə mövcud olub."- söyləyirdi.
Bəli, haqqında söhbət açdığım filologiya elmləri doktoru, dosent Nəzakət Məmmədli 2025-ci ilin fevral ayında qəfil ürəktutmadan vəfat edib. Onun ölümü nəinki doğmaları, əzizləri üçün bir dərd, Azərbaycan elminə bir itgi olub...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)