
Super User
Bozbaş pikçersin tez parlayan, tez də solan Ağsaqqalı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bozbash Pictures-in tez parlayan, tez də solan Ağsaqqalından danışacağam sizə. Şəminin, Şöşününü, Fəlakətin tərəf müqabili olan Ağsaqqaldan. Bu gün onun doğum günüdür.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Qeyd etdiyim kimi, aktyor Bozbash Pictures-in Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.
Filmoqrafiya
1. Bozbash Pictures
2. 3 bacı
3. Ay brilliant
4. Axırıncı yol
5. Stalinin başı
6. Palata 106
7. Bir xalanın sirri
8. Zarafat Bir Yana
O, böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 5-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
Bir millət, beş səs: Ortaq dil mümkünmü?
Nigar Xanəliyevi, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində mövzumuz ortaq türk dili və əlifbasıdır.
Türk dünyası dedikdə biz tək bir coğrafiyadan deyil, tarix, qan, ruh və dil birliyindən bəhs edirik. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və onlarla başqa türk topluluğu eyni kökdən, eyni yaddaşdan qidalanır. Lakin bu “bir millət”in dilləri zamanla fərqli səslərə çevrilmiş, hər biri öz coğrafiyasının, tarixinin və siyasi gerçəkliklərinin təsirinə məruz qalmışdır.
Bu gerçəklik bizə bir sualı gündəmə gətirir: doğrudanmı bir millət beş (və daha çox) səslə danışmaq məcburiyyətindədir? Ortaq bir türkcə mümkünmü? Yoxsa bu yalnız romantik bir arzu, milli romantizmin içində qalmağa məhkum bir ideyadır?
Türk dilləri zaman-zaman ortaq bir kökdən danışsa da, VI əsrdən bu yana siyasi parçalanmalar, köçlər və mədəni təcridlər nəticəsində fərqli dialekt və dillərə çevrilmişdir. Ərəb əlifbasının, sonra latın və kiril qrafikalarının tətbiqi də bu fərqliliyi daha da dərinləşdirmişdir. Hər bir türk dövləti öz milli dil siyasətini yürüdərkən, ortaq anlayış ehtiyacı arxa plana keçmişdir.
XX əsrdə Sovet İttifaqının türk xalqlarına tətbiq etdiyi dillə bağlı təcrid siyasəti bu prosesi sistemləşdirdi. Məsələn, Azərbaycan türkcəsi ilə türkmən türkcəsi arasında qohumluq nə qədər güclü olsa da, kiril qrafikasının tətbiqi ilə bir-birini anlamaz hala gəldi. Türkiyə isə öz müstəqil yolunu seçdi və latın qrafikasına keçdi. Nəticədə bir millətin dilləri qardaşlığa baxmayaraq bir-birinə yadlaşmağa başladı.
Türk dövlətləri arasında münasibətlərin istiləşməsi, ortaq təşkilatların yaranması və xüsusilə Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyəti bu sahədə müsbət addımlar atmağa imkan yaradıb. Ortaq əlifba təşəbbüsü, ortaq dil lüğətlərinin hazırlanması və tərcümə sistemlərinin qurulması bunun nümunəsidir.
Lakin ortaq dil anlayışı təkcə texniki məsələ deyil. Bu, mədəniyyətlərin bir araya gəlməsi, siyasi iradənin uzlaşması və ictimai şüurun buna hazırlanması ilə bağlıdır. İnsanların gündəlik həyatında işlədəcəyi dil sadəcə qrammatika və leksika deyil — o, həm də yaddaşdır, hissdir, şəxsiyyətin bir hissəsidir.
Ortaq türkcənin yaradılması mümkündür. Amma bu, bir neçə günün işi deyil. Hər şeydən əvvəl, bu dilin necə olacağı sualı cavablandırılmalıdır. Türkiyə türkcəsi əsas götürüləcəkmi? Yoxsa sintetik, yeni bir normativ türkcəmi formalaşdırılacaq? Hər iki yanaşma həm texniki, həm də siyasi suallar doğurur.
Türk dilləri arasında qarşılıqlı anlaşıqlıq müəyyən qədər var. Məsələn, Azərbaycan türkcəsi danışan biri Türkiyə türkcəsini çox qısa zamanda mənimsəyə bilir. Amma eyni asanlıqla qazax və ya qırğız türkcəsinə keçid etmək daha çətindir. Burada həm fonetik, həm də leksik fərqlər ciddi rol oynayır. Bu səbəbdən bəzi tədqiqatçılar ortaq dil əvəzinə qarşılıqlı anlaşma platformalarının qurulmasını daha real addım hesab edirlər.
Əgər ortaq bir türkcə hədəflənirsə, bu, mərhələli şəkildə həyata keçirilməlidir:
1. Türk dövlətlərinin ortaq terminoloji bazaları hazırlanmalı;
2. Ortaq sözlük və dil texnologiyaları (avtomatik tərcümə sistemləri, nitq tanıma proqramları və s.) inkişaf etdirilməlidir;
3. Təhsil sistemində qarşılıqlı tədris proqramları tətbiq olunmalı (məsələn, Azərbaycan məktəblərində qazax və ya türkmən türkcəsi seçmə fənn kimi);
4. Ortaq media məkanları formalaşdırılmalı (TV, radio, internet platformaları vasitəsilə şivə fərqləri ilə zənginləşdirilmiş ümumi türkcə yayımı təmin edilməlidir).
Bunlar reallaşarsa, türk dilləri arasında “beş səsli” bir harmoniya yaranar. Bir musiqidəki müxtəlif alətlər kimi, hər biri öz rəngi ilə, amma eyni melodiyanın içində səslənər.
“Bir millət, beş səs” ifadəsi həm gerçəkliyi, həm də idealı özündə birləşdirir. Biz bu gün fərqli dillərdə danışırıq, amma eyni tarixi daşıyırıq. Ortada tək bir “türk dili” yaratmaq bəlkə də çətindir, amma ortaq türkcə məkan yaratmaq mümkündür. Bu, siyasi iradə, mədəni əməkdaşlıq və milli kimliyə bağlı şüurlu bir yanaşma tələb edir.
Ortaq türkcə — bu gün mümkün olmasa da, sabah üçün hazırlanmalı bir yol xəritəsidir. Bu yolda atılan hər bir addım bir millətin öz səsini yenidən tapması deməkdir.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Toy”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
TOY
Deyirlər ki, qısqanırsan, anasan, əlbət,
Oğlun bu gün toy eləyib səndən ayrılır.
Mən nə deyim, bu sözlərdə var bir həqiqət,
Elə bil ki, ruhum təndən ayrılır.
Ürəyimdə fərəh də var, qısqanclıq da var;
Körpəlikdən sinəm üstə böyütdüm onu.
O böyüdü, böyüdükcə coşdu arzular,
Kaş görəydim, dedim, bircə oğul toyunu.
İndi bizə gəlin gəlir, toy-düyün gəlir,
Daha da gur yanacaqdır evin çırağı.
İstədiyim, gözlədiyim gözəl gün gəlir,
Kim istəməz belə qəşəng, əziz qonağı.
Qoy cəbhələr ayırmasın bizi övladdan,
Qoy aparsın oğulları gözəl gəlinlər.
Qara bulud asılmasın göydən heç zaman,
Yurdumuzun üzərində parlasın səhər.
Müharibə, qan olmasın, tufan olmasın,
Qısqanclığın atəşini söndürər ürək.
Kaş toy olsun, bayram olsun, hicran olmasın,
Kama yetsin ürəklərdə bəslənən dilək.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
Bu gün Zöhrab Adıgözəlzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan SSR xalq artisti, professor Zöhrab Adıgözəlzadənin adı musiqimizə silinməz yazı ilə yazılıbdır. Bu gün onu xatırlamağa borcluyuq. Axı bu gün onun doğum günü – anadan olmasının 85-ci ildönümüdür.
Zöhrab Adıgözəlzadə1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib.
1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.
Mükafatları
- Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979
Uzun sürən xəstəlikdən sonra bəstəkar 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
HEKAYƏ SAATInda “Sözsüz musiqi”
“Ədəbiyyat və incəsənət” portalı Pərvanə Əliqızının “Sözsüz musiqi” adlı hekayəsini təqdim edir.
Evində ilk dəfəydi özünü yad hiss edirdi. Hər gün yüz dəfə gördüyü əşyalar indi başqa cür görünürdü gözünə. Bu pianonu bura kim qoymuşdu? 25 il idi qonaq otağının qapısı ilə üz-üzə qoyulmuş pianonu elə bil indi görürdü. Niyə özünə bu sualı indi verirdi? Pianonun qoyulduğu divardan asılmış çoxdan dəbi keçmiş, içərisi sarı-qırmızı güllərlə bəzədilmiş, qəhvəyi çərçivəli saat yeni təmirdən çıxmış evin interyer dizaynı ilə uyğunlaşmırdı. Otağa müasir dəbə uyğun ağ rəngli mebellər, vitrin servant, masa, stullar, divan və kreslo qoyulmuşdu. Nə qədər qəribə görünsə də jurnal stolunun üstündə hər zaman köhnə not dəftərləri toxunulmaz olaraq qalırdı.
İndi onun fikrini məşğul edən piano divanın yanına zorla yerləşdirilmişdi. Əşyaların bir-birinə zidd düzülüşü, evin dizaynerinin bu gündən qopub, çox uzaq keçmişə düşdüyü hissini yaradırdı. Təmirdən sonra hər iki qızı israr edirdi ki, bu köhnə pianonu ya satsınlar, ya da kiməsə bağışlasınlar. Qızlardan biri deyirdi ki, piano divar kağızlarının rənginə uyğunlaşmır, otağın bütün yaraşığını pozur. O biri də köhnə not dəftərlərinin heç kimə lazım olmadığını deyirdi. O, isə onlarla razılaşmırdı. Mən öz evimdə nəyi haraya qoyacağımı yaxşı bilirəm – cavabını verirdi. Hətta atasından boşandığı üçün hər zaman onu qınayan qızları bu dəfə, baltanı lap kökündən vurmuşdular.
-Atamızı bu piano qədər evdə görmək istəsəydin indi yanımızda olardı - demişdilər
-Atanız sizi istəsəydi, getməzdi – cavabı acı olmuşdu. Öz dediyinə özü də inanmamışdı. Hər iki əşyanı yerindən tərpətmək, onun öz inadından dönməsi demək idi . O, bunu heç vaxt bacarmamışdı. Üzdə hiss etdirmək istəməsə də, ürəyində qızlarına haqq verirdi. Həyat yoldaşıyla ayrılandan sonra bütün hirsini, hikkəsini bu cansız əşyalara tökmüşdü. Evi yır-yığış edəndə mebel yağında islatdığı əskini elə əsəbi vəziyyətdə pianonun üstünə çəkirdi ki , elə bil əlinin altında kiminsə qabırğalarını xıncımlayırdı . Elə vaxt olurdu onu qarşısına qoyub, ittiham edirdi. Sahibinin barmağı toxunmayalı, lal olmuş alət yazıq-yazıq susur, köhnə saat əqrəbini çıqqıldadıb gördüklərini, eşitdiklərini yaddaşına yazırdı. Böyük qızı Nilay ayrılıqlarını tez qəbullanmışdı, atası ilə həftəsonu görüşləri, istədiyi hədiyyələrin alınması onu sakitləşdirirdi. Kiçik qızı Şəbnəm isə atasının gedişiylə barışa bilmirdi. 18 yaşında ailə qurub evdən köçəndə anasına– Atamın baş alıb, getdiyi bu evdə çox qalmaq istəmirəm, - demişdi. Ərinin ikinci dəfə ailə qurmağından xəbər tutanda ittihamlarını təsdiqləmək üçün əlinə fürsət düşmüşdü . Qızlarının yanında təzədən coşub; - Öyündüyünüz atanız bunu da etdi. İkinci dəfə evləndi- demişdi.
Anasının qəzəbinin qabağında Nilay səssiz qalmış, Şəbnəm isə heç vaxt tərəfini vermədiyi atasını müdafiə etmişdi;- Hər kəs kimi atamın da rahat evə, ailəyə ehtiyacı var. Mən bunu özüm ailə qurandan sonra başa düşmüşəm.
Hirsini cilovlaya bilməyib, - onda get atanın bəzək - düzəkli arvadı sənə analıq eləsin! - dedi. Eşitdiklərindən sonra Şəbnəm bir söz deməyib, balaca qızının əlindən tutub, öz evinə getdi.
O, da öz otağına çəkilib, niyə ağladığını bilmədən səhərə qədər ağladı .
Bu gün 40-cı gün idi, həyat yoldaşı dünyada yox idi. Ərinin qəfil ölüm xəbərini eşidəndə belə sarsılacağını bilmirdi. Eşitdiyi xəbərdən ürəyində nəsə cingiltiylə qopub düşmüş, sonra isə sinəsindən çiyinlərinə, boynuna, sifətinə, saçlarının dibinə qədər göynərti dolu bir istilik qalxmışdı, elə bil bədəninə xardal çəkilmişdi. Bir-birinə sarılıb, hönkürən qızlarını görəndə ağlamaq istəmişdi, amma bacarmamışdı. Qızlar illər uzunu atalarının kölgəsini qılınclayan ananın birdən-birə ürəyinin yumşalmasına inanmazdılar. Əvvəl yas məclisinə getmək istəməmişdi;- Onsuz da orada kimsə məni görmək istəmir -deyib, geri çəkilməyi fikrindən keçirmişdi. Ancaq övladlarını belə ağır gündə tək qoymaq istəməmişdi. Məclisdə bütün fikri, diqqəti onun ikinci həyat yoldaşındaydı. Qadın aram bilmədən ağlayır, ürəyi sıxılanda başını Şəbnəmin sinəsinə söykəyib, -“Atandan sonra məni tək qoyma, körpə qardaşının sənə çox ehtiyacı var. “-deyirdi. Ürəyində qəribə bir qısqanclıq baş qaldırmışdı, ərini “əlindən alan” bu qadın deyəsən qızını da ondan almaq istəyirdi. Görəsən doğurdanmı, ərini əlindən o qadın almışdı? Onun ölümü sanki amonyak turşusu kimi kindən, qəzəbdən pas tutmuş beyninin pasını parçalayır və yavaş-yavaş özünə etiraf edə bilmədiklərini dilinə gətirməyə məcbur edirdi. Gənclik illərində yazdığı mahnıları eşitdikcə, orada özünə aid duyğuları hiss etdikcə, az qala qanadlanıb, uçurdu. Xəyalları ona məşhur bəstəkarın həyat yoldaşı olmağın şöhrətini yaşadırdı. Hərdən bu cür şöhrətpərəst xəyallarından söz açanda, həyat yoldaşı gülür;- şöhrət asan qazanılmır - deyirdi. Ailə quranda, əri musiqi məktəbində fortepiano müəllimi işləyirdi. Onunla birlikdə çalışan müəllimlərin çoxusu Şaiqin onlardan qat-qat istedadlı olduğunu deyirdilər. Bu sözləri eşitdikcə, həvəslənib ərini toylara musiqiçi kimi getməyə, tanınan müğənnilərlə tanış olmağa, yazdığı mahnıları onlara baha qiymətə satmağa məcbur edirdi.
Bu sözləri eşidəndə təəssüf hissiylə ona baxır, toy bizim ən gözəl adətimizdir, ancaq mən toylarda müştəri axtaran bəstəkar deyiləm. Zamanı gələndə sənətim öz qiymətini tapacaq – deyirdi.
İstədiyini ala bilməyəndə, qiyamət qoparan uşaqlar kimi dava – dalaş salır , nə zaman olacaq bu xeyir iş deyirdi. Bu gedişlə sənin mahnıların heç kimə gərək olmayacaq. Mən düşünürdüm sənətkarla evlənirəm, gözəl həyatım olacaq. Qəpik-quruş qazanan müəllimlikdən o yana keçə bilmədin. Hər dəfə belə qınaqlardan sonra onunla az danışmağa çalışdığını gördükcə, qəzəbi şiddətlənirdi . Özünün yanındaca not dəftərlərini gərəksiz əşya kimi bir kənara tullayırdı. Axır vaxtlarda bəstələrini evdə yazmır, məktəbin direktorundan icazə alıb, hər kəs gedəndən sonra məktəbdə qalıb işləyirdi. Hətta otağının şkafında saxladığı bəstələrinin bir neçəsini itirmişdi . Son zamanlarda evə gec gəlməsi münasibətlərinin daha çox soyumasına səbəb olmuşdu. O, mübahisədən qaçmağa çalışdıqca, Həcər” fitili çəkilmiş qumbaraya “çevrilirdi. Hər gün səbəbli - səbəbsiz dava-dalaşlardan , uşaqlarının yanında cılızlaşıb, kiçilməkdən bezərək, dözməyib ayrılmağa qərar vermişdi. Evdən gedəndə bir neçə not dəftəri ilə geyimlərindən başqa heç nə aparmamışdı. Üzdə onun kölgəsini qılınclasa da, ürəyində geri dönməsini istəyir, zəhərtuluğuna dönmüş dilini lənətləyirdi. Nədənsə, evdə qalan piano qəlbin qırdığı adamın nə zamansa, bu evə dönəcəyi ümidini onun ürəyində sönməyə qoymurdu . Bu ümidin bir hissəsi onun ikinci dəfə evləndiyini eşidəndə qırılmışdı. Yenə də özünü sındırmamış, onun övladları mənim yanımdadır dönər deyib, ümidini tam ölməyə qoymamışdı. Yeni təmirə başlayanda not dəftərlərinin arasından tapdığı, keçmiş ərinin öz xəttiylə yazılmış bu sözləri ona ümid verirdi.
“Ümid sıldırım qayada bitən çiçək kimidir. Onu yaşatmaq üçün bəzən susuzluğa, bəzən daşları qızdırıb, ləçəklərini yandıran günəşə, bəzən də saçlarını yolan dəli küləklərə sinə gərməlisən...Bəzən ümidini yaşadan elə ümidin özüdür.. “
Ayrılandan sonra ilk dəfə məşhur bir müğənninin ifasında eşitdiyi “Qayıdaram “ adlı mahnı ona yaman təsir etmişdi,oturub axıra qədər dinlədikdən sonra müğənni müəlliflərin, şairin və bəstəkarın adını deyəndə qulaqlarına inanmamışdı. Sevinsinmi, yoxsa qəzəblənsinmi, bilmirdi. “Bunu edəcəkdinsə, niyə vaxtında, zamanında etmədin, elə bil fürsət gəzirmişsən ayrılmağa!” – deyib günahı yenə onun üstünə atmışdı. Təzə mahnı çox böyük uğur qazanmışdı. Hisslərini sözlə deyə bilməyən, təsəllini lirik mahnıların xəfifliyində tapan gənclər, onun mahnılarını telefon zəng melodiyası kimi istifadə edirdilər. Elə gün olmurdu ki, küçədə yanından keçən gənclərin zəngində bu musiqini eşitməsin. Atalarının uğuruna sevinən övladları bütün gün evdə eyni mahnıları zümzümə edib, dururdular. Hər ikisinin arzuları çın olmuşdu, amma hər şeyi itirəndən sonra. Qəzəbi, təkəbbürü və şöhrət arzusu onu məğlub etmişdi. Məğlubiyyətdən geriyə qalan isə peşmanlıq və tənhalıq olmuşdu. Ərinin kövrək, qəmli notlara köklənmiş bəstələrini dinlədikcə, onun qınayıcı baxışları təkrar gözlərində canlanırdı . Hər an ona peşmançılığını xatırladan bu mahnıları heç sevmirdi, əlacı olsaydı qulaqlarını bağlayıb gəzərdi.
Qırx gün onsuz yaşadığı iyirmi beş ildən uzun gəlmişdi. Əvvəllər heç olmasa ona qəzəblənir, danışır-deyinir ürəyini boşaldırdı. İndi nə deyərdi? Daha deməyə sözu qalmamışdı. Keçmiş ərinin ölümündən sonra elə bil cansız piano “bəraət almışdı “. Evdə tək- tənha gəzinə - gəzinə arada əlləri ilə köhnə pianonu tumarlayır, qəhərdən böyümüş gözlərini divardakı saatın əqrəblərinə zilləyir, o da öz növbəsində çıqqıldaya – çıqqıldaya həsrət dolu , sözsüz musiqisini çalırdı. Bəlkə də qızlarının sözlərinə qulaq asmamaqda düz eləmişdi, bu köhnə dostları olmasaydı, evdəki təzə əşyalar nə bilirdi onun yaşadığı peşmanlığın səbəbi nədir. Aralarında beş il yaş fərqi vardı. Əri əlli beş yaşın tamamında dünyadan köçmüşdü. O, artıq qocalmayacaqdı.Tənha qoyub getdiyi qadın isə özünü bu gündən yüz ilin qarısı kimi hiss edirdi. 5 – 10 dəqiqədən sonra qızları gələcəkdi birlikdə mərasim evinə gedəcəkdilər və beləcə onunla bağlı ömür dəftərinin bütün səhifələri qapanacaqdı. O, getmiş qadın isə peşmanlığı ilə baş-başa qalmışdı. Mərasim evinin qapısından girəndə ilk gördüyü ərinin şəkli oldu. Yana meyillənmiş çənəsini baş barmağı ilə şəhadət barmağının arasına almış, gənc yaşlarından ağarıb, çallaşmağa başlamış gur saçları yana daranmışdı. Gözlərindəki kədər üzünün sakit, mülayim ifadəsinə bir az da kövrəklik qatmışdı . Bir anlıq ona elə gəldi ki, gecikməsi ərini belə “kövrəldib”,sonra məclisə nəzər saldı. Şəklin lap qarşısında böyük masa qoyulmuşdu. Tən ortada üzunə baxmaq istəmədiyi qadın, yanında məclisin mərsiyyəxanı və keçmiş baldızları oturmuşdu. Onların yanındakı boş stullar isə qızları üçün nəzərdə tutulmuşdu. Qızlar sakitcə keçib öz yerlərində oturduqdan sonra çaşqınlıqla ətrafa baxdı, deyəsən onun gəlməyinin heç kəs üçün əhəmiyyəti qalmamışdı. Bir vaxtlar bu ailənin üzvü idi . İndi isə kimsəsiz, əyilmiş qəddini heç kim görmürdü, ya da görmək istəmirdi. Keçirdiyi hisslərin təsirindən kiçildikcə, kiçilmək gözə görünməz olmaq istəyirdi. Yavaş-yavaş anlayırdı hər kəsin qarşısında kiçilmək alçalmaq nə imiş. Məclisdə kimsə ona toxunan söz deməmişdi, sadəcə hər kəs susmuşdu. Hər kəs özünü görməməzliyə vurmuşdu. İnsanlardan mərhəmət umduğu vaxtda laqeyidliklə üzləşmişdi . Ərinin öldüyü gün danışmağa taqəti olmayan qadın bu gün dərddən dil açmışdı:- Elə hey ərinin həssas insan olmağından, ona və oğluna necə qayğı göstərməyindən, bir yerdə yaşadıqlar illərin ömrünün ən gözəl, əvəzedilməz illəri olduğundan yana-yana danışırdı . Onun sənətinə həyat yoldaşı kimi yox, sənətini sevən biri kimi hörmət etdiyindən , gözəl əsərlər yaratmaq üçün ruhlandırdığından söhbət açırdı. Bir vaxtlar özünün gördüyü bu qayğıdan, diqqətdən başqa qadının danışmağına dözə bilmədi. Onu ən çox incidən başqa bir qadının ərini ondan yaxşı anlaması idi . Axı niyə bunları görə bilməmişdi, niyə öz əliylə onu yad bir qadına vermişdi? Niyə bu qırx gündə :- Ağlasam riyakarlıq etdiyimi düşünərlər deyib, susmuşdu.. Niyə? Artıq susa bilmədi məclisi bürüyən hıçqırtıları hər kəsin səsini batırmışdı. Susmaq niyyəti yox idi. Çünki ayrı düşdükləri ayrılığın, artıq heç bir ümid yeri qalmamışdı. Sonuncu ümidinin öldüyü günün qırxıncı günüydü bu gün.. Hər ikisi sevdikləri insanı ömürlük itirmişdilər, ortada yeganə fərq vardı: həmin qadın onu ömürlük sevgiylə, o, isə ömürlük peşmanlıqla xatırlayacaqdı.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
85-dən 86-ya səssiz Ziya Səmədzadə keçidi
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsə, dünyanın ən saf ərzaqlarını təam etsə də, o kəs çox yaşaya bilməz. Necə deyərlər, ya vəlvələdən, ya da ki zəlzələdən- axır ki, hansısa səbəbdən cavan öləcək. Bəli, hər şey Allahın iradəsindən asılı olduğu kimi, insan ömrünün qədəri də Ondan asılıdır. Xülasə, səksən beş yaş hər adama nəsib olmur. Bu dəfə sizə iyunun 25-də 85 yaşını qeyd etmiş Ziyad Səmədzadədən danışmaq istəyirəm. Amma, gəlin öncə onun ömür yoluna işıq tutaq. Haradan gəlib bu məqama yetişdiyinə nəzər yetirək...
O, 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində Əliabbas kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin iqtisad fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alaraq, namizədlik dissertasiyası müdafiə edib. 31 yaşında olarkən təkrar dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Və 37 yaşında olarkən ona professor elmi adı verilib. 1976-1978-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini olub. 1978-1982-ci illərdə isə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyib. 1980-ci ildə indiki Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan–İqtisad Komitəsinin sədri olub. Sonra o, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1991-ci il oktyabrın 18-də məhz onun sədrliyi ilə keçirilən Ali Sovetin sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. O vaxtdan bu günədək parlamentdə deputat kimi fəaliyyətini davam etdirir. Hazırda Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...
Kitab həvəskarıdır, mütliə etməyi xoşlayır. Bağ evindəki kitabxanasında yalan olmasın, bəlkə də 25 minə qədər kitab var. Doğrudur, bu kitabların əksəriyyəti iqtisadiyyatla bağlı kitablardır, amma yetərincə bədii ədəbiyyat da var...
Deyir ki:- “Hər bir evdə kitabın olması çox vacibdir. Düzdür, zəmanə dəyişib, indi internet kitabxanaları yaranıb. Amma yenə də dünyanın ən nüfuzlu alimləri düşünür ki, şəxsi kitabxana mütləq olmalıdır. Kitab millət üçün, ailə üçün, ən böyük sərvətdir. Kitab, bir nəslin digər nəslə ötürə biləcəyi ən böyük xəzinədir. Belə bir deyim var: yaxşı kitab müəllifin bəşəriyyətə hədiyyəsidir. Öləndən sonra xatırlanmaq istəyirsinizsə ya nümunəvi oxucu olun, ya da oxunaqlı kitablar yazın,” deyiblər.”
Milli musiqimizin, muğamın vurğunudur. Həm də yaxşı tar ifaçısıdır. Uşaqlıqdan bu sənətə maraq göstərsə də, sonradan tale onu incəsənət sahəsindən uzaqlaşdıraraq başqa səmtə istiqamətləndirib...
“7-8 yaşımdan qardaşımın sayəsində tarı sevdim. Buzovnanın musiqi dərnəyində tar müəllimi Mustafa var idi, onun yanına gedirdim. Tar ifaçılığı mürəkkəb sənətdir. Amma bu sənəti də öyrənə bildim. Uşaq vaxtı məni Xalid deyə çağırırdılar. O zaman hər kəs deyirdi ki, Xalid çox yaxşı tar ifa edir və məni həvəsləndirirdilər. Bəzən özümü tara çox bağlı hiss edirəm. Ən xoş dəqiqələr məhz musiqi ilə keçəndir. Həyatımın hər çətin anında təsəllini musiqidə tapmışam. Musiqi adamı çox dərinliklərə aparır və musiqi duyumu olmayan insanı mən bədbəxt adlandırıram.”- söyləyir.
Xidmətləri bir sıra mükafatlara layiq görülüb. Təltif olunduğu ordenlərin arasında “Şöhrət” və “Şərəf” ordenlərini xüsusi vurğulamaq istəyirəm...
Deyir ki:- “Yaradıcılığımın və istirahətim ən xoş günləri məhz payız vaxtlarına təsadüf edir. Payızda istirahət etmək üçün vaxt çox olur və bu fəsildə Xəzərin sahildə gəzmək də gözəllikdir. Şəxsən mənim üçün ən gözəl istirahət piyada gəzmək və xəyala dalmaqdır. Piyada gəzəndə sanki dünyanı mənə verirlər. Məni tanıyan hər kəs bilir ki, hər gün bir neçə saat piyada gəzirəm. Əgər bu ənənəmdən kənara çıxdımsa, həmin an zərərini hiss edirəm. Hərəkət varsa, həyat var. Yoxdursa deməli həyat dayanıb. İdman bizim sağlamlığımız, yaxşı bir insan kimi formalaşmağımız üçün ən ideal vasitədir. Sağlam idmançılar heç vaxt pislik etməzlər. Çünki, sağlam bədəndə sağlam ruh olur. İdman da sağlamlıq üçün çox vacibdir. Bir azərbaycanlı kimi sevinirəm ki, ölkəmizdə idmana diqqət çox böyükdür.”
Gənclik illərində futbola böyük marağı olub. Hətta bu gün də top görəndə həvəslənir. İstəyir ki, topla oynayıb cavanlığını yadına salsın. Ən çox sevdiyi futbol komandası isə Barsilonadır...
“Düzdür, indi artıq mənim o vaxtım deyil ki, topla oynayım. Amma hərdən adam istəyir ki, cavanlıq illərinə qayıtsın. Hətta uşaqları bağda oynayan görəndə mən də topa biganə qala bilmirəm. O vaxt Buzovnada idman kompleksləri yox idi. Məktəbdə olan idman zalları çox kiçik olurdu. Amma açıq havada idmanla məşğul olurduq. Kimisi güləşirdi, kimisi qaçırdı, mən isə futbol oynayırdım. Demək olar ki, hər gün küçələrdə, məhəllə-məhəllə futbol oynamışıq. 1964-1965-ci illərdə mənim ləqəbim olub, Moskvada mənə Eyselbio deyirdilər. O vaxt Portuqaliyanın məşhur futbolçusunun adı idi. Mən həqiqətən futbolu yaxşı oyanırdım."
Bağda tez-tez olduğu üçün bura dostlarını başına yığmağı, maraqlı məclislər təşkil etməyi də unutmur. Bağda nar ağacları yetişdirməyindən, meyvələri şəxsən özü yığmasından zövq aldığını bildirir...
“Bu torpaqlar dənizə yaxın olduğu üçün o qədər də məhsuldar deyil. Biz bu bağda məskunlaşanda burada bir dənə də olsun ağac yox idi. Yalnız tikanlıq idi. Desəm ki, mən gözəl bağbanam, bu yalan olar. Ancaq yaşa dolduqca istəyirsən ki, bağın gözəl olsun.”- söyləyir.
Zəhmli görünsə də, ürəyi ipək kimi yumşaqdır. Heç kimin xətrinə dəymir, bacardığı qədər ehtiyacı olanlara əl tutur, yardım edir. Qapısına pənah gətirən hər bir kəsdən qayğısını əsirgəmir. Müdrik, əsl ağsaqqal təfəkkürlü insandır...
...Bəli, Allahın izni yoxdursa, taleyinə uzunömürlü olacağını yazmayıbsa, lap belə hər gün süd gölündə üzsən, dünyanın ən saf ərzaqlarını təam etsən də, bu sənin uzunömürlü olacağına dəlalət etmir. Necə deyərlər, uzun ömür özünü Allaha sevdirməyi bacaran bəndələrinə nəsib olur. Bu nəsibdən onun da payına düşüb. Xülasə, iyunun 25-i iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı Ziyad Səmədzadənin 85 yaşı tamam oldu. Ona can sağlığı, ağrı-acısız günlər arzulayır və xalq şairi Osman Sarıvəllinin məşhur şeirindəki bu midralarla söhbətimi başa vururam:
“Heç əlinə alma əsa,
Yetmişində batma yasa,
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir...”
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
GAP Antologiyasında Ruqiyyə Kəbirinin “Ləkə” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Ruqiyyə Kəbiridir.
Ruqiyyə Kəbiri
Təbriz
LƏKƏ
Əllərimizdə polis qalxanı, başımızda hərbi dəbilqə, qoruyucu boyunluq, gövdə zirehi, diz qoruyucusu və bellərimizdən sallanan batomlarımızla iqtidarlı robot ləşkəri kimi xiyabanın ortasında səf çəkib komandırın əmrini gözləyirik. Yumruqlarını bizə sarı tutub, ağızlarını göyə açıb, bağırıb, şüar verən cəmiyyət isə qarşımızda dayanıb.
Cəmiyyətə baxırkən dəbilqənin üz qoruyucu təlqinin üzərində nöqtə boyda bir qırmızı ləkə gözümə sataşıb, fikrimi qarışdırır. Özümü görməzliyə vursam da, nöqtə gözümə soxulur. Çox yüksək səviyyədə hazırlıq əmri aldığımız üçün diqqətim pozulmamalıdır. Amma o qırmızı nöqtə leyzer ışığı kimi beynimin içinə nüfuz edir. Əlcəkli barmağım ilə nöqtəni silməyə çalışıram. Silinmir. Zehnimi nöqtədən yayındırım deyə qarşımızdakı şüar verən cəmiyyətin yumruqlarına diqqət verirəm. Hər adamın ürəyi yumruğu boydadır deyirlər. Yumruqları sayıram. Bir, iki, on, on beş, yüz, iki yüz... Bu qədər yumruğu saymaq mümkün deyil. Göz qabağında görünən yumruqların boy-buxununa baxıb ürəklərin əndazasını öz yanımda təxmin vururam. İncə yumruqlar, incə ürəklər, kobud yumruqlar, kobud ürəklər...
Öz əllərim ilə həmqatarlarımın əllərinə baxıram, hamımız əllərimizi qara əlcəklərin içində qorumağa çalışsaq da, ürəklərimizi iki qat qorumağa çalışırıq. Biz ürəklərimizi gövdə zirehi ilə polis qalxanı arxasında gizli tutmuşuq.
Əlcəksiz yumuruqlar, əlcəkli yumuruqlar, rəngbərəng yumuruqlar havada oynayır... Yaşıl yumuruqlar, qara yumuruqlar, sarı yumuruqlar, qəhvəyi yumuruqlar, bənövşəyi yumuruqlar, mavi yumuruqlar və bir qırmızı yumuruq...
Təlq arxasından qırmızı yumuruğa baxıram. Hərbi dəbilqənin təlqi arxasından baxmaq, pəncərədən baxmaq kimi deyil, pəncərə insan vücudundan ayrı olduğuna görə, baxıb qırağa çəkilib, görüntülərin təsirindən qaçmaq ola bilər, amma hərbi dəbilqə başa qoyulduğu an, baş sahibi ilə birləşib, baş sahibinə iqtidar bağışlayıb onu güclü və əlçatılmaz göstərir.
Təlq üzərindən beynimə sızan qırmızı nöqtəyə fikir verməyim deyə qarşımızda qımıldayan cəmiyyətə baxırkən öz-özümə düşünürəm: “görəsən vücudumuza geydiyimiz bu qoruyucu əbzarlar güclüdür, yoxsa havada oynayan bu yumuruqlar və yumuruq boyda ürəklər?!”
Qırmızı yumuruq beynimə mıxlanıb, gözümü ondan ayırmağa qadir deyiləm. Cəmiyyət şüar verib, bağırırkən bizə sarı hücum gətirir. Qırmızı yumuruğun hərəkətini gözümlə dolandırıram. Baxdıqca qırmızı nöqtənin şüası təlq üzərində genişlənir. Daha dözə bilməyib, dəbilqənin təlqini yuxarı çəkirəm. Qırmızı yumuruq ilə aramdakı ləkəli pəncərə yoxa çıxıb, hər şey göz önümdə aydınlaşır. Mən o qırmızı yumuruğu tanıyıram. O yumuruq mənim ürəyimdir, mənim döşümün altında döyünür. Mən o qırmızı yumuruğun kimə aid olduğunu başa düşüncə yumuruğumu sıxıram, ürəyim ovcumda döyünür.
Yumuruqların sayısı çoxalıb, səslər isə get-gedə itiləşsə də, mən hövüşnə ilə yalnız o qırmızı yumuruğu gözümlə təqib edirəm. Bizim əbzarlarımızın gücü qarşımızdakı cəmiyyətin canına qorxu salan kimi birlikdə bağıran səslər ilə yumuruqlar, özəlliklə o qırmızı yumuruq da mənim canıma xof salır.
Komandır dəbilqəmin təlqinə işarə edir. “komandırın əmri, dəmiri kəsər” sözü, mənim və həmqatarlarımın qulağına sırğa kimi asılıb. Ən yaxşı polis, əmrlərə itaət edən polisdir. Mən və həmqatarlarım üzümüzü də ürəklərimiz kimi qorumalıyıq. Təlqi üzümə salıram. Qırmızı yumuruq ilə mənim aramdakı aydınlıq kaslaşır. Hövüşnəm get-gedə artır.
Komandır hücum əmri verir. Daha bizim yumuruqlarımız ürəklərimiz boyda deyil. Həmqatarlarımın batomları havaya qalxıb-enir. Mən isə yalnız o qırmızı yumuruğa sarı qaçıram. Onu qorumalyam. Cəmiyyətin səsi ilə güllə səsi bir-birinə qarışır. Cəmiyyət güclərini ayaqlarına verib qaçırlar. Qırmızı yumuruq isə gözümdən itir. O qırmızını mən onun barmaqlarına taxmışam. Mən o barmaqların birinə halqa salmışam. Mən o barmaqları dəfələrcə birbəbir öpmüşəm, mən o qırmızı yumuruğu, o qırmızı ürəyi batomlardan qorumalıyam. Qarşımızdan qaçan cəmiyyətin arasında yalnız bir qırmızı nöqtə axtarıram. Bir an yenə qırmızı nöqtə mıx kimi gözümə batıb sonra nöqtənin nəzmi pozulub, dəbilqənin təlqi üzərinə qırmızı cövhər səpilir deyəsən.
Cəmiyyəti itələyib, asfalt üzərə düşən qırmızı əlcəkli qızı bağrıma basıb, onu hərbi polis qarşısından qaçan cəmiyyətin ayaqlarından və həmqatarlarımdan qorumağa çalışıram. Qırmızı nöqtələr yalnız asfaltı ləkələmir. Mənim qara əlcəklərim, ürəyimi arxasında gizlətdiyim gövdə zirehim də, diz qoruyucum da ləkələnib. Get-gedə ləkənin şüası asfalt üzərə böyüyür...
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
Azərbaycan filmləri - "Süd dişinin ağrısı"
Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Qəhrəmanların böyüməsini, yeni bir həyata qədəm qoymasını əks etdirən xeyli filmlər var. Hətta bu filmləri ayrıca kateqoriyaya salıb, “böyümə” (ingiliscə – coming-of-age) filmləri də adlandırıblar. Kinomuzda da bu kateqoriyaya daxil olan “Şərikli çörək” (1969,rej. Ş.Mahmudbəyov), “Uşaqlığın son gecəsi”(1968, rej. Arif Babayev) filmlərini nümunə göstərə bilərik. Bəzən isə hekayə istiqaməti eyni olsa da, qəhrəmanın böyüməyə qarşı mübarizəsini görürük. Qəhrəman böyümək və yeni bir həyata daxil olmaq istəmir. Yeni bir həyatın qorxuncluğu və dəhşəti onu öz ağuşuna alır, qəhrəman hər vəchlə bu “qorxulu” vəziyyətdən qaçmağa çalışır. Bu gün barəsində söz açacağım “Süd dişinin ağrısı” (1987, rej. Hüseyn Mehdiyev) ikincilərə aid olan filmlərdəndir.
“Süd dişinin ağrısı” rejissor Hüseyn Mehdiyevin 1987-ci ildə Ramiz Rövşənin ssenarisi əsasında çəkdiyi filmdir. Ramiz Rövşənin eyniadlı poemasının ekranlaşdırlması olan filmin əsas qəhrəmanı Kərimdir. O doğularkən anası vəfat edib və bu günahkarlıq, uşaq olmasına baxmayaraq, onun ruhuna işləyib. Tez-tez ova gedən atası, ondan bir neçə yaş böyük olan qardaşı və gecə yuxularını qaçıran diş ağrısı onun çevrəsini təşkil edir. Bütün sinif yoldaşlarının süd dişi tökülüb, o isə uşaq qalıb, tökülməyən dişinin utancı onu qarabaqara izləyir. Kərim, anasının divardan asılmış portretinə, atasının ov tüfənginə, qardaşının oğurlayıb sevdiyi qıza verdiyi, sonradan isə geri aldığı, anasından yadigar mirvari boyunbağıya baxaraq böyüməməyə çalışır.
“Şərikli çörək” filmində, kartoçkalarını itirdiyi üçün ağlayan Vaqifə İsmayıl baba yol göstərir, bir az tənə edir və Vaqif öz növbəsində “özüm işləyib pul qazanaram” deyərək macəraya atılır. Bu macəra Vaqifin fəzilətli olmaq – böyüyüb kişi olmaq macərasıdır. “Süd dişinin ağrısı”nda isə İsmayıl babanı Kərimin böyük qardaşı Səlim əvəz edir. Səlim tənə edir, Kərimi düzgün yola çəkməyə dəvət edir – dişinə ip bağlayıb yerindən çıxarmaq lazımdır. Kərim əvvəlcə razılaşır, qardaşı qapını açana qədər isə aradan çıxır. Onun həyatı sanki bu ipdən asılı qalıb. Həyatının ipini əldən vermək istəmir. Başqa situasiyalarda da Kərim ipdən istifadə edəcək. Bu barədə daha sonra. Ramiz Rövşənin poetik gücünü ekranlaşdırmaq üçün istifadə olunan müxtəlif simvollar filmboyu qarşımıza çıxır. Bu simvollar toru ən birinci ip ilə başlayır. Kərimin ağzındakı ip onun taleyini həll edəcək vizual həlldir. İkinci təkrarlanan simvol – tələdir. Ovçu atasının qurduğu tələyə müxtəlif quşlar düşür, heyvanlar düşür. Atasının tələ ilə ilk qarşılaşmasında orada iki quşun olması yada avtomatik olaraq övladlarını salır. Övladlar da atanın torundadırlar və artıq bundan qaçış yoxdur. Bir məqamda isə tələ və ip birlikdə istifadə olunur. Ağaca qonan quşları öldürmək üçün onların ayaqlarına bağlanmış iplər tələyə başqa bir qurbanın girməsinə gətirib çıxarır – Çimnaz müəlliməyə.
Çimnaz müəllimə ilə ilkin tanışlıq səs vasitəsilə olur. Onun ayaqqabısının taqqıltısı böyük bir daş olub asılır Kərimin boynundan. Onun hər addımında böyük bir fəlakət, böyük bir qorxu Kərimə hücum edir. Səs dizaynı vasitəsilə sözügedən atmosfer yaradılır. Çimnaz müəllimə qapını açanda isə qapıya bağlanan Kərimin ipi Çimnaz müəlliməyə onu yaxınlaşdırır. Növbəti qarşılaşmada isə ölən quşların günahkarı kimi Çimnaz müəllimə Kərimi görür və ondan valideynlərinin məktəbə gəlməsini istəyir. Kərim cavab verməyəndə isə birlikdə evə yollanırlar. Kərimin atasının onlarla qarşılaşması növbəti ov deməkdir – Çimnaz müəllimə.
Kərim bu ovla barışmaq istəmir. Atasına qarşı gedir, onun meşədə qurduğu tələləri bir-bir açır, tora düşən quşları azad edir, özü isə bilmədən başqa böyük bir tələyə düşür. Hərçənd, poemada Kərimin bu davranışları onun bir könüldən min könülə vurulmağı ilə əlaqələndirilsə də, filmdə sözügedən xətt açılmır, əvəzində Kərimin vəfat edən anasının kölgəsi Çimnaz müəlliməni qarabaqara izləyir və anasının yerinə başqasını qoymaq istəməməsi xətti üzərindən inkişaf edir.
Burada süjetdən aydın olduğu kimi – ata despot, ovçu, amansızdır, Çimnaz müəllimə yeni qurban, xatirələrlə arasına girən həm pis, həm yaxşı obrazdır, Kərim isə böyümək istəməyən, anasını unutmamaq üçün mübarizəyə hazır olandır. Hekayənin dördüncü şəxsi olan Səlim isə Kərim üçün alternativ bir reallıq, faktordur. Səlim böyüyüb, süd dişlərini çoxdan töküb, hətta indi özünə yeni həyat – sevgili arzusundadır. Bu sevgilini ələ keçirmək üçün anasının mirvari boyunbağını gizlincə oğurlamağa da razıdır, təki öz yarının eşqini qazana bilsin. Ancaq bu cəhdlər Kərimin gözü qabağında – uğursuzluqla nəticələnir. Kərim əgər böyüsə, Səlim kimi bir adama çevrilə bilər. Anasına aid xatirələri satar, sevgi də tapa bilməz, yaxşısı elə uşaq qalmaqdır.
Müəllifləri belə neqativ, qorxu dolu hekayəyə kökləyən məqam nədir? Məsələn, niyə “Şərikli çörək”də olduğu kimi, Kərim fəzilətli bir insana çevrilmir? Niyə o öz ağrıları ilə üzləşib, yeni ailəsinin – ata və Çimnaz müəllimənin – yanında dayanıb kameraya gülümsəyib şəkil çəkdirmir? Əvəzində o böyük bir faciəyə imza atmağa hazırdır. Əlbəttə, bu suallar ritorikdir, lakin eyni zamanda, həm də filmin çəkildiyi dövrlə əlaqədardır. Əgər “Şərikli çörək”də müharibəsonrası bolluq, rifah və xoşbəxtlik üfüqdə görünürsə, “Süd dişinin ağrısı” çəkilən dövrdə vəziyyət tamam fərqlənir. Böyük imperiya silkələnir, ata (dövlət) yeni ov axtarışındadır, övlad (vətəndaş) isə bu ov və ovçu gedişatına bir son qoyaraq yenilik axtarır. Yenidənqurmanın və şəffaflığın gətirdiyi böyük fəlakətin müjdəsi “Süd dişinin ağrısı”nda Kərimin qorxuları ilə üzə çıxır. Kərimin ömrü sapa bağlıdır – o, tüfəngi qapıya bağlayır və qapı açılanda onun böyüməyə qarşı olan mübarizəsi yekunlaşacaq. “Süd dişinin ağrısı” poetik anları ilə diqqət çəkməyi bacarsa da, metaforların çoxluğu ilə getdikcə ağırlaşan struktura çevrilir. Rejissorun tapdığı yaradıcı vəziyyətlər ümumi hekayənin ötürülməsində tamaşaçı diqqətini sona qədər saxlamağa kifayət etmir.
Üstəlik, filmdə həddən artıq musiqi istifadəsi var ki, bu da gücü artırmaq əvəzinə, qulaqyoran bir təcrübəyə çevirir filmi. Kərimi oynayan Pərviz Hüseynovun ifası – tökülməyən dişlərini qıcayıb bütün günahı atada görməsi “Süd dişinin ağrısı”nı bir pillə yuxarı qaldırmağı bacarır. Ramiz Rövşənin poetika ilə qorxu arasında gedib-gələn hekayə strukturu atalar sözündə də deyildiyi kimi – qorxunun əcələ faydası yoxdur – tamamlanır.
Qapı açılır.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
Hələ də sevə-sevə Şabanı izləyirlər
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rolları neçə-neçə insanların sevgisini qazanan Kamal Sunal 11 noyabr 1944-cü ildə İstanbulun Fatih rayonunun Küçükpazar məhəlləsində dünyaya gəlib. Ailəsi Malatya köklü olub. Dərslərində uğurlu olmasına baxmayaraq, zarafatcıl və oynaq xarakteri səbəbindən liseyi bitirməsi uzun çəkib. Daha sonra Marmara Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1980-ci il çevrilişindən sonra təhsilinə ara verib, lakin sonradan həm bakalavr, həm də magistr təhsilini uğurla tamamlayıb.
Aktyorluğa məktəb illərində başlayıb, ilk dəfə səhnəyə "Zoraki Tabip" adlı teatr tamaşasında çıxıb. Onun istedadı tez bir zamanda tanınıb və o, Ulvi Uraz, Kenter Teatrı və Devekuşu Kabare kimi məşhur səhnələrdə çıxış etməyə başlayıb. 1972-ci ildə rejissor Ertem Eğilmezin “Tatlı Dillim” adlı filmində ilk dəfə kamera qarşısına keçib. Bu film onun böyük ekranda uğurlu karyerasının başlanğıcı olub.
O, ən çox “Şaban” obrazı ilə tanınıb – saf, təmizqəlbli, sadəlövh, lakin vicdanlı bir insan. Bu obraz “Hababam Sınıfı”, “Süt Kardeşler”, “Tosun Paşa”, “Kapıcılar Kralı”, “Çöpçüler Kralı”, “Davaro”, “Zübük” və “Propaganda” kimi filmlərlə yaddaşlara həkk olunub. Onun çəkildiyi filmlər Türkiyə cəmiyyətindəki problemləri yumor vasitəsilə tənqid edib, eyni zamanda xalqın dərdlərini ekranlara gətirib.
1977-ci ildə “Kapıcılar Kralı” filmindəki roluna görə Antalya Qızıl Portağal Film Festivalında Ən Yaxşı Aktyor mükafatını alıb. “Düttürü Dünya” filmindəki performansına görə də mükafatlar qazanıb. Onun adına çoxsaylı mükafatlar və xatirə tədbirləri keçirilir.
2000-ci ilin 3 iyul tarixində, “Balalayka” adlı filmin çəkilişi üçün Trabzona uçarkən təyyarədə qəfil ürək tutmasından vəfat edib. O, cəmi 55 yaşında idi. Kamal Sunalın vəfatı bütün Türkiyədə və ətrafda onun filmləri ilə böyüyən milyonlarla insan üçün dərin kədər yaradıb.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)
TMİF TƏQDİM EDİR - Əhməd Haşımın estetik poetikası
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının müştərək layihəsində sizlər türk ədəbiyyatı klassikləri barədə bilgiləndirməkdə davam edirik. Məramı və məqsədi türk mədəniyyətini və irsini təbliğ edən Fond bu layihədə hazırda türk dünyasının ən görkəmli ədibləri ilə tanışlığınızı təmin eləyir. Əhməd Haşım – 20-ci əsrin 1-ci yarısında türk poeziyasında xüsusi çəkiyə malik bir şair olmuşdur.
Əhməd Haşım 1887-ci ildə Bağdadda anadan olmuş, Osmanlı İmperiyasının tənzimat sonrası modernləşmə sancıları ilə yoğrulan bir coğrafiyada yetişmiş və bu təsirlə formal və məzmun baxımından ənənə ilə yeniliyi birləşdirməyə yönələn bir şeir estetikası inkişaf etdirmişdir.
Atasının Osmanlı idarəsində yüksək vəzifələr tutması səbəbilə uşaqlığı müxtəlif Ərəb vilayətlərində keçən Haşım, dörd yaşında ikən anasını itirmiş və bu erkən itkinin yaratdığı dərin kədər, sonralar onun şeir dilinin melankolik, içə dönük atmosferinin əsasını təşkil etmişdir.
1894-cü ildə İstanbula gələn Əhməd Haşım, Nümune-i Tərəqqi Məktəbində türkcə və əsas dərsləri bir il davam etdirmiş, ardınca yatılı şagird kimi qəbul edildiyi Qalatasaray Sultanisində təhsil alarkən ədəbiyyata yönəlmişdir. Bu dövrdə Tofiq Fikrət, Əbdülhaq Hamid Tərxan, Cənab Şəhabəddin və Əhməd Hikmət Müftüoğlu kimi dövrün nüfuzlu ədəbiyyatçıları ilə əlaqə quran Haşım, həm klassik Şərq şeirinin məzmunlarından, həm də Fransa simvolizmi və impressionizminin yenilikçi anlayışlarından təsirlənmişdir. Xüsusilə Fransa simvolist şairləri Stefan Malarme və Pol Verlenin musiqili dil axtarışları, Haşımın"şeirdə qeyri-müəyyənlik" ideyasını formalaşdırmışdır.
1901-ci ildə nəşr olunan "Həyal-i Eşqim" adlı ilk şeiri, on dörd yaşında ikən onun "saf şeir" idealinin ilk işarələrini vermişdir. Şair burada lirik hissləri mücərrəd təsvirlərlə ifadə etməyi hədəfləmiş, "məna"nı sadə aydınlığa endirmək əvəzinə, "mənanın boşluqlarında yaranan çağrışımlar"a yer açmışdır.
1907-ci ildə Qalatasaray Sultanisindən məzun olduqdan sonra məmurluq həyatına başlayan Haşımın, eyni zamanda Məktəb-i Hüquqda davam etdirdiyi təhsil ilə həm hüquqi, həm də estetik düşüncəni eyni potada əritməyə çalışmışdır. 1910–1914-cü illər arasında İzmir Sultanisində ədəbiyyat və fransızca müəllimliyi etdiyi illər, Malarme, Bodler və Artür Rembo kimi simvolist şairlərin orijinal mətnləri ilə birbaşa əlaqə qurduğu kritik bir dövr kimi qiymətləndirilir. Bu prosesin məhsulu olan şeirlərində reallığın kəskin xətləri bulanıqlaşır; şair, tək başına varlığın içindəki obyektiv dünyanı "işıq və kölgə oyunu"na çevirir.
Birinci Dünya Müharibəsindən sonra məmur kimi çalışarkən Osmanlı Dövlətinin dağılma prosesini birinci əldən müşahidə edən Haşımın, bu müşahidələrini mifologiya və klassik mədəniyyətdən qazandığı zəngin təsvirlərlə birləşdirərək müasir Türk şeirinin təsvir dünyasını dərinləşdirmişdir. Sənaye-i Nəfisə Məktəbində verdiyi mifologiya dərsləri, onun şeir dilinə "universal elementlər" əlavə etmiş; Ay, su, yuxu və ruhu çağışdıran simvollar, əsərlərində fasiləsiz bir motivlər şəbəkəsi yaratmışdır.
Haşımınpoetikasını tətbiq etdiyi ilk əhatəli əsər toplusu, 1908–1909-cu illərdə yazdığı "Şe'r-i Qəmər"lərdir. Burada hisslərin bir-birinə qarışdığı on iki şeir; ana-uşaq əlaqəsi, platonik eşq, gecə və ayın işığı ətrafında dövr edən dərin bir melankoliya və estetik narahatlıq təqdim edir. Şeir, fotoqrafiya kadrları kimi seçilmiş təsvirlər vasitəsilə oxucuda bir rəsm təəssüratı oyadır; eyni bir impressionist rəssamın işıq və kölgə işi kimi, sətirlər arasında titrəyən bir rəng harmoniyası vardır.
1921-ci ildə nəşr olunan "Göl Saatları" isə şairin yetkinlik dövrü şeir sənəti kimi qəbul edilir. Kitab dörd bölmədə təqdim olunur: Gölün dəyişən işıq halları, göl quşlarının səssizliyi, sərbəst müstəzad nəzım nümunələri və müxtəlif şeirlər. Hər bölmə, şairin "göl" təsviri ətrafında inkişaf etdirdiyi fərqli temalara açılan bir qapı kimidir; "Müqəddimə" şeirində "həvz-i xəyalın sularında" süzülən bir ruhun əks-sədaları ilə başlayan hekayə, "Sərbəst Müstəzad" bölməsində forma və məna arasındakı həssas tarazlığı nümayiş etdirir.
1921-ci ildə nəşr etdirdiyi "Şeirdə Məna və Vüzuh" başlıqlı məqaləsində şeir nəzəriyyəsinə dair əhəmiyyətli məlumatlar verir. Haşımburada şeiri didaktik bir söyləmin alətinə çevirməyə qarşı çıxır; onun üçün şeir, peyğəmbərlərin sözlərindən fərqsiz, dini bir mətnin nəhəng ölçüsündə bir musiqi parçasıdır. Şeirin mənası nə tamamilə obyektiv bir təhlilə, nə də sadə bir şəffaflığa endirilə bilməz; qeyri-müəyyənlik, müpəmməlik və çağrışımsal çoxluq, şeirin zənginliyini təşkil edir. Bu baxış, simvolist-impressionist ənənənin Türk ədəbiyyatına ən orijinal töhfələrindən biri kimi qiymətləndirilir.
İqdam qəzetinin sənət səhifəsini idarə etməyə başlayan şair, həm şeirdə, həm də nəsrdə dilin incəliklərini araşdıran esselər və tənqidi yazıları ilə oxucu kütləsini zənginləşdirmişdir. "Gürəbahane-i Ləkləkən" və "Bizə Görə" adlı nəsr kitablarında şeir dilindən fərqli olaraq daha sadə, mizahi və zərif bir üslub inkişaf etdirmiş; qısa təəssürat yazıları, səyahət qeydləri və ədəbi tənqidlər dövrün nəşr orqanlarında böyük maraq doğurmuşdur.
1929-cu ildə nəşr olunan "Piyalə" şeir kitabı, Haşımınruhani mərhələlərini ən gözəl şəkildə əks etdirən əsərlərdən ibarətdir. Kitabın girişindəki "Şeir Haqqında Bəzi Mülahazalar" başlıqlı mətn, şairin şeir nəzəriyyəsini yenidən ifadə etdiyi qısa bir manifestdir. Bu kitabdakı şeirlərdə Haşımklassik məzmunları müasir baxış açısı ilə yenidən formalaşdırmış; dil məharəti, təsvirdəki aydınlıq və söz dizimindəki ahəngi mükəmmələ yaxın bir tarazlığa çatdıran bir ustalıq nümayiş etdirmişdir.
Son şeirləri sayılan "Süvari" və bənzərləri, simvolizmin dil sıxlığını zirvəyə çatdıran, ruhani bir səyahətin sətirlərə tökülmüş hallarını əks etdirir. Bu şeirlərdə hərbiçilik, səyahət və daxili axtarış təsvirləri bir arada işlənir; şair, varlıqsal narahatlıqları və eşqi birlikdə xatırlayarkən, oxucunu öz daxili dünyasında dərin bir kəşfiyyata dəvət edir. Şeirin özündə "məna"dan çox "ahəng" axtarışı olan Haşım, milli və dini temaları şeir kitabına daxil etməkdə istəksiz davranmışdır; yalnız erkən dövrdəki bir neçə mətnində "Bayraq", "Pəri-i Hürriyyət" və "Allahüəkbər" kimi motivlərə toxunsa da, bunlar onun əsas poetikasının xaricində qalır.
Əhməd Haşım nəsrdə də dilin incəliklərini məharətlə istifadə etmiş, səyahət yazılarında, tənqidi məqalələrində və xatirələrində şeirəbaz bir üslub saxlamışdır. Paris səyahətnaməsi, Frankfurt xatirələri və Anadolu təəssüratları hər biri seçkin bir dil nümunəsi təşkil edir. Nəsri əsərlərində ironik bir tərəf, dövrün ictimai və siyasi reallıqlarına incə istinadlar daşıyan nüktələr mövcuddur; buna qarşılıq şeirlərində nadir hallarda ictimai və ya siyasi istinadlara yer verərək, fərdi və mistik temanı qorumuşdur.
4 iyun 1933-cü ildə vəfat edən Əhməd Haşım, arxasında qoyduğu təxminən doxsan beş şeir və üç nəsr kitabı ilə müasir Türk ədəbiyyatının ən orijinal səslərindən birini təmsil edir. Simvolizmin təsvirlərlə örülmüş estetikasını Türk şeirinə qazandıran Haşım, reallığın kəskin xətlərini bulanıqlaşdıraraq oxucunun xəyal dünyasına açılan qapılar yaratmışdır. Şeirdə aydınlıqdan çox qeyri-müəyyənliyin zəngin çağrışımlarını müdafiə edən, mənadan çox ahəng ardınca qaçan bu mistik şair, qoyub getdiyi mətnlərlə sonrakı nəsillərə təsir göstərmişdir.
Biblioqrafiya
Orhan Okay, "Ahmed Hâşim", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, C. 2, 1989.
Sabahattin Çağın, “Ahmet Haşim”, Türk Edebiyatı Eserler Sözlüğü. https://teis.yesevi.edu.tr/madde-detay/ahmet-hasim [Erişim Tarihi: 09.05.2025]
İnci Enginün, Tanzimat'tan Cumhuriyete 1839-1923 Yeni Türk Edebiyatı, İstanbul: Dergah Yayınları, 2019.
“Ədəbiyyat və incəsənət”
(03.07.2025)