Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfəki söhbətimin qəhrəmanı- döyüş gedən ərazilərdə qəhrəmancasına reportajlar hazırlayan, buna görə fədakar kimi tanınan bir hərbi jurnalistdir. O, 1950-ci ildə Bakının Şağan kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Sonra 20 il orta məktəbdə müəllimlik edib. I dərəcəli müəllimdir.
Yaradıcılığa uşaq şeirləri ilə başlasa da, müstəqilliyimizi qazanandan sonra ölkəmizin bir çox aparıcı kütləvi informasiya vasitələrində jurnalist kimi fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi başlayandan hərbi-jurnalist kimi Azərbaycanın bütün döyüş bölgələrində olub. 450-yə yaxın vətən övladının ailələrinə jurnalist kimi baş çəkməklə yanaşı, 90-dan çox şəhid haqqında mətbuatda silsilə yazılar yazıb. Şəhidlərə ithaf olunan "Şəhidlik çələngi" silsiləsindən- "Bircə günün şəhidləri", "Vağzalı çalınır", "Bulaqların göz yaşı" kitablarının müəllifidir. Bundan başqa, onun "Dəniz çağırır", "Uşaqlar üçün şeir və tapmacalar" və "Xarı bülbül" kitabları da geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür...
“Bizdən fərqli olaraq dünya təcrübəsində jurnalistin yaşı yox, onun peşəkarlığı əsas götürülür. Bu gün məşhur dünya jurnalistləri arasında elə yaşlı juralistlər var ki, hələ də vəzifələrini eyni həyəcanla davam etdirirlər. Mənim sənətim məni gənc saxlayır. Bu sonadək də belə davam edəcək. Əsas cəsarətli olasan, vicdanla iş görəsən, təmənna güdməyəsən...”- söyləyir.
1974–1978-ci illərdə 12 saylı internat- məktəbində, 1978–1996-cı illərdə 53 saylı texniki- peşə məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. 1994-cü ildə "20 yanvar" qəzetinin redaktoru işləyib və eləcə də digər mətbu orqanların əməkdaşı olub. 1992-ci ildə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri olub, 2004-cü ildən isə "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin təsisçisi və rəhbəridir. 2018-ci ildə Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif olunub...
Deyir ki:- “SSRİ dağılandan az sonra Qarabağ müharibəsi başladı. Elan olunmamış deyilsə də, müharibəyə hazır olmasaq da, başladı. O vaxtlar mən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində mətbuat katibi işləyirdim. Cəmiyyətin xətti ilə qaçqınlara yardım edir, əlimizdən gələn köməyi göstərməyə çalışırdıq. 1992-ci il idi. Hərbi Hosbitalda yaralıların sayı getdikcə artırdı, şəhidlər verməyə başlamışdıq. O zaman, sonradan Ağdərədə şəhid olan rəfiqəm Məlahət Nəsibovayla birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına kömək etməyə qərar verdik. Cəmiyyətin xətti ilə Daxili Qoşunların sosial şöbəsində işləməyə başladıq. Biz hərbi hosbitala gedir, yaralılarla görüşür, onlara mənəvi dəstək verir, yaralıları siyahıya alırdıq. Müxtəlif bölgələrə səfər edir, özümüzü şəhid olmuş oğul və qızlardan kimisinin üçünə, kimisinin də qırxına çatdırırdıq. Ailələrin dərdinə şərik olmağa çalışırdıq. Hər şəhid ailəsinə baş çəkəndə dayana bilmirdim, onlar haqqında yazmaq istəyirdim. Elə o vaxt işləyə-işləyə məqalələr yazmaq, şəhidlər haqqında araşdırmalar aparmağa başladım. Komandirlərlə görüşür, cəbhə xəttində olmaqdan qürur duyurdum. Şəhidlər barədə yazdığım məqalələr “Əsgər”, “Ordu”, “Aydınlıq” və başqa qəzetlərdə çap olunurdu. Bu gün də şəhidlərin həyatı ilə bağlı xatirə və araşdırmalarımı davam etdirirəm. Qoy onu da vurgulayım ki, məni jurnalist edən müharibə oldu. Müharibədə şəhid olan oğlanlar, öz gəlinliyini hərbi paltara dəyişən ismətli qızlar oldu...”
Cəsarətli, cəsur, mərd xanımdır. Vətən uğrunda bu gün də şəhid olmağa hazırdır. Sevinir ki, Qarabağ azaddır, daha yuxularında qan-qada, müharibə görmür. Vətən qarşısında özünü üzüağ, alnıaçıq hesab edir. Bizə bu qələbəni qorxmaz oğullarımızın, bir də Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin bəxş etdiyini dilə gətirir...
“Qarabağın bu qədər ermənilərdə qalmasının səbəbi böyük dövlətlərin çirkin maraqları oldu. Burada müsəlman-xristian amili də rol oynayırdı. Bu gün, bu qəbildən dünyada aparılan çox münaqişələrə şahidlik edirik. Özümüzün də təbliğat işimizdə çatışmayan cəhətlər çoxdur. Yaxşı ki, əvvəlkinə baxanda indi diaspora təşkilatlarımız güclənib. Amma jurnalistlərin fəaliyyəti qənaətbəxş deyil. Dünyaya açılmaq üçün əcnəbi dilləri bilmək lazımdır. Bizim jurnalistlərimiz bu cəhətdən tənbəldirlər. Yaxşı olardı ki, hər bir jurnalist heç olmazsa bir xarici dili mükəmməl öyrənəydi. Nə isə, bu vaxta qədər heç kəsdən heç nə gözləməmişəm. Xidmətlərimi də özümü göstərmək üçün etməmişəm, bunun bir səbəbi var- mən Vətənimi sevirəm və ona xidmətlə rahatlıq tapıram...”- söyləyir.
Bu gün - mayın 14-ü haqqında danışdığım Firuzə Bəyməmməd qızı Əsədullayevanın 75 yaşı tamam olur. Ömür isə elə də uzun deyil- bunu hamımız yaxşı bilirik...
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)