“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində nəsr saatı davam edir. Bu gün təqdim edilən müəllif Təbrizdə yaşayıb yaradan Əli Çağladır. Yeri gəlmişkən, o, həm də bizim Güney Azərbaycan təmsilçimizdir.
Əli ÇAĞLA
“ŞAHMAT”
Bəzən hündür bədbəxtliklərə məğlub olmayan xoşbəxtlikləri unuduruq. Qalib gəldiyimiz anları yaddaşımızın köhnə kolleksiyalara aid olan zirzəmisinin küncünə buraxırıq. Sonra onların toz basıb köhnəldiyini bilib-bilmədən götürürük, qolumuzun uzandığı qədər uzağa tullayırıq. Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o yırtıcılaşır. Sonra o bizim kim olduğumuzu tanımır. Sonra o...
Yaz havasının qoxusu hər yeri ağzına almışdı. Aprelin ortası idi. Bükülü saxladıqları qırmızı naxışlı xalçaları evin zirzəmisindən çıxartdılar, qonaqların oturacağı otağın ortasına sərdilər. Xalçaların butalarında olan rəngarəngliklər adamın ürəyində sevinc hissi yaradırdı. Ancaq o xalçaları toxuyan hansısa analar, gözlərinin nurunu, günlərini həmin xalçalara sərf edərək toxumuşlar. O anaların çəkdikləri nəfəslər, birbəbir ilməklərin arasına oturmuşdular, hər bir ilmənin arxasına onların zümzümə elədikləri mahnılar hopmuşdu. Sonra nə olmuşdu? Sonra o xalçaları anaların bükülü belləri kimi büküb qaranlıq zirzəmidə gizlətmişdilər. Qonaqlara yeni görünsün deyə, otağa sərmişdilər o anaların göz nurunu, nəfəslərini, zümzümələrini ayaqlamağı düşünmədən, sadəcə, evin bəzəyinə yenilik qatmışdılar. O analar xalçaların ayaq tərəfində toxuduqları butalarını şən mahnılar ilə zümzümə etsələr də, həmin butanın tayını xalçanın sonunda kədərli mahnılar zümzümə edərək toxuyub qurtarmışdılar. Anaların karıxmadan ilməkləri öz yerinə toxumağı onların həyatda yaşayan insanlara buraxacağı təsirlərə nə qədər diqqətli olduqlarını göstərirdi.
Zirzəmidə toz basmış xalçaları döşədilər. Toz-torpaqlarını alsınlar deyə, onları yaş süpürgə ilə süpürdülər. Pəncərələri açdılar. Şüşələrini sildilər. Xalçaların üstünə yatan toz-torpaq, evdə fırlanıb özünü həmin pəncərədən həyətə atıb intihar etsə də, göyə çəkilirdi. Yerə düşmədən məhv olurdu. Həmişə intihar göydən yerə düşmək cazibəsi ilə baş vermir, bəzən də göyə çəkilərək intihar prosesi həyata keçirilir.
Həyəti süpürdülər, qapının ağzına su səpdilər. Keçən il qonşuları Qəhrəmanın oğlunun futbol topu qapılarının başında olan lampaya dəymişdi, topa vurulan ağır zərbənin ucbatından lampa ovuq-ovuq olmuşdu. Patronun üzərində lampanın tilişkəsi qalmışdı. Çıxartdılar, patrona yeni işıqlı lampa qoşdular. Hələ qaranlıq çökməsə də, yeni lampanın necə yandığını yoxladılar.
Məhəmməd, dərzi Şakirə təzəcə tikdirdiyi kostyumunu məhəllənin paltar ütüləyəni Mustafadan aldı, qıvraq ayaqları ilə addımlarını tələsik götürüb evə doğru yollandı. Həyət qapısını açıb içəri keçdi. Heç zaman oxunmayan qəzetlərə bükülmüş qara kostyumunu yerə salmasın deyə, həyət tərəfindən qapını ayağı ilə üstünə örtdü. Sonra budlarının iki tərəfini də qapıya dayayıb yavaşcadan bağladı.
– Ay kişi, indicə qonaqlar gələr, cəld ol! – deyən qadın, Məhəmmədin həyat yoldaşı Şəhla idi.
Şəhla həyətdə tələm-tələsik iş görə-görə hər şeyi sahmana salmaq istəyirdi. Hələ bəzənəcəyi üçün, qonaqlıqda hansı paltarı geyinəcəyini düşünməyə vaxt ayırmamışdı. O hər şeyi deyinə-deyinə edirdi, hələ də bəzənə bilmədiyini vurğulayaraq mızıldanırdı. Bu mızıltıları Məhəmməd eşitməsəydi də, yaxşı anlayırdı. Onsuz da bu gün Şəhlanın ömrünün ən əziz günlərindən hesab olunurdu.
– Nə yaxşı ki, Novruz bayramında aldığımız təzə paltarları geyib köhnəltməmişik. – Aylin idi. Başını axşam qonaqlar oturacağı otağın bir az öncə xalçanın tozları özünü həyətə atıb intihar elədiyi pəncərədən eşiyə çıxardıb dedi.
Dediyi sözə Məhəmməd ilə Şəhladan cavab gözləmədən içəri keçdi. Mobilinə sevgilisi Arazdan gələn mesajı oxuyandan sonra təbəssüm ilə yazışmağa başladı.
Məhəmməd, həyəti evin dəhlizinə qovuşduran üç pilləni çıxdı, dəhlizin qapısının ağzında iki əli ilə kostyumundan yapışdı, kürəyini divara söykədi, sağ ayağında olan ayaqqabının pəncəsi ilə sol ayaqqabısının dabanını sıxdı, sol ayağını azca yuxarı qaldırıb ayaqqabısından çıxartdı. Eyni işi sağ ayağında olan ayaqqabısına da gördü. Şəhlaya deyinmək, mızıldanmaq bəhanəsi yaranmasın deyə, çıxartdığı ayaqqabılarını cütlədi. Həyətdən dəhlizə keçdi. Aylin əlinə daraq almışdı, sarı saçlarını darayırdı. Atasının qarşısına çıxdı. Məhəmməd qızının boynundan, üzündən öpəndən sonra təbəssüm dodağına qonaraq “Qızım, dayan!” dedi.
Şəhlanın həyətin o başında olduğunu yoxlamaq üçün çevrilib həyətə baxdı. Bir əlində su şlanqını saxlamışdı, bir əli ilə də həyətin tut ağacından qopub kafellərin üzərinə düşən şirələrinə süpürgə çəkirdi. Şəhla, səsini eşitsin deyə, ağzını həyətə tutub uca səslə – Qızım, qonaqlar gəlməmiş şahmat oynayaq? – dedi. Məhəmmədin ömür boyu ən çox ləzzət apardığı anları qızı Aylin ilə şahmat oynamaqda keçmişdi. Aylinin şahmat oyununda mahir olduğuna baxmayaraq, indiyə kimi atasını məğlub edə bilməmişdi. Amma oyunun harasındasa səhv etdiyi hərəkətlər onun üçün yeni bir təcrübəyə çevrildiyini düşünərək o səhvlərin bir daha təkrar olmağına yol verməmişdi, oyunda məğlub olduğunda yeni strategiyalara malik olmuşdu, bu isə onu çox sevindirirdi.
Şəhla deyinə-deyinə kranı bağlamamış özünü dəhlizə çatdırıb ərinin sağrısını çimdiklədi. Məhəmməd isə arvadını daha artıq əsəbiləşdirmək üçün qızına göz vurub səsini yenidən ucaltdı:
– Hə, qızım, oynayaq?
Aylin boylandı, ətrafa göz gəzdirdi, anasının uzaqda olduğunu sezdikdən sonra o da atası kimi səsini ucaltdı:
– Hə, ata, gəl oynayaq, – dedi.
– Yaxşı, keç fiqurları qur, kostyumumu geyinib gəlim.
Məhəmməd, sözünü deyib qurtarmamış pıqqıldayıb güldü, Aylin isə özünü saxlaya bilmədi, gülüşdülər.
– Ay qız, utan! Əslində, qonaqlar sənin üçün gəlir... – Şəhla sözünün ortasında başını qaldırıb qızı ilə həyat yoldaşına baxdı, onların güldüyünü, onu ələ saldıqlarını görəndə başını tovlayıb hirsini boğazında uddu.
Gələn qonaqlar Aylinə görə gəlirdilər. Qonaqların tərəfindən qadınlar, bir neçə dəfə söz danışmaq üçün gəlmişdilər, Məhəmmədi Aylinin evlənməyi üçün razı salmışdılar. O günlər məhərrəmlik mövsümünün son günləri olduğu üçün –qohum-qonşular toy etdiyimizi eşidərlər, dindən ötrü söyüş qalmaz, yağdırarlar. – deyə, kəbin kəsib şənlik etmək gününü yas günlərindən sonraya tənzimləmişdilər. Məhəmmədin belə şeylərə inancı yox idi, amma öz inancını isə canının qorxusundan heç kimə deyə bilmirdi. Həm də bir tərəfdən qız atası idi, özünü hər yerdə ağır aparmalı idi. Yaşadığı mühit bunu məcburiyyətlə tələb edirdi. – Qız atasısansa, cızığından çıxmayacaqsan, yoxsa üstünə damğa yapışdırarlar, qızın yolundan olar – deyən xalqla bir yerdə yaşayırdı. Bir tərəfdən də oğlanın atasının dinə olan inancı yüksək idi. Hər il məhərrəmlik mövsümündə baş yarırdı, şaxsey gedirdi, yas saxlayırdı.
Aylin sevgilisi Araz ilə evlənmək qərarına gəlmişdilər. Arazın atası ilə Məhəmməd bir-birinə bənzəyirdilər. İkisinin də qalın bığı var idi, gözləri qapqara, burunları eyni şəkildə, ikisi də bir boyda idilər. Daha sonralar onlar qayınatalarını əmi çağıracaqdı.
Məhəmməd təzəcə ütülənmiş qara kostyumunu geyindi. Şəhla bəzənib qonaq paltarlarını geyindiyi an qapının zəngi çalındı. Qonaqlar gəldilər, Aylin qonaqlara çay gətirdi.
Oğlan tərəfindən gələn ağsaqqal – Arazın dədəsi Sədi, “Allah xoşbəxt eləsin” dedikdə evdə oturanların hamısı onların xoşbəxt olmaqlarına alqış ilə yekun vurdu.
Məhəmməd qızının seçiminə güvənirdi. Qızının kimi sevdiyini, xoşbəxt olmasını özü öz həyatında seçdiyinə, Aylinin isə seçimini dəyərləndirməyini illər öncə ürəyində planlaşdırmışdı.
***
Artıq Araz ilə Aylin evli idilər. Bir müddətdən sonra Aylin hamiləlik xəbərini utana-utana, qızara-qızara qayınanası Məryəm ilə anası Şəhlaya bildirdi. Doqquz ayın Aylin üçün necə ağır günlər olduğuna baxmayaraq, o, ümid dolu hisslər ilə öz uşağını qarnında saxlamışdı. Uşağın adını Anna qoydular. Uşaq üçün alınan hədiyyələrin sayı bəlli deyildi. Məhəmməd nəvəsinə aldığı hədiyyələrdə heç bir şeyi gözdən yayındırmamışdı. Oğlanın atası da iki bilərzik almışdı. Anna böyüyəndən sonra biləyinə taxacaqdılar, indi körpənin biləyinə çox böyük gəlirdi, yəqin, 7-8 yaşına münasib idi.
Aylin zahı olduğuna görə atasının evində qalırdı. Anası Şəhla Annanın bütün məsuliyyətini öz öhdəsinə götürmüşdü, sevinə-sevinə qulluq eləyirdi. Aylin uşaq üçün gətirilən hədiyyələri ayırıb otağın bir küncünə qoydu. Anna bələkdə idi, dünyada olanların heç birisindən xəbəri olmadan şirin röyalarda seyr eləyirdi. Aylin qayınatasının hədiyyə aldığı iki bilərziyi götürüb onların çəkisini yoxlamaq üçün bir neçə dəfə əlini yumşaltdı, onların ağırlığını nəzərdən keçirdi. Məhəmmədin səsini eşitdi.
– Qızım, çoxdandır ki, atanla şahmat oynamırsan. Demək, daha məni saymırsan, qocalmışam.
Aylin atasına yaxınlaşıb gülər üzlə üzündən öpdü. Şahmat taxtasını gətirib atasının oturduğu masanın önünə qoydu. Annanın 7 yaşında salacağı bilərzikləri isə masanın üzərinə atdı, bilərziklər bir neçə dəfə fırlandıqdan sonra dayandı. Atası ilə şahmat oynamağa başladı. Şəhla mətbəxdə iş görürdü.
Oyundan on dəqiqə keçmişdi. Aylin atasından daha yaxşı oynayırdı. Öz atasından öyrəndiyi strategiyanı onun özünə işlədirdi. Növbə Aylinə çatanda hansısa şahmat fiqurunu yerindən qaldırandan sonra atasının üzünə baxırdı, xoşbəxtlik təbəssümünü saxlaya bilmirdi.
– Ata, artıq böyümüşəm. Bu dəfə oyunda məğlub olacaqsan, – deyib güldü.
Atasının hər dəfə oyunda deyəcəyi – Məni məğlub edən anasından olmayıb – cavabını gözləsə də, cavab gəlmədi. Sıra Məhəmmədə çatmışdı. Tərpənmədən əlini çənəsinin altına yerləşdirib şahmat taxtasının ağ-qara kvadratlarına baxırdı. Aylin atasının fikrini yayındırmaq üçün bir də həmin sözü gülə-gülə dedi. Yenə də Məhəmməddən xəbər çıxmadı. Heyrətləndi. Axı atası heç zaman Aylini cavabsız buraxmamışdı?!
Məhəmməd nəyə fikirləşirdi? Nə olmuşdu?
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o yırtıcılaşır. Sonra o bizim kim olduğumuzu tanımır. Sonra o...
Qızının sözünü eşitmirdi. Bəlkə də, eşidirdi, cavabdeh olmaq istəmirdi. Məhəmməd, on səkkiz il öncəyə, Aylinin yeddi yaşı olduğu zamana qayıtmışdı.
Parkın ortasında, yerdə təzəcə göyərmiş çəmənlərin üstünü gön ayaqqabıları ilə ayaqlaya-ayaqlaya qaçırdı. Ağacların arxasını axtarırdı. Nəzərdə tutduğunu tapmadıqdan sonra o biri ağacların arxasını yoxlamaq üçün keçib gedirdi. Parkın sonunda olan ağaclara çatmamışdan qaçdığı yerdəcə dayanıb ötdüyü ağacın arxasına baxdı. Aylin, təzəcə əkilmiş bir kiçik daş palıd ağacının altında dayanmışdı, dondurma yeyirdi. Məhəmməd qızını görəndə qucaqladı, doyunca boynundan, üzündən öpdü.
– Qızım, burda nə iş görürsən? – deyib nəfəsini dərdi. Qızını qucaqlayıb saçlarını sığalladı.
– Səni kim bura gətirdi? Kimsə sənə bir söz demədi ki? Bu dondurmanı sənə kim alıb?
Aylin, 18 il sonra atası ilə şahmat oynadığı zaman güləcəyi kimi gülə-gülə dondurmaya dişini batırdı.
– Ata, mənə dondurmanı dayım, yox, əmim aldı. Dedi ki, sənin atan ilə qardaşam. Ata, sənin qardaşın mənim əmim olur, yoxsa dayım? Hə, anam öyrətdiyi qədər əmim olduğunu bilirəm.
– Kim? Son... Sonra... Nə oldu? – Məhəmməd, stress içində boğulurdu.
Aylin, əlini uzadıb parkın o tərəfindəki dondurmaçını göstərdi:
– Əmim mənə dedi ki, qolundakı bilərzikləri ver, sənə dondurma alım. – Aylin yenə də dondurmadan dişlədi, dondurmanın kakaosu dodaqlarının ətrafını batırmışdı.
Məhəmməd əl atıb Aylinin qollarına baxanda bilərziklərin oğurlandığını anladı. Təəccüblənərək qışqırdı:
– O kim idi?
– Dayım idi. Yox, əmim. Dedi ki, atanın qardaşıyam. – Aylin yenə də gülümsədi.
Məhəmməd gön firmasında işləyirdi. Qazandığı pulları toplayıb qızı Aylinə iki bilərzik almışdı. Aylinin adı ilə soyadının birinci hərflərini bilərziyin arxasında həkk elətdirmişdi.
Qızının əlindən yapışıb dondurmaçıya tərəf addımlayanda, Aylin aşağıdan yuxarı atasının üzünə baxıb, – Ata, sən də mənə dondurma alırsan? – deyib sevindi.
Dondurmaçıya yaxınlaşıb dayandılar. – Bağışlayın! – dedi.
Dondurmaçı, sarı saqqallı, arıq, gənc bir oğlan idi.
– Buyurun, – deyərək qarşısında qızının əlindən yapışaraq tərləyib dayanan kişinin üzünə baxdı.
Məhəmməd özünü itirmiş adamlar kimi səsləndi:
– İndicə burda mənim qızıma bir kişi dondurma alıb, onun hara getdiyini gördünüzmü?
– Məgər siz deyildiniz?
– Yox, mən deyildim. O, qızımın bilərziklərini oğurlayıb.
Dondurmaçı bir addım geri çəkilib təəccübləndi.
– Onu gördünüzmü? Nə təhər bir adam idi? – Məhəmməd, müsbət cavab eşitmək üçün bir az yumşalmışdı.
– Onun boyu siz boyda idi. Sizin kimi bığları var idi. O, qızınızın əlindən yapışıb o tərəfə getdi, – barmağı ilə qızının bir az öncə altında dayandığı daş palıd ağacını göstərdi.
Məhəmməd çevrildi, həmin yerə bir də baxdı. Bayaq qızını tapdığı daş palıdın altında heç kim yox idi. Dondurmaçıya tərəf çevrildi:
– Siz indiyə kimi həmin adamı burda görübsünüzmü?
– Yox, vallah. Görsəm də, xatırlamıram. Mənim müştərilərim çox olur. Sifətləri yadımda qalmır.
– Ata, mənə dondurma al. – Aylin yeyib qurtardığı dondurmanın çubuğunu yerə atdı. Heç nədən xəbəri yox idi.
Sarı saqqallı gənc oğlan, qızın atasından söz gözləmədən əlini soyuducuya aparıb, bir ədəd dondurma çıxardıb Aylinə tərəf uzatdı. Məhəmməd ağzını açıb yenə də nəsə soruşmaq istəyəndə bir başqa müştəri dondurmaçıya yaxınlaşdı. Məhəmmədin gözləri kişinin yanında dayanan uşağın bilərziklərinə sataşdığı an dondurmaçıdan soruşacağı sözünü unutdu. Qız uşağı altdan-yuxarı onun əlindən yapışan kişiyə baxdı:
– Əmi, mən dondurmanı çox sevirəm, – dedi.
Dondurmaçı gülər üzlə soyuducunun qapağını açanda Məhəmmədin bir əlində Aylinin əli, bir əlini də atıb qız uşağı tərəfindən əmi səslənən bığlı kişinin biləyindən yapışdı.
– Sən bu uşağın əmisisənmi? – dedi.
Kişi diskindi. Sonra özünü ələ alıb – Necə? Sənə nə? – deyərək sərt cavab verdi. Məhəmmədin beyni dumanlanmışdı. Hamıya şübhəli idi. Kişi, dondurmaçıya üz tutdu:
– Fərhad, bu nə deyir? Ağlını itirib sanki! – deyib əsəbiləşdi.
Fərhad bir əlində dondurma, o biri qolunu onlara tərəf apardı, savaşmasınlar deyə, araya atılıb Məhəmmədi qane etməyə çalışdı:
– Bu, mənim dostumun qardaşıdır, adı da Hüseyndir. Hər gün məndən dondurma alar. Lütfən əsəbiləşməyin, sizi anlayıram.
Məhəmməd qızına tərəf çevrildi:
– Aylinim, qızım, bayaq sənə dondurma alan əmi bu idi?
– Yox, ata, mənim əmim bu deyil! – deyib dondurmasını dişləyərək Hüseynin əlindən yapışan uşağa baxıb gülümsədi.
Məhəmməd, qazandığı pulu qəpik-qəpik yığıb iki bilərzik almışdı. Onları da oğurlamışdılar. O, bilərzikləri aldığı gün Şəhlanın gözləri par-par parıldamışdı. Aylin isə sevindiyindən atasının boynundan asılıb ehtirasla üzündən öpmüşdü. Üçü də sevinmişdilər. Bir gecənin sevinci, illərcə işləyib həmin pulu bir yerə toplamaq ilə bərabər idi. Bir anda sevincin kədərə çevrilməsi daha qorxunc, daha dəhşətli idi.
Evə qayıtdılar. Şəhla bilərziklərin oğurlandığını eşidəndə özünü saxlaya bilməyib ağladı. Anasının göz yaşlarını görən Aylin işin nə olduğunu sezib ağlamağa başladı. Məhəmməd Aylin ilə Şəhlanın boynundan, üzündən öpüb onlara təsəlli verdi:
– Ağlama, qızım. Canın sağ olsun. Allah canımıza dəyməsin, işləyib ondan yaxşısını alaram.
Həyatda hər şey başqa cür təkrar olunsa da, təkrar olunur. Həyatın təkrarlarından qurtarmaq qeyri-mümkündür. Başqa bir zaman, həmin olaylar baş verir. Həmin səhvlər! Amma bu dəfə Məhəmmədin qızı Aylinin bilərziklərini oğurlamamışdılar, onu başqa tərzdə özünə qaytarmışdılar, arada oğurlanan şey xoşbəxtlik idi. Məhəmməd, etdiyi səhvlərini unutmuşdu, yenə də həmin səhvlərə ayrı cür yol vermişdi. Bunu özü də bilməmişdi. Nəvəsinə hədiyyə alınan iki bilərziyin arxasında Aylinin adı ilə soyadının ilk hərfləri həkk olunmuşdu. Həmin bilərziklər idi.
Aylin, yenə də atasının üzünə baxıb gülə-gülə – Ata, bu dəfə at mənimdir, meydan da mənim. Əlimdən qaça bilməyəcəksən. Artıq böyümüşəm, qalib gələcəyəm. – dedi.
Məhəmməd birdən-birə özünə gəldi, bir kəskin bıçağın ürəyinə soxulduğu hissini yaşadı, oturduğu yerindən dik atıldı. Boylanıb həyətə baxdı, yağış yağırdı. Qızına baxıb onun təəccübləndiyini görəndə özünü ələ aldı, Aylin onun vəziyyətini sezməsin deyə, gülümsədi. Şahmat oyununda Aylinin qara fiqurlu ordusu Məhəmmədin ağ şahını mühasirəyə salmışdı. Şah mat olmuşdu. Şəhla, mətbəxdə hələ də iş görürdü. Anna şirin yuxuda idi. Aylin isə qalib gəldiyi üçün zəfər sevinci yaşasa da, atasının məğlub olduğuna görə narahat idi, ona hörmətsizlik elədiyini hiss edirdi. Yağış həyətin kafellərinə dəydikcə şır-şır səsi evə dolurdu. Aylinin əlindən yapışdı:
– Hə, qızım, sən artıq böyüyübsən. Bax, uduzdum. Mən bundan sonra şahmat oynamayacağam! – deyib ayağa qalxdı.
Şəhla nə qədər deyinsə də, onun sözünü dinləmədi. Pencəyini geyib on səkkiz il öncə Aylini itirib-tapdığı parka yönəldi, Aylini dondurma yeyərkən tapdığı daş palıd ağacı dirçəlmişdi, altında dayanıb ağladı...
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)